Həmid Herisçi. ŞEİRLƏR

KOR ƏRƏBİN SON NƏĞMƏSİ

Ciblərimiz pul üçün deyil,
əllərimiz üçündü...

Gör bir nəyi unutmuşuq...

Nişan üzüklərinin təkərləri üstə
insan sevgiləri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bədən çardağında
aləm bir-birinə dəyib...


Uşaqlar da dünya təmizliyinə inanmayaraq,
öz dərsliklərinə iki qat üz çəkib...

Bütün bu eyni söhbətlər,
gözlərimizdə eynəklərin yaratdığı
yalançı şüşəbəndlər,
necə də mənasızdı,
atasızdı, anasızdı...
öz aramızdı
hansı vətənə, hansı iyidliyə inanaq?
“FM” dalğalarını nə qədər qurdalasaq,
hər yerdə eyni eybəcər səslər...
Gecədən səhərə qədər...

Mən burda özümə
iynəylə də gor qazardım...
Uzanıb
rahatlanardım...

KİÇİKLİK

İnsan dünyanı
yalnız kiçildir,
Məhəmməd adını Məmməd edir...

Yel əsir, sanki dünyanı
əruz vəzninə
salmaq istəyir...

Payızın axırıdı...

Ağaclarda qalmış quru narlar
bir daha da çartladı,
qışın nağılı başladı,
fəqət, bu qış da sanki,
dünyanı kiçiltmək arzusundadı,
elektrik çaydanımın uzun məftili
kasıblıq ilanı kimi
ayaqlarımın altındadı...

Yadındadı:
Mənə İstanbulda Quran,
Lvovda İncil bağışladılar;
Bəli, mənlə bir oyun başladılar,
sonra məni axtarmadılar...
Yadındadı:
Biz qumar oyunlarını
uşaq oyunlarının
faciəli sonluğu saydıq,
ümid küçələrimizi təmizləyəcək
arzu süpürgələrimizi
suda islatdıq,
fəqət, dünyadakı mənasızlıq
bütün arzularımızı öldürdü...

Kiçiklik
kainatın özüdü...

Sevgi şamlarının tez əriyən mumu,
bütün masalarımızın üzərində
öz izlərini miras qoyub...

İnsanın arzusu
böyüklük istəyi olub.

...aldığım bütün paltarlar
həmişə əynimə
kiçik olub...

ŞƏMS TƏBRİZİNİN ŞEİRİ

Ağlamağa gəlincə…

Ağlamağa gəlincə…
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar….
ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…..

Sonra, ancaq sonra
bütün yağışlar
ildırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…
yediyimiz çörəklər necə də dadsızdı…
onların dadını ancaq
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar….
orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar…

Göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa
o həm var, həm də yoxdu…
Bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu,
uşaqlar ağlarsa, ağlasın
onların gözündə su var,
göz yaşı hələ ki yoxdu….

Ölüm bizim sözləri tələffüz etsə,
onların tərkibindən
bir sait, samit səs düşəcək,
insan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək
çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da
yerindən tərpədəcək.

Hər nə var idi,
o sənə yar idi,
qapı da divar idi,
xaneyi-hikmətə
Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,
sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm,
pəncərələri eynək tək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm….
Mən,
Mən,
Mən…


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər