ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN

1950-ci illərdən etibarən Fələstin poeziyasında geniş şaxələnmə prosesi başlandı. Fələstin şairlərinin bir qrupu ölkə ərazisinin işğalı nəticəsində əhalinin xeyli hissəsi kimi qonşu məmləkətlərə səpələndi, başqa bir qrupu isə yadların ağalığı şəraitində yaşamaqda davam etdi. Elə bu faktın özü poeziyada iki pafos doğurdu, yəni ölkənin daxilində və xaricində olan şairlərin əsərlərində keyfiyyət fərqləri müşahidə olunmağa başladı. Daxildə yaşayan şairlər bir tərəfdən assimilyasiya siyasətinə müqavimət göstərib xalqın özünəməxsus ənənələrini, maddi və mənəvi dəyərlərini qorumaq, digər tərəfdən isə əhalidə mübarizlik ruhunu gücləndirmək istiqamətində çalışırdılar. Lakin az sonra – geniş müqavimət hərəkatı başlandıqda, Fələstin şeirinə də yeni nəfəs gəldi və bu dövrdən etibarən ölkənin daxilində və xaricində yaranan poeziya bir çayın iki sahili kimi ümumi bir yön kəsb etdi. Artıq poeziya xatirələrlə, əzablı düşüncələrlə, tənhalıq və kimsəsizlik motivləri ilə, qaçqın düşərgələrindəki həyatın təsviri ilə məhdudlaşmırdı.

Bütövlükdə müasir Fələstin şeirində bir-birindən fərqlənən, eyni zamanda bir-birinə bağlı dörd nəsil və dörd mərhələ özünü göstərir. Birinci nəslə hələ ingilis qəyyumluğu vaxtlarında yaradıcılığa başlamış şairlər aiddir. Hənna Əbu-Hənna, Əsam əl-Abbasi, Tofiq Ziyad, İsa Lubani və Hənna İbrahim bu nəslin əsas nümayəndələri sayılır. Həmin nəslin yaradıcılıq nümunələrində baş vermiş faciənin bütün miqyası öz əksini tapmır: şairlər şahidi olduqları hadisələrdən çaşqınlıq və heyrətə düşmüşdülər. Bu illərdə yaranan şeirlər içərisində xalqın vəziyyəti ilə heç bir əlaqəsi olmayan lirik-aşiqanə mətnlər üstünlük təşkil edir.
Fələstin şairlərinin ikinci nəsli 1960-cı illərdə ədəbiyyata gəlmiş və xalqın silahlı mübarizəsində yaxından iştirak etmişdir. Onu da deyək ki, müasir Fələstin poeziyasının ən məşhur nümayəndələri məhz bu nəslin sıralarından çıxmışdır. Bu nəslin ünlü təmsilçiləri Mahmud Dərviş, Səmih əl-Qasim, Salim Cübran və Raşid Həsin kimi şairlərdir. Əvvəlki nəslə mənsub olmasına baxmayaraq, Tofiq Ziyadın da istedadı məhz bu dövrdə parlamış və o, ən yaxşı əsərlərini həmin mərhələdə yaratmışdır. Bütövlükdə demək olar ki, son qırx ildə Fələstin şeirinin bütün ağırlığını ikinci nəslin nümayəndələri öz çiyinlərində daşıyırlar. Təsadüfi deyil ki, onların yaradıcılığı müasir ərəb ədəbiyyatşünaslarının diqqət mərkəzində dayanır. Ərəb tənqidçisi Məhəmməd Kərrub yazır: «Mahmud Dərvişin, Səmih əl-Qasimin və bu dövrün digər şairlərinnin əsərləri üstümüzə əsən bir qasırğaya bənzəyir; bu qasırğa pəncərələrimizi taybatay açıb bizi mif axtarışına çağırır».
Fələstin şairlərinin üçüncü nəsli 1970-ci illərdə yaradıcılıq sahəsinə qədəm qoyanlardan ibarətdir. Bu nəsil özündən əvvəlki nəslin güclü təsiri altındadır və öz sələfləri kimi əsərlərini başlıca olaraq, üç mövzu ətrafında qurur: birincisi, vətənpərvərlik mövzusu, ikincisi, milliyyətçilik və ərəb birliyi ideyası, üçüncüsü, azadlıq və humanizm motivləridir. Bu dövrün şeirində başqa xalqların azadlıq və istiqlal mübarizəsi ilə həmrəylik pafosu xeyli qabarıqdır. Həmin nəslin parlaq nümayəndələri sırasında Xuzi əl-Əsmər, Yaqub Hicazi, Hayil Aqilə kimi şairlərin adlarını çəkmək mümkündür.
Fələstin şairlərinin dördüncü nəsli xalqın işğal olunmuş torpaqlardakı qiyamından sonra ədəbiyyata gələnlərdir. Əvvəlki nəsillərin nümayəndələrini də öz sıralarına qatan bu nəslin yaradıcılığında şeirin əsaslarında bir dəyişiklik meydana çıxır. Bu nəsil bir neçə onillik keçdikdən sonra yenidən şeiri mübarizə silahına çevirir, bir tərəfdən şeir yazır, digər tərəfdən küçə və meydanlarda xalq hərəkatında iştirak edir. Daha bir spesifik cəhət bu nəslin yaradıcılığında dini mövzuların və fikirlərin geniş yer tutmasıdır.
Çağdaş Fələstin poeziyasında müxtəlif nəsil və mərhələlərin mövcudluğu heç də onun bütün dövrlərdə xas olan ümumi ruhdan, hakim pafosdan məhrumluğu demək deyil. Bu ümumi ruh, bütün mərhələlərdən qırmızı xətlə keçən düşüncələr ünlü Fələstin şairəsi Fədva Toqanın poeziyasında parlaq şəkildə təzahür edir.
F.Toqan 1917-ci ildə Nablusda imkanlı bir ailədə doğulub. Qardaşı İbrahim Toqan da ərəb dünyasının tanınmış şairlərindən sayılır və Fədvanın poeziyaya bağlanması məhz onun xidmətidir. Oksford Universitetini ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirən F.Toqan bütövlükdə səkkiz şeir toplusu çap etdirib. 1980-ci illərdə şeirlərinin ingiliscəyə geniş tərcüməsindən sonra dünya şöhrəti qazanıb. İtaliyada, Yunanıstanda və İordaniyada ədəbi ödüllər alıb, 1990-cı ildə isə Fələstinin Mədəniyyət və Sənət Mükafatına layiq görülüb. Şairə 2003-cü ilin dekabrında 86 yaşında intifadanın qızğın çağında mühasirədə olan doğma Nablus şəhərində dünyasını dəyişib.
F.Toqan həmvətənlərinin asudə çağlara dönmək ümidini nisgilli arzular və kədərli dualar libasında, qadın və anaya məxsus sadə, emosional bir dillə canlandırır. Məhz bu cəhət, yəni şeirlərindəki məhzunluq, sakit ton və pıçıltı intonasiyası F.Toqana həmkarları arasında böyük nüfuz qazandırıb. Mahmud Dərviş və Səmih əl-Qasim kimi qüdrətli şairlər ona şeirlər həsr etmiş, onu bir ana tək sevdiklərini bildirmişlər. F.Toqanın «Mənim qəmgin şəhərim» adlı şeiri mənsub olduğu ədəbiyyatın ümumi ruhunu əks etdirmək baxımından maraq doğurur:

MƏNİM QƏMGİN ŞƏHƏRİM

Ölüm və xəyanətin gəldiyi gün
Heç yandan kömək gəlmədi;
Səmanın qapıları bağlandı –
Şəhərimin bəxti kimi.
Məğlubiyyətin quduz dalğası
Üstümüzə atılan gün
Dənizin dibindəki çirkab üzə çıxdı;
Ümid kor oldu –
Mənim qəmgin şəhərim
Qəhərdən boğuldu…

Tədqiqat və tərcümə: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər