Güntay Gəncalp. HAFİZ ŞİRAZİNİN TÜRKSEVƏRLİYİ

Türklərə qarşı iki cəbhədən saldırı olmuşdur: ərəb cəbhəsi və fars cəbhəsi. İslam ərəbləri bir bütün şəklində birləşdirdikdən sonra kiçik və dağınıq ərəb qəbilələri dünyaya hökm etmək xəyallarına daldılar. Belə böyük bir hədəf ərəbləri öz içlərində bütünləşdirdi. Misir və Sasani imperatorluğu ərəblər tərəfindən devrildikdən sonra müsəlmanlar əldə etdikləri savaş qənimətləri vasitəsi ilə hızla zənginləşdilər. Sasani imperatorluğunun devrilişindən sonra əldə edilən zənginliklər qarşısında ikinci xəlifə Ömərin şaşırıb: ”Bu zənginliklər islama zərər verəcək” – dediyi söylənilir. Birləşmiş ərəb qəbilələrinin qarşısında yenik millətlər güvənliklərini islamı sürətlə qəbul etməkdə görürdülər. Çünki islamı qəbul etməklə qızları, qadınları güvəndə qalır və qənimət əşyaları sırasında görülmürdü. Əslində isə ərəb savaşçılar yenik millətlərin bu qədər sürətlə müsəlmanlaşmasını istəmirdilər. Ərəb savaşçılar Quranı bir kərə də olsun əvvəldən sona qədər oxumamışdılar. Çünki oxuyacaq zamanları və bilgiləri yox idi. Sadəcə eşitmək yoluyla savaşa çağıran bəzi cihad ayələrini əzbərləmişdilər. Onların zənginləşməsi üçün lazım olan ayələri. Hətta üçüncü xəlifə Osmanın zamanında Quranın ən son tədvini, kitablaşdırılması da ərəblərin siyasi durumuna və savaş dolayısıyla zənginləşmə ehtiyaclarına görə gerçəkləşdi. Yəni bugünkü Quranda Hz. Məhəmmədə ilk olaraq Məkkədə gələn ayələr Quranın sonuna, daha sonra Mədinədə gələn ayələr Quranın əvvəlinə yerləşdi.

Çünki Məkkədəki surələrdə savaş çağrıları yoxdur, savaş çağrıları Mədinədə gələn ayələrdə idi. Ərəblərin sosial-psixoloji durumuna görə Quran tərsinə tərtib edildi. Siyasət belə tələb edirdi. Ayələr tarixiyət baxımından düzənlənmədi. Ərəb savaşçılarına birinci lazım olan Məkkədəki ayələr deyil, Mədinədəki ayələr idi. Ayrıca, Məkkə ayələrinin bir çoxu Mədinə ayələri tərəfindən batil edilmişdir. İndinin özündə də Quranda dəyəri olmayan, Quranın özü tərəfindən mənsux edilən bir çox ayələr var. İştə bu sosial ehtiyaca görə Quran tərtib edildi. Yoxsa daha öncə gələn ayələrin ən sona və ən sonra gələn ayələrin Quranın əvvəllərinə yerləşdirilməsinin başqa nə səbəbi ola bilər?
Sasani imperatorluğu devrildikdən sonra Türküstana doğru üz tutan ərəb savaşçılar türkləri əsir olaraq yaxalayıb kölə bazarlarında satırdılar. Türk kölələr vasitəsi ilə bir sürü zəngin ərəblər meydana çıxdı. Bu kölələr də islamı qəbul edib Misirdə Məmlüklər dövlətini qurdular.
Mərkəzi Asiyanın dərinliklərinə varan ərəblər sərt türk dirənişi ilə qarşılaşdılar. İslamı və ya hər hansı bir dini qəbul etmək bir anın işi olmamışdır. Elə olsaydı Tanrı bu millətlərin ruhunu bir gecənin içində islamı qəbul edəcək yöndə dəyişdirərdi və bu qədər savaşlara da ehtiyac qalmazdı. Çox ciddi şəkildə örgütlənmiş olan ərəb ordusu məğlublar üçün təslimdən başqa alternativ buraxmırdı. İslama dəvət edən savaşçıların yazıb-oxumaları yox idi, özləri də islamın nə olduğunu doğru-dürüst bilmirdilər. Bu üzdən də islamın qəbulunda ərəb basqısı da etkisiz olmamışdır. Türklərin dirənişi qarşısında ərəb savaşçılara Quranı təfsir edən din xadimləri vəhşi qövm olaraq bilinən ”Yəcuc-Məcuc”ların türklərdən ibarət olduğu anlatdılar. Bu günə qədər də ərəb milliyətçiləri Quranda iki surədə keçən vəhşi ”yəcuc-məcuc”ların türklər olduğu qənaətindədirlər. Ərəb kütləsinin psixologiyasında bu şəkildə türk düşmənliyi əkdilər. Öylə ki, Birinci Dünya Savaşında türkləri vurmaq cihad sayıldı. Arxadan türk ordusunu vurdular. Ərəblər deyirdilər ki, biz yəhudilərlə əmioğluyuq, yəcuc-məcuclar dəf olub getsələr, biz güvəndə yaşarıq. Halbuki türk ordusu Orta Doğudan çəkildikdən sonra qan durmaq bilməyir. Ərəb ədəbiyatında türk düşmənliyi təbliğ edildi. ”Türkün ayaq basdığı yerdə ot bitməz” – deyildi.
Fars ədəbiyatına da başqa səbəblərdən dolayı türk düşmənliyi düşüncəsi yerləşdirildi. Türklər də islamı qəbul etdikdən sonra ərəblər kimi cahanşümul dövlət qurmağa başladılar. Ərəblərdən islam bayrağını alıb özləri daşıdılar. 11-ci əsrdən keçən əsrin əvvəlinə qədər islamın gerçək bayraqdarı türklər olmuşdur. Türküstandan gələn türk axınları qarşısında İranın (əski Sasani coğrafiyasının) etnik yapısı dəyişməyə başlar. Farslar yurdlarının türklər tərəfindən işğal edildiyini ədəbiyata yansıdarlar. İlk dəfə olaraq ”Şahnamə”nin 1000 beytini yazan Dəqiqi türk düşmənliyi zehniyətini bu əsərə yerləşdirər. Dəqiqi bir Qəznəvi türk əsgər tərəfindən öldürülür və ”Şahnamə”nin yazılması Firdovsiyə tapşırılır. Firdovsi bu əsərdə türk düşmənliyini o qədər estetizə edir ki, daha sonra demək olar ki, bütün şairlər üçün türk düşmənliyini təbliğ etmək bir missiya halına gəlir. Bir çox tanınmış və dünya ədəbiyatında tanınan şairlərin əsərlərində türk düşmənliti açıqca görünür. O cümlədən, Mövlana Cəlaləddin Rumi Oğuzları qan tökən, qan içən adlandırır* və bəzi qəzəllərində türk olmağından rahatsız olduğunu yazıb türklüyünü inkar etdikcə, öz insani mahiyyətini gerçəkləşdirdiyini vurğulayır.**
Fars ədəbiyyatında sürüb gedən bu alışqanlıq Hafiz Şirazi tərəfindən uçurulmuşdur. Hafiz və daha sonra Füzuli türkləri öyən iki böyük şair olmuşlar. Füzuli özü də türk olmuşdur. Ancaq Hafizin türk olduğu haqda bilgi yoxdur. Kimsə Hafiz Şirazi qədər “türk” sözünü öyməmişdir. Yalnız Hafizin şeirlərində “türk” sözü və türk insanı gözəlliyin, incəliyin rəmzi və örnəyi kimi göstərilmişdir. Hafiz öz şeirlərində o zamanın böyük maddi-mənəvi dünyası sayılan, Əmir Teymurun başkəndi olan Səmərqəndi və Buxaranı bir türkün üzündəki qara xala qurban verir.*** Digər qəzəllərində də türk sözünü ədəbiyyat tarixində işləndiyi anlamın dışına çıxarmış və böyük bir sənət anlayışı ilə türk sözünün içinə gözəllik duyğuları yükləmişdir. “Dün gecə bizi tərk edən pəri çöhrəli türk, bizdən nə xəta gördü də Xəta yoluyla getdi?”**** Hafizin yaradıcılığında “türk” sözü fars ədəbiyyatında yayılmış olan anlamın dışına çıxmışdır. Türklərə baxış fərqli şəkildə yer almışdır. Bunun bir səbəbi olsa gərək. Böyük bir ehtimala görə, bu, Əmir Teymurun türklərə verdiyi dəyərdən, türk millətini yüksəltmə niyyətindən qaynaqlanmışdır. Əmir Teymur öz xatirələrini də türkçə yazmışdır. Əmir Teymurun zamanında türk sözü yayqınlaşmış və böyük anlam içərmişdir. Hafizin şeirində keçən “Şiraz” sözü də bu gün İranda yerləşən Şiraz deyil, Türküstanda Kiş şəhərinin yaxınlığında yerləşən və Əmir Teymurun dünyaya gəldiyi Şirazdır , o zaman kiçik bir qəsəbə olmuş. Əmir Teymurun türk kimliyinə önəm verməsi üzərinə bir çox şairlər, o cümlədən Hafiz Şirazi də “türk” sözünü şeirsəlləşdirmiş, içinə gözəlliklər yükləmişdir. Əmir Teymurun türksevərlik istəyi daha sonra davam edib və Əlişir Nəvai tərəfindən yazal olaraq sürdürülmüşdür. Əmir Teymur sənət adamlarına böyük diqqət göstərmişdir. Əbdülqadir Marağalı onun sarayında musiqi yaradıcılığı ilə məşğul olmuşdur. Əhməd Yəsəvinin məzarını Əmir Teymur onarmışdır. İşin ilginc tərəfi budur ki, türklüyü ilə qürur duyan Əmir türk düşmənliyinin təməlini qoyan Firdovsinin də məqbərəsini təmir etdirmişdir.

‏2009‏/08‏/14
_________
* آن غزان ترک خونریز آمدند بهر یغما در یکی ده در شدند
(مثنوی)
** خیال ترک من هر شب صفات ذات من گردد که نفی ذات من در او همه اثبات من گردد (دیوان کبیر)
*** اگر آن ترک شیرازی بدست آرد دل ما را به خال هندویش بخشم سمرقند و بخارا را
**** آن ترک پری چهره که دوش از بر ما رفت آیا چه خطا دید که از راه خطا رفت


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər