QƏRİBƏ XƏYALLI ŞAİR

On yeddinci yüzillikdə farsdilli ədəbiyyatın rəvac tapmış olduğu geniş regionda Mirzə Məhəmmədəli Saib Təbrizinin (1601-1677) adı dillər əzbəri idi, əsərləri əldən-ələ gəzirdi. Uzaq Hindistandan tutmuş şairin doğma vətəni Azərbaycana qədər, demək olar ki, bütün iri şəhərlərdə mövcud olan ədəbi məclislərdə («dərnək»lərdə) onun şeirləri oxunub təhlil və təzmin edilər, qəzəllərinə cavablar yazılardı. Çox vaxt şair özü də belə məclislərin iştirakçısı olar, yuxarı başda oturub qəzəllərini söylər, qeyri-adi obrazları ilə qələm əhlini heyran qoyardı. Müxtəlif şəhərlərdən şeirsevərlər, xəttatlar onun divanının üzünü köçürmək üçün İsfahana – şairin evinə qonaq gəlirdilər. Saib özündən əvvəlki zəngin və çoxəsrlik ədəbiyyatın bilicisi sayılırdı. 800 şairin şeirindən nümunələr toplanmış 25 min beytlik «Səfinə»si bunu sübut edirdi. Müəyyən şeirin, beytin şərhində mübahisə meydana çıxırdısa, ona məktub göndərər, rəyini soruşardılar. Təzkirəçilər yazırlar ki, Rum hökmdarları və Hind sultanları öz məktublarında İran şahından Saibin divanını göndərməyi xahiş edərdilər, İran şahı da hədiyyə kimi şairin əsərlərini onlara göndərərdi.

Saib hələ uşaq ikən ailəsi I Şah Abbasın (1587-1629) əmri ilə İsfahana köçürülmüşdü. Gələcək şair bu böyük mədəniyyət mərkəzində boy atmış, lap erkən yaşlarından əlinə qələm almışdı. Saibin şeir aləminə atıldığı vaxtlar fasrdilli poeziyada poetik üslubun dəyişməsi prosesi ilə əlamətdar idi. Ancaq hələ də şairlər Hafizin cazibəsindən kənara çıxa bilmirdilər, bir çoxları isə rəsmi ideologiyaya uyğun olaraq Peyğəmbərə, Həzrət Əliyə və başqa imamlara mərsiyələr yazmaqla məşğul idilər. Yeni üsluba doğru qəti dönüş edilməmişdi. Bu vəzifəni Saib öz üzərinə götürdü.
Saib sənətə aydın estetik prinsiplər və böyük qayələrlə gəlmişdi. Yaradıcılığının ilk dövründən novatorluğu ilə seçildi. Amma bütün yeniliklər kimi Saibin yeni üslubu da birdən-birə qəbul olunmadı. Ənənəçilər bu «qəribə tərz»li şairin şeirlərini bəyənmədilər. Saib həmin vəziyyətini belə ifadə etmişdir.

غريب روي زمين گشتم از غريب خيالي
که هيچکس بوطن همچو من غريب نگردد
Qəribə xəyalımın ucbatından yer üzünün qəribi oldum.
Heç kəs mənim kimi vətənində qərib olmasın!

… XVI əsrin əvvəllərində farsdilli ədəbiyyatın ağırlıq mərkəzi tədricən Hindistana keçirdi. Əsası Zəhirəddin Babur tərəfindən qoyulmuş Böyük Moğollar dövləti ədəbiyyata xüsusi diqqət verən, onu siyasi məsələlərlə bərabər tutan, əslində ədəbiyyat sahəsindəki siyasətə ümumi daxili siyasətin tərkib hissəsi kimi baxan Şərq dövlətlərinin sonuncusu idi. Xüsusən Əkbər şahın məşhur islahatları nəticəsində yaranmış azadfikirlilik atmosferi əslində tənəzzülə doğru getməkdə olan farsdilli poeziyanın özündə reallaşmamış imkanlar taparaq canlanmasına, yeni rənglərlə parlamasına şərait yaratdı. Bu da dini fanatizmin hökm sürdüyü İran və Orta Asiyadan şairlərin kütləvi şəkildə Hindistana getməsinə səbəb oldu.
Saib də Hindistana yola düşdü, 6 il orada qaldı. Şairin «yeni tərzi» müxtəlif dairələrdə yüksək qiymət aldı, sənətkarlığı qəti şəkildə formalaşdı, ardıcılları meydana gəldi. Sonralar Şərq və Qərb tədqiqatçıları arasında böyük mübahisələr doğuran, son dövrlərə qədər farsdilli ədəbiyyat mütəxəssisləri üçün «tapmaca olaraq qalan» (özbək tədqiqatçısı Z. Rizayevin ifadəsidir – M.M.) məşhur «Hind üslubu» dövrün poeziyasında hakim üsluba çervildi. Bu üslubun yaradıcısı isə «Təbrizin pak torpağı»nda dünyaya göz açmış Azərbaycan şairi Saib Təbrizi idi…
Saib bu əqidədə idi ki, bədii ədəbiyyatın potensial imkanları heç də sələflər tərəfindən tükənməmişdir. Bədii idrak hüdudsuzdur, sənətkar gerçəkliyi bədii cəhətdən qavradıqca, onun qarşısında dərk olunmamış yeni qatlar açılır. Hər şey sənətkarın istedad və zəhmətindən, dünyagörüşü və dünyaduyumunun xüsusiyyətlərindən asılıdır. Bu fikir aşağıdakı beytdə gözəl ifadə olunmuşdur:

يک عمر مي توان سخن از زلف يار گفت
در بند آن مباش که مضمون نمانده است
Bir ömür yarın zülfündən söz demək olar,
Elə bilmə ki, (deyilməmiş) məzmun qalmamışdır.

Belə baxışların nəticəsi olaraq şair ənənəvi-kanonik obrazlarda, klassik şeirin hazır formullarında reallaşmamış imkanlar tapır, onlara yeni, bəzən ənənədəkinə əks olan münasibəti ilə seçilir. Bu məqamda şairin daha real, həyati mövqedən çıxış etməsi diqqəti cəlb edən əsas cəhətdir.
Saibin orijinal üslubu və novator poetik sistemi onun dövrü üçün yeni olan ideya-estetik mövqeyinin nəticəsi idi. Şairin divanında bu mövqeyi aşkarlayan çoxlu faktlar tapmaq mümkündür. Amma aşağıdakı beyti onun bir növ estetik kredosu kimi qiymətləndirmək olar:

دامن هر گل مگير و گرد هر شمعي مگرد
طالب حسن غريب و معني بيگانه باش
Hər gülün ətəyindən yapışma, hər şamın ətrafına fırlanma,
Qəribə gözəllik və yeni məna tələb et!

Bu «qəribə gözəllik» əslində «qəribəlikdə gözəllik» kimi başa düşülməlidir.
Saib, doğrudan da, ətrafında baş verən hadisələrə, mövcud predmetlərə qəribə və qeyri-adi baxışı ilə fərqlənir, onlarda hamının gördüyü və qəbul olunmuş mənaya əks olan məna görür. Ən adi şeylər belə şairdə müəyyən təəssürat oyadır, hər hansı bir fikri, mahiyyəti ifadə edən işarəyə çevrilir. Sanki ətraf gerçəklik mənalar aləmidir, hər şey nə isə ibrət verir, bizi nəyəsə çağırır və ya nədənsə çəkindirir: «Milçəyin qabaq ətraflarını mütəhərrik başına döyəcləməsi tamahkarın aqibətini göstərir». «Dişlərin tökülməsi oyun qurtararkən fiqurların yığılmasına bənzəyir, yəni həyat oyunu başa çatmaq üzrədir». «Saçların ağarması fələyin zülmündən uşaqlıqda əmilmiş südün üzə çıxmasıdır». «Torpaqdan yüksələn qəbir daşları bizi torpaq altına çağıran əllərdir» və s.
Buradan Saibin üslubunun əsaslandığı bədii prinsiplərdən biri – mücərrəd anlayışların konkretləşdirilməsi prinsipi meydana çıxır. Yəni göstərilən təfəkkür tərzinin ikinci tərəfi də var: ən mücərrəd fəlsəfi, psixoloji, etik, sosial məsələləri ifadə etmək üçün şair uzun-uzadı mühakimələrə əl atmır, onları ifadə edən qısa hökmü verir, sonra həmin fikrə illüstrasiya üçün elə material tapır ki, oxucu bədii məntiqin gücünə heyran qalır, tapılmış müqayisənin sehrinə düşür, şairin dediyi fikri anlayır və onunla razılaşır.

Tutulmuş könlümü cam ilə şadan eyləmək olmaz,
Əl ilə püstənin ağzını xəndan eyləmək olmaz.
Bulud qılan kimi covlan urar da ildırım tiği -,
Könül pərdələrində eşqi pünhan eyləmək olmaz.
Məni-Məcnuni aqil eyləmək mümkün deyil, naseh,
Söz ilən müşki-nabi, qan ki, bir qan eyləmək olmaz.

Belə məqamlarda Saib Şərq poetikasının «irsalül-məsəl», «hüsni-təlil» kimi bədii priyomlarından bol-bol və məharətlə istifadə edir. Çox vaxt şairin apardığı müqayisə o dəqiqə oxucuya aydın olmur, ondan müəyyən zehni gərginlik tələb edir. Amma lazımi səy göstəriləndən sonra oxucu şair xəyalının gözəl oyununun şahidi olur, ilk baxışda uzaq olan hadisələr arasında qəribə yaxınlıq tapır, bu «kəşf»dən həzz alır. Lakonizm, sərrast aforizmlərin işlənməsi və assosiativlik Saib poeziyasının ən qabarıq cəhətləridir.
Saibin obrazlar sisteminə heyrətamiz bir dinamizm xasdır. Şairin qəzəllərində donuq, sükunətdə olan obrazlara çox az rast gəlinir. Hərəkət Saib poetikasının əsasını təşkil edir. Cansız şeylər burada cana gəlir, dil açıb danışır. Alleqoriya Saibin ən çox işlətdiyi bədii vasitələrdəndir.
Bütün bu xüsusiyyətlərin dərin fəlsəfi əsası vardı. Orta əsrlərdə ictimai-siyasi, ideoloji və mədəni həyatın bütün sahələrinə dərin nüfuz etmiş sufizmin mütərəqqi ənənələrindən bəhrələnən Saibin dünyagörüşünə qəribə bir genişlik və universallıq xas idi. Və bununla o, dövrün məhdud düşüncəsinə, fanatizminə qarşı dururdu…
Saibin yaratdığı məktəbin sonrakı taleyi də maraqlı oldu. Vəfatından bir əsr keçməmiş şairin başçısı olduğu ədəbi məktəb İran şairləri və ədiblərinin şiddətli hücumlarına məruz qaldı. Onlar «Hind uslubu»na qarşı yönəlmiş «Bazgəşt» («Qayıdış») adlı hərəkat meydana gətirdilər və klassik şairlərin (XIV əsrə qədər) üslubunu bərpa etmək yolunda mübarizəyə başladılar. Ən kəskin hücumlar isə, təbii ki, Saibin payına düşdü. Görün, «Qayıdış»ın təşəbbüskarları və nümayəndələrindən biri, məşhur «Atəşkədə» təskirəsinin müəllifi Lütfəli bəy Azər Saib barədə nə yazırdı: «Onun şeir yazmağa başladığı vaxtdan qədim şairlərin aydın xəyal yolları bağlandı və keçmiş söz ustadlarının səlis qaydaları aradan götürüldü. Xoşagəlməz yeni üslubun yaradıcısı olan bu Mirzədən (Saibdən – M.M.) sonra şairlik günbəgün tənəzzül etdi. Şükür Allaha ki, hazırda onun ixtira etdiyi yol bütünlüklə tərk edildi və qədim şairlərin qanunları bərpa olundu».
Təxminən iki əsr müddətində İranda və Azərbaycanda Saib az qala unuduldu, ara-sıra xatırlansa da, hər halda layiq olduğu qiyməti ala bilmədi. Hindistanın, Əfqanıstanın, Pakistanın farsdilli ədəbiyyatında isə Saib məktəbi, demək olar ki, bizim günlərədək öz təsir qüvvəsini saxlamışdır. Əbdülqadir Bidelin poeziyasında «Hind üslubu» ən yüksək zirvəyə qalxdı. Mir Təqi Mir bu üslubda urdu dilində şerlər yazdı. Urdu və fars dillərində yazmış Mirzə Qalib və Məhəmməd İqbal kimi dünya şöhrətli sənətkarlar Saibdən bir ustad kimi söz açmış, onun yaradıcılığından bəhrələnərək yeni dövr ideyalarını yaymışlar. Tədqiqatlar Türkiyə ədəbiyyatında Saibin Naili, Nişati, Rəqib paşa, Nabi, Şeyx Qalib kimi ardıcılları olduğunu üzə çıxarmışdır.
Saib Azərbaycan ədəbiyyatşünaslığında bir qayda olaraq, Füzuli məktəbinin nümayəndəsi kimi təqdim olunur. Saib üçün bu, çox azdır. Məşhur hind alimi Şibli Nemani yazırdı ki, farsdilli poeziya Rudəki ilə başlamış, Saiblə bitmişdir. Yan Rıpkaya görə, Saib Hafiz və Sədidən sonra qəzəlin üçüncü böyük ustadıdır. Mərhum professor Qəzənfər Əliyev göstərirdi ki, Saib yaradıcılığı farsdilli ədəbiyyat tarixində bütöv mərhələ təşkil edir…
Saibin Azərbaycan dilində əldə olan qəzəlləri ilə Füzuli poeziyası arasında yaxınlıq şübhəsizdir, hətta bunlardan bir neçəsi Füzuliyə nəzirə kimi yazılmışdır. Bununla belə, Saib-Füzuli münasibəti davamçı-ustad münasibətləri qədər də sadə deyildir. Amma bu, ayrı bir söhbətin mövzusudur.

ƏDƏBİYYAT:

1. Saib Təbrizi. Külliyat. Müqəddimə və şərhi-hal be qələmi-Əmiri Firuzkuhi. Tehran, 1336.
2. Saib Təbrizi. Seçilmiş əsərləri. Bakı, 1980.
3. Həmid Araslı. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956.
4. Məsiağa Məhəmmədi. Saib Təbrizi və farsdilli poeziyada «Hind üslubu» . Bakı, 1994.
5. Lütfəli bəy Azər. Təzkireyi-Atəşkədə. Bombey, 1277.
6. Şibli Nemani. Şerül-Əcəm. Cildi-sevvom. Tehran, 1334.
7. Г.Ю.Алиев. Персоязычная литература Индии. М., 1968.
8. Е.И.Маштакова. Турецкая литература конца XVII – начала XIX в. М.,1984.
9. З.Г.Ризаев. Индийский стиль в поэзии на фарси конца XVI – XVII вв. Ташкнт, 1971.
10. Ян Рипка. История персидской и таджикской литературы. М., 1970.



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər