Hüseyn Düzgün. NƏSİMİNİN ƏDƏBİ YARADICILIĞI

Xəbər verildiyi kimi, Təbrizdəki «Əxtər» nəşriyyatında doktor Hüseyn Düzgünün tərtibçiliyi ilə Nəsiminin türkcə divanı çap olunmuşdur. H.Düzgünün həmin nəşrə yazdığı müqəddimədən bir parçanı sizə təqdim edirik.

Seyid Nəsiminin ədəbi yaradıcılığını iki dövrəyə bölmək olar:

1. İLK DÖVRƏ


Onun 25-26 yaşlarına qədər, yəni Fəzlullah Nəimi ilə tanış olması və onun təriqət və məsləkini qəbul etməsinə qədərki dövrəni yaradıcılığının ilk dövrəsi adlandırırıq. Bu dövrədəki şeirlərində o, Xacə Əhməd Yəsəvi (ölümü 562 h.) və Cəlaləddin Rumi (ölümü 604 h.) təsirində nəsihətamiz, təlimi və hikmətli şeirlər və on dörd məsum (ə.s.) üçün mənqibələr yazırdı.
Söz yox ki, o, bu dövrdə şairliyini sınamağa başlayan bir etiqadlı və savadlı gənc kimi zühur edir. Bütün şiəyyələr, mənqibələr, nəsihətverici qəzəllər və qəsidələr, hikmətli tuyuqlar və məsnəvilərini bu dövrəyə aid etmək olar.
Belə şeirlərdə irfan axıcılığı yoxdur və şeir dili qurudur. Şairdə coşqun ürək olsa da, coşqun dil yoxdur. Şair hələ dərin mənaları laybalaylı dil ilə bəyan etməyə əl tapa bilməmişdir. Bu dövrədə şairin sabit təxəllüsü də yoxdur, o gah Seyyid, gah Hüseyni və gah Seyid Nəsimi və bəzən də Haşimi təxəllüs edir.
Türkcə divanında bu dövrəyə aid olan şeirlərini yüz qitəyə yaxın müxtəlif qəlibli şeirlər təsbit etmək olar. Bu dövrəyə aid şeirlərinə, ümumiyyətlə, nəsihət vermə ruhu hakimdir:

Divi-rəcimə, ey könül, qılma dəxi mütabiət,
Tanrı sözün eşidicək, sidq ilə qıl mülazimət.
Yaxşılıq eylə sən, sənə yaxşılıq eyləyə xuda,
Aqibət əslinə qılır xeyrə, şərə muraciət.

***

Könül vermə cahana, bivəfadır,
Könül vermək ana eyni-xətadır.
Buna canü dil ilə anlavü bax,
Fənadır bu fəna, sanma bəqadır.
Bəqası var imiş olsa cahanın,
Qalaydı baqi uş ol Mustafadır.
Cahanın çün bəqası yox, Nəsimi,
Anı qoyub Həqqə dönmək rəvadır.

2. İKİNCİ DÖVRƏ

Bu dövrə onun olğunluq çağlarıdır. İyirmi beş yaşından edam olunmasına qədərki on illik dövrədir. Bu dövrədə o, Fəzlullah Nəimi ilə yaxından və hüzuri olaraq tanış olur. Gərçi Nəimini qabaqcadan da tanıyırdı və gahdan onun adını özünə təxəllüs kimi seçirdi, lakin yaxından tanış olduqdan sonra düşüncə dünyası tamamilə dəyişir və özünə irfani məslək seçir və hürufilər cərgəsinə daxil olur.
Seyid Nəsimi Fəzlullah Təbrizi ilə tanış olmazdan qabaq da həqiqəti, eşqi və doğru yolu axtaran bir şair idi. Mövlana Cəlaləddin Rumi və Hafiz Şirazinin təsiri altında yarımirfani şeirlər yazırdı. Lakin hürufilər cərgəsinə girdikdən sonra tam şövq və həyəcanlar içində irfani eşq ilə dolu şeirlər yazmağa başlayır. Bu dövrdəki şeirlərinin bəzi məzmunları haqqında aşağıda danışırıq:

2.1. Qurani rəmzlər

Seyid Nəsimi öz şeirlərində Qurani rəmzləri açma yolunu izah etmək üçün bir para görüşlərə dayanır. Misal üçün deməliyik ki, onun nəzərində 4 ünsür (su, od, torpaq, yel), 7 xətt (2 qaş, 4 kiprik, bir saç) bir-birinə zərb edilərək Qurani-kərimin əsrarını həll etmə açarı olur.
Bir və ya bir neçə hərfdən meydana gələn əlif-lam-mim, ya-sin, ta-ha kimi ayələri hürufilər mühakimat və müqəttəat adlandırırlar. Nəsimi bu ayələrdən öz şeirlərində bol-bol istifadə etmişdir və ondan əlavə daha çox istifadə etdiyi ayələri belə sıralamaq olar:

1) Kun fəyəkun (Yasin/82): Yasin surəsində gələn bu ayəni Nəsimi varlığın əsas səbəbi hesab edir:

Kaf ilə nun əzəldə çün illətimizdir, ey bəşər,
Cövhəri-laməkan bizik, kim biləşər hüdudumuz.

2) Ələstu birəbbikum (Əraf/172): Nəsimi bu ayədən də çox istifadə etmişdir:

Sirri-ələstu rəbbikum çün ki götürdü pərdəyi,
Zahidə assı eyləməz xirqeyi-parə-parəsi.

Bu ayəyə görə, Tanrı ruhların yaradılmasından sonra onlardan soruşmuşdur ki, aya, mən sizin Rəbbinizəm? Ruhlardan bir qisməti «bəli» və bir qisməti «nəəm» demişlər. «Bəli» deyənlər doğru yola gedənlər hesab olurlar.
3) Leylətul-isra (İsra/1): Həzrət Peyğəmbərin meracına işarət edən bu ayədən Nəsimi dəfələrlə istifadə etmişdir və Allahın öz bəndəsini gecə Məscidi-əqsaya aparmasından danışmışdır.

Ey camalın sirri-sübhan əlləzi isra imiş,
Əbduhu leylən tapundu, Məscidül-əqsa imiş.

4) Qabə qövseyn (Nəcm/9): Hürufi anlayışında iki hərf olan qövseyn iki qaşa işarədir və Nəsimi oxucunu bu hərfləri görməyə və oxumağa çağırır:

Gəl səvadül-vəchi gör kim fəqri-mütləqdir adı,
Rövşən anla Kəbeyi-qövseyn ilə avədnamızı.

5) Ərş və istiva və ər-Rəhman (Taha/5): Nəsimi bu ayədən çox istifadə edir. Hürufi inancına görə, insan üzündə 28 hərf oxunur, ona görə adamın üzünə ər-Rəhman ələl-ərş istiva adı verir:

Zülfü rüxsarındır ər-Rəhman ələl-ərş istiva,
Kəbənin mehrabı qaşın, fitneyi-eynin xətib.

Burun istiva xətti kimi üzü ikiyə bölür və Nəsimi dəfələrlə buna işarə edir.
6) Əhsən ət-təqvim (Tin/4): Bu ayə vəhdəti-vücud inancına inananlar üçün bir nəqli dəlil sayılır. Varlıq birliyi inancına görə, kainat mütləq varlığın zühurudur. Bütün aləm mütləq varlığın elmindən zühur etmiş, göylər, ünsürlər, canlılar, cansızlar və s. yaranmış və tapılmışdır. Onların içində isə insan ən son və ən kamil məxluqdur və Tanrının təcəlla yeridir:

Çünki yüzün əhsənüt-təqvim imiş,
Səndə zühur eylədi sübhanımız.

Nəsimi deyir ki, zahid bir münəccim kimidir və bu sözün iç anlamını başa düşməz:

Münəccim zahid anlamaz ki, sənsən əhsənüt-təqvim,
Əzəldən ta əbəd oldu əyan hüsnün kitabından.

2.2. Hürufi rəmzlər

1) Otuz iki və iyirmi səkkiz

Hürufilik inancına görə, insanın üzündəki 7 hərfi müxtəlif yollar ilə 28, 29 və gah da 32 olaraq ələ gətirmək olar. Bu 7 hərf iki qaş, dörd kiprik, bir saç, yəni səvadi-əzəmdir. 4 ünsür, yəni su, hava, torpaq və od ilə zərb olanda 28 ədədi ələ gələr. Lam-əlif isə gah bir hərf hesab olur və gah da p, ç, j, g hərflərinin canişinidir. Bu 4 hərf 28 ilə cəm olanda 32 ələ gəlir.
Nəsimi də şeirlərində yerbəyer 28 və 32 ədədlərini insan üzündə görmək istəyir:

Ayəti-səbül-məsanidir yüzün,
Otuz ikinin nişanidır üzün.
*
Bistü həştü siyü düdən dışqarı bir nəsnə yox,
Bu kəlam içində xeyli qilü qalı görmüşəm.

Başqa şairlər də üzü, qaşı, kipriyi, dodağı və sairəni Günəşə, kitaba, müshəfə, yaya, oxa və sairəyə bənzədirlər. Onların bənzətmələri bir bədii təsvir yaratma və gözəllik heyranı olmaları üçündür. Lakin Nəsiminin heç belə bir niyyəti yoxdur, bəlkə hürufiyyə təlimatı əsasında ayini bir ibarələr işlətmək üçün bu təşbehlərdən istifadə edir. O, zülfu və rüxsarı ər-Rəhman ələl-ərş istivaya bənzətdikdə, bir hürufi inancına dayanır və əslində ayəni təvil etməyə çalışır.

2) Eşq

Nəsimi eşq ilə yaşayan və eşqi təbliğ edən bir hürufidir. Bu eşqi isə daşa, torpağa yox, insana sarı yönəldir:

Gərçi asandır der, ey can, eşqini hər bixəbər,
Kim ki şol sevdaya düşdü, bildi kim asan degil.
Eşq ilə can yoxdur ol bimərifət heyvanda kim,
Surətin nəqşinə daim valehü heyran degil.

Şairin nəzərində eşqin tamam olması üçün sidq və doğruluq lazımdır və aşiq bu yolda can və cahanından keçməlidir:

Gər aşiq isən, sidq ilə şol dilbər üçün gəl,
Can ilə cahan ortaya qoy, tərki-sər eylə.

3) Tanrı təcəlligahı

Gözlər, qaşlar, kipriklər, yanaqlar, dodaqlar, ağız, çənə, çənə çuxuru, üzdəki xətlər, alın və ümumiyyətlə, üz camal və camalullaha dəlalət edir.
Hürufi inancına görə, insan əhsən təqvim və əhsən surət üzrə yarandığına görə, məzhərullah sayılır. Elə buna görə də Nəsimi insan üzünü Tanrı təcəlligahı hesab edir.
Hürufilik deyir ki, əgər üzdə yatan 28 hərfin əsrarını kəşf etmək olsa, onda Tanrı və yaradılış əsrarı da kəşf oluna bilər. Məşuqənin boy-buxunu, beli, əli, qolu, ayağı, yerişi və s. hamısı vəhdəti-vücud görüşü ilə izah edilir.

4) Cəsədlənmə və donbadon

Nəsiminin təcəssüd və cəsədlənməyə inancı dəfələrlə şeirlərində bəyan edilmişdir. O, Həqqin təcəllisini gördüyü insanı belə vəsf edir:

Səba zülfün nəsimindən cahanı cümlə can etdi,
Dəmindən gör səba zülfün ki nə canlar rəvan etdi.
Boyundur sidrəvü tuba, üzündür cənnətül-məva,
Xətü xalın kəlam oldu, bu əsrarı bəyan etdi.

O, ruhun dolanmasını hikmətamiz bir bəyan ilə belə vəsf edir:

Çün xakdan edər səfər, mədən nəbat olur şəcər,
Rövşən görür əhli-nəzər, ol tövmeyi-heyvan gəlir.
*
Çün tövmeyi-heyvan olur, ol da ki insü can olur,
İnsana vasil olmağa bidəstü pa pərran olur.

Nəsimi türk-şaman inancı əsasında olan ruhun dolanmasını və adamın böyük ruhlara don (=cəsəd) olmağa layiq olması məsələsini həkimanə bir deyiş ilə incələyir:

Cövhəri-fərd adəmin kanındadır,
Kuntu kənzən adəmin şanındadır.
Gərçi şeytan adəmin qanındadır,
Sirri-əsma adəmin canındadır.

5) Fəna fillah

O həqiqi aşiq olduğu və Həqqə özünü fəda etdiyi üçün məhşərdən və cəhənnəmdən qorxmur, çünki vüsala və fənaya çatmışdır:

Nəsimi çün vüsalından irişdi cənnətü hura,
Nə məhşərdən hesab eylər, nə tamunun əzabından.

6) Zahid

Zahid bütün irfani ədəbiyyatda olduğu kimi, Nəsiminin dilində də kütbeyin və dayaz düşüncəli olaraq vəsf edilir:

Firdovsa məni dəvət edən zahidə söylə,
Ol tikana göz tikmə ki gülzarımı buldum.
*
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil
Damə düzmə təsbehi, səccadəyi dam eyləmə!

7) Mübarizə və savaş

Nəsimi mübarizələr meydanının qəhrəman şairidir. O, savaşdan qorxmayan və savaş meydanlarına igidlər kimi girən bir qəhrəmandır:

Eşq ilə meydana möhkəm ər gərəkdir kim girə,
Hər hünərsiz himməti yoxun yeri meydan degil…


3 Şərh
  1. alamlar masiaga muallim taninimiş el daşlarimizi va dil daşlarimizi bu sitada qurmak mana çox çox xuşdur dugrusu onlari burada quranda üraiim daga dunur sag ol gardaş haminiza can sagligi arzu ediram


  2. Sağ olun, Bəxtiyar müəllim.
    Sizin də hər gəlişiniz və bir neçə kəlməniz bizə sevinc gətirir... Əskik olmayasız. Geniş ürəyiniz var olsun!


  3. Hüseyn Düzgün

    Sanıram 13-14 yaşım var idi "Hüseyn Düzgün" adı ilə tanış oldum. Mərhum böyük qardaşım bolluca türkçə kitab oxuyardı. Mən də ondan öyrəndim türkçə oxumağı. Hüseyn Düzgünün də adını ondan eşitmişdim. Evimizdə "Səməd Behrəngi" mənzuməsi adında bir kaset var idi. Bu uzun poemanı Fikrət Əmirovun "Şur" sinfoniyasının eşliyində Mənuçehr Əzizi oxumuşdu. Mənzumə Hüseyn Düzgünə aid idi. Musiqi ilə estetizə edilmiş və Mənuçehr Əzizinin gözəl səsi ilə oxunmuş bu mənuzmənin bir çox yerlərini hətta yazıb oxuması olmayan anam da əzbərləmuişdi. Bəzən kənddə at çapa-çapa, ya da eşşəyin üstündə öz-özümə Hüseyn Düzgünün
    "Qoy əfsanələşsin Səməd Behrəngi
    İnsanı yaşadar məslək çələngi
    Deyirlər Babəkin anası bir gün
    Oğluna demişdi: Yazşıca düşün!
    Oğul qalx, yurdunu qoru düşməndən
    İşğalçı bağırır yanacaq Vətən
    ...
    Qara torpaqlarda yatmaz qəhrəman
    Sən də qalxacaqsan o gün məzardan
    Nə´rə çəkəcəksən eheeyy vərəndaş
    Azadlığa doğru... xoş günə doğru..."
    Bu beytləri mən də o qədər örüşdə-tarlada demişdim ki, bütün uaşaq tay-tuşlarım da əzbərləmişdilər. Bəzən çilingağac oynadığımızda, var gücümüzlə çilingi vuranda "Azadlığa doğru....xoş günə doğru"- deyib zıplayırdıq çilingə.
    Əslində xalqa bağlananların xalq tərəfindən özümsənib sevilmələri çox rahatdır. Mənim bu yazdıqlarımı bəlkə də Hüseyn Düzgün bilmir. Bəlkə deyil də, dəqiq olaraq bilmir. Hardan bilir ki, Muğanın örüşlərində balaca çocuqlar onun şeirlərini oxumuşlar. Onun hesabına Behrəngini tanıyıb sevmişlər.
    Mən böyüyürdüm. Dəlicəsinə türkçəyə olan bir sevgimlə böyüyürdüm. Böyüdükçə vətənimdə türkçə yazanların əsərlərini oxuyurdum. Sonra da Atımın belində oturub dördəm çapdığım sürət kimi böyük şəhərlərə yürüdüm. Kəndli sadəliyimdən ayrılmadan yürüdüm. Hüseyn Düzgünlə də tanişlığım başladı. Ortda Məktəbi bitirib Universitetə girdiyim illər idi. Tehranda "İnqilab" adında kitab mağazası vardı Düzgün bəyin. Orada ilk görüşümüz oldu. O zaman mən şeir yazardım. Bir neçə şeirimi dinləyib məni təşviq etmişdi. "Sən şairsən, dilimizi də yaxşı bilirsən"- demişdi... Daha sonra da görüşlərimiz oldu...
    Ustad Düzgün milli həyatımızda, milli tariximizdə əbədiyyən yaşayacaq çox dəyərli şəxsiyətlərimizdən biridir. Ana dilimizin genişləməsi yolunda İran mühitində bəlkə də Onun qədər zəhmət çəkən yoxdur. Bizlərdə şovinizmin oluşdurduğu aşağılıq kompleksinin ortadan qalxmasında Ustad Düzgünwn çox etkisi olmuş. Bir çox məchul şairlərimizin əsərlərini tapıb yayımlamışdır. Eşitdiyimə görə "Divani-lüğati-Türk" qədər önəmli olan "Səngülax" sözlüyünü də çapa hazırlamaqdadır. Bir insan nə qədər iş görə bilərmiş! Bir akademiyanın edə biləcəyini Düzgün müəllim tək başına etmişdir. Bunun arxasında Onun türk millətinə olan imanı, inancı və sevgisi durmuşdur. Yalnız eşqin gücü ilə bu qədər işləri görmək olar. Bu böyük ustadıma salamlarımı çatdırır və Ona can sağlığı arzu edirəm


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər