Şəms Təbrizi. QISA KƏLAMLAR

Həmid Herisçi üçün

Sözün meydanı çox dardır,
Mənanın meydanı geniş!
Sözdən qabağa get ki,
Genişlik görəsən,
Meydan görəsən!

* * *
Mənə yüz min dirhəm
Xərcləsən də,
Sözümə qiymət qoymağının yerini verməz!

* * *
Sən Sözü
öz biliklərin,
öz idrakın
və fəlsəfənlə yozursan…
* * *
Elə bilirsən ləzzət alanın
həsrəti azalar?!
And olsun Allaha ki,
onun həsrəti daha da artar!
Çünki bu dünyaya
daha çox öyrəşər.
* * *
Azadlıq – arzusuzluqdur!
* * *
Daha çox tədqiq edən daha çox təqlid edər!
* * *
Ağılın ayağı süstdür –
Ondan bir şey çıxmaz!
* * *
Ağıl astanaya qədər gedər,
Amma evə girə bilməz!
Orada ağıl pərdədir,
Ürək – pərdədir,
Baş – pərdədir!
* * *
Haqq
Mənim əlimdədir!
Haqq
Mənimlə deyil!
* * *
Mənim könlüm
Kimsənin xəzinəsi deyil,
Haqqın xəzinəsidir!
* * *
Bəziləri
Öz xəyalını
Tanrı bilir!
* * *
Tanrıya pərəstiş
özünə pərəstişi
tərgitməkdir!
* * *
Hər şey insana fəda olur,
İnsan isə
özünə!
* * *
Bu dünya evi
insan bədəninin rəmzidir,
İnsan bədəni isə
başqa bir dünyanın!
* * *
Nə müşkülə düşsən,
özündən gileylən:
"Müşkül özümdədir" – de!
* * *
Etiqad
və Eşq
insanı cəsarətli edər,
bütün qorxuları aparar!
* * *
Səni qızdıran
hər bir etiqadı
saxla!
Səni soyudan
hər bir etiqaddan
uzaqlaş!
* * *
Müsəlmanlıq –
nəfslə savaşmaqdır
Kafirlik –
nəfslə barışmaq!
* * *
Əhsən o yalana ki,
min doğrudan
işıqlıdır,
xoşdur,
mübarəkdir!
* * *
Kafirə şükr etmək gərək –
Heç olmasa riyakar deyil!
* * *
Kafirləri sevirəm –
çünki dostluq iddiasında deyillər!
Deyirlər:
- Biz kafirik,
düşmənik!
* * *
Kilsələrdə,
bütxanalarda
o qədər dostlarımız var ki!
* * *
Yoxsulluq var, adamı Haqqa yaxınlaşdırar
və Haqdan qeyri hər şeydən uzaqlaşdırar.
Yoxsulluq da var, adamı Haqdan qaçırar
və xalqın ayağına aparar!
* * *
Səbrin mənası
işin axırını görməkdir.
Səbirsizliyin mənası
işin axırını görməmək.
* * *
Ərənlər
bütün ömürlərində
bircə dəfə üzr istərlər.
O bir dəfəyə də
peşman olarlar!
* * *
İnsafsızlıq paxıllıqdan doğar!
* * *
Onu yandırdım,
Çünki yaşamaq yanmaqdadır!
Onu xaraba qoydum,
Çünki abadlıq xarabalıqdadır!
* * *
Düşmənin etirafı səksən şahiddən yaxşıdır!
* * *
Söyləmək –
Can qoymaqdır!
Dinləmək –
Can bəsləmək!
* * *
Mömin sərgərdan olmaz!
* * *
Bəzilərində
günah libası saxtadır
Bəzilərində
savab libası saxtadır!
* * *
Pul – dünyapərəstin qibləsidir!
* * *
Biz hələ deməyə əhliləşməmişik,
Keşkə dinləməyə əhliləşəydik!
Gərək tam deyəsən
və tam dinləyəsən!
Ürəklər möhürlü,
Dillər möhürlü,
Qulaqlar möhürlüdür!

Çevirəni: Məsiağa Məhəmmədi


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər