Rəsul Yunan. ŞEİRLƏR

Rəsul Yunan 1969-cu ildə doğulub. Şair, nasir və tərcüməçi kimi fəaliyyət göstərir. Əsərlərini həm türkcə, həm də farsca yazır. İndiyədək bir neçə kitabı çıxıb: «Cəhənnəmdə konsert», «Mən pis bir oğlan idim», «Mələklər» və s.

***
Sevgini bəzəksiz istədik,
dünyanı tüfəngsiz…
Qara divarlar üstünə
qırmızı güllər çəkdik.
Yolçular bizə güldü,
bizə güldü yolçular.
Biz sadəcə baxdıq…

Yollar
şəhərin ətrafında düyünlənmişdi.
Biz şəhərdə qalıb çürüdük və oxuduq:
«Bizi buradan apara bilməyən qatar –
qatar deyil».

ORADA…

Orada
qapısı bulud, pas və gunəşlə döyülən
bir ev vardı.
Və adamları
arzuların yaşıl yamacına çatdıra bilən
ağ, vəhşi bir at…

Orada
dualarımı eşidən
bir Tanrı vardı.

Görəsən qayıtsam,
o evin bacasından hələ də tustü çıxırmı?
Göyüzü hələ də mavidirmi?!
Görəsən qayıtsam,
o hələ də oradamı?!


DÜNYA…

Göydələnlər
göyüzünə baxmağa
qoymadılar bizi,
partlamamış minalar
çöllükdə gəzməyə.
Dəniz də
diktatorların özəl hovuzuydu…
Bu dünya
dərdimizə yaramadı bizim,
röyalarımızda yaşadıq.

Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

D.Cüceloğlu. KOMMUNİKASİYA VASİTƏLƏRİ VƏ CƏMİYYƏT

Doğan Cüceloğlu Türkiyənin tanınmış alimlərindən biridir. O, fərdi və sosial psixologiya sahəsində ən mürəkkəb problemləri araşdırır, həmin problemlərin həlli üçün düzgün və real yollar tapmağa çalışır.
D.Cüceloğlu Mersində anadan olmuş, İstanbul universitetinin psixologiya fakültəsini bitirmiş, ABŞ-da linqvistik psixologiya üzrə doktorluq dərəcəsi aldıqdan sonra bir müddət öz ölkəsinin müxtəlif universitetlərində (Hacəttəpə, Boğaziçi) dərs demişdir. 1980-1996-cı illərdə Kaliforniyadakı Fulerton universitetində çalışmışdır. Sonra öz ölkəsinə dönərək, intensiv yaradıcılığla məşğul olmağa başlamışdır. “İnsan və davranışı”, “İçimizdəki uşaq”, “Bir qadın, bir səs”, “Qorxu mədəniyyəti” və s. kimi kitabların müəllifidir.


İnsan elə bir varlıqdır ki, yalnız ünsiyyət prosesində mövcud ola bilir, buna görə də düşünmək və düşüncəsini çatdırmaq qabiliyyəti ictimai həyatın bünövrəsini təşkil edir. İnsanın hiss və fikirlərini böluşmək imkanının məhdudlaşdırılması, yaxud genişləndirilməsi onun həyat tərzinin dəyişməsinə səbəb olur. Bizim dövrümüz həmin mübadilə imkanının genişlənməsinə və bunun nəticəsində baş verən dəyişikliyə parlaq sübutdur. Bu dəyişiklik saysız informasiyalar və işarələrin meydana gəlməsindən və onların geniş bir sahəyə yayılmasından doğmuşdur. Heç bir texniki ixtira informasiya texnikasının inkişafı qədər insanların həyat tərzinə, fərdlərin şüuruna və ictimai davranışa təsir göstərə bilməmişdir. Kutləvi kommunikasiya vasitələri sahəsində tanınmış Amerika ekspertlərindən biri olan Taqer bu məsələ barədə yazır: "Əvvəllər nəsildən-nəslə şifahi şəkildə ötürülən biliklər yazı ixtira olunduqdan sonra kitab vasitəsilə ötürülməyə başladı. Mətbəənin yaranması və savadsızlığın aradan qaldırılması müasir sənayeləşmiş cəmiyyətin əsasını təşkil edən informasiya mübadiləsinin meydana gəlməsinə səbəb oldu. İndi biz elə bir dövrdə yaşayırıq ki, dünyanın bütün nöqtələri kosmik peyklər vasitəsilə bir-birinə bağlanmışdır. Hazırda hər hansı ölkədə baş vermiş istənilən hadisədən dəqiqələrlə ölçülən bir zaman müddətində bütün dünya xəbər tuta bilir. Cəmiyyətin modernləşməsi və mürəkkəbləşməsi ilə bərabər insan əlaqələrinin sayı da artmışdır. Biz hər gün yüzlərlə əlaqədən toxunmuş əlaqələr torunda yaşayırıq. Hesablanmışdır ki, böyük bir şəhərdə yaşayan hər bir fərd gündə orta hecabla 1500 informasiya alır, başqa sözlə desək, hər bir nəfər gündə orta hesabla 1500 dəfə bir nəfərin diqqətini özünə cəlb edir".
İbtidai cəmiyyətlərdə insanlarla yalnız bədənin fiziki gücünün imkanları çərçivəsində əlaqə qurmaq mümkün olurdu. Yəni hər bir fərd özündən o qədər də uzaqda olmayan, onunla bir kənddə yaşayan qohumları, dostları və qonşuları ilə ünsiyyətə girə bilirdi. Kutləvi ünsiyyət vasitələrinin inkişafı əlaqə hüdudlarını genişləndirdi və kənd, şəhər, ölkə çərçivəsindən kənara çıxan əlaqələrin qurulmasını mümkün etdi. Maraqlı burasıdır ki, bu gün insan çox vaxt onunla bir binada yaşayan qonşusunun anasının vəfatından xəbər tutmur, lakin dünyanın o başında hansısa musiqiçinin avtomobil qəzasına düşdüyünü bilir!

İbtidai cəmiyyətlərdə bir kənddə, bir məhəllədə yaşamağın böyük mənası vardı. Və yəqin bilirsiniz ki məhəllənin şərəf və ləyaqəti üstündə dava-dalaş da olurdu. Bu gün isə şəhərin, hətta ölkənin müxtəlif nöqtələrində yaşayan insanlar tərəfindən yaradılmış cəmiyyət və təşkilatlarda üzvlük adamları bir-birinə yaxın və ya uzaq edir Bir məhəllədə yaşamağın (həmyerli olmağın) sanki daha heç bir mənası yoxdur.
Görəsən, ünsiyyət imkanlarının bu cür genişlənməsi ötəri bir xüsusiyyətdən xəbər verir, yoxsa daimi bir dəyişiklikdən? Amerika psixoloqu Alvin Toffler elmi və texniki inkişaf sürətinin zaman ölçülərini araşdırmışdır. Toffler yazır ki, insanların yer üzündə mövcudluğunu sübut edən sənədlərin tarixi əlli min il bundan öncəyə gedib çıxır. Əgər "ömür vahidini"ni 62 il fərz etsək, həmin əlli min ilin səkkiz yüz ömür vahidindən (və ya nəsildən) ibarət olduğunu söyləyə bilərik. Bu səkkiz yüz nəslin son vahidində baş vermiş kəşflər, ixtiralar, el¬mi və texniki yeniliklər ondan əvvəlki nəsillərdə əmələ gəlmiş dəyişikliklərə bərabərdir. Bəşəriyyət altı yüz əlli nəsil ərzində mağaralarda yaşamış və yalnız son yetmiş nəsil ərzində yazıdan istifadə etmişdir. Çap maşınlarından təkçə son altı nəsil ərzində, elektrik mühərriklərindən isə son iki nəsil ərzində istifadə olunmuşdur. Bəşəriyyət yalnız özünün səkkiz yüzüncü nəslində ilk dəfə elə bir cəmiyyət yaratmışdır ki, orada sənayeyə kənd təsərrüfatından daha artıq əhəmiyyət verilir. Bu vaxta qədər cəmiyyətin yetmiş, yaxud səksən faizi kənd təsərrüfatı ilə məşğul olurdu və insanları güclə doyuzdururdu. Halbuki bu gün əhalinin maksimum on beş faizi kənd təsərrüfatı ilə, səksən beş faizi isə sənaye, ticarət, təhsil və idarəetmə işləri ilə məşğuldur və bu vəziyyət ərzaq baxımından heç bir problem doğurmur. Beləliklə, insanlar öz təbii ehtiyaclarını ödəmək üçün bütün günlərini fiziki fəaliyyətə həsr etmək zərurətindən xilas olmuş və ticarət, sənaye, təhsil, incəsənət və elm sahəsində məşğuliyyət imkanı qazanmışlar. Məşğuliyyət sahəsindəki bu dəyişiklik ünsiyyət imkanlarını artırmış, kommunikasiya vasitələrinin inkişafı isə ticarət və sənətin fəaliyyət hüdudlarını genişləndirmişdir. Ünsiyyət imkanlarının genişlənməsi ictimai həyata yeni ölçülər bəxş etmiş kütləvi kommunikasiya vasitələrində özünü parlaq şəkildə göstərir.

FƏRDLƏRARASI VƏ KÜTLƏVİ KOMMUNİKASİYA

Fərdlərarası unsiyyət adresant ilə adresatın (bilgini göndərənlə alanın) üzbəüz söhbəti şəraitində baş verir. Kutləvi kommunikasiyada isə adresantla adresat bir yerdə olmurlar. Qəzetlər, jurnallar, kino, radio və televiziya kütləvi kommunikasiyanın vasitələridir və bu vasitələrin köməyilə müəyyən adresant geniş bir zaman və məkan çərçivəsində çoxsaylı adresatlarla ünsiyyətə girir. Bundan əlavə, fərdlərarası unsiyyətlə kutləvi kommunikasiya arasında reaksiya, şərait, məhdudiyyətlər və təsir baxımından da fərqlər mövcuddur. Fərdlər arasındakı üzbəüz dialoqda reaksiya birbaşa və ani olur: adresatın sözlərindən, üzündən, səsinin ahəngindən və fiziki durumundan onun bizim dediklərimizə reaksiyasının necəliyi aydınlaşır. Halbuki kutləvi kommunikasiyada reaksiya qeyri-müstəqim və gecikmiş xarakter daşıyır, bir sıra hallarda, ümumiyyətlə, mövcud olmur. Qəzetdə və ya jurnalda yazısı çap olunmuş muəllif, çıxışı televiziya ilə yayılan natiq yalnız sonradan aldığı məktublar, telefon zəngləri və sair kimi yollarla reaksiyanı muəyyənləşdirir. Filmin muəllifi kino tənqidçilərinin məqalələri və tamaşaçıların rəyləri əsasında reaksiyanı öyrənir. Başqa sözlə, fərdlərarası kommunikasiyada unsiyyətin ikitərəfli olması labüd və zəruridir, kutləvi kommunikasiyada isə belə bir zərurət yoxdur və o, yalnız birtərəfli öturmə şəklində də baş verə bilər.
Fərdlərarası kommunikasiya yaxın əlaqədən doğan məhrəm atmosferdən tutmuş son dərəcə rəsmi bir şəraitə qədər ən müxtəlif vəziyyətlərdə reallaşa bilər. Yəni o, misal üçün, həm səmimi ailə mühitində, həm də iki müəssisə arasında əməkdaşlıq barədə rəsmi danışıqlar şəraitində baş verə bilər. Kütləvi kommynikasiyada şərait baxımından bu cür muxtəliflik və rəngarənglik yoxdur; bu ünsiyyət yalnız formalaşmış, strukturu və qaydaları müəyyənləşmiş bir şəraitdə reallaşa bilər. Buna görə də yazıçı və ya televiziya proqramının aparıcısı öz mənzilində həyat yoldaşı ilə söhbət vaxtı sözlərdən necə istifadə etməsinə diqqət yetirmədiyi halda, yazdığı məqalədə, yaxud televiziyadakı çıxışında belə bir diqqətin zəruriliyini hiss edir.
Fərdlərarası kommunikasiyada ünsiyyətə girən insanların sayı məhdud olur, kutəvi kommunikasiyada isə əlaqələrin sayı demək olar ki, qeyri-məhduddur. Qəzet, jurnal, film, radio və televiziya vasitəsilə göndərilən informasiyanın dinləyici və ya oxucusunun sayının maksimal həddini texniki imkanlar müəyyənləşdirir. Müasir kommunikasiya vasitələrinin texniki imkanları isə son dərəcə yüksək səviyyəyə qalxmışdır. Əgər biz özümüz yalnız bizimlə bir otaqda və ya bizə yaxın məsafədə olan məhdud sayda adamlara sözümüzü çatdıra biliriksə, radio və televiziyanın köməyi ilə həmin sözü milyonlarla insana çatdırmaq imkanı qazanırıq.
Araşdırmalar göstərir ki, fərdlərarası ünsiyyət mövqeyi dəyişmək, kutləvi kommunikasiya isə informasiya vermək işində səmərəlidir. Başqa sözlə, insanda yeni mövqe formalaşdırmaq və ya onun əvvəlki mövqeyini dəyişmək baxımından üzbəüz canlı dialoq, tədris və bilgi vermək sahəsində isə kütləvi kommunikasiya daha təsirlidir.

KÜTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİ VƏ SOSİAL-MƏDƏNİ DƏYİŞİKLİKLƏR

Kütləvi kommunikasiya vasitələri cəmiyyətin dəyişməsində rol oynayırmı? Kütləvi kommunikasiya vasitələri sosial həyata və mədəniyyətə hansı baxımdan təsir göstərir? Bu sualları cavablandırmaq düşünüldüyü qədər də asan deyil. "Cəmiyyətin dəyişməsi" dedikdə, fərdlərin fikir və hisslərinin müəyyən yöndə dəyişməsini nəzərdə tutsaq, onda birinci suala həm "hə", həm də "yox" cavabı verə bilərik. Əgər cəmiyyətdə kütləvi kommunikasiya vasitələrinə nəzarət edən şəxslər və müəssisələr konkret istiqamətdə dəyişiklik tərəfdarı olsalar və öz fəaliyyətlərini bu məqsədə yönəltsələr, zaman kecdikcə həmin yöndə dəyişikliklərin baş verməsi mümkündür. Ona görə "mümkündür" deyirik ki, cəmiyyətin dəyişməsi təkcə kütləvi kommunikasiya vasitələrinə bağlı deyil. Burada çoxsaylı siyasi, hərbi və iqtisadi ünsürlərdən təşkil olunmuş mürəkkəb amillər öz təsirini göstərir və hər bir millətin siyasi baxışlarını, iqtisadi vəziyyətini, mədəniyyətini, təhsil sistemini müəyyənləşdirirlər.
Əgər ictimai dəyişiklik konkret istiqamətlə əlaqələndirilməyib "hər hansı dəyişiklik" mənasında götürülsə, onda yuxarıdakı birinci suala asanlıqla “hə” cavabı vermək olar. Çünki kütləvi kommunikaciya vasitələri hökmən müxtəlif yönlərdə "dəyişiklik" doğurur.
Kütləvi kommunikasiya vasitələri cəmiyyətin sosial, iqtisadi və siyasi strukturundan təcrid olunmuş şəkildə araşdırıla bilməz. Misal uçun, inkişaf etmiş sənaye ölkələrindəki kommunikasiya vasitələri ilə inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdəki kütləvi ünsiyyət vasitələri arasında bir çox cəhətdən böyük fərqlər var. Cəmiyyətin iqtisadi inkişaf səviyyəsindən əlavə, onun idarəçilik üsulu da kütləvi kommunikasiya vasitələrindən istifadənin formalarını müəyyənləşdirir. Nəzərə alınmalı cəhətlərdən biri də budur ki, kütləvi kommunikasiya vasitələrinə kim rəhbərlik edir: əgər dövlət rəhbərlik edirsə, onların təsiri bir cür, iqtisadi maraqlar güdən özəl sektor rəhbərlik edirsə, başqa cür olur...
Bu gün sosial inkişaf bütün millətlərin ümumi məqsədinə çevrilmişdir. Müxtəlif irqə və dinə mənsub olan xalqlar surətli iqtisadi və ictimai inkişaf proqramlarını həyata keçirməklə məşğuldurlar. Bir vaxtlar sənaye inqilabından kənarda qalmış ve dünyanın üçdə ikisini təçkil edən inkişaf etməkdə olan ölkələr bu istiqamətdə bu istiqamətdə daha geniş fəaliyyət göstərirlər. Nə üçün bu ölkələrin çoxu əvvəllər inkişafa belə can atmırdı? Nə üçün sosial inkişaf indi xalqların ən mühüm qayğılarından birinə çevrilib?
Bunun səbəblərindən biri, heç şübhəsiz, informasiya və ünsiyyət imkanlarının genişlənməsidir. Məhz bu imkanların genişlənməsi sayəsində müxtəlif xalqların başçıları və ziyalıları inkişaf etmiş ölkələrlə daha yaxın tanışlıq əldə ediblər. Sənayenin nailiyyətlərindən əlavə, radio, telefon, televiziya və s. kommunikasiya vasitələri inkişaf etmiş ölkələrin həyat tərzini göz önündə canlandırır. Başçılar və ziyalılar yeni ictimai həyatın təsirinə məruz qaldıqları kimi, onların həmvətənləri də baş vermiş dəyişikliklərin təsiri altında kənddən şəhərə üz tutur, şəhər həyatını öyrənib uyğun təbəddülata uğrayırlar.
Əhalisi ənənəvi mədəniyyət şəraitində yaşayan kəndə daxil olan kiçik bir tranzistor dünyaya açılan pəncərə rolunu oynayır və kəndlə dünya arasında əlaqə yaradır. Kəndə gələn ilk radioqəbuledici öz sahibinə sosial nüfuz qazandırır. Onun qonşusu başa düşür ki, onunla birgə çox şeylərdən xəbər tuta bilər və radio sahibinin evinə sərbəst gedib-gələ bilmək üçün onunla münasibətlərinə xüsusi diqqət yetirir. Bəlkə də çoxumuz kəndə ilk dəfə gələn radioqəbulediciyə kəndlilərin reaksiyasını müşahidə etməmişik. Lakin yaxşı yadımızdadır ki, televizorun az olduğu vaxtlar camaat verilişlərə baxmaq üçün çayxanalara toplaşır, yaxud məhz bu məqsədlə televizoru olan evlərə qonaq gedirdilər.
Kəndə gələn hər bir radio, alınan hər bir televizor, oxunan hər qəzet və jurnal cəmiyyəti əvvəlkindən qat-qat geniş bir dünyaya bağlayır və ənənəvi həyat tərzinə təsir göstərməyə başlayır. İqtisadi inkişafı həyata keçirmək üçün isə ənənəvi mədəniyyət qoynunda böyümüş insanların baxışlarında və davranış tərzində köklü dəyişiklik etmək lazımdır. Con Kondlif kommunikasiya vasitələri ilə sosial inkişafın əlaqəsinə dair araşdırmalarının nəticələrini belə ümumiləşdirir: "Baxışların dəyişməsindən doğan inkişaf birbaşa iqtisadi inkişafla nəticələnmir; bu baxışlar iqtisadi bir stimula çevrilməlidir. Stimul – dəyərlərin dəyişməsi mənasındadır. Əgər bir ölkə uşaqların təhsili sahəsində fədakarlıq göstərməyə hazır deyilsə, həmin ölkədə iqtisadi inkişaf asanlıqla həyata keçə bilməz. İqtisadi inkişafa nail olmaq üçün cəmiyyət üzvlərinin təhsili və rifahı, məsələn, təmtəraqlı toy etmək kimi özünü göstərmək hallarından, yaxud işsiz oturmaqdan üstün tutulmalıdır".
İctimai dəyərlər və rollar dəyişikliyə müqavimət göstərirlər; buna görə də sosial inkişaf tədricən həyata keçən iqtisadi-ictimai bir dəyişiklikdir. Kütləvi kommunikasiya vasitələrinin humanitar aspektlərinə dair araşdırmaları ilə tanınan Frederik Harbison yetmiş beş ölkənin inkişaf təcrübəsini öyrəndikdən sonra belə qənaətə gəlir: "Hər bir millətin inkişafı hər şeydən əvvəl, onu təşkil edən fərdlərin inkişafına bağlıdır. Öz fərdlərinin potensial quvvəsini reallaşdırmayan və onları həvəsləndirməyən millət mədəni və ya siyasi sahədə heç bir baxımdan inkişafa nail ola bilməz. İnkişaf etməmiş ölkələrin əsas problemi təbii ehtiyatlarının azlığı deyil, insan ehtiyatlarının azlığıdır. Buna görə inkişafa can atan hər bir millət əvvəlcə öz insan ehtiyatlarını qiymətləndirməyə və inkişaf etdirməyə çalışmalıdır; başqa sözlə, əvvəlcə öz təhsil sistemini təkmilləşdirməli və öz fərdləri üçün cəmyyətə fayda vermək imkanı yaratmalıdır. Eyni zamanda milləti təşkil edən fərdlərin mənəvi və fiziki sağlamlığı inkişafın ilkin şərtlərindəndir".
Fikrimizcə, insanın potensial quvvəsinin reallaşması ilə kommunikasiya vasitələri və təhsil arasındakı əlaqə o qədər aydındır ki, heç bir şərhə ehtiyac yoxdur. Beləliklə, kommunikasiya vasitələri sosi¬al inkişafın bünövrəsində özünəməxsus mühüm yer tutur.

KUTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİNİN ÜÇ ƏSAS FUNKSİYASI

Əgər sənayeləşmiş cəmiyyətləri və inkişaf yoluna yenicə qədəm qoymuş ölkələri araşdırsaq, kütləvi informasiya vasitələrinin üç əsas funksiya daşıdığını görərik. Hərçənd sənayeləşmiş cəmiyyətlərdə kütləvi informasiya vasitələri bu funksiyaları mürəkkəb bir şəkildə yerinə yetirirlər, yenicə inkişaf yoluna çıxmış ölkələrdə isə həmin funksiyalar sadə şəkildə və aşağı səviyyədə həjata keçirilir. Qeyd olunan əsas funksiyalar aşağıdakılardır:

1. Ayıltmaq funksiyası

Kütləvi kommunikasiya vasitələri insanları xarici hadisələrdən olduğu kimi, daxili proseslərdən də xəbərdar edir. İnkişaf etmiş cəmiyyətlərdə bu funksiyanın reallaşması sayəsində şəhərli kəndliyə, kəndli isə şəhərliyə diqqət yetirməyə başlayır. Şəhərli kəndlinin əmək şəraitinin modernləşməsi zərurətini anlayıır, kəndli də yol, su, elektrik kimi imkanlara malik olmağın gərəkliyini başa düşür. Bu vaxta qədər dövlətin varlığını yalnız vergi məmuruna və polisə müraciət zamanı hiss edən kəndli indi siyasi həyata fikir verməyə başlayır. Artıq vergi məmuru və polisdən savayı, muəllimlər, aqronomlar, yol mühəndisləri, melioratorlar da dövlətin varlığını kəndliyə göstərirlər.
Beynəlxalq səviyyədə də inkişaf etməmiş ölkələr güclü dövlətlər qarşısında öz maraqlarını daha yaxşı qorumaq üçün birliklər yaradırlar. Beləliklə, dünənə qədər seyrçi mövqeyində duran dövlətlər indi dünyanın siyasi həyatına təsir göstərməyə başlayırlar. Başqa sözlə desək, inkişaf etməkdə olan ölkələrin daxili və xarici üfüqləri genişlənir, kütləvi kommunikasiya vasitələri də "inkişaf etmiş üfüqlərdən" xəbər tutmaq və bu xəbəri çatdırmaq vazifəsini öz öhdəsinə götürür.

2. Öz müqəddəratının həllində iştiraka cəlb etmək funksiyası

Kütlələrin dəstəyi olmadan inkişaf cəhdləri uğurla nəticələnə bilməz. Buna görə də mühüm qərarların qəbulunda xalqın dəstəyinə arxalanmaq lazımdır. Həmin dəstəyin ən əlverişli forması xalqın qərar qəbulunda iştirakıdır. Yuxarıda deyildiyi kimi, modernləşmə, cəmiyyətdəki baxış və dəyərlərin dəyişdirilməsi sosial həyatda müəyyən fərdlərin mövcudluğunu nəzərdə tutmalıdır. İnkişafın reallaşması üçün əhali yeni məqsədləri özününkü saymalı, yeni məsuliyyətləri qəbul etməli, münasibət normalarını gözləməlidir. Bütün bunlar fərdləri başa salmağı və onları çəkindirməyi zəruri edir; idarə edənlərin idarə olunanlara və əksinə informasiya göndərdikləri "şaquli" kanalların mövcudluğu ilə yanaşı, idarə olunanların özləri arasında rabitə yatarmaq üçün "üfüqi" əlaqə kanallarının qurulmasına ehtiyac yaranır. Beləliklə, problemlər bütün cəmiyyətin problemləri kimi, həll yolları da cəmiyyətin seçdiyi həll yolları kimi bütün fərdlərin diqqət mərkəzində dayanır.

3. Öyrətmək funksiyası

Sosial inkişaf üçün çalışan hər bir fərd daim yeni məlumatlar və yeni imkanlar öyrənməklə məşğuldur. Bütün ölkə bir məktəbə, cəmiyyətin hər bir üzvü isə şagirdə çevrilir. Kəndli kənd təsərrüfatı texnikasından istifadəni, öz məhsulunu şəhərə çatdırmağın ən jaxşı yollarını öyrənir, şəhərli də bu zaman istehsalı artırmaq metodlarını, nəqliyyat vasitələrinin çoxalması şəraitində yaşayıb işləmək və geri qalmamaq yollarını öyrənməklə məşğul olur, qadın isə arvadlıq və analıq vəzifələrini ictimai əməklə məqsədəuyğun şəkildə əlaqələndirmək üsullarını mənimsəyir. Kişi artıq ailə büdcəsinin formalaşmasında iştirak edən qadını özunə bərabər bir məqamda görməyə alışır. Bu dəyişikliklər bü¬üun fərdlərin həyatında özünü göstərir. Kütləvi kommunikasiya vasitələri isə bu geniş “öyrənmə prosesinə" təkan verir, onun davamlı olmasını təmin edir və həmin prosesdə fərdlərə yol göstərir.
Kommunikasiya imkanlarının genişlənməsi bir tərəfdən cəmiyyətin çoxsaylı problemlərinin həlli yollarını göstərir və sosial inkişafın fundamental ünsürlərindən birinə çevrilir, digər tərəfdən isə ictimai həyata yeni problemlər əlavə edir.

KUTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİNİN DOĞURDUĞU BƏZİ PROBLEMLƏR

Kütləvi kommunikasiya vasitələrinin inkişafı nəticəsində fərdlər istər-istəməz onların təsiri altına düşür, öz qavrayışlarını kütləvi kommunikasiya mərkəzlərində qabaqcadan hazırlanmış qəliblərin çərçivəsi ilə məhdudlaşdırırlar. Bu gün televiziya reklamları, moda jurnalları, siyasi cərəyanların şüarları fərdə atadan, anadan, ailədən və məktəbdən artıq təsir göstərən bir quvvəyə çevrilmişdir. Kütləvi informasiya vasitələrinin təsiri altına düşmüş fərd özü öz problemlərini dərk etmək məqamından çıxır və güclü kommunikasiya mərkəzləri ona təlqin edir ki, o, hansı problemlərə malikdir və ya malik olmalıdır.
Kommunikasiya vasitələrinin inkişafından doğan problemlərdən biri də kiçik bir qrupun kommunikasiya vasitələrini ələ keçirməyə və bu yolla cəmiyyətə hakim olmağa can atmasıdır. Məlumdur ki, əksər ölkələrdə siyasi partiyalar televiziya proqramlarına çox həssaslıqla yanaşırlar. Hər bir siyasi partiya televiziyaya yalnız öz ideyalarının və həyat fəlsəfəsinin inikası vasitəsi kimi baxır və bu reallaşmayana qədər öz tənqidini davam etdirir. Siyasətçilərin bu fəaliyyətinin arxasında kütləvi kommunikasiya vasitələrinin əhaliyə təsirini anlamaq dayanmışdır.
Başqa bir problem insanın tənhalığı ilə əlaqədardır. Burada zahirən bir ziddiyyət vardır – biz həm kommunikasiya vasitələrinin inkişafı sayəsində insanların bir-biri ilə ünsiyyətə girməsinin asanlaşmasından, həm də bu inkişaf nəticəsində insanların bir-birinə və cəmiyyətə yadlaşmasından, daha çox təklənməsindən danışırıq. Halbuki insanların ünsiyyəti artdıqca, onlar keçmişdəkindən daha az tənhalığa düçar olmalı idilər.
Bu mənada ünsiyyət imkanları bu qədər genişlənmiş insanın tənhalığından danışmaq qəribə görunə bilər.
Əslində kütləvi ünsiyyət vasitələrinin inkişafı ilə fərd özündən və cəmiyyətdən ayrılıb uzaqlaşır. İntensiv və mürəkkəb əlaqələr fərdin həyatındakı isti və yaxın dostluq münasibətlərini aradan qaldırır və onların yerini standartlaşmış və səthi münasibətlər tutur. Keçmişdə insan məhdud əlaqələr çərçivəsində özunə etibarlı dostlar tapır, onları özünə yaxın bilir, dərdini onlarla bölüşürdü: indi isə o, elə bir vəziyyətə düşür ki, hətta problemlərini dilə gətirməkdən çəkinir.
Gündəlik əlaqələrin sayının artması fərdlərarası münasibətlərin dərinliyini azaltmış, istiliyi soyuqluqla, daimiliyi ötəriliklə əvəz etmişdir. Məhz bu səbəbdən sənayeləşmiş cəmiyyətlərdə alkoqolizm və intihar faizinin artması təsadüfi bir hal deyildir.
Əlbəttə, deyilənlərdən bu nəticəyə gəlmək olmaz ki, sənayeləşmiş cəmiyyətlərdə hamı tənhadır. Kommunikasiya vasitələrindən şüurlu şəkildə isifadə edənlər onların köməyi ilə daha geniş, çoxölçülü, dərin mahiyyətli əlaqələr qura bilərlər. Eyni zamanda hər bir fərd yeni imkanlardan faydalanaraq, seçdiyi şəxslərlə yaxın və dərin münasibətlərə girə bilər, halbuki ənənəvi mədəniyyət şəraitində yalnız qohumlar və qonşularla bu cür münasibətlər qurmaq mümkün idi.

Çevirəni: Məsiağa Məhəmmədi



Davamı

Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (6)

Misirə uçuşumuz üç saatdan çox çəkdi. Mahir pilot olan Məhəmmədrza Behzad Müizzi ilə birgə təyyarəni idarə edirdi. Təqribən bir saatlıq uçuşdan sonra o, pilot yerini tərk edib restorana gəldi, Fərəh və mənimlə bərabər yemək yeməyə başladı. Bilmirəm, beynindən nələr keçdisə, müqəddiməsiz-filansız dedi: «Atam böyük səhv eləyib. Onun kifayət qədər vaxtı vardı ki, Kamal Atatürk kimi ruhaniləri qılıncdan keçirsin!»
Günortadan sonra Asuan aerodromuna çatdıq. Təyyarə enməyə hazırlaşarkən, Məhəmmədrza yenidən öz pilot yerini tutdu. Hava ilıq və xoş idi. Prezident Ənvər Sadatla xanımı bizi qarşılamağa gəlmişdilər. Rəsmi qarşılama mərasiminin bütün qaydaları icra olundu, hətta toplardan havaya atəş də açıldı. Məhəmmədrza yorğun və pərişan görünürdü. Sadat irəli gəlib Məhəmmədrzanın və qızımın üzündən öpdü və dedi: «Əlahəzrətlə xanımı əmin ola bilərlər ki, öz ölkələrində və qardaşlarının yanındadırlar!» Bu sözləri eşidən Məhəmmədrzanın gözləri yaşardı. Vitse-prezident Mübarək də qarşılayanlar arasında idi. Sadatla xanımı 1976-cı ildə İranda rəsmi səfərdə olmuşdular. Həmin səfər zamanı Məhəmmədrza səxavət göstərib Misirə bir milyard dollarlıq kredit ayırmışdı. Xanım Cihan Sadat qızım Fərəhin yaxın rəfiqəsi idi və inqilaba qədər onlar həftədə bir neçə dəfə telefonla danışırdılar...
Şam süfrəsi arxasında Sadatla Məhəmmədrza arasında xeyli söhbətlər oldu. Sadat Məhəmmədrzanı ilk dəfə Fövziyə xanıma elçi gələrkən gördüyünü söyləməklə onu heyrətə saldı. Sadat dedi ki, 1939-cu ildə Məhəmmədrza Fövziyəni görmək üçün Misirə gələndə o, kral Faruqun ordusunda xidmət edən gənc zabit imiş və İran vəliəhdinin (Məhəmmədrzanın) şərəfinə düzülmüş fəxri qaravulda dayanıbmış.
Yeməkdən sonra istirahət salonuna keçib müxtəlif içkilər içə-içə söhbəti davam etdirdik. Həkimlər Məhəmmədrzaya spirtli içki içməyi qadağan etsələr də, o, bir stəkan konyak içdi, sonra onun stəkanı bir neçə dəfə dolub boşaldı. Konyak öz işini gördü – şah birdən ağlamağa başladı. O, məsum uşaq kimi hönkür-hönkür ağlayırdı.

Hamı susmuşdu. Sakitləşəndən sonra üzünü Sadata tutub dedi: «Mən öz əsgərlərini döyüş meydanında tək qoyub qaçan komandirə bənzəyirəm!» Cihan Sadat soruşdu: «Əlahəzrətin fikrincə, indi onların başına nə gələcək?» Məhəmmədrza bu sualı cavabsız buraxdı. Sadat şahı bu dərddən qurtarmaq üçün dedi: «Misir sizin ordunun yüksək rütbəli zabitlərinə siyasi sığınacaq verməyə hazırdır. Ya da onlar müəyyən müddətə Misirə gələ bilərlər!» Məhəmmədrza başını yelləyib dodaqaltı Karteri söydü və dedi: «Amerikalılar buna imkan verməzlər. Onlar artıq öz əlaltılarını ölkədən çıxarıblar. Qalanlar taleyi naməlum olanlardır». Sonra Məhəmmədrza bildirdi ki, ABŞ səfiri ilə general Robert Hayzer ondan generallardan Tufaniyan, Əzhari, Üveysi, Cəm, Minbaşiyan və daha on nəfərə ölkədən çıxmaq icazəsi verməyi, qalanlarının isə xaricə qaça bilməməsi üçün pasportlarını yığmağı tələb etmişdilər.
Şah elə bilirdi ki, bir çox zabitlər, o cümlədən ordu generalı Hüseyn Fərdust ondan qabaq İranı tərk ediblər. Amma sonra Fərdustun xəyanət etdiyini eşidəndə, ağır zərbə almış adam kimi otaqda o baş-bu başa var-gəl edib astadan deyirdi: «Fərdust, Fərdust! Yox, yox... inana bilmirəm... heç cür inana bilmirəm!»
Asuanda olduğumuz beş gün ərzində Əmiraslan Əfşar və Məhəmmədcəfər Behbehaniyan (o, İsveçrədən Misirə gəlib bizə qoşulmuşdu) şahı inandırmağa çalışırdılar ki, Misiri tərk etmək lazımdır. Onlar hesab edirdilər ki, amerikalılar qəsdən şahı Asuanda – kütləvi informasiya vasitələrindən uzaq bir məkanda saxlamaqla, onun hadisələrdən təcrid edilməsinə nail olmaq istəyirlər. Behbehaniyan bu fikirdə idi ki, ABŞ rəhbərliyi Məhəmmədrzanı öz ölkəsində görmək istəmir və onun elə Misirdə dünyasını dəyişməsini arzulayır. Doğrudan da, Məhəmmədrzanın xərçəng xəstəliyi şiddətləndiyindən təcili cərrahiyyə əməliyyatına ehtiyacı vardı, belə bir əməliyyat üçün ən yaxşı şərait isə ABŞ-da mövcud idi. Sonradan biz eşitdik ki, İran müvəqqəti hökumətindəki amerikalı müşavirlər və ABŞ vətəndaşı olan Sadıq Qütbzadə kimi şəxslər Vaşinqtona şahı qəbul etməməyi təkidlə məsləhət görüblər, çünki bu, ABŞ-İran münasibətlərini daha da pisləşdirə bilər. Şahlığın süqut etməsinin və inqilabi hökumətin iş başına gəlməsinin ilk çağlarında Amerika ilə İran müvəqqəti hökumətinin bəzi mühüm üzvləri arasında əlaqənin mövcudluğu barədə fikir uşaq təxəyyülünün məhsulu kimi görünərdi. Amma sonralar İranın bir çox dövlət xadimlərinin ABŞ-ın xeyrinə casusluqda ittiham olunaraq edam edilməsi göstərdi ki, amerikalılar İrandakı müxalif qruplarla 1960-cı illərdən birbaşa əlaqə saxlayırlarmış. O da məlum oldu ki, məşhur Qvadelupa (Fransa) görüşündə dünyanın sənayecə inkişaf etmiş dövlətlərinin başçıları şahın hakimiyyətdən kənarlaşdırılması barədə yekdil razılığa gəliblərmiş və həmin vaxt bizim bəzi «inqilabçılar» qapı arxasında dayanıb aparıcı Qərb dövlətləri rəhbərlərinin hansı qərarı çıxaracaqlarını gözləyirlərmiş. Tehrandakı Amerika səfirliyi tutulandan sonra əldə olunan sənədlər göstərdi ki, ABŞ böyük bir riyakardır və üçüncü dünya ölkələrində öz müttəfiqlərini himayə etməklə bərabər, onlara müxalif olan qruplarla da əlaqə saxlayır və qara gün üçün bir alternativ kimi onları gücləndirərək istiqamətləndirir. Səfirliyi tutmuş radikal gənclər girov götürdükləri diplomatları şaha dəyişmək tələbini irəli sürdükləri zaman Məhəmmədrza and içirdi ki, bu da amerikalıların öz oyunudur və arxasında başqa məqsədlər durur. Sonrakı hadisələr Məhəmmədrzanın bu şübhəsini təsdiqlədi. Aydın oldu ki, Amerikada azı bir cinah İrandakı yeni hökumətlə razılığa gəlməyin və şahı islam inqilabı məhkəməsinə təhvil verməyin tərəfdarıdır. Panamada az qalmışdı ki, bizim təyyarəmizi saxlayıb Məhəmmədrzanı tutsunlar və İrana göndərsinlər. Bu barədə bir qədər sonra danışacağam.
Bütövlükdə biz Asuanda beş gün qaldıq. Bu müddətdə görüşümüzə gələnlər o qədər də çox olmadı. Hətta telefon danışıqlarımız da az idi. Rabitə işçilərinin tətili üzündən İranla telefon əlaqəsi saxlamağımız mümkün deyildi. Bizə tez-tez zəng edən şəxslərdən biri İordaniyanın kralı Hüseyn idi. Qızım Fərəhin yaxın dostlarından olan sabiq Yunanıstan kralı Konstantin də bizimlə əlaqə saxlayır və baş verən hadisələrə görə narahatlığını bildirirdi. Konstantin bizim vəziyyətimizi başqalarından daha yaxşı anlayırdı, çünki o da Məhəmmədrza kimi hakimiyyətdən kənarlaşdırılmışdı. Çox keçmədən Konstantin Misirə gəlib bizə baş çəkdi.
Asuana gəldiyimiz gün Fərəh Parisə zəng edib doktor Jorj Felandeni Misirə çağırdı. Bu həkim beş il idi ki, Məhəmmədrzanın xərçəng xəstəliyinin müalicəsi ilə məşğul olurdu. Fərəh eyni zamanda Bazelə (İsveçrə) telefon açaraq, şahın maliyyə məsələləri üzrə müşaviri Behbehaniyanı Asuana dəvət etdi. Yaşı yetmişi ötmüş və cizgi filmlərindəki babaları xatırladan bu şəxs Pəhləvi ailəsinin xaricdəki sərvətini idarə edirdi. Şah ona bildirdi ki, bundan sonra maliyyə məsələlərimlə özüm məşğul olacağam və siz bu barədə banklara məlumat verməlisiniz.
Behbehaniyan Asuanda olduğu bir neçə gün ərzində Pəhləvi sələtənətinin süqutu ilə bağlı yeni fərziyyə irəli sürdü. O, Məhəmmədrzanın yanında bir neçə dəfə belə fikir səsləndirdi ki, amerikalılar şahın devrilməsində rol oynamayıblar – bu, ingilislərin işidir və əslində ingilislər amerikalıları da aldadıblar! Behbehaniyan deyirdi ki, Məhəmməd Müsəddiq İran neftinin ingilislərin əlindən çıxıb amerikalıların ixtiyarına keçməsinə bais oldu, amerikalılar da Müsəddiqi aradan götürüb şahı hakimiyyətə qaytarmaqla, bütün İranı nəzarətə aldılar və ingilislərin uzunmüddətli həyati mənafelərinə toxundular – o vaxtdan ingilislər itirilmiş fürsəti geri qaytarmağa çalışırlar; bunun üçün onlar 1953-cü ildən üzü bəri 25 il ərzində öz əlaltılarını yetişdirməklə məşğul olublar ki, münasib şərait düşən kimi İranda hakimiyyətə gətirsinlər. Fərəh bu fikrə qəti etirazını bildirib onu əsassız və gülməli adlandıraraq dedi: «Amerika və İngiltərə iki bədəndəki bir ruh kimidir. İngilislər amerikalıların ən yaxın müttəfiqidir və onlar bir-birinin mənafeyinə toxunmazlar». Behbehaniyan qızımın bu reaksiyasından açıq-aşkar incidi və bir neçə dəqiqə sükut etdi. Sonra fikirlərini ümumiləşdirirmiş kimi dilləndi: «İngilislər müasir İranda üç dəfə hakimiyyəti dəyişdiriblər: əvvəl Məhəmmədəli şahı taxtdan salıblar, sonra Əhməd şahı, indi də əlahəzrəti!» Behbehaniyanın Əhməd şahın ingilislər tərəfindən devrilməsi barədə sözləri Məhəmmədrzanı özündən çıxardı və ona dedi: «Axmaq kişi, bəsdir!» Biz şahın qəzəbinin səbəbini anlamadıq. Sonralar Fərəh bunu belə izah etdi: «Əgər Əhməd şahı ingilislər aradan götürüblərsə, deməli, Rza şahı da onlar hakimiyyətə gətiriblər. Şahı qəzəbləndirən də bu nəticə oldu». Behbehaniyan şahın ona bir dəstə adamın yanında «axmaq» deməsindən bərk incidi və ertəsi gün səhər bizi tərk edib Bazelə qayıtdı. Getməmişdən qabaq o, bizimlə olan bir neçə şəxsə demişdi: «Təəssüf edirəm ki, bütün ömrüm boyu belə bir adama xidmət eləmişəm!»
Deməliyəm ki, uzun illər şahın maliyyə işlərinə baxan Behbehaniyan olduqca düzgün və etibarlı adam idi. Şahın xarici banklardakı hesablarının çoxu onun adına idi və əgər istəsəydi, bu pulları şaha qaytarmaya bilərdi, amma o, həmin pullardan bir qəpiyinin də arxasına keçmədi. Buna baxmayaraq, ömrünün ixtiyar çağında şah bir dəstə adamın yanında onu «axmaq» adlandırdı.
Bəs Behbehaniyan nə etdi və Məhəmmədrzanın cavabını necə verdi?! Bu, tarixin maraqlı faktlarından biridir. Asuanı tərk edib Bazelə qayıtdıqdan sonra Behbehaniyan həmin axşam şahın onu təhqir etməsinin şahidi olan şəxslərə birbəbir məktub yazıb xahiş elədi ki, özləri müəyyənləşdirsinlər, kim axmaqdır – şah, yoxsa o?! Həmin məktubda Behbehaniyan yazmışdı: «1963-cü ildə ölkənin baş naziri Əsədullah Ələm ayətullah Xomeynini edam etdirmək istəyirdi, amma şah mollaların təzyiqindən çəkinib Xomeyninin sürgün olunmasına razılıq verdi. Əsədullah Ələm şaha demişdi ki, mən baş nazir kimi ölkədə asayişin qorunmasına birbaşa cavabdehəm, bu şəxs (ayətullah Xomeyni) sağ qalsa, gec-tez yeni bir qarışıqlıq törədəcək. Şah isə Xomeyniyə qarşı tədbir görmək əvəzinə Ələmi vəzifəsindən kənarlaşdırmışdı!» Behbehaniyan öz məktubunda Hüveyda ilə bağlı bir çox məsələləri də qeyd etmişdi ki, biz şahın ən yaxın adamları olsaq da, o vaxtadək onlardan xəbərsiz idik. Məktub şaha müraciətlə yazılmışdı və Behbehaniyan onun bir surətini də şəxsən Məhəmmədrzaya göndərmişdi. Biz bir yerə toplaşıb bu qərara gəldik ki, məktub barədə şaha heç nə deməyək və ona ünvanlanmış surəti də gizli saxlayaq...
Dediyim kimi, biz Asuanda cəmi beş gün qaldıq. Bu müddət ərzində Sadat çalışırdı ki, vaxtını Məhəmmədrza ilə keçirsin və onu darıxmağa qoymasın. Onlar gah Nil çayında qayıq səyahətinə çıxır, gah da çayın sahillərindəki qədim məbədlərin qalıqlarına tamaşa edirdilər. Hamımız Amerikadan xəbər gözləyirdik ki, xüsusi təyyarə ilə bu ölkəyə uçaq. Beşinci gün Ərdəşir Zahidi Vaşinqtondan zəng vurub Məhəmmədrza ilə bir qədər danışdı, sonra dəstəyi başqa bir şəxsə – ABŞ Xarici İşlər Nazirliyinin əməkdaşına verdi və o da şahla qısa söhbət etdi. Həmin söhbətdən sonra marşrutumuz dəyişdi və biz ABŞ-a getmək əvəzinə Mərakeşə yollandıq.
Bir saat keçməmiş Mərakeşin Qahirədəki səfiri tələsik özünü Asuana yetirdi və kral Həsənin rəsmi dəvətini Məhəmmədrzaya çatdırdı. Kral Həsən bu dəvətin öz şəxsi istəyi ilə edildiyini, İran şahına diqqət və hörmətinin əlaməti olduğunu göstərməyə çalışsa da, biz bilirdik ki, Ənvər Sadat Misirdəki islam fundamentalistlərinin və «İslam qardaşları» təşkilatının İran şahının bu ölkədə olması əleyhinə nümayişlər keçirəcəyindən və qarışıqlıq törədəcəyindən ehtiyatlanır. Amerikalılar isə şahı qəbul etmək istəmirdilər və Sadata təzyiq edirdilər ki, onu Misirdə saxlasın. Amma Sadat onları inandırmışdı ki, Məhəmmədrzanın Misirdə qalması onun üçün təhlükəlidir və hər iki tərəf sonda şahın Mərakeşə yollanması barədə razılığa gəlmişdilər; kral Həsənin dəvəti də məhz onların təkidi nəticəsində baş tutmuşdu.
1979-cu il yanvarın 21-i, yaxud 22-də biz Mərakeşə gəldik. Kral Həsən şahı aeroportda qarşıladı. Rəsmi qarşılanma mərasimindən sonra onunla birlikdə ali qonaqlar üçün nəzərdə tutulmuş «Cənnət» sarayına yollandıq. Bu saray Atlas dağlarının üzərində tikilmişdi və gözəl mənzərə ilə əhatə olunmuşdu... Sarayın yaxınlığında yaşıl bağlar və təbii göllərlə çevrələnmiş «Məmuniyyə» oteli yerləşirdi. Bu oteldə bir qayda olaraq dünyanın ən varlı adamları və məşhur diplomatlar qalırdılar. İndi isə burada Amerika və Avropadan xeyli jurnalist məskən salmışdı. Onlar çalışırdılar ki, şahla görüşüb ondan müsahibə alsınlar. Bu şəxslərdən bəziləri sonralar 1979-cu il İran hadisələri ilə bağlı dəyərli kitablar yazdılar...
Biz Mərakeşdə çaşqınlıq içərisində idik. Hələlik bizə əməlli-başlı izah edən olmamışdı ki, ABŞ Məhəmmədrzanın bu ölkəyə gedişini niyə ləngidir. Vaşinqtondan ziddiyyətli xəbərlər gəlirdi. Məhəmmədrzanın bir çox dostları onu əmin edirdilər ki, ABŞ gec-tez onu qəbul edəcək. Bəziləri isə bildirirdilər ki, Amerika hökuməti şahın bu ölkəyə ayaq basmasına imkan verməyəcək. Məhəmmədrza bu ziddiyyətli xəbərlərin təsiri altında təlaş keçirib ABŞ-ın Rəbatdakı səfiri ilə əlaqə saxladı. Səfir Riçard Parker söz verdi ki, Amerika şahı qəbul edəcək.
Şahı Mərakeşdə, Misirdə, yaxud İordaniyada qalıb Amerikaya getməməyə təşviq edən şəxslərdən biri Ərdəşir Zahidi idi. Uzun illər İranın ABŞ-dakı səfiri olmuş, Amerika rəsmiləri ilə yaxın əlaqələrə malik Zahidi əmin idi ki, ABŞ rəhbərliyi Tehranda girov götürülmüş diplomatları xilas etmək üçün şahı İran inqilabi hökumətinə təhvil verəcək. Mən görürəm ki, şahlığın süqutundan sonra İranda və xaricdə çap olunmuş bir çox kitablarda Ərdəşir Zahidinin bu tövsiyəsi yanlış şərh olunur. Həmin kitablarda yazılır ki, Zahidi şahın İrana yaxın ölkələrin birində qalmasında israr etməklə, MKİ-nin və Pentaqonun köməyinə arxalanıb Məhəmmədrzanı yenidən hakimiyyətə qaytarmaq istəyirmiş! Hətta məşhur müəlliflərdən biri qeyd edir ki, Zahidi admiral Kəmaləddin Həbib İlahi ilə birlikdə yeni İran hökumətini devirmək planı hazırlayıbmış. Bunlar hamısı əsassız və gülünc sözlərdir! Ərdəşir Zahidinin atası general Fəzlullah Zahidi 1953-cü il 19 avqust çevrilişində mühüm rol oynamışdı və bəzi yazarlar bu cür şərhlərlə Ərdəşiri atasına bənzətməyə çalışmışlar. Bəziləri də Məhəmmədrzanın tərəfdarı olduqlarından sadəcə öz arzularını gerçəklik kimi qələmə vermişlər. Bir çoxları isə Zahididən aldıqları pulun, kürünün və xalçanın müqabilində onu atasının yolu ilə gedib çevriliş edərək Məhəmmədrzanı hakimiyyətə qaytarmağa qadir olan bir şəxs kimi təqdim etməyə çalışmışlar! Bütün bunların yalan olduğunu göstərən bircə dəlil var: Ərdəşir Zahidi kefcil və açığını desəm, əyyaş bir adam idi!
İranda iğtişaşların başladığı ilk günlərdən bizə xəbərlər çatırdı ki, Ərdəşir Zahidi Vaşinqtondakı səfirliyimizin pullarını sağa-sola xərcləməklə, ABŞ-da İran dövlətinə məxsus əmlakı və binaları satıb-sovmaqla məşğuldur. Ərdəşir uzun müddət Amerikada yaşadğı və bu ölkənin hakim dairələri ilə sıx əlaqələrə malik olduğu üçün hamıdan, hətta Məhəmmədrzanın özündən də yaxşı bilirdi ki, o getməlidir. Biz bilirdik ki, Ərdəşir Zahidi MKİ-nin agentlərindən biridir. Onun İranın ABŞ-dakı səfiri təyin olunması da bu ölkənin istəyi ilə baş tutmuşdu və burada işlədiyi müddətdə o, Uilyam Rocers, Riçard Nikson, Henri Kissincer və Cerald Ford kimi şəxslərin yaxın dostu olmuşdu...
Mərakeşdə olduğumuz son günlərdə Ərdəşir Zahidi həyəcanlı bir halda Amerikadan gəlib Fərəhlə mənim yanımda şaha bildirdi ki, o, heç bir vəchlə ABŞ-a getməməlidir. Özünü şaha canıyanan kimi göstərən Zahidi deyirdi ki, Amerika demokratları Con Kennedinin zamanından şaha düşmən kəsiliblər və öz girovlarını azad etmək üçün Məhəmmədrzanı asanlıqla qurban verə bilərlər. Zahidi çıxıb gedəndən sonra şah söylədi: «Bu kişiyə tapşırıq verilib ki, bizi Amerikaya getmək fikrindən daşındırsın». Dediyim kimi, Məhəmmədrza müalicə olunmaq üçün mütləq Amerikaya getməli idi. Lakin bizim Amerika səfərimizi zəruri edən başqa səbəblər də vardı. Mənim əziz nəvələrim – Rza, Əlirza, Fərəhnaz və Leyla Amerikada idilər. Bizim şəxsi əmlakımız və maliyyə vəsaitimiz Amerikada idi. Dostlarımız və qohumlarımız Amerikada idilər. Amerika isə bizdən İordaniyaya getməyi, yaxud Mərakeşdə və Misirdə heç nəsiz qalmağı tələb edirdi!..
Tehran radiosu hər gün müxtəlif toqquşmalar, qətllər və edamlar haqqında xəbərlər yayırdı. Misirdə və Mərakeşdə bizimlə olan bəzi şəxslər İranda qalmış ailələri və qohumları üçün ciddi narahtlıq keçirməyə başlamışdılar. Bir gün şah təyyarəsinin pilotu polkovnik Müizzi Məhəmmədrzanın yanına gəlib İrana qayıtmaq üçün icazə istədi. O və heyətin digər üzvləri İranda qalmış ailələrinin taleyindən bərk nigaran idilər. Şah göstəriş verdi ki, onlara lazımi qədər pul verilsin. Müizzi və onun üç nəfər heyət üzvü ümumilikdə əlli min dollar alıb İrana qayıtdılar. (Polkovnik Müizzi sonralar «Xalq mücahidləri» qruplaşmasına qoşuldu və gizli bir uçuşla Məsud Rəcəvi ilə Əbülhəsən Bənisədri Tehrandan Parisə apardı).
Məhəmmədrza bilə-bilə ətrafında olanları çıxıb getməyə təşviq edirdi. Beləcə bizimlə qalanların sayı cəmi bir neçə nəfərə endi. Şahı narahat edən məsələ ətrafındakıların bədxərcliyi və əyyaşlığı idi. Onlar istədikləri qələti edir, pulunu da şahın hesabına yazdırırdılar. Cəmi bir neçə gün ərzində «Məmuniyyə» otelində qalanların xərcləri 200.000 dollara çatmışdı. Nəhayət, şah hər şeyi açıq söyləməyə məcbur oldu: «Biz indi sürgündəyik və sizə verməyə pulumuz yoxdur. Kim öz xərcini ödəməyə qadirdirsə, bizimlə qala bilər, əks təqdirdə yaxşı olar ki, İrana qayıtsın!» Bu sözlərdən sonra ətrafımız sürətlə boşalmağa başladı. Məlum oldu ki, inidiyə qədər bu şəxsləri Pəhləvi ailəsinə bağlayan nə imiş...
Fevralın 22-də şah ABŞ-ın Mərakeşdəki səfiri Parkerə zəng vurub tezliklə Amerikaya yollanmaq istədiyini bildirdi. Səfir dedi ki, hələ inqilabçıların Tehrandakı ABŞ səfirliyini tutmasından bir həftədən çox vaxt keçməyib və belə məqamda şahın Amerikaya getməsi vəziyyəti daha da gərginləşdirə bilər. Məhəmmədrza hirslə söhbəti kəsib birbaşa Vaşinqtonla telefon əlaqəsinə girdi və bəzi şəxslərlə danışıqlar apardı. Bunlardan biri ABŞ-ın nüfuzlu kapitalisti Devid Rokfeller idi. Şah həmçinin Bzejinski ilə də qısa söhbət etdi. Zbiqnev Bzejinski digər ABŞ rəsmiləri ilə müqayisədə açıq danışırdı, necə deyərlər, «mus-mus» deməklə arası yox idi. O, şaha bildirdi ki, prezident Karter onu Amerikada görmək arzusunda deyil. Deməliyəm ki, şahın Cimi Karterlə münasibətləri həmişə soyuq və ziddiyyətli olmuşdu. Prezident seçkilərində Məhəmmədrza Karterin rəqibini – respublikaçıların namizədi Cerald Fordu dəstəkləmişdi. Ümumiyyətlə, şah daim respublikaçıları demokratlardan üstün tuturdu. Karter prezident seçiləndən sonra 1977-ci ilin noyabrında Məhəmmədrza ilə Fərəh Vaşinqtona rəsmi səfərə dəvət olundular. Həmin səfərdə Karter şaha bildirmişdi ki, İranda şahlığın ABŞ tərəfindən qeyd-şərtsiz dəstəklənməsi dövrü arxada qalmışdır; əgər şah bundan sonra da Amerikanın himayəsini görmək istəyirsə, özünün sərt daxili siyasətinə yenidən baxmalı və SAVAK-ın cilovunu çəkməlidir. Səfər gedişində böyük bir dəstə Ağ Evin qarşısında etiraz nümayişi keçirmiş, şahla Fərəhə tərəf kartof və pomidor atmışdı. Polis nümayişçiləri dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə etmiş və qazın təsirindən gözləri yaşarmış Məhəmmədrzanın təsvirlərini o gün hamı görmüşdü! Mən iki dəfə Məhəmmədrzanın göz yaşlarının şahidi olmuşam: bir həmin səfərdə Karter Ağ Evin həyətində onu qarşılayanda, bir də İranı tərk edəndə! Məhəmmədrza deyirdi ki, bu nümayişi ona təzyiq göstərmək üçün amerikalılar özləri təşkil ediblər. Həmin səfərdən qayıtdıqdan sonra şah bir sıra siyasi məhbusların azad olunması barədə fərman verdi və elə bu da əhalinin cəsarətlənməsinə, onun tələblərinin artmasına səbəb oldu.
Martın axırlarında kral Həsən bizə açıq şəkildə bildirdi ki, özümüzə yeni sığınacaq tapmaq barədə düşünməliyik, çünki Tehranda onun əleyhinə nümayişlər keçirilir və o, «cinayətkarı gizlədən xəyanətkar» adlandırılır. Fərəh şaha təklif etdi ki, İordaniyaya gedək, orda köhnə dostumuz kral Hüseyn çox güclü hakimiyyətə malikdir. Məhəmmədrza dedi: «Bunun mənası varmı? Bir müddət sonra Hüseyn də üzr istəyib ölkəsindən getməyimizi xahiş edəcək!» Sonra şah Ərdəşir Zahidiyə zəng vurub Amerikada təhlükəsiz bir iqamətgah tapmağı tələb etdi. Zahidi cavab verdi ki, şəxsən Milli Təhlükəsizlik Şurasının üzvü Devid Aronla danışıb; cənab Aron deyib ki, şahın ABŞ-a gəlişi İranda olan amerikalıların girov götürülməsinə və hətta öldürülməsinə səbəb ola bilər.
Bizim Sortada (İsveçrə) gözəl bir villamız vardı. Fərəh təklif etdi ki, ora gedək. Şah bu təklifi bəyəndi, çünki İsveçrədə xeyli maliyyə vəsaitimiz vardı, İsveçrənin dövlət adamları arasında da şahın dostları az deyildi. Heç kəs təsəvvür eləmirdi ki, isveçrəlilər şahın xahişini rədd edərlər. Şah Ərdəşir Zahidiyə bizim İsveçrəyə getməyimiz üçün lazımi tədbirlər görmək tapşırığı verdi. Amma səhərisi o zəng edib dedi ki, isveçrəlilər bizim xahişimizi ehtiramla rədd etdilər. Tacir xislətli isveçrəlilər devrilmiş şahı qəbul etməklə öz ölkələrinin neftlə təminatı məsələsini təhlükə altında qoymaq istəməmişdilər. İsveçrədən əlimiz üzüləndə İngiltərəyə getmək xəyalına düşdük. Məhəmmədrza bu fikri bəyənməyib dedi: «Məni devirənlərdən biri də ingilislərdir. İndi necə onların ətəyindən yapışa bilərəm?! Atamı da onlar ölkədən çıxartmışdılar!» Yeniyetməlik və gənclik illərini Fransada keçirmiş Fərəh (o indi də Fransada yaşayır) təklif elədi ki, Fransaya gedək. Amma şah razılaşmayıb dedi ki, Qvadelupa görüşündə ona xəyanət etmiş ilk Qərb lideri Jiskar d’Esten olub və məhz o, Qərbin şahı dəstəkləməkdən əl çəkməsi təklifini irəli sürüb! (Sonralar Cimi Karter öz xatirələrində yazmışdı ki, Qvadelupa görüşündə mən Qərb ölkələri rəhbərlərinin artıq şahı müdafiə etmədiyinin şahidi oldum. Hamıdan çox Jiskar d’Esten bu əqidədəydi ki, şah hakimiyyətdən getməlidir). Sonrakı hadisələr Məhəmmədrzanın haqlı olduğunu sübuta yetirdi. Fransızlar nəinki bizi qəbul etmək istəmədilər, hətta tələb etdilər ki, onların müttəfiqi olan kral Həsənin mövqeyini zəiflətməmək üçün mümkün qədər tezliklə Mərakeşi tərk edək!..
Bir sözlə, heç bir ölkə İran şahını qəbul etmək istəmirdi. Bu boyda dünyada bizə sığınacaq olacaq kiçik bir guşə tapılmırdı. Taleyin ironiyasına bax ki, dünyanın bir çox ölkələrində bizim evimiz və şəxsi əmlakımız vardı və beynəlxalq hüquq baxımından biz bu yerlərə maneəsiz getmək haqqına malik idik!..
Biz çox sonralar Fransanın şahı müdafiə etməməsinin səbəblərini öyrəndik. İranın bir sıra nüfuzlu inqilabçıları fransızlarla sıx və səmimi əlaqələrə malik idilər. Əbülhəsən Bənisədr və Sadıq Qütbzadə kimi şəxslər 1978-ci ildə keçirilən Qvadelupa görüşündə iclas zalının qapısı arxasında dayanıb gözləyirlərmiş ki, Jiskar d’Esten oradan çıxıb onların vəzifəsini müəyyənləşdirsin. Əbülhəsən Bənisədr Fransaya qaçandan sonra qızım Fərəhlə görüşdə bildirmişdi ki, şahın devrilməsində fransızlar da az rol oynamayıblar. Fələyin qəribə işləri var: indi İranın ilk prezidenti Əbülhəsən Bənisədr qızım Fərəhin yaxın dostudur və onların Fransa polisi tərəfindən mühafizə olunan evləri bir-birinin yaxınlığında yerləşir.
Bir gün bizə xəbər verdilər ki, ABŞ-ın Rəbatdakı səfiri cənab Parker şahla görüşmək istəyir. Şah Parkeri sarayın kitabxanasında qəbul etdi. Qızım Fərəh də görüşdə iştirak edirdi. Onun danışdığına görə, Parker şahla görüşən kimi dərhal mətləbə keçib açıq şəkildə söyləmişdi: «Əlahəzrət ABŞ-a getmək fikrindən daşınmalı, Cənubi Amerika və ya Afrika ölkələrindən birinə yollanmalıdır!» Sözün tam mənasında sınmış şah səfir Parkerdən acizanə surətdə xahiş etmişdi ki, onun heç olmasa ailəsi ilə birlikdə Meksikaya getməsinə köməklik göstərsin. Məhəmmədrza demişdi ki, Afrika ilə bağlı kədərli xatirələrə malikdir, çünki atası Rza şah orada sürgündə olmuş və Cənubi Afrikada vəfat etmişdir; Meksikaya isə ona görə üstünlük verir ki, ABŞ-a yaxındır və orada olan qohumları ilə əlaqə saxlamaq baxımından əlverişlidir. (Həmin vaxt şahın anası Tacülmüluk xanım bərk xəstə idi və Əşrəfin Beverli-Hilzdəki evində qalırdı). Şahın düşkün ruhundan və zəifləmiş vücudundan təsirlənən səfir Parker təəssüflə demişdi: «Əlahəzrətin bu xahişini Vaşinqtona qəbul etdirmək üçün əlimdən gələni edəcəyəm!» Sonralar Parker öz xatirələrində yazmışdı: «Şahın yanından çıxanda ABŞ-ın öz müttəfiqi ilə belə rəftar etməsinə görə xəcalət çəkdim. Bu, həmən şah idi ki, otuz ildən artıq bir müddətdə Orta Şərqdə bizim maraqlarımıza sədaqətlə xidmət etmişdi!»
Xaricdə keçən hər gün Məhəmmədrzanı taxt-tacdan daha da uzaqlaşdırırdı və bu, kral Həsənin iti gözlərindən yayına bilməzdi. Nəhayət, günlərin bir günü o, ədəblə şahı öz ölkəsindən qovdu. Niyə ədəblə? Qoyun danışım.
Bir gün hələ səhər yeməyini qurtarmamışdıq ki, kral sarayının protokol rəisi qabaqcadan xəbər vermədən Məhəmmədrzanın yanına gəldi və yemək masası arxasında oturmuş şaha müraciətlə dedi: «Əlahəzrət kral II Həsən cənabınızın Mərakeşi tərk etmək arzusundan xəbərdardır. Buna görə də özünün xüsusi təyyarəsini cənabınızın ixtiyarına verir ki, sabah Mərakeşi tərk edəsiniz!» Sonra da cavab gözləmədən yüngülcə təzim edib otağı tərk etdi. Şahın tikəsi boğazında qaldı. Əsəbi halda çəngəl-bıçağı boşqaba çırpıb dilləndi: «Bu zatıqırıq dünənə qədər mənə «əlahəzrət şah» deyirdi, indi «cənab» söyləyir! Sabah mütləq getməliyik, yoxsa hələ məlum deyil nələr görəcəyik!» «Hə, burdan da qovulduq. Bəs hara gedə bilərik?!» Bunu da qızım dedi və masanın arxasından qalxıb narahat halda otaqda gəzişməyə başladı.
Məhəmmədrza telefona yaxınlaşıb səfir Parkerə zəng vurdu. Xoşbəxtlikdən bu dəfə səfir pis xəbər demədi. Parker bildirdi ki, Rokfeller külli miqdarda rüşvət verməklə Baham adalarının hakimiyyət orqanlarını şahı qəbul etməyə razı sala bilib. Dəqiq yadımda deyil, aprelin 1-i, yaxud 2-də Rəbat aeroportuna yollandıq. Mərakeş kralına məxsus «Boinq-747» təyyarəsi bizi gözləyirdi. Həmin təyyarə ilə Baham adalarının mərkəzi olan Nasoya gəldik.
Baham yeddi yüz kiçik adadan ibarət bir ölkədir. Bu adaların əksəriyyətində insan yaşamır və qabarmalar zamanı onlar suyun altında qalır. Naso aeroportunda bizi Robert Armao adlı yaraşıqlı və nəzakətli bir gənc qarşıladı. Bu gənc Rokfellerin işçilərindən idi, amma Məhəmmədrza əmin idi ki, o, MKİ-nin agentidir.
Amerikalıların «cənnət adaları» adlandırdığı Baham adaları dünyanın əyləncə və eyş-işrət mərkəzlərindən biridir. Dünyanın hər guşəsindən varlı adamlar kef çəkmək və başqa yerlərdə qadağan olunmuş işlərdən çıxmaq üçün bura gəlirlər. Burada kazinolar və gecə klubları səhərədək işləyir. Onların müştəriləri varlı ərəb şeyxləri, Avropa və Amerikanın iri kapitalistləridir. Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında yerləşir və bu yaxınlıq o qədərdir ki, biz özümüzü ABŞ-da hiss edirdik. Məhəmmədrzanın Baham adalarında çoxlu dostları vardı. Monako şahzadəsi burada bir neçə kazinonun sahibi idi. Bir çox əyləncə mərkəzləri Frenk Sinatraya və Ceri Luisə məxsus idi. İndoneziya prezidenti Suhartonun da burada bir neçə kazinosu və iri oteli vardı. Məhəmmədrza danışırdı ki, Kuba inqilabına qədər amerikalılar əylənmək və kef çəkmək üçün Kubaya gedirdilər, amma Fidel Kastro hakimiyyətə gələndən sonra amerikalılar öz kapitallarını Baham adalarına köçürüb buranın iqtisadi baxımdan çiçəklənməsinə nail oldular. Kubadan qovulmuş kazino sahibləri də Bahamda məskən saldılar. Baham adaları 1973-cü ildə müstəqillik qazansa da, ölkənin ən qiymətli torpaqları amerikalıların əlində idi.
Biz Baham adalarına çatan kimi mənim əziz nəvələrim də valideynlərini görmək üçün Nasoya gəldilər. Məhəmmədrza və Fərəh uşaqları ilə birgə Ceyms Krasbinin möhtəşəm villasında qalırdılar. Mən və bizimlə olan digər şəxslər okeanın sahilində gecəsi 300 dollara lüks kotteclər icarə etmişdik. Cəmi iyirmi nəfər idik və hər gün qaldığımız kotteclərə görə altı min dollar ödəyirdik, yemək pulu və sair xərclər də təxminən bir o qədər olurdu.
Bir neçə həftə əvvəl bizdən ayrılıb ticarət işləri ilə əlaqədar ABŞ-a getmiş sabiq Yunanıstan kralı Konstantin Məhəmmədrzanın Baham adalarına gəldiyini eşidən kimi özünü ora yetirərək bizə qoşuldu. Polkovniklərin qiyamı nəticəsində taxtdan salınan Konstantin Məhəmmədrza ilə oxşar tale yaşadığından bizim halımızı yaxşı anlayırdı və gecədən xeyli keçənə qədər qızım Fərəhlə sahildə gəzişib ona ürək-dirək verirdi. Konstantin vəfalı və etibarlı adam idi. Yunanıstandakı qiyamdan sonra Məhəmmədrza Avropadakı bəzi sərmayələrinin idarəsini ona həvalə etmişdi, eyni zamanda o, İran ordusu üçün müəyyən satınalmaları həyata keçirib bundan əldə etdiyi gəlirlə dolanırdı. Məhəmmədrza həmişə deyirdi ki, dünyada mənim səmimi və həqiqi dostum yoxdur, ətrafımda fırlananların hamısını sərvət və hakimiyyət maraqlandırır, amma Konstantin bir istisnadır!

Çevirəni: Məsiağa Məhəmmədi

(davamı olacaq)


Davamı

Hüseyn Düzgün. NƏSİMİNİN ƏDƏBİ YARADICILIĞI

Xəbər verildiyi kimi, Təbrizdəki «Əxtər» nəşriyyatında doktor Hüseyn Düzgünün tərtibçiliyi ilə Nəsiminin türkcə divanı çap olunmuşdur. H.Düzgünün həmin nəşrə yazdığı müqəddimədən bir parçanı sizə təqdim edirik.

Seyid Nəsiminin ədəbi yaradıcılığını iki dövrəyə bölmək olar:

1. İLK DÖVRƏ


Onun 25-26 yaşlarına qədər, yəni Fəzlullah Nəimi ilə tanış olması və onun təriqət və məsləkini qəbul etməsinə qədərki dövrəni yaradıcılığının ilk dövrəsi adlandırırıq. Bu dövrədəki şeirlərində o, Xacə Əhməd Yəsəvi (ölümü 562 h.) və Cəlaləddin Rumi (ölümü 604 h.) təsirində nəsihətamiz, təlimi və hikmətli şeirlər və on dörd məsum (ə.s.) üçün mənqibələr yazırdı.
Söz yox ki, o, bu dövrdə şairliyini sınamağa başlayan bir etiqadlı və savadlı gənc kimi zühur edir. Bütün şiəyyələr, mənqibələr, nəsihətverici qəzəllər və qəsidələr, hikmətli tuyuqlar və məsnəvilərini bu dövrəyə aid etmək olar.
Belə şeirlərdə irfan axıcılığı yoxdur və şeir dili qurudur. Şairdə coşqun ürək olsa da, coşqun dil yoxdur. Şair hələ dərin mənaları laybalaylı dil ilə bəyan etməyə əl tapa bilməmişdir. Bu dövrədə şairin sabit təxəllüsü də yoxdur, o gah Seyyid, gah Hüseyni və gah Seyid Nəsimi və bəzən də Haşimi təxəllüs edir.
Türkcə divanında bu dövrəyə aid olan şeirlərini yüz qitəyə yaxın müxtəlif qəlibli şeirlər təsbit etmək olar. Bu dövrəyə aid şeirlərinə, ümumiyyətlə, nəsihət vermə ruhu hakimdir:

Divi-rəcimə, ey könül, qılma dəxi mütabiət,
Tanrı sözün eşidicək, sidq ilə qıl mülazimət.
Yaxşılıq eylə sən, sənə yaxşılıq eyləyə xuda,
Aqibət əslinə qılır xeyrə, şərə muraciət.

***

Könül vermə cahana, bivəfadır,
Könül vermək ana eyni-xətadır.
Buna canü dil ilə anlavü bax,
Fənadır bu fəna, sanma bəqadır.
Bəqası var imiş olsa cahanın,
Qalaydı baqi uş ol Mustafadır.
Cahanın çün bəqası yox, Nəsimi,
Anı qoyub Həqqə dönmək rəvadır.

2. İKİNCİ DÖVRƏ

Bu dövrə onun olğunluq çağlarıdır. İyirmi beş yaşından edam olunmasına qədərki on illik dövrədir. Bu dövrədə o, Fəzlullah Nəimi ilə yaxından və hüzuri olaraq tanış olur. Gərçi Nəimini qabaqcadan da tanıyırdı və gahdan onun adını özünə təxəllüs kimi seçirdi, lakin yaxından tanış olduqdan sonra düşüncə dünyası tamamilə dəyişir və özünə irfani məslək seçir və hürufilər cərgəsinə daxil olur.
Seyid Nəsimi Fəzlullah Təbrizi ilə tanış olmazdan qabaq da həqiqəti, eşqi və doğru yolu axtaran bir şair idi. Mövlana Cəlaləddin Rumi və Hafiz Şirazinin təsiri altında yarımirfani şeirlər yazırdı. Lakin hürufilər cərgəsinə girdikdən sonra tam şövq və həyəcanlar içində irfani eşq ilə dolu şeirlər yazmağa başlayır. Bu dövrdəki şeirlərinin bəzi məzmunları haqqında aşağıda danışırıq:

2.1. Qurani rəmzlər

Seyid Nəsimi öz şeirlərində Qurani rəmzləri açma yolunu izah etmək üçün bir para görüşlərə dayanır. Misal üçün deməliyik ki, onun nəzərində 4 ünsür (su, od, torpaq, yel), 7 xətt (2 qaş, 4 kiprik, bir saç) bir-birinə zərb edilərək Qurani-kərimin əsrarını həll etmə açarı olur.
Bir və ya bir neçə hərfdən meydana gələn əlif-lam-mim, ya-sin, ta-ha kimi ayələri hürufilər mühakimat və müqəttəat adlandırırlar. Nəsimi bu ayələrdən öz şeirlərində bol-bol istifadə etmişdir və ondan əlavə daha çox istifadə etdiyi ayələri belə sıralamaq olar:

1) Kun fəyəkun (Yasin/82): Yasin surəsində gələn bu ayəni Nəsimi varlığın əsas səbəbi hesab edir:

Kaf ilə nun əzəldə çün illətimizdir, ey bəşər,
Cövhəri-laməkan bizik, kim biləşər hüdudumuz.

2) Ələstu birəbbikum (Əraf/172): Nəsimi bu ayədən də çox istifadə etmişdir:

Sirri-ələstu rəbbikum çün ki götürdü pərdəyi,
Zahidə assı eyləməz xirqeyi-parə-parəsi.

Bu ayəyə görə, Tanrı ruhların yaradılmasından sonra onlardan soruşmuşdur ki, aya, mən sizin Rəbbinizəm? Ruhlardan bir qisməti «bəli» və bir qisməti «nəəm» demişlər. «Bəli» deyənlər doğru yola gedənlər hesab olurlar.
3) Leylətul-isra (İsra/1): Həzrət Peyğəmbərin meracına işarət edən bu ayədən Nəsimi dəfələrlə istifadə etmişdir və Allahın öz bəndəsini gecə Məscidi-əqsaya aparmasından danışmışdır.

Ey camalın sirri-sübhan əlləzi isra imiş,
Əbduhu leylən tapundu, Məscidül-əqsa imiş.

4) Qabə qövseyn (Nəcm/9): Hürufi anlayışında iki hərf olan qövseyn iki qaşa işarədir və Nəsimi oxucunu bu hərfləri görməyə və oxumağa çağırır:

Gəl səvadül-vəchi gör kim fəqri-mütləqdir adı,
Rövşən anla Kəbeyi-qövseyn ilə avədnamızı.

5) Ərş və istiva və ər-Rəhman (Taha/5): Nəsimi bu ayədən çox istifadə edir. Hürufi inancına görə, insan üzündə 28 hərf oxunur, ona görə adamın üzünə ər-Rəhman ələl-ərş istiva adı verir:

Zülfü rüxsarındır ər-Rəhman ələl-ərş istiva,
Kəbənin mehrabı qaşın, fitneyi-eynin xətib.

Burun istiva xətti kimi üzü ikiyə bölür və Nəsimi dəfələrlə buna işarə edir.
6) Əhsən ət-təqvim (Tin/4): Bu ayə vəhdəti-vücud inancına inananlar üçün bir nəqli dəlil sayılır. Varlıq birliyi inancına görə, kainat mütləq varlığın zühurudur. Bütün aləm mütləq varlığın elmindən zühur etmiş, göylər, ünsürlər, canlılar, cansızlar və s. yaranmış və tapılmışdır. Onların içində isə insan ən son və ən kamil məxluqdur və Tanrının təcəlla yeridir:

Çünki yüzün əhsənüt-təqvim imiş,
Səndə zühur eylədi sübhanımız.

Nəsimi deyir ki, zahid bir münəccim kimidir və bu sözün iç anlamını başa düşməz:

Münəccim zahid anlamaz ki, sənsən əhsənüt-təqvim,
Əzəldən ta əbəd oldu əyan hüsnün kitabından.

2.2. Hürufi rəmzlər

1) Otuz iki və iyirmi səkkiz

Hürufilik inancına görə, insanın üzündəki 7 hərfi müxtəlif yollar ilə 28, 29 və gah da 32 olaraq ələ gətirmək olar. Bu 7 hərf iki qaş, dörd kiprik, bir saç, yəni səvadi-əzəmdir. 4 ünsür, yəni su, hava, torpaq və od ilə zərb olanda 28 ədədi ələ gələr. Lam-əlif isə gah bir hərf hesab olur və gah da p, ç, j, g hərflərinin canişinidir. Bu 4 hərf 28 ilə cəm olanda 32 ələ gəlir.
Nəsimi də şeirlərində yerbəyer 28 və 32 ədədlərini insan üzündə görmək istəyir:

Ayəti-səbül-məsanidir yüzün,
Otuz ikinin nişanidır üzün.
*
Bistü həştü siyü düdən dışqarı bir nəsnə yox,
Bu kəlam içində xeyli qilü qalı görmüşəm.

Başqa şairlər də üzü, qaşı, kipriyi, dodağı və sairəni Günəşə, kitaba, müshəfə, yaya, oxa və sairəyə bənzədirlər. Onların bənzətmələri bir bədii təsvir yaratma və gözəllik heyranı olmaları üçündür. Lakin Nəsiminin heç belə bir niyyəti yoxdur, bəlkə hürufiyyə təlimatı əsasında ayini bir ibarələr işlətmək üçün bu təşbehlərdən istifadə edir. O, zülfu və rüxsarı ər-Rəhman ələl-ərş istivaya bənzətdikdə, bir hürufi inancına dayanır və əslində ayəni təvil etməyə çalışır.

2) Eşq

Nəsimi eşq ilə yaşayan və eşqi təbliğ edən bir hürufidir. Bu eşqi isə daşa, torpağa yox, insana sarı yönəldir:

Gərçi asandır der, ey can, eşqini hər bixəbər,
Kim ki şol sevdaya düşdü, bildi kim asan degil.
Eşq ilə can yoxdur ol bimərifət heyvanda kim,
Surətin nəqşinə daim valehü heyran degil.

Şairin nəzərində eşqin tamam olması üçün sidq və doğruluq lazımdır və aşiq bu yolda can və cahanından keçməlidir:

Gər aşiq isən, sidq ilə şol dilbər üçün gəl,
Can ilə cahan ortaya qoy, tərki-sər eylə.

3) Tanrı təcəlligahı

Gözlər, qaşlar, kipriklər, yanaqlar, dodaqlar, ağız, çənə, çənə çuxuru, üzdəki xətlər, alın və ümumiyyətlə, üz camal və camalullaha dəlalət edir.
Hürufi inancına görə, insan əhsən təqvim və əhsən surət üzrə yarandığına görə, məzhərullah sayılır. Elə buna görə də Nəsimi insan üzünü Tanrı təcəlligahı hesab edir.
Hürufilik deyir ki, əgər üzdə yatan 28 hərfin əsrarını kəşf etmək olsa, onda Tanrı və yaradılış əsrarı da kəşf oluna bilər. Məşuqənin boy-buxunu, beli, əli, qolu, ayağı, yerişi və s. hamısı vəhdəti-vücud görüşü ilə izah edilir.

4) Cəsədlənmə və donbadon

Nəsiminin təcəssüd və cəsədlənməyə inancı dəfələrlə şeirlərində bəyan edilmişdir. O, Həqqin təcəllisini gördüyü insanı belə vəsf edir:

Səba zülfün nəsimindən cahanı cümlə can etdi,
Dəmindən gör səba zülfün ki nə canlar rəvan etdi.
Boyundur sidrəvü tuba, üzündür cənnətül-məva,
Xətü xalın kəlam oldu, bu əsrarı bəyan etdi.

O, ruhun dolanmasını hikmətamiz bir bəyan ilə belə vəsf edir:

Çün xakdan edər səfər, mədən nəbat olur şəcər,
Rövşən görür əhli-nəzər, ol tövmeyi-heyvan gəlir.
*
Çün tövmeyi-heyvan olur, ol da ki insü can olur,
İnsana vasil olmağa bidəstü pa pərran olur.

Nəsimi türk-şaman inancı əsasında olan ruhun dolanmasını və adamın böyük ruhlara don (=cəsəd) olmağa layiq olması məsələsini həkimanə bir deyiş ilə incələyir:

Cövhəri-fərd adəmin kanındadır,
Kuntu kənzən adəmin şanındadır.
Gərçi şeytan adəmin qanındadır,
Sirri-əsma adəmin canındadır.

5) Fəna fillah

O həqiqi aşiq olduğu və Həqqə özünü fəda etdiyi üçün məhşərdən və cəhənnəmdən qorxmur, çünki vüsala və fənaya çatmışdır:

Nəsimi çün vüsalından irişdi cənnətü hura,
Nə məhşərdən hesab eylər, nə tamunun əzabından.

6) Zahid

Zahid bütün irfani ədəbiyyatda olduğu kimi, Nəsiminin dilində də kütbeyin və dayaz düşüncəli olaraq vəsf edilir:

Firdovsa məni dəvət edən zahidə söylə,
Ol tikana göz tikmə ki gülzarımı buldum.
*
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil
Damə düzmə təsbehi, səccadəyi dam eyləmə!

7) Mübarizə və savaş

Nəsimi mübarizələr meydanının qəhrəman şairidir. O, savaşdan qorxmayan və savaş meydanlarına igidlər kimi girən bir qəhrəmandır:

Eşq ilə meydana möhkəm ər gərəkdir kim girə,
Hər hünərsiz himməti yoxun yeri meydan degil…


Davamı

ƏHMƏD ŞAMLUDAN İKİ ŞEİR

T Ə N H A …

İndi məni qurbangaha aparırlar
Eşidin, ey yığışıb tamaşaya duranlar,
və səfehlikləri sayca mənim etmədiyim günahlardan çoxlar:

- Mən heç vaxt sizlərdən olmamışam!

Sizin cənnətiniz məni ağuşuna almaq arzusuyla
intizar cəhənnəminin odunda
yanıb külə dönəcək;
və mən sizin qorxduğunuz cəhənnəmə
elə bir od aparacağam ki,
onun hərarətindən
yazıq cəhənnəmdəkilər
onları dövrələyən atəşi
sərin şərbət kimi başlarına çəkəcəklər.

Çünki mən sizdəki hər şeyə,
sizə bağlılığı olan hər bir şeyə nifrət edirəm:
övladlarıma
və atama
sizin qoxumuş qucağınıza
və çox vaxt əlimi hiyləgərliklə sıxan əllərinizə

qəzəb və mehribanlığınıza
və özümə –
istər-istəməz, zahirən sizə oxşadığıma görə…

Mən uzaqlıqdan və yaxınlıqdan qaçmaqdayam.
Sizin allahlarınız zalım Sizifi bağışlayacaqlar.
Mən nakam Prometeyəm
ki, yorğun ciyərimdən
bədbəxt qarğalara bir süfrə açmışam.

Mənim aldanışım əzabımın əbədiliyindədir
ki, sizin hər salam-kalamınızdan
ciyərimdə bir quzğun dimdiyi duymalıyam.

Ciyərimə batan bir xəncərin ucu,
sizin dodaqlarınızın öpüşündən daha xoş idi,
çünki sizin dodaqlarınızdan yalandan başqa bir söz eşitmədim.

Və gözümə batan bir tikan, sizin alıcı baxışınızdan daha rahat,
çünki sizin mənə baxışınızda heç vaxt bir ağanın qula baxışından başqa
bir şey olmayıb…

Sizin kişilərdən qatilləri,
sizin qadınlardan fahişələri daha çox istəyirəm.

Mən öz cənnətinin qapılarını sizin üzünüzə açacaq Allahınızın
əbədi lənətinə sevinərəm.
Elə bir behiştdə möminlərlə oturmaq və əl dəyməmiş qızlarla yatmaq
qoy sizə qismət olsun!
Mən nakam Prometeyəm
ki, yorğun ciyərimdən
bədbəxt qarğalara əbədi bir süfrə açmışam.

Eşidin, ey yığışıb bu yad qurbanlığın
tamaşasına duranlar:
- Mən heç vaxt sizlərdən olmamışam!


BU DALANDA

Ağzını iyləyirlər
məbada “sevirəm” deyəsən.
ürəyini iyləyirlər

Qəribə dövrandır, sevgilim,
sevgiyə şlaqbaumun yanında
şallaq vururlar.

Sevgini evin anbarında gizlətmək gərək.

Soyuğun bu əyri-üyrü dalanında
odu
nəğmə və şeirin yanacağı ilə
alışdırırlar.
Düşünüb də risk eləmə.

Qəribə dövrandır, sevgilim,
axşam-axşam qapını döyən kəs,
çırağı söndürməyə gəlib.

İşığı evin anbarında gizlətmək gərək.

Odur, qəssablar
keçidlərdə dayanıblar
qanlı dəhrə-bıçaqlarıyla

Qəribə dövrandır, sevgilim,
təbəssümü dodaqlardan kəsib götürürlər,
nəğməni ağızdan.

Şövqü evin anbarında gizlətmək gərək.

Süsən-yasəmən közündə
sarıbülbül kababı

Qəribə dövrandır, sevgilim,
qələbədən sərxoş İblis
matəm süfrəmizin başında oturub.

Allahı evin anbarında gizlətmək gərək.


Çevirəni: Məsiağa Məhəmmədi



Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər