Showing posts with label Tərcümələr. Show all posts
Showing posts with label Tərcümələr. Show all posts

NƏİMİYƏ HƏSR OLUNMUŞ BİR ŞEİR HAQQINDA

Müasir İran poeziyasının görkəmli nümayəndəsi Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də nüfuzlu ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi tanınır, Tehran Universitetinin professorudur. Məşhur İran alimi Əbdülhüseyn Zərrinkubun sözləri ilə desək, Kədkəni eyni zamanda həm elmdə, həm də şeirdə yüksək məqama yetmiş istisnalardandır.
Şəfii Kədkəni şeir yazmağa yeniyetmə çağlarından başlamış, klassik poeziya ənənələri çərçivəsində qəzəllər yazmışdır. Daha sonra sərbəst şeirə üz tutmuş və “İran yeni şeirinin atası” Nima Yuşicin, xüsusən də həmyerlisi Mehdi Əxəvane-Salesin güclü təsiri altında olmuşdur. Lakin zaman keçdikcə klassik şeirin, özəlliklə sufi poeziyasının ənənələrini modern İran və dünya ədəbiyyatının nailiyyətləri ilə uğurlu bir şəkildə sintez etməklə, fars şeirində özünəməxsus bir yol tutmuşdur. Bu yol şairin 1977-ci ildə nəşr olunmuş “Muliyan çayının qoxusu” (“Buye-cuye-Muliyan”) adlı şeir toplusunda parlaq surətdə özünü göstərmişdir.
Qeyd edək ki, həmin kitabın adı Rudəkinin məşhur qəsidəsinin ilk misrasından alınmışdır. Topluda Şərq-islam bədii-fəlsəfi fikrinin Sührəvərdi, Əttar, Sədi və s. kimi nümayəndələrinin yaradıcılığı ilə bağlantılar, irfani motiv və obrazlar aydın şəkildə görünməkdədir. Burada yer almış kifayət qədər iri həcmli bir şeir isə hazırda 650 illiyi qeyd olunan böyük şairimiz İmadəddin Nəsiminin ustadı, hürufilik təliminin banisi Fəzlullah Nəimiyə həsr olunmuşdur.
“Fəzlullah Hürufinin məhkəməsindən” (“Əz mohakemeye-Fəzlullahe-Horufi”) adlanan bu şeirdə Şəfii Kədkəni Nəiminin şəxsiyyəti və missiyasının özünəməxsus ictimai-fəlsəfi yozumunu və poetik şərhini təqdim etmişdir. Şeir Nəimini küfrdə ittiham edənlərlə böyük mütəfəkkir arasında dialoq formasında qələmə alınmışdır. Maraqlıdır ki, Amerika postmodern şeirinin ünlü nümayəndəsi Çarlz Olsonun (1910-1970) misrası şeirə epiqraf kimi verilmişdir.

Şeirin yazılmasında Şəfii Kədkəni, heç şübhəsiz, Nəiminin yaradıcılığından, xüsusən onun “Vururam” (“Zənəm”) rədifli məşhur qəzəlindən bəhrələnmişdir. Həmin qəzəldə Nəimi:

Qazı mənim qarşımda nədir, müfti mənim dinimi nə bilir?
Mən onların hökmünə və məhkəməsinə yoxluq təpiyi vururam!
(Qazi çe başəd pişe-mən, mofti çe danəd kişe-mən,
Çun poşte-paye-nisti bər hokm-o bər yərğu zənəm!)

– beyti ilə din xadimlərinin onun barəsində hökm və fikirlərinə etinasızlığını ifadə etmişdir (Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı. Prof. Rüstəm Əliyevin nəşri. Tehran, 1974, s. 18). Kədkəninin şeirindəki bəzi ifadələr də (qeysərin qəsri, xaqanın tacı) bilavasitə həmin qəzəldən alınmışdır.
Fikrimcə, görkəmli İran şairinin bu əsəri Nəiminin bədii obrazını yaratmaq və düşüncələrini anlatmaq baxımından unikal bir nümunədir. Odur ki, “Nəsimi İli”ndə həmin şeiri farscadan Azərbaycan dilinə çevirməyi və zəruri izahlarla oxuculara təqdim etməyi lazım bildim.



Məhəmmədrza Şəfii Kədkəni

FƏZLULLAH HÜRUFİNİN MƏHKƏMƏSİNDƏN

What does not change / is the will to change
Charles Olson
(1)

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“ – Hərflər hərəkətin başlanğıcıdır,
hərəkət isə su və ağac,
ot və təbəssüm,
məktəbli uşaq və almadır,
Allahın qırmızı alması!
Mən bu əlvan üfunəti
Söz-söhbət suyu ilə yuyacağam,
çünki mənim sözlərim
dənizdən gəlir
və dənizə tələsir
yenidən”.


“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Xəbər çatıb ki, yağış
yenidən yağacaq.
Tanrı çılpaq olacaq
və külə dönmüş bağ
çiçək açacaq.

Bir müsafir yoldadır,
ərğəvan və buludla
doludur yelkəni
və zülmətin cismini,
bu yaralı qırxayağı
qovacaq itburnu çiçəklərinin yuxusundan.

Müsafirlər yoldadır,
şəfəqi çiyinlərinə atıb onlar,
şimşəyin libasını əyinlərinə geyib onlar.
Qardaşlarım
sözləri ilə
yarırlar gecəni.

Xəbər çatıb ki, gur yağış
yağacaq,
Tanrı çılpaq olacaq.
Görmürsənmi məgər
könlüm yamyaşıldır,
od və suyun malik olduğu
bir haldayam.
Axtarıram
hərflərin yeni nizamını
və elə bir vəzni ki,
gün ilə Ruzbehanı (2) birlikdə
mədh eləyim
və eşq Tasinini (3) bəstələyim.
Mənim küfrüm
elə bir küfrdür ki,
heç bir Simurq
qanad çala bilməz
onun zirvəsinə.

Bir bax,
partladı ildırımın qəzəbi,
şövqdən
islandı buğda sünbüllərinin kirpiyi
və ərğəvanlar namaz qılır orda”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”
Şallaq aşağı endi.

“– Zülmətin yolunu, dirilik suyunu
Xızıra bağışlayacaq.
Baxma ki, səf çəkib
Min Xacə Nizamülmülk (4),
min axta xacə
və hər birinin dodağında
min axta söz.
Bax ki, bunlar,
bunlar
necə yağışın altında
altı min illik
murdar leşlərin üzünü
hələ də qızardırlar
güllərin qanı ilə.
Bu Çingiz (5) heyvanxanasını seyr etmək üçün asan,
gərək bir zürafənin boynundan sallanasan”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

Yaşıl meşənin ortasında
Bir torağay qanad çaldı
və səhər nəsimindən
asılı qaldı.


İzahlar:

1) Dəyişməyən şey – dəyişdirmək iradəsidir (Çarlz Olson).
2) Orijinalda “ruz və Ruzbehan”. Məşhur sufi şeyxi Ruzbehan Bəqli Şirazi (1128-1209) nəzərdə tutulur.
3) Tasin - əslində Ta, Sin. Ərəb əlifbasının 12 və 16-cı hərfləri. Bu hərflər Quranın bəzi surələrinin, o cümlədən, 27-ci “Nəml” surəsinin əvvəlində işlənmişdir.
4) Xacə Nizamülmülk Tusi (1018-1092) – Səlcuq sultanlarının vəziri, məşhur “Siyasətnamə” əsərinin müəllifi.
5) Monqol imperiyasının qurucusu Çingiz xan (1162-1227) nəzərdə tutulur.




Fars dilindən tərcümə və izahlar: Məsiağa Məhəmmədi


Davamı

Hafiz Musəvi. Bura Orta Şərqdir (şeir)

Bura Orta Şərqdir
Tarixin dili ilə danışırıq biz,
Tarixi yuxular görürük,
Sonra da
Tarixi dəhrələrlə
Başını kəsirik bir-birimizin.

Şamdan Hicaza,
Hicazdan Bağdada,
Bağdaddan İstanbula,
İstanbuldan İsfahana,
İsfahandan Bəlxədək
Ölülər hökmranlıq edir
Bizim torpaqlarda.

Bura Orta Şərqdir
Və bizim qanımız arasından keçən
Bu sınıq-salxaq maşın
Tarixdir.

Bura Orta Şərqdir
Aramsız müharibələr arasındakı
Müvəqqəti sülhlər diyarı.
Xəlifələr, imperatorlar, şahzadələr, hərəmxanalar diyarı.
Və bir diktatorun edam edilməsinə
Gülməli ya ağlamalı olduğunu bilməyən
Adamlar diyarı.



Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Roca Çəmənkar. ŞEİRLƏR

Roca Çəmənkar 1981-ci ildə anadan olub. Tehranda kino və dramaturgiya sahəsində təhsil alıb, Strasburqda doktoranturada oxuyub. 
İndiyədək altı şeir kitabı nəşr olunub: “Ana dilində ölmək”,“Özümlə danışıram”, “Getmişdin mənə bir az cənub gətirməyə” və s. 
2011-ci ildə gənc şairlər arasında İran Mədəniyyət Nazirliyinin keçirdiyi “İlin kitabı” müsabiqəsinin qalibi olub. İranda və Avropada çoxsaylı poeziya festivallarının iştirakçısıdır. Şeirləri ingilis, fransız, rus dillərinə tərcümə olunub. 
2016-cı ildə Fransada Nikos Qatsos adına mükafata layiq görülüb.


İstəyirdim quş olasan

İstəyirdim quş olasan,
uçub gedəsən
və geri dönməyəsən bir də.

İndi
illərdir məndə yuva qurmusan,
budaqlarımı qırmısan.
Hər gecə
qarmaqarışıq edirsən yuxularımı.
Hər gün
dimdikləyirsən həyatımı...
 

Əllərimdə xətt yoxdur

Əllərimdə
heç bir xətt yoxdur:
nə ömrümün uzunluğunu göstərən xətt,
nə gələcəyimdən xəbər verən xətt,
nə də məni kiməsə qovuşduracaq xətt.

Mən
dünyanın bütün xətlərini
gözlərimdə gizlətmişəm ki,
falçıların heyrət dolu baxışlarından
soyusun ürəyim.


Tap məni

Tap məni fincanlardakı barmaq izindən
kafelərdə,
vitrinlərin arxasında dayanmaqdan,
gəlinciklərə qısılmaqdan.
Adıma olan gilas ağacında,
sarı skamyada, ağ qızılgüldə, qarlı gündə.

Tap məni qorxu altında, göz yaşları içində titrəməkdən,
Bəndəri rəqsinin ortasında, armudu stəkanda, qaranlıq gecədə.
Yaddaşım hardadır?
Evim harda?
Gülüşüm harda?

Tap məni pəncərənin altında yavaşca yeriməkdən,
cümə axşamı, metro, sonuncu dayanacaqdan.
Axı nə idi adım?
Adım nə idi?
Dərim nə rəng idi?

Tap məni sözlərin ayaq izindən,
kinoteatrın qarşısında, parkın içində, uzun küçənin sonunda.
Uzun küçə,
Uzun dünən,
Uzun gün.
Sirrim nə idi?
Kölgəm hardadır?
Tehran, Vəli-əsr meydanı, Milli Bankın yanı,
itmiş əşyalar bölməsi.
Tap məni
itmiş əşyaların nişansız kölgələri arasından...


Farscadan tərcümə: Məsiağa Məhəmmədi






Davamı

Şəms Ləngərudi. ŞEİRLƏR

Şəms Ləngərudi müasir İran şeirinin ən görkəmli nümyəndələrindən və tədqiqatçılarından biridir. 1950-ci ildə Gilan vilayətində doğulmuş şairin ilk şeirlər kitabı 1976-cı ildə nəşr olunub, lakin onun populyarlığı 1980-ci illərin ortalarına təsadüf etmişdir. İndiyədək 20-dən çox şeir kitabı işıq üzü görüb.
Şəms Ləngərudiyə geniş şöhrət qazandıran işlərindən biri də onun 4 cildlik “Yeni şeirin təhlili tarixi” adlı araşdırmasıdır.


Doğulanda hədiyyəm

Doğulanda hədiyyəm
Ağlamaq idi.
Gülməyi sən öyrətdin mənə.

Daş idim,
Dağa çevirdin məni.
Qar idim,
Suya çevirdin.
Əriyirdim,
Dənizin evini göstərdin mənə.

Bilirdim ağlamaq nədir,
Gülməyi sən hədiyyə verdin mənə.

Ovcumuzda bir açar var

Ovcumuzda bir açar var
Qıfılını itirmişik.

Havada bir su var,
İçməyə qabımız yox.

Sözlər var
Qələmimiz yox.

Bir səs var
Ağzımız yox.

Bir saat var,
Əqrəbsiz.

Bir əl var,
Bədənimiz yox.

Görəsən, zaman
Cavanlıqda ölmüş bir yolayıranla
Kimisə gözləməyə davam edəcəkmi?!

Balinalar yuxu görürlər

Balinalar yuxu görürlər.
Görürlər ki, arıya çevriliblər
Və təmiz bal qoxusu verirlər.

Arılar yuxu görürlər.
Görürlər ki, narınc çiçəkləriylə dolu bir okeanda
Liman nəğmələri oxuyurlar.

Liman nəğmələri yuxu görürlər.
Görürlər ki, estakadalar böyürlərini yara ediblər
Və qovaqların kölgəsində özlərini müalicə edirlər.

Estakadalar yuxu görürlər.
Görürlər ki, sərxoş olub
Küçələrə tökülüşüblər
Və küçə qadınlarından başqa hamını suya qərq edirlər.

Küçə qadınları yuxu görürlər.
Görürlər ki, birinci sinifdə oturub
Müəllimin sözlərinə qulaq asırlar.

Nə qiyamət!
Nə qiyamət!

Məktəblər mənim xəlvətimə hücum çəkirlər,
Küçəyə pənah aparıram:
Özünü yuxuya vurub
Məni gözləyən
Ac balinanın ağzına.

Yenidən dünyaya gəlmək istərəm

Yenidən dünyaya gəlmək istərəm,
Qapının ağzında sən gözləyəsən.
Və heç kəsin xəbəri olmadan
Oyaqlıqla yuxunu
İstədiyimiz yerə qoyaq.
Həyat dedikləri oyaqlıq
nə idi axı?!

Asandır mənim üçün

Asandır mənim üçün
Küçələri qatlayıb
Bir çamadana qoymaq
Ki, yağışın səsini səndən başqa kimsə eşitməsin.

Asandır
Nar ağacına demək
Ki, narını özü evə gətirsin.

Asandır
Günəşi üç gün-üç gecə ac-susuz saxlamaq
və görmək
Ki, zəifləmiş halda çəliyini döyəcləyə-döyəcləyə
Xəzərin səmasından yuxarı qalxır.

Asandır
Sərçələrin cikkiltisindən parça toxumaq
Və sənə gecə köynəyi tikmək.

Asandır mənim üçün
Ümidsiz axan ulduza əmr etmək
Ki, başlanğıc nöqtəsinə qayıtsın.

Asandır mənim üçün
Suların yumşaqlığı ilə danışmaq
və qayanın bağrını dəlmək.

Asandır o qədər mümkün olmayanı mümkün eləmək
Ki, yer qulağıma desin: “Bəsdir, dostum!”

Amma
Asan deyil ölümün mənasını anlamaq
Sən həyata “hə” dediyin zaman.

Əlifba danışmaq üçün deyil

Əlifba danışmaq üçün deyil,
Sənin adını yazmaq üçündür.

Rəqəmlər
Sən doğulmazdan qabaq sıraya düzüldülər,
Sənin doğum gününün sirrini bilmək üçün.

Əllərim
Səni axtarmaq üçün yarandılar.

Ağzım
Sənin ağzının kəşfidir.

Ey odu kəşf edən!
Ürəyimin səmasında bir topa qar var,
Sənin gülüşlərinə könül bağlayıb.

Dünya

Bu dünyaya
Heç kimi axtarmağa gəlməmişdim
Və dünyadan
Heç kimi axtarmağa getmədim.
İstədim
Tapmadığım şeyi.
Tapdım
İstəmədiyim şeyi.
Şirin və acı
Sözlərini daddım dünyanın.
Və təşəkkür elədim
Kor ev sahibəsinə.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

Huşəng Gülşiri. ÇİNAR

(hekayə)

Huşəng Gülşiri modern İran nəsrinin ən görkəmli nümayəndələrindən biridir. Yazıçılıqla yanaşı, tənqidçi və naşir kimi də tanınır. Ədəbiyyatşünasların fikrincə, o, Sadiq Hidayətdən sonra XX əsr İran nəsrinə ən güclü təsir göstərmiş yazıçıdır.
1937-ci ildə İsfahanda doğulmuş, uşaqlığı ölkənin cənubundakı Abadan şəhərində keçmişdir. İsfahan Universitetinin ədəbiyyat fakültəsinin bitirmişdir. Yaradıcılığa şeirlə başlasa da, sonradan nəsrə keçmiş, ilk hekayələrini 1950-ci illərin sonlarında çap etdirmişdir. 1968-ci ildə “Həmişəki kimi” adlı ilk hekayələr toplusu işıq üzü görmüşdür. Bir il sonra nəşr olunan “Şahzadə Ehtecab” romanı Gülşiriyə böyük şöhrət qazandırmışdır. “Şüur axını” üsulu ilə yazılmış bu roman ingilis və fransız dillərinə tərcümə olunmuş, onun əsasında film çəkilmişdir.
Gülşiri İran Yazıçılar Birliyinin təsisçilərindən biri olmuş, eyni zamanda doğma şəhərində “Cüngi-İsfahan” adlı ədəbi dərnək yaratmış, hekayə yaradıcılığı üzrə seminarlar təşkil etmişdir. Həmçinin “Karnamə” adlı aylıq ədəbi jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə Lilian Hellman adına mükafata, 1999-cu ildə Erix Mariya Remark adına sülh mükafatına layiq görülmüşdür. 2000-ci ildə Tehranda xəstəlikdən vəfat etmişdir.

Qüruba az qalmışdı ki, bir kişi küçədəki çinarlardan birinə dırmaşırdı. İki əlini ağır-ağır ağacın düyünlərinə bənd edir, ayaqlarını çinarın dövrəsinə çənbərləyir, onun quru və çürümüş gövdəsi ilə yuxarı qalxırdı. Şalvarının arxasında rəngləri uyuşmayan iki yamaq görünürdü, ayaqqabısının bir tayının altı da deşik idi.
Mağazalara baxan adamlar dönüb onun dırmaşmağına tamaşa etməyə başladılar. Ağappaq biləkləri açıq olan gənc bir qadın balaca və toppuş oğlunun əlindən tutub çinarın başına doğru irəliləyən kişiyə zilləndi. Uca boylu bir cavan iki barmağı ilə qalstukunun düyününü düzəldib kişiyə baxdı, sonra dönüb baxışlarını gənc qadının biləyi və sinəsində gəzdirdi.
Səmanın yırtıqları bir neçə kirli ağ buludla pinələnmişdi və günəşin sarımtıl şüası çinarın gövdəsinin yarısını işıqlandırırdı.

Başına panama qoymuş bir kişi təəccüblə soruşdu:
- Nə üçün ağaca dırmaşır?
Onun böyründə dayanmış balacaboy və yekəqarın kişi dodaqaltı mızıldadı:
- Bilmirəm, yəqin dəlidir.
Cavan dilləndi:
- Yox, dəli deyil, deyəsən, intihar etmək istəyir.
Başının qabağındakı saçları tökülmüş uca boylu kök kişi etiraz etdi:
- Necə yəni? İntihar etmək istəyən adam dəli deyil? Deyirsiniz, ağıllıdır?
Bir polis patrulu camaatın arasında peyda oldu və boğuq səslə soruşdu:
- Nə olub?
Camaatdan səs çıxmadı, hamı yalnız yuxarı baxırdı. Kişi təzəcə kölgədən çıxmışdı və onun boz kostyumunun üzərinə gün düşürdü. Patrul gündüz vaxtı kişinin ağaca dırmaşmasına əsəbiləşdi, dəyənəyini bərk-bərk ovcunda sıxıb qışqırdı:
- Ay yabı, düş aşağı! Orada nə işin var?
Özünə təzəcə camaatın arasında yer eləmiş bir kişi hırıldadı. Patrul geri dönüb tərs-tərs ona baxdı və əlini dəyənəyinin üstündə sürüşdürdü, sonra xırda gözlərini camaatın üzərində gəzdirib donquldadı:
- Nə olub? Teatr göstərirlər?
Bunu deyib bir neçə nəfəri geri itələdi, sonra dönüb artıq çinarın başına çatmış kişiyə baxdı. Sağ əlinin iki barmağı ilə üst dodağına ağırlıq edən lopa bığının ucunu burdu və səssizcə dayandı.
Kürəyində bənizi saralmış uşaq olan cır-cındır geyimli bir qadın camaatın arasına soxuldu və əlini bir nəfərin qarşısında uzadıb dedi:
- Ağa, on şahı!
Amma hamının yuxarı baxdığını görüb o da mənasız gözlərini ağaca dikdi. Uşağının fırtığı iki ağ qurd kimi alt dodağına qədər sallanmışdı.
Ardınca biri balaca, biri də dəstək olmaqla, iki uşaq qaçan çadralı bir qadın yolun o tərəfindən bu tərəfinə şığıdı və çinarın başındakı kişini görcək, dedi:
- Ay Allah, mənə ölüm ver! Onun o hündürlükdə nə işi var? Qoçağım indicə yıxılacaq!
Heç kəs dillənmədi. Yalnız dilənçi qadın çinarın başındakı adamı gözdən qoymayan eynəkli bir kişinin qarşısında əlini uzadıb dedi:
- Ağa, on şahı!
Uşağı xırda qara gözləri ilə camaatı süzür və dilinin ucu ilə fırtığını yalayırdı. Sümüyü çıxmış sarı və çirkli əllərini tərpədirdi. Bir neçə cod saçı kirli ağ ləçəyinin altından çıxıb üzünə tökülmüşdü. Dilənçi qadın başındakı çadranı səliqəyə saldı. Saçlarını gizlədən çirkli toxunma yaylığı sancaqla boğazının altında bərkidilmişdi.
Eynəkli kişi aramla dilləndi:
- Yaxşı olar ki, bir nəfər yuxarı qalxıb onu tutsun, qoymasın özünü aşağı atmağa.
Cavan dedi:
- Alınmaz... Kimsə ora çıxana qədər o özünü yerə atacaq.
Sonra da qarşısında mil durmuş dilənçi qadına: “Xırda pulum yoxdur!” – söylədi.
Maşınlar bir-bir küçədə sıraya düzülürdülər. Qabaqdakı avtomobildən bir gənc qız başını çıxardıb çinara dırmaşmış kişini süzürdü. Ağ köynəyinin üstündə enli qalstuku sallanan yekəqarın bir kişi maşından düşüb camaata yaxınlaşdı. Yoldan bir neçə patrul gəlib adamların arasına girdi. Patrullar camaatı dağıtmağa başladılar, lakin adamlar dala-qabağa gedib yenidən toplaşdılar. Qalstuklu kök kişi bığlı patruldan soruşdu:
- Nə olub? O adam çinarın başında nə edir?
Patrul qorxu içində dabanlarını cütləyib salam verdi, sonra dodaqaltı dedi:
- Cənab polkovnik, istəyir... intihar... eləsin...
Camaat əvvəl bığlı patrula, sonra yaxşı geyinmiş kök kişiyə baxdı, sonra da yenidən ağacın başında əyilmiş adama tamaşa etməyə başladı. İzdihamın arxasından qəzetsatanın səsi havaya yayıldı:
- Bu günün fövqəladə hadisəsi! İki fahişə qadının bir cavan tərəfindən qətli! Fövqəladə! Cəmi bir qran!
Az bir müddətdən sonra qəzetsatanın səsi kəsildi. Beynimdə bir fikir oyandı, başımı qaldırıb qışqırdım:
- Ay qardaş, burda biz sənin üçün pul toplayacağıq. Gəl, bu daşı ətəyindən tök!
Səsim adamların başı üstündən ətrafa yayıldı. Sonra əlimi cibimə saldım, iki dənə gümüş bir tümənlik əlimə keçdi, onları çıxardıb ayağımın qarşısına atdım. Pullardan biri diyirlənib adamların ayaqları arasında itdi. Camaat pul tapılana qədər bir-birini itələdi. Sonra hər kəs əlini cibinə salıb mənim atdığım pulların üstünə bir sikkə tulladı. Cavan pul tapmadı, sonra yavaşca, ancaq mənim eşidəcəyim bir səslə dedi:
- Qismət! Xırda pulum yoxdur.
Çadralı bir qadın kirlənmiş pul kisəsini corabından çıxardı, oradan iki qaralmış on şahılıq götürüb pulların üstünə atdı. Birdən ağacın başından kişinin sədası quyu dibindən gələn səs kimi camaatın qulağına yetişdi:
- Mən pul istəmirəm! Pullarınızı aparın atanızın gorunda xərcləyin!
Səsi cingiltili idi, amma deyəsən, titrəyirdi.
Daha heç kəs pul atmadı. Dilənçi qadın bir müddət gözünü pullara zillədi, sonra camaatın arasından qeyb oldu. Yaxşı geyinmiş kişi bığlı patrula nəsə dedi. Patrul dönüb üzünü yuxarı tutdu:
- Ay kişi, düş aşağı, cənab polkovnik sənə kömək etməyə hazırdır!
Dodağının üstündə nazik bığı göyərmiş bəstəboy zabit arxadan camaatı irəli-geri itələyirdi. Gəlib qabağa çatanda patrulların üstünə qışqırdı:
- Tez olun, bunları dağıdın burdan!
Yeni gəlmiş zabit yuxarı baxdı, sonra farağat dayanmış patrullardan soruşdu:
- Onun yuxarıda nə işi var?
Patrullardan biri dodaqaltı dedi:
- İntihar etmək istəyir.
Zabit dedi:
- Yaxşı, intihara görə yığışmaq lazım deyil. Ya Allah, bunları dağıdın!
Sonra üzünü camaata tutub qışqırdı:
- Camaat, nə xəbərdir? Dağılışın!
Bu zaman gözü polkovnikə sataşdı. Özünü yığışdırıb farağat dayandı və salam verdi.
Patrullar camaatın arasına soxuldular. Maşınları zorla hərəkətə vadar edən yol patrullarının fit səsi adamın qulağında cingildəyirdi. Pullar adamların ayağı altına səpələnmişdi və bəziləri əyilib onları yığırdı. Gənc qadın basabası görüb uşağını qucağına aldı və camaatdan uzaqlaşdı. Cavan oğlan da qadının ardınca yoxa çıxdı.
Arxada bir kişi mızıldanırdı:
- Onu necə tutmaq olar? Məgər futbol topudur?!
Sonra dəsmalını burnuna tutub bir neçə dəfə bərkdən fınxırdı. Camaat üzünü turşutdu, amma o, etinasız şəkildə dəsmalını yumurlayıb cibinə soxdu və yenidən ağacın başına zilləndi.
İzdihamın o biri tərəfində siqaret tüstülədən enlikürək gənc dedi:
- Əgər özünü atsa, iki-üç nəfəri də şil-küt edəcək! Amma elə bil eyninə deyil, durub camaata baxır!
Sonra arxadan onu sıxan kişiyə söyləndi:
- Əmi, niyə itələyirsən? Düz-əməlli dayana bilmirsən?
Boynunda uşaq tutmuş bir kişi qonur saçlı uşağın diqqətini yuxarı yönəltməyə çalışırdı:
- Atam, yuxarı bax! Ona bax, çinarın başında oturub!
Bu tərəfdə arıq bir kişi üz qabığında sinəsi açıq, gülən bir xanımın şəkli verilmiş jurnalla özünü yelpikləyirdi. Çinarın arxasında adamlar bir-birinin çiyni üstündən boylanırdılar. Maşınlar dalbadal ötüb keçirdi və avtobus pəncərələrindən sərnişinlər çinarın başına baxırdılar. Yol patrulu aramsız fit çalırdı, bir neçə patrul da adamların arasında dolaşırdı.
İzdihamın arxa tərəfindən bir gəncin şux səsi eşidildi:
- Deyəsən, elə bilir imamzadə çinarıdır, qalxıb muradını istəməyə.
Sonra ucadan dedi:
- Ay kişi, çalış yıxılmayasan... Xurd-xəşil olarsan!
Bir neçə nəfər üzünü turşutdu, gəncin səsi kəsildi. Bəziləri donquldana-donquldana izdihamı tərk edirdilər. Təzə gələnlər soruşurdular: “Ağa, nə olub?” Sonra da çinarın başına baxırdılar.
İşıq dirəklərindən solğun nur saçılmağa başlamışdı. Bir neçə velosipedçi küçənin o tərəfində düşüb bu tərəfə keçirdi. Yol patrulu onların keçməsinə kömək edirdi. Arabir boşalan velosiped təkərinin səsi boğucu havada fısıldayıb kəsilirdi. Sonra da velosipedçinin donqultusu adamların qulağını dəng edirdi.
Kişi çinarın başında tərpənib əyildi. Sonra əllərini ağacın gövdəsində bərkidib yenidən yerində oturdu. Camaatdan səs çıxmırdı. Hamı yuxarı baxırdı. Birdən tosqun bir kişi qulağımın dibində qırıq-qırıq dedi:
- O indi özünü atmayacaq, gözləyəcək ki, ara xəlvət olsun.
Camaatın başı üstündən boylandım, gördüm ki, maşınlar gedib və küçə, demək olar, boşalıb, amma səki piyada və velosipedçilərlə dolu idi, onların pıçıltısı bu tərəfə gəlirdi.
Yorulmuşdum, bir neçə dəfə ayağımı dəyişdim, axırı çətinliklə də olsa, izdihamın içərisindən kənara çıxdım. Camaatın arxasında bir neçə qız dayanmışdı, onlardan biri çox qəşəng idi, dodağının üstündə qara xalı vardı. Dönüb yuxarı baxdım, gördüm ki, kişi arxasını küçəyə çevirib mağazaların o tərəfinə baxır. Yorğun və əzgin halda bütün küçəni dolaşdım, geri dönəndə gördüm ki, camaat azalıb, amma kişi hələ də ağacın başında oturub.
Yaxınlıqda kinoya bir bilet aldım və insanların içində itdim. Amma küçənin qara səthinə sərələnmiş, burnunun iki deşiyindən qan axan kişinin surəti gözümə görünür və yox olurdu. Sonra yenidən başı partlayıb beyni küçəyə dağılmış cındır geyimli vücud qarşımda canlanırdı.
Filmdən heç nə anlamadım. Bayıra çıxanda küçədə sakitlik idi, amma dükanlar hələ açıq idi. Camaat küçəyə səpələnmişdi və sürücünün şagirdi gər səslə qışqırırdı: “Cümə məscidi, Pəhləvi... Ağa, gəlirsən? Qaç, qaç!”
Çinara çatanda yan-yörəsində heç kəsi görmədim, kişi də onun başında yox idi. Çinarın qarşısında iki kişi dayanıb söhbət edirdi. Onların birindən, başının ortasında saçı olmayan, tüklü qollarını dirsəyə qədər açmış kişidən soruşdum:
- Ağa, bağışlayın, o kişi özünü ağacdan yerə atdı?
Keçəl kişi yorğun baxışlarını üzümə dikib dedi:
- Ağa, hövsələn varsa, deyim. O kişi küçə boşalandan sonra aşağı düşdü, sonra istədi çıxıb getsin, amma...
Yanındakı kişi elə bil dünyaya altıaylıq gəlmişdi, dərhal soruşdu:
- Doğrudan, o niyə çinarın başına çıxmışdı?
Yoldaşı cavab verdi:
- Bilmirəm. Yəqin intihar etmək istəyirmiş, sonra peşman olub...
Dükançının şagirdi olan yeniyetmə oğlan mağazadan başını çıxardıb dedi:
- Şübhəsiz, hansısa filmə baxıb!
Hövsələsiz kişi dilləndi:
- Lənət şeytana! İndi vaxtını həbsxana küncündə öldürəcək və daha pulsuz filmə baxmağa həvəsi qalmayacaq...
***
Ertəsi gün səhər bələdiyyənin bir neçə fəhləsi Çaharbağ küçəsindəki qoca çinarı kəsirdi.


Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Siyavuş Kəsrayi. BAHAR OLAR


XX əsr İran poeziyasının görkəmli simalarından biri olan Siyavuş Kəsrayi 1927-ci ildə İsfahanda doğulub. Tehran Universitetinin hüquq fakültəsini bitirib. Gənc yaşlarından “Tudə” partiyasına (İran Kommunist Partiyası) qoşulan Kəsrayi uzun illər həmin partiyanın tanınmış fəallarından və rəhbərlərindən biri olub.
Bədii yaradıcılığa 1950-ci illərdə başlayan (ilk kitabı 1957-ci ildə işıq üzü görüb) Kəsrayi İranda “yeni şeir”in atası sayılan Nima Yuşicin ən istedadlı davamçılarından biri kimi şöhrət tapıb. Bütövlükdə 20-yə yaxın kitabı çap olunub.
İranda islam inqilabından bir müddət sonra “Tudə” fəalları təqiblərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. 1983-87-ci illərdə Kabulda, 1987-95-ci illərdə Moskvada, daha sonra isə Vyanada yaşayıb. 1996-cı ildə Vyanada vəfat edib və orada da dəfn olunub.


Bir-iki gün də keçsin,
Səhər gözünü açanda
Zamanı dəyişmiş
Məkanı bəzənmiş görərsən.

Yer üzü çat verər,
Çöldə ot cücərər.
Torpağın altında qalan,
Qarın altında yatan hər şey
Tər və təravətli üzə çıxar.

Dağın başında
Qarın bülluru suya dönər
Günəşin isti baxışından.
Dərələrin ağzı dolar
Bulaqların nəğməsi ilə.

Hər yanı dolaşan xəfif yel
Dağdakı lalələrin üzərindən,
Kəklik yuvalarının yanından,
Rəngbərəng kolların üstündən keçib
Təngnəfəs və yorğun gəlib çıxar,
Zəminin dalğalarında qərq olar.

Göy üzündə çoxlu bulud sürüləri
Hər tərəfdən gələr,
Hər yana səpələnər,
Meşələrin üstündə toza dönər.

Bu baharda... ah!..
Nə qədər xatirələr,
Nə qədər deyilməmiş sözlər.
Arzuyla dolu ürək
Çiçək açmış budaq tək.

Ey nigarım,
Ey ümid novbaharım,
Dodağın gülüşlə açılsın -
Gör necə, bir güllə

Bahar olar bizim bağın xəzanı!


Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Nima Yuşic. ŞEİRLƏR

Fars poeziyasında yeni şeirin (“şe’re-nou”) atası sayılan Nima Yuşic (əsl adı: Əli İsfəndiyari)1895-ci ildə Mazandaran əyalətindəki Yuş kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb. 12 yaşında ailəsi ilə birgə Tehrana köçən Nima burada Sen-Lui kollecində oxuyub və fransız dilini mükəmməl öyrənib. Özünün dediyinə görə, fransız dilini öyrənmək onun qarşısında yeni dünya açıb. 1920-ci illərdə yazdığı bir neçə əsərlə (“Əfsanə”, “Məhbəs”, “Əsgər ailəsi”, “Ey gecə!” və s.) o, fars poeziyasında sərbəst şeirin (“şe’re-azad”) əsasını qoyub. Klassik ənənələrlə modernizmin təcrübəsini uğurla birləşdirən Nima fars şeirinə yeni baxış (“dide-taze”) və yeni ifadə sistemi (“bafte-taze”) gətirib. Nima həm də yeni şeirin nəzəriyyəsi kimi çıxış edib. Onun müxtəlif məqalələrinin toplandığı “Hisslərin dəyəri” adlı kitabı fars modernist poeziyasının manifesti sayılır. XX əsr fars modernist şairlərinin hamısı bu və ya digər dərəcədə Nimadan təsirlənmişlər. Təsadüfi deyil ki, İranda sərbəst şeirə həm də “Nimasayağı şeir” (“şe’re-Nimayi”) deyilir. Nima Yuşic 1960-cı ildə pnevmoniyadan dünyasını dəyişib.


Gecədən keçmiş

Gecədən xeyli keçib.
Qonaqlar çoxdan gedib.
Neçə vaxtdır ev sahibi tənha oturub.
Tərk edilmiş sahilin qoynunda yanır ocağı.
Yorulub. Əldən düşüb.
Dodaqlarında həbs olunub
Çoxlu sözlər, amma
Gecənin bu zülmətində
Heç bir məhbusdan xəbər tutulmadığı üçün
Ev sahibi tənha oturub.

Ay adamlar!

Ay sahildə oturub, deyib-gülən adamlar,
Bir nəfər suda can verir.
Bir nəfər daim çapalayır
Sizin tanıdığınız qəzəbli və tutqun dənizin üzərində.
O zaman ki, düşmənin əlinizə keçməsi xəyalından məst olursunuz,
O zaman ki, əbəs yerə bir acizin əlindən tutduğunuzu düşünürsünüz
Daha güclü görünmək üçün,
O zaman ki, kəmərinizi bərk-bərk
Belinizə bağlayırsınız...
Hansı zamanı deyim? –
Bir nəfər suda canını qurban verir bihudə!
Ay sahildə şən məclis qurmuş adamlar!
Çörəyiniz süfrədə, paltarınız əyninizdə;
Bir nəfər suda sizi səsləyir.
Ağır dalğaları yorğun əlləri ilə döyəcləyir,
Ağzını açıb qorxudan bərəlmiş gözləri ilə
Uzaqdan sizin kölgələrinizə baxır.
O mavi dərinlikdə suyu udur və hər an halsızlığı artır,
Gah başını, gah ayağını
Sudan çıxarır.
Ay adamlar!
O, uzaq yoldan gəlib bu köhnə dünyanı dolaşır,
Fəryad çəkib köməyə ümid bəsləyir.
Ay sahildə sakitcə tamaşa edən adamlar!
Dalğalar səssiz sahilə çırpılır
Və bir sərxoş kimi yerə sərələnir.
Sonra nərildəyib geri çəkilir və yenidən bu səs gəlir:
“Ay adamlar...”
Küləyin vıyıltısı hər an güclənir,
Küləkdən onun səsi zəifləyir.
Uzaq, yaxın sulardan
Yenə bu səslər gəlir:
“Ay adamlar...”

Evim buludludur

Evim buludludur.
Onunla birgə bütün yer üzü buludludur.
Aşırımın üzərindən dəli və sərxoş bir külək əsir,
Dünyanı alt-üst edir.
Mənim hisslərimi də!
Ey neyin səsinin uzaqlara apardığı neyçi, hardasan?

Evim buludludur, amma
Bulud yağışla dolub.
Əlimdən çıxmış işıqlı günləri düşünərək,
Üzü günəşə durmuşam.
Dənizə tamaşa edirəm.
Bütün dünya küləkdən alt-üst olub.
Və daim ney çalan neyçi bu buludlu dünyada
Öz yolunu tutub gedir.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

Qüdsi Qazinur. QAYIDIŞ

(hekayə)

Şair, yazıçı və rəssam Qüdsi Qazinur 1946-cı ildə Ləngərudda anadan olub. 12 yaşından Tehranda yaşayıb. Orada İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Hələ tələbə ikən orta məktəbin ibtidai siniflərində dərs deyib, bu da onun yaradıclığında uşaq ədəbiyyatının əhəmiyyətli yer tutmasına təkan verib. İndiyədək çoxsaylı kitabları işıq üzü görüb.


Heç nə əvvəlki kimi deyil. Ağ divarlar bozarıb. Otağın parket döşəməsində ayaqlarımın izi qalır – uzun zaman ərzində hər yanı yumşaq toz bürüyüb.
Görəsən, bu ev həmənki evdir?
İri qara tarakan asta-asta mənə tərəf gəlir,ayağıma yaxınlaşanda sürətlə qaçıb yox olur. Gözümün qabağında olsa da, hansı deşiyə girdiyini anlamıram. Barmağımı divara çəkirəm. Qısa bir xətt qalır. Baxışım divarın üzərində sürüşür.
Güzgü! Nənəmin qədimi güzgüsü! Bu güzgünü necə də sevirdim. Qarşısında nənəmin cavanlığını görürdüm.
Ovcumu güzgünün üstünə çəkirəm. Qısa və enli zolaqdan mən və güzgü bir-birimizə zillənirik.

Baxışımı güzgüdən qaçırıram. Pəncərə! Həyətə açılan pəncərə. Önündə dayanıram. Əlimi şüşəyə çəkirəm. Yumşaq toz kənara çəkilir, amma pəncərə kor olub. Toz hər iki tərəfdən onu tutub. Onu açmağa çalışıram, bacarmıram. Bu qədər illərdən sonra açılmaq ona asan deyil.
Albom hələ də pəncərənin qırağındadır. Barmağımı üstünə çəkirəm. Yaşıl bir xətt görünür. Həyəcanlanıram! Onu aça bilərəm. Yox! Açmıram. Hələ sağ olanlar şəkillərdəki kimi deyillər!
Həyətə düşürəm. Həyət başqa yerlərdən daha tərkedilmiş görünür – uzun otları və daş döşəmələr arasından öz-özünə bitmiş ağ gülləri ilə!
Akasiya ağacı quruyub, amma otlar hələ yaşıldır!
Həyətin ortasındakı çala dünən gecəki yağışdan dolub. İki balaca sərçə çaladan su içir. Balaca ağ kəpənək həyətdə dövrə vurub yabanı gülün üzərinə qonur. Qonşunun eyvanının məhəccərinə qırmızı palaz atılıb. Necə də Fatmanın palazına oxşamır!
Bir pişik hasarın üstü ilə yeriyir. Dayanıb mənə baxır, sonra təzədən yoluna davam edir. Düşünürəm ki, qonşunun divarına tərəf dönəcək. Dönür.
Düşünürəm ki, qonşunun həyətinə uçacaq. Uçur.
Qonşunun mətbəxindən xoş iy gəlir.
Üşüyürəm. Çox üşüyürəm. Otağa qayıdıram. Güzgünün qarşısında dayanıram. Qısa və enli zolaqdan mən və güzgü bir-birimizə zillənirik.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Əhməd Nicati. ŞEİRLƏR

Əhməd Nicati 1963-cü ildə Savə mahalında doğulub. Orta təhsilini bitirdikdən sonra Tehrana gəlib və ədəbi həyatda fəal iştirak etməyə başlayıb. Hazırda “Müasir şeir qrupu” adlı ədəbi birliyin üzvüdür. Şeirləri İrandan əlavə Tacikistanda, Norveçdə və ABŞ-da işıq üzü görüb. “Şübhəli tale”, “Ulduzsuz və yuxusuz gecələr” adlı iki şeir toplusu nəşr edilib. Şairlikdən əlavə, rəssamlıqla da məşğuldur.


ANLAR

Sakit və səbirli anlar
Aysız keçir
və tərəddüd
durub
qapının ağzında.

Baxışın
uça bilməyən
quşlarla doludur.
Ürəyin
qətrə-qətrə
dilinə damcılayan
və səni səsləyən
sirlərlə doludur.

Anlar
eləcə Aysız keçir.
Sükut
həmişəkindən daha geniş yerdə dayanıb
və sən
yuxuya getmisən.

Sakit və səbirli anlar
eləcə Aysız keçir...


GETMƏMƏK NƏĞMƏSİ

Mənim yoldaşım yox;
yolum yox
ayaq basmağa.
Mənim həvəsim yox,
həyatın bu itmiş yolunda
addımlamağa.

Mənim yoldaşım yox;
bircə an sakit başım yox,
cavanlığı məndən alan
bu xəzan ruzigarın rəftarından.

Və məndə
çoxlu gedilməmiş yollar,
çoxlu deyilməmiş sözlər.
Və məndə
getməmək nəğməsi
səslənər təkrar-təkrar...
Və məndə
çoxdankı qəzəblər udular.

Mənim yoldaşım yox;
Bir odum da yox ki,
yandırım onunla
həyatın bu sönmüş, faydasız şamını.


TƏCRÜBƏ

Sevgi bir təcrübədir ki,
kəpənəklərin qanad səsindən
yadigar qalmış.

Dünya bir təcrübədir ki,
tanrıların yersiz savaşından
yadigar qalmış.

Və ölüm
bir təcrübə olacaq ki,
gündüzlə gecənin yerli döyüşündən
yadigar qalacaq.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

Məftun Əmini. ŞEİRLƏR

Yədullah Məftun Əmini 1926-cı ildə Güney Azərbaycanın Sayınqala (Şahindej) bölgəsində anadan olub. Uşaq ikən ailəsi ilə birgə Təbrizə köçüb və orta təhsilini orada alıb. Sonra Tehran universitetinin hüquq fakültəsini bitirib və uzun illər ədliyyə orqanlarında çalışıb. Hazırda təqaüddədir və Tehranda yaşayır. Ondan artıq şeir kitabının müəllifidir. Yaradıcılığının əsas hissəsi fars dilində olsa da, türk (Azərbaycan) dilində də şeirlər yazır. Xüsusən ana dilində yazdığı “Aşıqlı karvan” poeması məşhurdur.

SOLMAĞA, BİLİRƏM

Hə, dostum,
çox vaxt
uçurumla
bataqlıq arasındakı
dar keçiddə
hər mərdin yıxılmasına bir namərdin tənəsi bəsdir.

Uff,
nə biləsən
bədbəxtliyin hansı qapıdan girəcəyini
və nə hədiyyə gətirəcəyini?!
Xoşbəxtlik amma səni qəfil yaxalamır
və yuxu ilə yozum arasındakı məsafəni
açıq saxlayır.

Bilirsənmi, dostum,
yüz yarpaq açmağa
nə qədər yağış gərək?
Nə qədər günəş?
Nə qədər külək?

Solmağa, bilirəm, bir soyuq yel yetər...


PƏRDƏ

Ceyranlar qaçmır.
Sərçələr uçmur.
Suyun səsi gəlmir.
Budaqlarda yel əsmir.
Ətri duyulmur bir otun da.
Və Şirin
bədənini yuyur asta-asta.

Ah!
Ona baxacaq kəs hələ gəlməyib.
Və bilinmir, bu sükut harda pozulacaq:
Pərdənin mətnində,
yoxsa arxasında?...


QÜLLƏ

Başı üstündə uçuşan quşlardan qorxmur,
amma
ayağı üstündə gəzişən qarışqalardan çəkinir.

Ağzından düşən
bir kərpic parası
yükünü yüngülləşdirir sanki.
Dabanından qopan kiçicik daşsa,
canını alır elə bil.

Və eynilə
başına tökülən yağışdan
yalnız tozlu yanğısı sönür.
Ətəyini isladan selsə,
ürəyinə çatan bir zəhərə dönür.

Bax, ey sirr axtaran,
yuxarıların qorxusu yalnız aşağılardan!
Və qüllə
qorxunun donmuş zirvəsidir.
Necə ki,
fəzada hər cazibə bir kəmənddir
və hər ulduz
bir daş...


VƏ BİR DƏFƏ BELƏ...

Tanış olduq
xəyalımıza gəlməyən
bir yerdə və vaxtda.
Bir neçə an dayandıq
üz-üzə.
Sonra ayrıldıq
arxa-arxaya.
Beləcə
uzaqdan yaxın olduq,
danışdıq görüşmədən.
Sonra iki-üç dəfə
görüşdük danışmadan.
Və istədik ki,
yenə
uzaqdan yaxın olaq,
amma daha olmadı.
Axırı
uzaq olduq
yaxından...


YALAN YAĞIŞI


Burda
və hər yerdə –
istər Kabulda,
istər Zabulda,
hər şey
necə də
yalandır.

Yalan
Yalan
Yalan
Yalan
Yalan

Bu yalan yağışında
heyhat,
bizim evin tavanı da yalançıdır.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi

Davamı

İSLAM İNCƏSƏNƏTİNDƏ ƏBƏDİ DƏYƏRLƏR

TİTUS BURKHARDT

Titus Burkhardt – milliyyətcə alman olan İsveçrə filosofu və sənətşünası. 1908-ci ildə Florensiyada anadan olmuş, 1984-cü ildə Lozannada dünyasını dəyişmişdir. Bütün ömrünü hikmət və ənənənin öyrənilməsinə həsr etmişdir. Ənənəçilik (tradisyonalizm) məktəbinin banisi Rene Genonun ən böyük davamçılarından sayılır. “Sufi təliminə giriş”, “Şərqdə və Qərbdə sakral sənət”, “İslam incəsənəti” və s. kimi əsərləri məşhurdur. Onun şəxsiyyətinin ən dəqiq xarakteristikasını sufizmin ünlü tədqiqatçısı Annemari Şimmel vermişdir: “Titus Burkhardt islam və xristianlığa dərin mənəvi idrakla əbədi Həqiqətə sevgini birləşdirən bir alim gözü ilə baxır. Burkhardtın əsərləri onu göstərir ki, Həqiqət milyon il əvvəl olduğu kimi bu gün də təptəzədir və insanlar İlahi nura can atmağa davam etdikcə, bu, belə olaraq qalacaqdır”.

İslam incəsəntinin əski Bizans, İran, Hind və monqol ünsürləri əsasında formlaşması barədə çox yazılmışdır. Lakin bu müxtəlif elementləri misilsiz bir üzviliklə sintezləşdirən qüvvənin mahiyyəti kifayət qədər açıqlanmamışdır.
Heç kəs islam incəsənətinin zaman və məkan vəhdətini inkar etmir, çunki bu vəhdət olduqca aydın və aşkar bir şeydir. Kordova məscidinin, Səmərqənd mədrəsəsinin, Mərakeşdəki Qüdeysi gümbəzinin, Çin Türküstanındakı Zahidi məqbərəsinin arxasından sanki vahid bir işıq boylanır. Bu vəhdətin mahiyyətini nədə axtarmaq lazımdır?
İslam şəriəti xüsusi sənət formasını tövsiyə etmir, yalnız formaların ifadə hüdudlarını müəyyənləşdirir ki, bu da özlüyündə yaradıcılığın məhdudlaşdırılmasına gətirib çıxarmır. Hər halda bu vəhdəti, çox vaxt edildiyi kimi, «dini hisslərlə» əlaqələndirmək son dərəcə yanlış olardı. Hisslər nə qədər güclü olsalar da, saysız-hesabsız formaları zəngin olmaqla yanaşı sadə, hərtərəfli olmaqla bərabər dəqiq xarakter daşıyan bir ahəngdarlıq və vəhdətə yönəldə bilməzlər. Təsadüfi deyil ki, islam incəsənətindəki vəhdət və nizam kristallara xas olan qanunauyğunluğu xatırladır. Burada sırf emosional nüvənin fövqündə duran bir şey var: o nədirsə, mahiyyətcə sirli və daim dəyişməkdə olan bir şeydir.
Biz islam incəsənətinin mahiyyətində gizlənmiş bu xassəni “rasional intuisiya” adlandırırıq və bu zaman ağlı onun əsas mənasından, yəni düşüncə və məntiqi dəlillərdən daha geniş bir anlamda götürürük: həmin halda o, əzəli və əbədi həqiqətlərin intuitiv dərkini də ehtiva edir. Bu, ağlın islam ənənəsinə uyğun mənasıdır ki, iman yalnız onun işığı sayəsində kamilliyə çatır və təkcə o, tövhidin, yəni Tanrının vahidliyi prinsipinin nəticələrini anlamağa qadirdir. İslam incəsənəti də buna bənzər bir tərzdə öz gözəlliyini hikmətdən əxz edir.
İncəsənət tarixi bir elm olaraq, bütün yeni elmlərə xas analitik metodla silahlanıb islam incəsənətini nəzərdən keçirir, onu təhlil və şərh edir, bu zaman tarixi hadisə və tələblərə də istinad edir. Lakin elmi metodda incəsənətin zaman xaricində və əbədi olan cəhəti (islam incəsənəti də sakral bir sənət kimi daim zaman xaricində olan bir ünsürə malikdir) diqqətdən kənarda qalır. Kimsə etiraz edib deyə bilər ki, incəsənət müxtəlif növ və formalardan ibarətdir, forma isə labüd şəkildə zaman çərçivəsində mövcud olur: digər tarixi hadisələr kimi formalalar da doğulur, inkişaf edir və tənəzzülə uğrayıb ölürlər. Deməli, sənətşünaslıq elmi istər-istəməz tarixi xarakter daşımalıdır. Laki bu dəlil reallığın yalnız yarısını nəzərə alır: forma məhdud olub nəticə etibarilə zamanın hakimiyyəti altına düşməsinə baxmayaraq, əbədi həqiqəti də daşıya bilər. Yəni forma təkcə yarandığı anda məna sahəsinə bağlanmır, o mövcud olduğu bütün dövrdə ən azı müəyyən həddə tarixi şərait və tələblərdən qurtulur. Əbədi məna daşıyan bir çox formalar öz dövrlərindəki bütün maddi və mənəvi dəyişikliklərə rəğmən yaşamaqda davam edirlər və əslində «ənənə» dedikdə elə bu nəzərdə tutulur.
Yeni dövrdə sənətşünaslıq elmi öz estetik meyarlarını çox vaxt antik yunan və orta əsrlərdən sonrakı incəsənətdən əxz etmişdir. Bu sahədəki son dəyişiklikləri nəzərə almasaq, həmişə fərd sənət əsərlərinin yaradıcısı kimi götürülmüşdür. Həmin yanaşmada o əsər həqiqi sənət əsəri sayılır ki, özündə sənətkar fərdiyyətinin möhürünü daşıyır. Halbuki islama görə, gözəllik əslində universal həqiqətin təzahürüdür. Buna görə təəccüblənmək lazım gəlmir ki, yeni elm islam incəsənətini araşdırarkən, adətən mənfi hökmlərlə kifayətlənir. Belə hökmlərə islam incəsənəti barədə əsərlərin əksəriyyətində də olmasa, çoxunda rast gəlirik: onlar demək olar ki, bir-birinin eynidir və yalnız qətilik dərəcəsi baxımından fərqlənirlər.
Çox vaxt deyilir ki, islam incəsənəti mövcudluğunun ilkin mərhələsində, yəni keçmişin mirasını transformasiya edib təkmilləşdirdiyi dövrdə yaradıcı mahiyyət daşımış, ondan sonra tədricən qeyri-produktiv kanonlar çərçivəsində donub qalmışdır: bu kanonlar müsəlmanlar arasındakı etnik fərqləri tamamilə aradan qaldırmasa da, təəssüf ki, sənəkarın fərdi istedadını boğmuşdur. Görünür, bu, asanlıqla baş vermişdir, çünki şəriətin təsviri sənəti qadağan etməsi ilə islam incəsənəti öz inkişafının ən dərin və ən həyati ölçülərinin birindən məhrum olmuşdur.
Biz bu hökmləri onların ən ağır formasında ifadə etdik və yaxşı bilirik ki, Avropa tədqiqatçılarının yalnız bir qismi bu hökmlərin hamısını düzgün sayır. Buna baxmayaraq, belə hökmlərin kəskin qoyuluşu və saf-çürük edilməsi faydasız deyil, çünki onlar öz məhdudluq və nöqsanları ilə bizə islam incəsənətinin xarakterinə adekvat baxış qazanmaqda köməklik göstərirlər.
Hər şeydən əvvəl, təsviri sənətə qadağa qoyulması ilə bağlı sonuncu tənqidi nəzərdən keçirək. İslamda üzün təsvirinin qadağan edilməsi iki səbəblə bağlıdır: birincisi, Qurani-kərimdə bütpərəstliyin pislənməsidir ki, bu bütün müsəlmanların nəzərində Allahın istənilən şəkildə, hətta sözlər vasitəsilə də təsvirini ehtiva edir, çünki ilahi mahiyyət hər cür təsvirin və ifadənin fövqündə durur. İkincisi, peyğəmbərin sözlərinə əsasən, canlı varlıqların, xüsusən insanın surətini yaratmaqla xaliqin yaradıcılığını təqlid etməyə cəhd göstərmək müqəddəs anlayışlara təhqir və hətta küfr kimi qavranılır. Əlbəttə, bu hökmə hər yerdə əməl olunmur, o, şəxsin əməlindən çox, niyyətinə bağlıdır. Xüsusən İranda və Hindistanda belə hesab olunurdu ki, real canlı varlığa bənzəmək iddiasında bulunmayan, yalnız onun metaforik inikası olan təsvir şəriət baxımından qanunidir. Kölgə və perspektivdən məhrum olan, gerçəklik təsəvvürü doğurmayan İran miniatürlərinin özünəməxsus metodu məhz buradan qaynaqlanır. Onu deyək ki, indiyədək heç bir məscid antropomorfik təsvirlər və ornamentlərlə bəzədilməmişdir.
Səthi yanaşdıqda, islamın bu mövqeyini simvolizmdən xəbərsiz olan və nəticədə sakral sənəti xəyali, qeyri-real sayan puritanizmə1 bənzətmək fikrinə düşə bilərik. Simvolizm varlığın müxtəlif səviyyələrini bir-birinə bənzətmək və uyğunlaşdırmağa əsaslanır. Varlıq vahid olduğu üçün mövcud olan hər bir şey müəyyən tərzdə öz əzəli mənşəyini təzahür etdirməlidir. İslam heç bir vəchlə Qurani-kərimin çoxsaylı metaforalar vasitəsilə bəyan etdiyi bu prinsipi unutmur: «Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin».2 İslamda insanın şəklinin yaradılmasının qadağan edilməsi heç də varlığın müqəddəslik atributuna etinasızlığın nəticəsi deyil, əksinə, Tanrının yer üzündəki xəlifəsi kimi insanın şərəfini qorumaq niyyəti ilə bağlıdır. Məhəmməd peyğəmbər buyurub: «Allah Adəmi öz surətində yaratdı». Bu xüsusi məqamda «surət» bir növ keyfiyyət oxşarlığı mənasındadır: belə ki, insana verilmiş qabiliyyətlər yeddi ilahi atributu, yəni həyat (canlılıq), bilik, iradə, qüdrət, eşitmə, görmə və nitqi təzahür etdirir.
İnsanın təsvirinə islamda və xristianlıqda olan münasibətlərin müqayisəsi məsələsinin aydınlaşmasına kömək edə bilər. İslamın təsirinə məruz qalmış Bizansın ikonoklazmı müqabilində kilsənin VII Ümumdünya toplantısı ibadət mərasimlərində ikonalardan istifadəyə icazə verdi və bunu belə əsaslandırdı: Tanrı özlüyündə təsvirəgəlməzdir, lakin «İlahi kəlam»3 bəşəri xarakter kəsb etdiyi üçün, ilahi gözəllik də onda təcəssüm etmişdir. İncəsənət Xristosun insani surətini canlandırmaqla, təcəssüm və inkarnasiyanı4 bizə xatırladır. Bu baxışla islamın mövqeyi arasında aşkar fərqlər mövcuddur, lakin hər halda onların ikisi də ümumi bir başlanğıcdan – insanın tanrıyabənzər xislətindən çıxış edirlər.
Xristianlığın sakral sənət sahəsindəki baxışlarının ən dərin şərhlərindən biri məşhur Şeyxi-əkbər Mühyəddin İbn Ərəbiyə məxsusdur. O, «Fütuhatül-Məkkiyə» əsərində yazır: «Bizans əhalisi rəssamlıq sənətində yüksək inkişaf səviyyəsinə çatmışdır, çünki onların fikrincə, Xristosun vahid təbiətinin (fərdiyyətinin) onun şəkillərində əks olunması Tanrının vahidliyini anlamaq və duymaq üçün ən yaxşı vasitədir». Göründüyü kimi, təsvirin simvolik rolu mütəfəkkir müsəlmanlar üçün qaranlıq və mənasız deyildir, hərçənd onlar Qurandakı hökmlərə uyğun olaraq, müqəddəs şəkillərdən istifadəni rədd edirlər. Çünki Allahın bənzərsizlik və transsendentliyi bir növ hətta insanın tarnıyabənzər xislətinə də şamil olur. Doğrudan da, «Adəm»in ilahı «sürət»ini təşkil edən yeddi universal atribut – canlılıq, bilik, iradə, qüdrət, eşitmə, görmə və nitq hər cür təsvirdən kənarda qalır. Şəkil nə canlıdır, nə elmə və qüdrətə, nə də digər atributlara malikdir: şəkil insanı onun cismani səviyyəsinə endirir.
Bütün bunlara görə biz islamda ikonoklazmdan – şəkil çəkilişinin qadağan edilməsindən deyil, anikonizmdən – şəkil çəkilişinin məqsədəuyğun sayılmamasından danışmağı daha düzgün bilirik. Çünki islamda bu qadağa sırf neqativ xarakter daşımır, əksinə, pozitiv dəyərə malikdir. İslam incəsənəti ən azı bir sahəsində hər cür antropomorfik təsvirlərə yol verməməklə, insana büsbütün özü olaraq qalmaqda köməklik göstərir. İnsan öz ruhunu özündən kənarda əks etdirmək əvəzinə, öz varlığının mərkəzində – Tanrının həm xəlifəsi, həm də bəndəsi olduğu yerdə qala bilər. Bütövlükdə islam incəsənətənin məqsədi insana öz əzəli məqamını dərk etmək yolunda yardımçı olan bir atmosfer yaratmaqdır. Buna görə, o hətta nisbi və müvəqqəti şəkildə də olsa, büt mahiyyəti kəsb edə biləcək hər şeydən qaçır. Heç bir şey insanla Tanrının gözlə görünməyən hüzuru arasında səddə çevrilməməlidir.
Beləcə, islam incəsənəti azad bir fəza yaradır, dünyanın bütün iztirablarını, cilovlanmaq bilməyən istəklərini aradan qaldırır və onun əvəzinə ahəngdarlıq, saflıq və rahatlıqdan xəbər verən bir nizam meydana gətirir. Buradan aydın şəkildə anlamaq olar ki, islamda memarlıq son dərəcə mühüm, fundamental bir mövqe və məqama malikdir. Təbiətdə olan təmizlik və rahatlığı yaşayış məntəqələrində məhz memarlıq təmin edir. Sanki Xaliqin barmaq izlərini hifz edən bakirə təbiətin gözəlliyi memarlıqda reallaşır. Əlbəttə, bu reallaşma başqa bir səviyyədə – insan şüuru və idrakı mərtəbəsində və deməli, daha məhdud bir çərçivədə baş verir, lakin hər halda o, fərdi istək və maraqlardan xali olur.
Məsciddə mömin bir fərd heç vaxt sırf seyrçi olmur: o, özünü bir növ öz evində hiss edir, əlbəttə, bu ifadənin işlək mənasında yox. O, dəstəmaz almaqla ötəri çirkablardan təmizlənir, sonra vəhy olunmuş Kəlamı oxuyub simvolik şəkildə Adəmin dünyanın mərkəzində olan «məqamı»na qayıdır. Bunu nəzərə alan müsəlman memarları elə bir mühit yaratmağa çalışmışlar ki, özlüyündə tam sakitlik və rahatlığa malik olsun və onun bütün «dayanacaq»larında məkanın xüsusiyyətləri maksimum təzahürünü tapsın. Onlar bu məqsədə müxtəlif üsullardan istifadə etməklə nail olurdular: Qədim Mədinə məscidindəki üfüqi sütunlardan ibarət vestibüldən tutmuş Türkiyədəki bir mərkəzdə birləşən gümbəzlərə qədər. Bu binaların heç birində insan hansısa müəyyən istiqamətə «çəkildiyini» hiss etmir, onların fəza hüdudları da adamı «sıxmır». Doğru deyiblər ki, məscid memarlığı yerlə göy arasındakı hər cür çəkişməni aradan qaldırır.
Erkən xristian kilsələri adətən xarici aləmi baş mehrabla birləşdirən dəhlizdən ibarət olurdu. Xristian kilsəsi ya göyə ucalır, ya da mehraba «enir». Bütün kilsə arxitekturası mömin xristiana xatırladır ki, axşam ibadəti zamanı Tanrının varlığı qaranlıqda parlayan işıq kimi mehrabda təzahür edir. Məsciddə isə ibadət mərasimlərini keçirmək üçün müəyyən mərkəz yoxdur və mehrab yalnız qibləni göstərir. Məscidin daxili mühiti elə təşkil olunub ki, bütünlüklə Tanrının varldığını xatırladır və mömin fərd hər tərəfdən özünü onun əhatəsində hiss edir.
Böyük türk memarı Sinanın Aya-Sofiyada və Ədirnədəki «Səlimiyyə» məscidində gördüyü iş islam memarlığı prinsiplərini reallaşdırmağın heyrətamiz nümunəsi kimi qiymətləndirilə bilər. Aya-Sofiyanın nəhəng gümbəzi iki yarımgümbəz vasitəsilə gücləndirilir və bir neçə kiçik çıxışla davam edir. Bütün daxili fəza ibadət mərasimlərinin keçirilməsi yönündə təşkil olunmuşdur və onun müxtəlif hissələri nizamsız və formasız genişlik içərisində bir-birinə qovuşub itir. Sinan «Səlimiyyə» məscidinin baş gümbəzini bir səkkizüzlü üzərində ucaltmışdır ki, onun əsas üzləri bütöv divarlara, dörd diametri isə tağlı çıxışlara söykənir. Bu yolla o, ayırıcı xətləri nə bilinməz, nə də dəqiq olan cilalanmış bir inci yaratmışdır.
Müsəlman memarları erkən xristian kilsələrini yenidən qurarkən, adətən, onların daxili planını dəyişirdilər, belə ki, binanın uzunu onun eninə çevrilirdi. Bundan əlavə, məscidin piştağları çox zaman əsas fəzanın eni boyunca yerləşdirilir və mərkəzi vestibül boyunca yerləşən kilsə piştağlarından fərqli olaraq, uzununa düzülmür. Beləliklə, məscid piştağları fəzanı məhdudlaşdırmır, sanki insanı dinclik və rahatlığı səsləyirlər.
Dedik ki, sənət sahəsində təsvir və şəkil çəkilişinin aradan qaldırılması pozitiv məna daşıyır, çünki insanın şəkillər vasitəsilə əlindən alınan məqamını ona qaytarır. Çox vaxt islam incəsənətinin nöqsanı kimi vurğulanan statika, hərəkətsizlik müəyyən mənada təsvirlərin yoxluğu ilə əlaqələndirilir, çünki insan öz təsvirlərini yaratmaqla dəyişir, təkamülə məruz qalır. İnsan öz ruhunu gözəl bir şəkildə heykəldə təcəssüm etdirir və bu yolla özünə təsir göstərir. Daha sonra o, həmin təsviri dəyişmək fikrinə düşür və bu da öz növbəsində onda yeni bir reaksiya doğurur və bu proses zəncirvari şəkildə davam edir. Həmin prosesi Renessansdan sonrakı, yəni təsvirin simvolik və alleqorik mahiyyətinin unudulğudu dövrün Avropa incəsənətində izləmək mümkündür. Sakral incəsənət adətən, ənənəvi kanonların hökmranlığı sayəsində bu güclü dəyişmə prosesindən kənarda qalır. Antropomorfik təsvirlərdən istifadə daim bir tərəddüdlə müşayiət olunur, çünki bütün ehkamlara baxmayaraq, insan öz psixoloji məhdudiyyətlərini yaratdığı təsvirə köçürmək istəyir və büna görə gec-tez ona qarşı qiyam qaldlırır: özü də təkcə təsvirə qarşı deyil, həm də təsvirdə təzahürünü tapmış şeyə qarşı! Avropa tarixinin müəyyən dövrlərində dinə və müqəddəs şeylərə qarşı ardıcıl qiyamlar antropomorfik dini incəsənətin mövculduğu və tənəzzülü olmadan baş verə bilməzdi.
İslam bu problemin kökünə və mahiyyətinə diqqət yetirir. Digər hallarda olduğu kimi, burada da islam özünü sonuncu din – insan zəifliklərinə adekvat yanaşan bir din kimi, eləcə də əzəli dinə qayıdış kimi göstərir. İslam incəsənətində statiklik, hərəkətsizlik adı altında çoxsaylı tənqidlərin obyekti olan şey əslində onda fərdi və psixoloji motivlərin olmamasıdır. İslam incəsənəti psixoloji halət və problemlərə bağlı olmayan, yalnız bütün dövrlərdə qüvvəsini saxlayan əbədi dəyərləri qoruyan bir sənətdir. İslam incəsənətində həndəsi naxışların son dərəcə geniş yayılmasının səbəbi də budur. Bir çoxları bunu şəkil çəkilişinə qoyulmuş qadağadan doğan boşluqla əlaqələndirir və həmin boşluğun digər sənət növü ilə kompensasiya edilməsi kimi qiymətləndirirlər. Lakin bununla heç cür razılaşmaq olmaz. Arabesklər rəssamlığın yoxluğundan yaranmış boşluğu doldurmaq üçün deyil, onun inkarı, əksi kimi meydana gəlmişdir. Həndəsi ornamentlər səthi rənglərin çulğaşması və ya işıqla kölgənin növbələşməsi meydanına çevirməklə, diqqətin «mən» deyə çağıran şəkil (çünki şəkil «mən-mən» deyir və özünütəsdiqə çalışır) üzərində cəmlənməsinin qarşısını alırlar. İslimi naxışın (arabeskin) mərkəzi həm hər yerdədir, həm də heç yerdə deyil: hər bir təsdiqin dalınca inkar, hər bir inkarın ardınca təsdiq gəlir.
İslimi naxışın iki növü var: birincisi, çoxsaylı həndəsi ulduzların çulğaşmasından ibarətdir ki, onların şüaları bir-birinə qarışır, mürəkkəb və sonsuz bir ornament yaradırlar. Bu naxış insanın «müxtəliflikdəki vəhdəti və vəhdətdəki müxtəlifliyi» dərk etdiyi təfəkkür səviyyəsinin heyrətamiz simvoludur. İkinci növ («islimi» adı çox vaxt məhz bu növə aid edilir) nəbati naxışlardan təşkil olunur və sırf ritmik prinsiplərə əsaslanır. Bu naxışlar o qədər stilizə olunub ki, təbiətə hər cür oxşarlığını itirib. Əslində burada ritmika qrafik səciyyə kəsb edir, hər bir xətt dəqiq qaydaya əsasən müəyyən təkmilləşmiş formasında təkrar olunur və hər bir səth özünün əksi olan nüsxə ilə müşayiət edilir. İslimi naxış məntiqi və ritmik, riyazi və harmonikdir – bu xüysusiyyətlər ağılla eşqin harmoniyasını axtaran islamın ruhu üçün olduqca böyük əhəmiyyətə malikdir.
Belə bitr incəsənətdə sənətkarın fərdiyyəti labüd şəkildə aradan qalxır, lakin bu zaman onun yaradıcılıq ehtirası qətiyyən azalmır. Bu məqamda sənətkar hisslər və psixoloji hallara deyil, intuisiya və təfəkkürə tabe olur. Yaradıcılıq ehtirasını söndürmək yeni dövr sənətinin yeganə «məziyyəti»dir, halbuki ənənəvi sənətlərdə, hətta tətbiqi sənət səviyyəsində də əsərin gözəlliyi sənətkarın onu yaradan vaxt yaşadığı ehtiras və şövqdən söz açır.
Bundan əlavə, əsas ünsürləri bədəvi ərəblərin xalçaları ilə daha zərif şəhər naxışlarında eyni olan həndəsi ornamentlərin universal xarakteri islamın ümumbəşəri mahiyyəti ilə tam uyğunluq təşkil edir: məhz bu xüsusiyyət səhrada yaşayanları şəhər sakinləri ilə, hazırkı dövrü İbrahim peyğəmbərin zamanı ilə birləşdirir.
Bura qədər dediklərimizdə, yeri gəldikcə, islam incəsənəti tənqidçilərinin məqalənin əvvəlindlə xatırlatdığımız müddəalarına cavab verdik, lakin hələ islam düşüncəsində incəsənətin mənasını aydınlaşdırmamışıq. Qeyd edək ki, islam düşüncəsində incəsənət heç bir vəchlə öz maddi bünövrəsi olan sənətkarlıqdan və ardıcıl şəkildə bir nəsildən sonrakı nəslə ötürülən elmdən ayrıla, təcrid oluna bilməz. İncəsənət sözün xüsusi mənasında sənətkarlıq və elmdən faydalanır. Elm də təkcə məntiqi təlim anlamında deyil, şeyləri öz dünyəvi əsasları ilə bağlayan hikmətin təzahürü mənasında götürülməlidir.
Məhəmməd peyğəmbər buyurur: «Allah hər bir şey üçün kamillik müəyyən edib». Burada «kamilliyi» «gözəllik» kimi də tərcümə etmək mümkündür. Hər bir şeyin kamillik və ya gözəlliyi onun Tanrını vəsf və həmd etməsində gizlənmişdir. Başqa sözlə, hər bir şey ilahi atributları təzahür etdirdiyi dərəcədə kamillik və ya gözəlliyə malikdir. Deməli, kamilliyi yalnız Tanrının keyfiyyətlərinə güzgü tutan şeylərdə aramaq lazımdır. Misal üçün, memarlığı götürək: onun maddi bünövrəsini bənna və memar hazırlayır, halbuki o, bir elm kimi həndəsə ilə əlaqədardır. Ənənəvi memarlıqda həndəsə müasir mühəndislikdən fərqli olaraq, onun yalnız kəmiyyət və fiziki parametrləri ilə bağlı deyil. Həndəsə tənasüb qanunlarında təzahür edən bir keyfiyyət xarakteristikasına da malikdir ki, onun sayəsində müəyyən bina bənzərsiz vəhdət və ahəngdarlıq qazanır. Tənasüb qanunları adətən dairənin onun çevrələdiyi nizamlı formalara bölünməsi yolu ilə əldə edilir. Beləliklə, hər hansı binada mövcud olan bağlılıqlar nəticə etibarilə dairədən doğur və bu, açıq-aşkar varlığın vəhdətinin (vəhdəti-vücudun) simvoludur. Çoxtərəfli bünövrələr üzərində ucalan gümbəzlər məhz bu simvolikadan söz açır.
İncəsənətin daxili iyerarxiyasını, yəni sənətkarlıq, elm və intuitiv şüuru nəzərdən keçirdikdə, aydın olur ki, ənənəvi incəsənət həm yuxarıdan, həm də aşağıdan məhv ola bilər: xristian incəsənəti öz mənəvi prinsiplərinin süqutu nəticəsində tənəzzülə uğramış, islam incəsənəti isə ənənəvi sənətkarlığın aradan qalxması üzündən tədricən sıradan çıxmışdır.
Bu məqalədə bizim memarlığa geniş yer verməyimiz heç də təsadüfi deyil, çünki islam aləmində bu sənət başlıca rola malik olmuşdur. İbn Xəldun köməkçi sənətlərin əksəriyətini, o cümlədən, dülgərlik, xarratlıq, ağac və gəc ilə heykəltəraşlıq, saxsı qablar üzərində oymaçılıq, nəqqaşlıq, hətta xalçaçılığı da memarlıqla bağlamışdır. Hətta dekorativ kitabələr formasında kalliqrafiya (xəttatlıq) da memarlıqla əlaqələndirilə bilər. Bununla belə ərəb kalliqrafiyası özlüyündə köməkçi sənət deyildir və o, Quranın yazılmasında işləndiyi üçün islam incəsənətində xüsusi yer tutur. Kalliqrafiya bir növ memarlığa əks qütbdə dayanır: belə ki, memarlıq alətlər və maddi şəraitdən maksimum asılılığa malikdir, xəttatlıq isə bu baxımdan ən sərbəst sənət növüdür.
Kalliqrafiyada hərflərin xüsusi formaları sahəsində onların birləşməsi, ritmlərin növbələşməsi və üslub seçimi nöqteyi-nəzərindən dəqiq qaydalara riayət olunur. Digər tərəfdən, hərfləri saysız formalarda bir-birinə bağlamaq olar və burada düz xətlərdən təşkil olunmuş kufi xəttindən tutmuş ən qeyri-müəyyən, yayğın, axıcı formaya malik nəsx xəttinə qədər üslubi rəngarənglik özünü göstərir. Ərəb kalliqrafiyasında maksimum nizam və qanunauyğunluqla maksimum sərbəstliyin sintezi ona xüsusi nüfuz qazandırmışdır. İslamın ruhu heç bir başqa sənət növündə burada olduğu qədər sərbəst nəfəs ala bilmir.
Məscidlərin və digər binaların divarlarında Quran kitabələrinin bolluğu belə bir gerçəklikdən xəbər verir ki, müsəlmanın həyatı bütün ölçülərində Quran ayələri ilə çulğaşır və o, Quranı oxumaqla, habelə namaz, dua və münacat vasitəsilə mənəvi dayaq və sabitlik əldə edir. Bu mənada islam incəsənəti əslində vəhy olunmuş Kəlamın inikası, proyeksiyasıdır və başqa cür də ola bilməz. Lakin burada bir paradoks da var: əgər biz Quranda sənət üçün normalar, nümunələr axtarmaq fikrinə düşsək, onun nə məzmununda, nə də formasında belə bir şey tapa bilməyəcəyik. İslam incəsənəti (bir qism İran miniatürləri istisna olmaqla) xristian incəsənəti İncil və Tövratın süjetlərini təsvir etdiyi kimi, Quran hekayələri və pritçalarını canlandırmır. Quranda xüsusi kosmologiya da yoxdur ki, Vedaların kosmologiyası hind memarlığında təcəssümünü tapdığı kimi memarlıq layihələri və planlarının dilinə tərcümə olunsun. Digər tərəfdən, Quranda sənət dilinə çevrilməsi mümkün olan kompozisiyaya bənzər bir şey tapmaq cəhdi də əbəsdir. Quranın zahiri pərakəndəliyi heyrət doğurur: Quran məntiqi nizam və daxili arxitektonikadan məhrumdur. Hətta onun ritmi də bütün gücü və qüdrətinə baxmayaraq, sabit bir qaydaya tabe deyil. Halbuki islam incəsənəti büsbütün nizam və qanunauyğunluğa, aydınlığa, dəqiq iyerarxiyaya və kristal formaya malikdir. Ona görə də vəhy olunmuş Kəlamla islam incəsənəti arasındakı başlıca əlaqəni bədii ifadə səviyyəsində axtarmaq yersizdir. Quran sənət əsəri deyil və əksər ayələrinin bədii gözəlliyinə baxmayaraq, tamamilə fərqli bir şeydir. İslam incəsənəti də Quranın zahiri məna və ya formasından yox, onun mahiyyətindən və formasız cövərindən qaynaqlanır.
İslam incəsənəti əslində tövhiddən – Tanrının birliyinə tapınmaq və Onu intuitiv yolla dərk etməkdən doğur. Tövhdin mahiyyəti sözə sığmır və Quranda özünü qəfil və kəsik şimşəklər vasitəsilə təzahür etdirir. Bu şimşəklər təxəyyüldə şəffaf formalarda kristallaşır və həmin formalar öz növbəsində islam incəsənətinin özəyini təşkil edir.

Qeydlər:

1. Puritanizm – XVI-XVII əsrlərdə protestanlığın bir qolu. Bu təlimin tərəfdarları ingilis kilsəsində geniş islahatlar tələb edir və belə düşünürdülər ki, formal işlər və mərasimlərin aradan qaldırılması kilsənin təmizlənməsinə, saflaşmasına kömək göstərər.
2. «Bəni-İsrail» surəsi, 44-cü ayə.
3. Logos
4. Incarnation



Təqdimat və tərcümə: Məsiağa Məhəmmədi

Davamı

MÖVLANADAN BİR HEKAYƏT

“MƏCALİSİ-SƏBƏ” (“YEDDİ MƏCLİS”)1 ƏSƏRİNDƏN

Deyirlər, günlərin birində Bəni-İsraildən bir yolçu pozğunluq yuvası olan evindən çıxıb çöllüyə üz tutdu. Axırı bir yerə çatıb bir tayfa gördü ki, [taxıl] əkmiş və ona qulluq etmişdilər. Əkin başa çatıb [sünbüllər] boy atanda, dənələrlə dolub biçilməyə və xırmana yığılmağa hazır olanda isə onlar od gətirib bütün o zəmini yandırdılar. [Yolçu] öz-özünə dedi: “Qəribədir, bu cür məhsulu yandırmağa heyifləri gəlmir”.
Oradan keçib təəccüb və heyrət içində yol gedirdi ki, bir yerdə bir kişi gördü. [Kişi] bir daşla əlləşirdi, onu yerdən qaldırmağa çalışırdı, amma götürə bilmirdi, [hətta] tərpətməyə də gücü çatmırdı. [Belə olduqda] başqa bir daş gətirib onun üstünə qoydu və hər ikisini götürməyə cəhd elədi. [Bu dəfə daşı] qaldıra bilməsə də, yerindən tərpətdi. [Yolçu öz-özünə] dedi: “Qəribədir, birini götürə bilmirdi, iki daş daha ağırdır, bəs [onları] necə tərpədə bildi?!” [Kişi] gedib üçüncü daşı gətirdi və o biri ikisinin böyrünə qoydu. Daş üç olan kimi hər üçünü yerdən qaldırdı.
Yolçu bu qəribə hadisəni də seyr edib yenidən çöllüyə üz tutdu. [Yolda] beş nəfərin tutub saxladığı bir qoyun gördü. [Onlardan] biri qoyunun belinə minmişdi, digəri qoyunu belinə almışdı, üçüncüsü qoyunun əmcəklərindən tutub sağırdı, başqa biri qoyunun başından tutmuşdu, sonuncusu isə ikiəlli qoyunun quyruğundan yapışmışdı.
Yolçu nəsə soruşa bilməyib yoluna davam elədi. [Az sonra] bir dişi it gördü ki, balaları onun qarnında hürürdülər. Yolçu [öz-özünə] dedi: “Əcəb qəribə hadisələr gördüm!” Şəhərin darvazasına yaxınlaşanda bir qoca kişiyə rast gəldi. [Ona] dedi: “Ey şeyx, gəldiyim bu yolda qəribə hadisələrlə qarşılaşdım”. [Qoca] soruşdu: “Nə olub, nə gördün?” [Yolçu] dedi: “Gördüm ki, bir tayfa [taxıl] əkdi, yetişəndə isə ona od vurdu”. [Qoca] söylədi: “Bu, Allah-təalanın sənə göstərmək istədiyi bir misaldır. O tayfanın adamları [əvvəl Allaha] itaət etmiş, sonda isə pozğunluq və günahla məşğul olmuşlar. [Ona görə də] Allah-təala: “Biz onların etdikləri [yaxşı] əməlləri qəsdən [havada uçan] dağınıq zərrələrə (toz dənələrinə) döndərərik”2 – [ayəsində deyildiyi kimi] onların əməllərini puça çıxardı. [Sonra qoca] soruşdu: “Başqa nə gördün?” [Yolçu] dedi: “Gördüm ki, bir kişi bir daşı qaldırmaq istəyir, amma gücü çatmır”. Həmin əhvalatı axıradək danışdıqdan sonra qoca dilləndi: “Bu, bir günah etmiş adamın məsəlidir; həmin [günah] ona ağır və böyük görünürdü, o qorxur və bunu daşıya bilmirdi. Qorxudan daha bir günah işlədib azca yüngülləşdi. Necə ki, daş iki olanda, tərpədə bildi, amma əvvəl daş bir dənə olduğundan tərpədə bilmirdi. Sonra üçüncü dəfə bir günah və fəsad törətdi və bütün günahlar onun üçün asan və yüngül oldu”. [Yolçu] dedi: “Ey şeyx, yolda belə bir qoyun gördüm”. [Qoca] söylədi: “O qoyun dünyanın timsalıdır, onun belinə minən padşahlardır, onu belinə alanlar isə insanlardan bir şey diləyən yoxsullardır. [Qoyunun] quyruğundan tutan şəxs işi bitmiş və əcəli çatmış, [ölümünə] az qalmış adamları göstərir. Şeir:

Nə qədər köynək dərdi çəkəcəksən?!
Bəlkə o köynək sənin kəfənin olacaq.

Qoyunun başından tutan o kəsdir ki, dünyada məşəqqət və əzab içində yaşayır. [Qoyunun] döşlərindən tutub sağan isə tacirlər və sərmayə sahibləridir”.
[Yolçu] dedi: “Bir dişi it də gördüm ki, küçükləri qarnında hürürdü”. [Qoca] söylədi: “Bu, vaxtsız söz danışanların məsəlidir. Onlar hələ analarının qarnında ikən hürən küçüklərə bənzəyirlər”. Şeir:

Başında ağlın və gözün varsa,
Dilini saxla və başını qılıncdan qoru.
Balıq danışan dil istəyində olmadı,
Buna görə də onun başını bədənindən ayırmırlar.

[Yolçu] dedi: “Ey şeyx, dediklərini anladım. İndi [de görüm], özünü gümüş pula satan filan qadının evi hardadır, hansı məhəllədədir? Deyirlər, çox gözəldir və mən [onunla olmaq] istəyi ilə [bu şəhərə] gəlmişəm”. Şeyx üç dəfə yolçunun üzünə tüpürüb dedi: ”Ey bədbəxt, sənə nəsihətlər verdilər, qulaq asmadın, misallar göstərdilər, diqqət yetirmədin. Mən şeyx deyiləm, ölüm mələyiyəm (Əzrailəm), bu surətdə sənin gözünə göründüm. Bu saat Allahın əmri ilə sənin canını alacağam, heç su içməyə də möhlət verməyəcəyəm”. Yolçunun dərhal rəngi saraldı, [qorxudan] titrəməyə başladı. [Əzrail] aləmlərin Rəbbinin hökmü ilə onun canını aldı...

__________
1. “Məcalisi-səbə” (“Yeddi məclis”) – Mövlana Cəlaləddin Ruminin (1207-1273) minbərdən söylədiyi vəzlərin toplusu. Fars dilində nəsrlə yazılmış və müxtəlif dini, əxlaqi, irfani və ictimai mövzulara həsr olunmuş “Məcalisi-səbə”nin mətnində çeşidli ayə və hədislər, hekayət və şeirlər yer almışdır.
2. “Furqan” surəsi, 23-cü ayə.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi





Davamı

HÜSEYN MÜNZƏVİDƏN BİR QƏZƏL

“Müasir İran qəzəlinin atası” adlandırılan Hüseyn Münzəvi 1946-cı ildə Zəncanda döğulub. Tehran unuversitetinin ədəbiyyat və sosiologiya fakültələrində təhsil alıb. İlk şeir kitabı 1971-ci ildə işıq üzü görüb və böyük uğur qazanıb. Əsasən qəzəl yazsa da, sərbəst şeirdə də qələmini sınayıb. İran televiziyasında və bir sıra dərgilərdə çalışan Münzəvi ömrünün son illərini doğma şəhərində yaşayıb. 2004-cü ildə Tehran xəstəxanalarından birində dünyasını dəyişib və Zəncanda dəfn olunub. Çoxsaylı şeir kitabları çap etdirməklə yanaşı, Hüseyn Münzəvi dahi Şəhriyarın “Heydərbabaya salam” poemasını fars dilinə tərcümə edib. O həm də Şəhriyar yaradıcılığı barədə “İn torke-parsiquy” (“Farsca yazan bu türk”) adlı araşdırmanın müəllifidir. Əsərlərinin böyük əksəriyyəri farsca olsa da, Münzəvi ana dilində də şeirlər yazıb. Onun məşhur qəzəllərindən birinin tərcüməsini təqdim edirik.

Pıçıltıdan bezginik, səs-küydən də ki, qaçaq,
Nə taqət var susmağa, nə istərik danışaq.

Lap sərgərdan qalmışıq, axı üz tutaq hara?
Heyrətdən sarsılmışıq, bizi kimə tapşıraq?

Min “məgər”in təlaşı, min “amma”nın qorxusu,
Ya koruq, görməyirik, ya da ki, xəstəsayaq.

Bağın çiçəkli vaxtı yadımızdan çıxıbdır,
Bu gün barsız-bəhərsiz durmuşuq ki, quruyaq.

Heyif, hədər elədik o qiymətli gövhəri,
Kəsməyən bir qılıncıq, buluduq – yağmayacaq.

Biz özümüz bilmədik haçan durduq yuxudan,
Soruşdular: “Oyaqsız?” Dedik:”Oyağıq, oyaq”.

Sən kəsibsən yolumu, mən də sənin yolunu,
Hamımız divarıqsa, ümid yoxdur qurtulaq.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi





Davamı

Qasım Həddad. XURMA AĞACI

Çağdaş Bəhreyn şairi Qasım Həddad 1948-ci ildə doğulub. 15-dən çox şeir və bir neçə nəsr kitabının müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib. Bəhreyn Yazıçılar Birliyinin rəhbəridir.

Torpağı dırnağımla eşdim –
Qan çıxana qədər!
O yerdə ki,
Allahın xurma ağacı
Yadların qılıncı altda qan ağlayırdı…

Ey Allahın xurma ağacı!
Naməlum şəhidin köynəyini
Bir elçi kimi yerə,
Bir yelkən kimi suya
göndər –
bizim üçün!
Bəlkə yoxa çıxmışlar eşitdilər,
Bəlkə sədaqətli dəniz quldurları
Xurma üçün darıxdılar
və qarət edilmiş mirvarilərə sarı döndülər…

Ey yer!
Ey torpaq!
Ağlamaq üçün çatlama,
gözlərinin atəşini
işğalçılara tərəf aç,
qaçqınlara da bir yol!..

Ey yer!
Ey torpaq!
Hazır ol,
bu küskün ürəyi ovutmaq üçün
qərib dənizlərdə
məşəllər hazırla,
bir də dalğasız kəcavə!
Məhəbbət şamını
zeytun yağı və zəncəfillə
köksünün odunda bişir!
Çünki təqib olunan bu qaçqın,
bu gözəl şəhid
güzgülərdən seçilmişdir.

* * *
Ah, ey Allahın xürma ağacı!
Üfüqdə nə görürsən?..


Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

Şəhram Şeydayi. ŞEİRLƏR

Xəbər verildiyi kimi, noyabrın 23-də tanınmış şair və tərcüməçi Şəhram Şeydayi uzun sürən xəstəlikdən sonra 42 yaşında Tehrandakı mənzilində dünyasını dəyişib. Şairə ulu Tanrıdan rəhmət diləyib onun bir neçə şeirini sizə təqdim edirəm...

BU OTAQDA

Qorxuram, torpağın altında yazacağım şeirləri
oxuya bilməyim kiməsə.
Mən tələsirəm
və qəribədir ki, çox rahatam.
Qəbrimin üstünə gəlib
ölümümə inanan kəs
məni özündə öldürüb.


Gələcək yuxularımı görmüşəm,
sonrakı illərimi yaşamışam
və bu artıqlıq mənə əziyyət verir.
Kaş belə tələsməyəydim,
onda ən azı hamı kimi
sığardım zamana
və birgə olardım dostla, şəhərlə, torpaqla.
Bu qədər qapı döymək əbəsdir,
açmırlar qapıları,
nə bir kəs görür səni
nə də eşidir səsini.
Tələsmişəm
və o qədər getmişəm ki, qabağa
inanmırlar diri olduğuma.
Bu otaqda, torpağın altındayam
və yazıram.
Heç zaman qorxmuram ölümdən,
çünki bir ölü olmayacağıma əminəm.
Necə ola bilər ki, desinlər, hər şey bitib
və qayıda bilməzsən daha.
Bu, mənim üçün hamıya əl verən bir zarafat kimidir
və mən əllərimi gizlədirəm:
adamla zarafat edən həqiqət
tam şübhəli bir şey.
Mən ölümü həyata gətirmişəm
və ondan çıxarmışam.
Və qəribədir ki, hər gecə bayıra çıxıb
qəbir daşıma təzə bir şeir yazıram,
sonra yenidən yatıram.
Və gündüzlər sizin aranızda:
evdə anamla,
işdə həmkarlarımla
olmağıma heyrət edirəm.

Uşaqlığımın qapısı açıq qalıb.
Və zaman məni itirə bilmədiyi üçün
iyirmi yeddi yaşlı gəncliyimdən çıxıb.
Uşaqlığım iyirmi yeddi yaşlı mənlə söhbət edir:
- Bu gün ilk dəfə məktəbə getdim.
İyirmi yeddi yaşlı mən onun parıldayan gözlərindən öpür:
- Pərəstiş edirəm evdən məktəbə gedən yola.
Uşaqlığım iyirmi yeddi yaşının şəkillərinə baxır
və bilmirəm, nə anlayırsa,
bir neçə gecə dalbadal
yuxuda qışqırıb ağlayır.
Gərək onu qoymayaydım yazdığım uzun hekayəni oxusun,
gərək onu qoymayaydım gələcək şəkillərinə baxsın.
Mən tələsirəm,
istər keçmişdə, istər gələcəkdə.

Sinə daşım titrəyir,
yəqin
bir şeir yazmışam yenə.

1995-ci il


ZİNDANDA MƏHƏBBƏT

Ağacların başına fırlanıb qışqırıram:
Mənim üçün dua edin,
mənim üçün dua edin
ki, bu dərddən... :
- Hamını sənin surətində görürəm
küçədə,
yuxuda,
o ağ örpəkdə.

“Lütfən, ayağa durun!”
Anlayıram ki, məhkəmədəyəm.
“Havaya!”
Anlayıram ki, zindandayam.

Kamera yoldaşımdan təqsirini soruşuram,
əsəbi halda deyir:
“Azadlığı pis tələffüz etmişəm,
pis!”
Divarlar çığırır,
dəmir millər bağırır:
“Siz hamınız
azadlığı
pis tələffüz etmisiniz,
pis
...
- düz deyirlər -

Yalnız həyətdəki ağaclara inanıram,
hava udmağa çıxanda
qaçıb onları qucaqlayıram,
ağlaya-ağlaya:
- Mənim üçün dua edin,
mənim üçün dua edin.
...

Əzizim!
Zindanda məhəbbət
məşəqqətdir.

1994-cü il

♦ ♦ ♦

Özün də bilmədən danışmısan,
özün də bilmədən yaşamısan,
özün də bilmədən ölmüsən.

Saatı soruş, kömək edər bu sənə,
Havadan danış, kömək edər bu sənə,
ananın adını yadına sal,
kiminsə şəklini və qiyafəsini.

Tez ol! Xırda bir şeydən başla,
Məsələn, rənglər, məsələn, sarı rəng,
Yaşıl, bir neçə ağacın adı,
Olmayan beynini işə sal,
Fəsilləri, məsələn, qar.
Tez ol, tez,
varlığın üçün bir şey tap, göz gəzdir ətrafa,
bəlkə qalan şeylər yadına düşə.
Tez ol! Yoxsa
doğrudan
ölümünə
öyrəşərsən.

1997-ci il



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


_____
Şəhram Şeydayi barədə mənim yazımı BURADAN oxuya bilərsiniz.



Davamı

Klod Levi-Stross. MUSİQİNİN TƏBİƏTİ

Rəssamlığın qızğın pərəstişkarları bizim musiqini üstün tutmağımıza etiraz edə, yaxud qrafik və plastik sənətlər üçün onunla eyni məqam tələb edə bilərlər. Lakin biz belə hesab edirik ki, formal baxımdan bu sənətlərdə istifadə olunan materiallar, yəni səslər və rənglər, eyni müstəvidə yerləşmir.
Musiqinin üstünlüyünü əsaslandırmaq üçün bəzən deyirlər ki, musiqi təqlidçi sənət deyildir, daha dəqiqi, o özündən başqa heç nəyi təqlid etmir; rəsm əsərinə baxan tamaşaçıda isə dərhal belə bir sual yaranır: “Burada nə təsvir olunub?”

Amma problemə bu nöqteyi-nəzərdən yanaşdıqda, biz başqa bir çətinliklə üzləşirik: elə rəssamlıq növü var ki, heç nəyi təsvir etmir. Abstraksionist rəssam öz cərəyanına bəraət qazandırmaq üçün musiqiyə istinad edib isbatlaya bilər ki, onun forma və rəngləri tam sərbəst də olmasa, hər halda, hissi təcrübədən asılı olmayan qaydalarla təşkil etmək hüququ var; necə ki, musiqi səslər və ritmlərlə bunu edir.
Lakin bu analogiyanı qəbul etsək, biz dərin bir yanlışlığa yol vermiş olarıq. Çünki rənglər “təbii şəkildə” təbiətdə mövcud olduğu halda, musiqi səsləri (təsadüfi və ötəri səslərdən istisna olmaqla) təbiətdə yoxdur. Yalnız küylər var...
Əgər biz Nil sahilindəki qamışlıqda küləyin vıyıltısı ilə bağlı Diodorun göstərdiyi misalı kifayət qədər inandırıcı olmadığına görə kənara qoysaq, onda quşların nəğməsindən başqa bir şey qalmır. Əlbəttə, insan musiqi səsləri istehsal edən yeganə məxluq deyil və həmin imtiyazı quşlarla bölüşür, amma bu faktın etiraf edilməsi bizim aşağıdakı tezisimizə heç bir təsir göstərmir: materiyanın xassəsi olan rəngdən fərqli olaraq, musiqi səsləri – istər insanda olsun, istər quşlarda – cəmiyyətin xassəsidir.
Quşların “nəğməsi” dilə yaxın bir şeydir, çünki ifadəyə və ünsiyyətə xidmət edir. Beləliklə, musiqi səsləri mədəniyyətin yeganə təzahürü olaraq qalır. Bu, bir növ təbiətlə cəmiyyət arasında ayırıcı xətdir, amma artıq insanla heyvan arasında bir o qədər aydın ayırıcı xətt kimi çıxış edə bilmir.

Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər