“Mübaliğəsiz deyə bilərik ki, Lütfizadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi vətənimizin başını uca etmişdir”.
2005-ci ilin aprel ayında uzun illərdən bəri İngiltərədə yaşayıb yaradan türkoloq, iranşünas soydaşımız, xaricdəki ən görkəmli Azərbaycan alimlərindən biri Turxan Gəncəyi vəfat etdi. Bir az öncə – həmin ilin mart ayında isə Turxan bəyin 80 yaşı tamam olmuşdu. Avropada böyük bir alim kimi tanınan T.Gəncəyinin yubileyinin heç kimin yadına düşməməsi, vəfatı barədə ölkəmizin cəmi bir neçə qəzetində məlumat verilməsi göstərir ki, onu Azərbaycanda daha yaxşı tanıtmağa böyük ehtiyac vardır.
Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək, oradakı üniversitetin türk və fars dilləri bölümünü bitirib.
Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvəti ilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949-1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956-1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969-1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir.
Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfizadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi vətənimizin başını uca etmişdir.
Hələ gənc ikən şərqşünasların XXIV qurultayında iştirak edən Gəncəyi haqqında o dövrün tanınmış elm və siyasət adamı Seyid Həsən Tağızadə demişdi: «Bildiyimə görə, cənab Turxan Gəncəyi yeganə iranlıdır ki, türk dilləri və tarixi üzrə ixtisas sahibidir. İtaliyada Neapol darülfünununda məlumatlarını təkmilləşdirməklə və tədrislə məşğuldur».
Ötən əsrin 87-ci ilində «Sovetskaya türkologiya» jurnalında Turxan
Gəncəyi əsərlərinin icmalını verən rus alimi A.M.Şerbakın dediyi kimi, alimin elmi maraqları əski özbək (cığatay), əski türk (osmanlı), əski Azərbaycan və fars-tacik ədəbiyyatını əhatə edirdi.
Gəncəyinin ilk işlərindən biri Əlişir Nəvainin «Mühakimətül-lüğəteyn» əsərinin farscaya tərcüməsidir. Bunun ardınca o, Azərbaycan şairi, farsca divan və məsnəvi müəllifi Təsir Təbrizinin (1655-1717) türkcə şeirləri haqqında məqalə yazmışdır.
Alimin Hüseyn Bayqarının memuar janrına aid olan nəsr əsəri haqqında məqaləsi öz məzmununa görə çox maraqlıdır. (Həmin əsərdə Əbdürrəhman Cami, Əlişir Nəvai və digər şairlərin xarakteristikası, orta əsrlər Xorasan həyatının müxtəlif tərəfləri haqqında məlumat verilmişdir). Məqaləyə Hüseyn Bayqaranın cığatay dilində yazdığı əsərin mətni və onun tərcüməsi də əlavə edilib.
Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətnini Turxan bəy 1959-cu ildə tərtib edib. Divanın 259 şeirdən ibarət mətnini hazırlayarkən o, Londonun Britaniya muzeyindəki iki, Vatikan kitabxanasındakı bir və V.Minorskinin şəxsi kolleksiyasındakı bir nüsxədən istifadə edib. Alimin bu nəşrinə yüksək qiymət verən görkəmli türkoloq alim A.Zayançkovski nəşrə yazdığı rəydə göstərirdi ki, Xətai divanında Azərbaycan dilinin tarixi üçün əhəmiyyəti faktlar üzə çıxır.
T.Gəncəyinin ən iri həcmli işlərindən biri XIV əsrdə yaşamış şair Xarəzminin «Məhəbbətnamə» əsərinin nəşridir. Onun Britaniya muzeyində saxlanan uyğur nüsxəsinin faksimilesi əlavə edilən birinci hissəsi ön söz, transliterasiya və mətn barədə qeydlərdən, ikinci hissəsi ön sözlə mətnin italyancaya tərcüməsindən ibarətdir, üçüncü hissə isə poemada rast gəlinən türk sözlərinin lüğətini ehtiva edir. Türkoloq alim C.Kloson alimin bu nəşrinin qısa xarakteristikasını verərək onu yüksək qiymətləndirmişdir.
Elxanilər dövrünün (XIII-XIV əsrlər) fars poeziyasında türk və monqol sözlərindən bəhs edən bir məqaləsində T.Gəncəyi göstərir ki, artıq Samanilər dövründə fars şairlərinin dilində (məsələn, Rudəkidə) türk dillərindən götürülmüş sözlərə rast gəlmək olur. Sonrakı dövrdə, Qəznəvilərin və Səlcuqilərin hakimiyyəti zamanı fars dilinə türk sözlərinin axını artmışdır. Monqol istilasından sonra fars dilinə bir sıra monqol sözləri də daxil olumuşdur.
Fars dilində türkizm və monqolizmlərin öyrənilməsini gələcəyin aktual vəzifələrindən hesab edən T.Gəncəyiyə görə, bu sahəyə dair xüsusi tədqiqatlar, demək olar ki, yoxdur.
«Novruznamə və türk məsəli» adlı məqaləsində T.Gəncəyi Novruz haqqında bu risalənin əlyazma və çap nüsxələrinin qısa icmalını verir və əsərin müəllifi barədə fikir söyləyir. «Novruznamə»nin ilk tədqiqatçıları əsərin müəllifinin Ömər Xəyyam olduğunu göstərmişlər. Bu fikrin yanlışlığını göstərən T.Gəncəyi əsərin mətnində gedən bir türk məsəli əsasında sübut edir ki, müəllif türkləri tərif edən Alib Məhəmməd əl-Xiyazi əl-Qainidir.
T.Gəncəyi məqalələrindən birini 1533-cü ildə Təbrizdə dünyaya gəlmiş görkəmli Azərbaycan şairi, alimi və rəssamı Sadiq bəy Sadiqinin şeirlərinə həsr edib. II Şah İsmayıl və I Şah Abbas dövründə saray kitabxanasına başçılıq edən Sadiqi 1602-ci ildə İsfahanda yaşayarkən üç hissədən ibarət külliyat tərtib etmişdir: «Məcməül-xəvas», «Divan» və «Münşəat». Əlişir Nəvainin «Məcalisün-nəfais» əsəri əsasında yazılan birinci hissədə əski Azərbaycan, əski özbək və əski türk dillərində poetik əsərlərdən nümunələr verilib. Məqalədə müəllif Sadiqinin bütün sadalanan əski türk dillərini kamil bildiyini sübut edir.
T.Gəncəyi klassik türk poeziyasında vəzn və qafiyə məsələlərinə xüsusi fikir vermiş, bu barədə ciddi elmi əsərlər yazmışdır.
Görkəmli alimin elmi əsərləri bu sadalananlardan qat-qat çoxdur və biz onların hamısını əhatə etməyi qarşımıza məqsəd qoymamışıq. Vaxtilə «Fəsli-kitab» dərgisinin müəlliflərindən biri onu həm də dəyərli bir şəxsiyyət kimi səciyyələndirərək yazırdı: «O, məşhur bir alim olmaqla yanaşı, həm də yüksək intellektual səviyyəyə, insani dəyərlərə malik gözəl bir şəxsiyyətdir».
Dərin elmi təfəkkürə, geniş biliyə malik Turxan bəy öz yazılarına çox ciddi yanaşar, kiçik həcmli bir məqaləni yazmaq üçün uzun müddət çalışardı. Tanınmış yazıçı, alimin yaxın dostu və həmyerlisi Məhəmmədəli Müvəhhid bu barədə belə yazır: «Turxan çox oxuyub az yazan tədqiqatçıdır. Onun bilik vüsəti, fikir üfüqlərinin genişliyi ilə müqayisədə yaradıcılığı az nəzərə çarpır. Turxan ancaq öz ixtisasına dair yazılar yazar, özü də o vaxt əlinə qələm alar ki, deməyə yeni bir sözü olsun. Onun hər bir qısa və konkret məqaləsi uzunmüddətli mütaliə və araşdırmaların məhsuludur».
Orasını xüsusilə qeyd etmək istəyirik ki, bu yazıda adını çəkdiyimiz azsaylı alim və yazıçılar istisna olmaqla bir çox İran müəllifləri T.Gəncəyini yalnız fars dili və ədəbiyyatını tədqiq edən alim kimi təqdim etməyə çalışmışlar və onun əsas tədqiqat sahəsi olan türkologiyadakı fəaliyyəti üzərindən sükutla keçmişlər.
Bu günlərdə görkəmli mətnşünas-alim, filologiya elmləri doktoru, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Tahir Əhməd oğlu Məhərrəmovun 85 yaşı tamam olur. Tahir müəllimin keşməkeşli və şərəfli ömür yolu elmə təmənnasız xidmətin parlaq nümunəsidir.
T.Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. Ilk təhsilini doğma kəndində alan T.Məhərrəmov Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağrılan T.Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.
1945-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət Ağdaş rayon xalq maarifi şöbəsində çalışan T.Məhərrəmov 1946-cı ildə özünün çoxdankı arzusunu – ali təhsil almaq istəyini gerçəkləşdirmək üçün S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq faküItəsinə daxil olur və 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirlr.
Bir neçə il Bakının Balaxanı və Zabrat kəndlərində fars dili müəllimi işləyir və nəhayət, elmə bitlb-tükənməyən marağı onu Azərbaycan Elmlər Akademiyasına gətirib çıxarır. 1958-ci ilin martında yenicə уaradı1mış Şərqşünaslıq İnstitutunda (o vaxtlar Yaxın və Orta Şərq xalqları İnstitutu adlanırdı) elmi fəaliyyətə başlayan T.Məhərrəmov həyatını bütünlüklə bu instituta bağlayır. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edən T.Məhərrəmov uzun illər instltutun mətnşünaslıq şöbəsinə rəhbərlik etmişdir. Bu illər ərzində Tahir müəllimin qələmindən altı kitab, yüzə yaxın elmi məqalə çıxmışdır. Onun əsərləri təkcə Bakıda deyil, Moskvada, Daşkənddə, Tehranda, Tbilisidə, Dehlidə və Düşənbədə nəşr olunmuşdur. O, bir çox ümumittifaq və beynəlxalq elml məclislərdə Azərbaycan şərqşünaslığını ləyaqətlə təmsil etmişdir. Çoxillik səmərəli fəaliyyətinə görə o, keçmiş SSRİ-nin ən yüksək mükafatlarından biri olan "Şərəf nişanı" ordeni ilə, eləcə də bir sıra medallarla təltif olunmuşdur.
T.Məhərrəmov əsası mərhum akademik Ə.Ə.Əlizadə tərəfindən qoyulmuş milli mətnşünaslıq məktəbinin görkəmli və aparıcı nümayəndələrindən biridir. Bəllidir ki, mətnşünaslıq, xüsusən Şərq əlyazmalarının mətnşünaslığı filologiyanın ən çətin və mürəkkəb sahələrindən biridir. Müxtəlif əlyazma nüsxələri əsasında elmi-tənqidi mətnlərin hazırlanması mətnşünasdan xüsusi istedad, geniş erudisiya və ən başlıcası, tükənməz zəhmətkeşlik tələb edir. 43 illik elmi fəaliyyətinin nəticələri T.Məhərrəmovun bu keyfiyyətləri özündə cəmləşdirdiyini sübuta yetirmişdir.
Tahir müəllimin mətnşünaslıq fəaliyyəti onun nizamişünaslığa daimi elmi marağı ilə üzvi surətdə bağlıdır. Belə ki, onun həm namizədlik, həm də doktorluq dissertasiyası farsdilli poeziyada Nizami məktəbinin ən görkəmli nümayəndəsinin - böyük hind şairi Əmir Xosrov Dehləvinin yaradıcılığına həsr olunmuşdur. Eyni zamanda Tahir müəllim Əmir Xosrovun "Xəmsə"sinə daxil olan "Məcnun və Leyli" və "Mətləül-ənvar" poemalarının elmi-tənqidi mətnini hazırlamışdır. Moskvada "Nauka" nəşriyyatında böyük tirajla nəşr edilən bu mətnlər nəinki keçmiş SSRİ-də, eləcə də beynəlxalq aləmdə yüksək qiymət almışdır. Lakin Tahir müəllimin mətnşünaslıq fəaliyətinin zirvəsi, mənim fikrimcə, Nizaminin "Yeddi gözəl" poemasının elmi-tənqidi mətnidir. 14 əlyazma və iki çap nüsxəsi əsasında hazırlanmış bu mətn də 1987-ci ildə Moskvada nəşr edilmişdir. Bu işin necə böyük zəhmət tələb etdiyini mütəxəssislər yaxşı bilir, lakin mətnşünaslıqdan uzaq olan şəxslər də 16 mətnin misra-misra, sözbəsöz tutuşdurulmasının sadəcə texniki baxımdan nə demək olduğunu təsəvvür edə bilərlər. Məhz bu gərgin əməyi sayəsində Tahir müəllim “Həft peykər"in V.Dəstgirdi və Yan Ripka kimi ünlü alimlər tərəfindən nəşr оlunmuş mətnlərindən daha kamil bir mətninin ortaya qoyulmasına müvəffəq olmuşdur.
1980-сi illərdən başlayaraq, T.Məhərrəmov Nizaminin daha bir görkəmli davamçısının - yaradıcılığı demək olar ki, öyrənilməmiş Əşrəf Marağayinin ədəbi irsinin tədqiqi ilə məşğul olmuşdur. Və mübaliğəsiz deyə bilərik ki, Tahir müəllim əslində Əşrəf Marağayini eim aləmi üçün kəşf etmişdir. Əşrəfin lirikasını və "Xəmsə"sini hərtərəfli öyrənən alim onun barəsində bir sıra məqalələrlə çıxış etmiş, həmçinin "Xəmsə"yə daxil olan beş poemanın elmi-tənqidi mətnlərini hazırlamışdır. Təəssüf ki, həmin mətnlər indiyə qədər çap olunub elmi ictimaiyyətə çatdırılmamışdır. Əşrəf yaradıcılığı ilə bağlı çoxillik axtarışlarının məhsulu olan "Əşrəf Marağayi (həyatı və yaradıcılığı)” adlı iri həcmli monoqrafiyası "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir. Monoqrafiyanın elmi redaktorlarından biri kimi mən əsərin çapa hazırlanması zamanı Tahir müəllimin şəxsiyyətinə daha yaxından bələd oldum, ən başlıcası isə onun yaşlı nəslin nümayəndələri üçün о qədər də xarakterik olmayan bir keyfiyyətinin – tənqidi fikrə dözümlü münasibətinin şahidi oldum. Talıir müəllimin elmdə bu məqama yetişməsinin əsas səbəblərindən biri də, məncə, həmin xüsusiyyət olmuşdur.
T.Məhərrəmov təkcə klassik abidələrin tənqidi mətnlərinin hazırlanması sahəsində deyil, həm də onların dilimizə tərcüməsi istiqamətində xidmətlər göstərmişdir. O, Nasir Xosrov Ələvinin "Səfərnamə"si kimi mürəkkəb bir əsəri uğurla Azərbaycan dilinə çevirmiş və həmin əsər mərhum akademik Ziya Bünyadovun redaktəsi ilə 1997-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir.
Yaşının ixtiyar çağına, səhhətindəki müəyyən problemlərə baxmayaraq, Tahir müəllim bu gün də rahat dayanmır, gənclik ehtirası ilə oxuyub-öyrənməyə, yazıb-yaratmağa çalışır. İnanırıq ki, ömrün zirvəsində də gənclik şövqünü saxlayan Tahir müəllim hələ uzun illər cavanlarla bir sırada addımlayacaq, öz dəyərli məsləhətləri ilə elmimizin inkişafına yardımçı olacaqdır.
P.S. Bu yazı 2001-ci ildə qələmə alınmış və elə o zaman “Elm” qəzetində (25.12.2001) çap olunmuşdur. 2006-cı ildə 90 illiyi qeyd edilən Tahir Məhərrəmov Prezident təqaüdünə layiq görülmüşdür. Mən keçirdiyi insult nəticəsində fiziki durumu çox da yaxşı olmayan bu dözümlü və fədakar insana, cəfakeş və təvazökar alimə bir daha can sağlığı diləməyi özümə borc bilirəm. Tanrı yardımçınız olsun, Tahir müəllim!
Davamı
yaxudİLAHİ QIĞILCIMIN MÖCÜZƏSİ
Sən təhvil alırsan məni qardaş da sanırsan,
Minlər yad içində məni görcək də tanırsan,
Qəlbimdə, dilimdə nə sözüm varsa, qanırsan,
Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban!
Təbriz sənə layiq nədi, Tehran sənə qurban!
Professor Rüstəm Əliyevi orta məktəbin son sinfində və tələbəliyimin ilk ilində "Azərbaycan" jurnalında və "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan məqalələrindən tanımışam. O vaxtlar – dahi Nizaminin 840 illiyi ərəfəsində Rüstəm müəllim mətbuatda şairin yaradıcılığına dair silsilə məqalələrlə çıxış edirdi və bu yazılardakı yenilik ruhu, orijinal baxış hələ o zaman diqqətimi cəlb etmişdi. Həmin məqalələrdən üçü – "Nizami poemalarında qıpçaq-oğuz gözəli", "Nizaminin tərcümeyi-halına dair yeni araşdırmalar" və "Yeganə səfər" – xüsusilə yadımda qalıb. Sonralar Rüstəm Əliyev haqqında məlumatlarım Şəmkirdən olan tələbə yoldaşımın öz həmyerlisindən ötrü təbii qürur hissi ilə dolu söhbətləri əsasında genişlənib.
Nəhayət, səhv etmirəmsə, 1983-cü ildə canlı Rüstəm Əliyevi görmək mənə nəsib oldu. O zamanlar Nizami poemalarının filoloji tərcümələri ətrafında Rüstəm Əliyevlə mənim müəllimim – professor Mübariz Əlizadənin mübahisələri elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində idi.
Görünür, mübahisələri normal məcraya yönəltmək və onlara elmi diskussiya xarakteri vermək məqsədilə Akalemiyanın Ədəbiyyat, Dil və İncəsənət bölməsinin o zamankı akademik-katibi Məmməd Cəfərin təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərən Nizami lektoriyasında iki görkəmli nizamişünasın çıxışları təşkil olunmuşdu. Mübariz müəllimin çıxışında iştirak edə bilməsəm də, lent yazısını dinləmişdim və onun iradlarının mahiyyətindən xəbərdar idim. Lektoriyanın növbəti məşğələsində Rüstəm Əliyev Mübariz müəllimin (eləcə də Xəlil Yusifovun) tənqidlərinə cavab verməli idi. Tələbə yoldaşlarımdan bir neçəsi ilə Nizami muzeyinə getdik. İclası akademik Məmməd Cəfər aparırdı. Onun təmkinli davranışı, sakit danışığı fonunda Rüstəm müəllimin çılğın, emosional davranışı, bəlağətli nitqi daha qabarıq nəzərə çarpırdı. Üçüncü kürs tələbəsi olaraq, mübahisdə kimin haqlı, kimin haqsız olduğunu axıra qədər kəsdirə bilməsəm də, təqribən bir saatlıq iclasdan Rüstəm müəllimin o vaxta qədər tanıdığım alimlərdən tamailə fərqli, qeyri-standart obrazı yadaşıma həkk olundu.
Rüstəm Əliyevlə bir də 1985-ci ildə – şərqşünaslıq fakültəsini bitirəndən sonra rastlaşıb tanış oldum. Təyinatımı SSRİ Müdafiə Nazirliyinə vermişdilər, amma elmi işə olan həvəsim heç olması dissertant olmaq arzusu ilə məni Akademiyanın Şərqşünaslıq İnstitutuna – Rüstəm Əliyevin rəhbərlik etdiyi İran filologiyası şöbəsinə gətirdi. Şöbədə adam az idi. Rüstəm müəllim öz müdir masasının arxasında oturmuşdu, deyəsən, bir az da kefsiz idi.
- Nə ilə maraqlanırsan? – deyə soruşdu.
- Hind üslubu ilə.
(Bu mövzunu mənə parlaq xatirəsini daim qəlbimdə yaşatdığım başqa bir müəllimim – Moskvada işləyən görkəmli şərqşünas Qəzənfər Əliyev vermişdi).
Rüstəm müəllim narazı bir ahənglə:
- Hind üslubu müəmma kimi bir şeydir, – dedi, – əgər üslubla maraqlanırsansa, niyə farsdilli ədəbiyyatda Azərbaycan üslubu ilə məşğul olmayasan?
- Rüstəm müəllim, hind üslubu da Azərbaycan şairi Saib Təbrizinin adı ilə bağlıdır. Bir də ki, az öyrənilib, – deyə cavab verdim.
Görüşə əliboş gəlməmişdim. SaibTəbrizi və hind üslubu problemi ilə bağlı araşdırmamı özümlə götürmüşdüm. Yaranmış pauzadan istifadə edib referatı oxumasını və rəyini bildirməsini xahiş etdim. Yazını alıb vərəqlədi və bir qədər təəccüblə:
- Əgər hind üslubundan əlli səhifə yazmısansa, deməli, burda nəsə var, – dedi.
Yazını götürüb ev telefonunu verdi və sabah axşam ona zəng etməyimi tapşırdı. Elə də etdim. Telefonda mühakimələrimi bəyəndiyini bildirdi. Hegelin "Estetika"sını oxumağım isə ona xüsusi ləzzət vermişdi. "Sabah gəl, danışaq!" – deyib sağollaşdı.
Ertəsi gün Akademiyaya gəldim. Məni elmi katibə təqdim edib ərizə yazdırdı. Lakin nədənsə dissertantlığım baş tutmadı. Bunu sonra bilmişdim, çünki vaxt az idi. Bir neçə gün sonra hərbi tərcüməçi kimi Əfqanıstana yollandım…
1987-ci ildə Bakıya qayıtdım. Uzun əzab-əziyyət bahasına Bakı şəhərinə qeydiyyata düşüb Rüstəm müəllimin görüşünə getdim. Akademiyanın həyətində görüşdük. Məni unutmamışdı. Hal-əhvaldan dərhal sonra "Gəl, səni işə götürək", – dedi. Beləcə mən Akdemiyanın Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətimə başladım. Və Rüstəm Əliyev adı mənim həyatımın, elmi tərcümeyi-halımın ayrılmaz, həm də çox qiymətli və dəyərli bir hissəsinə çevrildi. Tam əminliklə deyə bilərəm ki, həmən 1987-ci ildən başlayaraq düz beş il ərzində mən Rüstəm müəllimin ən yaxın ünsiyyət saxladığı şəxslərdən biri oldum. Bu müddətdə onu dərindən tanıdım, nadir keyfiyyətlərini dönə-dönə kəşf etdim, bənzərsiz şəxsiyyətinə dəfələrlə heyran oldum.
İş elə gətirmişdi ki, mən Bayıl qəsəbəsində kirayədə qalırdım. Rüstəm müəllimin evi də Bayılda idi. Bu da bizi yaxınlaşdıran bir amilə çevrildi: çox vaxt işdən çıxanda məni öz "Jiquli"sində aparırdı. Bəzən şərtləşib işə də birlikdə gəlirdik. O qədər mahir sürücü olmasa da, yol boyu coşqun, emosional söhbətinə ara verməzdi. Xaraktercə maksimalist idi Rüstəm müəllim. Tərifdə də, tənqiddə də, sevgisində də, qəzəbində də maksimalist idi. Hisslərini, duyğularını bütün dolğunluğu, tamlığı ilə yaşayırdı. Yarımçıqlıq, tərəddüd, sürünmək, fənd işlətmək, tor qurmaq təbiətinə yad idi. Yeyib-içməyə də, ünsiyyətə də, işləməyə də bütün varlığını verirdi. Özünə heyfi gəlmirdi, öz enerjisinə, hisslərinə qənaət eləmirdi. Bu da onun böyük istedadından doğurdu. Onun hazırcavablığı və natiqliyi də bu nəhəng fitri istedadının bir təzahürü idi.
Bir yazıçı yaxşı deyib: istedadlı kişilərlə gözəl qadınlar barədə daim söz-söhbət gəzir – istedadı kişilərə, gözəlliyi qadınlara qısqanırlar. Rüstəm müəllimin adı ətrafında gəzən söz-söhbətlərin bir hissəsi həqiqətdən uzaq idi, bir hissəsi də güclü şəkildə təhrif olunmuşdu. Qısqanclıq, paxıllıq Rüstəm müəllimi bütün ömrü boyu izləmişdi. Lakin o, ətrafını bürüyən həsəd toruna fikir vermirdi, öz işində idi. Yox o, bunu görürdü, hətta buna qarşı "silahı" da vardı: gənclərə arxalanmaq və onlara arxa durmaq. Rüstəm müəllimin xarakterindəki sadəlik və səmimiyyət gənclərlə münasibətdə bütün parlaqlığı ilə üzə çıxırdı. Gənclərlə ünsiyyətdən, onları öyrətməkdən doymurdu. İstedadlı bir gənc görəndə uşaq təki sevinirdi. Ən çətin məqamda gənclərin dadına yetir, haqlarını müdafiə edirdi. Özü də deyilmədən, xahiş olunmadan. Amma bədxahları Rüstəm müəllimin bu "zəif nöqtə"sini yaxşı bilir, fürsət düşdükcə, onunla sevdiyi, inandığı gənclərin arasını vurmağa, onları onun gözündən salmağa çalışırdılar. Və bəzən Rüstəm müəllimin müəyyən qədər sadəlövhlüyü, küsəyənliyi sayəsində buna nail də olurdular…
Rüstəm Əliyevin fitri istedadının ən bariz cəhətlərindən biri də onun fenomenal yaddaşı idi. Elə bunun sayəsində xarici dilləri öyrənməkdə böyük uğurlara nail olmuş, poliqlot səviyyəsinə yüksəlmişdi. Yaxşı yadımdadır, Daşkənddə gənc şərqşünasların ümumittifaq konfransı keçiriləcəkdi. İnstitumuzdan konfransa gedəcək gənclərin arasında mən də var idim. Konfrans üçün hazırladığım məruzənin rusca mətnini Rüstəm müəllimə verdim və oxuyub münasibət bildirməsini xahiş etdim. Rüstəm müəllim elə şöbədəcə qarşısındakı çayı içə-içə "Təzkireyi-Nəsrabadi" XVII əsr farsdilli ədəbiyyat tarixinə dair mənbə kimi" adlı məruzəmin mətnini oxumağa başladı. Adəti üzrə maraqlı bir fikrə, yaxud fakta rast gələndə özünü saxlaya bilmirdi. Xüsusilə elmi mətləblərin, farsca beytlərin rus dilində ifadəsi xoşuna gəlmişdi və tez-tez dayanıb bəyəndiyi yerləri ucadan sağdakı stolun arxasında əyləşmiş görkəmli yazıçımız Əlibala Hacızadəyə oxuyurdu. Mən sakitcə oturub Rüstəm müəllimin son rəyini gözləyirdim. Nəhayət, o, yazını bitirib üzünü mənə tutdu:
- Bura bax, mən rus dilini Leninqradda öyrənmişəm, bəs sən hara öyrənmisən?
- Əli Bayramlıda, Rüstəm müəllim.
Əlini-əlinə vurub şaqqanaq çəkdi:
- Ə, Əli Bayramlıda rus var?
- Yoxdu, Rüstəm müəllim, kitablardan öyrənmişəm, bir də müəllimlərim güclü olub.
Yenə üzünü Əlibala müəllimə tutub mənim ruscamı tərifləməyə başladı. Amma Rüstəm müəllim, təbii ki, mübaliğəyə varırdı, çünki mənim və bir çox başqalarının bildiyi rus dili ilə onun yazıb danışdığı rus dili arasında yerdən göyə qədər fərq vardı. Bunun üçün onun klassik Şərq nəsrindən etdiyi tərcümələrə baxmaq kifayətdir. Qarabağ hadisələri başlanarkən Rüstəm müəllimin yüksək üslublu rus dilinə necə hakim olmasının hamılıqla bir daha şahidi olduq. O vaxtlar insanlarda hələ Mərkəzə – Moskvaya inam vardı və ayrı-ayrı kollektivlər separatçıların qarşısını almaq çağırışı ilə Mərkəzi Komitəyə, şəxsən M.S.Qorbaçova məktublar, müraciətlər ünvanlayırdı. Növbəti insidentdən sonra bizim Şərqşünaslıq İnstitutunda da iclas keçirildi və müraciət hazırlamaq qərara alındı. Kimlərsə mətn yazmalı, başqaları da onu rus dilinə tərcümə etməli idi. Ertəsi gün mətn müzakirə olunarkən Rüstəm müəllim iri addımlarla içəri girdi və az sonra öz yazdığı mətni oxumaq üçün sədrdən söz istədi. Onun Qorbaçova müraciətlə yazdığı beş səhifəlik mətn o qədər təsirli və bəlağətli idi ki, Rüstəm müəllimə çox da rəğbət bəsləməyən iclas sədri məhz bu variantın əsas kimi götürülməsini təklif etməli oldu…
Xarici dilləri belə yüksək səviyyədə bilməsi Rüstəm müəllimin dünyagörüşünün, elmi axtarışlar diapazonunun genişliyini şərtləndirən amillərdən biri idi. O eyni uğurla həm Xəyyam və Sədidən, həm də Lonqfello və Coysdan danışa bilirdi. Bu, bir tərəfdən də Rüstəm Əliyevin keçdiyi məktəbin bəhrəsi idi. O daim Leninqrad şərqşünaslıq məktəbinin məzunu olması ilə öyünür, dünya şöhrətli müəllimləri – Kraçkovski, Bertels, Freyman, Boldırev və başqaları haqqında fəxrlə danışırdı. Mən əsərləri vasitəsilə tanıdığım rus alimləri barəsində tez-tez Rüstəm müəllimə suallar verir, fikrini soruşurdum.Hər dəfə də Rüstəm müəllimin kefi açılır, həmin alimlərin güclü və zəif cəhətləri, onlarla görüşləri və şəxsi münasibətləri barədə danışmaqdan yorulmurdu. Ayrı-ayrı görkəmli mütəxəssislər haqqında danışarkən, onların elmdəki yerini dəyərləndirərkən ara-sıra məşhur bir əsərin adı olan "sonuncu mogikan" ifadəsini işlədərdi. Rüstəm müəllim dünyasını dəyişəndən sonra mən hər dəfə onun elmi yaradıcılığının miqyası barədə düşünəndə istər-istəməz bu ifadənin üzərinə gəlir və onun özü üçün də bundan yaxşı təyin tapa bilmirəm…
Rüstəm Əliyevin müəllimlərinə hədsiz sevgisindən, ümumiyyətlə, yaşlı nəsildən olan alimlərə ehtiramından danışarkən bir faktı xatırlamaya bilmirəm. 1989-cu ildə Akademiya üzvlüyünə yeni seçkilər keçirilirdi. Bir gün evindəki söhbətimiz əsnasında Rüstəm müəllim qayıtdı ki:
- Aslan Aslanov (mərhum akademik Aslan Aslanov o zaman ictimai elmlər bölməsinin akademik-katibi idi – M.M.) mənə deyir ki, sənədlərini hazırla, müxbir üzvlüyə ver.
Bu məsələ çoxdan məni düşündürdüyü üçün dərhal dilləndim:
- Düz deyir, Rüstəm müəllim, lazımdı.
Rüstəm müəllim qəribə, qınayıcı baxışlarla məni süzdü. Nə demək istədiyini anlamadım. Sakitcə ayağa durub kitab şkafına yaxınlaşdı. Bir xeyli axtarışdan sonra: "Hə, tapdım" – deyib bir neçə kağız və qəzetlə geri döndü. Kağızları stolun üstünə atıb kresloda yerini rahatladı. Mən qəzeti götürdüm. 4 noyabr 1970-ci il tarixli "İzvestiya" qəzeti idi. Orada SSRİ Elmlər Akademiyası üzvlüyünə namizədlərin siyahısı dərc olunmuşd. Müxbir üzvlüyə namizədlər sırasında bir neçə il əvvəl ABŞ-da oxuduğu mühazirələr sonucunda Harvard Universitetinin fəxri professoru seçilmiş 41 yaşlı azərbaycanlı alim Rüstəm Musa oğlu Əliyevin də adı vardı. Heyrət məni bürümüşdü. Akademiya sistemində işləyənlər bunun o dövr üçün necə böyük məsələ olduğunu yaxşı bilirlər. Bircə şeyi deyim ki, yetmiş illik sovet hakimiyyəti dönəmində, mən biləni, heç bir azərbaycanlı humanitar sahədə SSRİ EA-nın həqiqi və ya müxbir üzvü seçilməmişdir. Sonra Rüstəm müəllim gətirdiyi kağızlar içərisindən akademiklər B.Qafurov və İ.Mayskinin 9 oktyabr 1970-ci il tarixdə onun üçün yazdıqları təqdimatı tapıb mənə uzatdı. Birnəfəsə oxudum. Qurtaran kimi sual dolu nəzərlərimi üzünə dikdim:
- Bəs nə oldu, Rüstəm müəllim?
- Heç nə, həmin ərəfədə növbəti dəfə İrana getməyə hazırlaşırdım ( o vaxtlar Rüstəm müəllim İran şahının xüsusi diqqəti və orada çap etdirdiyi kitablar sayəsində öz şöhrətinin zirvəsində idi – M.M.) Filankəs (təbii ki, adını dedi, tanınmış şərqşünasdır) gəldi ki, xahiş edirəm, namizədliyini mənim xeyrimə geri götür, bu mənim son şansımdır, sən isə cavansan, hələ müxbir üzv də seçilməyə, akademik də olmağa vaxtın var. Mən də komissiyaya namizədliyimi geri götürməyim barədə ərizə yazıb Tehrana uçdum.
Beləcə Rüstəm müəllim yaşlı həmkarına və ağsaqqal alimə hörmət naminə böyük bir şansı əldən vermişdi. Yəqin belə bir şansın daha olmayacağını düşünməmişdi də. Rüstəm müəllim haradan biləydi ki, hər şeyi ideoloji meyarlara qurban verən sovet rejimi təqribən iki il sonra onu partiya sıralarından xaric etməklə ölkəni, o cümlədən, Azərbaycanı dünya meridianlarına çıxaran gənc bir alimin uğurlu karyera yolunu bağlayacaq. Və bunun nəticəsində Rüstəm Əliyev sovet dönəmində heç vaxt layiq olduğu qiyməti ala bilməyəcək. Rüstəm müəllim öz qiymətini yaxşı bilən adam kimi bunun fərqində idi. Çox zaman büruzə verməsə də, qəlbində bunun ağrısını daşıyırdı. Bir dəfə də mənə: "Mənim kimi alim hansı ölkədə olsaydı, onu əllərinin üstündə gəzdirərdilər" – demişdi. Düz demişdi Rüstəm müəllim…
Amma bu dünyada heç nə əvəzsiz qalmır. Rəsmi dairələrdən layiq olduğu qiyməti almayan Rüstəm Əliyev əvəzində Şəhriyar kimi bir dühanın sevgisini qazanmış, onun ölməz misraları ilə təltif olunmuşdu. Rüstəm müəllim özü yaxşı deyib: "Böyük iftixar hissi ilə bildirirəm ki, Şəhriyarın mənə ithaf etdiyi Azərbaycan türkcəsilə üç şeiri və fars dilində yazdığı iri həcmli mənzumə mənim həyatımda təltif edildiyim ən böyük orden və medalladır". Doğrudan da, Şəhriyar kimi bir şairin sevgi dolu yanıqlı sətirlərinin ünvanı olmaq hər kəsə nəsib olmayan böyük bir xoşbəxtlikdir. Rüstəm müəllimə bu xoşbəxtlik nəsib olmuşdu.
Rüstəm müəllim Kommunist Partiyasından çıxarıldıqdan (və Moskvada, SSRİ EA-da şöbə müdirliyindən kiçik elmi işçi (!) vəzifəsinə endirildikdən) sonra Şəhriyarın ona həsr etdiyi "Can, Rüstəm!" şeiri haqqında məlumatım olsa da, onu bütövlükdə nə eşitmiş, nə də oxumuşdum (təbii ki, sovet dövründə bu şeir çap oluna bilməzdi və yalnız müstəqillik dönəmində nəşr edildi). Rüstəm müəllim yeri düşəndə həmin şeirdən:
Hizbi-şeytandan olan qoy səni ixrac eləsin,
Başda yazmış səni öz hizbinə Rəhman, Rüstəm!
- beytini xüsusi həzzlə söyləyər, "ixrac" sözündəki "a"-nı xeyli uzadaraq, əlinin hərəkəti ilə də bu uzunluğu nümayiş etdirərdi. Bir-iki dəfə bu şeiri bütövlükdə oxumaq istəyimi bildirsəm də, Rüstəm müəllim aydın bir şey deməmiş, "Əlyazmalar İnstitutunda "uşaqlar" bunu əzbər bilir" – söyləmişdi. Amma iş elə gətirdi ki, bu şeiri mənə ilk dəfə bütövlükdə elə Rüstəm müəllimin özü oxudu, həm də tamam başqa bir şəraitdə.
1988-ci ilin sentyabrında Şəhriyarın ölüm xəbəri yayıldı. Həmin günün səhəri qabaqcadan şərtləşdiyimiz kimi Rüstəm müəllimgilə getdim. Onun hazırladığı "Sirlər xəzinəsi"nin yeni elmi-tənqidi mətni üzərində müəyyən texniki işləri görməli idik. Rüstəm müəllim evdə tək idi. Məni həmişəki kimi iş otağına yox, mətbəxə dəvət etdi. Çay dəmləmişdi. Etirazıma baxmayraq mənə də çay süzdü. Üzbəüz oturduq. Ona xas olmayan boğuq, xırıltılı bir səslə: "Şəhriyar öldü!" – dedi. Qısa fasilədən sonra: "Cənubda bir də elə şair yetişməyəcək" – deyə əlavə etdi. Başımı tərpətdim. "Onun mənə yazdığı şeiri oxumusan?" "Yox" – dedim. Həmişə bu şeirə marağımı diqqətsiz buraxan Rüstəm müəllim yerindən qalxdı, ağır-ağır otağa keçdi, bir azdan əlində bir vərəq geri dönüb kətilin üstündə əyləşdi. Asta-asta şeiri oxumağa başladı. Tez-tez qəhərlənir, səsi titrəyirdi. Çayından bir qurtum içib davam edirdi. Amma sonuncu beyti oxuya bilmədi, qəhər onu boğdu, əlini yelləyib göz yaşlarını sildi, vərəqi stolun üstünə atıb otağa keçdi. Boğazım qurumuşdu. Çaydan bir qurtum içdim. Sonra ehtiyatla, sükutu pozacağımdan qorxurmuş kimi durub otağın açıq qapısına yaxınlaşdım. Rüstəm müəllim pəncərənin önündə dayanıb gözlərini bayıra dikmişdi. Amma arxada durduğumu hiss etdi. Üzünü çevirmədən:
- Get, Məsiağa, bü gün işləyə bilmədik, – dedi.
Yerimdən tərpənmədim. Rüstəm müəllim təzədən:
- Get, narahat olma, – dedi.
Evdən çıxıb ağır-ağır pilləkənləri enməyə başladım. Ağır itki hissi məni bürümüşdü. Rüstəm müəllimi başa düşürdüm: bu, onun üçün çox böyük bir itki idi. O, həyatının şirin xatirələrlə, coşqun duyğylar, kövrək ümidlərlə dolu bütöv bir mərhələsini, böyük bir parçasını itirmişdi. İkinci tərəfdən, Şəhriyarın şeirindəki sözlərin, ifadələrin, fikirlərin təsiri altında idim. Rüstəm müəllimin böyüklüyünü bir daha, tam yeni bir cəhətdən duyurdum.
Bəli, zər qədrini zərgər bilər. Rüstəm müəllimin ətrafında dedi-qodu aparan, orda-burda ona ağız büzən alimciklərdən fərqli olaraq, böyük Şəhriyar Rüstəm müəllimin şəxsiyyəti və əməllərinin böyüklüyünü yaxşı dərk etmiş, bunu son dərəcə səmimi və təsiri bir tərzdə bəyan etmişdi. Neçə illər ondan qabaq böyük rus şərqşünası Yevgeni Eduardoviç Bertels də eyni həqiqəti duymuşdu. 1950-ci illərin sonlarında "Şahnamə"nin elmi-tənqidi mətnini hazırlamaq üçün o, sonralar keçmiş SSRİ-də iranşünaslığın yükünü çiyinlərində daşıyan gəncləri Moskvaya yığmışdı. Rüstəm Əliyevi Leninqraddan çağırmışdı. Oğlu Andrey Bertels də bu qrupa daxil idi. Hərdən işdən kənar səmimi söhbətlərdə tələbələrinə qiymət verər, onları bir-biri ilə müqayisə edib hərənin üstünlüyünü göstərərdi. Və oğlu da daxil olmaqla qrup üzvlərinə açıq-aşkar söyləyərdi: "Rüstəmdə olan ilahi qığılcım sizin heç birinizdə yoxdur". Elə bu qığılıcım da Rüstəm müəllimin elmdəki missiyasını müəyyənləşdirmiş, onun heyrətamiz fəaliyyətinin mayasında durmuşdu. Kiçik Morul kəndində doğulan bu qığılcımın işığı Moskvaya, Tehrana, Dəməşqə, Qahirəyə, Dehliyə, Avropaya və Amerikaya yayılmışdı…
P.S. Şəhriyarın sözügedən şeirini aşağıda oxuya bilərsiniz.
Bir xəbər çatdı mənə Nuhi-nəbi qarğışı tək,
İçərimdə biləsən, qopdu nə tufan, Rüstəm!
Yandı bir ləhzədə xirmən kimi arzum, ümidim,
Canım o yanğıda yandıqca dedim: "Can, Rüstəm!"
Bəllidir, Rüstəm olan ağlamaz, amma oxlar
Sənə dəydikcə ürəklərdən axar qan, Rüstəm!
"Həftxan"lardan aşırsan, alısan div qalasın,
Qərnimiz qəhrəmanı, Rüstəmi-dəstan Rüstəm!
Nə qədər varsa bu dünyada Azərbaycan eli,
Şanlı rüstəmlər üçündür şərəfü şan Rüstəm!
Tilisim çay dərələrdə nə qoçaq salmış idin,
Bir ümid körpüsü ki, yol sala karvan, Rüstəm!
Div yatarkən iki qardaş qonuşurduq gecələr,
O qonuş el qəminin dərdinə dərman, Rüstəm!
Divlər amma ayılıb duydular əhvalımızı,
Hələlik qaldı ümid körpüsü viran, Rüstəm!
Hizbi-şeytandan olan qoy səni ixrac eləsin,
Başda yazmış səni öz hizbinə Rəhman, Rüstəm!
Qalmışam mən də bu tayda qolu bağlı, asılı,
Səf çəkib qarşıda qəm, sanki verir san, Rüstəm!
Qardaşın qardaş ilə bir görüşü, bir qonuşu
Qadağan olmada, bax zülmə, nə tüğyan, Rüstəm!
Yetişib vədəsi haqqın, əmin ol dəm dəmidir,
Açıla haqq qapısı, mat qala şeytan, Rüstəm!
Nəbi tək bizdə qılıc Rüstəmi çoxlar var imiş,
Sən qələm Rüstəmisən, can sənə qurban, Rüstəm!
Şəhriyar arzu-göz oldu ki, Səhənd ilə gələ
Bəxtiyar məclisinə başda Süleyman, Rüstəm!
«Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..»
Görkəmli yazıçımız Əlibala Hacızadənin «Təyyarə kölgəsi» romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz, müəllifin öz sözləridir, onun ədəbi mövqeyini, estetik kredosunu əks etdirir. Və bir müddət əvvəl əsərlərinin oncildliyinin ilk cildlərini vərəqləyərkən bu sözlərə rast gələndə, istər-istəməz düşündüm: Əlibala müəllim yarım əsrlik sənət yolunda yaradıcılığının erkən çağlarında bədii obrazın dili ilə irəli sürdüyü bu prinsiplərə sadiq qalmağı bacarıb, yalnız ürəyinin hökmü, qəlbinin «sifarişi» ilə yazıb, qələm və xalq qarşısında məsuliyyətini bir an da unutmayıb və indi, yaşının ixtiyar vaxtında, yetmişi haqladığı bir zamanda ona tükənməz sevgi bəsləyən milyonlarla oxucusunun qarşısında alnı açıq, üzü ağdır, əlli il bundan qabaq tam fərqli ictimai münasibətlərin, ədəbi meyarların hökm sürdüyü bir şəraitdə yazdığı əsərləri nöqtəsinə belə toxunmadan, «xəcalət çəkmədən» təzədən çap etdirə bilir. Bu isə bədii yaradıcılıqda istedadla şəxsiyyətin vəhdətinin zəruriliyi məsələsini bir daha təsdiq edir. Əlibala müəllimin yaradıcılığı ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq var, onun əsərləri özünə yaman oxşayır – belə bir harmoniyaya nail olmaq isə hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Odur ki, onun yaradıcılığından danışmaq elə özündən danışmaq deməkdir.
Ən əvvəl onu deyim ki, Əlibala Hacızadə bizim ədəbi tənqiddə və ədəbiyyatşünaslıqda həqiqi qiymətini almamış bir yazıçıdır. Mən (deyəsən, elə Əlibala müəllimin özü də) buna hardasa təbii baxıram, çünki o, bədii yaradıcılıqda ideoloji-siyasi prinsiplərə deyil, sırf ədəbi-estetik və mənəvi prinsiplərə əsaslanan bir sənətkardır və onun sovet dövründəki «rəsmi» tənqidin diqqətindən kənarda qalmasında qəribə heç nə yoxdur. Amma yazıçıya qarşı bu nümayişkaranə biganəlik tam qanunauyğun şəkildə geniş oxucu kütləsinin sonsuz məhəbbəti ilə kompensasiya olunurdu – o vaxtlar Əlibala müəllim bizim ən çox oxunan və ən çox çap olunan yazıçımız idi. Maraqlıdır, ədəbiyyatda xəlqilikdən ağız dolusu danışanlar hətta bu fakta da göz yumurdular. Görünür, onlar üçün xəlqilik partiyalılığın yalnız dekorasiyası idi, ona görə də funksioner tənqidçilər xəlqiliyi yaradıcılığının ruhunda, mayasında gəzdirən yazıçıya «ədəbiyyatımızın ögey balası» (ifadə Əlibala Hacızadəyə məxsusdur) kimi baxırdılar.
Mən tam cəsarətlə deyə bilərəm ki, Əlibala Hacızadə ədəbiyyatımızda ötən əsrin 60-cı illərindən özünü aydın şəkildə göstərən bütöv bir təmayülün yaradıcısıdır. Bu təmayülün mahiyyətini və spesifik cəhətlərini anlamaqdan ötrü onu təkcə bizim ədəbiyyatşünaslığın əsaslandığı rus-Avropa estetikası baxımından deyil, həm də (və daha çox) milli mədəniyyətimiz üçün tarixən təbii olan Şərq kontekstində incələmək lazımdır. Bu özünəməxsusluqda bir tərəfdən Əlibala müəllimin ixtisasca şərqşünas olması, Şərq ədəbiyyatına dərindən bələdliyi, digər tərəfdən də onun, ümumiyyətlə, şərqli təbiəti və təfəkkür tərzi az rol oynamamışdır. Və həmin təmayülün yaradıcısı olaraq, Əlibala Hacızadə ədəbiyyatımıza bir sıra yeni mövzular gətirib, üstəlik öz intuisiyası, yazıçı duyumu ilə uzaqgörənliyini təsbit edib. Bunlardan ən başlıcası məşhur «İtkin gəlin» trilogiyası ilə təmsil olunan əfqan mövzusudur. Əfqanıstan adlı ölkənin bizə çox uzaq göründüyü bir zamanda meydana çıxan bu əsər həmin ölkəyə sovet hərbi müdaxiləsindən və Azərbaycanda «əfqanlar» peyda olandan sonra daha böyük populyarlıq qazandı. Bu trilogiyada Əfqanıstan gerçəkliyi, əfqanların milli mentaliteti rasional düşüncəyə əsaslanan politoloji araşdırmalardan daha dəqiq və daha canlı inikasını tapmışdır. Və indi Əfqanıstan məsələsinin beynəlxalq bir problemə çevrildiyi şəraitdə trilogiyanın daha da aktual səsləndiyini sübut etməyə ehtiyac yoxdur. Trilogiyanın janr və poetikası isə özünəməxsusluğunu başqa bir planda nümayiş etdirdi – ilk Azərbaycan seriallarından biri mərhum Lütfi Məmmədbəyov tərəfindən məhz «İtkin gəlin» əsasında çəkildi.
Əlibala Hacızadənin ədəbiyyatımıza gətirdiyi digər bir mövzu elmi mühitin təsviridir. O, «Təyyarə kölgəsi», «Vəfalım mənim» romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. Böyük maraqla qarşılanan bu əsərlər həm də digər yazıçılar üçün örnək rolunu oynadı və bu sahədə sözün həqiqi mənasında Əlibala müəllimin davamçıları meydana gəldi.
1980-ci illərin ikinci yarısında – bütün ölkədə ekstrasensorikaya, paranormal hadisələrə, insan psixikasının sirlərinə marağın gücləndiyi bir şəraitdə Əlibala müəllim «Möcüzə» romanını oxucuların ixtiyarına verdi. Lakin bu əsər həm də o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Ümumiyyətlə, Əlibala Hacızadənin ictimai gerçəkliyə münasibəti bütün yaradcılığı boyu spesifik çalarlara malik olmuşdur və bu, ayrıca tədqiq olunası bir mövzudur. Yaxşı yadımdadır, Qarabağ hadisələrinin yenicə başlandığı, emosiyaların coşduğu, pafoslu nitqlərin baş alıb getdiyi vaxt Əlibala müəllim sakit, kövrək bir yazı yazmışdı – «Mənim bülbül Qarabağım». Bu, adi məqalə deyildi, Əlibala müəllim sanki yüksək tribunalardan verilən bütün vədlərə rəğmən Qarabağın itirələcəyini əvvəlcədən duyub ona ağı demişdi. Bu yazı həm də dilimizin bütün rənglərini, şəhd-şəkərini ehtiva etmək baxımından diqqəti çəkirdi. Ümumiyyətlə, Əlibala müəllimin bir çox yazılarında şeirlə nəsrin hüdudları itir – bu da onun yüksək poetik istedadının təzahürüdür. Əlibala müəllim həm də gözəl şairdir, nəğmələri dillər əzbəridir – bunu hamı bilir. Lakin mən bir müşahidəmi də qeyd etməyə bilmərəm: son 20-25 ildə poeziyamızda üstün mövqeyə çıxmış ovqat, forma və ifadə tərzi Əlibala müəllimin şeirlərində lap əvvəldən özünü göstərmişdir.
Əlibala Hacızadə təkcə qüdrətli nasir və şair deyil, həm də Füzulinin təbirincə desək, «iki aləmi» – sənət və elm aləmini «müsəxxər eyləmiş» (tutmuş) bir şəxsiyyətdir. Onun XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala müəllim həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.
Əlbəttə, bütün bu ədəbi və elmi uğurların bünövrəsində Əlibala müəllimin bənzərsiz şəxsiyyəti dayanır. Və mən təqribən iyirmi il ərzində onunla az qala hər gün təmasda olan bir insan kimi onun xarakterinin bəzi parlaq cəhətlərini qeyd etməyə bilmərəm. Bunlardan birincisi, Əlibala müəllimin sadəliyi və iddiasızlığıdır. O, ömrü boyu şöhrət və ad-san dalınca qaçmayıb, sadəcə şöhrət özü gəlib onu tapıb. Mənim xüsusi dəyərləndirdiyim ikinci cəhət bizim milli mentalitetimizin az qala ayrılmaz tərkib hissəsinə çevrilmiş paxıllıq hissinin Əlibala müəllimə tamamilə yad olmasıdır. O, istər ədəbiyyatda, istərsə də elmdə heç kəsin uğuruna qısqanclıqla yanaşmayıb, əksinə, hər kəsin, illah da gənclərin nailiyyətlərinə ürəkdən sevinib, hamıya kömək etməyə çalışıb. Nəhayət, üçüncüsü, Əlibala müəllimin səmimiyyətidir. O müxtəlif xarakterli insanlarla dostluq etməyi bacarır, həmsöhbəti ilə özü arasında «baryer» yaranmasına imkan vermir, bunun da nəticəsində insanlar dərdlərini ona danışmaqdan, ən məhrəm duyğularını onunla bölüşməkdən çəkinmirlər. Onun bütün bu keyfiyyətlərinin kökündə isə bir amil dayanır – məhəbbət! Əlibala müəllimin varlığı sanki məhəbbətdən yoğrulub – ata-anaya, övlada, qadına, dosta, xalqa, vətənə, insanlığa məhəbbətdən! Əslində hansı mövzuda olursa-olsun, onun əsərlərinin də mayasında məhəbbət dayanır. Bu əsərlərin məhəbbətlə qarşılanmasının əsas səbəbi də elə budur. Və mən əminəm ki, həmin məhəbbət Əlibala Hacızadə yaradıcılığının həmişəyaşarlığını təmin edəcəkdir. Necə ki, özü də bir şeirində deyir:
Ölməzlik – məhəbbət zirvəsindədi,
Məhəbbət – əbədi ömür deməkdi!
Məsiağa Məhəmmədi,
filologiya elmləri namizədi
(«Əlibala Hacızadə - 70» kitabına ön söz, "Baknəşr", 2005)

Artıq 80 yaşını adlamış məşhur alman yazıçısı, 1999-cu ilin Nobel mükafatı laureatı Günter Qras İkinci Dünya Müharibəsinin son çağlarında, 17 yaşında ikən, SS sıralarında xidmət etdiyini açıqlayanda və bunu təsdiqləyən sənədlər ortaya çıxanda, hər tərəfdən kəskin tənqidlərə məruz qaldı. "Alman millətinin vicdanı" adlandırılan sənətkar heç bir cinayət törətmədiyni, kimsəyə güllə atmadığını vurğulasa da, hücumlar səngimədi. O qədər ki, hətta onun "Nobel"inin geri alınması barədə tələblər səslənməyə başladı. Həmin vaxt dünyanın müxtəlif ölkələrindən Qrasın qələm dostları onun müdafiəsinə qalxdılar. Onların sırasında ünlü türk yazarı Yaşar Kamal da vardı. Yaşar Kamalın o zaman Günter Qrasa yazdığı məktubun mətni belə idi:
"Sevgili dostum!
Sizə bu məktubu yazmalıyam – deyə düşündüm. Sizin ölkənizdə və bir çox ölkələrdə insanlar 16-17 yaşında bir uşaqla məşğul olur. O uşaq bütün həyatı boyu müharibədən sonra yenilmiş, yaralanmış, parçalanmış ölkəsindəki insanların ağrı-acısını ovutmaq üçün böyük mübarizələr aparır. Və xalqının özünə gəlməsini təmin edir. 16-17 yaşlı o uşaq daha sonra öz sənətiylə təkcə xalqını deyil, bütün bəşəriyyəti təsir altına alır.
O böyük yazıçı, böyük heykəltəraş yalnız ölkəsi Almaniyanın deyil, dünyanın sevimlisinə çevrilir, çünki yaydığı düşüncələr, ortaya qoyduğu gerçəklər və mücadiləsi insanlara təsir göstərir. Buna görə ona böyük sənəti müqabilində dövrün ən yüksək mükafatı olan "Nobel"i verirlər. Onun seçilməsində sənətinin böyüklüyü qədər mübarizəsinin, sağlam şəxsiyyətinin də böyük payı var. Onun şəxsiyyəti ilə sənəti yan-yana gedir. Onun sənəti sağlam kimliyinin əsəridir. Onun şəxsiyyəti bir tərəfdə, sənəti bir tərəfdə deyildir. Onun sənəti bütün zamanları aşıb gəlmiş böyük ustadların yanındadır.
Sevgili dostum, sevgili qardaşım, onlar 16-17 yaşındakı uşaqla çarpışırlar. Sizin bundan ötrü üzülməməyinizi o qədər istəyirəm ki…
O 17 yaşlı uşaq, müharibəyə düşmən olmuş uşaq, müharibədən cilalanıb ayılaraq çıxmışdır, insanın insana zülmünü, insanın insanı yox etməsini, insanın insana təhqirini görmüşdür. İnsanın müqavimətini görmüşdür. Bu 17 yaşlı uşaq artıq 17 yaşında da deyildir, ürəyindəki şəfqət, sevgi, dostluq, mərhəmət böyümüş, pisliklərin üstünə bütün gücü ilə yürümüş, xalqların vicdanı olmuşdur. Və bu vicdan 65 ildir sürməkdədir. Bütün vicdanlar onunla birlikdədir.
Ürəyində 60 ildən artıq daşıdığı SS ağrısıyla nə edəcəkdir, mücadilə dururkən başına gələn bu müsibəti anlatmağın vaxtı haçandır? Müsibət yerinə bir qəhrəmanlıqdan söhbət getsəydi, yazıçı nə zaman açıqlayardı?
Açıqlayacaqlarının vaxtını yenə yazıçı bilir, heç bir mənfəət, heç bir başqa məqsəd güdmədən öz zamanını gözləyir. O zamanı da yazıçı özü təyin edər. Buna heç kim qarışa bilməz.
Sevgili qardaşım, siz dövrümüzü böyük sənətinizlə, böyük insanlığınızla işıqlandırdınız. Bir Anadolu sözü var: "Yel qayadan nə qoparar?!" Məni kədərləndirən yalnız sizin üzülməyinizdir.
Sizə Nazim Hikmətin bir şeirini göndərirəm:
Bursada havlucu1 Recebe
Karabük fabrikasında tesviyeci2 Hasana duşman
fakir-köylü Hatçe kadına
ırgat3 Süleymana duşman,
sana duşman, bana duşman,
düşünen insana duşman,
vatan ki bu insanların evidir,
sevgilim, onlar vatana duşman.
Sevgilərimlə,
Yaşar Kamal
20 avqust 2006-cı il
_______
1. dəsmalçı
2. cilalayıcı
3. fəhlə, muzdur
Hazırlayan: Məsiağa Məhəmmədi
Qədir İsmayılın əziz xatirəsinə
Amansız ölüm tanınmış türkoloq-alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, türk ədəbiyyatının əvəzsiz tədqiqatçısı və təbliğatçısı İsmayılov Qədir Səlim oğlunu - Qədir İsmayılı bizlərdən ayırdı. Ağır itkidir. Bunu uzun illər onunla çiyin-çiyinə çalışan həmkarları hamıdan artıq duyurlar və hələ də Qədir müəllimin yoxluğuna inana bilmirlər. Bunu türk ədəbiyyatı ilə, Türkiyə-Azərbaycan ədəbi əlaqələri ilə az-çox maraqlananlar yaxşı anlayırlar, çünki bu sahədə Qədir İsmayıl qədər fəaliyyət göstərən ikinci bir şəxsin olmadığından agahdırlar.
Q.İsmayıl elmi-ədəbi fəaliyyətinə ötən əsrin 50-ci illərində, özü də müasir Azərbaycan ədəbi prosesinə həsr olunmuş yazılarla başlamışdı. Bu sahədə ilk addımları uğurlu olmuş, İlyas Əfəndiyevin yaradıcılığına həsr etdiyi "Konfliktlər, obrazlar, dil" adlı geniş məqaləsilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Lakin özünün etirafına görə, böyük türk şairi Nazim Hikmətin şəxsiyyəti və sənəti onun nəzərlərini qardaş Türkiyənin ədəbiyyatına yönəltmiş və elmi-ədəbi maraq dairəsini birdəfəlik müəyyənləşdirmişdi.
Bundan sonrakı qırx ildən artıq bir müddətdə Q.İsmayıl müasir türk ədəbiyyatına dair onlarla məqalə və çoxsaylı tərcümələr nəşr etdirmişdi. Onun yazılarının həcmi və xarakteri də rəngarəng idi: ədəbi hadisə, yeni kitablar haqqında məlumatlar və resenziyalardan tutmuş iri həcmli məqalələrə, nəzəri araşdırmalara qədər. Lakin bütün bu rəngarənglik içərisində Qədir müəllimin təkcə türk ədəbiyyatının deyil, bütövlükdə, dünya ədəbiyyatının iki böyük nümayəndəsinin - Nazim Hikmət və Yaşar Kamalın yaradıcılığına ardıcıl marağını sezməmək mümkün deyil (gözünün ağı-qarası bir oğluna "Yaşar" adı verməsi də Yaşar Kamala hədsiz sevgi və pərəstişindən qaynaqlanırdı). Bu iki dahi sənətkara çoxsaylı məqalələr həsr etsə də, həmin maraq azalmaq, sönmək bilmirdi, əksinə, Qədir müəllim, özü demiş, Nazim və Yaşar haqqında hər dəfə yenicə tapdığı və kəşf etdiyi bir şey barəsində danışırmış kimi söhbət edərdi. Həqiqətən də N.Hikmət və Y.Kamal yaradıcılığı onun üçün daim yeni idi. (Onun son mətbu yazısı da "Nazim Hikmət Rəsul Rza haqqında" adlanırdı). Bu fakt Qədir müəllimin ədəbi zövqü barədə çox şey deyir. Və həmin zövq onun Azərbaycan ədəbiyyatına münasibətində də özünü göstərirdi: Qədir müəllim yenilikçi şeirimizin bayraqları Rəsul Rzanın, onun Fikrət Qoca və Fikrət Sadıq kimi davamçılarının yaradıcılığına vurğun idi. Sonuncularla onu həm də şəxsi dostluq telləri bağlayırdı və Qədir müəllim bu dostluğu yüksək qiymətləndirirdi.
Qədir müəllimin namizədlik dissertasiyası da Yaşar Kamalın nəsrinə həsr olunmuşdu. Əslində, o, dissertasiyasını yazmışdı - çap olunan məqalələri buna sübutdur. Lakin o, axıradək bu dissertasiyasını müdafiə etmədi, daha doğrusu, professor Şamil Salmanovun dəqiq müşahidəsinə əsasən, buna macal tapmadı. Ona görə ki, yeni əldə etdiyi material əsasında məqalə hazırlayıb qəzetə və ya jurnala təqdim etmək, Qədir müəllimin nəzərində, Ali Attestasiya Komissiyası üçün protokollar və çıxarışlar hazırlamaqdan daha əhəmiyyətli və ləzzətli bir iş idi. O da başını aşağı salıb bu işlə məşğul olurdu. Qədir müəllim elmi axtarış və yaradıcılığına karyera vasitəsi kimi baxmırdı. Onsuz da bilənlər Qədir müəllimin kim olduğunu bilirdi. Təsadüfi deyildi ki, mərhum akademik Ziya Bünyadov "dərəcəli" türkoloqların narazılığına məhəl qoymayıb Qədir müəllimi türk filologiyası şöbəsinə müdir təyin etmişdi.
Beləcə Q.İsmayıl çoxlarının "türk" sözünü dilə gətirməkdən çəkindikləri bir dövrdə yorulmaq bilmədən türk ədəbiyyatını və mədəniyyətini öyrənib təbliğ etməklə məşğul olurdu və buna görə nə onda, nə də sonralar heç bir imtiyaz, ad-san ummurdu. Demokratiya və müstəqillikdən, Türkiyə ilə əlaqələrin bərpasından o, xidmətlərini gözə soxmaq üçün deyil, fəaliyyətinin miqyasını genişləndirmək üçün istifadə etdi. (Bu miqyası təsəvvür etmək üçün 1990-cı illərin dövri mətbuatına nəzər salmaq kifayətdir). Yeni peyda olmuş "türkoloqlar"ı xəfif kinayə ilə seyr etsə də, şikayətlənmirdi. Şikayəti bircə Türykiyə ilə elmi-ədəbi əlaqələrin çox vaxt ciddi və strateji prinsiplərə, real işlərə deyil, şüarçılığa söykənməsindən idi. Bu sahədəki iradlarını, dediyinə görə, diplomatik münasibətlərimizin on illiiynə həsr edilmiş tədbirdə səsləndirmişdi…
Q.İsmayılın bütün ömrü boyu qoruyub saxladığı yenilikçilik duyğusu onun gənclərlə münasibətinə də sirayət etmişdi. O, sözün həqiqi mənasında, gəncliyin dostu idi. Gənc alim və yazıçıların yaradıcılığını izləyir, onların uğurlarına sevinirdi, hər zaman sözü və məsləhətlərilə gənclərə dayaq durmağa hazır idi.
Ölümündən bir neçə gün əvvəl şəxsi kitabxanasındakı bir çox kitabları və jürnalları gətərib institutun elmi arxivinə bağışladı və əlavə etdi: "Qoy gənclər oxusun!". Marağalı Övhədi haqqında bir kitabı da bu sətirlərin müəllifinə verib: "Sənə lazım olar", - dedi. Bu nə idi? Olmaya Qədir müəllim nəsə duymuşdu?! Amma yox, o, yaxın dövr üçün planlarından danışırdı, məqalələrini toplayıb kitab halında nəşr etdirmək fikrində idi. Bir də Nazim Hikmətin yaradıcılığına həsr olunmuş respublika konfransının keçirilməsini arzulayırdı. Yazda belə bir konfransı təşkil etmək barədə razılığa gəldik. Amma bir həftə sonra… Qədir müəllim səssizcə bizləri tərk etdi…
Q.İsmayılın məğrur və təmannasız şəxsiyyəti, dolğun və şərəfli həyatı və … səssiz ölümü barədə düşündükcə, R.Rzanın "Çinar ömrü" şeirindən bu misraları xatırlayıram:
Fırtınada, qasırğada
Əyilmədi,
Acizlik, qorxu nədir -
bilmədi,
Yaşadı çinar kimi…
Az da, çox da yaşasaydı,
belə yaşayacaqdı.
Kökü torpağa bağlı,
vüqarlı çinar kimi,
müdrik babalar kimi…
Getdi səssiz, haraysız
Təəssüfü, yanğısı gəzdi
dodaq-dodaq
ağız-ağız…
Heyf sənə, Qədir müəllim! Qədrini qədərincə bilmədik…
"Bizim əsr" qəzeti, fevral 2002
yaxud
TƏNƏZZÜLÜN TƏSVİRÇİSİ VƏ TƏHLİLÇİSİ
Məşhur alman yazıçısı və tənqidçisi Tomas Mann 1875-ci ildə Almaniyanın şimalında yerləşən Lübek şəhərində doğulmuş və 1955-ci ildə Sürixdə vəfat etmişdir. Onun atası taxıl ticarəti ilə məşğul olurdu və sonralar Lübek şəhərinin senatoru məqamına da yüksələ bilmişdi. Odur ki, T.Mannın uşaqlığı tam firavan bir şəraitdə keçmişdir. Orta təhsilini bitirdikdən sonra o, sığorta şirkətində işə düzəlmiş və elə həmin dövrdə bədii yaradıcılığa başlayaraq, "Atılmışlar" adlı ilk əsərini qələmə almışdır. Mann çoxsaylı səfərlərdə və səyahətlərdə olmuş, eyni zamanda roman və hekayələr yazmaqda davam etmişdir. 1929-cu ildə o, ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Hitlerin hakimiyyətə gəlişi və Çexoslovakiyanın işğalından sonra Mann faciəvi sonluğu duyub öz həmvətənlərindəki militarist əhval-ruhiyyəyə etiraz əlaməti olaraq, Almaniyanı tərk etmiş və həyatının qalan hissəsini Amerikada və İsveçrədə keçirmiş, bir daha Almaniyaya qayıtmamışdır. Almanlar bunu ona bağışlamadılar, çünki üstəlik Mann ömrünün sonuna qədər öz xalqını və ölkəsini amansızcasına tənqid edirdi.
Tomas Mann dünya şöhrəti qazanmış alman yazıçılarından biridir. Yazıçının bədii dil sahəsindəki sənətkarlığı ona alman ədəbiyyatının klassikləri ilə bir sırada dayanmaq hüququ qazandırmışdır. Əslində onu alman ədəbiyyatının sonuncu klassiki saymaq olar. Onun nəsri özündən sonrakı ədəbiyyata əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Alman ədəbiyyatşünası Georq Ştaynerin fikrincə, "müharibədən sonra nəsr və bədii dil sahəsində Tomas Mann ilə rəqabətə girə biləcək bir şəxs meydana çıxmamışdır". O, hətta əlavə edirdi ki, Günter Qras da heç vaxt alman dilində T.Mann kimi yazmağı bacarmayacaq. Alman mədəniyyətinin tanınmış tədqiqatçılarından olan professor Vilhelm Qusman isə yazır: "Tomas Mann alman nəsrində ən böyük sehrkardır. Onun "Buddenbroklar", "İosif və qardaşları", "Doktor Faustus" kimi romanlarında, hekayələrində, nitq və məqalələrində alman dilinin ruhu canlanır". Bu səbəbdən T.Mannın əksər əsərlərinin tərcüməsi müşkül və ağır bir işdir. O, xüsusən hekayələrində dillə elə oynayır və cinaslardan, təşbeh və istiarələrdən elə faydalanır ki, onları anlamaq və başqa dildə ifadə etmək qeyri-mümkünlük dərəcəsinə qədər çətin olur.
T.Mann ədəbi ənənələrə sıx bağlıdır, XIX əsr nəsrinin bədii təcrübəsindən geniş şəkildə istifadə edir, lakin Herman Hesse kimi öz dövründəki ədəbi dəyişikliklərə də biganə qalmır, əsərlərinə metaforik və alleqorik bir ruh verir. Yazıçı realist romanın üsul və vasitələrindən istifadə edir, lakin son nəticədə simvolizm, ironiya və digər qeyri-realist ünsürlərlə qarışmış romantik ruhlu məhsul meydana çıxır. Öz sözləri ilə deyəsi olsaq, o, "reallığı simvolik yüksəkliyə qaldırır".
T.Mann Şopenhauerin, Nitşenin və Vaqnerin də təsirinə məruz qalmışdır və bu təsir onun yaradıcılığına bədbin, pessimist bir atmosfer bəxş etmişdir. Eyni zamanda o, bütün alman yazıçıları kimi antik yunan və Roma mədəniyyətinə də bağlı olmuş və bu intəhasız dəryadan yaradıcı şəkildə bəhrələnmişdir.
Mannın əsərlərində ən müxtəlif mövzu və problemlər bir-birinə qarışıb: XIX əsrin sonlarındakı burjua mədəniyyəti, kapitalist dünyasında sənətkarın yaşamaq haqqı, XX əsrin 30-40-cı illərində Almaniyanın taleyi, siyasi mühacirət, ədəbiyyat, fəlsəfə və s. O, özünü "tənəzzülün təsvirçisi və təhlilçisi" adlandırır və eyni zamanda tənəzzül və nihilizmə qalib gəlmək əzmində olduğunu bildirir. Məqalələrindən birində T.Mann yazır: "Almaniyanın vəziyyəti o vaxt düzələcək ki, Karl Marks Fridrix Hölderlinin əsərlərini oxumuş olsun". Və əlavə edir ki, bunun əksi də zəruridir, yəni bu iki fikir cərəyanının birtərəfli tanışlığı səmərəli olmayacaqdır. Beləliklə, Mann Almaniyanın idealist və romantik ruhu ilə inqilabi və sosialist meylləri arasındakı təzada diqqət yetirir və bu cür çıxış yolu görürdü. O, həmçinin Almaniyanın "xəstəliyindən", mütəfəkkir almanla militarist alman arasındakı ziddiyətdən və bu ziddiyyətin təhlükəli nəticələrindən danışırdı.
Ölüm, sənət və bunların həyatla qarşıdurması, əksliyi Tomas Mannın əsərlərinin başlıca problematikasını təşkil edir. Təsadüfi deyil ki, çoxları onun romantiklərin əbədi problemi - sənətlə həyat arasındakı təzad üzərində "baş sındırdığını" qeyd edir və buna sübut kimi onun əksər qəhrəmanlarının sənətdən uzaq olduğunu vurğulayırlar.
T.Mannın ən mühüm əsəri, şübhəsiz, "Sehrli dağ" adlı irihəcmli romanıdır. Burada yazıçını düşündürən əsas məsələ zaman və varlıq, ölüm və həyat problemidir. T.Mann bu məşhur promanda zamanın mahiyyətini, onun varlıq və insanla əlaqəsini xüsusi bir dərinliklə araşdırır. Əsərdəki simvolizmi və fəlsəfi problematikanı duymayan oxucuya o, son dərəcə maraqsız və cansıxıcı görünə bilər. Belə ki, burada nə həyəcan doğuran hadisələr var, nə kəskin konfliktlər, nə də oxucunu intizarda saxlamaq üçün düşünülmüş üsullar…
T.Mann yazıçı olmaqla yanaşı, həm də incə təhlil qabiliyyətinə malik tənqidçi və ədəbiyyatşünas idi. Onun çoxsaylı məqalələri tənqid və təhlil bacarığının misilsiz nümunələri kimi bu gün də ədəbi-estetik dəyərini qoruyub saxlayır.
Hazırlayan: Məsiağa Məhəmmədi
1996-cı ildə Nobel mükafatına layiq görülmüş Polşa şairəsi Vislava Şimborska (Wislawa Szymborska) çoxdandır ki, Avropanın ən görkəmli şairlərindən sayılır. Polşadan xaricdə onun əsərlərinin kiçik bir qismi məhdud dairədə tanınır, lakin onun beynəlxalq şöhrətinin azlığı ilə əsərlərinin bədii qüdrəti arasında heç bir əlaqə yoxdur.
Şimborskanın poeziyası dünyanın heçliyə yuvarlanmasından, yadlaşmasından və atılmışlığından söz açır. Yadlaşma onun əsərlərinin başlıca mövzularından biridir. Şairə daim başqalarına biganəliyi, qarşılıqlı anlaşmanın olmamasını, insanların sadəcə yanaşı ömür sürməsini təsvir edir. Onun «Babil qülləsində» adlı şeirində söhbət edən tərəflər ayrı-ayrı şeylərdən danışırlar, cavabların suallarla heç bir əlaqəsi yoxdur və şeir ayrılıqla bitir.
Şeirlərində «başlamaq», «gözləmək», «sağ qalmaq» və «ümidsizləşmək» kimi feillərdən bol-bol faydalanması göstərir ki, 1923-cü ildə doğulmuş Şimborska nə qədər müharibə dövrünun və müharibədən sonrakı nəslin təcrübələrinin təsirinə məruz qalmışdır. Onun şeirləri XX əsrin ağrılarından bəhs edir. Eyni zamanda Şimborska hər cür incə hisslərin ifadəsindən, deklarasiyasından qaçır. Onun dili gündəlik danışıq dilinin ibarələri ilə doludur ki, öz qabalığı ilə müəyyən qəzəb doğurmaq effektinə malikdir: «İşlər necədi?», «Çox yaxşı, lap yaxşıdı». Bu yığcam ifadələr aşağıdakı kimi qeyri-hissi nəticələr çıxarılması ilə yekunlaşır: "Bir nəfər avaraları küçədən süpürməlidi ki, meyitxana maşını keçə bilsin".
Şimborska poetik dil formaları yaratmq ustasıdır. Onun özünəməxsus üslubu şairəni həyatını, demək olar ki, guşənişinlikdə keçirən və yalnız öz bədii idrakının səsinə qulaq asan sənətkarlar sırasına daxil edir. Bu cür həyat tərzi, xüsusən Şimborskanın siyasi və ictimai mövqeyi, eləcə də onun bəşər həyatının ən ümdə məsələlərindən bəhs edən şeirləri indi 85 yaşı olan və 1931-ci ildən Polşanın iri şəhərlərindən birində – Krakovda yaşayan şairənin kommunist hakimiyyəti dövründə o qədər də rahat ömür sürə bilməməsinə səbəb olmuşdur. Onun şeirlərinin əksəriyyəti insanın kütlələr içərisində itməkdən, köləlikdən, dövlətlər və hakimiyyətlər vasitəsilə «şeyə» çevrilməkdən və böyük rəqəmlər içərisində yox olmaqdan xilas edilməsinə yönəlmişdir.
Vislava Şimborska 1945-1948-ci illərdə Krakov Dövlət Universitetində oxumuş, dilləri və sosiologiyanı öyrənmişdir. Hələ 1945-ci ildən şeirləri ilə çıxış etməsinə baxmayaraq, onun ilk kitabı yalnız 1952-ci ildə işıq üzü görmüşdür. Sonralar o, bu kitabdan imtina etmişdir. Şimborskanın fikrincə, həmin kitabda sosialist gerçəkliyinə uyğunlaşmaq cəhdi mövcud olmuşdur. 1975-ci ildən bəri Şimborska 10-dan çox kiçik həcmli, lakin dəyərli şeir toplusu nəşr etdirmişdir.
Vislava Şimborska ona Nobel mükafatı verilməsi xəbərini istirahət etdiyi Zakopan dağlarında eşitmiş və bildirmişdi: «Bununla əlaqəlar çox xoşbəxtəm və düzü, mənim üçün gözlənilməz bir hadisədir. İndi qorxuram ki, rahat həyat sürə bilməyim». O, əlavə etmişdi ki, mən gərək sevincimi əsərlərimin tərcüməçiləri ilə bölüşəm. Şimborska demişdi: «Mükafatın mənə veriləcəyini qətiyyən gözləmirdim. Nobel mükafatına namizədliyimin irəli sürülməsinin özü mənim üçün böyük şərəf idi».
Hazırlayan: Məsiağa Məhəmmədi
Son qırx ildə Nizami Gəncəvi haqqında yazılmış saysız-hesabsız kitablara nəzər salsanız, hamısının qaynaqları sırasında bir ada rast gələcəksiniz: Q.Y.Əliyev. Xosrov və Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında. 1960-cı ildə Moskvada rus dilində nəşr edilmiş, həcmcə çox da böyük olmayan bu kitab o zaman cəmi 30 yaşı olan Qəzənfər Əliyevin ilk geniş elmi tədqiqatı idi. Lakin dünya şərqşünaslığının ən son nailiyyətlərinə söykənən bu araşdırmanın elmi səviyyəsi o qədər yüksək, ehtiva etdiyi material o qədər zəngin idi ki, sonralar Nizami yaradıcılığını öyrənən heç bir tədqiqatçı bu kitaba müraciət etmədən ötüşə bilmədi. Elmi istedadın əsl göstəricisi budur. Yəni həqiqi istedad elə ilk addımdaca öz sözünü söyləyir, necə deyərlər, sonradan heç kimə vəhy verilmir.
Görkəmli Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Türkmənistanın Dövlət Mükafatı laureatı, Yazıçılar Birliyinin üzvü Qəzənfər Yusif oğlu Əliyev 1930-cu il mayın 15-də Nizami yurdunda – qədim Gəncədə anadan olmuşdu. Orta təhsilini doğma şəhərində alıb Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən və SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olan Q.Əliyev 1958-ci ildə məşhur şərqşünas Y.E.Bertelsin rəhbərliyi ilə «Nizami Gəncəvinin «Xosrov və Şirin» və Əmir Xosrov Dehləvinin «Şirin və Xosrov» poemalarının müqayisəli təhlili» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Nizami ədəbi məktəbinin dərindən öyrənilməsi istiqamətində ilk ciddi təşəbbüs olan və sonradan neçə-neçə analoji tədqiqatlar üçün örnək rolunu oynayan bu araşdırma eyni zamanda alimin gələcək elmi axtarışlarının əsas istiqamətlərini də müəyyənləşdirdi: Nizami yaradıcılığı və Hindistanın farsdilli ədəbiyyatı. Təsadüfi deyil ki, Nizami irsi ilə bağlı yuxarıda adı çəkilən samballı monoqrafiyasının ardınca Q.Əliyevin başqa bir fundamental əsəri – «Hindistanın farsdilli ədəbiyyatı» adlı kitabı işıq üzü gördü. Dünya iranşünaslığı və hindologiyası tarixində ilk təcrübə olan bu kitab farsdilli ədəbiyyatın hind ədəbiyyatları içərisində müstəqil və spesifik bir qol olduğunu elmi şəkildə sübuta yetirməklə bərabər, müəllifinə böyük şöhrət qazandırdı.
Lakin geniş tədqiqat diapzonuna malik, sistemli və kompleks araşdırma üsullarını dərindən mənimsəmiş, bir neçə Şərq və Qərb dillərini mükəmməl bilən Q.Əliyevin axtarışları, təbii ki, qeyd olunan istiqamətlərlə məhdudlaşa bilməzdi. 1969-cu ildə o, daha bir elmi kəşfini ortaya qoydu: Aşqabadda alimin «Türkmən şairi Bayram xan» adlı kitabı çap olundu. Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xanın bədii irsini üzə çıxarıb tədqiq etməklə, Q.Əliyev əslində türkmən ədəbiyyatının tarixini azı iki əsr əvvəldən başlamağa imkan yaratdı. Elə buna görə də o, çoxcildlik «Türkmən ədəbiyyatı tarixi»nin müəlliflərindən biri oldu və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görüldü.
Q.Əliyev təkcə müqayisəli-tipoloji tədqiqatların mahir ustası deyildi, həm də orta əsr əlyazmalarının dilini yaxşı bilən görkəmli bir mətnşünas idi. Əslində bu, Q.Əliyevin mənsub olduğu şərqşünaslıq məktəbinin ayrılmaz xüsusiyyəti idi və o, həmin məktəbin ənənələrini ləyaqətlə davam və inkişaf etdirirdi. Bu baxımdan alimin böyük hind şairi Ə.X.Dehləvinin «Xəmsə»sinə daxil olan poemaların elmi-tənqidi mətnlərinin hazırlanması sahəsindəki işi xüsusi qeyd olunmalıdır. 1972-1979-cu illərdə Moskvada nəşr olunan həmin mətnlər Q.Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə hazırlanmış və Hindistanın özündə də yüksək qiymətləndirilmişdi. Alimin geniş tərcüməçilik fəaliyyəti də əslində onun mətnşünaslıq işinin davamı və tərkib hissəsi sayılmalıdır. Şərqin yazılı abidələrinin rus dilinə tərcüməsi istiqamətində Q.Əliyevin gördüyü işlər onun elmi araşdırmalarını bir növ tamamlayırdı. O, Ə.X.Dehləvinin «Həşt behişt» poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin «Nəl və Dəmən» poemasını, Mirzə Qalibin şeirlərini və neçə-neçə digər bədii nümunələri rus dilinə çevirmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdı. Bu işdə o, doğma yurdunun ədəbiyyatı və mədəniyyətini də unutmurdu: Azərbaycan atalar sözləri və təsnifləri məhz onun tərcüməsində rusdilli oxuculara çatdırılmışdı.
Q.Əliyevin elmi fəaliyyətinin necə çoxşaxəli xarakter daşıdığını təsəvvür etmək üçün bir faktı da qeyd etmək yerinə düşər: o, iranşünaslar arasında «Rubinçikin lüğəti» kimi tanınan ikicildlik farsca-rusca lüğətin tərtibçilərindən biri olmuşdur.
1974-cü ildə farsdilli ədəbiyyatın təşəkkülü probleminə dair doktorluq dissertasiyasını uğurla müdafiə edən Q.Əliyev öz sahəsində həqiqətən görkəmli mütəxəssis olduğunu bir daha sübuta yetirdi. Onu nəinki keçmiş SSRİ-nin bütün şərqşünaslıq mərkəzlərində, eləcə də İranda, Hindistanda, Əfqanıstanda, Pakistanda, Avropa ölkələrində yaxşı tanıyır və rəyi ilə hesablaşırdılar. Onun müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda etdiyi məruzələr yeni elmi ideyalar və tapıntılarla zəngin olduğundan daim maraqla qarşılanırdı. Yüksək elmi nüfuzunun nəticəsi olaraq Q.Əliyev SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının işinə cəlb olunmuşdu və çoxları yaxşı xatırlayır ki, burada o, Azərbaycandan olan həmkarlarına əlindən gələn köməyi heç vaxt əsirgəmirdi.
Gənc elmi kadrların yetişməsi və inkişafına xüsusi qayğı ilə yanaşan, onlarla aspirant və dissertanta rəhbərlik edən Q.Əliyev müəllimlərini və sələflərini də unutmurdu. Y.E.Bertelsin beşcildlik «Seçilmiş əsərləri» məhz onun yaxından iştirakı ilə işıq üzü gördü. 1981-ci ildə isə məşhur şərqşünas A.Y.Krımskinin qırx il arxivdə yatıb qalan «Nizami və müasirləri» adlı çox qiymətli monoqrafiyası Q.Əliyevin ön sözü və redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr olundu. Farsdilli ədəbiyyat tarixinin iki əsrlik mənzərəsini dolğun şəkildə canlandıran bu kitaba elmin son nailiyyətləri əsasında Q.Əliyevin yazdığı şərhlər onun geniş erudisiyasını parlaq surətdə nümayiş etdirdi.
1980-ci illərdə respublikamızıda nizamişünaslıq sahəsində böyük işlər görüldüyü zaman Q.Əliyev təbii ki, bu prosesdən kənarda qalmadı: şairin «İskəndərnamə» poemasının birinci hissəsinin filoloji tərcüməsi onun tərəfindən həyata keçirildi. Nizami yaradıcılığına həsr olunmuş müxtəlif səviyyəli tədbirlərin daimi iştirakçısı olan alim elmi məcmuələrdə və dövri mətbuatda silsilə məqalələrlə çıxış etdi. Bu sıradan onun «Ədəbiyyat və incəsənət» qəzetində (indiki «Ədəbiyyat qəzeti»ndə) dərc olunmuş «Nizami ensiklopediyası» adlı məqaləsi ayrıca qeyd olunmalıdır. Həmin məqalədə Nizami ensiklopediyasının zəruriliyi elmi şəkildə əsaslandırılmış, onun məzmunu və strukturu ilə bağlı dəyərli ideyalar irəli sürülmüşdü. Az sonra həmin ensiklopediyanın mühüm tərkib hissəsi olacaq bir iş elə alimin özü tərəfindən gerçəkləşdirildi: Moskvada onun «Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında» adlı kitabı nəşr olundu. Əslində bununla Q.Əliyev bütöv bir kollektivin işini təkbaşına görmüşdü. Kitabda XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumatlar toplanmışdı. Nizaminin Şərq ədəbiyyatlarına təsirini bütün miqyası ilə nümayiş etdirən bu kitab elmi nizamişünaslığın bir əsrlik tarixinə yekun vurmaqla yanaşı, yeni araşdırmalar üçün çoxsaylı mövzular və faktlar verirdi. Təsadüfi deyil ki, ilk monoqrafiyası kimi Q.Əliyevin bu əsəri də dərhal nizamişünasların stolüstü kitabına çevrildi. Lakin amansız ölüm Qəzənfər müəllimin özünə kitabın nəşrini görməyə imkan vermədi: kitabın çıxmasına az qalmış – 1984-cü ilin aprelində o, dünyasını dəyişdi...
Onunla ölümündən təqribən bir il əvvəl tanış olmuşdum. Şərqşünaslıq fakültəsinin üçüncü kursunda oxuyurdum. O vaxt fakültənin dekanı olan görkəmli ərəbşünas Vasim Məmmədəliyev Qəzənfər müəllimi mühazirə oxumaq üçün Bakıya dəvət eləmişdi. Qəzənfər müəllim bizim qrupda Hindistanın farsdilli ədəbiyyatına dair xüsusi kurs aparacaqdı. Amma o, sadəcə mühazirə oxumurdu, vaxtaşırı suallar verməklə həm də tələbələri öyrənirdi. İkinci mühazirədən sonra məni yanına çağırdı. «Səndən yaxşı alim çıxar, - dedi, - əgər həvəsin varsa!» Həvəsimi gizlətmədim. O isə: «Onda elə indidən başlamaq lazımdır. Qoy fikirləşim, sənə bir mövzu verərəm» - söylədi. Sonrakı söhbətlərdə mövzunu dəqiqləşdirdik: «Hind üslubu» problemi. Onun təmkinli davranışına, sadəlik və təvazökarlığına heyran olmuşdum. Hər söhbətdən sonra ondan necə müsbət enerji aldığımı, necə zənginləşdiyimi duyurdum. Üç həftə sonra Qəzənfər müəllim Moskvaya qayıtdı və gələn il yenə gələcəyini bildirdi. Bir il ərzində daim əlaqə saxlayır, məktublaşırdıq. Qəzənfər müəllim mənə müxtəlif materiallar, o cümlədən, yeni çıxan məqalələrini göndərir, mənim suallarıma ətraflı cavablar yazırdı. 1984-cü ilin aprelində yenidən Bakıya gəldi. Gözlənildiyindən bir qədər gec gəlmişdi. Sən demə, kitabının nəşrə hazırlanması ilə bağlı yubanıbmış. Bu dəfə bizə cəmi dörd mühazirə oxuya bildi. Sonuncu mühazirədən üç gün sonra Semaşko xəstəxanasında vəfat etdi. 54 yaşında...
Qəzənfər müəllimin mühazirələrindən etdiyim qeydlər indi də məndə durur. Qəribədir, son mühazirəsində naməlum bir şairdən aşağıdakı misranı söyləmişdi:
Çist həyate-təmam? Zendegiye-natəmam!
(Nədir bütöv həyat? Yarımçıq ömür!)
Elə bil, tanınmış hindoloq, C.Nehru adına Beynəlxalq mükafatın laureatı İ.D.Serebryakovun təbirincə desək, «çoxcəhətli şəxsiyyətinin yüksəliş anında» ömrünün yarımçıq qalacağını, hətta cildinə qədər hazırlatdırıb nəşriyyata təhvil verdiyi kitabını görməyəcəyini duymuşdu Qəzənfər müəllim. Elə bil, Bakıya «ölməyə vətən yaxşı» həqiqətini təsdiqləməyə gəlmişdi...
1996-cı ilin əvvəllərində 85 yaşında vəfat etmiş Fransa romançısı Erve Bazen ölümündən bir qədər əvvəl verdiyi musahibədə yaradıcılıq təcrübəsinin bəzi məqamlarını açıqlamışdır:
«Jurnalistika sahəsindəki böyük təcrübəm mənə təsirli və cəlbedici üslubda yazmağı öyrədib. Elə bir üslubda ki, oxucu ilə birbaşa rabitə yaradır və mənim fikrimcə, müəyyən öhdəlik daşıyır. Bizim müasir cəmiyyətin üzləşdiyi problemlər daim mənim yaradıcılığına təkan vermişdir. Bu problemlərin kitablarda inikası mühüm məsələdir, çünki yeni rabitə vasitələrinin çevikliyi sayəsində ən mühüm hadisə və xəbərlər belə öz yerini təzə xəbərlərə verir və unudulur…
Kitablarımı köhnə bir makina ilə - polad barmaqlar tələb edən hay-küylü "Andervod"la yazıram. Buna baxmayaraq, heç vaxt kompüterdən istifadə etmək fikrinə düşməmişəm. Fiziki fəaliyyət yazı prosesində mənim üçün zəruri bir şeydir. Məhz bünün sayəsində əyaniləşməmiş, başqa sözlə desək, zehni obrazlar kağız üzərinə köçür. Mən səhər saat 7-dən növbəti gün gecə saat 2-yə qədər, yalnız yemək üçün qısa fasilələr verməklə, bu "Andervod"un arxasında oturub işləyirəm. Roman qəhrəmanları monopolist varlıqlardır. Onların bəzisi qaçaraqdır və səhifədən qaçmağa çalışır, bəzisi isə həddən artıq özünü sırımağa cəhd göstərir. Bu şəkildə yazmaq prosesi bir boks oyununa və ya heykəltəraşlığa çevrilir. Xülasə, yazmaq - fiziki bir fəaliyyətdir…
Bizim əsrimiz nümayiş əsridir, hərə əlinə bir bayraq götürüb və mənim də bayrağım Sartrın bu sözləridir ki: "Ayıltmaq üçün yazırıq". Yazıçılıq məqsədsiz və səbəbsiz bir iş deyil. Fransız yazıçısı Jorj Bernano deyir: "Tanrı qələmi mənə əyləncə üçün verməyib". Mənim işim yazmaqdan estetik həzz almaq və təhlil xatirinə təhlil deyil. Yazıçılıq ictimai bir peşədir.
Yazmağın ictimai səmərəsi və faydası var. Yazıçı başlıca şərti canlılıq və təsirlilik olan ədəbi qəhrəmanları yaratmaqla, öz ideyalarını irəli sürür. Yazmaq oyun-oyuncaq deyil, qəlblərə və beyinlərə həkk etmək işidir. Dünyanın ən çox satılan kitabları Quran və İncildir…
Yazmaq bir növ nəfəsalma üsulu və müəyyən dərəcədə narkotik maddədir. Onsuz yüngülləşmək olmur və biz xudpəsəndliklə: "yazmaq ilahi bir işdir" - deyirik. Hər dəfə ağ kağızla üzbəüz dayananda, səni qorxu və həcəyan bürüyür və öz-özünə deyirsən: "Görəsən, gələcəkmi?" Görəsən, həmən möcüzə yenidən baş verəcəkmi?" Yazmaq həmişə proqnozlaşdırılması qeyri-mümkün olan bir işdir. Ömür kitabının hər gün çevrilən bir vərəqi kimi! Sən dünənki fəslin ardınca nə olacağı haqqında dumanlı təsəvvürə maliksən. O zaman qəfildən nəsə baş verir. Birdən yerindən oynayırsan! Və bu zaman saatlarla yazmalı olursan, çünki rabitəni qoruyub saxlamalısan…»
Çevirəni: Məsiağa Məhəmmədi
Görkəmli alim, ictimai xadim və nadir şəxsiyyət akademik Ziya Bünyadovun qətli son illər xalqımızın üzləşdiyi min cür faciə içərisində bəlkə də ən ağlasığmazı, ən dəhşətlisidir – Ziya Bünyadov nə kimlərinsə maraqlarına toxunan iqtisadi qüdrət sahibi idi, nə də real hakimiyyətə can atan siyasətçi. Onun müəyyən siyasi təşkilata mənsubluğu da əslində simvolik mahiyyət daşıyırdı – Ziya Bünyadov şəxsiyyəti hər hansı partiyanın, təşkilatın çərçivələrinə sığışmayacaq dərəcədə böyük və çoxcəhətli idi.
Kim idi Ziya Bünyadov? O, mübarizə silahı qələm və söz olan bir ziyalı, bir fikir adamı idi və əgər həqiqətən onun vəhşi sifarişli qətl hədəfinə çevrilməsi məhz bu səbəblə bağlıdırsa, onda bu, bütövlükdə xalqımız və cəmiyyətimiz üçün çox təhlükəli bir simptomdur. Çünki Ziya Bünyadova atılan güllələr əslində ziyaya, ziyalı sözünün qaranlıqları yaran nuruna, işığına – HƏQIQƏTinə atılan güllələrdir, cəmiyyəti əsarət və cəhalət zülmətinə qərq edib həmin zülmətdə öz çirkin əməllərini rahatca həyata keçirmək istəyənlərin mənfur niyyətlərinin təzahürüdür.
Şəxsi münasibətlərdən, elmi, təşkilati işlərindən tutmuş son on ildəki nisbətən fəal ictimai çalışmalarına qədər bütün sahələrdə Ziya Bünyadov daim xislətinin dərinliklərindən doğan ədalət duyğusunu hifz edirdi. Və ona atılan güllələr əslində ƏDALƏTə atılan güllələrdir. Ədalətin zəhmli baxışlarından üşünənlərin hər vəchlə onu öz yolu üstündən götürmək istəyinin nəticəsidir.
Ziya Bünyadov Azərbaycan tarixinə dair bütün mənbələri incəliklərinə qədər bilən, onun bütün dövrlərinə dərindən bələd olan və bədnam qonşularımızın öz ərazi iddialarını «tarixi həqiqətlərlə» əsaslandırmaq cəhdlərini alt-üst etməyə qadir olan bəlkə də yeganə tarixçimiz idi. Və ona atılan güllələr əslində TARIXə atılan güllələrdir, xalqı öz tarixi yaddaşından məhrum edib manqurtlaşdırmaq, bu yolla onu istədiyi istiqamətə yönəltmək məqsədinin təzahürüdür.
Ziya Bünyadov amansız repressiya dövrünün sənədlərini aşkara çıxaran və onları «Qırmızı terror» adlı kitabda ümumiləşdirən bir vətəndaş idi. Və ona atılan güllələr əslində vətəndaş yanğısına, QEYRƏTə atılan güllələrdir, hələ də 37 təfəkkürü ilə yaşayanların repressiyanın qanlı mexanizmini açıb ifşa edən bir şəxsin 37-nin qara yubileyində iştirakına dözə bilməməyinin nəticəsidir.
Ziya Bünyadov neçə-neçə gəncin elmin sabahına aparan yolları işıqlandıran bir ustad, bir müəllim idi. Və ona atılan güllələr əslində GƏLƏCƏYə tuşlanmış güllələrdir, elmin ölüm hökmünə imza atmaq arzusunun təzahürüdür.
Lakin bu arzunu qara qəlblərində, çürük beyinlərində bəsləyənlər səhv edirlər. Ziyanı cismən öldürmək mümkündür, lakin onun təmsil etdiyi ZİYANI, fikri, düşüncəni, elmi öldürmək, güllələmək, bıçaqla doğramaq mümkün deyil. Və bir də...
Bir də ömrünün neçə ilini müqəddəs kitabımızın – Quranın dilimizə tərcüməsinə sərf etmiş, onun hikmətinin adi oxuculara aydın olması üçün onlarla şərh yazmış bir şəxsin qatilləri üçün hər şeyi bilən, hər şeyi görən ulu Tanrının cəzası labüd və qaçılmazdır. «Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Məgər onlar bilmirlərmi ki, Allah onların gizlətdiklərini də, aşkara çıxartdıqlarını da bilir? Onları böyük bir əzab gözləyir!» («Bəqərə» surəsi, 9-cu, 77-ci, və 7-ci ayələr).
25 fevral 1997-ci il