Qulamhüseyn Saidi. QÜRBƏT QEYDLƏRİ

XX əsr İran nəsri və dramaturgiyasının ən önəmli simalarından biri olan Qulamhüseyn Saidi 1936-cı ildə Təbrizdə doğulub. Yeniyetmə ikən Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına qoşulub, jurnalist kimi fəaliyyət göstərib. 16 yaşından ədəbi yaradıcılığa başlayıb. 1953-cü ildə Firqə ilə əməkdaşlığına görə həbs edilib. Təbrizdə və Tehranda tibb təhsili alıb. Əvvəlcə «Gövhərmurad» imzasıyla yazdığı pyesləri ilə tanınıb. 1960-cı illərdə nəşr olunmuş «Bəyəl yaslıları» və «Qorxu» kitabları ilə İran nəsrində yeni bir səhifə açıb. İranda sehirli realizm məktəbinin, eləcə də pantomim teatrının banisi sayılır. 1968-ci ildə onun “İnək” hekayəsi əsasında çəkilmiş eyni adlı film dünya şöhrəti qazanıb. İran Yazıçılar Birliyinin (Kanune-Nevisəndeqane-İran) yaradıcılarından biridir. Dəfələrlə Pəhləvi rejimi tərəfindən həbs olunub və dəhşətli işgəncələrə məruz qalıb. 1972-ci ildə pyeslərinin göstərilməsinə qadağa qoyulub. 1982-ci ildə növbəti həbs təhlükəsi qarşısında bir müddət gizləndikdən sonra Parisə gedib və 1985-ci ildə orada dünyasını dəyişərək, Per-Laşez qəbristanığında, başqa bir böyük İran yazıçısı Sadıq Hidayətin məzarı yaxınlığında dəfn olunub.
Azərbaycana və ana dilinə hədsiz bağlı olan Qulamhüseyn Saidinin əsərləri fars dilindədir. Amma bir müddət əvvəl onun Azərbaycan dilində «Qurdlar» adlı pyesi tapılmış və Təbrizdə çap edilmişdir.
Aşağıdakı qeydləri Q.Saidi Parisdə olduğu zaman qələmə almışdır.


Artıq iki ilə yaxındır ki, burada qaçqınam və hər bir neçə günü bir dostumun evində qalıram. Hiss edirəm ki, kökümdən üzülmüşəm. Heç nə mənə real görünmür. Parisin bütün binalarına eynən teatr dekorasiyası kimi baxıram. Mənə elə gəlir ki, bir poçt açıqcası içərisində yaşayıram. İki şeydən qorxuram: bir yatmaqdan, bir də ayılmaqdan. Çalışıram ki, bütün gecəni oyaq qalım və səhərə yaxın yuxuya gedim. Bir neçə saatlıq yuxumda həmişə rəngli kabuslar görürəm. Daim vətənimi düşünürəm. Tək qalanda, İran şəhərlərindəki küçə və döngələrin adlarını ucadan təkrarlayıram ki, yadımdan çıxmasın. Mülkiyyət hissini tamamilə itirmişəm, nə mağazaların qarşısında dayanıram, nə də bir şey alıram – alt-üst olmuşam. Bütün bu müddət ərzində bir dəfə də olsun, Parisi yuxuda görməmişəm. Həmişə vətənim yuxuma girir. Bir neçə dəfə qərara gəlmişəm ki, nə yolla olur-olsun ölkəmə qayıdım. Hətta edam olunmağım bahasına başa gəlsə belə. Dostlarım qoymayıb.

Hər şeyi rədd edirəm. Acığımdan fransız dilini də öyrənmək istəməmişəm və bu halı bir növ müdafiə mexanizmi bilirəm. Bu, narahat və hər an evinə dönmək ehtimalı olan bir adamın halıdır. Xaricdə yaşamaq ən ağır işgəncədir. Burada heç nə mənə mənsub deyil, mən də onlara mənsub deyiləm. Mənim üçün belə yaşamaq həbsxananın təkadamlıq kamerasında keçirdiyim illərdən də ağırdır.
Sürgündə yalnız yazmaq intihara əl atmağımın qarşısını alıb. Gəldiyim ilk gündən yazmaqdayam. İndiyədək dörd kinossenari yazmışam və martın 1-dən onlardan birinin çəkilişinə başlanılacaq. Həmin ssenari büsbütün mühacirət və didərginlik haqqındadır. «Mulus korpus» adlı başqa bir ssenari isə alleqorik səciyyə daşıyır. Eyni zamanda «Əlifba» adlı rüblük bir dərginin nəşrinə başlamışam və bü günə qədər onun üç sayı çapdan çıxıb. Dərginin məqsədi İran incəsənəti və mədəniyyətini yaşatmaqdır.
Bəli, dil problemi məni əməlli-başlı iflic edib. Düşünürəm, nə zərurət var ki, bu yaşımda başqa bir dil öyrənim. Vətəndən ayrı düşmək mənim ədəbi yaradıcılığıma iki cür təsir bağışlayıb. Birincisi, həddindən artıq fars dili üzərində fikirləşirəm və çalışıram ki, yazılarımda bu dilin bütün incəlikləri olsun. İkincisi, əsərlərim daha çox alleqorik xarakter daşımağa başlayıb.
Sürgündə yaşamaq – cəhənnəmdə yaşamaqdır. Xasiyyətim yaman ağırlaşıb. Özüm üçün dözülməz olmuşam, bilmirəm, başqaları mənə necə dözür.
Vətəndən uzaqlıq və ev-eşiksizlik mənim son yazılarımı xeyli dərəcədə kəskinləşdirib. Mən ortabab yazıçıyam və heç vaxt yaxşı bir şey yazmamışam. Ola bilər, bəziləri mənimlə razılaşmasın. Amma daim, hər gün-hər gecə yüzlərlə aydın süjet mənim beynimi doldurur. İndilikdə mən hələ əsas mənbəyinə çatmamış artezian quyusuna bənzəyirəm. Ümidvaram ki, bu, baş verəcək və yığılmış material bayıra axacaq.

Təqdimat və tərcümə: Məsiağa Məhəmmədi



Davamı

Qafur Tağıoğlu. ŞEİRLƏR

ÜRƏK DOLU GÖYƏRÇİN

Apar məni uşaqlıq beşiyinə
böyüklərdən, böyüklükdən incimişəm
uşaqlıq beşiyinə apar məni
Gözlərim əkiz yetim uşaq
ağlamadan yorulub yatsın
anamın kiprik səsinə oyanım
Ürək dolu göyərçin səsinə
qaytar yenə
Dodaqlarım və anamın əlləri
öpüşlərimi yer-göy tutmasın.

OLAN-OLMAZ

İndi ki tanrıların qulağı ağır eşidir
bağırmayın məni kəlmələr
boş yerə bağırmayın
Olan-olmazıma bir kibrit çəkib
yardımçı çağırmayın
Zəlzələ görmüş bir damam
nəyim qalıb?
Anasın öldürmüş uşağam
kimim qalıb?
Bağırmayın
heç yardımçı çağırmayın

POSTMODERN

Bura postmodernistin durağı
burada bütün anlamları qoyub keçməlisən
qoltuq ciblərinədək axtarırlar
Kimsən
kim imişsən
unut
Pasportu olmaq yasaq
Hamının ad günüdür
Adın nədir?
Sən də özünə ad qoy
Həyat burdan başlanır
bura dünyanın əvvəlidir…

HƏR İKİMİZ

Mən və sən hər ikimiz satılmışıq
Fərqimiz?
Mən beş yüz minə
sən yüz dənə beş minə
Mən və sən hər ikimiz aldanmışıq
mən bir böyük yalana
sən min bir kiçik yalana
Mən və sən hər ikimiz inanmışıq
sən kitabsız peyğəmbərə
mən peyğəmbərsiz kitablara
Hər ikimiz göz dikmişik
birimiz göy tanrısına
birimiz əl tanrısına
Hər ikimiz qalmışıq
keçmişlər dönümündə
gələcək döngəsində

QARABAĞIM

Günəşin xırmanı sovrulursa da,
tərpəniş
dodaqlarımda donub
Səni haraylamaq
daş kimi dilimdən asılıb
Gəl, dedim
körpü salaq
gözlərdən ürəklərə
Xəzərin qırağından
sənə balıqqulağı toplamışam
Vətən övladımın aşiqlik mahnıları
bütün dənizlərdə ləpələnəcək
Ayaq səslərim bütün yolları oyatdı
sənə baxan yol
gərək ki belə uzaq olmayaydı
amma olubdur
Belə qanlı olmayaydı
amma olubdur

Araz dodaqlarından öpmək istəyir
Oxuduğum vətən mahnısıdır
Sənin vətənin haradır?
Dünya kəndinin yuxusu çox şirindir
Ayağının altında yer dayanmır
yersizcə göylərə aldanmaq nədir?
Hər ayaq qoymada min qorxu var
Kimdi yarpaq kimi
tökülən baltaların ayağına
Çürümüş tabutlar tək
ölümə sarı sürünən
ayaqları altında tikanlı simlər?
Sənsən
Kimdi gözləri islanmış
öldürücü acılardan?
Sənsən
Kimdi
basılmış
satılmış
didələnmiş
parçalanmış
qolları kimi ayaqlarına buxov bağlanmış?
Sənsən
Sənə oxşama demək
yabaçı dilində
Sənə oxşama demək
ölümdən də qorxuludur.


________
Şeirlər müəllifin «Talvasalı günlər» (Ərdəbil, 2008) adlı kitabından seçilərək, ərəb əlifbasından latın qrafikasına çevirilmişdir – M.M.


Davamı

İren Məlikova. YUNUS ƏMRƏ VƏ HACI BƏKTAŞ

Bilindiyi kimi, bir neçə gün əvvəl Fransada əslən Azərbaycandan olan ünlü türkoloq İren Məlikova (Irene Melikoff) 91 yaşında dünyasını dəyişmişdir. İren xanıma ulu Tanrıdan rəhmətlər diləyib onun bir məqaləsini sizə təqdim edirəm. Ruhu şad olsun!

Hər şeydən öncə bunu söyləməliyəm: elmi həyatımın böyük bir qismi XIII-XIV əsrlər Anadolu türk ədəbiyyatının araşdırılmasına həsr olunsa da, Yunus Əmrə yaradıcılığı üzrə mütəxəssis deyiləm. Əvvəllər özümü dastan ədəbiyyatına vermiş olduğum üçün “Danişməndnamə”, “Battalnamə”, “Saltuknamə” və s. bu kimi əsərləri, xüsusilə gələcək araşdırmalarımın istiqamətini dəyişdirən bir əsəri – Xorasan cəngavəri Əbu Müslümün dastanını öyrənmək üçün uzun illər sərf etmişdim. Bu son əsər mənə elə təsir göstərmişdi ki, ona həsr etdiyim kitabı yazarkən keçirdiyim həyəcanı – yalnız elmi deyil, həm də mənəvi həyəcanı yenidən yaşamağa cəhd etdim. Bu arzu məni Əbu Müslüm dastanının ən qədim Anadolu türk nümunəsinin çıxmış olduğu sayılan mətnlə – 1362-ci ildə Şadi Məddah və ya Hacı Şadi tərəfindən Candaroğlu ailəsindən Qəstəmonu əmri Kötürüm Bayəzid üçün yazılan “Dastani-məqtəli-Hüseyn” ilə maraqlanmağa yönəltdi. Həmin mətni daha yaxşı araşdırmaq üçün Əbu Müslüm dastanının, “Dastani-məqtəli-Hüseyn”in, “Battalnamə”nin, “Saltuknamə”nin və başqalarının boy atdığı eyni mədəniyyət və düşüncə mühitinin ədəbiyyatı, ümumiyyətlə, bəktaşi-ələvi poeziyası adlandırılan xalq təsəvvüf şeiri sahəsində məlumatlarımı dərinləşdirmək istədim.

Anadolu türklərinin erkən ədəbiyyat məhsullarını araşdırmaq üçün əsərlərinə daim müraciət edilməli olan rəhmətlik Fuad Köprülünün dəqiq göstərdiyi kimi, ilkin Anadolu türk ədəbiyyatı, dastan ədəbiyyatı və təsəvvüf ədəbiyyatı olaraq iki yerə ayrıla bilər; adlarını saymış olduğum qəhrəmanlıq hekayətlərinin də təsdiq etdiyi kimi, bu iki axın möhkəmcə bir-birinə bağlı olmuşdur.
Bu məqaləyə verdiyim "Yunus Əmrə və Hacı Bəktaş" adı da son araşdırmalarıma söykənməkdədir.
Amma məqaləmin mətnini qələmə almaq istəyəndə, elə çətinliklər duydum ki, az qala qələmi buraxacaqdım. Səbəbi də budur: bəktaşi-ələvi şeiri adlandırılan bütün xalq təsəvvüf ədəbiyyatına, məsələn, Qayğısız Abdal, Şah Xətayi, Pir Sultan Abdal, Aşıq Virani, Qul Hümmət və sairəyə Yunus Əmrənin şəksiz təsiri müqabilində Yunus Əmrədə bu ədəbiyyatın başlıca üzdə olan ünsürlərini, yəni terminin tam mənasıyla batini məna biçimlərini tapmaq asan deyil.
Yenə də bir fakt açıq-aşkar ortadadır: “Vilayətnamə” Yunus Əmrənin və onun mənəvi mürşidi olan Baba Tapdıq Əmrənin həyatının araşdırılması üçün az qala yeganə məlumat qaynağıdır.
Bu reallıqdan çıxış edərək, özümü seçdiyim mövzu üzərində cəmləşdirdim və mənə elə gəldi ki, Yunus Əmrə ilə Hacı Bəktaş arasındakı münasibətlərdə şübhəyə yer yoxsa da, buna qarşılıq ortaya qoyulması lazım olan bir nöqtə var: Hacı Bəktaş ətrafında formalaşan düşüncə və onun hakim olduğu bəktaşi-ələvi ədəbiyyatındakı yeri. Məsələ başqa bir istiqamətdən ələ alınarsa, məqsəd Hacı Bəktaş ənənəsinə söykənərək, Yunus Əmrəni tapmağa çalışmaq deyil, Yunus Əmərənin əsərlərinə söykənərək, Hacı Bəktaş ilə içində olduğu mənəvi mühiti daha yaxşı anlamağa cəhd etməkdir. Beləcə, Yunus Əmrə Hacı Bəktaşın sirrini aydınlaşdırmaq üçün bir qaynaq vəziyyətinə gəlir.
Yunus Əmrə ilə Hacı Bəktaşı bir araya gətirən nədir? Güman ki, XV əsrdə adı bilinməyən bir yazar tərəfindən qələmə alınmış və qədim ənənələr toplusu olan Hacı Bəktaşın “Vilayətnamə”si Yunusun həyatına aid başlıca məlumat qaynağımızdır. Yunusun yaşadığı çağı, XIII əsrin ikinci yarısını anan tək qaynaq “Vilayətnamə”dir. Yunus Hacı Bəktaşın müasiridir; doğum və ölüm yeri Sivrihisarın şimalındakı Sarıköydür. Sosial mənşəyinin də kəndli olduğunu bilirik. “Vilayətnamə” Yunus Əmrənin əsərləriylə birlikdə mürşidi Tapdıq Əmrəni anan azsaylı qaynaqlardan biridir. “Vilayətnamə”yə görə, Tapdıq Əmrə dini təşəbbüslərini Sakarya bölgəsində həyata keçirən və Hacı Bəktaşla əlaqəsi olan məşhur bir mənəvi mürşiddir.
Hacı Bəktaş haqqındakı məlumatımıza gəlincə isə, başlıca bilgi qaynaqlarımız Əflakinin “Mənaqibül-arifin”dəki ifadəsi ilə dəstəklənən “Vilayətnamə”, “Məqalat” yaxud Hacı Bəktaşın ərəbcədən çevrilmiş "Söhbətlər"i və XV əsr tarixçisi Aşıq Paşazadədir.
Qəti şəkildə bilirik ki, Hacı Bəktaş XIII əsrdə Xorasandan gəlmiş bir din mürşidi idi, Qırşehir bölgəsindəki Soluca Qara Öyükdə (indiki Hacı Bəktaşda) məskunlaşmışdı; ənənə baxımından Əhməd Yəsəviyə bağlanmaqla birlikdə, Peyğəmbərin şəriətini hərfən izləməyi lazım bilməyən, beş vaxt namaz gərəyini yerinə yetirməyən (bu xüsus Əflakinin ifadəsiylə təsdiqlənir), qaydalara tam bağlı olmayan bir müsəlmanlıq anlayışı vardı. Dövrünün hamılıqla ənənə baxımından bu və ya digər dərəcədə Əhməd Yəsəviyə bağlanan və qaydalara diqqətsiz bir müsəlmanlıq anlayışını davam etdirən başqa mənəvi mürşidləriylə əlaqə qurmuşdu. Burada Rəsullah deyə tanınan Baba İshaqı xüsusi xatırlamalıyıq; İbn Bibidən öyrənirik ki, Baba İshaq türkmənlərin ictimai-dini bir hərəkatını idarə etmişdir. Tarixdə Babayilər üsyanı kimi məşhur olan və Səlcuq sultanı II Keyxosrov tərəfindən 1239-cu ildə yatırılan bu üsyandır. “Vilayətnamə”yə görə, Rəsul Baba Hacı Bəktaşın xəlifəsi, mürididir; lakin Əflakiyə görə, Baba Rəsulun xəlifəsi Hacı Bəktaşdır. Bu da xronologiya baxımından daha doğru görünür. Hər nədirsə, Baba İshaq ilə Hacı Bəktaş arasında, şübhəsiz, bir münasibət olmuşdur. Bu, XV əsr tarixçisi Aşıq Paşazadə tərəfindən də təsdiq edilməkdədir.
XV əsrin sonundakı dastan ənənələrinin toplusu olan “Saltuknamə” ilə təsdiqlənən yenə həmin “Vilayətnamə”yə görə, Hacı Bəktaşın Yunus Əmrənin mürşidi Tapdıq Əmrə ilə münasibəti vardı, amma Yunus Əmrəyə baxsanız, Tapdıq Əmrə Sarı Saltuk kimi, Barak Babanın mürşididir:

Yunusa Tapdıqdan oldu, həm Barakdan Saltuka,
Bu nəsib çün cuş qıldı, mən necə pünhan olam.

“Vilayətnamə”yə görə, bütün bu mənəvi mürşidlər Hacı Bəktaşın mürşididir. Hacı Bəktaşın Barak Baba, Sarı Saltuk və Tapdıq Baba ilə münasibətləri “Saltuknamə” tərəfindən təsdiqlənir.
Bütün bu şəxslər, eləcə də bir başqa Baba – müəllifi Aşıq Paşanın oğlu olan, ailənin yarı-bioqrafik yarı-övliyalıq tarixini əks etdirən və hörmətli Mehmed Öndərin tapdığı “Mənaqibül-qüdsiyyə”nin mətninə əsasən – Aşıq Paşa nəslindən Baba İlyas da tarix baxımından Babayilər hərəkatına bağlı olmuşdur. Bu ailənin bir başqa üzvünə – tarixçi Aşıq Paşazadəyə görə, Xorasandan gəlmiş olan Hacı Bəktaş ilə qardaşı Menteş Baba İlyasa bağlanmışlar. Bundan çıxan nəticə belədir: bütün bu Babalar və bir çox başqaları, xüsusilə Yunus Əmrənin əsərlərində xatırlanan Baba İlyasın müridi Geyik Baba eyni ictimai və mənəvi mühitdən, Babayilərin mühitindən idilər. Yunus Əmrə də məhz bu mühitdən çıxmışdı.
Bu çeşidli babaların din düşüncələri barədə indi bildiklərimizi nəzərdən keçirək. Həm Əflakinin şahidliyindən, həm də “Saltuknamə” tərəfindən doğrulanan “Vilayətnamə”dən bilirik ki, Babaların sərt qaydaları rədd edən, dinin şərtlərini sözbəsöz yerinə yetirməyi gərəkli saymayan bir islamlıq anlayışları vardı. Yığıncaqlarına qadınları dəvət edərdilər. Şərab içmək qadağan edilməmişdi və mərasimlərində halva bişirməsi şəklində bir din yeməyi olardı. Halva bişirməsi əxilərin təşkilatlarında da vardı.
“Vilayətnamə”dəki, yəni XIV əsrdəki bəktaşi ayinlərini araşdırsaq, din yeməyi, səma’ və çırağı görərik. Təriqətin sonrakı bütün praktikası böyük bir qismi şəhər mərkəzlərinə bağlanmış bəktaşilər şəbəkəsinə bir təşkilatlanma və xüsusi bir mərasim bəxş edən Balım Sultan tərəfindən nisbətən gec formalaşdırılmışdır. Halbuki kəndlərdəki praktika Şah Xətayiyə qədər davam edən bir mərasimdən ibarət idi. Bu sonuncu mövzuya aşağıda bir daha qayıdacağam.
Adını bir təsəvvüf təriqətinə verən Hacı Bəktaş xalq arasında bir əfsanəvi şəxs olaraq yaxşıca tanınmaqdadır.
Yunus Əmrənin Tapdıq Əmrə, Barak Baba, Sarı Saltuk və Geyik Babanı xatırlamasını, amma Hacı Bəktaşın adını bir dəfə belə çəkməməsini nəzərə alsaq, bu nəticəni çıxarda bilərik: Hacı Bəktaş sağ ikən o qədər də əhəmiyyətli bir adam deyildi; həmin dövrün bütün qaynaqlarına görə də bu, belədir. Məsələn, təsəvvüf şairi Aşıq Paşanın ondan heç bəhs etmədiyini, yalnız Əflakinin ona ikinci sırada bir yer verdiyini görürük. Amma Hacı Bəktaş hər halda Osmanlı imperiyasında ən əhəmiyyətli bir xalq təriqətinə adını vermişdir. XVI əsrdən əvvəl bu təsəvvüf təriqəti barədə bütün bildiklərimiz bu təriqətin xalqın rəğbətini qazanması, mərasimlərində türk dilini işlətməsi və şəriətə uyğun gəlməməsidir.
Bütün qeyd olunan cəhətlərdən heç biri əsərlərində xalq dilindən istifadə və şəriətə uyğun gəlməmək kimi xüsusiyyətlərin göründüyü Yunus Əmrə ilə uyuşmazlıq halında deyildir.
Misal üçün, Yunus Əmrədən bəzi nümunələr:

Mən namaz-oruc içün süci içdüm əsridüm,
Təsbeh-səccadə içün dinlərəm şeştə qopuz.
***
Mənə namaz qılmaz deyən, mən qıluram namazımı,
Qılarısam, qılmazısam, ol Haqq bilür niyazımı.
***
Haqdan artıq kimsə bilməz kafir müsəlman kimdürür,
Mən qıluram namazımı, Haqq keçirdisə nazımı...

İndi Hacı Bəktaşa dönək. Rəhmətlik Fuad Körpülü ilə Birgenin çox haqlı olaraq təxmin etdikləri kimi, o da türkmən babalarından idi; türkmən babaları daha çox ibtidai bir müsəlmanlıq örtüsü altında kəndlərdəki türk əhalinin anlaya biləcəyi bir dünyagörüşünü yayırdılar; bu dünyagörüşü bəlkə də qədim türklərin dini praktikası, adı Hacı Bəktaşa bağlı ənənədə meydana çıxan, Orta Asiyanın böyük türk sufisi Əhməd Yəsəvidən təsirlənmiş bir təsəvvüf sistemiylə birləşmişdir.
Başqa sözlə, bütün bunlarda bəktaşi-ələvi ədəbiyyatının xüsusiyyətləri olan ifratçı ünsürlərin heç birinə rast gəlmirik: “təvəlla” və “təbərra” düşüncəsi ilə tamamlanan Əliyə hədsiz bağlılığın, Şah Xətayi çağından bəri bu ədəbiyyatda açıqca görünən görüşlərin, “təcəlla” ilə “tənasüx”ün heç bir izini tapa bilmirik.
Bəktaşi ədəbiyyatının kitablarından xüsusilə ən çox tanınanını – Sədəddin Nüzhət Ərgünün “Bəktaşi şairləri və nəfəsləri”ni ələk-vələk etsək də, Şah Xətayinin meydana çıxmasından əvvəl, bu ifratçı meyllərin heç birini tapa bilmərik. Bu kitabda Şah Xətayidən əvvəl bəktaşi adlandırılan şairlərin arasında Yunus Əmrəni, Səid Əmrəni, Abdal Musanı, Qayğısız Abdalı, Nəsimini, Təmənnayini taparıq. Bu müxtəlif şairlərin, xüsusilə Qayğısız Abdalın, misraları az-çox hamısının təsirləndiyi Yunus Əmrənin ilhamından fərqli heç bir ilham ortaya qoymur. Xatırlanan şairlərin heç birində ifrat yönəlmələr tapılmaz; ancaq birində, XIV əsr şairinin, Qayğısız Abdal və mürşidi Abdal Musanın olduğu deyilən bir nəfəsdə bu, vardır; buna görə də həmin şeirin həqiqiliyi ilə bağlı şübhəyə düşməkdə haqlıyıq. Budur, o şeirdən bir dördlük:

Göyərçin donuyla Uruma uçan,
İmamlar evinin qapısın açan,
Cümlə övliyalar üstündən keçən,
Vardırmı heç bir ər Əlidən qeyri?

Hacı Bəktaş Vəliyə aid bir bəhs var bu misralarda; ənənəyə görə, Hacı Bəktaş Vəli Xorasandan göyərçinə çevrilərək, Rum ölkəsinə gəlmişdi; bu ənənə “Vilayətnamə”də təsbit edilmişdir və Abdal Musa tərəfindən xatırlanmasında da heç bir ziddiyyət yoxdur. Amma dördlüyün son iki misrasından və nəfəsin davamından açıqca aydın olur ki, Əli ilə Hacı Bəktaş vahid və eyni hadisədən başqa bir şey deyil. Bu düşüncələrin Şah Xətayinin əsərlərindən əvvəl görünmədiyini nəzərə alsaq, bu nəfəsin Abdal Musaya aid edilməməsinin gərəkliyini söyləyə bilərik. Bu düşüncələr Abdal Musadan daha əvvəl mövcud olsaydı, bunları müridi Qayğısız Abdalda tapa bilmədiyimizə çaşardıq, halbuki Qayğısız Abdalın əsərlərində bu cür ifratçı yönəlmələrin heç bir izi yoxdur…
XIV əsrin ikinci yarısında yaşayan Qayğısız Abdal Qahirə bəktaşi təkyəsinin qurucusu olmuşdur. Əsərlərinə Türkiyədəki əlyazmalarda çox rast gəlinir; qədim və kataloqlarda olmayan bir Qayğısız Abdal əlyazmasını da mən Vyanada tapdım. Qayğısız Abdal ənənə baxımından Hacı Bəktaşa elə möhkəmcə bağlanmışdır ki, məsələ onun şeirlərinin Hacı Bəktaşa aid edilməsinə qədər gedib çıxır. Hacı Bəktaşı ziyarətlərimin birində Qayğısız Abdalın bir bayraqcıq üzərinə yazılmış misralarının Hacı Bəktaşın misraları kimi təqdim edildiyini görəndə çaşıb qaldım. Həmin misraları və Qayğısız Abdalın başqa misralarını o gündən bəri həmişə təriqətə adını verən Müqəddəs Adama bağladıqlarını gördüm; o cümlədən, ona həsr olunmuş iki broşürada onları tapdım.
Hacı Bəktaşa aid edilən misralar budur:

Dərvişlik xirqədə, tacda deyildir,
Hərarət nardadır, sacda deyildir.
Hər nə arar isən, özündə ara,
Qüdsdə, Məkkədə, Hacda deyildir.

Yunus Əmərənin düşüncələrini heyrətamiz bir şəkildə xatırladan bu dördlükdə Qayğısız Abdalın misraları asanca tanınır:

Dərvişlik xirqədə, tacda deyildir,
İstiliklik oddadır, sacda deyildir.
Haqqı istər isən, adəmdə istə,
İraqda, Məkkədə, Hacda deyildir…

İndiyə qədər özəlliklə Hacı Bəktaş ilə əlaqəsi baxımından haqqında danışdığım Qayğısız Abdaldan uzaqlaşmazdan əvvəl bir çox nümunə arasından birini, üzərində Yunus Əmərənin təsiri görünən bu misraları xatırlamaq istəyirəm. Budur, Qayğısız Abdalın çox tanınan misraları:

Qıldan körpü yaratmısan gəlsin qulum keçsin deyə,
Hələ biz şöylə duralım, igid isən keç, a Tanrı.

Az qala eyni misranı Yunus Əmrədə də görürük:

Qıl kimi körpü gərərsən keç deyə
Gəl səni sən tuzağından seç deyə.

Yunus Əmrənin bəktaşi-ələvi ədəbiyyatı üzərindəki təsiri məsələsinə toxunmağım, özəlliklə Hacı Bəktaşla Yunusun ədəbiyyat müridləri arasında bir bağ qurmaq üçün idi. Yüz illərdir tükənməz bir qaynaq olan, Fuad Köprülünün Yunus məktəbinin bir qolu saydığı bu məktəbin ən güclü izini daşıyan bəktaşi ədəbiyyatına Yunusun təsiri problemini izləmədən əvvəl, aşığın və daha qədim olaraq da, xalq təsəvvüf şairi əmrənin türk ədəbiyyatında oynadığı rolu xatırlatmaq istəyirəm. Həqiqətən də, bu, isbat edilmişdir ki, təsəvvüf şairini ifadə edən türkcə “əmrə” termini dindən kənar ilhamla qoçaqlamalar, dastanlar söyləyən ozanın əksi idi. Bu “əmrə" termininin yerini XV əsrin əvvəllərindən bəri, şübhəsiz, təkyələrin təsəvvüf şeirinin təsiri üzündən, Tanrıya heyran, təsəvvüf sevgisini ifadə edən “aşıq” termini tutmuşdur. Bu əmrələr arasında yer alan Yunus, sözsüz ki, onların ən əhəmiyyətlisi idi; əmrələr köçərilərlə yarımköçərilər arasında sivilizasiya və mədəniyyət yayıcıları rolunu oynayırdılar. Onlar türk xalqına ona yad olan bir fəlsəfəni düşüncəsinə uyğun formalar və şəkillərlə, anlaya biləcəyi bir dildən istifadə etməklə öyrətməyə çalışırdılar. Mənəvi mürşidlərin fikirlərinin yayılmasına yarayan bu xalq təsəvvüf ədəbiyyatının əhəmiyyəti aydındır. Bu xalq mədəniyyəti nümunələrinə təsirdə bulunan Yunus Əmrəyə əsrlər boyunca diqqət yetirilmişdir. Bu din yayma ədəbiyyatı xüsusilə bəktaşilərdə əhəmiyyətli idi; dinin zahiri formalarını tanımayan bəktaşilər aşıqlarına mənəvi mürşid xüsusiyyəti verirdilər, çünki onlar müridlərinin könüllərini və ruhlarını şeir və musiqiylə fəth edirdilər.
Ən böyük bəktaşi-ələvi şairləri Pir Sultan Abdal, Aşıq Mahi, Qul Hümmət və s. üzərində Yunusun təsiri özünü hiss etdirir. Bütün bu ədəbiyyatda əqaidə qarşı eyni ikrahı, acı ironiyaya meyli, şəriətə uyğunsuzluğu, yaxşının və pisin, imanın və imansızlığın fövqünə və sonda coşqunluq, yəni “vəcd” halına, sevilən varlıqla birləşməyə çatmaq istəyini görürük. Beləliklə, bütün bu bəktaşi ədəbiyyatında “nəfəs” adlandırılan və Yunusun ilahiləri üslubunda yazılmış şeirlər vardır. Yunusun bu ədəbiyyata təsirini göstərmək üçün tək bir misranı xatırlatmaqla kifayətlənəcəyəm; özü də bəktaşi-ələvi şairlərinin ən ifratçısının, şairlik istedadını həm ideoloji, həm də siyasi təbliğat xidmətinə ən yaxşı şəkildə uyğunlaşdırmağı bacarmış olan Şah Xətayinin misrasını! Yunus Əmrə:

Sevərsəm mən səni candan içəri,
Yolum ötməz bu ərkandan içəri

- deyə tərənnüm etmişdir.
Dini və ideoloji təbliğatı icra etmək üçün görün, bu ilhamdan Şah Xətayi necə istifadə etmişdir:

Əlini sevərəm candan içəri,
Yolunu sevərəm yoldan içəri.

Az əvvəl demişdim ki, Hacı Bəktaşla əlaqədar qaynaqlarda Yunus Əmrənin ideologiyasına zidd olan bir şey yoxdur. Əksinə, Hacı Bəktaş barədə bütün bildiklərimiz şairin düşüncələriylə üst-üstə düşür. Hacı Bəktaşın aşırı düşüncələrinin dinin zahiri formalarına qarşı duyulan ikrahdan başqa bir şey olmadığını qəbul etməyə heç bir şey mane olmur.
“Vilayətnamə”ni oxusaq, qəhrəmanına Əli şəcərəsi verməkdən savayı şiəliyin izlərinə rast gəlmərik; ən azı Anadolu xalq mühitində, hələ sünni və şiə davranışları arasında bir fərq yox ikən, bu şəcərə vermə çox normal bir şey idi.
Qəhrəman istər Məlik Danişmənd, Seyid Battal (Seyid Battalın dastanında “Vilayətnamə”dəkindən daha çox və daha ifrat şiə ünsürlərinə rast gəlinir), Sarı Saltuk kimi qazi olsun, istərsə də Hacı Bəktaş kimi mənəvi mürşid olsun, təbii olaraq Əliyə bağlanırdı. Əli ən uca “fəta” (fütüvvət əri) və bütün igidlik məziyyətlərinin nümunəsi idi. Bu dövrdə Kərbəla şəhidlərinin anılmasına rast gəlinir, lakin ifratçılıqla səciyyələnmir. Şiələrlə sünnilər arasında ayrı-seçkilik daha sonralar, Şah İsmayılın təbliğatı əsnasında ortaya çıxır. Yunus Əmrəni araşdırmaq üçün üz tutduğumuz dövrdəki tarixi Hacı Bəktaşı, yəni şairimizin şübhəsiz əlaqəsi olduğu tanınmış mənəvi mürşidi, onun adından faydalanmış aşırı şəbəkə ucbatından xalqın təxəyyülünün yaratdığı əfsanə adamı Hacı Bəktaşdan fərqləndirməyimiz lazımdır. Hacı Bəktaşın şiə təmayülləri olduğuna inanmağımız gəlirsə, bu, onun adını mənimsəyən təriqətin tədricən şiə qavrayışlarını qəbul etməsindəndir.
Bu düşüncələr Anadoluda XIII əsrdən bəri vardı. Ələmutun alınmasından sonra monqollar tərəfindən məğlub edilən Suriya ismaililərinin bir qisimi Kiçik Asiyaya sığınmışdı. İfrat şiəliyin XIII əsrdə Anadoluda mövcudluğunun azından bir əlaməti əlimizdədir: ərəb əl-Cabbari öz "Xatirələr"ində XIII əsrin əvvəlində Rum ölkəsinə etdiyi səfərlərdə şiə vilayətində olarkən, özünü Əlinin təcəllisi kimi qələmə verdiyini göstərir. Bu şahidlik həmin düşüncələrin varlığına əmin olmağımıza şərait yaradır. Bəktaşilər digər çağdaş adətlər kimi tədricən bunları mənimsəmişlər. Bu, hansı dövrdə meydana gəlmişdir? Bəktaşi-ələvi ədəbiyyatına baxsaq, bu qavrayışların XVI əsrin əvvəllərində Şah Xətayinin təsiri altında, xüsusilə nəfəslərdə büllurlaşdığını görərik…
Şəhərlərdəki bəktaşi təkyələri təşkilatlanmaları üçün Balım Sultana borclu idilərsə, kəndlərdəki bəktaşi-ələvi icmalarının ənənəsinə görə, ayinlərin nizamını quran Şah Xətayi idi. Həqiqətən də, bu ayinlərdə yalnız Xətayinin nəfəslərini oxumaq adət idi. Bir xalq din kitabında bu ənənənin doğru olduğunu tapmışdım. İmam Cəfər əs-Sadiqə bağlanan “Buyruq” adlı kitab həmin hadisənin araşdırılması baxımından əhəmiyyətlidir. “İki talibi musahib etmək bəyanındadır” başlıqlı hissədə deyilmişdir ki: "Birinci ərkan: yalnız Xətayinin nəfəsləri oxunur".
İndi isə çoxsaylı mənəvi xalq mürşidlərindən biri olan Hacı Bəktaşın müxtəlif "yol düşkünləri"nin bağrına sığındığı bu yeni təriqətə öz adını verən adam olaraq, hansı səbəblərlə seçildiyini araşdıraq.
Bu məsələnin izahı, şübhəsiz, Osmanlı imperiyası tarixində, XV əsr tarixçilərinin məlumatlarında, Aşıq Paşazadədə, anonim xronikalarda və xüsusilə “Uruç”da, I Murad zamanında yeniçəri ordusunun quruluşu məsələsində tapılır. Hər təşkilat bir pirə bağlanmaq məcburiyyətində olduğundan, ənənəyə görə, ordunun qurulmasını təsdiq edəcək icazət və yeniçərilərin xüsusi börkü, Əlif Tacı, Hacı Bəktaşın müridlərindən istənilmişdir. Bunu da qeyd etmək maraqlıdır: bəktaşilərin börkü ağ, "yol düşkünləri”ninki çox vaxt qırmızı idi; İbn Bibinin yazdığına görə, Baba İshaqın tərəfdarları və daha sonra Şeyx Heydərdən üzü bəri qızılbaşlar üçün də bu, belədir. Bu da bir daha təsdiqləyir ki, bəktaşilər pozucu ünsürlərdən deyildilər. “Uruç”a görə, Sultan Orxan qardaşı Əli Paşanın öyüdlərinə uyğun olaraq, Hacı Bəktaşın özünə müraciət etmişdir. Tarixlərin uyuşmazlığı üzündən bu söz tarixi baxımdan doğru görünmürsə də, Əli Paşanın bəktaşi dərvişlərinin törəsinə bağlanmış olması mümkündür. Nə olursa-olsun, XIV əsrdən etibarən bəktaşi dərvişlərinin törəsi "Hacı Bəktaş oğulları" adlandırılan yeniçərilərə möhkəmcə bağlanmışdır. Törənin bir nümayəndəsi, bir vəkil də bu ordu ocağında davamlı olaraq otururdu. Bəktaşilərin Osmanlı imperiyasındakı imitiyazlı durumunu onların orduyla olan bağları açıqlayır. Yeniçərilərin gücünə möhkəm bağlı olan təsirləri 1826-cı ildə yeniçərilərin ortadan qaldırılmasıyla sona çatmışdır.
Digər tərəfdən, ilk Osmanlı sultanlarının bəktaşi dərvişlərinin törəsinə bağlanmış olduqları az qala qətidir. “Üruc”un şahidlik etdiyi Əli Paşadan başqa, “Vilayətnamə”dən bilirik ki, II Bayəzid də bəktaşilərin törəsinə rəğbət bəsləyib. Həmin mənbəyə görə, II Bayəzid Hacı Bəktaşın türbəsini ziyarət etmiş və türbənin damını qurğuşunla örtdürmüşdür.
Seçmə bir ordunun piri və sultanın saydığı bir övliyanın himayəsinə sığınmaqla “yol düşkünləri” haqlı olaraq, mümkün təzyiqlərdən və qırğınlardan xilas olmağa ümid edə bilərdilər.
Məqaləmizin mövzusuna dönsək, bu qədim qaynaqların, xüsusilə Hacı Bəktaşın “Vilayətnamə”sinin şahidliyinə şübhəylə yanaşmağımızın lazım olduğunu söyləyə bilərik: istər Yunus Əmrə ilə münasibətlərində, istərsə də Hacı Bəktaş ilə Yunusun mənəvi mürşidi Tapdıq Əmrə arasındakı münasibətlərdə həqiqətən də, bu şəxslərin eyni ictimai və mənəvi mühitdən olduqları söylənə bilər. Amma bu da açıq-aşkar deyilə bilər ki, Yunus Əmrənin sonrakı əsrlərdə bəktaşi şairlərinə ilham vermiş və örnək olmuş şeirləri və şəxsiyyəti günümüzdə hələ çox yaxşı bilinməyən, həm xalq ənənəsi, həm də əfsanələrlə tamamilə dəyişmiş bir övliyanı yaradan həmin mənəvi mühitin araşdırılması üçün özü-özlüyündə bir məlumat qaynağı olmalıdır.


Azərbaycan türkcəsinə uyğunlaşdırma: Məsiağa Məhəmmədi


Davamı

Ərəstu Mücərrəd. ŞEİRLƏR

NƏ YOLLARDAN KEÇDİK!

…Qırmızı işıq arxasında
tanışdıq,
ağ cizgilər üzərində.
Qıvraq arabalar tək
zaman ötdü önümüzdən…
Ardıcıl siqnallar –
və öyləcə polis fitləri!
Baxmadıq,
qırmızı işıqlar arxasında sevişdik…
Və keçilməz
nə yollardan keçdik
gözlərinin yaşıl işığıyla!

…O, HƏM DƏ YOLDAŞIM İDİ

Atlar
otlar
üzərindən
ötdülər!

Dırnaqlarından
qopar qığılcım
və qızılı yallarında
tufan!

…İti baxışlarıyla
itdilər otlar düzənində;
lal qurşun havada itən kimi…

Atlar!

İzləri
ulduzların
gözlərində qaldı…


NAZİM HİKMƏTDƏN İRAQ!

Yaşamaq
bir məzar kimi
tək və hürr
Və bir məzarlıq kimi
qardaşcasına,
bu tale bizim

QUMLAQDA

…Burada
saçlar küləyə verilməz,
islanmaz yağmura
Və dəniz
səni öpəməz heç!
Sən bizim elə açıqca yad,
elə ki, Narım –
dözəməzsən!
Bu dəmir şəhərdə
mavi ruhlar
ağır-ağır paltarlar içrə
və günlər sanki bir ovuc qum,
sovrular qumlaqda!
Hər şey yad sənə,
hər şey uzaq;
Narım!
Qaytara bilərmisən uçaq biletini?!



Tarix mənə dedi:
qan
qan
qan
Qandım!
Tarix tamam
qan
qan
qan


Qaynaq (ərəb əlifbasında): http://dusharge.blogfa.com/post-280.aspx


Davamı

TƏRZİ ƏFŞAR VƏ ONUN «TƏRZİ»

Qədri-təlayi-xalisimi cövhəri bilür,
Nadan yanında xaklə gərçi müsaviyəm.
Kutəhnəzər görür məni yerdə Günəş kimi,
Surətdə gərçi ərziyəm, amma səmaviyəm!

Tərzi

XVII yüzillikdə fars dilində Təsir Təbrizi, Valehi Ərdəbili, Cuya Təbrizi, Müti Təbrizi, Ziyadi Qarabaği, Naseh Təbrizi, İbrahim Ordubadi, Sabit Təbrizi, Məhvi Ərdəbili və başqa şairlərimiz yazıb-yaratmış, farsdilli ədəbiyyatın yayıldığı geniş regionda kifayət qədər şöhrət tapmışlar. Bu gün həmin şairlərin adları və əsərləri əksər mütəxəssislərə belə məlum olmasa da, onlar öz dövrlərində ədəbi prosesin fəal iştirakçısı kimi müasirlərinin yaradıcılığına, bədii zövqlərin formalaşmasına təsir göstərmiş, mənəvi-estetik tələblərin ödənilməsində bu və ya digər dərəcədə rol oynamışlar. Onların ədəbi irsi, şübhəsiz, xalqımızın bədii mədəniyyətinin bir parçası, tərkib hissəsidir və həmin irsin üzə çıxarılması, nəşri, tərcüməsi və təqqiqi müasir ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir.
Bu dövrdə yaşamış sənətkarlar içərisində orijinal poetik istedadı ilə seçilən şairlərdən biri də Tərzi Əfşardır. Onun yaradıcılığı təkcə konkret ədəbi-tarixi dövrün faktı kimi deyil, həm də bir sıra xüsusiyyətləri baxımından nadir və hətta müstəsna hadisə kimi maraq doğurur. Və görünür, məhz sonuncu cəhətə görə Tərzinin irsi yuxarıda adlarını çəkdiyimiz müasirləri ilə müqayisədə diqqəti daha çox cəlb etmiş və onun tədqiqi sahəsində bəzi təşəbbüslər göstərilmişdir. Əlbəttə, təzkirəçilər ənənəyə uyğun olaraq, onun haqqında bir neçə cümləlik, çox vaxt olduqca az informasiya yükünə malik qeydlər və şeirlərindən müəyyən beytlər verməklə kifayətlənmişlər. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin «Məcməül-füsəha»dakı xəsis məlumatına istinad etmişlər.

Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan «İranşəhr» jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, «Tərzi Əfşar və onun yaradıcılığı» adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. H.Araslı «XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir.
Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır. Məhz bunun sayəsində, yəni şeirlərində olan məlumatları sistemləşdirməklə, onun bioqrafiyasının ümumi mənzərəsini bərpa etmək mümkündür. Əsərlərindən belə məlum olur ki, Tərzi Əfşar Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) müasiri olmuşdur. Elə bu da onun XVII əsrin birinci yarısında yaşayıb-yaratdığını söyləməyə əsas verir. Nəsrabadi təzkirəsindəki məlumat XVII əsrin 70-ci illərində şairin artıq həyatda olmadığını göstərir. İstər şairin adından, istərsə də əsərlərindəki çoxsaylı faktlardan onun qədim türk tayfalarından olan Əfşar elinə mənsubluğu aydınlaşır. M.Təməddün onun Urmiya yaxınlığındakı Tərzlu kəndindən olduğunu yazır. Lakin bu ehtimal yalnız ad uyğunluğuna əsaslanır. Y.E.Bertels buna şübhə ilə yanaşıb, öz növbəsində əsaslı bir dəlil gətirmədən şairin Təbrizdən olması ehtimalını irəli sürür. Lakin «Tərzi» təxəllüsü, bizim fikrimizcə, şairin «ixtira etdiyi» yeni «tərzlə» - ifadə manerası və üslubla bağlıdır.
Tərzinin əsərlərindən aydın olur ki, onun mənsub olduğu tayfaya münasibəti o qədər də müsbət deyilmiş. Görünür, şairin təbiəti bu tayfada hökm sürən «vurub-yıxmaq» mühitini qəbul etməmiş, odur ki, gənc yaşlarında paytaxt İsfahana köçə bilməsini özü üçün böyük uğur sanmışdır. Sonralar fars dilində yazdığı bəhri–təhvildə bu hissini açıqca bildirmiş, yalnız olduqca səmimi və emosional bir parça ilə vətəndə qalmış qoca atasının həsrətini çəkdiyini ifadə etmişdir: «Ürəyimdə heç bir dərdim yoxdur, qoca atamdan ayrı düşməyimdən savayı. Görəsən, elə bir gün gələcəkmi ki, onun nurani simasını görüm, əlini öpüm və üzr diləyim?! Ey səhər yeli, get, mənim salamımı atama yetir və de: «Tərzi Əfşar sənin fərağından o qədər ağlayıb ki, göydəki buludları xəcil edib!».
Şairin atası ilə görüşüb-görüşmədiyi əsərlərindən məlum olmur. Məlum olan budur ki, saraya yol tapa bilməyən Tərzi saysız-hesabsız səfərlərə başlayır. Bu səyahətlərin xəritəsi müasir oxucunu da heyran qoyur: şair demək olar ki, bütün İranı, Ərəbistanı, Qafqazı gəzmiş, Hindistana, Ruma (Kiçik Asiyaya), hətta Avropaya da gedib çıxmışdır. Bütün bu səfərlər, onlardan alınan təəssüratlar, hətta bəzən onların tarixi şairin şerlərində dəqiq əksini tapıb. Tərzi Gəncədə (burada o, Nizaminin qəbrini ziyarət edib), «Dəşti-ədəm» adlandırdığı Muğan düzündə, bir neçə dəfə Şamaxıda olub, dəfələrlə Ərdəbilə, Təbrizə gedib və bütün səyahətlərinin sonunda İsfahana qayıdıb. O dövrdə bir çox şairlər Hindistana köçdükləri halda, Tərzi İsfahanı üstün tutub, özünün dediyi kimi, «dünya malına görə» Hindistana getməyib.
Tərzi, demək olar ki, bütün ömrünü maddi ehtiyac içərisində keçirmiş, lakin qürurunu sındırmayıb öz yoxsulluğuna ironik münasibətini ifadə edən şeirlər yazmışdır. Bu cəhətdən şairin yaradıcılığı daha bir maraqlı bioqrafik faktı əks etdirir: Tərzinin ağır maddi vəziyyətini görən Şah Səfi ona ayda 9 tümən məbləğində təqaüd kəsir. Şair bu 9 tüməni almaq üçün müvafiq idarələrə düz 9 ay ayaq döyür. (Burada 9 ağca təqaüdünü almaq istərkən övqaf idarəsinin süründürməçiliyi ilə qarşılaşan Füzuli yada düşür). Nəhayət, onuncu ay şair bu vəziyyəti açıqlayan bir rübai ilə Şah Səfiyə müraciət edir və özünəməxsus hazırcavablıqla artıq 9 tüməni 10 tümənlə əvəz etmək vaxtı çatdığını vurğulayır. Bu dəfə Tərzinin bəxti gətirir və o, ayda 10 tümən təqaüd almağa başlayır. Lakin o, bununla kifayətlənməyib tezliklə şaha daha bir rübai göndərir və təqaüdünün 12 tümən məbləğində müəyyənləşdirilməsini xahiş edir. Şair bu istəyini uğurlu bir tərzdə sitayiş etdiyi imamların sayı ilə əlaqələndirmiş və görünür, məqsədinə nail olmuşdu.
II Şah Abbas Tərziyə qarşı daha lütfkar olmuş, şairin özünün yazdığı kimi, «sonsuz səfərlərinə son qoymaq üçün» onu evləndrmiş və sarayda işə təyin etmişdi. Təsadüfi deyil ki, Tərzi II Şah Abbasa çoxlu şeirlər həsr etmiş və onu minnətlarlıqla tərifləmişdir.
Tərzi yaradacılığının ən mühüm və orijinal cəhəti onun özünəməxsus dili, ifadə tərzidir. Qeyd edək ki, şairin yaşadığı əsr, ümumiyyətlə, poeziyada yeni üslub axtarışları dövrü idi. Həmin axtarışlar son dərəcə intensiv, ardıcıl və şüurlu səciyyə daşıyırdı. Tərzinin müasirlərindən Kəlim Kaşani, Saib Təbrizi, Qəni Kəşmiri və b. şairlərin əsərlərində dönə-dönə işlətdikləri “tərz-e noy” və “tərz-e taze” ifadələri məhz bu məqsədin açıqlanmasına xidmət edirdi. Bu ifadələrə Tərzinin şeirlərində də tez-tez təsadüf olunur. Lakin araşdırma göstərir ki, Tərzi yaradıcılığında həmin ifadələr nisbətən fərqli məna yükünə malik idi. Adı çəkilən şairlərin poeziyasında yeni üslub yaradıcılığı daha çox tematik və estetik istiqamətlərdə aparılırdısa, Tərzi həmin işi sırf linqvistik planda həyata keçirirdi. Şairin irsinin ən qabarıq xüsusiyyətli – onun qeyri-adi söz yaradıcılığı da həmin seçimin bilavasitə nəticəsi idi.
Tərzinin söz yaradıcılığı, başlıca olaraq, feil kateqoriyasına aiddir. Belə ki, o, fars dilindəki məsdər modelinə əsaslanaraq, analogiya üsulu ilə adlardan feillər düzəldir və həmin feillər yeri gəldikcə şəxslərə və zamanlara görə dəyişirdi. (Məsələn, «qəbulidən», «pulidən», «səfəridən», «aşkaridən», «tofəngidən», «mehmanidən», «qorbanidən» və s.). Bununla da «kərdən» və «şodən» («etmək» və «olmaq») köməkçi felləri vasitəsilə adlardan mürəkkəb feillər düzəldilməsi yolu adlara bilavasitə məsdər şəkilçiləri artırmaqla yeni feillər yaradılması yolu ilə əvəz olunur.
Şair hətta yer adları üzərində də bu əməliyyatı aparır (məsələn, «Təbrizidən», «Tehranidən», «Rəştidən», «Nəcəfidən» və s.). Maraqlıdır ki, eyni üsulla türk (Azərbaycan) sözlərindən də feillər düzəldilir və geniş şəkildə istifadə olunur («kəsidən» - kəsmək, «minidən» - minmək, «içidən» - içmək, «qaçidən» - qaçmaq, «gəlidən» - gəlmək və s.). Ümumiyyətlə , Tərzinin farsca şeirlərində Azərbaycan sözləri bol-bol işlədilir – burada istər ayrı-ayrı leksik vahidlərə, istərsə də bütöv ifadə və cümlələrə rast gəlirik. Həmin sözlərin toplanıb təhlil edilməsi ədəbi dil tariximiz üçün əhəmiyyət kəsb edə bilər. Burada həmçinin maraqlı onomastik material da mövcuddur. Məsələn, şairin Əfşarları məzəmmətlə yazdığı məsnəvisində və digər şerlərində Duraq bəy, Qarlı ağa, Yağmur, Çavğun, Gökcə, Yarmış, Daşdəmur, Atluxan, Yoloğlu, Qılınc bəy, Xəncər bəy və s. kimi şəxs adları işlənmişdir.
Tərzinin divanında Azərbaycan dilində bütöv şeirlər də vardır - bunlar bir qəsidə, bir qitə və üç rübaidən ibarətdir. Maraqlıdır ki, eyni tipli söz yaradıcılığını şair həmin şeirlərdə də həyata keçirmiş, adlardan fellər düzəltmişdir. Misal üçün, Tərzinin II Şah Abbası Bağdadı osmanlılardan almağa təşviq edən qəsidəsindən aşağıdakı misralara nəzər salaq:

Pərvazlandı dil yenə Bağdadlanmağa,
Ol bürci-övliyaya qonub şadlanmağa.
Ol xaki-pak təki hanı bir sərzəmin dəxi
Qəm paybəndini qırıb azadlanmağa.
Rahi-fənada tuşeyi-təqva yetər mana,
Yox iştaham yolda mənim zadlanmağa…
Bağdadımız xərabdür, amma ümid var
Abbas əlilə əl verə abadlanmağa.
Ol baniyi-binayi ədalət ki, dəhrdə
Bünyani-zülmü qoymadı bünyadlanmağa.
Şahənşəha, kəminə duaguyi-Tərziyəm
Mürşid dərinə gəlmişəm irşadlanmağa.
Nuşirəvani-vəqtsənü zilli-ədl ki,
Çoxlar gəlir ümmidlə imdadlanmağa.
Mən həm sitəmkeşideyi-zülmi-zəmanəyəm,
Yet dadə, qoyma bəndəni fəryadlanmağa…

Tərzinin poeziyası obrazlar səviyyəsində də maraq doğurur. Üslubun demokratikləşməsi, obrazın «endirilməsi», xalq təfəkkürü arsenalından faydalanma və s. leksik-frazeoloji sistemdə olduğu kimi, obrazlar sistemində də özünü göstərir. Şairin Azərbaycan dilindəki qitəsindən götürülmüş aşağıdakı beytlər dediyimizi təsdiq edir:

Bizayiqə yanında yavan aşa oxşaram
Ağzı dadın bilənlərə Gilan çilaviyəm.
Tərz ilə filməsəl öküzəm hər diyarda
Əfşar eli içində vəli ev buzaviyəm.

Şairin aşağıdakı rubaisi isə onun heç bir eksperimentə əl atmadan, klassik harmoniya qanunlarına və poetik normalara tam əməl etmək şərti ilə bədii nümunələr yaratmaq qüdrətini nümayiş etdirir:

Bir gül məni xarü zarü heyran etdi,
Könlümü həzin, didəmi giryan etdi.
Nərgisləri tək eylədi bimar məni
Zülfü kimi halimi pərişan etdi.

Tərzi Əfşarın özünəməxsus «tərz»ində bir tərəfdən dövrün dil şəraitinin inikasını, digər tərəfdən isə mövcud poetik dilə yeni nəfəs vermək cəhdini görmək lazımdır. Şair öz «mən»inin daha sərbəst ifadəsinə və uyğun nitq açılışına nail olmaq üçün dil təfəkkürünün ətalətini dəf etməyə və poetik dillə danışıq dili arasındakı ziddiyyəti aradan qaldırmağa çalışmışdır. Bu mənada, Tərzi Əfşarı XX əsrin futuristləri ilə müqayisə etmək olar.

ƏDƏBİYYAT:
1. Tərzi Əfşar. Divan. Tehran, 1338.
2. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987.
3. Rzaqulu xan Hidayət. Məcməül-füsəha. Tehran, 1295.
4. Həmid Araslı. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956.
5. Е.Э.Бертельс. История литературы и культуры Ирана. М.,1988.


Davamı

Dədə Katib. ŞEİRLƏR

Xəbər verildiyi kimi, bu günlərdə Güney Azərbaycanın tanınmış el şairi Dədə Katibin «Günümüz aydın» adlı sayca üçüncü kitabı işıq üzü görüb. Həmin kitabdan üç şeiri sizə təqdim edirik.

OĞLUYAM

Yaradana şükr elirəm,
Mən bir müsəlman oğluyam.
Fikr etməmiş danışmaram,
Bir doğru insan oğluyam.

İlham almışam Qurandan,
İbrət almışam zamandan,
Qorxmaram tozdan, dumandan,
Dalğalı tufan oğluyam.

Mən bir türkəm, bozqurdluyam,
Oğuz, Dədə Qorqudluyam,
Bir qızğın atəş odluyam,
Bir qeyrətli qan oğluyam.

Dədə Katib, elim türkdür,
Doğru-düzgün yolum türkdür,
Xoş danışan dilim türkdür,
Mən Azərbaycan oğluyam.

OYANSIN

Qadir Allah, getsin qışın dumanı,
Yenə bahar gəlsin, güllər oyansın.
Çiçəklənsin yurdumuzun hər yanı,
Yağmur yağsın, coşqun sellər oyansın.

Güllər bizim olsun, qazlar bizimki,
Sözlər bizim olsun, sazlar bizimki,
Marallar bizimki, nazlar bizimki,
Yayla yaşıllaşsın, ellər oyansın.

Qüdrətlənsin iyitlərin qolları,
Güclənək, qapsayaq sağı, solları,
Vuraq, pozaq, açaq bağlı yolları,
Caddələr şən olsun, yollar oyansın.

Bir-birə dayansın güclü çiginlər,
Qarabağdan çıxsın quduz xainlər.
Bakıda oxusun aşıq qadinlər,
Barmaq mizrab çalsın, tellər oyansın.

Dədə Katib, qısatmaram dilimi,
Həqqə doğru bağlamışam belimi,
Çox sevərəm Azərbaycan elimi,
Azərbaycan türki dillər oyansın.


NƏ ADƏTDİR?

Qadir Allah, nə adətdir zamanda?!
Yoxsulun düz sözün heç kəs haqlamır.
Nə qohum, nə qardaş, nə də qonşular,
İllər dönür, bir-birini yoxlamır.

Mömin qardaş hərdən toya gələndə,
Minlik səpir toyçuları görəndə,
On beş tümən müstəhəqqə verəndə,
Sancı tutur, sübhə kimi yuxlamır.

Elm məclisindən dolanır uzaq,
Mənalı sözlərdən olubdur qaçaq,
Mənasız sözlərə qoç oğlu qoçaq,
Əngi bərkdi, ha danışır laxlamır.

Dədə Katib əyri yoldan qəyidir,
Fələk dəyirmandı, xəlqi üyüdür,
Bir ata bir sürü övlad böyüdür,
Səkkiz oğul bir atanı saxlamır.


Qaynaq (ərəb əlifbasında): http://aratquluncu.blogfa.com/post-52.aspx


Davamı

Seyid Heydər Bayat. ŞEİRLƏR

YALANÇILAR

Uşaqlıqda
Ay əllərimi aldatdı gölməçədə
Cavanlıqda
Sən ürəyimi aldatdın
Həyətdə
İndi baxıram
Yol ayaqlarımı aldadıb
Küçədə


YENƏ DƏ DİLƏK


Çıxmaq üçün endik
Olduğumuz zirvələrdən
Qanadı verdilər sənə
Uçmaq nisgilini mənə
Ayağı verdilər sənə
Çatmaq diləyini mənə
İndi yalvarıram sənə
Ay sən!
Geri qaytar məni,
Olduğum zirvələrə

AMMA QIZ!

Getmişdim alma dərəm
Sarımsaqlar yekəlmişdilər
Bir qız ətəyi dolu sarımsaq
Baxıb dedi: «İstidən saxlar
At ağzına
İsti vurmadan saxlar»
«Amma qız,
Mənim hələ donum açılmayıb»
Qaçıb anasına dedi: «Yazıq! Ana, o oğlan dəlidir»
«Almalar?!
Almalar?! Hardadır?» -
sordum
«Ağaclarını kəsdik, alanı yoxdu» -
dedi
«Üzümlüklər necə?» -
sordum
«Sirkəsiz sarımsaq, bir şeyə yaramaz
Üzümlüklər durur» -
dedi

OĞRU!

Tanrı coşdu
Mən axdım
Varlığın çayı dalğalandı
Tanrı şaxdı
Mən saçdım
Yoxluğun yurdu işıqlandı
Tanrı baxdı
Mən baxdım
Mən alçaqlandım
O ucalandı
Yer-göy
Aralandı
Sonra
Sol cibimidən Həvvanı eşiyə çıxartdım
Tanrı
dedi: «Ay oğru!»
Gözləri buludlandı

DİVAN

Hüseyn Münzəviyə

Heç bilmədim sən şeirsən,
Ya şeir – sən!
Şeir qandır
Sən damar
Sən damarsan
Şeir qan
Dalırsız bir-birinə
Divan olub
Məni divanə edirsiz
Siz!

_______________
Şeirlər müəllifin «ALMA YOLU» kitabından (Tehran, 2008) seçilərək latın qrafikasına çevrilib. Bu kitabın mənə çatmasına yardımçı olmuş şair dostum Həmid Asəfiyə təşəkkürümü bildirirəm – M.M.


Davamı

Elşən Böyükvənd. ŞEİRLƏR

Sözcüklərin qabığını soyub
hər sətirdə boşqaba qoymuşam
gəlib yeyəcəksənmi?
Arazda bir qayığım vardır
kürəyi sevgidən
minib gedəcəyikmi?
Hansı zaman
gözləyişin köynəyinin düymələrini
ürəyimdən açacaqsan?
Sözcüklərin qabığını soyub
hər sətirdə boşqaba qoymuşam
qaralarmı?



Boyunbağın boynumdadır
qoxun
ad günümə aldığın oyuncaqda;
Sənsiz
bu duzsuz günlərdə
öpüş yasaq.
Dodağım susamış bir salama
və şeirlərim sətirsiz kağızlara köçür.
Hey,
səni hər gecə
tavana çəkirəm gözlərimlə.



Dedi: Diş fırçan yoxmu sənin?
Var – dedim.
Dedi:
Nədən böylə qoxuyur ağzın
pişik ölüsü tək?
Ah, dostum – dedim –
İçimdə kəfənsiz bir ölü yaşayır
Və günün bütün saatlarında
içimə ağıları ilə
yeyə vuran bir qara geyimli ana
Nə bir molla
Nə də meyit namazı qılan insan.
Yalnız
damarlarındakı
laxtalanmış qanı sümürən
milçəklərin ziyafətidi
və qorapalana döndərdikləri meyitdə
yas düyüsü olan qurdların.
Bir ölü yaşayır içimdə
mənimsə
əllərim qoynumdadır.



Didilmiş yun kimiyəm
məxmər parçasında sırılıb
yorğanın olub
əndamına büküləcəyəm
heç bir qəzəl söyləmədən.
Dəniz boyda sinəndə
üzəcək dodağım balıq kimi
və ağ qayış kimi
dolanacaq belinə əllərim.
Gövdəmizsə,
iki dəmirçəkən* kimi
yapışacaq bir-birinə
bir axşam boyu.
_______
* maqnit



Zaman Paşazadənin insani yaşamına sunuram

Örpəklər oğrusudur külək
bütün qızların
gövdəsini yalayan,
boyasız axımdı külək
çapar çapar
çapıb
çalar
çuxurları
çulğalayar,
kirli qulaqlar üçün
dilotu yemişdi külək,
yalar darar
darar yalar
qız telini
dondurma yalayan uşaq kimi,
dəlilərdən də özgür
sınırlar sındırandı külək.

____________
Elşən bəyin şeirlərini mənə göndərmiş dəyərli dostum Hümmət Şahbaziyə təşəkkür edirəm – M.M.


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər