İbrahim Savalan. QURTULUŞ ŞAİRİ

RAMİZ RÖVŞƏNİN ÇAĞIRIŞI VƏ DÜNYAGÖRÜŞÜNÜN
İZİ İLƏ


Güney Azərbaycanın tanınmış şair və jurnalisti, “Savalan” təxəllüslü İbrahim Rəşidi Urmiya universiteti mexanika fakültəsinin məzunudur. Hələ tələbə ikən milli-mədəni hərəkatda fəal iştirak etmiş, universitetdəki “Şəhriyar ocağı”nın təsisçilərindən biri və icraçı katibi, “Ulduz” və “Bulud” tələbə dərgilərinin baş redaktoru, «Oyanış», «Baxış», “Ölkə”, “Ulus” adlı nəşrlərin redaksiya heyətinin üzvü olub. Daha sonra Urmiyada türk (Azərbaycan) dili və ədəbiyyatından dərs deməklə yanaşı, milli məzmunlu bir çox mədəni tədbirlər və konfransların təşkilində yaxından iştirak edib. Milli hərəkat fəalı kimi dəfələrlə İran rejimi tərəfindən həbs edilərək, Tehrandakı bədnam “Evin” zindanında, Təbriz, Urmiya, Əhər və Ərdəbildəki həbsxanalarda saxlanılıb. Sonuncu dəfə isə məhkəmənin hökmü ilə “quruluş əleyhinə təbliğat, pantürkizm və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etmək”də günahlandırılan İbrahim Rəşidiyə 5 ay həbs və 20 zərbə şallaq cəzası kəsilib. Qərbi Azərbaycan ostanı Apelyasiya məhkəməsi 5 ay həbs hökmünü qüvvədə saxlayaraq, 20 şallaq zərbəsini cərimə ilə əvəz edib. Təqribən bir ay əvvəl cəzasını çəkmək üçün Urmiya zindanına göndərilib.
Həbsindən öncə İbrahim bəy Ramiz Rövşənin Tehranda “Yaşmaq” dərgisinin (hazırda bu dərginin baş yazarı Səid Muğanlı da həbsdədir – M.M.) nəşrləri seriyasında çap olunmuş “Göy üzü daş saxlamaz” adlı kitabı haqqında bir məqalə yazıb. Həmin məqaləni cüzi redaktə və zəruri təshihlərlə sizlərə təqdim edirəm.


Məsiağa Məhəmmədi

Ramiz Röşənin “Göy üzü daş saxlamaz” kitabı hörmətli Zəhra Qeytərani köçürməsilə Ərdəşir Rüstəminin tərhlərilə bəzənib “Yaşmaq” sıra kitablar vərində ədəbiyyatımıza sunulmuş. Ramiz bu kitabda göyə daş atan oğlana deyir: göy üzü daş saxlamaz və bu daş bir gün gəlib yerə düşər. Hər kimsəyə deməyə sözü var və bu səsi eşidənləri öz dünyasına çağırır. Ramizin çağırışı “gəlin açın yumruğumu” sözü ilə başlayır. Ramiz ürəyindəki sözü rahatlıqla demək istəmir, gərək gedib onun ovcunu açıb gizlətdiyini tapasan.

Uçdu mən görən qalalar,
Yaxşı ki var gül balalar.
Dedilər: ovcunda nə var?!
Gələk açaq yumruğunu?!

İndisə biz bu çağırışa qatılıb Ramizin açıq ovcunda gətirdiyi çiçəklərə qonaq olmuşuq.

Hər nədən öncə, mənə belə gəlir, Ramizin içində iki Ramiz yaşayır. Bu ikilik başqa şairlərin ikiliyindən fərqlidir. Nəsimidə də ikilik var. Nəsimi bəhrlə yer, ərşlə fərş, “kaf”la “nun” kimi ikilikləri bir yerdə içində toplayıb. Nəsimi həm mömindir, həm kafir ,özü demiş, “həm hisarəm, həm onun məhsuriyəm, həm nicatəm, həm həlak, pir mənəm, cəvan mənəm” və .... Amma bu ikilik, bir sözdə Nəsiminin dünyagörüşüdür, Nəsimi “mühiti-əzəm”dir. Belə bir ikilik Ramizin yazılarında var, necəki bir çox şeirlərində bir Ramiz gedir biri qalir, biri atadır, biri oğul, biri keçmişdir, biri gələcək və həmişə Ramiz gedən Ramizi sevir, qalan Ramizin halına ağlayır:

Mən ölsəm deməyin təkəm,
Ağlayın bizə ağlayın.
Məni deyib haray çəkən,
O yetim səsə ağlayın.
Bu divarın bu üzündə
Ölən Ramizi basdırın
Bu divarın o üzündə
Qalan Ramizə ağlayın. (səh. 177)

Bircə sözlə desək, Nəsimi tam bir arifdir. İki cahan onda sığmasa da, bu ikiliklər onun irfanında sığır, amma Ramizdə başqa ikiliklər var. Ramiz bir yanda Nəsimi qədər, Hafiz qədər arifdir və ən dərin dünyagörüşünə malikdir. Bir yanda çiçəkli qızlardan danışanda, Kəsəmənli qədər, Qəbbani qədər aşiqdir. Kəsəmənliyə qadın şairi deyənlər, nədən Ramizə qız şairi deməsinlər! Dünyanı düşünəndə, Nəsimi ilə, Hafizlə tam birləşir, amma sevgidən danışanda, tam fərqlənir. “Köhnə məktub” şeirində hərflərə baxdıqca, qızın qaşını-gözünü xatırlayır. Yəni hərflər qızı xatırlamağa aracdır, amma Nəsimidə hərflər tam amac olur:

Zülfü xalindən Nəsimi əbcədi qıldı təmam...
Bu yazıda Ramizin çiçəkli qızlarından yox, dünyagörüşündən söz gedir. Ramiz də başqa ariflər kimi bu dünyaya gəldiyindən gileylənir. Bəlkə modern insan elə yalnızdır ki, gileylənmək Erix Fromdan Bəxtiyar Vahabzadəyə qədər sürəcli gedir.

Biz ki yol nədi, bilməzdik
Biz ki öl nədi, bilməzdik
Bilsək, dünyaya gəlməzdik,
Analar aldatdı bizi..... (səh. 132)

Yarandınsa, yaşama məcbursan. Nazim demişkən: “Yaşamın dışında heç bir şey bəkləməyəcəksən”. Ramiz bu gərəyi belə açıqlayır :

Bu da bir ömürdü, dözəsən gərək
Beləymiş taleyin əmri, buyruğu... (səh. 49)

Amma özü bu təqdirə boyun əyməyir, savaşa qalxır ,yüz yol yaşam pərdəsini yırtmağa can atır. Burda onun dünyagörüşü Nəsimi ilə, Füzuli ilə, Hafizlə və başqa qədim ariflərlə birləşir. Nəsimi deyir:

Tərk evindəsən əgər, həmçü Nəsimi olasan,
Bir gün ola deyəsən, cübbəvü dəstar nədir

Və Hafiz : “Xuşa dəmi ke əz in pərde çehre bər fekinəm – Bu pərdənin
açıldığın xoşlaram” – deyir.
Amma Ramiz ariflər kimi hər nəyini atmaq istəmir, bu savaşın sonucsuz olduğuna tez inanır:

Yüz yol çıxacaqsan öz qabığından
Özündən ayrıla bilməyəcəksən... (səh. 49)

Indisə, o, yorğun-arğın bir bucağa sığıb, hər nəyin özünə özəl təqdiri olduğuna baş əyir. Zərrə olmaq, Günəş olmaq, Nəsimi olmaqdan dönür :

Daş gərək bezməsin öz bərkliyindən ,
Bayquş da bezməsin öz təkliyindən,
Tanrı özü yazıb yazılanları
Ha pozmaq istəsən, bir xeyri yoxdu... (səh. 106)

Ramiz elə yorğundur ki, çığırmağa nəfəsi, şeir yazmağa həvəsi gəlmir (səh. 31). O qurtulub qaçmaq istəyir, bizləri də bu qurtuluşa səsləyir. Bu, Ramizin bütün həyat fəlsəfəsi və dünyagörüşüdür. Ona görə mən Ramizi sözün əsil fəlsəfi mənasında “qurtuluş şairi” adlandırıram. Bir daha təkrar deyirəm: o, qurtulub qaçmaq istəyir, bizi də bu qurtuluşa səsləyir :

Gəl əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər,
Gəl, çıxıb gedək birtəhər,
Bu ev, bu küçə, bu şəhər
Bu dəniz olmayan yerə.

Atam oğlu az çabala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?! (səh. 19)
Məncə, Ramizin yalnız bu şeirinin son parçası öncə gedən ariflərin sözlərini, Yunanıstandan Hindistana qədər, bir yerə toplayıb Diogenin, Mövlananın əllərində çıraq insan axtarıb tapmadıqlarını (“yaft mi nəşəvəd costeim ma – biz aradıq, tapılmayır”) bir az umudlu deyir. Ramiz demir tapılmir, deyir sən deyən çətin tapıla.
Nəsiminin :

Adı məhv oldu Nəsiminin qələm çək hərfinə...

Hafizin:

To xod hecabe xodi Hafez, əz miyan bərxiz – sən “öz”ünün pərdəsisən, Hafiz, qalx aradan)

Nizamınin :

Heç sorma, tapılmaz, onu axtarsa da insan...

Və mərsiyə ədəbiyatımızın şah beyti olan:

Çək şəhpərini aşiqü məşuq arasından

- anlamlarını sadəcə “Bu Ramiz olmayan yerə” parçasında yetirir.
Amma Ramiz başqa bir ikiliyə yol tapır. Onun istəkləri çətin tapılır və istəmir bir ömür oturub ağlasın:

Zalım dünya öz işində
Gəlişində-gedişində
Gəl ağlayaq yetmişində
Sevgili tək ölənlərə. (səh. 186)

Axı o, ariflər kimi hər nəyi atmaq istəmir, yaşamaq istəyir bir ağac kimi, bir az ideallarından əl çəkib asta-asta dünyamızı bürüyən “kefində ol” fəlsəfəsinə yaxınlaşır :

Gələn nədi, gedən nədi ?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur. (səh. 209)

Sonra fərəhlənib, bizləri yağışlara, quşlara qoşulmağa çağırır:

Dərd-qəmin üstən atdanaq,
Bir az sevinək, şadlanaq,
Içimizdə qanadlanaq,
Uçan quşlara qoşulaq! (səh. 188)

Əsrmizin çoxlu şairlərinin tərsinə, gələcəyin aydın olduğuna inanır :

Çatdı ömürün gündüzü
Deyəsən, gün vurdu sizi.
Qaranlığım yordu sizi,
İndi dözün aydınlığa. (s. 193)

Keçmiş qaranlıqdır:

Qaranlıqda itib batar, ataların özləri... (səh. 188)

Gələcək aydın :

Qaranlıqdan bizi ancaq, balalar çıxaracaq... (səh. 188)

0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər