Alber Kamü (1913-1960) «Taun», «Yabançı», «Süqut», «Kaliqula», «Sizif haqqında mif» kimi əsərlərində müasir insanın vəziyyətindən, onun çəkdiyi əzab və iztirablardan geniş söhbət açmışdır. «Taun»da dəstə-dəstə məhvə sürüklənən insanlar, ölüm qorxusu və həyat eşqi ilə yoğrulmuş münasibətlər təsvir edilir. «Yabançı»da qəhrəman oyun qaydalarına uyğun şəkildə davrana bilmədiyi üçün məhvə məhkumdur. O, yaşadığı cəmiyyətə yaddır. Həmin cəmiyyətdə şəxsiyyətin hərəkətverici qüvvəsi neqativ bir həqiqətdir ki, onsuz insanın özü və dünya üzərində qələbə çalması baş tutan iş deyil. Buna görə də əsərin qəhrəmanı rahatlıq naminə səssiz-səmirsiz ölümü seçməli olur. O, nə sosial ədalətsizliyi pisləyir, nə də onunla mübarizə aparır; o yalnız tənhalığı öz vəziyyətinə uyğun bilir.
Sizif həm daxilindəki ehtiras, həm də çəkdiyi əzab baxımından absurd qəhrəmanıdır. O, daim br daşı dağın zirvəsinə qaldırır, zirvəyə çatdıqda isə daş yenidən aşağı diyirlənir. Bu, həmişə əbəs, bihudə və ümidsiz bir işi təkrar etməyin labüldüyünü anlamaqdan doğan dəhşətli bir cəzadır. «Sizif haqqında mif» intihar barədə söhbətlə başlayır, qiyam mövzusu ətrafında bəhslə qurtarır.
Kamü əmindir ki, filosof olmaq üçün mütləq yazıçı olmaq lazımdır. Yəni varlığın mənasını axtaran insan əməlli-başlı müasir həyatın içindən keçməlidir. Kamünün fikrincə, həmin məsələnin qoyuluşu üçün zaman və məkan çərçivəsində olan idrak zəruridir. Ona görə də fəlsəfə yazıçılığa möhtacdır. Kamünün müasiri olan insan hər şeyi qırıb-sındırmış, qurtulmuş və qiyam etmiş bir insandır. Deməli, belə bir insanla yaşamaq və sırf daxili subyektivliyə deyil, zahiri obyektivliyə malik bir reallığı araşdırmaq lazımdır.
Kamü «Qiyamçı isan»da azadlıq və ədalət naminə törədilən bütün bu qırğınların və yeni dövr adamının kütləvi intihardan aldığı xəstəcəsinə həzzin izahını axtararkən, əvvəlcə qiyamın kökündə dayanan prosesə diqqət yetirir. Bu proses insan tərəfindən Tanrının qüdrətinin inkarı ilə başlayır, Tanrıya bərabər və sonra isə ondan üstün olması ilə davam edir və Tanrının özünün inkarı ilə başa çatır. Qul ağasının yerini tutub allahlıq iddiasına düşür. Halbuki o, belə bir məqama çatacağanı nə gözləyirdi, nə də ona layiq idi. Dünənki şüarlar bu gün həyata keçməlidir, insan tərəfindən insan üçün ədalət və azadlıq təmin olnumalıdır. Və bu qorxunc məsuliyyət zəiflərin iztirab, yorğunluq və qiyamını doğurur.
«Metafizik qiyam»da insan öz vəziyyətinə və bütün varlığa qarşı etiraz səsini ucaldır, onun Tanrı məqamına təhlükə törədən ölümün mövcudluğuna etiraz edir. Buna görə yeni ağalar köhnə və yeni qulları öldürmək ixtiyarını ələ almaqla özlərini sakitləşdirirlər. Cinayət yeni libasa bürünür (çünki artıq kiminsə ağası olmaq onun canını almaq imkanı deməkdir) – cinayətlər daha qəzəbdən törəmir, həzz almaq üçün baş verir…Metafizik qiyam ən pis şeyləri gözləmək yolunu seçir və bu seçim «lənət ədəbiyyatı»nın məzmunun təşkil edir ki, biz hələ də ondan xilas ola bilmirik. O, dünyada dərd və əzabın mövcudluğu barədə sualın cavabında bir qəzəb üzərində israr edir və bu qəzəbdə haqlı olmasa da, yenə onda israr etməlidir. Beləliklə, qiyamçı insanın tələbi «ya hər şey, ya da heç nə»dir.
İnsan Tanrını əxlaqi mühakimə obyektinə çevirəndə, onu öz qəlbində öldürmüş olur. Buna görə də Kamü soruşur: məgər Tanrı ideyası olmadan ədalət ideyası anlaşıla bilərmi? Belə olan halda əxlaqın bünövrəsini nə təşkil edəcək? Məhz Tanrının inkarı və əxlaqın bünövrəsinin dağılması nəticəsində insan çıxılmaz dairəyə düşür və nihilizmə yuvarlanır. Kamü böyük bir fəsildə nihilizmin banisi olan Nitşenin baxışlarını şərh edir…
Kamünün şərhində Nitşenin fəlsəfəsi qiyama əsaslanan bir fəlsəfədir. Nitşenin Tanrını inkar etmək məqsədi yoxdur, amma o, müasirlərinin ruhunda Tanrının olmadığını görmüş və ilk dəfə bu faktın ciddi əhəmiyyətini anlamış, ona nəzarət edib istiqamətləndirmək fikrinə düşmüşdü. O, bilirdi ki, zehni azadlıq – rahatlıq deyil, əksinə, insanın can atdığı və üzücü mübarizələrdən sonra əldə etdiyi bir nailiyyətdir və bu yolla insan qanunun fövqünə qalxır, çünki heç nə həqiqi deyilsə, heç nə qadağan da deyil. Amma həmin yolda insanın qarşılaşdığı ziddiyyət bundan ibarətdir ki, o, mütləq azadlığa yetişmir, əksinə, dəyişiklik və dəyişkənlik əsarətinə düçar olur. Belə ki, yüksək dəyərlərin olmadığı, təsadüfün və qanunsuzluğun hökm sürdüyü bir şəraitdə insana zülmətdə addımlamaqdan və bünövrəsiz, qorxulu azadlıqdan başqa bir şey nəsib ola bilməz. Ona görə ən kamil azadlığın sonunda insanı ən kamil asılılıq gözləyir. O, səksəkəli bir sevinclə dalana doğru gedir, sükan isə nihilizmin əlindədir. Onun məqsədi təzadın son nöqtəsinə çatmaqdır.
Nitşenin varlığa qarşı qiyamı şərin tərifi ilə bitir, elə bir şərin ki, o, artıq kin-küdurət deyil, əksinə, xeyrin təzahürlərindən biri və taleyin bir parçasıdır. Bu fikirlərin işığında o, həm də sənətkar olan despotları xatırlayırdı. O despotları ki, ağlın gücü sayəsində bütlərə pərəstişdən çəkinərək, hər şeyə «hə» dedikləri zaman, insan qətlinə də «hə» deyirlər.
Fəlsəfə və filosoflar idealları yerlə-yeksan edirlər, amma elə despotlar meydana çıxır ki, tezliklə həm ixtiyarlarında olan fəlsəfələri darmadağın edir, həm də bu əsasda dövlətlər qururlar. Hegeldən sonrakı dövlətlər təbiəti ram etməklə, tarixə qarşı durmaqla xristianlığı yerlə-yeksan etməyə başlayır və bütün insanları alətə çevirirlər. Və biz maddi rifah arzuladığımız üçün son nəticədə indiyədək misli görünməmiş bir mənəvi köləliyə doğru gedirik. Beləliklə, böyük qiyamçı Nitşe öz əli ilə zərurətin amansız hakimiyyətini yaratdı və Tanrıya bağlılıqdan xilas olan kimi tarix və ağlın zindanının tikildiyini gördü.
Kamünün fikrincə, bu gün dünyanı bürüyən həqiqi qiyam yox, nihilizmdir və əxlaqi nihilizm dünyaya yayıldıqca, qiyam özünün bütün nailiyyətlərindən yalnız hakimiyyət iradəsini qoruyub saxlaya biləcəkdir. İnsan öz başlanğıcını unudub sonu barədə düşünür və doymaq bilməyən ruhunun köməyi ilə uzun və davamlı qırğınlardan keçib «dünyanı fəth etmək» üçün ağlı özünün yeganə alətinə çevirir. İnsanın insana üstün gəlməsinə yönəlmiş «ağıllı cinayətlər» baş alıb gedir və beləcə insan təklənir…
Kamü «Qiyamçı insan»da Qərb adamının əlbəyaxa olduğu fəlakətli gerçəkliyin köklərini aramağa cəhd etmişdir. O, bu kitabında nə insanın ülvi arzularının reallaşması üsün qəti bir həll yolu təklif etmiş, nə də onun sırf insani problemlərinin sadəliyinə dair nikbinlik aşılamışdır. Amma hər halda, kitab Kamünün belə br baxışını əks etdirir ki, o, «insanın taleyi barədə pessimist, insanın özünə münasibətdə isə optimistdir».
Çevirəni: Məsiağa Məhəmmədi
Ərəblərdə bir məsəl var: «Adlar səmadan enir». Şair dostum İlham Qəhrəmanın «Ey dil» kitabının əlyazmasını oxuyanda qeyri-iradi bu hikmətli kəlamı xatırladım. Səbəbi heç şübhəsiz, bu kitabdakı şeirlərin istisnasız olaraq ilhamla yazılmasında, ilhamın məhsulu olmasındadır. Müşfiq əbəs yerə demirdi ki, şairə ilhamdan maya gərəkdir. Əfsuslar olsun ki, bir vaxtlar şairlərin ən məhrəm sözlərlə vəsf etdiyi «ilham pərisi» zamanımızda bir çox digər ülvi və müqəddəs məfhumlar kimi arxaizmə çevrilib, əvəzində texnoloji bicliklər üzərində qurulan, hansısa nəzəri qəliblərə illüstrasiya xarakteri daşıyan qurama nümunələr poeziya adına mətbuatı, efiri, ekranı və İnternet saytlarını başına götürüb. Belə nümunələrin ən mükəmməllərində şeir anlamına daxil olan hər şey var, bircə ilhamdan başqa. Halbuki ilham – şeirin və şairliyin başlıca şərtidir. Nizami Gəncəvi məhz bu amilə görə, yəni qeybdən ilham aldıqları üçün şairləri Tanrı hüzurunda peyğəmbərlərdən sonra ikinci yerə qoyurdu. Bu mənada İlhamın klassik harmoniyaya əsaslanan şeirləri yapma və qondarma «poetik məhsul»dan usanıb təbii və səmimi sözə susayan oxuculardan ötrü bulaq suyu qismindədir desəm, yanılmış olmaram. Çünki bu gün, İlhamın öz təbirincə söyləsəm, «içimizi çatladan» təkcə yediyimiz keyfiyyətsiz qida məhsulları, içdiyimiz natəmiz su deyil, həm də bizə «yedirdilən» saxta sənət mallarıdır.
Mən bu kitabdakı şeirləri həm də başqa mənada «ilhamlı şeirlər» adlandırıram. O mənada ki, bu şeirlərdə İlhamın özü var. Təkcə bu anlamda yox ki, İlham öz taleyini yazır, özünü ifadə edir, özü demişkən, alın yazısını kağıza köçürür və bütün bunların təzahürü olaraq şeirlərində tez-tez öz adını çəkir. Məsələ burasındadır ki, İlham həyatda necədirsə, şeirlərində də elədir. Yaradıcı insan üçün bu, məncə, çox mühüm məsələdir. Bu yerdə istər-istəməz məşhur İran şairəsi Foruğ Fərruxzadın aşağıdakı sözlərini xatırlamalı oluram: «Şair olmaq – insan olmaqdır. Bəzilərini tanıyıram ki, gündəlik davranışlarının şeirləri ilə heç bir əlaqəsi yoxdur, yəni yalnız şeir yazanda şairdirlər, sonra hər şey bitir, yenə olurlar tamahkar, qarınqulu, zalım, dargöz, paxıl və alçaq bir adam. Mən bu adamların sözlərini qəbul etmirəm». Bu sitata yalnız onu əlavə edə bilərəm ki, həmin ikiləşmə son nəticədə şairliyin (ümumiyyətlə, yaradıcılığın) axırına çıxır. Əxlaq, mənəviyyat, təmizlik olmayan yerdə istedad da batıb gedir. Bu mənada İlham, necə deyərlər, mənəvi ekologiyasını qoruyan bir ziyalıdır, doğulduğu Laçının suyundan, havasından əxz etdiyi təmizliyə «üç milyonluq şəhərin» çirkabının qarşmasına imkan verməyib. Ona görə də belə şeirlər yaza bilir. Özü tez-tez: «Şeir – ruhun dilidir» söyləyir. Deməli, gərək içini təmiz saxlayasan ki, ruhu his-pas tutmasın və danışa bilsin.
Ruh demişkən, İlhamın şeirlərində mən Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Sarı Aşıqdan... gələn bir ruh görürəm. Və bu ruh modern poetikada da danışa bilir. Bu ruhun sözün müstəqim mənasında dili, yəni İlhamın şeir dili xüsusi bir mövzudur. Kitabı oxuyan hər kəs bunu dərhal hiss edəcək. Və ədəbiyyatda, mətbuatda süni, quru, cansız dilin baş alıb getdiyi bir vaxtda canlı xalq dilindən qaynaqlanan belə bir dildə yazdığına görə şairə «əhsən!» deyəcək. Bu, İlhamın ədəbi dilimizə dəyərli bir xidmətidir. Ən mühümü odur ki, xalqdan gələn ifadə tərzi İlhamın yaratdığı mətnlərdə etnoqrafik element, stilizasiya təzahürü deyil, bayaq dediyim kimi, ruhun öz dilidir.
Mən güman etmirəm ki, bu kitab İlhamın bədii istedadını, yaradıcı potensialını bütünlüklə ifadə edir, necə deyərlər, onların son həddidir. Əminəm ki, əllini haqlamaqda olan İlham Qəhrəman bu yaşın verdiyi imkanlar sayəsində hələ neçə-neçə dəyərli əsərlər yaradacaq və onu sevənləri – dostlarını, oxucularını sevindirəcək. Bu yolda əziz dostuma, şair qardaşıma böyük-böyük uğurlar arzulayıram.
(İlham Qəhrəmanın «Ey dil» şeirlər kitabına son söz)
(«Məqalat»dan seçmələr)
Hər bir hekayətin məğzi var və hekayəti həmin o
məğzinə görə danışırlar,baş qatmaq üçün yox!..
Hekayətin məqsədi məlalətdən qurtulmaq deyil,
cəhalətdən qurtulmaqdır!
Birisi xəzinə kağızı tapmışdı. Orada yazılmışdı ki, filan darvazadan çıxarsan, bir gümbəz görəcəksən, arxanı o gümbəzə çevirib üzünü qibləyə tutarsan və bir ox atarsan; ox hara düşsə, xəzinə oradadır. Elə də etdi – getdi, oxu atdı, amma nə qədər axtardısa, heç nə tapmadı. Xəbər gedib padşaha çatdı. O,güclü oxatanlar göndərdi – bir nəticə hasil olmadı. Həmən şəxs üzünü Tanrı dərgahına tutdu. Səda gəldi: «Biz deməmişik ki, kamanı çək!» Təzədən o yerə qayıtdı, oxu kamana qoydu, kamanı çəkmədi – ox qarşısındaca yerə düşdü. Elə ki, ilahi inayət yetişdi, iki addım atdı və [məqsədinə] çatdı.1
* * *
Birisi balıqdan danışırdı. Başqa birisi ona dedi: “Sus, sən nə bilirsən ki, balıq nədir?! Bilmədiyin şeydən niyə danışırsan?” Söylədi: “Mən bilmirəm balıq nədir?” Dedi: “Bəli. Əgər bilirsənsə, balığın əlamətini de!” Söylədi: “Balığın əlaməti odur ki, dəvə kimi iki buynuzu var”. Dedi: “Əcəbdir! Mən bilirdim ki, sən balığı tanımırsan və indi bunu təsdiq elədin. Amma bir şey də mənə məlum oldu ki, sən heç öküzlə dəvənin fərqini də bilmirsənmiş!”
* * *
İbrahim Ədhəm2 Bəlxdəki hökmdarlığını tərk etməzdən qabaq çoxlu mal və pul paylayar, ibadətlə məşğul olardı. Və deyərdi ki, daha nə edim?! Nədirsə, ilahi lütf mənə yetişmir. Bir gecə taxtında yatmışdı. Yatmışdı, amma oyaq idi. Keşikçilər o yan-bu yana gedir, təbil və şeypur çalır, qışqırışırdılar. O isə öz-özünə deyirdi: “Siz hansı düşmənin qarşısını kəsibsiniz?! Düşmən mənim yanımda yatıb! Mən Allahın mərhəmət nəzərinə möhtacam. Siz mənim təhlükəsizliyimi necə təmin edə bilərsiniz?! Təhlükəsizlik yalnız Onun lütfünün sığınacağındadır!” Bu düşüncələr içərisində ürəyini sevda bürüyürdü, başını balışdan qaldırır, sonra yenə balışa qoyurdu. Aşiq olanı yuxu apararmı?!
Birdən qəsrin damından hay-küy və bərk addım səsləri eşitdi. Deyəsən, bir dəstə adam o yan-bu yana gedirdi, ayaqlarının səsi aydınca eşidilirdi. Şah öz-özünə dedi: “Bu gözətçilər hara getdi? Görmürlər ki, bunlar mənim qəsrimin damında qaçışırlar?!” Beləcə o, addım səslərindən heyrətə və qorxuya düşdü. Özünü o qədər itirdi ki, qışqırıb mühafizəçiləri xəbərdar edə bilmədi. Bu arada bir nəfər damdan aşağı boylanıb dedi: “Sən bu taxtda nə edirsən?” Söylədi: “Mən şaham, bəs siz bu damda nə edirsiniz?” Həmən şəxs cavab verdi: “Biz iki-üç dəstə dəvə itirmişik, bu qəsrin damında onları axtarırıq.” Şah dedi: “Dəlisən?” Söylədi: “Dəli özünsən!” Dedi: “Dəvəni qəsrin damında itirmisən? Burda axtararlar dəvəni?!” Söylədi: “Bəs Allahı hökmranlıq taxtında axtararlar? Burda axtarırsan Allahı?!”
Bu hadisədən sonra heç kəs onu görmədi, hökmdarlığı buraxıb getdi…
* * *
Bir gün Harun ər-Rəşid3 dedi: “Bu Leylini gətirin görüm, Məcnun niyə onun eşqindən aləmə səs salıb və məşriqdən məğribəcən bütün aşiqlər nə üçün onun eşqinin hekayətini özlərinə nümunə seçiblər. Çoxlu xərc çəkib min bir hiylə işlədib Leylini gətirdilər. Gecə xəlifə onun yanına getdi. Şamlar yanırdı. Xəlifə bir müddət onun üzünə baxdı, bir müddət başını aşağı dikib düşündü. Sonra öz-özünə dedi ki, qoy onu danışdırım, bəlkə danışanda cazibəsi üzündə aşkar ola. Üzünü Leyliyə tutub dedi: «Leyli sənsən?» Söylədi: «Bəli, Leyli mənəm, amma Məcnun sən deyilsən! Məcnunun başında olan göz sənin başında yoxdur…Mənə Məcnunun gözü ilə bax! Məşuqa aşiqin gözü ilə baxarlar»
* * *
Birisi başqa birisinə hind qılıncı gətirib dedi: “Bu, hind qılıncıdır!” Soruşdu: “Hind qılıncı necə olur?” Dedi: “Onu nəyə vursan, ikiyə bölür.” Söylədi: “Gəl bu daşda onu sınayaq!” Qılıncı sıyırıb daşa vurdu. Qılınc ikiyə bölündü. Söylədi: “Bəs sən deyirdin ki, hind qılıncını nəyə vursan, ikiyə bölür?!” Dedi: “Bəli, amma görünür, qılınc hind qılıncı olduğu kimi, daş da hind daşı imiş, özü də ondan daha artıq!”
* * *
Birisi dəlləyin yanına gəlib dedi ki, saqqalımdakı ağ tükləri seç, təmizlə! Dəllək baxıb gördü ki, ağ tük çoxdur. Saqqalı birdəfəlik qayçı ilə kəsib müştəriyə verdi və dedi: “Özün seç, mənim işim var!”
* * *
Bayəzid4 – Allah onun ruhunu şad eləsin! – hansı şəhərə gedirdisə, gəzmək istəyəndə, o şəhərin qəbristanlığına yollanırdı. Necə ki,birisi İbn Abbasdan5 – Allah ondan razı olsun! – soruşmuşdu: “Ey Peyğəmbərin əmisi oğlu, gəzmək istəyəndə hara gedim?” O da buyurmuşdu: “Əgər gündüz olsa, qəbristanlıqda gəz, gecə olsa, asimanı seyr elə!” Bayəzid qəbristanlıqda gəzir və insan kəllələri görürdü. Birdən daxilində bir səs eşitdi ki, kəllələri götür əlinə və yaxşı-yaxşı bax! Götürüb baxanda gördü ki, bəzi kəllələrin qulaq yerində deşik yoxdur, bəzilərində bu qulaqdan o qulağa qədər, bəzilərində isə qulaqlardan hulquma qədər deşik var. Dedi: “Xudaya, camaat bunların hamısını bir görür, mənə isə fərqi göstərdin. İndi özün aç, görüm bu kəllələr niyə belədir!” Səda gəldi: “Qulağında deşik olmayan kəllələr o kəslərindir ki, bizim sözümüzü heç eşitmirdilər. Bu qulaqdan o qulağa qədər deşiyi olan kəllələr o kəslərindir ki, bizim sözümüzü bir qulaqdan alıb o birindən ötürürdülər. Qulağından hulquma qədər deşiyi olan kəllələr o kəslərindir ki, bizim sözümüzü qəbul edirdilər”…
* * *
Belə nəql edirlər ki, Həllacı6 dar ağacından asanda, şəriət hakimlərinin hökmünə əsasən, Bağdad əhlinin hər biri ona bir daş atmalı idi. Doğrudan da, hərə ona iri bir daş atdı. Dostlarından da bunu tələb etdilər. Çarəsiz qalıb daş əvəzinə ona bir dəstə gül atdılar. Həllac dərhal nalə çəkdi. Bu mənzərəni seyr edən birisi təəccüblə soruşdu: “O qədər daşlardan sonra nalə çəkmədin, bir dəstə gül atılanda niyə ağladın?” Dedi: “Məgər bilmirsiniz ki, dostun cəfası daha ağır olur?!”
* * *
Bir baqqalın hindli bir qulu vardı. Baqqal hər müştəriyə yağ və ya bal çəkəndən sonra gizlicə bir barmaq üstündən götürərdi. Qul bununla razılaşmasa da, bir şey deməyə cürət eləmirdi. Nəhayət, günlərin bir günü baqqalın böyük bir tuluğu deşildi və içindəki bal axıb yerə töküldü. Bunu görən hindli qul dedi: “Bəli, barmaqla götürərsən, tuluqla gedər. Pislik edən – pislik görər. Quyu qazan – özü düşər.”
* * *
Yəhudi, xristian və müsəlman yoldaş olub yola düzəldilər. Bir az pul tapıb halva aldılar. Dedilər: “Artıq axşamdır, sabah yeyərik. Həm də halva azdır, kim daha yaxşı yuxu görsə, o da yeyər”. (Məqsədləri müsəlmana halva verməmək idi). Müsəlman gecənin bir aləmi yuxudan ayıldı: nakam aşiq hara,yuxu hara?! Durub halvanın hamısını yedi.
Səhərisi xristian dedi: “Yuxuda gördüm ki, İsa göydən enib məni səmaya qaldırdı.” Yəhudi dedi: “Musa məni behiştin tamaşasına apardı. Sənin İsan göyün dördüncü qatında idi. Onun qəribəliklərini behiştin gözəllikləri ilə müqayisə etmək olarmı?!” Müsəlman dedi: “Məhəmməd gəlib söylədi: “Ey biçarə, birini İsa apardı göyün dördüncü qatına, o birini də Musa apardı behiştə, sən yazıq məhrum qaldın. Barı dur, bu halvanı ye!” Mən də durub halvanı yedim”. Yəhudi ilə xristian dedilər: “Vallah, əsl yuxunu sən görmüsən, bizim gördüyümüz boş xəyaldan başqa bir şey deyilmiş!”
İZAHLAR
1. «İki addım atdı və çatdı» ifadəsi Həllac Mənsura aid edilir.Xacə Abdullah Ənsarinin və Fəridəddin Əttarın yazdığına görə, Həllacdan soruşurlar: «Bəndədən Allahadək nə qədər yol var?» Həllac deyir: «İki addım. Bir addım dünyadan, bir addım da axirətdən at – o zaman Rəbbinə çatarsan.»
2. İbrahim ibn Ədhəm (vəf.776-cı il) – erkən sufizmin görkəmli nümayəndələrindən biri. Rəvayətə görə, Bəlx hökmdarı olmuş, təsəvvüfü seçdikdən sonra hakimiyyətini və ailəsini atıb Mədinəyə getmiş, orada ağır fiziki işlərdə çalışmışdır. Sonralar onun haqqında çoxlu hekayətlər qoşulmuşdur. Şəmsin nəql etdiyi bu hekayətə Əttarın «Təzkirətül-övliya»sında və «Məsnəvi»nin dördüncü dəftərində də rast gəlirik.
3. Harun ər-Rəşid (786 – 809) – məşhur Abbasi xəlifəsi.
4. Bayəzid Bəstami (vəf.875-ci il) – sufizmin görkəmli nümayəndələrindən biri, təsəvvüfdə «məstlik» («sükr») cərəyanının banisi.
5. Abdullah ibn Abbas (619 – 686) – Məhəmməd peyğəmbərin əmisi oğlu. Hədislərin toplanması ideyasının müəllifi və Quranın ilk təfsirçilərindən biri olmuşdur.
6. Həllac ibn Mənsur (858 – 922) – məşhur sufilərdən və təsəvvüf tarixində müstəsna rol oynamış şəxsiyyətlərdən biri, «Ənə-l-həqq» ifadəsinin müəllifi. Öz əqidəsinə görə 922-ci ildə dar ağacından asılmışdır.
Davamı
O Xəttat (Allah – M.M.) üç cür yazı yazdı:
Birini Ondan başqa hes kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları.
O üçüncü yazı mənəm!
Şəms Təbrizi
Şəms Təbrizi kim idi? 1244-cü ilin bir payız günü dəvətsiz-filansız Konyaya gəlib şəhərin ən hörmətli ruhanisi, məşhur şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Ruminin həyatını alt-üst edən, onu «fitvalar verən şeyxdən şairə çevirən» (Sultan Vələd), «minbərdə vüqarla oturduğu halda küçədəki uşaqların oyuncağına döndərən» (Mövlana) bu şəxs necə bir insan idi və buna necə nail oldu? Bu sual təkcə müasir tədqiqatçıları və onların sələfləri olan orta əsr təzkirəçilərini deyil, həm də hadisənin canlı şahidlərini – Mövlananın yaxın ətrafını və bütövlükdə Konya əhlini ciddi şəkildə maraqlandırmış və düşündürmüşdür.
Mövlananın oğlu Sultan Vələd özünün «Vələdnamə» poemasında Şəmslə görüşdən sonra atasının davranışında baş verən köklü dəyişikliyin onun müridlərində doğurduğu qəzəb dolu sualları belə ümumiləşdirmişdir:
چه كس است اين كه شيخ مارا او برد از ما چو يك كهي را جو
ساحر است اين مگر به سحر و فسون كرد بر خويش شيخ را مفتون
ورنه خود كيست او و در وي چيست با چنين مكر ميتواند زيست
ني ورا اصل و ني نسب پيداست مي ندانيم هم كه او ز كجاست
Axar su saman çöpünü alıb apardığı kimi
Bizim şeyximizi bizdən alan bu şəxs kimdir?
Bəlkə o sehrbazdır və sehrlə, ovsunla
Şeyxi özünə məftun etmişdir?!
Axı o kimdir və onda nə var ki,
Belə məkrlə yaşaya bilir?!
Onun nə əsli bəllidir, nə də nəsəbi,
Həm də biz bilmirik o hardandır.
Maraqlıdır ki, şeirlərindən birində eyni sualı (təbii ki, başqa anlamda) Şəmsə Mövlananın özü də ünvanlayır:
تو كيستي صاعقه اي يا آتشي
كه خانه و زندگي براي من باقي نگذاشتي
Sən kimsən? İldırım, yoxsa od-atəş?!
Sən məndə ev-eşik, ömür-gün qoymadın!
Şəmsin sirli şəxsiyyəti sonralar o qədər əfsanələşdi, elə müəmma haləsinə büründü ki, hətta məşhur ingilis şərqşünası Edvard Braun tarixdə belə bir adamın mövcudluğunu şübhə altına alıb onun Mövlana təxəyyülündən doğmuş bir obraz olduğu fikrini irəli sürdü. Nə yaxşı ki, nəhayət, Şəmsin qaynaqlarda adı keçən «Söhbətlər»i («Məqalat», yaxud «Xirqeyi-Şəms» - Şəmsin müxtəlif məclislərdə çeşidli mövzularda etdiyi söhbətlərin müridlər tərəfindən qələmə alınmış toplusu) tapılıb nəşr olundu və Şəmsin şəxsiyyəti, fikirləri, Mövlana ilə münasibətləriylə bağlı bir çox sualları cavablandırmaq, eləcə də onun barəsində yazılanlara xeyli təshihlər etmək imkanı yarandı. Məsələn, bir çox mənbələr Şəmsi savadsız bir dərviş kimi təqdim etmişlər. «Məqalat» isə Şəmsin öz dövrü üçün çox mükəmməl təhsil aldığını, o zamanın ən böyük elm və fikir adamları ilə oturub-durduğunu açıq-aşkar göstərməkdədir.
«Söhbətlər»də diqqəti çəkən ilk məsələ, təbii ki, Şəmsin özü barədə verdiyi bioqrafik məlumatlardır. Bu məlumatlar Şəms şəxsiyyətinin real cizgilərini kifayət qədər dolğun şəkildə əks etdirir. Bəlli olur ki, Şəms (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad) XII əsrin sonlarında Təbrizdə bəzzaz ailəsində doğulub. Ailənin yeganə, bir qədər də ərköyün övladı olan Şəmsin qeyri-adiliyi hələ uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə başlayıb. Belə ki, o qəribə yuxular görür, anlaşılmaz hallara düşür, bəzən üç-dörd gün heç nə yemirmiş (amma bundan zəifləmirmiş, əksinə, daha da gümrahlaşır, şüuru daha aydın, zəkası daha iti olurmuş). Bütün bunlar təbii ki, adi bir insan olan atasını bərk narahat edirmiş. Şəms bununla bağlı atası ilə dialoqlarını «Söhbətlər»də son dərəcə canlı şəkildə vermişdir: «Soruşurdu: - Sənə nə olub? Cavab verirdim: - Mənə heç nə olmayıb. Dəliyəm? Kiminsə paltarını cırmışam? Sənin üstünə düşmüşəm? Sənin paltarını cırmışam? Deyirdi: - Bəs bu nə vəziyyətdir? Bilirəm, dəli deyilsən, amma bu davranışını başa düşmürəm». Yaxınlarının və ətrafdakıların onu başa düşməməsindən doğan kədərli vəziyyəti, qəribə psixoloji ovqatı Şəms belə ifadə etmişdir: «Atamın məndən xəbəri yox idi. Mən öz şəhərimdə qərib idim. Atam mənə yad idi, ürəyim ondan ürkürdü. Mənimlə mehriban danışırdı, amma mənə elə gəlirdi ki, məni döyür, evdən qovur». Nəhayət, Şəms atası ilə arasındakı bu anlaşılmazlığı toyuq altına qoyulmuş qaz yumurtalarının misalı ilə izah edir: toyuğun çıxarıb bəslədiyi qaz balaları arxı görən kimi özlərini suya vurur, onların başqa növdən olduğunu anlamayan toyuq isə suya girə bilməyib narahat halda arxın qırağında o yan-bu yana qaçır. Atası ilə bağlı xatirələrini Şəms belə ümumiləşdirir: «Yaxşı adam idi, amma aşiq deyildi, yaxşı adam başqadır, aşiq başqa; aşiqin halını aşiqlər bilər!»
Atası Şəmsin oxuyub fəqih olmasını, cəmiyyətdə rəsmi mövqe tutmasını arzulayırdı, buna görə də onu Təbrizin ən yaxşı mədrəsəsinə qoymuşdu. Şəms də yaxşı oxuyur, fiqhi dərindən öyrənirdi, amma təhsilə, elmə karyera aləti kimi deyil, həqiqətə çatmaq vasitəsi kimi baxırdı: «Vallah, billah mədrəsələrdə oxuyanlar çalışırlar ki, sabah özləri də mədrəsə sahibi olsunlar. Dünya malı üçün elm öyrənmək nəyə gərək? Bu kəndir quyudan çıxmaq üçündür, bir quyudan çıxıb başqa quyuya düşmək üçün yox!»
«Söhbətlər»in mətni Şəmsin həm fiqh, həm də o dövrün digər elmləri sahəsində necə dərin biliyə, necə geniş erudisiyaya malik olduğunu aydın göstərir. Sonralar Mövlana yazacaqdı ki, kimya, nücum, riyaziyyat, ilahiyyat, hikmət və məntiqdə Şəmsin tayı-bərabəri yoxdur. Amma Şəms o dövrün terminologiyası ilə desək, təkcə «əqli» və «nəqli» elmləri öyrənməklə kifayətlənmirdi, paralel olaraq Təbrizdəki sufi məclislərində iştirak edirdi. Həmin dövrdə o, Əbubəkr Səlləbaf Təbrizi adlı bir şeyxin müridi də olmuşdu. Amma sonralar təsəvvüfdə ən yüksək məqama yetişsə də, ənənəyə uyğun olaraq özü ətrafına müridlər toplamadı. Şəms bunu «Söhbətlər»də çox maraqlı bir şəkildə izah edir: «Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım... Mən mürid tutmuram, şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!» Şəms Tanrının məşhur hədisdə deyilən («Mənim qübbəmin altında övliyalarım var, onları Məndən başqa kimsə tanımaz») gizli övliyalarından idi, tanınmaqdan və şöhrətdən qaçırdı. Yenə özü başqa bir yerdə deyir: «Mənim bu aləmdə adi adamlarla işim yoxdur, onlar üçün gəlməmişəm». Təsadüfi deyil ki, bir müddət sonra müəllimi Şəmsəddin Xoyi ona dərs deməkdən imtina etmiş və bunu belə əsaslandırmışdı: «Mən Allahın yanında xəcil olmaq istəmirəm... Səndə üstün bir gövhər var, mən ona nəsə nəqş edə bilmərəm».
Beləliklə, Şəmsin kamil şeyx axtarışı ilə uzun-uzadı səfərləri başlayır: Dəməşq, Hələb, Bağdad, Qeysəriyyə, Ağsaray, Sivas, Ərzurum, Ərzincan... və nəhayət, Konya. Tez-tez yerini dəyişdiyi, qəfil gəldiyi kimi qəfil də yoxa çıxdığı üçün «uçan Şəms» ləqəbi ilə məşhurlaşır. O dövrdə hər hansı şəhərə gələn tacir karvansarada, fəqih – mədrəsədə, dərviş isə xanəgahda qalır, burada pulsuz yeməklə təmin olunurdu. Şəms xanəgaha getmir, ümumiyyətlə, özünün təsəvvüf əhli olduğunu büruzə vermirdi (adətən tacir qiyafəsində olurdu). Uzun müdət qaldığı şəhərlərdə Şəms əsasən müəllimlik edir, son dərəcə qənaətcil və təvazökar bir həyat sürürdü. «Söhbətlər»dən bəlli olur ki, hətta müəllimlikdə xüsusi metodikası varmış – təzə məktəbə gəlmiş uşağa 3 aya Quranı öyrədirmiş! Çox qalmadığı şəhərlərdə isə Şəms dolanışığını qayış düzəltməklə, rəngsazlıq və suvaqçılıqla, yəni əlinin zəhməti ilə təmin edirmiş. Şəxsiyyətinin bu cəhəti nəzərə alındıqda, «Söhbətlər»də bir tərəfdən müftəxor dərvişlərə, əsassız iddialara düşən mürşidlərə, digər tərəfdən də «Məhəmməd dininin quldurları», «dinin bünövrəsini qazan siçovullar» adlandırdığı şeyxlərə, minbər əhlinə yönəlmiş ardıcıl və kəskin tənqidin köklərini anlamaq mümkündür (sonralar bu mövzular «Məsnəvi»də də geniş yer alacaqdı).
Çoxsaylı səfərləri gedişində Şəms o dövrün ən məşhur elm və irfan adamları ilə görüşüb müzakirələr aparmış, istər müasirləri, istərsə də əvvəlki dövrlərdə yaşamış görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini (bəzən sox sərt və kəskin formada) «Söhbətlər»də ifadə etmişdir. Bu sırada onun «ən böyük şeyx» ləqəbi ilə tanınan Mühyiddin İbn əl-Ərəbi (1165-1240) haqqında fikirləri xüsusi maraq doğurur. İbn əl-Ərəbi ilə söhbətlərini təfsilatı ilə xatırlayan Şəms bəzən onun məntiqi qarşısında çaşıb qalan böyük filosofu belə təsvir edir: «Sözünün əvvəlində də mənə «övladım!» deyirdi, axırında da. Sonra da gülürdü: yəni belə övlad olar?!» Bununla belə İbn əl-Ərəbinin məqamını kiçiltmədən deyir: «O, bir dağ idi, dağ! Heyrətamiz bir kişiydi. Yaxşı həmsöhbət idi...»
Nəhayət, deyildiyi kimi, 1244-cü ildə Şəms Konyaya gəldi və onun Cəlaləddin Rumi ilə sonradan «iki dənizin qovuşması» adlandırılan məşhur görüşü baş tutdu (qaynaqlardakı işarələrdən, o cümlədən, «Məqalat»dan bəlli olur ki, Şəms Mövlananı əvvəllər də görübmüş və bir növ onun öz missiyası üçün yetişməsini gözləyirmiş). Həmin görüşdə Şəmsin verdiyi: «Kim daha böyükdür: Bayəzid Bəstami, yoxsa Məhəmməd peyğəmbər?» - sualı onun idrakın xarakterinə və irfanın təbiətinə baxışını əks etdirməklə, Mövlanada baş vermiş ruhi-mənəvi təbəddülatın mahiyyətinə işıq salır. Sonralar Şəms bu baxışını Həllac Mənsurun timsalında bir qədər də konkret ifadə edir: «Mənsura hələ Ruh bütün camalını göstərməmişdi. Yoxsa «Ənə-l-Həqq» («Haqq mənəm!») deyərdimi? Haqq hara, mən hara? Bu «mən» nədir? Söz nədir? Əgər Ruh aləmində qərq olsaydın, sözə sığardınmı?» Və bir qədər sonra fikrini daha açıq deyir: «Peyğəmbərin yolu ilə getmək zahirən ona təqlid etmək deyil, məsələn, o qovun yeməyibsə, sən də yemə (Məhəmməd peyğəmbər qovun yemədiyi üçün yuxarıda adı keçən məşhur sufi şeyxi Bayəzid Bəstami də qovun yemirmiş – M.M.). Peyğəmbərin yolu ilə getmək odur ki, o, Meraca gedibsə, sən də onun ardınca get!» Beləliklə, Şəms insanın qarşısına çox çətin vəzifə qoyur. Amma məsələ bununla da bitmir: «Allah-əkbər deyirsən, yəni Allah böyükdür. Onda sən də çalış ki, böyük olasan!» Yəni kamiləşmənin sonu yoxdur, məşhur hədisin ifadəsi ilə desək, idrakın birinci qarışını adlayıb təkəbbürə yuvarlanmaq olmaz, qarşıda təvazö doğuran ikinci, heyrət və heyranlıq yaradan üçüncü qarışlar var. Burada elm və ağıl müəyyən həddə («dərgaha») qədər işə yarayır, sonra «hicab»a – pərdəyə çevrilir; odur ki, sonrası ruhun və ürəyin işidir, qalanı eşqlədir. «Əgər bu mənaları oxuyub öyrənmək və müzakirə ilə dərk etmək mümkün olsaydı, onda gərək Fəxr Raziyə baxanda Bayəzidlə Cüneydin başına aləmin külü olaydı (məşhur ilahiyyatçı Fəxrəddin Razi, məşhur sufilər Bayəzid Bəstami və Cüneyd Bağdadi nəzərdə tutulur – M.M.). Deyirlər, Fəxr Razi Quranın təfsirində min kitab yazıb, bəziləri deyir beş yüz kitab. Yüz min Fəxr Razi Bayəzidin getdiyi yolun tozuna çatmaz...»
Və nəhayət: «Deyirsən ki, Allah birdir. Nə olsun, sən ki təfriqə içindəsən, bir deyilsən!» Şəms hikmətindən işıq alan Mövlana poeziyası ilk növbədə bu birliyə yönəlib, ona xidmət edir: «Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox!» - deyir Mövlana. Sözün, sənətin, fikrin bundan böyük missiyası varmı?! Ən başlıcası, bu birlik dil, yaxud din birliyi deyil, ürək birliyidir. Ürəyin dili başqadır. Mövlana nə gözəl deyib:
اي بسا هندو و ترك همزبان اي بسا دو ترك چون بيگانگان
پس زبان همدلي خود ديگر است همدلي از همزباني بهتر است
Nə çox hindli və türk var ki, dilləri birdir,
Nə çox iki türk var ki, bir-birinə yad kimidir.
Deməli, məhrəmliyin dili tam başqa bir dildir,
Ürək birliyi dil birliyindən daha yaxşıdır.
Beləliklə, Şəms Mövlananı elm məqamından eşq məqamına, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaltdı, onu kitablarda yazılanları bilməkdən doğan zərərli və mənasız təkəbbürdən xilas etdi. «İnsanı bütün qorxulardan etiqad və eşq azad edər. Səni isidən hər etiqadı saxla, səni soyudan hər etiqaddan uzaqlaş» - dedi. Mövlana dünyaya yenidən gəldi. Özü demiş, «yanan çıraq yanmayan çırağa toxunub getdi»...
Şəmsin Konyadan qəfil yoxa çıxması, o dövr müəlliflərindən birinin yazdığı kimi «qeybə çəkilməsi» barədə müxtəlif fikirlər var. Ən məşhur versiya onun öldürülərək bir quyuya atılmasıdır. Lakin «Məqalat»ın ən görkəmli tədqiqatçısı, kitabın elmi-tənqidi mətninin tərtibçisi Məhəmmədəli Müvəhhid Şəmsin Konyadan Təbrizə qayıdarkən Xoyda vəfat etdiyini və Xoydakı Şəms Təbrizi minarəsinin bu nadir şəxsiyyətin əsl dəfn yeri olduğunu əsaslandırır. Biz də bu fikrə qoşuluruq.
Şəmsin «Söhbətlər»i canlı fikrin misilsiz bir abidəsidir. Tam qətiyyətlə deyə bilərik ki, klassik farsdilli nəsrdə onun analoqu yoxdur. Təəssüf ki, bizdə lazımınca tədqiq və təbliğ olunmayıb. Hələ də bizdə Şəmsi şair adlandıran, «Divani-Şəms»in ona aid olduğunu yazan «alimlər» var. Şəms özü isə: «Məndə heç vaxt yazmaq adəti olmayıb, söz məndə qaldıqca hər an başqa bir üz göstərir» - deyir. Amma Mövlana irsinin məşhur araşdırıcılarından Bədiüzzaman Füruzanfər yazır ki, Mövlananın əsərlərini həm də Şəmsin əsərləri saymaq olar. Zatən, Mövlana öz bənzərsiz divanını «Şəmsin divanı» adlandırmaqla bunu demək istəyib. Şəmsə müraciətlə açıq şəkildə:
بلكه صداي تو است اين همه گفتار من
- «Mənim bütün bu dediklərim sənin səsindir» - söyləyib. Və Şəmsin bu sözləri deməkdə nə qədər haqlı olduğunu təsdiq edib: «Əgər mənim deməyə bir sözüm olsa və bütün dünya ağzımı yumsa ki, o sözü deməyim, həmin söz min il sonra da olsa, mən istəyən şəxsə çatacaq!» Bu mənada Mövlananın bütün dünya tərəfindən qeyd olunan 800 illiyi həm də Mövlananı Mövlana edən, onun «haqqın və canın Günəşi» adlandırdığı Şəmsin – özünü Təbrizdən çıxan kişilərin ən kiçiyi sayan Şəms Təbrizinin bayramıdır.
20 oktyabr 2007
Davamı
yaxud
Bir addım kənarda gülümsəyən adam...
Son zamanların dünyanı başına götürən anti-ədəbi və psevdo-elmi yazıların içində başını götürüb gizlənmək istədiyin anda elə bil, böyük sufi Rumi demişkən, yatdığın anda üzünə su çilənir (...qalx ayağa və əbədiyyətin badəsini əlinə al/ yerdə qalan mətləbi sənə gizlində eşq deyəcək...), bir az toxtaq olursan. Ancaq... yenə də, bu qədər yazı-pozunun içində əsas olan şey - fərq - yazan adamın özünün özündən fərqi... yoxdu, qəhətə çıxıb, oxumaq istədiyin şeylər su kimi məchul bir ünvana axıb gedir, nə özünü, nə də səni saxlayır. Bir də, elə bil bütün bu anti-ədəbi və psevdo-elmi qaralamaların "mahiyyətinin" təsdiqi kimi, bu qələmçilərin bağladıqları kitablar da balaca bir maşına qoşulan çox uzun qoşquya bənzəyir... Kitabların arxasında, o üz-bu üzündə boya ləkəsi kimi görünən rəylər, dünyanın və məmləkətimizin böyük söz adamlarının bu "zalım tifil" haqqında referansları...bilmirsən, nəyi oxuyasan, qərara gəlirsən ki, kitabı bağlamaq lazımdı. Açılmamış bağlanan kitab metaforası bu günümüzün ədəbi gəzişmələrini səciyyələndirən ən doğru, ən dürüst təyindir.
Yaxınlarda bütün bu narahatlığı unutduran, filologiya elmimizin gələcəyinə böyük ümidlər doğuran iki yazı oxudum və bu kiçik yazıda sayğılı "525-ci qəzet"in oxucuları ilə fikirlərimi bölüşmək istərdim. Söhbət dostum, görkəmli şərqşünas-filoloq və tərcüməçi Məsiağa Məhəmmədinin qəzetin keçən şənbə sayında çap edilən "Təbrizdən doğan Günəş" və "Xalq qəzeti"nin 25 oktyabr tarixli sayında yer alan "Mövlana nə deyir?" yazılarından gedir.
Hər iki yazını fərqləndirən əsas cəhət sözü gedən mədəni epoxanın gizlinlərini, ümumi mənzərəsini bilmək, hadisənin mahiyyətini bəlirləyən ifadə və çalarları düzgün şəkildə tapmaq və sadə dildə çatdırmaqdır. Hər iki məqaləsində müəllif məhz dövrü və haqqında söz açdığı sənətkarların yaradıcılıq sirlərini (və hər ikisini bir yerdə şərtləndirən məntiqi!) dərindən bildiyi üçün onlardan əksər yazılarda olduğu kimi orta əsrlər mədəniyyətinin doğurduğu kateqoriya kimi bəhs edir. Qəribədir, biri söz yazır, insanları ovsunlayır, qaranlıq və zülmət içində qərq olan dünyaya işıq salır, o biri sözə sığmır, sözdən və dünyadan baş götürüb qaçır və elə hərəkətlər edir ki, haçansa dünyada olması da təəccüb doğurur: doğrudan o bir məcaz idi, yoxsa gerçək? Şəms Təbrizidən gətirilən sitatda deyildiyi kimi:
O Xəttat üç cür yazı yazdı,
Birini ondan başqa heç kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə o oxudu, nə də başqaları –
O üçüncü yazı mənəm!
Şəms Təbrizi işıq mənbəyidir, enerji qaynağıdır, bu qaynaq olmadığı halda nəinki Rumidən, ümumən o dövrdən bir ədəbi kateqoriya kimi bəhs etməyin mənası qalmır. Ona görə də, müəyyən mənada "Rumi ili" anlayışı qüsurludur, Ruminin öz ideyalarına uyğun gəlmir (Rumi divanını "Şəmsin divanı" adlandırmışdı). Şeirlərinin birində Rumi yazırdı ki: Tər içində Ay kimi bət-bənizin ağarsa/ Ürəyində birdən dərin bir boşluq hiss etsən/ Şəmsin gözləriylə baxıb gözəlliyi görəcəksən...
Şəms, Rumi, Həllac, İbn Ərəbi.... haqqında dünya çapında bir çox maraqlı tədqiqatlar çap edilsə də (Henri Korbin. İbn Ərəbinin sufizmində yaradıcı təxəyyül. Flammarion, 1958; Klod Addas. İbn Ərəbi və qayıdışsız səfər. Söy nəşriyyatı, 1996; Annemari Şimmel. Ruhun alovu. Albin-Mişel, 1998; Eva dö Vitray-Meyeroviç. Rumi və sufizm. Söy nəşriyyatı, 1977; Lui Massinyon. Həllacın Eşqi. Qayyimar, 1975), bizdə etiraf edək ki, hələ də onların qoyub getdikləri əsərlərin tənqidi mətnləri hazırlanmamışdır. Bütün bu şəxsiyyətlərin yaradıcılığı anti-filoloji yönlərdən (daha çox İrandan ixrac edilən kitabların təfsiri və plagiat formasında) öyrənilir. Poetik tərcümələrə gəldikdə isə burada vəziyyət daha acınacaqlıdır. Bu meyxana ritmli tərcümələri heç yana çıxarmaq mümkün deyildir. Çox yaxşı ki, Mədəniyyət Nazirliyinin layihəsi əsasında Rumi yaradıcılığının professional tərcüməsi işinə başlanmışdır və əsas tərcüməçilərdən biri də M.Məhəmmədidir. Bizə belə gəlir ki, bu layihə gerçəkləşdikdən sonra Rumi yaradıcılığının müxtəlif yönlərindən bəhs edən yüksək səviyyəli tədqiqatların yaranacağına inanmaq olar. Dünyanın çoxdan tanış olduğu, özü də professional alimlərin tərcümələri və tədqiqatları əsasında tanış olduğu bu çox ciddi mətnlər ana dilimizdə danışandan sonra hələlik az şeylərə ümid etmək olar. O mənada ki, bu şəxsiyyətlər və dövrlər haqqında milli filologiyada əvvəldən düzgün araşdırma prinsipləri işlənib-hazırlanmamışdır. Nizami, Füzuli, Nəsimi və digər şəxsiyyətlər, onların yaradıcılıqları haqqında qələmə alınan monoqrafiyaları oxuyanda gülməyə bilmirsən. "525-ci qəzet" və "Xalq qəzeti"ndə təqdim edilən bu iki yazı həm də filoloji səviyyəsi etibarı ilə səciyyəvidir. Ancaq heyf ki, bu tipli yüksək professional səviyyədə yazılan məqalələri hər deyəndə oxuya və tapa bilmirsən. Çox təəssüf ki, bizdə filoloq formalaşmır, inkişaf etmir, təkmilləşmir, ancaq "yetişir"... İşığı zülmət qaranlığın hansısa künc-bucağında deyil, sadəcə həmişə olduğu yerdə aramaq lazımdır. Yəni bu tipli yazılara çox yer vermək gərəkdir.
Sonda dostuma böyük yaradıcılıq uğurları arzulayır və fikrimi yenə də Ruminin sözləriylə bitirmək istəyirəm:
DİVANƏLİK
Sənin məhəbbətin
Şərabla qanıma qarışanda
Ağlımı itirdim! Günüm gecəyə döndü.
Divanələr dörd bir yana qaçdılar!
O vaxtdan əllərim əsir,
İşim-gücüm lələk sındırmaqdır.
Kirpiklərini vəsf etmək istəyirəm,
Ancaq dəftər-kağızı qaralayıram!
“525-ci qəzet” 27 oktyabr 2007
800 illiyi qeyd olunan dahi şairin bəşəriyyətə ən mühüm mesajı tolerantlıq, anlaşma və birlikdir
1207-ci il sentyabrın 30-da o vaxtlar Xarəzmşahlar dövlətinin əsas şəhərlərindən biri, indi isə Əfqanıstanın şimalında kiçik yaşayış məntəqəsi olan Bəlxdə «alimlərin sultanı» ləqəbli Bəhaəddin Vələdin ailəsində dünyaya göz açmış Mövlana Cəlaləddin Ruminin (1207-1273) adı və fikirləri bu gün yer kürəsinin dörd bir guşəsində dillər əzbəridir. Müxtəlif araşdırma və sorğular onun təkcə mənsub olduğu regionda, xüsusən Türkiyə və İranda deyil, Avropa və Amerikada da ən çox oxunan, kitabları ən çox satılan müəlliflərdən biri, bəzi hallarda isə birincisi olduğunu göstərməkdədir. Ruminin şəxsiyyəti və düşüncələri çoxdan Şərq ədəbi-bədii və fəlsəfi fikir tarixinin faktı olmaqdan çıxaraq, ümumbəşəri mənəvi-əxlaqi dəyərlər xəzinəsinin ayrılmaz hissəsi olmuş, müxtəlif incəsənət növlərinin (musiqi, rəssamlıq, kalliqrafiya, tətbiqi sənətlər, kino və s.) mövzu və predmetinə çevrilmişdir. Bu gün onun əsərləri təkcə akademik qurumlarda, müxtəlif elmi mərkəzlərdə tədqiq olunmur, həm də dünyanın bir çox ölkələrində öz sıralarında Mövlana vurğunlarını birləşdirən Mövlana cəmiyyətlərində, Mövlana klublarında öyrənilir və təbliğ edilir. Bu qeyri-adi populyarlığın, bu misilsiz şöhrətin səbəbi, heç şübhəsiz, Mövlana yaradıcılığının müasirliyində, onun XIII yüzillikdə olduğu kimi XXI əsrdə də insanları düşündürən, narahat edən ən vacib suallara cavab verməsində, bəşəriyyətə yaşayış və birgəyaşayışın mükəmməl fəlsəfəsini təqdim etməsindədir.
Əksər orta əsr müəlliflərindən fərqli olaraq, Cəlaləddin Ruminin bioqrafiyası bəzən hətta ən xırda detallarına qədər məlumdur (bu bioqrafiyanın yeganə sirli-müəmmalı səhifəsi onun dahi Azərbaycan mütəfəkkiri Şəms Təbrizi ilə münasibətləri və bu görüşün onda yaratdığı təbəddülatdır). 7 yaşı olarkən, atası bir tərəfdən Xarəzmşahlar sarayında nüfuz sahibi olan məşhur ilahiyyatçı Fəxrəddin Razi (sonralar bu şəxsin tənqidi Mövlananın əsərlərində də yer alacaq) ilə münaqişə üzündən, digər tərəfdən də yaxınlaşan monqol hücumunu nəzərə alıb ailəsi və yaxın müridləri ilə Bəlxi tərk edir. Nişaburda onlar sufi poeziyasının nəhəng simalarından olan Fəridəddin Əttarla görüşürlər. Müdriklik çağlarını yaşayan Əttar öz «Əsrarnamə»sini Cəlaləddinə bağışlayaraq, böyük uzaqgörənliklə atasına deyir: «Çox keçməz, sənin bu oğlun dünyanın bütün aşiqlərinə od vurar». Nişaburdan Bağdada gedən, daha sonra Məkkə-Mədinə-Qüds-Dəməşq-Hələb-Malatya-Sivas-Qeysəriyyə marşrutu ilə Anadoluya gələn ailə 7 il Larəndədə yaşayır. Bundan sonra səlcuq hökmdarı Əlaəddin Keyqubad onları Konyaya dəvət edir. 1228-ci ildə atası ilə birgə Konyaya gələn Mövlana Hələbdə təhsil aldığı 2 il nəzərə alınmazsa, bütün ömrünü burada yaşayır. Onun Şəms Təbrizi ilə sonralar Qurandan götürülmüş ifadəylə «mərcül-bəhreyn» («iki dənizin qovuşması») adlandırılan tarixi görüşü də 1244-cü ildə məhz bu şəhərdə baş verir.
Amma Mövlananın tanınması və dərki baxımından daha mühümü, fikrimizcə, onun mənəvi bioqrafiyasıdır. Bu mənəvi bioqrafiyanı şairin özü məşhur bir beytində belə ifadə edib:
حاصل عمرم سه سخن بیش نیست خام بدم، پخته شدم، سوختم
Ömrümün xülasəsi üç sözdən artıq deyil:
Çiydim, bişdim, yandım.
Bu sözlər obrazlı şəkildə olsa da, həm Mövlananın mənəvi təkamülünü, həm də onun idrakının mərhələlərini dəqiq əks etdirir. Uşaqlıq və yeniyetməlik «çiyliyini» arxada qoyan Mövlana 37 yaşında dövrünün ən görkəmli din alimlərindən biri, çoxsaylı şagirdləri olan püxtələşmiş bir müdərris-müəllim idi. Lakin Şəms Təbrizi kimi nadir şəxsiyyətlə görüş onun dünyaya və özünə baxışında yeni üfüqlər açdı, onu elmin quru və mübahisələrlə dolu dünyasından eşqin şövq və cazibə ilə dolu aləminə daxil etdi (Füzulinin məşhur: «Eşq imiş hər nə var aləmdə, Elm bir qilü-qal imiş ancaq» beytini yada salaq), sufilərin terminologiyası ilə desək, «həqqül-yəqin» - Haqqa qovuşma mərhələsinə ucaltdı. Məhz bundan sonra Mövlananın nəhəng poetik istedadı üzə çıxdı, necə deyərlər, ilham bulağının gözü açıldı, o yanmağa (Şəmslə görüşünü o, yanan çırağın yanmayan çırağa toxunub getməsi kimi səciyyələndirmişdi) və öz odlu-atəşli qəzəlləri ilə başqalarını da yandırmağa, donuqluqdan, ölgünlükdən, qarşılıqlı soyuqluq və etimadsızlıqdan xilas etməyə, sevgiyə və birliyə çağırmağa başladı. Başqa sözlə, Mövlananın bu məqamı, Sədinin təbirincə desək, təkcə «öz çulunu sudan çıxarmaq», yəni fərdi nicat üçün deyildi, onun üzərinə birləşdirmək missiyası düşmüşdü və məhz buna görə də o, SÖZə üz tutdu, öz mənəvi təcrübəsini milyonlarla bölüşməkdən, onlara ruhu təmizləməyin yolunu göstərməkdən ötrü bitməz-tükənməz (özü belə deyir: Meşələr qələm, dəniz mürəkkəb olsa da, «Məsnəvi»nin sonu görünmür) «Məsnəvi»sini yaratdı.
Mövlana, əlbəttə, sufi şairdir. Onun orta əsrlərdə «farsca Quran» adlandırılan «Məsnəvi»si müasir tədqiqatçılar tərəfindən «sufi poeziyasının zirvəsi», «sufizmin ensiklopediyası» kimi qiymətləndirilir. Amma Mövlananı digər sufi ədib və mütəfəkkirlərdən fərqləndirən çox mühüm cəhətlər var və onun qeyd olunan populyarlığında bu cəhətlər mühüm rola malikdir. Bunlardan birincisi, Mövlananın dialektik düşüncə tərzidir. Mövlana öz böyük sələflərinə nə qədər hörmətlə yanaşıb onlardan faydalansa da, hədsiz qədrdanlıqla:
عطار روح بود و سنائی دو چشم او ما از پی سنائی و عطار آمدیم
Əttar ruh idi, Sənai onun iki gözü;
Biz Sənai və Əttarın ardınca gəldik
- söyləsə də, bu mükəmməl dialektika adı çəkilən şairlərin heç birinə xas deyil. Onu da deyək ki, dahi alman filosofu Hegel öz dialektik təlimini yaradarkən Rumidən bəhrələndiyini gizlətməmişdir. Mövlanaya görə, dünya əksliklərdən (ziddiyyətlərdən) ibarətdir, onlar arasında daim mübarizə gedir, amma onlar həm də ayrılmazdır, biri digəri vasitəsilə dərk olunur. Əksliklərin mübarizəsi həmahənglik, harmoniya əldə olunması üçündür:
زندگانی آشتی ضدّ هاست مرگ آن کاندر میانشان جنگ خاست
Həyat əksliklərin barışmasıdır;
Onlar arasında müharibə – ölüm deməkdir.
Üstəlik dünyada hər şey dəyişkən və nisbidir (məsələn, zəhər ilan üçün həyat, insan üçün ölümdür). Kainatda hər şey əbədi hərəkət və yeniləşmədədir:
عمر چون جوی نو نو میرسد مستمرّی می نماید در جسد
آن ز تیزی مستمرشکل آمده است چون شرر کش تیز جنبانی بدست
شاخ آتش را بجنبانی به ساز در نظر آتش نماید بس دراز
Ömür arxdakı su kimi hər an təzələnir,
Amma bədəndə daimi kimi görünür.
Əlində sürətlə oynatdığın məşəl kimi
Ömür də tez keçdiyindən daimi (durmuş) görünür.
Yanan budağı tez-tez tərpətsən,
Gözünə çox uzun alov görünər.
Bu isə yaradılış aktının arasıkəsilməzliyi, ilahi zühurun fasiləsizliyi deməkdir. Mövlana kainatın təkamülünün Şərq fəlsəfəsindəki «cisim-bitki-heyvan-insan-Allah» sxemini qəbul edir və bunu xüsusi olaraq vurğulayır ki, hər bir mərhələ əvvəlkinin inkarıdır, onun ölümü və unudulmasıdır. Bu ümumfəlsəfi müddəadan hər bir insanı düşündürən əsas məsələ – ölüm qorxusu və ölməzlik istəyi ilə bağlı çox mühüm bir nəticə çıxarılır:
از جمادی مردم و نامی شدم وز نما مردم به حیوان بر زدم
مردم از حیوانی و آدم شدم پس چه ترسم کی ز مردن کم شدم
Mən cansız cisim kimi ölüb bitki oldum,
Bitki kimi də ölüb heyvana çevrildim.
Heyvanlıqdan ölüb insan oldum,
Elə isə niyə qorxmalıyam, mən ölməkdən haçan əskilmişəm?!
Buna şübhə edənlərə isə deyir:
کدام دانه فرو رفت در زمین که نرست چرا به دانۀ انسانت این گمان باشد؟
Hansı toxum torpağa basdırılıb cücərmədi?
Sən niyə insan toxumu barədə belə [bəd] gümana düşürsən?!
Belə bir baxışın nəticəsi olaraq, əksər sufi şairlərdə gördüyümüz bədbinlik və ümidsizlik Mövlana yaradıcılığına yaddır. O, fatalist deyil, Tanrı iradəsini qəbul etsə də, insanın seçim haqqını, öz əməlləri üçün cavabdehliyini də tanıyır və bunu sadə bir misalla – insanın pis bir iş gördükdə utanması ilə əsaslandırır. Mövlana tərkidünyalığa da çağırmır, sadəcə dünyapərəstliyi rədd edir, dünyaya hədsiz bağlılığı kal meyvənin budaqdan bərk-bərk yapışmasına bənzədir, zahiri mənada bütlərə qarşı çıxanlara üz tutub:
مادر بت ها بت نفس شما ست زآنکه آن بت مار و این بت اژدها ست
Bütlərin anası sizin nəfsinizdir,
Çünki o büt ilan, bu büt isə əjdəhadır
- deyir. Dünyaya bağlılıq, nəfsin istəklərinə uymaq insanın əsl mahiyyəti olan ruhunu tutqunlaşdırır, onun «yağ kimi ayrandan ayrılmasına» imkan vermir. Ruhu paklaşdırmayanın isə həqiqətə yetişməsi mümkünsüzdür, halbuki mütləq həqiqətin dərki insanın özünüdərkindən keçir. Şəms Təbrizi «Söhbətlər»ində deyir:
همۀ عالم در یک کس است، چون خودرا دانست همه را دانست.
«Bütün aləm bir nəfərdədir, özünü tanıdısa, hamını tanıyar».
Həmin idrak nə qədər nisbi olsa da, insan bütün ömrü boyu buna can atmalıdır. Bu mənada «Allaha (mütləq həqiqətə – M.M.) aparan yollar məxluqatın sayı qədərdir» hədisinə əsaslanan Mövlana müxtəlif dini təlimlərin, məzhəb və təriqətlərin, ideoloji cərəyanların bu yöndəki mübarizə və iddialarını əbəs sayır, «haqq-batil» çəkişmələrini rədd edir. Bu təlimlər barədə «onlar nə haqdır, nə də batil» kimi orijinal bir fikir irəli sürür. Mövlanaya görə, həqiqət Günəş kimidir, onun bacalardan, pəncərələrdən düşərkən çoxalması, çoxluğuna dəlalət etmir. Həqiqəti dərkin başlıca vasitəsi eşqdir (ağıl, rasional idrak burada müəyyən mərhələyə qədər işə yarayır). Amma eşq təkcə idrak aləti deyil, həm də «Məsnəvi»nin elə ilk sətirlərində deyildiyi kimi, «bütün xəstəliklərin təbibidir». Beləliklə, Mövlana bütün sosial bəlaların, ictimai münaqişə, çəkişmə və anlaşılmazlıqların səbəbini eşqsizlikdə görür. Eşq – ürəyin dilidir. Bu dili bilməyənin başqasını anlaması (lap eyni dilin daşıyıcısı olsalar da) çətin məsələdir. Odur ki, Mövlana ürək birliyini dil və din birliyindən üstün tutur. Bu mənada «Məsnəvi»dəki kiçik bir hekayət çox ibrətamizdir: Küçə ilə gedən türk, fars, ərəb və yunana kimsə bir dirhəm pul verir. Fars bu pula «ənqur», ərəb «enəb», türk «üzüm», yunan isə «stafil» almağı təklif edir (bu sözlərin hamısı müvafiq dillərdə «üzüm» deməkdir – M.M.). Bir-birini anlamayan yoldaşların mübahisəsi davaya çevrilir və onlar bilmirlər ki, hamısı elə bir şey istəyir. Mövlanaya görə, bu halda münaqişəyə səbəb onların dillərinin müxtəlifliyi yox, bir-birinin ürəklərinin istəyini başa düşə bilməməsidir. (Yeri gəlmişkən, Mövlananın musiqiyə xüsusi əhəmiyyət verməsinin bir səbəbi də budur. Şair: «Rübabın dili eşq dilidir və bu dil türk, ərəb və yunan üçün birdir» - deyirdi). Kamil insan üçün isə bu problem sadəcə mövcud deyil. O, nəinki insanların, həm də quşların, heyvanların, ağacların, daşların... dilini bilir və başa düşür.
Mövlana bir şerində yazır:
چه تدبیر ای مسلمانان که من خودرا نمی دانم
نه ترسا نه یهودم من نه گبرم نه مسلمانم
نه شرقیّم نه غربیّم نه بریّم نه بحریّم
نه از کان طبیعیّم نه از افلاک گردانم
نه از هندم نه از چینم نه از بلغار و سقسینم
نه از ملک عراقینم نه از خاک خراسانم
دوئی از خود به در کردم یکی دیدم دو عالم را
یکی جویم یکی دانم یکی بینم یکی خوانم
Nə tədbir, ey müsəlmanlar, mən özümü tanımıram,
Nə xristianam, nə yəhudi, nə atəşpərəstəm, nə də müsəlman!
Nə şərqliyəm, nə də qərbli, nə qurudanam, nə də sudan.
Nə yerdəki mədəndənəm, nə də fırlanan göydən.
Nə Hindistandanam, nə də Çindən, nə Bolqardanam,
nə də Türküstandan.
Nə iki İraq mülkündənəm, nə də Xorasandan...
İkiliyi özümdən uzaqlaşdırdım, iki aləmi bir gördüm.
Birlik axtarıram, birliyi anlayıram, birlik görürəm, birlikdən danışıram!
Bəşəri birlik və anlaşmanın yəqin ki, bundan gözəl himni ola bilməz. Təəssüf ki, siyasi-ideoloji çəkişmələrlə, milli ədavət və etnik münaqişələrlə, irqi və dini ayrı-seçkiliklə, sosial bərabərsizlik və haqsızlıqlarla dolu olan dünyamız Mövlananın bu idealından hələ çox uzaqdır. Amma bu gün bütün bəşəriyyət nüfuzlu beynəlxalq təşkilatın bayrağı altında Mövlananın yubileyini qeyd edirsə, deməli, təsəlli var, bu idealın gerçəkləşəcəyinə ümid qalır. Mövlananın ruhunun şadlığı və əsl bayramı da məhz o zaman olacaq.
20-21 oktyabr 2007
«Ömür dedikləri...»
Həyatın müxtəlif mərhələlərində insanın özünə, başqalarına və bütövlükdə dünyaya münasibətində daimi dəyişiklik baş verir. Lakin insan yaşa dolduqca, dəyişən onun xarakteri (xasiyyəti) deyil, temperamentidir. Müxtəlif yaş dövrlərini birləşdirən cəhət budur ki, bütün həyatımız boyu bizim ixtiyarımızda yalnız İNDİ olur: fərqləndirən cəhət isə odur ki, əvvəldə bizim qarşımızda uzun bir GƏLƏCƏK, sonda isə arxamızda qısa bir KEÇMİŞ dayanır.
Uşaqlıq
Uşaqlıqda insan varlığı iradəyə deyil, idraka xidmət edir. Buna görə də sonralar uşaqlıq «itirilmiş cənnət» kimi xatırlanır. Əlaqələri məhdud, tələbatı az olan uşağın vücudu əsasən idraka yönəlmişdir: o, büsbütün yeni və təkrarsız görünən dünyada zehninə qida axtarır. Uşaqlıq – fasiləsiz poeziyadır: hər şey təzədir, təəssüratlar hələ sonsuz təkrar ucbatından kütləşməyib: uşaq marağı ayrı-ayrı görüntü və hadisələrdə həyatın mahiyyətini anlamaqla məşğuldur. Hər şey uşağa əbədi görünür, fərd bütövlükdə növü təmsil edir. Uşaqlıq dövrünün təcrübə və tanışlıqları bütün sonrakı idrak və təcrübə üçün tiplərə, rubrikalara, kateqoriyalara çevrilir. Beləcə, hələ uşaq ikən bizim dünyagörüşümüzün möhkəm əsası qoyulur, onun dayaz, yoxsa dərin olacağı müəyyənləşir.
Uşağın idrakı obyektiv və poetik mahiyyətdədir, əyani qavrayışa və seyrçi baxışa əsaslanır. Tərbiyə prosesində isə ona sırf abstraksiyalar – anlayışlar aşılanır. Lakin anlayışlar əsl mahiyyəti əks etdirmir – bizim idrakımızın həqiqi məzmunu məhz əyani qavrayışdan ibarətdir. Bu qavrayışı isə yalnız biz özümüz əldə edə bilərik, onu heç kəs bizə aşılaya bilməz. Odur ki, bizim mənəvi və intellektual dəyərimiz kənardan əxz olunmur, bizim varlığımızın dərinliklərindən doğur. Heç bir Pestalotsi anadangəlmə səfehi düşünən insana çevirə bilməz. Heç vaxt! Səfeh doğulubsa, səfeh də öləcəkdir...
Uşaqlıqda şeylər bizə əsasən zahiri görünüşü, obyektiv tərəfi baxımından məlum olur, onların subyektiv və dəhşətli tərəfi hələ qaranlıq qalır. Odur ki, bu tanışlıq bizdə sevinc doğurur: gerçəkliyin və sənətin qarşımızda canlandırdığı obrazları bizim cavan intellektimiz ülvi varlıqlar kimi qavrayır. Buna görə az sonra bizdə həqiqi həyat ehtirası baş qaldırır və bu ehtiras bizi daimi vurnuxma və qərarsızlığın qoynuna atır. Burada biz şeylərin o biri üzü ilə tanış oluruq və tədricən böyük ümidsizliyə qapılırıq – illüziyalar dövrü keçib getməyə başlayır. Beləliklə, uşaqlıqda həyat bizim uzaqdan baxdığımız teatr dekorasiyasına bənzəyir: qocalıqda isə həmin dekorasiya artıq düz gözümüzün qarşısında dayanır.
Gənclik, yetkinlik, qocalıq
Gənclikdə biz xoşbəxtlik dalınca qaçırıq və qəti şəkildə əminik ki, onu tapacağıq. Lakin bu ümidimiz daim puça çıxır və bizdə narazılıq doğurur. Gözlərimiz önündə müxtəlif, ixtiyari formalarda xoşbəxtliyin qeyri-müəyyən, ilğıma bənzər obrazları qaçışır və biz əbəs yerə onların real prototiplərini arayırıq. Beləliklə, ömrün birinci hissəsi xoşbəxtlik arzusu ilə, ikinci hissəsi isə bədbəxtlik qorxusu ilə səciyyələnir. Yaşlı adam artıq bu və ya digər dərəcədə hər cür xoşbəxtliyin illüziya, iztirabın isə gerçəklik olduğunu anlayır. Yetkin adamın dünyaya baxışı ilk növbədə, nəzərlərinin soyuqluğu ilə gəncinkindən fərqlənir: o, şeylərə çox sadə yanaşır və necə varsa, elə də qəbul edir. Gəncin qarşısında isə dünyanın həqiqi siması onun təxəyyülünun doğurduğu qəribə illüziyalarla çulğaşır, yaxud təhrif olunur. Ən yaxşı tərbiyə bu olardı ki, yeniyetmələri həmin illüziyalardan qoruyasan. Lakin bu, çox çətin bir məsələdir. Hər halda uşaqlara oxumağa romanlar yox, bioqrafiyalar vermək lazımdır.
Gənclikdə bizə elə gəlir ki, həyatımızda bütün mühüm, əlamətdar hadisə və şəxslər şeypur və təbil sədaları altında meydana çıxacaqlar. Qocalıqda isə geriyə baxıb görürük ki, onlar hay-küysüz, arxa qapıdan və hiss olunmadan bizə yaxınlaşmışlar.
Həyatı toxuma naxışa bənzətmək olar. Gənclikdə biz onun üzünü, qocalıqda isə astarını görürük. Astar o qədər də gözəl deyil, amma ibrətlidir, çünki sapların əlaqəsini görməyə imkan verir.
36 yaşa qədər biz həyati qüvvə (enerji) baxımından öz faizləri hesabına yaşayan adama bənzəyirik: bu gün xərclədiyimizin yeri sabah dolur. Həmin vaxtdan isə biz öz kapitalına toxunmağa başlayan rentaçıya oxşayırıq. Əvvəlcə bir şey hiss olunmur: məxaricin böyük hissəsi bərpa olunur, kiçik kəsir isə nəzərə çarpmır.
Lakin tədricən həmin kəsir böyüyür, sərvətimiz sürətlə azalır və ən pisi odur ki, bu vəziyyətin aradan qalxacağına ümid yoxdur. Beləcə biz tam müflisləşməyə doğru gedirik. Əgər bizim müqayisədəki hər iki ünsür, yəni həm həyat qüvvəsi, həm də əmlak eyni vaxtda tükənirsə, bu, çox kədərli bir vəziyyətdir. Ona görə insan yaşa dolduqca, onun mülkiyyətə sevgisi artır. Uşaqlıqda və gənclikdə isə biz həyati qüvvə baxımından faizlərindən kapitalına da bir şey əlavə edən şəxsə bənzəyirik: təkcə xərclər özlüyündə bərpa olunmur, hələ kapital da artır.
Hər bir insanın xarakteri, görünür, müəyyən yaş dövrünə uyğundur və məhz həmin yaşda yaxşı mənada seçilir. Bəziləri gözəl gənc olur və bununla hər şey bitir: başqaları güclü və işgüzar kişi olur, qocalanda isə bütün dəyərini itirir: bir çoxları isə qocalıqda özlərini daha yaxşı göstərirlər. Gənclikdə – intuisiya, qocalıqda – təfəkkür hakimdir. Ona görə birincisi – poeziya dövrü, ikinci isə fəlsəfə zamanıdır.
Şübhəsiz, ən çox enerji və zehni qüvvələrin ən yüksək gərginliyi gənclikdə, ən geci 35 yaşa qədər, müşahidə olunur. Bundan sonra tədrici zəifləmə gedir. Lakin yetkinlik dövrü intellektual sahədə kompensasiyasını alır. Bizim hər şeyi nəzərdən keçirməyə, götür-qoy etməyə vaxtımız olub, yalnız indi biz onların həqiqi əlaqəsini dərk edirik. İnsan öz müstəqil nəticələri, orijinal baxışları üçün materialı gənclikdə toplayır, lakin yalnız yaşlı vaxtında həmin materialın tam sahibinə çevrilir. Buna görə çox vaxt böyük şəxsiyyətlər öz şah əsərlərini 50 yaş ətrafında yaradırlar. İdrak ağacının kökləri gənclikdədir, meyvələri isə ağacın başında olur. Belə də deyə bilərik: ömrümüzün ilk qırx ili – mətn, sonrakı otuz ili isə həmin mətnə yazılmış şərhlərdir.
Xoşbəxt çağlar: gənclik, yoxsa qocalıq?
Adətən gəncliyi həyatın xoşbəxt çağları, qocalığı isə kədərli bir dövrü adlandırırlar. Əgər ehtiraslar xoşbəxtlik gətirsəydi, bu fikri düzgün saymaq olardı. Halbuki onlar gənci üzür, ona azacıq sevinc və bol-bol əzab verirlər. Qocalıqda isə ehtiraslar insanı rahat buraxır, idrak sərbəstlik və üstünlük qazanır. Hər hansı həzzin mənfi təbiətini və iztirabın müsbət səciyyəsini nəzərə almaq lazımdır ki, ehtirasların xoşbəxtlik gətirmədiyini anlayasan və bəzi həzzlərdən məhrumluğuna görə qocaya yazığın gəlməsin. Belə ki, hər bir həzz hansısa tələbatın ödənilməsidir: əgər qocalıqda bunların ikisi də – tələbat və həzz –aradan qalxırsa, təəssüflənməyə dəyməz.
Platon tamamilə haqlı olaraq, cinsi tələbatın aramsız istəklərindən qurtulduğuna görə qocalığı xoşbəxtlik çağı sayırdı. Hətta belə demək olar ki, cinsi tələbatın yandırdığı cürbəcür və saysız hisslər insanda müəyyən dərəcədə ağılsızlıq doğurur və yalnız onlar söndükdə, insan sözün tam mənasında ağıllı olur. O da şübhəsizdir ki, gəncliyə müəyyən menlanxoliya və kədər, qocalığa isə müəyyən şadlıq xasdır və bunun səbəbi ondadır ki, gənc göstərilən «iblisdən» tam asılılıqdadır, həmin «iblis» ona bir saat belə sərbəstlik vermir və əksər bəlaların birbaşa və ya dolayısı ilə səbəbkarı olur; qocanın şadlığı isə uzun zaman onu sıxan zəncirdən qurtulmuş və sərbəst hərəkət imkanı qazanmış şəxsin şadlığıdır.
Hər halda, gənclik – narahatlıqı dövrü, qocalıq – rahatlıq çağıdır: rahatsızlıq isə xoşbəxtlik ola bilməz. Gənc fantaziyasını bürümüş naməlum şeylərə ehtiras və acgözlüklə can atır və bununla da rahatlığını itirir. Qoca isə hər şeyin puç və fani olduğunu anlayıb və bilir ki, qarşısındakı fındıqları nə qədər qızıla tutsalar da, onların içi boşdur. Ona görə o hər şeyə soyuq nəzərlə baxır, heç nə onu qıcıqlandırmır: o, illüziya və xəyallardan uzaqlaşmış, şeylərin həqiqi mahiyyətini dərk etmiş, bütün dünyəvi varlıqların cılızlığını anlamışdır. Onun nəzərində artıq insanların böyük və kiçik, yüksək və alçaq saydıqları şeylərin fərqi yoxdur. O, sakit bir halda dünyanın yalançı uğurlarını təbəssümlə seyr edir. Bu da istənilən, hətta ən adi qocaya belə müdriklik bəxş edir və onu gənclərdən fərqləndirir. Ən başlıcası isə bu, daxili rahatlıq, ruhi müvazinət doğurur ki, xoşbəxtliyin zəruri şərti və mahiyyəti elə bundan ibarətdir.
Evtanaziya, yaxud təbii ölüm
Çox vaxt xəstəliyi qocaların nəsibi sayırlar, lakin əgər insana tam qocalana qədər yaşamaq qisməti yazılıbsa, xəstəlik onun zəruri atributu deyil. Bəs onda tam qocalıq nə deməkdir.? Başqa sözlə, insan ömrü nə qədər olmalıdır?
Əslində insan həyatını nə uzun, nə də qısa saymaq lazımdır, axı o bizdən ötrü bütün digər zamanları qiymətləndirmək meyarıdır. Upanişadlarda ömrün təbii uzunluğu kimi 100 il göstərilir. Bu, düzgün fikirdir, belə ki, müşahidələrə əsasən, 90 yaşı adlamış adamlar evtanaziya qazanırlar, yəni heç bir xəstəlik, təlaş, xırıltı, titrəmə olmadan, hətta rəngi belə qaçmadan, çox vaxt oturduqları yerdə, özü də yeməkdən sonra ölürlər. Demək olar ki, onlar ölmürlər, sadəcə olaraq, ömürləri bitir..
İstənilən daha erkən yaşda insanlar əsasən xəstəlikdən ölürlər, başqa sözlə vaxtsız vəfat edirlər. Əhdi-ətiqdə insan ömrünün müddəti 70, ən çoxu 80 il göstərilir. Herodot da belə yazır. Lakin bu, düzgün deyil, yalnız gündəlik gerçəkliyin sadə və səthi qavrayışının nəticəsidir. Əgər ömrün təbii uzunluğu 70-80 il olsaydı, insanlar həmin yaşda qocalıqdan ölərdilər. Lakin belə deyil: onlar da daha cavan insanlar kimi xəstəlikdən ölürlər. Xəstəlik isə mahiyyətcə qeyri-normal bir şeydir, odur ki, belə ölüm təbii deyil. Yalnız 90-100 yaşlarında adamlar adətən qocalıqdan ölürlər: xəstəliksiz, ölümqabağı çırpıntısız, təlaşsız və xırıltısız, hətta rəngi belə qaçmadan. Bu da evtanaziya adlanır.
«Həyat nə, ölüm nə?»
Gənclikdə biz gümrah və nikbin halda dağa qalxırıq və dağın o biri tərəfindəki yamacda bizi gözləyən ölümü görmürük. Zirvəni aşdıqda isə yalnız adını eşitdiyimiz ölümü aşkar görməyə başlayırıq, nəticədə gümrahlığımız azalır, nikbinliyimiz üzümüzdə də əks olunan ciddiyyətlə əvəz olunur.
Gənclikdə bizə nə qədər desələr də, həyatı sonsuz sanır və vaxtın qədrini bilmirik. Yalnız qocalanda biz ömrün necə qısa olduğunu dərk edirik: gənclikdə bizə möhkəm və sabit görünən həyat ötəri, müvəqqəti hadisələrin növbələşməsinə çevrilir – biz hər şeyin boşluğunu anlayırıq.
Hər halda gəncliklə qocalığın başlıca fərqi ondadır ki, gəncin qarşısında həyat, qocanın önündə ölüm dayanır, gənclik – qısa keçmişə və uzun gələcəyə malikdir, qocalıq isə əksinə. Qocalıq dövrü dramın beşinci pərdəsinə bənzəyir: faciəvi sonluğun yaxınlaşdığı məlumdur, lakin onun necə olacağı hələ bilinmir. Doğrudan da, insan qocalanda qarşısında yalnız ölum dayanır, gənc olanda isə – həyat və bunlardan hansının daha dəhşətli olması hələ sual altındadır: bəlkə həyat elə şeydir ki, onun arxada qalması qarşıda dayanmasından yaxşıdır?! Axı hələ Ekkleziast deyirdi: «Ölüm günü doğum günündən yaxşıdır». Hər halda uzun ömür arzusu çox cəsarətli arzudur...
Davamı
Azərbaycan oxucusu «Sultan Səncər və qarı» əhvalatı ilə yaxşı tanışdır. Böyük Nizaminin «Sirlər xəzinəsi»nə daxil olan bu hekayətdə Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) dövründə baş verən haqsızlıqlar və məmur özbaşınalığı sadə bir qarının dilindən bəyan edilmişdir. Müəyyən tarixi gerçəkliklərə əsaslanan həmin əhvalat, şübhəsiz, Nizaminin bədii təxəyüllünün məhsuludur. Lakin tarixdə buna bənzər real bir hadisə baş vermişdir, sadəcə ölkədə baş alıb gedən zülm və ədalətsizlikləri Sultan Səncərin üzünə deyən şəxs adi bir qarı deyil, dahi müsəlman mütəfəkkiri İmam Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzzali (1058-1111) olmuşdur.
İslamı müxtəlif bidətçi təmayüllərdən və ifratçı cərəyanardan (xüsusən, ismaililərdən) müdafiə etmək sahəsində göstərdiyi xidmətlərinə görə «Hüccətül-islam» («İslamın dəlili») ləqəbi almış Qəzzali, nə qədər qəribə olsa da, istər sağlığında, istərsə də ölümündən sonra təkcə mübarizə apardığı ideya axınlarının nümayəndələri tərəfindən deyil, həm də ortodoksal mövqedə dayanan, «təmiz» islamın keşiyində durduğunu iddia edən qruplar və şəxslər tərəfindən çeşidli ittihamlara və hücumlara məruz qalmışdır. Onun Sultan Səncərlə tarixi görüşü də məhz bu ittihamlar sonucunda baş vermişdir.
Qəzzaliyə qarşı irəli sürülən cürbəcür, bəzən hətta cəfəng ittihamlar, təbii ki, ilk növbədə onun baxışlarındakı heyrətamiz genişliyin düzgün anlaşılmamasının nəticəsi idi. Böyük mütəfəkkir özü də yazılarında müasirlərinin onun sözlərini dərk etmək səviyyəsində olmadıqlarından dönə-dönə gileylənir. Hətta İbn Rüşd (1126-1198) kimi ciddi bir filosof da Qəzzalini tənqid edərkən yazırdı: «Belə görünür ki, o, (Qəzzali – M.M.), əş’ərilərlə əş’əridir, sufilərlə sufidir, filosoflarla da filosofdur».
Bu ittihamlar içərisində biri Qəzzalini xüsusilə narahat edirdi, çünki o, təkcə dini və nəzəri deyil, həm də siyasi xarakter daşıyırdı. Söhbət onun sünniliyin hənəfi məzhəbinin banisi İmam Əbu Hənifəni (699-767) guya tənqid etməsi və onunla razılaşmaması barədə ittihamdan gedir, hərçənd Qəzzali imamlardan heç birinə təqlid etmədiyini açıq-aşkar bəyan edirdi (burada sünniliyin dörd əsas məzhəbinin banisi olan imamlar nəzərdə tutulur). Məsələ burasındadır ki, Səlcuq hökmdarları sünniliyin məhz bu məzhəbinə mənsub idilər və hənəfilik əslində Səlcuq imperiyasının rəsmi məzhəbi sayılırdı. Qəzzali isə həmyerlisi və hamisi Nizamülmülk (1017-1092) kimi şafei məzhəbinin tərəfdarı idi. İlk Səlcuq hökmdarlarının, daha doğrusu, Toğrul bəyin (1040-1063) və Alp Arslanın (1063-1072) dövründə nəinki batinilər, hətta digər sünni məzhəblərinin tərəfdarları da bidətçi sayılırdılar. Tarixi mənbələr bu zəmində çoxsaylı münaqişələrin, hətta qanlı toqquşmaların olduğu barədə məlumat verirlər. Qəzzali özü də uşaqlıq və gənclik illərində Tusda, Curcanda və Nişaburda belə çəkişmələrin şahidi olmuşdu. Və gənc Qəzzalinin Nişaburda İmam əl-Hərəmeyndən (vəf. 1085) dərs aldığı zaman ustadının fikirlərinin təsiri altında yazdığı «Əl-Mənxul min təliq əl-üsul» adlı əsəri onun da Əbu Hənifənin və hənəfiliyin əleyhdarı olması barədə ittihama tuş gəlməsinə səbəb oldu. Maraqlıdır ki, bu ittiham Qəzzalini bütün ömrü boyu izlədi. Yalnız Nizamülmülk kimi güclü himayədarının olması, sultanın və xəlifənin yanındakı şəxsi nüfuzu bu ittihamın əməli tədbirlə nəticələnməsinin qarşısını alırdı. Hər halda ömrünün sonlarında zəhmli Sultan Səncərin hüzuruna çağırılmasında bu ittiham başlıca rol oynamışdı, baxmayaraq ki, Qəzzali bir çox başqa şeylərdə də günahlandırılırdı. Sultan Səncərin qarşısındakı çıxışında Qəzzalinin məhz həmin ittihamı rədd etməsi bu amilin hər iki tərəf üçün nə qədər əhəmiyyət kəsb etdiyinin üzərinə işıq salmaqdadır.
Bəllidir ki, Xacə Nizamülmülkün qətlindən üç il sonra Qəzzali Bağdad «Nizamiyyə»sindəki müdərrislik vəzifəsindən imtina edərək, xəlvətə çəkilmiş, guşənişin olub mənəvi axtarışlara dalmışdı. Bir müddət sonra məhz bu axtarışların nəticəsi olaraq, o öz dahiyanə əsərlərini yaratmışdı. Lakin Səlcuq imperiyasında vəziyyətin günbəgün mürəkkəbləşdiyi, ismaililərin tüğyan edib get-gedə azğınlaşdığı bir şəraitdə Qəzzali kimi fiquru istifadəsiz qoymaq yolverilməz idi. Odur ki, 1106-cı ildə Nizamülmülkün oğlu və Sultan Səncərin vəziri Fəxrülmülkün təkidli xahişi ilə Qəzzali yenidən müəllimlik fəaliyyətinə qayıtdı və Nişabur «Nizamiyyə»sində dərs deməyə başladı. Bu zaman Xorasanın idarəçiliyi Məlikşahın (1072-1092) oğlu Sultan Səncərin əlində idi (Səncər yalnız 1118-ci ildə bütün Səlcuq imperiyasının sultanı olmuşdu). Qəzzalinin yenidən canlı ünsiyyət vasitəsilə insanların qəlbinə və şüuruna təsir etmək imkanı əldə etdiyini görən əleyhdarları təşvişə düşdülər. Onun məhz bu dövrdə yazdığı «əl-Münqiz min əz-zəlal» və xüsusən «Mişkat əl-ənvar» adlı əsərləri təzə ittihamlar quraşdırmaq üçün bədxahların əlinə çoxlu bəhanələr verirdi. İşin tərsliyindən Qəzzalinin Nişabura gəlişindən heç üç ay keçməmiş, 1106-cı ilin aşura günü Fəxrülmülk bir ismaili tərəfindən qətlə yetirildi. Qəzzalinin hamisini itirdiyini görən Nişabur fəqihləri daha da fəallaşdılar. (Atasının yerinə vəzir vəzifəsinə təyin olunan Sədrəddin Məhəmməd ibn Fəxrülmülk ruhanilərlə və bölgənin nüfuzlu şəxsləri ilə münasibətlərini korlamamaq naminə Qəzzalini müdafiə etməyə meyl göstərmirdi). Onlar Qəzzalini gözdən salmaq kampaniyasında ən çirkin metodlara belə əl atmaqdan çəkinmirdilər. Məsələn, onlar Qəzzalinin yuxarıda adı çəkilən iki yeni əsərinə küfr xarakterli əlavə və dəyişikliklər edib icazə adı altında ona imzalatmaq istədilər. Lakin məsələdən duyuq düşən Qəzzali mətni yoxlayıb bədxahların hiyləsini pozdu. Bu saxtakarlığı həyata keçirən şəxs həbs edilib Nişaburdan sürgün olundu. Bu hadisədən sonra daha da azğınlaşan əleyhdarları Qəzzaliyə qarşı qəti mübarizəyə keçdilər və Sultan Səncərin yanına şikayətə gedib tədbir görülməsini tələb etdilər. Yenidən Qəzzalinin gənclik illərində yazdığı «Mənxul» əsəri yada salındı. Qəzzali hənəfilik əleyhinə çıxmaqdan əlavə daha nələrdə ittiham olunmurdu: küfr və dinsizlikdə, saxta hədislər və xəbərlər düzəltməkdə, ismaililərə və filosoflara rəğbət bəsləməkdə, atəşpərəstlikdə!.. Qəzəblənən Səncər müvafiq izahat üçün Qəzzalini hüzuruna çağırtdırdı. Bu hadisə 1109-cu ildə baş vermişdi. Həmin vaxt Sultan Səncərin düşərgəsi Tus yaxınlığında yerləşən Toruğ (indiki Toroq) adlı yerdə idi. Qəzzali də Nişaburdan Tusa doğru hərəkət etdi və İmam Rzanın şəhid olduğu yerdə – Məşhəddə dayandı. Buradan o, Sultan Səncərə bir məktub yazdı. Məktubda o, sultanların yanına getməməyi əhd etdiyini xatırladaraq, düşərgəyə gəlmək istəmədiyini bildirdi. Maraqlıdır ki, bu məktubda Qəzzali ona qarşı sürülən ittihamlara toxunmur, əksinə, Sultan Səncərin özünü və məmurlarını əhaliyə zülm etməkdə, xalqın dərisini soymaqda ittiham edir, onu ədalətli olmağa, dünyəvi hakimiyyətə və maddi sərvətə uymamağa, axirəti düşünməyə çağırır. Fikrimizcə, Qəzzalinin bu cəsarətli hərəkəti bu günün özündə də «ziyalı kimdir?», «ziyalının vəzifəsi nədir?» sualına cavab axtaranlar üçün gözəl bir nümunədir.
Qəzzalinin Məşhəddən göndərdiyi məktub Sultan Səncərin əhvalını dəyişdirdi. İndi o, Qəzzalini cəzalandırmaq yox, özünü görmək və sözünü dinləmək arzusunda idi. Odur ki, bir daha Qəzzalidən düşərgəyə gəlməyi təkidlə tələb etdi. Qəzzalinin «islam hökmdarı»nın əmrinə itaət göstərməkdən özgə çarəsi qalmadı. Düşərgədə böyük hörmətlə qarşılanan Qəzzali Sultan Səncərin hüzurunda - vəzir-vəkillərin, əmirlərin, fəqihlərin qarşısında parlaq bir nitq söylədi. Burada o, artıq deyildiyi kimi, ona qarşı irəli sürülən ittihamlardan yalnız birinə – Əbu Hənifə ilə bağlı ittihama qısaca cavab verdi. Çıxışının əsas hissəsini isə yenə əhalinin ağır vəziyyətinə, ədalət və insafa riayət etməyin zəruriliyinə, hökmdarın və məmurların Allah və xalq qarşısında məsuliyyət daşımasına həsr elədi. Başdan-ayağa nəsihətamiz ruhlu bu çıxış kifayət qədər kəskin və cəsarətli ahənginə baxmayaraq, Sultan Səncərə elə xoş gəldi ki, Tusa qayıdan kimi çıxışın mətnini yazıb ona göndərməyi Qəzzalidən xahiş etdi. Qəzzali hökmdarın bu xahişinə əməl etdi. Əvəzində Sultan Səncər də Qəzzalinin çıxışında səsləndirdiyi xahişi yerə salmadı və əvvəl razılaşmasa da, sonradan onu Nişabur və Tus mədrəsələrində dərs deməkdən azad etdi. Qəzzali ömrünün son çağlarını da guşənişinlikdə keçirdi və 1111-ci ildə doğma Tus şəhərində dünyasını dəyişdi. Onun Sultan Səncərlə görüşü isə ziyalı – hakimiyyət münasibətlərinin parlaq bir nümunəsi kimi tarixdə qaldı.
* * *
Aşağıda biz Qəzzalinin Məşhəddən Sultan Səncərə yazdığı məktubun və Sultanın hüzurunda etdiyi çıxışın mətninin fars dilindən tərcüməsini veririk. Qəzzalinin epistolyar irsi hələ orta əsrlərdə naməlum bir şəxs tərəfindən toplanaraq, «Fəzail əl-ənam min rəsail Hüccətül-islam» adı altında kitab halına salın¬mış¬dır. Hər iki mətn bu topluda vardır. Lakin biz yalnız Məş¬həddən yazılmış məktubu buradakı mətndən tərcümə etmişik. Qəzzalinin Sultan Səncərin hüzurunda etdiyi çıxışın başqa bir nüsxəsi isə hind alimi Əbu Məhfuz əl-Kərim Mə’sumi tərəfindən Kəlküttədəki Asiya Cəmiyyətinin kitabxanasında saxlanan bir münşəat məcmuəsində aşkar olunmuş və «İndo İranica» jurnalında (1973, № 4, s. 30-34) dərc edilmişdir. Sonralar həmin mətn Tehranda çıxan «Pəjuheşhaye - İranşenasi» məcmuəsinin XI cildində (Tehran, 1378, s. 31-35) təkrarən nəşr olunmuşdur. Mətnin bu nüsxəsinin daha mükəmməl olduğunu nəzərə alıb biz tərcüməni də həmin mətn əsasında etməyi məqsədəuyğun saydıq.
Məsiağa Məhəmmədi
QƏZZALİNİN SULTAN SƏNCƏRƏ MƏKTUBU
Bismillah ər-rəhman ər-rəhim!
Ulu Tanrı islam hökmdarına1 dünya hakimiyyətindən [doyunca] bəhrələnmək imkanı versin və axirətdə elə bir padşahlıq qismət eləsin ki, yer üzünün hökmranlığı ona xırda və əhəmiyyətsiz görünsün. [Əsas] məsələ axirətdəki padşahlıqdır, çünki yer üzü yalnız məşriqdən məğribə qədər [olan ərazini] əhatə edir və insanın dünyadakı ömrü əksər hallarda yüz ildən artıq olmur. Və Ulu Tanrının axirətdə bəxş etdiyi padşahlıqla müqayisədə bütün yer üzü bir kəsəkdir və yer üzünün cəmi vilayətləri və nemətləri o kəsəyi təşkil edən toz-torpaqdan başqa bir şey deyil. Elə isə kəsəyin və onun toz-torpağının nə qiyməti ola bilər, əbədiyyətlə və daimi padşahlıqla müqayisədə yüz ilin nə dəyəri var ki, ona sevinəsən?! Odur ki, uca bəxtin, qismətin və əsil-nəcabətin kimi səyini də yüksək elə və ulu Tanrının verdiklərindən əbədi padşahlıqdan özgə bir şeyə qane olma! Buna [nail olmaq] bütün insanlar üçün çətindir, amma Şərq hökmdarı üçün asandır. Belə ki, Peyğəmbərin -səlləlahu əleyh və alihi və səlləm – buyurduğuna görə, adil hökmdarın bir günlük ədaləti altmış illik ibadətdən üstündür. Əgər müqəddəs və ulu Tanrı sənə başqalarının altmış ildə nail olduqlarını bir gündə əldə etmək aləti və vasitəsi veribsə, bundan böyük xoşbəxtlik və səadət ola bilərmi?! Dünyanın halını olduğu kimi bil ki, sənin gözündən düşsün. Böyüklər demişlər ki, əgər dünya qalmayan qızıl kuzə, axirət isə qalan saxsı kuzə olsaydı belə, ağıllı şəxs əbədi saxsı kuzəni fani qızıl kuzədən üstün tutardı. Amma iş orasındadır ki, dünya - fani saxsı kuzə, axirət isə əbədi qızıl kuzədir. [Belə olan halda] dünyanı axirətdən üstün tutan kəsi necə ağıllı saymaq olar?! Qoy [hökmdar] bu məsəli yaxşıca anlasın, [onun üzərində] düşünsün və həmişə gözü önündə saxlasın!
Amma bu gün iş o həddə çatıb ki, bir saatlıq ədalət yüz illik ibadətə bərabərdir. Tus əhalisinə rəhm elə, çünki onlar çox zülm çəkiblər. Taxıl soyuqdan və susuzluqdan xarab və məhv olub, yüz illik ağaclar kökündən quruyub. Kəndlilərin bir kürkdən və bir ovuc ac-yalavac ailədən başqa heç nələri qalmayıb. Əgər [hökmdar] onların çiynindən kürklərinin də çəkilib [alınmasına] razılıq versə, qış vaxtı çılpaq halda övladları ilə təndirə girməli olacaqlar. Razı olma ki, onların dərisini soysunlar. Əgər [hökmdar] onlardan bir şey tələb etsə, hamısı qaçacaq və dağların arasında həlak olacaq. Bu [həqiqətən, onların] dərisini soymağa [bərabər] olar.
Bil ki, bu duaçının ömründən əlli üç il 2 keçib, onun qırx ilini [müxtəlif] elmlər dəryasında dalğıclıq edib və elə bir məqama yetişib ki, onun sözü zəmanə əhlinin əksəriyyətinin anlaya biləcəyi həddən [yüksəyə] qalxıb.
Mən ömrümün iyirmi ilini şəhid sultanın3 dövründə keçirmişəm. İsfahanda və Bağdadda ondan xoş münasibət görmüşəm,4 bir neçə dəfə sultan ilə əmir əl-mö’minin arasında böyük işlərlə əlaqədar elçi olmuşam.5 Mən dini elmlərə dair yetmişə yaxın kitab yazdım, sonra dünyanı olduğu kimi görüb hər şeyi atdım. Bir müddət Beytül-Müqəddəsdə və Məkkədə məskən saldım və İbrahim - Xəlilin – səlavatullahu əleyh - qəbri üstündə əhd elədim ki, daha heç bir sutlanın yanına getməyəcəyəm, sultanlardan heç nə almayacağam, mübahisə və təəssübkeşlik etməyəcəyəm.6 Artıq on iki ildir ki, bu əhdimə sadiq qalmışam. Əmir əl-mö’minin və digər sultanlar məni üzrlü sayıblar. İndi eşitdim ki, uca məclisdən hüzura gəlmək barədə göstəriş verilib. Fərmana əsasən [İmam] Rza – əleyhissalamın məşhədinə gəldim,7 amma Xəlilin [qəbri üstündə verdiyim] əhdi gözləməkdən ötrü düşərgəyə gəlmədim. Və bu məşhədin üstündə deyirəm ki, ey Peyğəmbərin övladı, havadarlıq elə, ulu Tanrı islam hökmdarını dünya mülkündə öz ata-babalarının səviyyəsindən də yüksəyə qaldırsın, axirət mülkündə isə həm hökmdar, həm də peyğəmbər olmuş Süleyman – əleyhissalamın məqamına çatdırsın! Və ona yardımçı ol ki, Xəlil – əleyhis¬salamın [qəbri üstündə verilmiş] əhdin hörmətini saxlasın, insanlardan üz döndərib qüdrətli Tanrıya üz tutan bir kəsin qəlbini pərişan etməsin!
Mən belə hesab etdim ki, uca məclisə bu cür yaxınlaşmaq şəxsən və cismən gəlməkdən daha yaxşı və daha məqbul olar. Çünki rəsmi işin bir faydası yoxdur, bu isə ulu Tanrıya yönəlmiş bir işdir. Əgər [hökmdar da] bunu bəyənərsə, əhsən ona! Yox, əgər bunun əksinə olarsa, onda mən əhdi pozmağın [məsuliyyətini] öz öhdəmə götürmürəm, çünki sultanın fərmanını yerinə yetirməyə məcburam. Gərəkdir ki, fərmana itaət göstərəm. Qoy ulu Tanrı o əzizin dilinə və ürəyinə o şeyləri salsın ki, sabah qiyamət vaxtı ondan xəcalət çəkməsin və bu gün ondan islamda zəiflik və uğursuzluq meydana gəlməsin. Vəssalam.
QƏZZALİNİN SULTAN SƏNCƏRİN HÜZURUNDA ÇIXIŞI
İslam hökmdarı əbədi yaşasın! İslam alimlərinin adəti belədir ki, islam hökmdarlarının məclisinə gəldikdə, dörd şeyi ehtiva edən nitq söyləyərlər: dua, tərif, nəsihət və ehtiyac.
Amma duanı [hökmdar] olmadığı zaman demək və xəlvətdə oxumaq açıq-aşkar söyləməkdən üstündür. Belə ki, böyüklər demişlər: “Sakitcə deyilən dua səmimi olar və eşidilər”. Çünki aşkar deyilən şeyə yaltaqlıq və riyakarlıq qarışar. Riyakarlıq rənginə boyanmış söz isə Tanrı hüzuruna yaraşmaz. Və yaltaqlıq qarışmış nitq də hər şeyi eşidənin dərgahında qəbul olunmaz. “Bil ki, xalis din ancaq Allaha məxsusdur”8. Və bu məclisin tərifinə ona görə ehtiyac yoxdur ki, tərif deyən dil və mədh eləyən nitq onun ucalığını bütünlüklə ifadə edə bilməz. Necə ki, gözəllik hədsiz olduqda məşşatənin9 əli işsiz qalar. Günəşin ehtiyacı yoxdur ki, onun ucalığını və parlaqlığını barmaqla göstərsinlər. Şərəf və fəzilət kamillik həddində olanda, vəsf edənlərin bazarı pozular. Tərifin məqsədi – ucaltmaqdır. Dünyada uca və yüksək olan nə varsa, qullarından ən həqirində belə tapılan bir dərgahı necə ucaltmaq olar?! Yaxud meydanının eyvanı ən qiymətli gövhərlərlə və ən nadir incilərlə bəzənmiş bir sarayı necə zinətləndirmək olar?!
Amma nəsihət dinin vacib məqamlarından və islamın şərtlərindən biridir. Onun hökmü həzrət Mustafanın – ona salam və salavat olsun! – dilindən yazılmışdır: “Bilin ki, din bir nəsihətdir”. Və o, belə buyurmuşdur: “Ey seçilmiş ümmət və bəyənilmiş zümrə, mən Məhəmməd sizin aranızda iki nəsihətçi qoymuşam. Biri səssizdir, biri danışan. Səssiz olan ölümdür, danışan isə Qur’an». Elə isə, ey hökmdar, bəsirət gözü ilə bax, gör səssiz nəsihətçi sükut dili ilə nə deyir və danışan nəsihətçi söz dili ilə nə söyləyir! Səssiz ölüm belə deyir ki, ey bütün yaradılmışlar, bilin, mən sizdən ötrü pusquda dayanmışam! Mən pusqudan qəfil çıxıram və qabaqcadan heç bir elçi və qasid göndərmirəm. Əgər mənim əməlimin təzahürünü görmək istəyirsinizsə, bəsirət gözünüzü açın, ağıl qulaqlarınızı şəkləyin və bilin ki, mən sizinlə nə edəcəyimi hamınıza demişəm!
Padşahlar, keçmiş padşahlara baxın; əmirlər, əvvəlki əmirlərə və vəzirlər, özünüzdən qabaqkı vəzirlərə [nəzər salın]. Sultan Məlikşah, Alp Arslan və Toğrul10 - Allah onlara rəhmət eləsin! – hal dili ilə fəryad edirlər ki, ey hökmdar və gözümüzün nuru, amandır, amandır, əgər bizim nə vəziyyətdə olduğumuzu, necə qorxunc işlər və təhlükəli hadisələr gördüyümüzü bilsən, rəiyyətindən bircə nəfər belə ac olduğu halda, heç vaxt bir axşam da doyunca yeməzsən və nəinki kimdənsə xəzinə istəməz, hətta özündə olan xəzinəni də saxlamazsan!
Danışan nəsihətçi isə belə deyir: “Kim [dünyada] zərrə qədər yaxşı iş görübsə, onun [əvəzini] görəcəkdir. Kim zərrə qədər pis iş tutubsa, onun [cəzasını] görəcəkdir”.11 Nə istəyirsənsə, et, zərrə-zərrə onun əvəzini görəcəksən. Bu gün bu dünyanın tarlasında nə istəyirsənsə, ək, sabah onu dəstə-dəstə biçəcəksən. Bir xəbərdə deyilir ki, dünyanın bu iyirmi dörd saatlıq gecə-gündüzünü sabah məhşər vaxtı bəndəyə iyirmi dörd xəzinə şəklində təqdim edəcəklər. Bəndə əvvəl parlaq və nurlu bir xəzinə görəcək və bu da onun [Tanrıya] itaət və ibadət saatlarından ibarət olacaq; onun ürəyini elə bir sevinc bürüyəcək ki, behiştin səkkiz bağçası bunun müqabilində dəyərsiz görünəcək; çünki həmin xəzinə ona qüdrət sahibinin inayət, kəramət və razılığının müjdəsini verəcək. «Rəbləri onları öz mərhəməti və razılığı ilə müjdələyər».12 Sonra ona itaət gövhərlərindən və ibadət incilərindən xali, hər cür səadət və kəramətdən uzaq başqa bir xəzinə təqdim edəcəklər və bu da onun günah və xəta saatlarından ibarət olacaq; [o zaman] onun ürəyini elə qorxu və həyəcan bürüyəcək və canına elə dəhşət və titrəmə düşəcək ki, deyəcək: “Kaş məni heç yaratmayaydılar!”
Ey hökmdar, çoxlu qoşunlar yığmısan və saysız xəzinələr toplamısan, [heç olmasa] axirət üçün də bir qoşun və xəzinə düzəlt, qiyamət səhrası üçün ədalət və möminlikdən bir azuqə hazırla; cəhd elə ki, qiyamət məqamına layiq və axirət müddətinə uyğun azuqə və ehtiyat toplayasan. Belə ki, dünyanın müddəti sonlu və məhduddur, axirətdə qalmağın müddəti isə hüdudsuz. Əgər yeddi asimanın və yerin səthini darı ilə doldursalar və bir quşa ildə onun bir dənəsini götürməyi əmr etsələr, bütün o darı qurtardığı zaman həmən müddətdən heç nə azalmaz. Və elə bir kəs olmaz ki, onun cəhənnəmə yolu düşmə¬sin. «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın».13
Bir saatı min il bil və beləcə kiminsə cəhənnəmdən çıxması yeddi min ildən sonra baş verər. O da imanını qoruyub saxlamış kəs olar. Bu isə asan məsələ deyil. Bir xəbərdə deyilir ki, iman ağacı [Tanrıya] itaət arxından su içər, onun kökü ədalətdən və gövdəsi ulu Tanrının zikrindən uzanar, onun budağı sünnət və cəmaət havasında boy atar. Əgər müsəlmanlıq ağacı bu qayda ilə bəslənərsə, nicat meyvəsi verər. “İman gətirib yaxşı işlər görənlərin mənzili firdovs cənnətləri olacaqdır, onlar orada əbədi qalacaqlar…”14
Ey dövranın padhaşı, “la ilahə illəllah” kəlməsi daim dilində olsun və onu elə de ki, heç kəs eşitməsin. Ovda, məclisdə və təklikdə bir saat da bu zikrdən uzaqlaşma, qoy bu minvalla iman ağacı ürəyinin palçığında və canının torpağında kök salsın!
Şəriət sahibinin15 – ona salam və salavat olsun! – hökmü bu cümlədə əksini tapmışdır: “Siz hamınız çobansınız və hamınız sürüdən ötrü məsuliyyət daşıyırsınız”. Elə ki səni haqq-hesab meydanına apararlar, rəiyyətin işlərindən soruşub [deyərlər]: “Ey Məlikşahın oğlu, Biz aləmin qaymağı və kainatın xülasəsi olan “la ilahə illəllah, Məhəmməd rəsulallah” əhlini sənə tabe etdik, onların işlərinin cilovunu sənin əlinə verdik. Sənin tövləndə bir neçə baş at və qatır var idi, bütün səyini o əhəmiyyətsiz heyvanlara qulluq göstərməyə sərf etmişdin və harada daha yaşıl çəmənlik, daha şirin su və daha təmiz hava vardısa, onları orada otarırdın. Amma bizim seçilmiş bəndələrimizdən və bəyənilmiş aşiqlərimizdən bixəbər idin. Biz demişdik ki, Bizim yanımızda mömin bəndənin hörməti Kə’bənin hörmətindən çoxdur. Nə üçün onları heyvanlardan aşağı tuturdun?! Sənin atlarının və qatırlarının boynu-başı qızıl bəzəklərdən [az qala] sınırdı, amma sənin rəiyyətin olan Bizim seçilmiş bəndələrimiz sənin məmurlarının zülmündən yun cübbəni, saxsı kasanı və arpa çörəyini güc-bəla ilə tapırdılar”. Ey islam hökmdarı, bu suala nə cavab verəcəksən?!
Ömər ibn əl-Xəttab16 - Allah ondan razı olsun! – həyatını elə keçirmişdi ki, əgər bir yoxsulun keçisi qaranlıq gecədə itirdisə, ayaqyalın onu axtarmağa qaçırdı və deyirdi: “Əgər keçi vadinin içərisində itərsə və axtarılmazsa, mən qiyamət günü ondan ötrü məsuliyyət daşıyaram”.
Əshabələrdən biri ölümündən on iki il sonra onu yuxuda görmüşdü. O, yuyunub ağ libas geyinmişdi, sanki bir işi görüb qurtarmışdı. [Əshabə] soruşmuşdu: “Ya əmir əl-möminin, Allah-təala səninlə nə etdi?!” [Ömər] demişdi: “İndiyə qədər haqq-hesab əzabında və məzəmmət hədəfində idim. Nə böyük xətalarım varmış! Əgər Allah-təalanın kərəmi olmasaydı, Ömərin əzabı bitib-tükənməzdi”.
Ey islam hökmdarı, möminlərin halı belə olduğu təqdirdə, qafillərin və zalımların halı necə olar?! Bütün hökmdarlara və sultanlara verilən nəsihətin sözü uzun olar, islam hökmdarına [verilən nəsihət] isə qısa. Öz atanın xasiyyətini gözünün önündə saxla, babalarının davranışını öz əməllərinin aynasına çevir! Əgər sənə desələr ki, atan filan kənddən on dirhəm alırdı, sən on bir al [o zaman] de: “Artıq niyə almalıyam? Bunun yalnız iki səbəbi ola bilərdi: atam ya yaxşı ad qazanmaq istəyirmiş, ya da Allah-təaladan qorxurmuş. Mən isə həm yaxşı ad qazanmaq istəyirəm, həm də Allah-təaladan qorxuram”. Əgər sənə desələr ki, sənin vilayətinin filan yerində bir yəhudi yaşayır, onu oradan çıxart, [ o zaman] soruş: “Atamın vaxtında o harada yaşayırdı?” Əgər desələr ki, onun vilayətində, [onda] söylə: “Nəcabətli oğul şərəfli ata-babalarının yolu ilə gedər. Mən nə üçün atamın qoyduğu qaydadan dönməliyəm?” Kim xeyirxah atasının yolundan çıxarsa, onun üzünə ağ olmuş olar və [atanın üzünə] ağ olan behiştin ətrini duymaz. Kim səni [ata-babana] dönük çıxmağa dəvət edirsə, şübhəsiz, sənin düşmənindir.
Ey hökmdar, Allah-təalanın nemətinə şükr elə! Nemət isə dörd şeydən ibarətdir: doğru iman, pak etiqad, yaxşı xasiyyət və saleh əməl. Sonuncu sənin seçiminlə olur, qalan üçü isə Allah-təalanın hədiyyəsi kimi [verilir]. İndi ki, Allah-təala hədsiz səxavəti sayəsində o üç böyük hədiyyəni sənə bəxş edib, sən də yaxşı əməldən ibarət olan bu birini özündən əsirgəmə! Əgər o üç neməti dilinə gətirməsən, Allah-təalaya naşükürlük etmiş olarsan.
Ey ayaq üstə dayanan, xidmət meydanında və bəndəlik məqamında hazır duran xoşbəxt əmirlər! Əgər bu dünyadakı xoşbəxtliyi o dünyadakı səadətlə birləşdirmək istəyirsinizsə, gərək uğur qapısını uğursuzluq qapısından fərqləndirəsiniz. Bilin ki, sizin iki padşahınız var: biri Xorasan padşahı,17 biri də yerin və asimanın padşahı. Sabah qiyamət günü sizin hamınızı haqq-hesab meydanına çəkəcəklər və qüdrətli dərgahdan heybətli səs gələcək ki, mənim nemətimin əvəzini necə qaytarmısınız? Padşahların ürəyi Allahın xəzinəsi və ilahi əmanətin dəfinəsidir. O, bu su və torpaq aləmində hər şeyi – mərhəmət və qəzəbi, ədalət və zülmü, sıxıntı və rahatlığı, asanlıq və çətinliyi hökm¬dar¬ların ürəyi vasitəsi ilə meydana çıxarır. [Allah-təala] deyəcək ki, mən öz xəzinəmi siz əmirlərə tapşırdım və sizin dilinizi o xəzinənin açarı etdim; deyin görüm, mənim əmanətimi qorudunuz, yoxsa xəzinəmə xəyanət etdiniz? Və yəqin bilin ki, kim bir məzlumun halını hökmdardan gizlədirsə, bir müsəlmanın başına gələni məxfi saxlayırsa, Allah-təalanın xəzinəsinə xəyanət etmiş olur və sabah qiyamət günü xainlərlə bir cərgədə dayanacaq. Elə isə hamınız qulağınızı açın və bilin ki, [bu dünyadakı] məcazi uğur ötəri, qiyamətdəki xəcalət və peşmançılıq isə daimidir.
Gəlib [çatdıq] ehtiyacın ərz olunmasına. Bu biçarənin iki ehtiyacı var: biri ümumidir, digəri şəxsi. Ümumi ehtiyac odur ki, Tus əhalisi zülmdən və vacib olmayan vergilərdən ətrafa dağılışıb. Bu il quraqlıqdan taxıl məhv olub, ağaclar quruyub və hamı çarəsizlik həddində qalıb. Onlara rəhm elə ki, Allah-təala da sənə rəhm eləsin. Möminlərin beli və boynu bəla yükünü və möhnət ağırlığını çəkməkdən sındı. Sənin atlarının və itlərinin qulağı və boynu isə [az qala] qiymətli bəzəklərin [ağırlığından] sınır. Yerdə olana rəhm elə ki, səmada olan da sənə rəhm eləsin.
Şəxsi ehtiyacım odur ki, mən biçarə on iki il bir guşədə oturub insanlardan üz döndərmişdim. Fəxrülmülk18 məni vadar edib [dedi] ki, sən Nişabura getməlisən. Dedim ki, bu dövran mənim sözümə tab gətirmir. Belə ki, bu zəmanədə kim haqq sözü deyirsə, daş-divar onun əleyhinə qalxır. Dedi ki, islam hökmdarı ədalətlidir, mən də işimin çoxluğuna baxmayaraq, sənə yardım və kömək etməyə çalışaram.
Bu gün elə sözlər eşidirəm ki, əgər yuxuda görsəydim, deyərdim [bu], qarışıq bir yuxudur. Şübhə yoxdur ki, bu qərib biçarənin sözlərində çətinliklər çoxdur və hər kəsin ağlı onları dərk edə bilmir. Bu da sözlərin dolaşıqlığı və mənaların mürəkkəbliyi ilə bağlı deyil, əksinə, zəmanə əhlinin idrakının zəifliyinin və duyumunun kütlüyünün nəticəsidir. Mən dediyim bütün çətin və mürəkkəb məsələləri kimin qarşısında əmr olunsa, şərh etməyə hazıram və bu [mənim üçün] asan bir işdir.
Amma mənim [guya] İmam Əbu Hənifəyə19 – Allah ona rəhmət eləsin! – tənə etməyim barədə danışılan sözlərlə [heç cür] razılaşa bilmərəm. And olsun tələbkar, qabiliyyətli, hər şeyi bilən, əzəmətli və əbədi Allaha ki, ondan başqa Allah yoxdur – mənim əqidəmə görə, İmam Əbu Hənifə – Allah ona rəhmət eləsin! – fiqh mənalarının incəliklərində və halal-haram məsələlərində Mustafa20 - səlləllahu əleyh və səlləm! – ümməti içərisində ən dərin biliyə malikdir. Kim mənim fikrim və ya yazdıqlarım haqqında bundan özgə bir söz desə, yalan söyləmiş olar. Mənim məqsədim budur ki, bu bir kəlmə məlum olsun.
Ən başlıca şəxsi istəyim odur ki, məni Nişabur, Tus və digər yerlərin mədrəsələrində dərs deməkdən azad edəsiniz və mən bir guşəyə çəkilə bilim. Çünki bu zəmanə mənim sözümə tab gətirmir – insanlar mənə görə günaha batırlar, mən biçarə də onların dediklərindən inciyirəm. Və salam olsun doğru yolla gedənlərə!
İzahlar:
1. «İslam hökmdarı» və «Şərq hökmdarı» deyildikdə, Sultan Səncər nəzərdə tutulur.
2. Qəzzali hicri tarixi ilə 450-ci ildə anadan olub və məktubun yazıldığı 503-cü ildə həmin tarixlə 53 yaşı vardı.
3. Səlcuq hökmdarı Məlikşah (1072-1092) nəzərdə tutulur. İsmaililər tərəfindən zəhərlənib öldürüldüyü üçün belə adlandırılmışdır.
4. Qəzzali Nişaburda təhsilini başa vurduğu 1085-ci ildən Bağdad «Nizamiyyə»sinə getdiyi 1091-ci ilə qədər Məlikşahın düşərgəsində olmuşdur. Burada çox güman ki, Qəzzalinin Bağdada getməzdən öncə Sultanla birgə İsfahanda olmasına və Bağdada getdikdən sonra Sultanın da Bağdada gəlib bir neçə ay orada qaldığı dövrə işarə olunur.
5. «Əmir əl-mö’minin» dedikdə Bağdad xəlifəsi nəzərdə tutulur. Qəzzalinin elçilik missiyaları da onun Məlikşahın düşərgəsində olduğu dövrə təsadüf edir.
6. Burada 1095-1106-cı illər arasında Qəzzalinin yaşadığı ruhi təbəddülat və mənəvi axtarışlar dövründən söhbət gedir. Həmin müddətdə müəllimliyi tərk edən Qəzzali Həcc ziyarətində, Suriyada, Fələstində və Misirdə olmuşdur. İbrahim peyğəmbərin «Türbəti-Xəlil» adı ilə məşhur olan qəbri Qüdsün cənub-şərqində yerləşən bir kənddədir. Qəzzali orada 1095-ci ildə olmuşdu.
7. Şiələrin səkkizinci imamı Rza 818-ci ildə Tus yaxınlığındakı Sənabad kəndində öldürülmüş və orada dəfn olunmuşdu. Odur ki, həmin yer «məşhəd», yəni şəhidlik məkanı adı ilə tanınırdı. Məşhəd şəhəri də həmin kəndin yerində salınmışdır.
8. Qur’ani-Kərim. «Zumər» surəsi, 3-cü ayə.
9. Məşşatə - qadınları, o cümlədən gəlini bəzəyən şəxs.
10. Məlikşah (1072-1092), Alp Arslan (1063-1072) və Toğrul bəy (1040-1063) – Böyük Səlcuq sultanları, Sultan Səncərin atası, babası və ulu babası.
11. «Zəlzələ» surəsi, 7-8-ci ayələr.
12. «Tövbə» surəsi, 21-ci ayə
13. «Məryəm» surəsi, 71-ci ayə
14. «Kəhf» surəsi, 107-108-ci ayələr
15. Məhəmməd peyğəmbər nəzərdə tutulur.
16. Raşidi xəlifələrdən ikincisi Ömər bin əl-Xəttab (634-644).
17. Xorasan padşahı, yəni Sultan Səncər
18. Fəxrülmülk – məşhur vəzir Xacə Nizamülmülkün oğlu, Sultan Səncərin vəziri. 1106-cı ildə ismaililər tərəfindən öldürülüb.
19. İmam Əbu Hənifə (699-767) – hənəfi məzhəbinin banisi.
20. Mustafa, yəni Məhəmməd peyğəmbər.
Qaynaqlar:
1. Qur’ani-Kərim. Ərəb dilindən tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev, Bakı, 1992.
2. Abu Xamid al-Qazali. Voskreşenie nauk o vere. Perevod s arabskoqo, issledovanie i kommentariy V.V.Naumkina, M., 1980.
3. A.E.Krımskiy. Nizami i eqo sovremenniki. Baku, 1981.
4. İslam. Gnüiklopediçeskiy slovarğ. M., 1991.
5. Fəzail əl-ənam min rəsail Hüccətül-islam. Tehran, 1333.
6. Pəjuheşhaye-İranşenasi. Celde-yazdəhom. Tehran, 1378.
7. Cəlaləddin Hümayi. Qəzzalinamə. Tehran. 1336.
8. Əbdülhüseyn Zərrinkub. Fərar əz mədrese. Dər bareye-zendegi və əndişeye – Əbu Hamid Qəzzali, Tehran, 1364.
9. Əbdülhüseyn Zərrinkub. Costocu dər təsəvvofe-İran. Tehran, 1369.
10. İbn Rüşd. Fəsl əl-məqal fi mabeyn əl-hikmət vəş-şəriət.
Tərcomeye-Seyyid Cəfər Səccadi. Tehran, 1358.
Miladi tarixlə on birinci əsrdə (hicri beşinci əsrdə) İranda Ömər ibn İbrahim adlı bir nəfər dünyaya gəlir. O, gələcəkdə həşişilər (assasinlər) təriqətinin əsasını qoymuş Həsən ibn Səbbahla və sonralar Qafqazı fəth edən Alp Arslanın vəziri olmuş Nizam əl-Mülklə birlikdə Quranı və fiqhi öyrənir. Zarafatlamı, yoxsa ciddimi, dostlar sözləşirlər ki, onlardan hansı həyatda uğur qazansa, o birilərinə də əl tutacaq. İllər keçəndən sonra Nizam vəzir məqamına yüksəlir. Ömər ondan yalnız sakit bir guşə istəyir ki, dostunun işlərinin yaxşı getməsindən ötrü dua edə və rəqəmlər üzərində düşünə bilsin. (Həsən isə yüksək vəzifə istəyib buna nail olur, sonra da vəziri öz yolunun üstündən götürür). Nişapurun gəlirindən ildə on min dinar məvacib alan Ömər özünü bütünlüklə elmə həsr etmək imkanı qazanır.
O, astorlogiyaya inanmır, amma astronomiya ilə məşğul olur, sultanın himayəsi altında təqvim islahatında iştirak edir və cəbrə dair məşhur əsərini yazır – bu əsərdə bir və ikidərəcəli tənliklərin riyazi həlli və üçdərəcəli tənliyin konus kəsikləri vasitəsilə həndəsi həlli təklif olunur. Onun maraq dairəsi rəqəmlərin və ulduzların sirləri ilə məhdudlaşmır: o, şəxsi kitabxanasının bir küncündə oturub islam aləmində «Misirli Əflatun» və ya «Yunanıstanlı Mürşid» adlandırılan Plotinin traktatlarını və «Saflıq Qardaşları»nın bidət və mistika ilə dolu əllidən artıq risaləsini mütaliə edir – bu əsərlərdə sübut olunur ki, dünya Vahidin təcəllasıdır və gec-tez Vahidə qayıdacaqdır...
Kimi onu ayrıca əşyalardan kənarda ümumi məfhumların mövcud olmadığını iddia edən əl-Farabinin, kimi də dünyanın əbədiliyinə inanan İbn Sinanın davamçısı sayır. Bir mənbədə yazıldığına görə, o, ruhun insan bədənindən heyvanların bədəninə keçməsinə inanır – yaxud da elə göstərir ki, buna inanır – və hətta bir dəfə Pifaqor itlə danışdığı kimi, o da uzunqulaqla söhbət edir. O, azadfikirlidir, eyni zamanda Quranın ən çətin yerlərinin düzgün təfsirində çox mahirdir, çünki istənilən alim bir növ ilahiyyatçıdır və bunun üçün imana ehtiyac yoxdur.
Astronomiya, cəbr və ilahiyyatdan yorulub dincəldiyi zaman Ömər ibn İbrahim əl-Xəyyami birinci, ikinci və dördüncü misraları həmqafiyə olan rübailər yazır. Həmin rübailərin toplandığı ən kamil əlyazmada onların sayı beş yüzə yaxındır – bu isə məhsuldarlığa xüsusi əhəmiyyət verilən İranda (Lone və Kalderonun dövründə İspaniyada olduğu kimi) müəllif üçün əsl biabırçılıqdır.
Hicri beş yüz on yeddinci ildə Ömər «Şeylərin birliyi və çoxluğu haqqında» risaləni oxuduğu zaman özündə nasazlıq duyur və birdən nəsə hiss edir. O, ayağa durub bir daha görməyəcəyi səhifəni nişanlayır və üzünü Allaha tutur – o Allaha ki, hər halda mövcuddur və Ömər cəbrə dair əsərinin çətin yerlərində Ondan kömək diləmişdir. Elə həmin gün qürub çağı o, vəfat edir. Bu zaman müsəlman coğrafiyaçılarına bəlli olmayan şimal-qərbdəki bir adada isə norveçlilərin kralını darmadağın etmiş saksların kralını normanların hersoqu məğlubiyyətə uğradır.
Tərəqqi, tənəzzül və çevrilmələrlə dolu yeddi əsr keçir və İngiltərədə Fitscerald adlı bir nəfər dünyaya gəlir. Ola bilər ki, o, Ömər qədər ağıllı deyil, amma ondan xeyli həssas və qüssəlidir. Fitscerald əmindir ki, ədəbiyyat onun taleyidir. Odur ki, heç nəyi düşünmədən tam inadkarlıqla özünü ədəbiyyata həsr edir. Ən yaxşı kitablardan biri saydığı «Don Kixot»u dönə-dönə oxuyur (bu sıraya o, Şekspirin və «istəkli qoca» Vergilinin əsərlərini də daxil edir), eyni zamanda söz ehtiyatını zənginləşdirmək üçün lüğətlərə mehrini salır. O anlayır ki, qəlbində musiqi gəzdirən hər bir kəs ulduzların iltifat göstərdiyi təqdirdə, həyatı boyu on-on iki şeir yazmaq iqtidarındadır, lakin özü bu xırda imtiyazdan sui-istifadə etmək niyyətinə düşmür. Tanınmış adamlarla (Tennisonla, Karleyllə, Dikkenslə, Tekkereylə) dostluq edir və özünün bütün təvazökarlığına və mehribanlığına baxmayaraq, onlara qətiyyən qılıqlanmır. «Eufranor» adlı kifayət qədər ədəbli dialoqu, Kalderondan və böyük yunan faciənevislərindən babat tərcümələrini çap etdirir. İspancadan fars dilinə keçib quşlar haqqında «Məntiq ət-Teyr» adlı mistik poemanın tərcüməsinə girişir – bu əsərdə quşlar öz padşahları Simurğun axtarışına çıxırlar və yeddi vadini aşıb onun sarayına çatanda görürlər ki, onların ayrılıqda hər biri və bütövlükdə hamısı elə Simurğdur.
1854-cü ildə Ömərin əlifba sırası ilə düzülmüş rübailərindən ibarət bir əlyazma Fitsceraldın gözünə sataşır. O, rübailərdən bir neçəsini latın dilinə çevirir və birdən kəşf edir ki, onlardan öz daxili quruluşu və sübh, gül, bülbül obrazlarından tutmuş gecə və qəbir lövhələrinə qədər mövzuca inkişafı olan bütöv bir kitab yaratmaq olar. Fitscerald qayğısız və bildiyini eləyən tənha bir adam olaraq, özünün bütün həyatını bu qeyri-adi və inanılmaz niyyətin gerçəkləşməsinə həsr edir. 1859-cu ildə o, «Rübailər»in ilk tərcüməsini nəşr etdirir, bunun ardınca isə çoxlu variantlar və dəqiqləşdirmələrlə digər nəşrlər meydana çıxır. Və möcüzə baş verir: arabir şeirlə əylənən fars astronomu ilə İspaniyada və Şərqdə yaranmış kitablar arasında bəzən mənasız yerə eşələnən qəribə ingilisin təsadüfi görüşündən nə birinciyə, nə də ikinciyə bənzəyən heyrətamiz bir şair doğulur. Suinberi yazır ki, Fitscerald «Ömər Xəyyama İngiltərənin ən yaxşı şairləri sırasında əbədi bir yer qazandırmışdır». Bu ecazkar kitabın həm romantik, həm də klassik ruhunu dərindən duyan Çesterton isə qeyd edir ki, onda «musiqinin tutulmazlığı və yazının pozulmazlığı» birlikdə hiss olunur. Bəziləri Fitsceraldın «Rübailər»ini fars ünsürləri ilə bəzənmiş ingilis poeması sayırlar. Əslində Fitscerald Ömərin himayəsi altında yaratmış, onun dediklərini cilalamış, hətta bəzi şeyləri özündən uydurmuşdur, lakin necə olursa-olsun, «Rübailər» orta əsr farslarının gözü ilə oxunmağı tələb edir.
Burada metafizik səciyyəli ehtimallarsız ötüşmək olmur. Məlumdur ki, Ömər ruhun bir bədəndən digərinə keçməsi barədə platoniklərin və pifaqorçuların təliminə inanırdı. Bir neçə əsr ötəndən sonra onun öz ruhu İngiltərədə cismani təcəssümünü tapa bilərdi ki, latın dilinin təsirinə məruz qalmış uzaq german ləhcəsinin köməyilə Nişapurda riyaziyyatın əlindən aldığı ədəbi taleyini yaşasın. Leonlu İsaak Luriya deyirdi ki, ölmüş adamın ruhu təsəlli tapmayan qəlbə daxil olub onu ruhlandıra, yaxud istiqamətləndirə bilər. İstisna deyil ki, Ömərin ruhu 1857-ci ildə Fitsceraldın qəlbində özünə sığınacaq tapmışdır.
«Rübailər» dünya tarixinə Allahın qurduğu, məskunlaşdırdığı və seyr etdiyi bir səhnə kimi baxır. Elmi dildə panteizm adlanan bu təlim belə bir fikir doğurur ki, ingilis fars qiyafəsində dirçələ bilər, çünki onların hər ikisi mahiyyətcə həmin Allahdır, yaxud Allahın ötəri obrazıdır. Lakin daha doğru və heyrətamiz olanı budur ki, bizim fövqəltəbii barədə uydurmalarımızın yerində çox vaxt işlərin uğurlu gedişi dayanır. Buludlar bəzən dağ və ya şir forması alır, eyni ilə Edvard Fitsceraldın kədəri və Oksforddakı Bodlean kitabxanasının rəfində unudulub qalan çəhrayı hərfli saralmış vərəq xoşbəxtlikdən şeirə çevrilmişdir.
İstənilən vəhdət – sirdir. Bizim qəhrəmanların – ingilislə farsın birliyi isə çoxlarından daha müəmmalıdır. Tam müxtəlif insanlar kimi həyatda onlarınkı tutmaya da bilərdi, amma ölüm, taleyin oyunları və uzun əsrlər lazım oldu ki, onlardan biri digərini tanısın və ikisi birləşib bir şair olsun.
