GÜNAHIN ANATOMİYASI

İş elə gətirib ki, mənim Şirməmməd Nəzərlinin yaradıcılığı ilə tanışlığım "Günah" povestindən başlayıb. Təqribən bir il öncə həmin povestin birinci hissəsini oxuyub üzünü görmədiyim müəllifin təhkiyə tərzini, təsvir üsulunu, süjetin cəlbediciliyini təmin etmək bacarığını bəyənmişəm. Sonra yazıçının özünü tanımışam, bir çox əsərlərinin – hekayələrinin, publisistik məqalələrinin ilk oxucularından olmuşam. Və onun özünəməxsus duyum və deyim tərzinə, incə müşahidə qabiliyyətinə, təəssüratlarını dəqiqliklə əyaniləşdirmək istedadına malik bir nasir olduğunu qət etmişəm. Bu qənaətim onun "Sabah" nəşriyyatı tərəfindən buraxılmış "Qismət" adlı kitabı ilə təsdiq olunub.
Bir müddət öncə Şirməmməd zəng edib "Günah"ın ikinci hissəsini yazdığını və oxumaq üçün mənə vermək istədiyini bildirəndə, düzü, müəyyən narahatlıq keçirdim. Səbəbini bilirdim: adətən, yazıçılar uğurlu alınmış əsərlərinə oxucu marağının təsiri altında onun davamını yazmağa şirnikir və necə deyərlər, hər şeyi korlayırlar.

Mənsə, Ş.Nəzərli yaradıcılığının ən uğurlu nümunələrindən saydığım "Günah"ın bu kökə düşməsini istəmirdim. Hər halda povestin ikinci hissəsinin əlyazmasını müəllifdən aldım və açığını deyim ki, bir neçə səhifə oxumağımla keçirdiyim narahatlıqdan əsər-əlamət qalmadı. Əksinə, əsərin ilk parçalarını oxuduqda, müəllifin necə riskli bir işə girişdiyinə, onun ədəbi cəsarətinə, yəni "Günah"ın qəhrəmanı Həmidin dəlixana həyatının təsviri fikrinə düşməyinə heyrətləndim, povesti oxuyub bitirdikdən sonra isə bu heyrət yazıçının seçdiyi çətin vəzifənin öhdəsindən məharətlə gəlməsindən, çağdaş ədəbiyyatımızda bənzəri olmayan orijinal bir əsər yarada bilməsindən doğan məmnunluq və sevinclə əvəz olundu – mən yazıçı dostumun bu uğuruna əməlli-başlı sevindim. Gizlətmirəm, müəllifin povestin birinci hissəsində verilmiş süjeti və mövzunu bu şəkildə və bu səviyyədə həll edəcəyini – günahın anatomiyası və psixologiyasını belə dərinlik və əyaniliklə canlandıra biləcəyini, bir sözlə, özünü bu qədər ötəcəyini gözləmirdim. Görünür, istedadın başlıca parametri elə gözlənilməzlikdən ibarətdir…
"Dünyada bitib-tükənməyən iki şey varsa, onlardan biri də ruhi xəstənin təxəyyülüdür". Bu fikrə povestdə rast gəlirik. Həmin bitməz-tükənməz aləmin bir parçasını əsərdə bizə görükdürən yazıçının təsvir etdiyi hadisələr, epizodlar, obrazlar nə qədər maraqlı və yeni olsa da, tələbkar oxucuda belə bir sual doğa bilər: görəsən, ruhi xəstələrin qavramları, davranış və münasibətləri ilə bağlı əsərdə verilən səhnələr nə dərəcədə adekvatdır? Başqa sözlə, həmin təsvirlər elmi cəhətdən, təbaət və psixiatriya baxımından nə qədər əsaslı və doğrudur?
Bu sual povestin ideya-bədii təhlili, ədəbi dəyərləndirilməsi çərçivəsindən kənara çıxdığı üçün, necə deyərlər, professional ekspertiza tələb edir. Ona görə gəlin, peşəkar psixiatrların əsərə verdiyi rəylərdən bəzi parçalara nəzər salaq.
Respublikanın baş psixiatrı, professor Ağabəy Sultanov: "Günah" povestində müəllif Həmidin psixi sarsıntı ilə bağlı əlamətlərini, xəstəxana şəraitini, xəstələrin davranışını və s. həqiqətə uyğun, psixopatologiyada rast gəldiyimiz kimi təsvir edir. Hətta ruhi xəstələrin həyata qaytarılmasında reabilitasiya məsələlərini təbii məzmunda işıqlandırır. Psixotik epizodlar, baş qəhrəmanın qavrama pozuntuları bu xəstəlik üçün xarakterik olan məzmunda təsvir edilir. Həkim-psixiatr əsəri oxuyanda Həmidin diaqnozunu dərhal müəyyənləşdirə bilər: reaktiv psixoz".
1 nömrəli Ruhi Xəstəxananın baş həkimi Leyla Hüseyn qızı: "Şirməmməd Nəzərlinin "Günah" povestinin ruhi xəstəxana ilə bağlı hissəsi, zənnimcə, ədəbiyyatımızda psixiatriyanın ilk bədii təsviridir. Əsərdəki hadisələr o qədər real və düzgün təsvir olunub ki, mən burada öz xəstələrimi "tanıdım"… Biz həkimlərin dilində belə bir ifadə var: "Ruhi xəstələrin həyatını təsvir etmək üçün ya həkim olmalısan, ya da xəstə". Amma Şirməmməd Nəzərli öz əsəri ilə sübut etdi ki, bu heç də belə deyil".
2 nömrəli Respublika xəstəxanasının həkimi, tibb elmləri namizədi Sara Sadıqzadə: "Müəllif psixiatr olmadığı halda ruhi xəstəlik əlamətlərini, bu mərəzin gedişini ustalıqla izləyir".
Zənnimcə, mütəxəssislərin bu fikirləri Ş.Nəzərlinin əsər üzərində işinin ciddiliyini qiymətləndirmək və onun çəkdiyi zəhmətin miqyasnı təsəvvür etmək üçün kifayətdir.
Povestin bədii keyfiyyətini səciyyələndirmək lazım gəlirsə, bir faktı deyə bilərəm: mən əsərin hər iki hissəsini birnəfəsə oxumuşam. Bu da ondan irəli gəlir ki, nasirin poetik arsenalında süjetin cəlbediciliyini təmin edən, oxucunu hadisələrin axarına asanlıqla salıb qəhrəmanın taleyini həyəcan və intizarla izləməyə sövq edən kifayət qədər güslü vasitələr var. Müəllif çoxlarından fərqli olaraq, süjet xəttini süni şəkildə şaxələndirmir, mürəkkəb konstruksiyalar qurmaq bacarığını (yəni sırf texnoloji məharətini) nümayiş etdirmək xətrinə fabulanı əlavə budaqlarla ağırlaşdırmır, bütün epizodları və obrazları əsas qəhrəman ətrafında cəmləşdirir. Povestin məzmunu dərin dramatizmə və psixoloji səciyyəyə malik olsa da, bunlar müəllif tərəfindən deklarasiya edilmir, yığcam, dəqiq və canlı təsvirlərdə maddiləşir. Yəni povestdə zahiri, qəsdən qabardılan psixologizmə rast gəlmirik, personajların psixi halət və yaşantıları sərrast ştrixlərlə, ilk növbədə onların davranışı, hərəkət və münasibətləri zəminində açılır. Bu da əsərin ən başlıca məziyyətini – təsvirin əyanilik və canlılığını şərtləndirir.
Bütövlükdə "Günah" əsəri bədii nəsrin kinodakı əyaniliyə maksimum yaxınlaşma imkanlarını nümayiş etdirən maraqlı nümunədir. Müəllif əsərin qəhrəmanı rejissor Həmidin "Günah"dan günaha adlamasını və bundan doğan faciəsini oxucunun gözü qarşısında bir kino lenti kimi canlandırır. Şəxsən mən əsəri bu cür qavramışam və düşünmüşəm ki, onun kinofilmə çevrilməsinə bircə addım qalıb. Və umid edirəm ki, rejissorlarımız ekranlaşdırma üçün bir növ hazır olan bu əsəri diqqətdən qaçırmazlar…
"Günah" adından da bəlli olduğu kimi, əzəli və əbədi bir problemə həsr olunub. Ulu əcdadımız Adəmdən üzü bəri bəşər övladı dönə-dönə günaha batıb, sonsuz iztirab və üzüntülərə düçar olub, faciələr girdabına düşüb və sonra Tanrının açıq qoyduğu tövbə qapısına üz tutub. Dində, fəlsəfədə, incəsənət və ədəbiyyatda bu məsələ ən müxtəlif yönlərdən araşdırılıb. Ş.Nəzərli də daim aktual olan bu mövzunu yeni və müasir material əsasında açıqlayır.
Əsərdə "günah"ın özünəməxsus və maraqlı bir mexanizmi verilib. Həmidin "Eksperiment" studiyasında (bu ad əsərdə mühüm məna yükünə malikdir, necə ki, povestin sonlarında: "Eksperiment sürüşkən məfhumdur, düşər-düşməzi olur" – fikri ilə rastlaşırıq) çəkdiyi "Günah"la (hərçənd filmin məzmunu barədə əsərdə heç nə deyilmir) etdiyi günah arasında qəribə bir əlaqə var. Əvvəldə eksperiment kimi, oyun kimi düşünülmüş, ssenaritək yazılmış günah real, faciəvi günaha çevrilir. Maraqlıdır ki, əsərdəki mafiozlar da etmək istədikləri günah-cinayət üçün ssenari hazırlayır və hətta bu məqsədlə Həmidin də intellektindən barınmaq fikrinə düşürlər. Və hər iki halda həyat (bəlkə də ilahi təqdir!) bu ssenariləri pozur, öz sözünü diktə edir. Aydın olur ki, gerçəklik, həyatın obyektiv reallığı hər cür ssenaridən genişdir, onu eksperiment hədəfinə çevirmək, mücərrəd sxem və ssenarilər çərçivəsinə salmaq cəhdi yalnız faciə doğurur. Əslində son onillikdə yaşadığımız faciələr də hardasa məhz belə düşünülməmiş eksperimentlərin, təkəbbürlü və hiyləgər ssenarilərin nəticəsidir və bu baxımdan mən povestdə müasir cəmiyyətimizin ən ağrılı problemlərinin (sosial problemlər, o cümlədən, xəstəxanaların ağır vəziyyəti, humanitar yardımlar, mütəşəkkil cinaətkarlıq, narkobiznes, müharibə və onun doğurduğu fəlakətlər…) əksini tapmasını təsadüfi saymıram.
Günah probleminin istənilən şəkildə qoyuluşu zəruri olaraq, tövbə məsələsinə gətirib çıxarır. Povestdə bu məsələ Hacı Axundun simasında təcəssümünü tapır. Bu obraz əsərdə geniş yer tutmasa da, müəllif qayəsi baxımından böyük əhəmiyyət kəsb edir. Zərifə xanımla Hafiz doktorun onun xəstəxanaya gəlişi ilə bağlı polemikası da düşündürücüdür. Burada müəllif belə bir qənaəti aşılayır ki, elmlə dini qarşı-qarşıya qoymaq cəhdi mənasızdır, onların hərəsinin öz yeri var və insanın psixoloji müvazinətinin qorunmasında, əxlaqi-mənəvi təkamülündə elmin görə bilmədiyi işləri din görə bilər. Başqa sözlə, elmlə din qoşa qanaddır. Odur ki, Həmidin bir neçə dəfə Hacı Axundun dediyi : "Səbrli olmaq lazımdır, Allah səbr edənləri sevir" – fikrini xatırlaması (və xəstəxanada onunla görüşmək istəməsi) təsadüfi deyil.
Qeyd edim ki, bu mülahizə Ş.Nəzərlinin digər əsərlərinin də (o cümlədən, bu kitaba salınmış "Atasının oğlu" hekayəsinin və bir sıra publisitik yazılarının) leytmotivini təşkil edir. Ümumiyyətlə, Ş.Nəzərli yaradıcılığı çağdaş ədəbiyyatımızda dini mövzu və ideyaların mənəvi yöndən işıqlandırılması baxımından diqqətəlayiq hadisədir (Adı çəkilən əsərlərlə yanaşı, buraya onun əvvəlki kiatabındakı "Müctəhidin yuxusu" pyesini də əlavə etmək yerinə düşər).
Artur Şopenhauer insan ömrünün müxtəlif yaş dövrlərini təhlil edərkən göstərirdi ki, yaradıcı şəxslər ən yaxşı əsərlərini adətən əlli yaş ətrafında ərsəyə gətirirlər. Əlli yaşının astanasında dayanan Şirməmməd Nəzərli "Günah" kitabı ilə böyük filosofun sənət tarixindəki çoxsaylı faktlarla təsdiqlənmiş bu fikrinin düzgünlüyünü bir daha nümayiş etdirdi. Bizə isə qələm dostumuzu bu münasibətlə təbrik etmək və ona yeni yaradıcılıq uğurları arzulamaq qalır.

Məsiağa Məhəmmədi,
filologiya elmləri namizədi

Bakı, 26 may 1997-ci il

(Şirməmməd Nəzərlinin "Günah" adlı kitabına ön söz, Bakı, "Mütərcim"nəşriyyatı, 1998)


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər