Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)

İranda 1979-cu il inqilabı və Məhəmmədrza şah Pəhləvinin ibrətamiz aqibəti barədə ötən təqribən otuz il ərzində minlərlə əsər yazılıb. Özü də səltənətin süqutunu şərtləndirən amillər, bu prosesdə şahın şəxsiyyətinin, beynəlxalq güclərin, ayrı-ayrı insanların, qrup və partiyaların, sosial təbəqələrin rolu, ölkədə islam rejiminin qurulmasına gətirib çıxaran səbəblər təkcə elmi-politoloji araşdırmaların deyil, çoxsaylı xatirələrin, sənədli-bədii nəsr nümunələrinin mövzusu olub (bizdə yaranmış əsərlərə örnək olaraq, Söhrab Tahirin "Sonuncu şah" adlı iri həcmli romanını gösətərə bilərik). Bu sırada şahın özü də daxil olmaqla Pəhləvilər ailəsi üzvlərinin, şahın yaxın ətrafının, antişah düşərgəsi təmsilçilərinin memuarları hadisələrə müxtəlif yanaşmaları əks etdirmək baxımından xüsusi maraq doğurub. Onlardan biri də Fərəh Pəhləvinin anası (Məhəmmədrza şahın qaynanası) Fəridə Dibanın "Mənim qızım Fərəh" adlı xatirələridir. 1999-cu ildə Londonda ingilis dilində, ardınca Tehranda fars dilində çap olunan bu kitab müəllifinin şəxsiyyəti baxımından diqqəti çəkir. Cəmiyyətin kifayət qədər aşağı təbəqəsindən çıxmış, özünün dediyi kimi, taleyin gərdişi ilə ölkənin birinci xanımının anasına çevrilmiş Fəridə Diba (artıq dünyasını dəyişib) siyasi proseslərin bilavasitə iştirakçısı olmadığından hadisələrə bir çox cəhətdən fərqli baxış təqdim edir. Əlbəttə, "fərqli baxış" ifadəsi obyektiv və tərəfsiz baxış anlamında başa düşülməməlidir.
Tərcümə zamanı biz təhkiyənin qırılmasına yol verməmək şərtilə müəyyən parçaları ixtisar etmişik.

Birinci hissə

ŞAHLA TANIŞLIQ

1959-cu ilin bahar günlərindən birində qızım heyrət qarışıq hədsiz bir sevinclə (bu hala «coşqunluq» demək daha doğru olardı) evə gəlib dedi: «Anacan! Anacan! Şahın qızı məni evinə dəvət edib!»
Bir qədər həyəcanı keçəndən sonra şahın kürəkəni Ərdəşir Zahidi (Şahnaz xanımın əri) ilə görüşünün təfsilatını mənə nəql elədi. Dedi ki, o vaxtlar xaricdə oxuyan iranlı tələbələrin işləri üzrə idarənin rəisi olan Ərdəşir Zahidi ilə görüşmək üçün Xarici İşlər Nazirliyinə gedib və görüş zamanı Ərdəşir Zahidi xanımı Şahnazın adından onu öz evlərinə dəvət edib...

* * *
İcazə verin, bir qədər keçmişə qayıdıb Fərəhin Məhəmmədrza ilə tanışlığı və onların evlənməsi ilə nəticələnən hadisələri sizə nəql edim.
Mənim rəhmətlik ərim Söhrab Diba şah ordusunun zabiti idi. O, bir neçə mühüm hərbi-tarixi hadisənin bilavasitə iştirakçısı olmuşdu. O cümlədən, Azərbaycanda İsmayıl ağa Smitkonun qiyamını qeyd edə bilərəm ki, həmin hadisədə ərim hətta yaralanmışdı da.
1936-cı ildə ərim Gilandakı hərbi hissəyə keçirilmiş və orada xidmət etmək üçün Rəştə gəlmişdi. O vaxtlar mən yeniyetmə bir qız idim və ibtidai təhsilimi başa vurduqdan sonra sənət öyrənmək üçün Səkinə Şərəfinin Rəştin əsas meydanı olan Səbzəmeydanın şərqində yerləşən dərzixanasına gedirdim.
O illərdə az-az qızlara tam ibtidai təhsil almaq nəsib olurdu. Əlbəttə, Tehranda qızların hətta orta təhsil alması da mümkün idi. Orada bir neçə orta məktəb, o cümlədən, italyanların və fransızların qız məktəbləri fəaliyyət göstərirdi. Amma əyalətdə belə bir imkan yox idi. Bir çox əyalət mərkəzlərində və iri şəhərlərdə oğlanların orta təhsil almasına müəyyən şərait olsa da, qızlar hətta ibtidai təhsil almaq imkanından belə məhrum idilər.
Rəşt İranın tək-tük əsas şəhərlərindən idi ki, böyük ölkələrə gedən yolun üzərində yerləşdiyinə görə Avropa mədəniyyətinə qovuşmaq üçün daha geniş imkanlara malik idi və orada İranın digər şəhərlərinə nisbətən daha tez ibtidai və hətta orta qız məktəbləri açılmışdı. O vaxtın peşə məktəbləri də indiki kimi deyilidi. Yadımdadır ki, bir neçə Rusiya vətəndaşı Rəştdə balıqçılıq və elektrotexnika məktəbləri açmışdı. Şəhərin işığı da bir rusa məxsus olan elektrik stansiyasından gəlirdi.
Atam dünyasını çox tez dəyişmişdi və taleyin oyununa bax ki, bu cəhətdən mənimlə qızımın qisməti eyni olmuşdur.
Atam öləndən sonra qardaşım məni və anamı öz himayəsinə aldı. Qardaşım Məhəmmədəli məndən cəmi üç yaş böyük idi, bununla belə İkinci Dünya müharibəsinin getdiyi və iqtisadi böhranın tüğyan etdiyi bir şəraitdə kiçik yaşında bu cür böyük məsuliyyəti öz üzərinə götürmüşdü.
İnsanın dünyada hər şeyi olsa da, həyatın bütün nemətlərindən bəhrələnə bilsə də, əgər atasını, yaxud anasını itiribsə, həmişə bir çatışmazlıq hiss edir. Ata-anaya sonsuz sevgi və məhəbbət ondan irəli gəlir ki, insanı dünyaya gətirən onlardır və hər bir insan əslində onların varlığının davamıdır. Qız uşağı anası ilə daha çox ünsiyyətdə olduğuna görə ona möhkəm bağlanır, amma hissiyyatlı və emosional bir varlıq olduğundan atasına xüsusi məhəbbət bəsləyir.
Mən o yeniyetməlik çağlarımda atamı itirməklə elə bir mənəvi sarsıntıya düçar oldum ki, indiyədək mənimlədir. Və and içrəm ki, heç vaxt, hətta həyatımın ən xoşbəxt, ən bəxtəvər günlərində də atamın yoxluğunu unutmamışam.
Təəssüf ki, qızım da kiçik yaşlarında atasını itirdi və görünür, bu, taleyin qəribə işlərindən biri və bizim ailənin qaçılmaz qismətidir. Belə ki, anam da yetim böyümüşdü, yəni biz üç nəsil atamızı erkən itirmişik.
Atamdan sonra həyatımız ağırlaşdı. Nə qədər ki, atam sağ idi, dövranın çətinliyini bir elə hiss eləmirdik. Amma atam öləndən sonra həyat sərt üzünü bizə göstərməyə başladı. Mən on dörd yaşımda mərhum Səkinə Şərəfinin şagirdi oldum.
O vaxtlar Rəşt İranın azsaylı şəhərlərindən biri idi ki, bəzi xarici ölkələr orada konsulluq və ticarətxanalar açmışdılar. Pəhləvi limanı ölkənin başlıca limanlarından biri, iranlıların Avropaya gediş-gəliş yolu idi. Rza şah hakimiyyətə gəlməzdən qabaq «Ənzəli» adlanan Pəhləvi limanı İranın Avropaya açılan yeganə qapısı idi. Amma Rza şahın dövründə Fars körfəzi sahillərində təzə limanlar tikildi və yeni dəniz yolları açıldı. Rəşt və Ənzəlinin bir-birinə yaxınlığı, xarici kommersantların və dənizçilərin bu liman vasitəsilə Rəştə asanlıqla gəlməsi və Rəştin özündə xarici konsulluq və ticarətxanaların mövcudluğu onunla nəticələnmişdi ki, burada hər millətdən olan adama rast gəlmək olurdı. Əlbəttə, xaricilər içrisində ruslar, almanlar və ingilislər əksəriyyət təşkil edirdi.
Ruslar arasında bolşevik inqilabından sonra İrana gəlmiş çoxlu beloruslar da vardı. Həmin inqilabdan sonra erməni, azərbaycanlı və Qafqazın digər bölgələrindən olan çoxlu tacirlər ailələri ilə birlikdə İrana qaçıb Rəştdə, Ənzəlidə və İranın digər şəhərlərində məskən salmışdılar.
Bütün bu amillərə görə Rəşt və Ənzəlidə xüsusi iqtisadi və mədəni şərait yaranmışdı.
O vaxtlar İranda bugünkü mənada dərzixanalar və gözəllik salonları yox idi. Şəhərlərdə kişi paltarı tikən dərzixanalara arabir rast gəlmək olurdu, amma qadınlar paltarlarını daha çox özləri tikirdilər və hər hansı bir qızın ərə getməyə hazır olduğunu göstərən əlamətlərdən biri də bu idi ki, biçib-tikməyi bilsin və özünə paltar tikməyi bacarsın!
Şərəfi xanımın Rəştin Səbzəmeydan adlanan hissəsində yerləşən dərzixanası şəhərin ən yaxşı və məşhur dərzixanası sayılırdı. Aristokrat iranlı xanımlar, məsələn, diviziya komandanının, valinin xanımları onun daimi müştəriləri idi. Rəştdə və Ənzəlidə yaşayan əcnəbi xanımlar da özlərinə və qızlarına təzə paltar tikdirmək istəyəndə bu dərzixanaya müraciət edirdilər.
Şərəfi xanım müəyyən savada malik çox şəxsiyyətli bir qadın və eyni zamanda mahir bir sənətkar idi. O, qardaşımın cüzi gəlirinin bizim ailənin abırlı həyat sürməsinə kifayət etmədiyini duyub məni öz yanına apardı. O vaxtdan Şərəfi xanımın dərzixanası mənim üçün dərzilik sənətinə yiyələnmək məktəbinə və ailəmizin gündəlik dolanışığına kömək göstərməyimə imkan verən iş yerinə çevrildi.
1936-cı ilin sonlarında, artıq təcrübəli dərzi kimi yetişib babat gəlirim olduğu zamanda baş verən bir hadisə mənim həyatımın axarını dəyişdi.
Bizim evimiz Rəşt bazarının yaxınlığında yerləşirdi. Bir neçə həftə olardı ki, hər gün buradan işə gedərkən velosipedə minmiş cavan bir kişinin məni dərzixanaya qədər müşayiət etdiyini görürdüm. Nəhayət, bir gün bu velosipedçi yaxınlaşıb dedi ki, anası ilə birlikdə mənə elçi gəlmək istəyir.
Evlənəndən sonra məni bir neçə həftə təqib etməsinin səbəbini soruşdum. Cavab verdi ki, bu yolla mənim davranışımı və əlaqələrimi öyrənmək, ona etibarlı və layiqli bir xanım olacağıma əminlik hasil etmək istəyib.
Mən məsələni anama bildirməzdən qabaq Şərəfi xanıma açdım. Şərəfi xanım dedi ki, bu işi özü araşdırmalıdır. Və tapşırdı ki, əgər oğlanı bir də görsəm, onların evinə göndərim.
Şərəfi xanımın əri Hüseyn xan Şərəfi Rəştin girəcəyində orta bir mehmanxana və restoran sahibi idi.
Ertəsi gün velosipedçi pərəstişkarımın gəldiyini görüb ayaq saxladım, yanıma çatanda ona dedim ki, camaatın içində, özü də velosipedlə bir qızı təqib etmək yaxşı iş deyil və cürbəcür söz-söhbətə səbəb ola bilər; əgər sizin fikriniz ciddi və qətidirsə, onda işlədiyim dərzixananın müdirəsinin görüşünə getməlisiniz.
O razılaşdı və Şərəfi xanımın evinin ünvanını alıb getdi.
Bir neçə gündən sonra o, çox abırlı bir qadın olan rəhmətlik anasını da götürüb Şərəfi xanımgilə yollandı və bildirdi ki, ordunun zabitidir, sabit məvacib alır, təzəlikdə Tehrandan Rəştə keçirilib, indi ailə qurmaq istəyir, Rəştdə qohum-əqrəbası, dost-tanışı olmadığından özü məhəllədə bir neçə nəfəri gözaltı edib və onların içindən məni seçib. Bu seçimini belə izah etdi ki, bu qız yalnız evdən işə, işdən də evə gedir, yerişindən-duruşundan layiqli həyat yoldaşı olacağı bilinir.
Şərəfi xanım onun xidmət etdiyi yerin ünvanını, komandir və rəislərinin adlarını soruşub dərzixanasının müştərisi olan diviziya komandanının arvadı və eləcə də digər zabitlərin həyat yoldaşları vasitəsilə mənim gələcək ərim barədə müfəssəl araşdırma apardı və onun şəxsiyyətinə, düzlüyünə əmin olandan sonra görüşün təfsilatını və araşdırmasının nəticələrini mənə bildirdi. Və uzun-uzadı söhbətdən sonra fikrini belə yekunlaşdırdı ki, hər bir qız ərə gedib ailə qurmalıdır, ərə getmək şansı hər bir qızın qapısını yalnız bir dəfə döyür, əgər qapını onun üzünə açmadınsa, fürsət əldən çıxır və daha geri qayıtmır.
Beləliklə, mənim pərəstişkarımın etibarlı və dəyanətli bir şəxs olduğunu müəyyənləşdirən Şərəfi xanım özü qabağa düşüb rəsmi elçilik, nişan, nikah və toy mərasimlərini yola verdi. (Allah Şərəfi xanıma rəhmət eləsin. O, həqiqətən xeyirxah bir qadın idi və dərzixanada işlədiyi müddətdə əksər şagirdlərini bu cür ər evinə göndərib toylarını eləmişdi).
Revmatizm xəstəliyindən əziyyət çəkən və atamın vəfatından sonra ruh düşkünlüyü keçirən anam mənim həyatımda baş verən bu hadisədən sevincək olub sanki təzədən cana gəldi. Amma bu hal uzun sürmədi və o, yeganə övladımın (Fərəhin) dünyaya gəlişindən sonra bu fani aləmi tərk etdi.
1937-ci ilin yazında mən çox sadə bir toy məclisi ilə Söhrab Dibaya ərə getdim.
Söhrab Diba Təbrizin Şeşkəlan məhəlləsində doğulmuşdu, amma ata-anası Bakıdan gələn mühacirlərdən idi. Onun Əhməd adlı bir qardaşı da vardı ki, Tehranda işləyir və oxuyurdu. Sonralar o, Tehran universitetinə girib ali təhsil almağa da müvəffəq olmuşdu.
Taleyin qəribə işlərindən biri də budur ki, Fərəhin atası azərbaycanlı, qaynatası və qaynanası da Bakıdan gələn mühacirlərdən olmuşdur. Belə ki, sonralar onun ərə getdiyi Məhəmmədrzanın anası Tacülmüluk xanım Bakıdan mühacirət etmişdi və mərhum əlahəzrət Rza şahın atası da Bakıdan gələn mühacirlərdən idi.
Ərim son dərəcə mömin bir adam idi, namaz qılar, oruc tutar və dini vəzifələrini sözün tam mənasında yerinə yetirərdi. Onunla beş il yarımdan artıq çəkməyən birgə həyatımız ərzində mən əsl xoşbəxtliyin nə olduğunu hiss etdim. Atasını vaxtsız itirmiş bir qızın indi elə bir əri vardı ki, öz təmənnasız sevgisi ilə onun üçün atanın boş qalmış yerini də doldururdu.
Toyumuzdan təqribən bir il sonra ərim Rəştdən Azərbaycandakı birinci korpusa keçirildi və mən həyatımda ilk dəfə anamı və qardaşımı tərk edib ərim və qaynanamla birlikdə qürbətə getməyə məcbur oldum. Biz ərimin Təbrizdəki Şeşkəlan məhəlləsində yerləşən ata evinə gedib orada məskunlaşdıq. Təbrizə gəlişimizdən bir neçə ay sonra Fərəh anadan oldu.
Fərəhin dünyaya gəlişindən doğan sevinc uzun sürmədi, çünki bir müddət sonra qardaşım Məhəmmədəli bizim yanımıza – Təbrizə gəldi. Mən qardaşımın qara libasını görüb hiss etdim ki, o, təzəcə doğulmuş bacısı qızını görmək üçün gəlməyib, nə isə bəd bir xəbər gətirib.
Ehtimalım düz çıxdı. Anam o vaxtlar İranda ən geniş yayılmış xəstəlik olan vərəmə tutulduğu üçün dünyasını dəyişib bizi tək qoymuşdu. Ömrünün son günlərində anamın yanında olmadığım və bizim görüşümüz qiyamətə qaldığı üçün dərin təəssüf hissi keçirirdim və bu təəssüf hissi indiyədək mənimlədir.
Anamın vəfatı ilə əlaqədar geyindiyim yas libasını əynimdən çıxarmamışdım ki, canımdan artıq sevdiyim ərimi də itirdim. Xeyli vaxt idi ki, Söhrab qarın nahiyəsindəki ağrılardan şikayətlənirdi və sürətlə arıqlayırdı. Sən demə, yazıq mədə xərçənginə tutulubmuş, bizsə elə bilirdik ki, mədəsində xora var. Bir müddət İranın ucqar yerlərinə xas olduğu kimi onu cürbəcür məhlullar və dərman bitkiləri ilə müalicə etdik, müxtəlif dualar yazdırdıq, amma xeyri olmadı...
Ağrıları şiddətlənəndə Tehrana getməyi qərara aldıq. Tehranda Əmiriyyədəki hərbi hospitala müraciət etdik. Orada onun üzərində cərrahiyyə əməliyyatı keçirildi. Yalnız bundan sonra bildik ki, o, mədə xərçənginə tutulub. Bu uğursuz əməliyyatdan bir neçə gün keçdikdən sonra Söhrab vəfat etdi və məni azyaşlı qızımla bir yığın problemin əlində tək qoydu. Həmin vaxt qızım Fərəhin cəmi dörd yaşı vardı.
Ərim öləndən sonra Təbrizə qayıdıb bir müddət sinəsi dağlı qaynanamın yanında qaldım. Bu zaman qardaşım Tehrana getmiş və orda özü üçün uğurlu bir iş qurmuşdu. Mən qızımın məktəbə getməsini və yaxşı təhsil almasını çox istədiyimdən qardaşımdan xahiş etdim ki, Fərəhi öz himayəsinə götürsün. Məhəmmədəli məmnuniyyətlə mənim xahişimi qəbul etdi və Fərəhi Tehranda öz yanında saxladı. Mən isə yenidən Təbrizə qayıtdım və mahir dərzi olduğum üçün Şeşkəlan məhəlləsində ərimdən qalmış evdə bir dərzixana qurdum, qadınlara tikdiyim paltarlardan əldə etdiyim gəlirlə özümün və qoca qaynanamın yaşayışını təmin etməyə başladım.
Ərim sağ olanda hər ay Tehrandakı qardaşına müəyyən məbləğdə pul göndərirdi ki, onun yaşayışı və təhsilinə komək olsun. Ərimin vəfatından sonra mən çalışdım ki, bu kömək kəsilməsin və o gənc Tehranda dolanışıq sarıdan korluq çəkməsin.
Müttəfiq qüvvələrinin hücumu və İranın işğalı dövründə qaynanam da öldü və mən tək-tənha qaldım. Aydın məsələdir ki, qərib bir şəhərdə tək-tənha qalmış cavan dul qadının halı və günü necə ola bilər.
O vaxtlar Azərbaycan demokratların nəzarətində idi və onlar bolşeviklərin hökumətinə bənzər bir hökumət qurmaq istəyirdilər. Onların rəhbəri Seyid Cəfər Pişəvəri iki Azərbaycanın birləşməsini və sosialist dövlətinin qurulmasını istəyir və ədalətdən, insanların bərabərliyindən, sərvətlərin düzgün bölgüsündən danışırdı. Qısa müddətdə Pişəvəri hökuməti iri mülkədarların torpağını əllərindən alıb kəndlilər arasında bölüşdürdü. İri kapitalistlər ya bölgəni tərk etmiş, ya da qaçıb dağlarda gizlənmişdilər. İllərlə təhqir olunmuş insanlar indi Pişəvəri hökumətində xalq şuralarının üzvü olmuşdular, fəhlələr, kəndlilər və aşağı təbəqədən olan adamlar cəmiyyətin məsələlərini həll edirdilər, feodalların və tacirlərin fəaliyyəti üçün olduqca çətin şərait yaranmışdı. Əslində Azərbaycan İrandan ayrılmışdı və mərkəzi hökumət bu bölgəyə heç cür nəzarət edə bilmirdi. Pişəvərinin adamları İran Azərbaycanının ən ucqar nöqtələrində – Muğanda, Astarada, Makuda, Zəncanda, Əhərdə, Qəzvin ətrafında hakimiyyətdə idilər.
Bu qarışıqlıqda iri mülkədarlar və kapitalistlər sakit oturmamışdılar. Onlar ingilis və Amerika qüvvələrindən aldıqları silah-sursatla dəstələr düzəldir və demokratların qüvvələrinə həmlələr edirdilər. Bu macəra müttəfiq qüvvələrinin İrandan çıxarılmasına, sovet qoşunlarının geri çəkilməsinə və demokratların hökumətinin süqutuna qədər davam etdi.
Bu təhlükəli şəraitdə mən əri ölmüş cavan bir qadın kimi olduqca kimsəsiz və arxasız idim. Odur ki, varlı bir tacirin izdivac təklifini alanda, düşünmədən bu təklifi qəbul etdim.
Rəhim ağa İpəkçi Təbrizin tanınmış tacirlərindən biri idi. O, daxilən demokratları qəbul etməsə də, öz iqtisadi mövqeyini qoruyub saxlamaq üçün onlara qoşulmuşdu. Belə bir çeviklik sayəsində o, nəinki öz var-dövlətini hifz etmiş, həmçinin bu təhlükəli şəraitdə Rusiyadan və Azərbaycanla həmsərhəd olan digər ölkələrdən müxtəlif mallar idxal etməklə, sərvətini artıra da bilmişdi.
Rəhim ağa mənim üçün bir ev aldı və münasib həyat şəraiti təmin etdi. Mən onun əsas və müvəqqəti (siğə olunmuş) arvadlarını heç vaxt görməsəm də, tezliklə bildim ki, onun kəbinli arvadlarından başqa çoxlu siğə olunmuş arvadları var və məndən sonra da bir neçə arvadı siğə elətdirib. Hərdən bu barədə ona sual verəndə, etinasız şəkildə cavab verirdi ki, indiyədək bir təsbehin dənələrindən də çox sayda arvadı siğə etdirmişəm.
Rəhim İpəkçi çoxlu pulu olduğuna görə dünyanın hər yerindəki sərmayə sahibləri kimi özünü başqalarından üstün tuturdu və cəmiyyətin digər təbəqələrinə yuxarıdan aşağı baxırdı. Mənim İpəkçi ilə birgə həyatım iki ildən çox çəkmədi. İfrat şəhvətpərəstliyin onu alçaq bir heyvana çevirdiyini anladığım zaman ondan xahiş etdim ki, mənim siğəmi ləğv eləsin.
İpəkçi camaatın yoxsulluq və ehtiyacından sui-istifadə edirdi və yaşının əllini keçməsinə baxmayaraq, kiçik yaşlı qızları, hətta 9-10 yaşda olanları az məbləğdə pul ödəməklə, bəzən də müəyyən miqdarda ərzaq verməklə, ailələrindən alır və siğə etdirirdi. Əlbəttə, o, bu çirkin əməlləri barədə mənə heç nə demirdi və mən bu məsələləri qadınlara xas olan xüsusi maraq hissi sayəsində uzun illər İpəkçiyə məxsus evlərdə qulluq edən qoca xidmətçidən öyrənmişdim. Və bu «hacı»nın azyaşlı məsum qızlardan necə kam alması mənə bəlli olanda iki ayağımı bir başmağa dirəyib onunla siğəmi pozdum.
Şahidi olduğum bu çirkinlikdən sonra daha heç vaxt ərə getməyi ağlıma belə gətirmədim və Tehrana qardaşımın yanına köçdüm.
Mənim saysız problemlərlə çarpışdığım o çətin illərdə qardaşım Məhəmmədəli Tehranda çox çalışıb özünə normal həyat qurmuş və hətta evlənmişdi də. Onun bir oğlu da olmuşdu ki, adını Rza qoymuşdular. Rza Fərəhdən iki yaş kiçik idi. Dayıoğlu-bibiqızı bir evdə yaşadıqlarından bir-birinə öyrəşib çox mehriban olmuşdular və qonşular elə güman edirdilər ki, bu iki uşaq bacı-qardaşdır.
Qardaşım Tehranda bir yəzdli tacirin yanında işləyirdi və öz düzlüyü ilə onun etimadını qazana bilmişdi. Tədricən ticarətin, alış-verişin sirlərini öyrənmiş və elə həmin yəzdi tacirin köməyi ilə müstəqil işə başlamış, Allahın lütfü sayəsində uğur qazanmış, maliyyə vəziyyəti xeyli yaxşılaşmış və cəmiyyətdə layiqli yer tutmağa müvəffəq olmuşdu. Məhəmmədəli gündəlik işlərini görməklə bərabər, təhsilini də davam etdirmiş və orta məktəbi bitirib universitetə daxil olmuşdu ki, bu da hamı üçün gözlənilməz və inanılmaz bir iş idi.
Məhəmmədəlinin maliyyə və ictimai vəziyyətinin yaxşılıaşması mənim və qızımın taleyində də əhəmiyyətli rol oynadı. O, mehriban bir ata kimi mənə və Fərəhə qayğı göstərirdi və öz oğlunu o zaman Tehranın ən yaxşı məktəblərindən birinə oxumağa qoyanda, Fərəhin də adını həmin məktəbə yazdırdı ki, təhsil alsın.
Mən 9 yaşına qədər atasının ölümünü Fərəhdən gizlədirdim və hər dəfə atası barədə sual verəndə deyirdim ki, işi ilə əlaqədar başqa şəhərə gedib. Mənə elə gəlirdi ki, qızcığaz hələ atasının ölüm xəbərini eşitməyə və buna dözməyə hazır deyil. Doqquz yaşına çatanda Fərəh mənə dedi ki, atasının bir daha qayıtmayacağını bilir. Və əlavə etdi ki, mənim bəzən ağlamağımın və o, otağa daxil olanda söhbəti dəyişməyimin səbəbindən xəbərdardır. Mən gördüm ki, qızım daxilən çox şeyi duyur və artıq atasının ölümü barədə acı həqiqəti ona deməyin vaxtı çatıb.
Fərəh əvvəlcə qardaşım oğlu Rza ilə birlikdə italyanların məktəbinə gedirdi, amma ikinci il Məhəmmədəli Fərəhi fransız rahibələrin idarə etdiyi fransızdilli «Janna d`Ark» məktəbinə qoydu.
Mən qardaşıma yük olmamaq üçün dərzilik fəaliyyətimi davam etdirməyi qərara aldım və o vaxtlar Tehranın əsas və izdihamlı küçələrindən olan Şahabad küçəsindəki restoranın yaxınlığında yaxşı bir dərzixana təşkil etdim. Tehranın yüksək rütbəli məmurlarının xanımları üçün paltarlar tikirdim və pis qazanmırdım.
Fərəh ibtidai sinifdə oxuduğu dövrdə mən qardaşımın evində yaşayırdım, amma sonra Baharıstan ətrafında qardaşımın evinə yaxın bir yerdə özümə ev aldım.
Fərəh orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Tehran universitetinin tibb fakültəsinə daxil olmaq qərarına gəldi. Bu zaman artıq inşaat işlərində, yol, körpü və tunel tikintisi sahəsində fəaliyyət göstərən qardaşım Məhəmmədəli isə oğlu Rzanı təhsilini davam etdirmək üçün Fransaya göndərmək istəyirdi. Rza ilə Fərəh bir-birlərinə o qədər bağlanmışdılar ki, Rza Fransaya getməsi üçün Fərəhin onunla birgə olması şərtini irəli sürdü. O, açıq-aşkar bildirdi ki, yalnız Fərəhin də onunla gedəcəyi təqdirdə vətəni tərk edib qürbətə yollanmağa hazırdır. Fərəh də uşaqlıqdan bir yerdə böyüdüyü Rzanı əziz bir qardaş kimi sevdiyi üçün tibb fakültəsinə girməkdən imtina etdi və israr elədi ki, onu da Rza ilə bərabər Fransaya göndərək.
O vaxtlar xaricdə təhsil almaq yüksək rütbəli əyan-əşrəf balalarına nəsib olan bir xoşbəxtlik idi. Məhəmmədəli Rzanın Fransada yaşayıb oxuması xərclərini ödəmək imkanına malik olsa da, iki tələbənin xərcini çəkmək onun üçün çətin idi. Ona görə də birlikdə düşünüb-daşındıq və dəqiq hesablamalar aparıb bu nəticəyə gəldik ki, əgər mən dərzilikdən əldə etdiyim gəliri Fərəhə sərf etsəm və bir az da Məhəmmədəli kömək eləsə, Fərəhi də Rza ilə birlikdə Fransaya göndərə bilərik.
Mən xatirələrimin bu hissəsində bir çox mələblərə toxunmuram və kədər, ölüm, ayrılıqla dolu o illərin üstündən sürətlə keçirəm ki, həyatımın sevincli günlərinə və ilk növbədə qızımın Məhəmmədrza ilə izdivacına tez çatım. Bu, elə bir hadisə idi ki, təkcə mənimlə Fərəhin deyil, bütün Diba və Qütbi nəsillərinin həyatını kökündən dəyişdirdi...
Pasport alınması, Rza ilə Fərəhin Parisə yola salınması və onların memarlıq və layihələndirmə fakültəsində qeydiyata götürülməsi işlərini qardaşım yerinə yetirdi və beləliklə, uşaqların hər ikisi qürbət ölkəyə yollandı.
Məhəmmədəli hər ay 150 tümən Rzaya, 150 tümən də Fərəhə göndərirdi ki, bu da o zamanlar iri bir məbləğ idi. Əlbəttə, Fərəhin xərclərinin əsas hissəsini mən ödəyirdim. Sonralar Fərəhdən öyrənmişdim ki, göndərdiyimiz pullar onun Parisdə yaşaması və oxumasına çatmırmış və qızım bu çatışmazlığı aradan qaldırmaq üçün bizə bildirmədən fransız ailələrində dayəlik edirmiş.
Mən öz xatirələrimin bir qismini qələmə almaq fikrinə düşəndə qohumların və dostların çoxu mənə dedi ki, bu cür məsələlərin üstündən keçim. Onlar belə hesab edirlər ki, İranın birinci xanımının tələbəlik vaxtı fransız ailələrində dayəlik etməsini və ya yetimliklə çətin şəraitdə böyüməsini xatırlatmaq Qütbi və Pəhləvi nəsillərinin nüfuzuna xələl gətirər. Mən bu düşüncə tərzini qəbul etmirəm. Mənə elə gəlir ki, yetim və çətinlik çəkmiş bir qızın İranın birinci xanımı olması Allahın istəyi və taleyin hökmü ilə baş vermişdir. Mənim fikrimcə, kasıblıq və yoxsulluq günah deyil. Atanın ölümü və yetimlik də insanın əlində deyil, onun seçimi ilə baş vermir. Elə isə bu cür məsələlər öz ixtiyarımızda olmadığından bizim zəif nöqtələrimiz sayıla bilməz.
Rza şah da yetimliklə böyümüşdü – dünyaya gəlişindən bir neçə gün keçməmiş atasını itirmişdi. Anası Nuşafərin xanım öz doğma yurdunu tərk etmişdi və taleyin gərdişi elə gətirmişdi ki, Rza İran şahı olmuş, Kuruş və Dariyuşun taxtında oturmuşdu.
Biz bunu qəbul etməliyik ki, işlərin çoxu bizim istəyimiz və iradəmiz xaricindədir və bizim taleyimiz başqa bir yerdə yazılır...
Qızım hələ ibtidai sinifdə fransız müəllimələrdən dərs aldğından fransız dilini yaxşı bilirdi, sonralar Fransada yaşayıb təhsil aldığı üçün fransızların adət və davranışını mənimsəmişdi. Əgər Fərəhin qonur gözləri və qara saçları olmasaydı, çoxları onu bir fransız xanımından fərqləndirə bilməzdi.
Fərəh Parisdə Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirib memarlıq sahəsində mühəndis diplomu aldı. Memarlıq fakültəsinin tələbələri təhsil müddətində dizaynı da öyrənirdilər. Amma Fərəh dizaynerlikdən də irəi gedib əməlli-başlı rəssam olmuşdu və tələbəlik dövründə Parisdə onun əsərlərindən ibarət bir neçə sərgi keçirilmişdi.
Qardaşım oğlu Rza isə riyaziyyat sahəsində çox güclü idi və o da Paris Politexnik İnstitutunda təhsilini uğurla başa vurdu.
Fərəhin Parisdə olduğu bütün müddət ərzində biz yalnız məktub vasitəsilə əlaqə saxlayırdıq. Təkcə bir dəfə qardaşım Parisə gedib oğlu Rzanın və qızım Fərəhin həyat və təhsil şəraiti ilə tanış oldu və İrana qayıtdı.
O vaxtlar iranlı tələbələr daha çox Almaniyada və Fransada təhsil alırdılar.
1958-ci ilin əvvəllərində Fərəh mənə təmtəraqlı bir məktub yazıb bir iranlı gəncə ərə getməsinə icazə istədi. Məktubla birgə o mənə bir fotoşəkil də göndərmişdi ki, orada Fərəh Parisdəki yaxın dostları ilə əks olunmuşdu. Bu şəkil indi də məndədir. Şəkildəki şəxslərdən biri xanım Nahid Külhərdir ki, bir fransıza ərə getdi və daha İrana qayıtmadı. Başqa birisi Leyla Əmir Ərcümənddir ki, indi də Fərəhin yaxın rəfiqəsidir və onunla bacı kimidir. Kərim Paşa Bahaduri də bu şəkildə Fərəhin yanında dayanıb.
Mən Fərəhin məktubuna hələ cavab yazmamışdım ki, ondan daha bir şəkil aldım. Məhəmmədrza Parisə səfər edərkən iranlı tələbələrlə görüşmüşdü. Fərəh də bu şəkildə Parisdə təhsil alan iranlı tələbələr arasında idi.
Mən Fərəhə yazdım ki, evlənmək şəxsi bir işdir və bu barədə qərar qəbul etmək onun öz ixtiyarındadır, amma yaxşı olar ki, hər şeyi əməlli-başlı araşdırsın və hərtərəfli ölçüb-biçsin, hətta bununla əlaqədar Rza Qütbi ilə də məsləhətləşə bilər.
Qardaşım öz oğlu Rza ilə tez-tez məktublaşırdı və Fərəhin Parisdəki həyatı barədə daha çox məlumata malik idi, amma heç vaxt mənə deməmişdi ki, Fərəh Parisdə yaşadığı dövrdə siyasi fəaliyyətə cəlb olunub.
Sonralar başa düşdüm ki, qızım uşaqlıqda çəkdiyi əziyyətlərin təsiri ilə, həmçinin həssas, humanist və ədalətsevər xarakteri sayəsində Parisdəki iranlı tələbələr arasında fəaliyyət göstərən siyasi qruplara qoşulub. Fərəhin tələbə yoldaşlarından biri – Tudə partiyasının fəallarından olan Ənuşirəvan Rəis Firuz Fərəhi bu partiyaya təqdim etmiş və Fərəh də həmin partiyanın tələbə təşkilatının üzvü olmuşdu. Tudə partiyası 1953-cü ildə İranda qeyri-qanuni elan olunmuşdu və hökumət bu partiya ilə amansız mübarizə aparırdı.
O vaxtlar xaricdəki iranlı tələbələrin məsələləri ilə Xarici İşlər Nazirliyi məşğul olurdu və tələbələrə valyuta göndərilməsi də bu nazirlik vasitəsilə həyata keçirilirdi. Fərəhin Parisdə oxuduğu ilk iki ildə biz heç bir problemlə üzləşmirdik. Lazımi məbləğdə pulu hazırlayıb Xarici İşlər Nazirliyində valyutaya çevirir və hər ay ona 150 tümənə bərabər Fransa frankı göndərirdik. Amma üçüncü ildən etibarən o, pulun çatmaması və ya gec çatması ilə bağlı şikayətlənməyə başladı. Bu səbəbdən mən və qardaşım dəfələrlə Xarici İşlər Nazirliyinə müraciət edirdik və orada çoxlu suallar və xəbərdarlıqlarla qarşılaşırdıq.
O illərdə Tudə partiyası gənclər arasında ən populyar siyasi təşkilat idi. Gənclər cavanlıq ruhunun və dövrün özünəməxsus atmosferinin təsiri altında ədalət və bərabərlik ideyalarına güclü meyl göstərirdilər. Tudə partiyası cazibədar şüarlar irəli sürür və İranın geriliyindən, mülkədar-rəiyyət sistemindən və bir çox digər məsələlərdən narazı olan gəncləri özünə tərəf çəkirdi. Fərəh də bu baxımdan istisna deyildi.
Parisdə Fərəhin Kərim Paşa Bahaduri ilə izdivacı məsələsi ortaya çıxanda Rza buna etiraz etmiş və Fərəhə məsləhət görmüşdü ki, İrana gedib həm anasını görsün, həm də bu məsələni ailədə hərtərəfli müzakirə etdikdən sonra bir qərara gəlsin. Fərəh əvvəllər həmişəlik Parisdə qalmaq fikrində idi, hətta məktublarında irsrarla xahiş edirdi ki, mən də Parisə mühacirət edim, amma Rza Qütbinin təkidləri nəticəsində qəflətən İrana gəldi.
Fərəhin gəlişi bizim üçün çox gözlənilməz idi. Dörd il, hətta bir qədər də artıq olardı ki, mən yeganə övladımı görməmişdim. Bu görüş sanki mənə yeni ruh verdi. Birlikdə Rəştə qohumlarımızı görməyə getdik.
Leyla Əmir Ərcümənd də Fərəhlə birlikdə Tehrana gəlmişdi. Leyla Avropada dinini dəyişib katolik məzhəbini qəbul etmişdi. Mən Fərəhin də tamam dəyişdiyini hiss edirdim. Əlbəttə, «Janna d`Ark» məktəbində oxuyub təhsilini davam etdirmək üçün Fransaya gedən, bütün uşaqlıq, yeniyetməlik və gəncliyini fransız müəllimlərlə ünsiyyətdə keçirən bir qızın bu həddə Qərb, ilk növbədə Fransa tərbiyəsini götürməsi təəccüblü də deyildi.
Fərəh qız olsa da, hər dəfə ona baxanda istər-istəməz rəhmətlik ərim gözlərim önündə canlanırdı. Onun atasına oxşarlığı təsvirəgəlməz bir həddə id. Fərəhin hərəkətləri, danışıq tərzi və hətta səsi də ona atasından keçmişdi.
Fərəh iki aydan çox Tehranda qaldı. O xoş günlər çox sürətlə ötüb keçdi. Rza kommunist fəaliyyətinə görə İrana qayıtmağa cürət etmirdi, amma Fərəh, özünün dediyinə görə, İrana gələndə heç bir çətinliklə üzləşməmişdi. O, ağlına da gətirmirdi ki, Parisdə yaşayan iranlı tələbələrin konfederasiyası tərəfindən təşkil olunmuş nümayişlərdə bir neçə dəfə iştirakına görə adı İran hökumətinin müxalifləri siyahısına düşüb.
Biz Tehranda Fərəhin izdivacı məsələsində razılığa gəldik. Fərəh öz pərəstişkarını çox tərifləyirdi. Məlum oldu ki, onlar Fərəhin Parisə gəldiyi ilk çağlarda tanış olublar və əksər vaxtlarını bir yerdə keçiriblər. Əlbəttə, İranın adətləri və dini qayda-qanunlarının tələb etdiyi kimi, Fərəhlə Kərim Paşanın dostluğu təmiz və adi səciyyə daşıyıb. Fərəh mənim razılığımı gördükdə, etiraf etdi ki, onlar dostlarının və Parisdəki iranlı tələbələrdən bir neçəsinin iştirak etdiyi xudmani bir məclisdə rəsmən nişanlandıqlarını elan ediblər.
Fərəhin Parisə qayıtmasına bir neçə gün qalmış birlikdə Tehran bazarına getdik ki, onun özü ilə aparması üçün müəyyən şeylər alaq. Yadımdadır ki, Baharıstan meydanında bir kömür samovarı aldıq. Aldığımız şeylər arasında bir Qaşqay kilimi də vardı.
Qərarımız belə oldu ki, Fərəh Parisə qayıdandan iki-üç ay sonra mən də Parisə gəlim və yeganə övladımın toyunda iştirak edim. Qardaşım Məhəmmədəli neçə müddət idi ki, oğlu Rzanı görmürdü və Rza da, dediyim kimi, İrana gələ bilmirdi. Buna görə Məhəmmədəli də bu şəraitdən istifadə edib söz verdi ki, mənimlə birlikdə Parisə gedəcək və bacısı qızının toyunda iştirak edəcək.
İnsan ömrü boyu qarşıdakı günlər, həftələr, aylar və illər üçün planlar qurur, xoş xəyallara dalır, özünü gözəl səhnələrdə təsəvvür edir, amma bilmir ki, tale onun həyatının bir neçə saniyə sonrası üçün nələr hazırlayıb. Mən hərdən tək qalanda özümün enişli-yoxuşlu bütün keçmişimi kino lenti kimi gözlərim önündən keçirirəm və bu nəticəyə gəlirəm ki, bizim dünyamızda naməlum qüvvələr var – biz onları görmür və hiss etmirik, amma bizim taleyimiz, həyatımız və ölümümüz əslində bu qüvvələr tərəfindən müəyyən olunur! Çox zaman adi bir təsadüf insanların həyatını nəzərdə tutduqlarından tam fərqli bir məcraya salır. Bəzən insan öz işinin nəticəsinə baxıb bu nəticəni doğuran keçmişə nəzər salanda, yəqin edir ki, neçə illər öncə baş vermiş və bu nəticəyə gətirib çıxarmış hadisə heç də gözlənilməz bir təsadüf olmayıb, əksinə, bizi əhatə edən həmin naməlum qüvvələr çox uzaq keçmişlərdən bizi bu məcraya salıb və istiqamətləndirib.
Qızım Fərəhin həyat tarixçəsi bunu təsdiqləyən ən parlaq nümunədir. Saysız çətinliklər və əziyyətlərlə böyüyən yetim bir qız elə həmin əzablı həyatın doğurduğu həssaslıq və ədalətsevərlik sayəsində xüsusi siyasi fəaliyyətə cəlb olunur və bu fəaliyyət onun hökumətlə toqquşmasına gətirib çıxarır, amma hamı üçün xoşagəlməz nəticələr verən bu toqquşma müstəsna hal kimi onun xoşbəxtlik və səadətinə səbəb olur!
Fərəh Parisə qayıtmasına bir neçə gün qalmış pasportunun vaxtını uzatmaq və valyuta ilə bağlı məsələləri həll etmək üçün Xarici İşlər Nazirliyinə getdi və günortaya yaxın qorxu qarışıq narahatlıq içərisində evə gəlib dedi: «Xarici İşlər Nazirliyində sənədlərimin vaxtını uzatmaqdan imtina etdilər və dedilər ki, mənim adım əlahəzrətin ən fəal müxalifləri siyahısına düşüb!»
Ona üzərində nömrə olan bir parça kağız da verib demişdilər ki, gələn həftə qəti nəticəni bilmək üçün yenidən Xarici İşlər Nazirliyinə müraciət etsin...
Bərk narahat olduq. Bu, elə bir ittiham idi ki, bizim nəslimizi yox edə bilərdi.
O vaxtlar general Teymur Bəxtiyar SAVAK-ın rəisi idi. Onun qəddarlığı haqqında dastanlar danışırdılar, hətta deyirdilər ki, əlahəzrətin göstərişlərinə belə məhəl qoymur. Yubanmadan qardaşımın evinə gedib onun gəlişini gözləməyə başladıq. O zaman qardaşım Planlaşdırma və Büdcə təşkilatının nəzdindəki bir tikinti şirkətinə rəhbərlik edirdi və nüfuzlu dost-tanışları vardı.
Məhəmmədəli evə qayıdan kimi Fərəh həmin gün başına gələn macəranı ona nəql elədi. Məhəmmədəli bizi sakit və soyuqqanlı olmağa çağırıb özü kiminləsə telefonla danışdı və ondan kömək istədi. Sonradan bildim ki, Planlaşdırma və Büdcə təşkilatı rəisinin qardaşı ilə danışırmış. Həmin telefon söhbətindən sonra bir qədər rahatlıq tapdıq, çünki qardaşım dedi ki, dostu xaricdə oxuyan iranlı tələbələrin işləri üzrə idarənin rəisi Ərdəşir Zahidinin özü ilə danışacağına söz verib.
Bu xeyirxah şəxs tikinti sahəsində fəaliyyət göstərən Əhmədəli Ebtehac idi. Onun çox nüfuzlu qardaşları vardı ki, onlardan biri Planlaşdırma və Büdcə təşkilatının rəisi və əlahəzrətin etibarlı adamı idi, digəri isə bir müddət Tehranın meri və eləcə də İran Milli Aviasiya idarəsinin rəisi olmuşdu.
Əhmədəli Ebtehac qardaşlarından birinin, dəqiq yadımda deyil, Əbülhəsən xanın, yoxsa Qulamhüseyn xanın, vasitəsilə Məhəmmədəli Qütbinin bacısı qızını Ərdəşir Zahidiyə tapşırdı və bununla da işlər tamamilə yeni bir məcraya düşdü.

Bunu yalnız bilir böyük Yaradan
Ki, fələk çıxacaq hansı oyundan.

Ertəsi gün Xarici İşlər Nazirliyindən qardaşımın evinə zəng vurub dedilər ki, idarə rəisinin özü Fərəh Dibanı görmək və onun problemini şəxsən araşdırmaq istəyir.
Bir qayda olaraq, qızımın vəziyyətində olan tələbələrə İrana gəldikdən sonra ölkəni tərk etmək qadağan edilir və onlar bütün ictimai hüquqlardan məhrum olurdular. Teymur Bəxtiyarın başçılıq etdiyi SAVAK belə məsələlərdə hədsiz amansızlıq nümayiş etdirirdi. Çox vaxt bu cavanlar nəinki təhsilini davam etdirmək və işə götürülmək hüququndan məhrum olur, hətta uzunmüddətli həbsə məruz qalırdılar.
Mən və qardaşım tapşırılma nəticəsində müəyyən qədər arxayınlaşsaq da, yenə qorxurduq ki, birdən Fərəh Xarici İşlər Nazirliyində gözlənilməz problemlə üzləşər, yaxud həbs olunar. Odur ki, onunla bərabər Xarici İşlər Nazirliyinə yollandıq. O vaxtlar bu nazirlik Füruği küçəsində zabitlər klubunun qarşısında yerləşirdi. Qardaşım «3 isfənd» küçəsinin yaxınlığında tikdirdiyi yeni yaşayış binasının sənədini də özü ilə götürmüşdü ki, işdir, birdən məsələ məhkəməyə gedib çıxsa, sənədi təqdim edib Fərəhin həbsinin qarşısını alsın. Əlbəttə, bu, yalnız bir ehtimal idi və biz Ərdəşir Zahidi ilə dost olan Ebtehac qardaşlarının tapşırığını nəzərə alıb bilirdik ki, məsələ sadəcə bir töhmət və nəsihətlə, yaxud bundan sonra dövlət əleyhinə fəaliyyətlərdə bulunmamaq barədə iltizam alınması ilə bitəcək.
O vaxtlar Tehranda iri və dəbdəbəli binalar çox deyildi. Xarici İşlər Nazirliyinin yerləşdiyi rayon Rza şah dövrünün sonlarında tikilmişdi. İran Milli Neft Şirkətinin (sonralar Baş poçtamtın) Sepəh küçəsindəki binası, Xarici İşlər Nazirliyinin Füruği küçəsindəki binası, onunla üzbəüzdə Zabitlər Klubunun binası və Baş Polis İdarəsinin binası bu rayonu başqalarından fərqləndirirdi. Baş Polis İdarəsinin çox gözəl və göz oxşayan binasını alman mühəndisləri Pasarqad sarayının planı əsasında tikmişdilər. Xüsusən Təxti-Cəmşiddəki sütunları xatırladan uca sütunlar bu rayona özəl bir atmosfer bəxş edirdi. Camaat arasında bura «Baği-milli» deyirdilər.
Bizi Fərəhlə birlikdə Xarici İşlər Nazirliyinin binasına daxil olmağa qoymadılar və Fərəh təklikdə içəri keçdi. Mən qardaşımla birgə ətrafda gəzişməyə və gözəl binalara tamaşa etməyə başladım. Gözümü binalara dikib onları seyr etməklə çalışırdım ki, qardaşım göz yaşlarımı görməsin. Özümdə deyildim. Əzab-əziyyətlə dolu keçmişimi, uşaq ikən atamı, gənc ikən ərimi və anamı necə itirməyimi xatırlayırdım. Təbrizdə müttəfiqlərin hakimiyyəti altında yaşadığım günləri xatırlayırdım ki, bir qarın çörəyə də möhtac idim. O günləri xatırlayırdım ki, çörək od qiymətinə idi və hər gün şəhərin bir yerində «çörək davası» düşürdü, qara və keyfiyyətsiz çörəyin satıldığı dükanların qarşısında neçə-neçə adam ölürdü. O günləri xatırlayırdım ki, ona-buna paltar tikməklə dolanışığımı təmin edir və yeganə övladımın təhsil xərclərini ödəyirdim...
Özlüyümdə bu problemin həll olunacağına əminlik duysam da, ürəyim çırpınırdı. Fərəh kefikök və gülümsər halda Xarici İşlər Nazirliyinin binasıdan çıxamayınca, rahatlıq tapmadım.
Fərəh dedi ki, bu gün nazirliyin işçiləri ona tam fərqli münasibət göstəriblər və hətta Xarici İşlər Nazirliyində, yaxud İranın Parisdəki səfirliyində işləməyi də təklif ediblər! Sonra ona hansı sualların verilidiyi barədə danışdı. Fərəhi ailə vəziyyəti və təhsil şəraiti ilə bağlı xeyli sorğu-suala tutmuşdular. Qızım fransız və ingilis dillərində sərbəst danışdığından, hətta fransızcanı ana dilindən də yaxşı bildiyindən, ona demişdilər ki, tərcüməçi və mütəxəssis kimi İranın Fransadakı səfirliyində çalışa, yaxud Xarici İşlər Nazirliyində işə götürülə bilər. Axırda da növbəti həftənin çərşənbə axşamına vaxt qoymuşdular ki, Xarici İşlər Nazirliyinə gəlib pasportunu və sənədlərini götürsün.
Rahat nəfəs alıb evə qayıtdıq. Növbəti həftə daha heç bir təhlükə hiss etmədiyimizə görə Fərəh təkbaşına Xarici İşlər Nazirliyinə yollandı. Elə həmin gün onun taleyi dəyişdi, qarşısında yeni bir yol açıldı və bir il keçməmiş İranın birinci xanımı məqamına yüksəldi!
Fərəhin danışdığına görə, Xarici İşlər Nazirliynə çatan kimi ona demişdilər ki, ağayi-Ərdəşir Zahidi onun doldurduğu anketi oxuyub və onu görmək istəyir.
Ərdəşir Zahidi əlahəzrət şahın kürəkəni idi, hər yerdə ona «ağayi-Zahidi» deyirdilər, onun harada və hansı vəzifədə işləməsinin elə bir əhəmiyyəti yox idi. Onun atası general Zahidi qiyamın yatırılmasında və şahın hakimiyyətə qayıtmasında mühüm rol oynamış, bu da onun Pəhləvi ailəsi ilə yaxınlaşmasına səbəb olmuşdu və son nəticədə Məhəmmədrza böyük qızı Şahnaz xanımı mühəndis Ərdəşir Zahidiyə ərə vermişdi.
Fərəh Zahidinin kabinetinə daxil olan kimi o, iranlı bir qızın Paris Politexnik İnstitutundan mühəndislik diplomu almasından məmnunluq duyduğunu bildirmişdi. O vaxtlar İranda təhsilli adamlar az idi, xüsusən qadınlar arasında mühəndislik və doktorluq diplomuna malik şəxslərə nadir hallarda rast gəlinirdi. Zahidi Fərəhin həm də dizayner və rəssam olduğunu və iki xarici dildə – fransız və ingilis dillərində sərbəst danışdığını biləndə, ona daha böyük ehtiram göstərmiş və nəhayət, onu öz evlərinə – şahın qızı Şahnaz xanımla görüşməyə dəvət etmişdi.
Şahnaz Məhəmmədrzanın böyük qızı və Misir kralı Faruğun bacısı Fövziyyə ilə birinci nikahından olan ilk övladı idi. Bir vaxtlar Tehranda Fövziyyə adına iri bir meydan vardı, Fövziyyə şahdan boşanıb İrandan gedəndən sonra həmin meydanın adını «Şahnaz meydanı» qoydular. İndi bilmirəm, o meydan necə adlanır.
Şahnaz gözəl bir qız idi və anası Fövziyyəyə çox oxşayırdı. Camaat Fövziyyənin evlilik həyatının uğursuzluğuna, ərindən boşanıb İranı tərk etməsinə və azyaşlı qızının tək qalmasına görə Şahnaza xüsusi münasibət bəsləyirdi. Mən özüm heç vaxt Şahnaz xanımı görməsəm də, ürəyimdə ona bir bağlılıq hiss edirdim.
Artıq dediyim kimi, Fərəh Xarici İşlər Nazirliyindən qayıdıb həmin xəbəri həyəcan və şövqlə mənə çatdırdı və dedi ki, şahın kürəkəni şəxsən onu öz evlərinə – Şahnaz xanımla görüşməyə dəvət edib. Mən bu xəbəri necə yozmalıydım? Cavan qızı olan bütün analar bu xəbərin məndə doğurduğu narahatlığı başa düşə bilərlər. Məsələni qardaşıma bildirəndə, o da mənim narahatlığıma şərik oldu.
Fərəh isə çəkinmədən bu dəvəti qəbul etmişdi. Onun bu görüşə getməyə meylli olduğunu görüb təklif etdim ki, mən də onunla gedim, amma Fərəh bildirdi ki, yalnız onu dəvət ediblər (Ərdəşir Zahidi bu gözlənilməz dəvəti səsləndirəndə qızcığaz özünü əməlli-başlı itiribmiş və soruşmaq ağlına gəlməyib ki, anasını da özü ilə gətirə bilər, ya yox).
Nə isə, xeyli götür-qoy etdik. Hamıdan çox qardaşımın arvadı Luiz Səmsami Fərəhin Şahnaz xanımın görüşünə getməyinin tərəfdarı idi və belə hesab edirdi ki, bu görüşə getməmək bir növ hörmətsizlik olar. Qardaşım dedi ki, əgər dəvət Şahnaz xanım tərəfindən olmasaydı və Ərdəşir Zahidi bu dəvətin məqsədinin şahın qızı ilə görüşmək olduğunu deməsəydi, onu rədd etmək olardı, amma şahın böyük və sevimli qızının görüşünə getməmək düzgün sayıla bilməz. Mən özüm də düşünürdüm ki, əgər Fərəh bu görüşə getməsə, çətinliklərlə üzləşə bilər, onun tələbəlik dövründə hökumətə müxalif olması məsələsi yenidən qalxar və qızım üçün gözlənilməz problemlər yaranar.
O anlarda bizim heç birimizin ağlına gəlməyən bir şey vardısa, o da bu idi ki, Ərdəşir Zahidinin evinə gedib şahın qızı ilə görüşmək Fərəhin Məhəmmədrza ilə izdivacının müqəddiməsi olacaq.


Davamı

"ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ


Dünyada ən təhlükəli premyera" baş tutub

Martın 30-da Almaniyanın Potsdam şəhərindəki Hans Otto Teatrında (HOT) Hindistan əsilli ingilis yazıçısı Salman Rüşdinin "Şeytan ayələri" romanı əsasında hazırlanmış tamaşanın premyerası olub. Yerli polis orqanlarının mühafizə tədbirləri görməsinə rəğmən, tamaşadan əvvəl və sonra heç bir hadisə baş verməyib. Salman Rüşdi tamaşaya dəvət olunsa da, gəlməyib. DPA agentliyinin yaydığı məlumata görə, "Şeytan ayələri"nin səhnə variantı sonda auditoriyanın gur alqışlarını qazanıb.

"Şeytan ayələri"nin səhnəyə uyğunlaşdırılması sözügedən teatrın rəhbəri Uve Erik Laufenberq və dramaturq Markus Mislin tərəfindən həyata keçirilib. Onlar bunun üçün bir il əvvəl müəllifdən icazə almış və Rüşdinin 700 səhifəlik kitabını 3,5 saatlıq tamaşaya sığışdırmışlar. Laufenberq tamaşadan qabaq "Qardian" qəzetinə verdiyi müsahibədə deyib: "Bu kitab barədə, demək olar, hamı eşitmişdir, ancaq çətin ki, kimsə onu oxuyub. Mən məhz buna görə onu səhnəyə gətirmək istədim".
Qeyd edək ki, Almaniyanın müsəlman icması hadisəyə kifayət qədər dözümlü yanaşıb. Tamaşadan iki gün əvvəl Almaniya İslam Şurasının prezidenti Əli Qızılqaya "Frans-Press" agentliyinə verdiyi açıqlamada buna etiraz etdiklərinin bildirərək demişdi: "Biz təəssüf edirik ki, müsəlmanların dini hissləri ilə fitnəkar tərzdə davranılır". Almaniya Müsəlmanları Mərkəzi Şurasının baş katibi Ayman Mazyek isə dindaşlarını məsələyə sakit yanaşmağa, mövcud problemləri "tənqidi və konstruktiv dialoqda" çözməyə çağırmışdı.
Tamaşanın təşkilatçıları da təhlukəsizlik baxımından arxayınlıq nümayiş etdirmiş və polisin girişdə yoxlama aparmasına razılıq verməmişlər. Bunula belə Potsdam təhlükəsizlik idarəsinin rəisi Matias Tanzer vəziyyəti nəzarətdə saxladıqlarını və lazım gələrsə, tamaşanın dayandırılmasına nail olacaqlarını bildirmişdir.
Onu da deyək ki, sözügedən teatrda "Şeytan ayələri"nin səkkiz həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulur. Deməli, 1989-cu ildə ayətullah Xomeynidən ölüm hökmü, 2007-ci ildə II Yelizavetadan "cəngavər" (rıtsar) titulu almış Salman Rüşdinin qalmaqallı adı yenə gündəmdə olacaq.


Davamı

YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU


Artıq 80 yaşını adlamış məşhur alman yazıçısı, 1999-cu ilin Nobel mükafatı laureatı Günter Qras İkinci Dünya Müharibəsinin son çağlarında, 17 yaşında ikən, SS sıralarında xidmət etdiyini açıqlayanda və bunu təsdiqləyən sənədlər ortaya çıxanda, hər tərəfdən kəskin tənqidlərə məruz qaldı. "Alman millətinin vicdanı" adlandırılan sənətkar heç bir cinayət törətmədiyni, kimsəyə güllə atmadığını vurğulasa da, hücumlar səngimədi. O qədər ki, hətta onun "Nobel"inin geri alınması barədə tələblər səslənməyə başladı. Həmin vaxt dünyanın müxtəlif ölkələrindən Qrasın qələm dostları onun müdafiəsinə qalxdılar. Onların sırasında ünlü türk yazarı Yaşar Kamal da vardı. Yaşar Kamalın o zaman Günter Qrasa yazdığı məktubun mətni belə idi:

"Sevgili dostum!
Sizə bu məktubu yazmalıyam – deyə düşündüm. Sizin ölkənizdə və bir çox ölkələrdə insanlar 16-17 yaşında bir uşaqla məşğul olur. O uşaq bütün həyatı boyu müharibədən sonra yenilmiş, yaralanmış, parçalanmış ölkəsindəki insanların ağrı-acısını ovutmaq üçün böyük mübarizələr aparır. Və xalqının özünə gəlməsini təmin edir. 16-17 yaşlı o uşaq daha sonra öz sənətiylə təkcə xalqını deyil, bütün bəşəriyyəti təsir altına alır.
O böyük yazıçı, böyük heykəltəraş yalnız ölkəsi Almaniyanın deyil, dünyanın sevimlisinə çevrilir, çünki yaydığı düşüncələr, ortaya qoyduğu gerçəklər və mücadiləsi insanlara təsir göstərir. Buna görə ona böyük sənəti müqabilində dövrün ən yüksək mükafatı olan "Nobel"i verirlər. Onun seçilməsində sənətinin böyüklüyü qədər mübarizəsinin, sağlam şəxsiyyətinin də böyük payı var. Onun şəxsiyyəti ilə sənəti yan-yana gedir. Onun sənəti sağlam kimliyinin əsəridir. Onun şəxsiyyəti bir tərəfdə, sənəti bir tərəfdə deyildir. Onun sənəti bütün zamanları aşıb gəlmiş böyük ustadların yanındadır.
Sevgili dostum, sevgili qardaşım, onlar 16-17 yaşındakı uşaqla çarpışırlar. Sizin bundan ötrü üzülməməyinizi o qədər istəyirəm ki…
O 17 yaşlı uşaq, müharibəyə düşmən olmuş uşaq, müharibədən cilalanıb ayılaraq çıxmışdır, insanın insana zülmünü, insanın insanı yox etməsini, insanın insana təhqirini görmüşdür. İnsanın müqavimətini görmüşdür. Bu 17 yaşlı uşaq artıq 17 yaşında da deyildir, ürəyindəki şəfqət, sevgi, dostluq, mərhəmət böyümüş, pisliklərin üstünə bütün gücü ilə yürümüş, xalqların vicdanı olmuşdur. Və bu vicdan 65 ildir sürməkdədir. Bütün vicdanlar onunla birlikdədir.
Ürəyində 60 ildən artıq daşıdığı SS ağrısıyla nə edəcəkdir, mücadilə dururkən başına gələn bu müsibəti anlatmağın vaxtı haçandır? Müsibət yerinə bir qəhrəmanlıqdan söhbət getsəydi, yazıçı nə zaman açıqlayardı?
Açıqlayacaqlarının vaxtını yenə yazıçı bilir, heç bir mənfəət, heç bir başqa məqsəd güdmədən öz zamanını gözləyir. O zamanı da yazıçı özü təyin edər. Buna heç kim qarışa bilməz.
Sevgili qardaşım, siz dövrümüzü böyük sənətinizlə, böyük insanlığınızla işıqlandırdınız. Bir Anadolu sözü var: "Yel qayadan nə qoparar?!" Məni kədərləndirən yalnız sizin üzülməyinizdir.
Sizə Nazim Hikmətin bir şeirini göndərirəm:

Bursada havlucu1 Recebe
Karabük fabrikasında tesviyeci2 Hasana duşman
fakir-köylü Hatçe kadına
ırgat3 Süleymana duşman,
sana duşman, bana duşman,
düşünen insana duşman,
vatan ki bu insanların evidir,
sevgilim, onlar vatana duşman.

Sevgilərimlə,
Yaşar Kamal
20 avqust 2006-cı il
_______
1. dəsmalçı
2. cilalayıcı
3. fəhlə, muzdur

Hazırlayan: Məsiağa Məhəmmədi


Davamı

M.M.Şərif. İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI

Miyan Məhəmməd Şərif – görkəmli Pakistan alimi, Pakistan Fəlsəfə Konqresinin banisi və prezidenti. İslam Mədəniyyəti İnstitutunun direktoru (Lahor), Pəncab Universiteti rəyasət heyətinin üzvu, «Pakistan fəlsəfə dərgisi», «İqbal», «Təhzibül-əxlaq» kimi jurnalların redaktoru olmuşdur. O, həmçinin Amerika Fəlsəfə Assosiasiyasının üzvü, fəlsəfə cəmiyyətləri beynəlxalq federasiyasının (Paris) direktorlarından biri, Hindistan Fəlsəfə və Psixologiya İnstitutunun fəxri elmi məsləhətçisi seçilmişdir.
M.M.Şərif özünəməxsus fəlsəfi sistem yaratmış və onu «dialektik monadizm» adlandırmışdır. Onun fəlsəfəsinə görkəmli Şərq mütəfəkkirləri ilə yanaşı, Leybnis və Hegelin təsiri olmuşdur. «Dialektik monadizm» adlı əsəri məşhurdur. M.M.Şərif 1965-ci ildə vəfat etmişdir. Aşağıdakı məqalə onun 1952-ci ildə Lahorda nəşr edilmiş «İqbal bir mütəfəkkir kimi» («Igbal as a thinker») kitabından götürülmüşdür.

Məhəmməd İqbal – şair və filosofdur. Onun filosof-şair, yoxsa şair-filosof olduğunu dəqiq müəyyənləşdirmək asan məsələ deyil. İqbalın poetik əsərləri sırf fəlsəfi əsərlərindən sayca çoxdur. Onun fəlsəfi əsərləri yalnız iki kitabdan ibarətdir ki, onlardan biri əsasən tarixi, digəri isə sxolastik səciyyə daşıyır. Bu fakt adamda belə qənaət doğura bilər ki, İqbal ilk növbədə şair, sonra isə filosofdur. Amma İqbal barədə belə fikrə düşmək düzgün sayıla bilməz. Onun yaradıcılığında poeziya ilə fəlsəfə elə üzvi şəkildə çulğaşıb ki, bunun analoquna ondan əvvəlki heç bir mütəfəkkirdə, hətta Dantedə də rast gəlmirik. İqbalın həm poeziyası, həm də fəlsəfəsi dərin və əzəmətlidir, bütün yaradıcılığı boyu onlardan biri digərindən geri qalmamışdır. Başqa sözlə, İqbalın məfkurəsinin təkamülündə poeziya və fəlsəfə daim bir-birini tamamlamış, onlar arasında həmişə bir tarazlıq və ahəng hökm sürmüşdür.

Bu məqalədə biz İqbalın poeziyasından deyil, fəlsəfəsindən söhbət açacağıq; daha doğrusu, fəlsəfəsinin o hissəsindən bəhs edəcəyik ki, onun Allah haqqında təsəvvürlərini açıqlamağa imkan verir. İqbalın fəlsəfəsi, o cümlədən, onun Allah anlayışı barədə təsəvvürləri üç tarixi inkişaf mərhələsindən keçmişdir. Bu mərhələlərdən hər biri özünəməxsus xüsusiyyətlərə malikdir və aydın şəkildə digərlərindən seçilir.
1901-1908-ci illəri əhatə edən birinci mərhələdə İqbal Allahı fərdlərdən asılı olmayan, onlardan əvvəl gələn, lakin eyni zamanda onlarda təcəlla və təzahür edən «Əbədi Gözəllik»1 kimi təsəvvür edirdi. Allah göydə və yerdə, Günəşdə və Ayda, ulduzların çıxması və batmasında, çöllərdə və dənizlərdə, nəbatatda və cəmadatda, quşlarda və həşəratda özünü göstərir. Amma heç bir yerdə özünü Səlimənin2 baxışlarından daha yaxşı və daha gözəl aşkar etmir (eynilə Dante də belə hesab edirdi ki, Tanrı ən yaxşı təzahürünü Beatriçada3 tapmışdır). Kəhrəba filiz qırıntılarını cəzb etdiyi kimi, bütün varlıqlar da Allah tərəfindən cəzb olunurlar. Buna görə də Allah «Əbədi Gözəllik» kimi şeylərin bütün hərəkət və tərpənişlərinin mənbəyi sayılır. Təbiət hadisələrinin gücü, bitkilərin böyüməsi, heyvanların instinktləri, insanların iradəsi yalnız Allaha doğru meyl və canatmanın formalarıdır. Deməli, «Əbədi Gözəllik» bütün şeylərin mənşəyi, mahiyyəti və son məqsədidir. Allah elə tutumlu və ümumi bir varlıqdır ki, okean kimi hər şeyi əhatə edir, fərd isə bu okeanın bir damlasıdır. Allah – Günəş kimidir, fərd isə şama bənəzəyir: şam Günəşin qarşısında işıq saça bilərmi?! Həyat və bəlkə də bütün varlıq bir köpük və bir şimşək kimi ötəri və fanidir.
Yuxarıda deyilənlər dünyagörüşünün inkişafının birinci məhələsində İqbalın Allah haqqında təsəvvürlərinin müəyyən məqamlarıdır. Həmin düşüncənin köklərini axtarıb tapmaq o qədər də çətin deyil. Bu, əsasən platonik bir düşüncədir. Belə ki, Platon da Tanrını əbədi gözəllik və ümumi substansiya kimi təsəvvür edirdi: konkret şeylərdən əvvəl gələn bu substansiya forma kimi onlarda öz təzahürünü tapır. Platona görə, Tanrı bizim bütün səylərimizin, hərəkət və axtarışlarımızın yönəldiyi son məqsəddir. Eyni zamanda Platon eşqi Tanrının altıpilləli emanasiyasından ayırıb ona unversal məna bəxş etdi. Platonun sonralar Plotin tərəfindən şərh və inkişaf etdirilən bu nəzəriyyəsini erkən müsəlman alimləri mənimsəmiş, onların ardınca isə panteist sufilər4 onu «vəhdəti-vücud» təliminə uyğunlaşdırmışdılar. Eşqin platonik yozumu urdu və fars poeziyasının qədim və dərin bir ənənəsi kimi gəlib İqbala çatmışdı və onun ingilis romantkilərinin poeziyası ilə bağlı tədqiqatlarında öz zirvəsinə qalxaraq, mükəmməllik qazanmışdı.
Bütün bunlara görə ilkin mərhələdə İqbalın Allah haqqında təsəvvürlərini heç bir vəchlə orijinal və yeni saymaq olmaz. O, yalnız tarixi bir irsi gözəl sözlər və ibarələrlə bizə ötürür. Hər halda İqbalın Allah barədə bu düşüncələri onun şeirlərində müxtəlif formalarda öz ifadəsini tapmışdır. Artıq 1908-ci ildə İqbal qabaqcıl və görkəmli şairlərdən biri sayılırdı və dünya poeziyasına bir çox gözəl nümunələr bəxş etmişdi.
İqbalın fəlsəfi görüşlərinin inkişafının ikinci mərhələsi 1908-1920-ci illəri əhatə edir. Onun bu dövrdəki düşüncələrini anlamağın açarı belə bir dəyişiklikdədir ki, o, şeylərdəki gözəlliklə gözəlliyə aşiqlik arasında fərq qoymağa başlayır. Deyildiyi kimi, ilkin mərhələdə İqbal gözəlliyi əbədi bir məfhum sayır, hər cür eşq, meyl və hərəkətin səbəbi və son məqsədi kimi təsəvvür edirdi. Lakin ikinci mərhələdə o, bu mövqeyini dəyişir. Onda gözəlliyin əbədiliyinə, onun ilkin səbəb və son məqsəd olmasına əvvəlcə şübhə və tərəddüd, sonra isə bir növ bədbinlik yaranır. «Gözəlliyin cilvəsi», «Gözəlliyin həqiqəti», «Ulduz şehi» və s. kimi şeirləri onun bu əhvalını yaxşı əks etdirir. Bu şeirlərdə eşqin, meylin, şövq və hərəkətin əbədiliyinə getdikcə artan tərəddüd öz ifadəsini tapmışdır.
1905-1908-ci illərdə İqbal Mak-Taqqart5 və Ceyms Uord6 kimi alimlərin rəhbərliyi altında Kembricdə təhsil alır və məhz həmin dövrdə Mövlana Cəlaləddin Ruminin fəlsəfəsi ilə bağlı dərin araşdırmalar aparır. Mak-Taqqart və Ceyms Uordun İqbala təsiri hətta o, İngiltərədən qayıtdıqdan sonra da özünü göstərir. İngiltərədə olduğu müddətdə İqbal panteist bir mistik idi. Mak-Taqqart İqbala yazdığı biri məktubda (həmin məktub «Mən»in sirləri»nin ingiliscəyə Nikolson tərəfindən edilmiş tərcüməsinin əvvəlində verilmişdir) bu məsələyə işarə edir: «Belə görünür ki, sizin mövqeyiniz çox dəyişib. Biz birlikdə fəlsəfi araşdırmalarla məşğul olduğumuz vaxtlar siz bu günkündən daha artıq panteist mistik idiniz». Sonralar İqbalın heç bir etiraz bildirmədən Mak-Taqqartın bu fikrini öz məqalələrinin birində verməsi onun həmin fikirlə razı olduğunu göstərir.
Təqribən 1908-ci ildə İqbal fərdi ölməzlik barədə Mak-Taqqartın nəzəriyyəsini əsaslandırmağa başlayır. Eyni zamanda o, Ceyms Uordun teistik plüralizm7 nəzəriyyəsi ilə Mövlana Ruminin fəlsəfəsi arasında yaxınlıq aşkar edir və bir müddət sonra özü də teistik plüralizmin tərəfdarına çevrilir. Çox keçmədən o, Mövlananı özünə ruhani və mənəvi mürşid seçir.
Görünür, İqbal Mövlananı yalnız ruhi yaxınlığına, dil eyniliyinə, mistik düşüncəsinə, poetik ilhamına, dərin dini xislətinə, Allaha sarsılmaz inamına və islam peyğəmbərinə sonsuz məhəbbətinə görə özünə öndər və mürşid seçməmişdir. Belə ki, o, bu cəhətləri digər şairlərdə və sufilərdə də tapa bilərdi. Yəqin İqbal Mövlananı ona görə özünün həmişəlik mürşidi elan etmişdi ki, Mövlana İqbalın təzəcə kəşf etdiyi iki şəxsin – Nitşe və Berqsonun fundamental ideyalarını onlardan qabaq irəli sürmüşdü.
İqbal alman dilini bilsə də, bu dildə olan əsərləri orijinalda oxumaq imkanına malik olsa da, 1907-1911-ci illərdə Nitşenin əsərlərinin ingiliscəyə tam tərcüməsinin nəşri onun bu əsərlərlə tanışlığını asanlaşdırdı. Berqsonun əsərləri də 1910-1915-ci illərdə ingilis dilinə çevrildi və fransızcanı bilməyən İqbal həmin əsərlərlə də tanış olmaq imkanı qazandı. İndi İqbal təkcə Uordla Mövlana arasında deyil, Nitşe və Berqsonun ideyaları ilə Mövlananın fikirləri arasında da yaxınlıq və paralellər tapırdı. Mövlana da Nitşe kimi dəyişmə və təkamülə, azadlığa, «mən»in8 imkanları və əbədiliyinə, hakimiyyətə yönəlmiş iradəyə, fövqəlinsanın dəyərinə, yeninin yaranması üçün köhnəin məhvinin labüdlüyünə inanırdı. Berqson kimi Mövlana da bu fikirdə idi ki, gerçəkliyin mahiyyəti «hərəkət»dir9, bilik və idrakın mənbəyi isə intuisiyadır. İqbalın vitalist10 mövqeyi Mak-Duqalın11 uyğun olaraq 1908 və 1910-cu illərdə çapdan çıxmış «Sosial psixologiya» və «Psixologiyanın quruluşu» kitablarının təsiri ilə daha da gücləndi. Bu iki kitabda «həyat» anlayışı Berqsonun «həyat ehtirası»12 məfhumuna bərabər tutulur və «mənlik» hissi13 insan şəxsiyyətinin nüvəsi sayılırdı. Bütün bu anlam və təsəvvürlər İqbal fəlsəfəsinin ikinci mərhələsinin həlledici məqamlarını təşkil etmişdir. Beləliklə, İqbal Şərqin klassik bir filosofunun rəhbərliyi və Avropanın bir neçə yeni mütəfəkkirinin köməkliyi ilə əsas cəhətləri məhz bu ikinci mərhələdə formalaşan və «mən» fəlsəfəsi14 adlandırıla bilən fəlsəfəsini irəli sürdü. Məhz bu fəlsəfənin işığında İqbalın nə üçün getdikcə daha təkidlə «iradə»nin hərəkətverici qüvvə və son məqsəd olmasını vurğuladığını anlamaq, eyni zamanda «gözəlliyin» həmin funksiyalarına inamının azalmasının səbəblərini başa düşmək mümkün olur. Dünyagörüşündə baş vermiş bu dəyişiklik İqbalı platonik nəzəriyyədən və mistik panteizmdən getdikcə daha çox uzaqlaşdırırdı.
İqbal yeni fəlsəfi mövqeyini «Bangi-dera» («Zınqırov səsi»), «Əsrari-xudi» («Mən»in sirləri»), «Rümuzi-bixudi» («Mən»sizliyin rəmzləri») kimi əsərlərində irəli sürür. Bu əsərlərdə onun düşüncəsini «xudi» («mən») anlayışı istiqamətləndirir.
«Mən» – meyllərin, canatmaların, qüvvət və fəaliyyətin davamlılıq mənbəyidir. «Mən» – zamana bağlı deyil, amma zaman «mən»in davamlılıq və təkamülüdür. «Mən» bir hərəkət və fəaliyyətdir ki, qılınc kimi saysız çətinliklər və maneələr içərisində özünə yol açır. Zaman bir hərəkət və əməl kimi həyat və yaşayışdır. Həyat və yaşayış elə həmin «mən»in özüdür. Buna görə də zaman, «mən» və həyat – hər üçü qılınca bənzədilmiş və onunla müqayisə edilmişdir.
İstər konkret aləm (özünün bütün duyulan atributları, o cümlədən, ardıcıl zaman və məkan ilə birlkidə), istərsə də mücərrəd aləm (yenə özünün bütün təsəvvür, analyış və idealları ilə birgə) – hər ikisi «mən»in törəməsi və məhsuludur. Fixte və Ceyms Uord kimi, İqbal da deyir ki, «mən» kamilliyi nəticəsində öz daxilindən özünün başqasını irəli sürür. Duyulan (hissi) aləm «mən» tərəfindən yaradılmışdır və ona görə təbiətin bütün gözəlliklərini bizim iradəmiz meydana gətirir. İstəklər, meyllər onları yaradır, onlar istəklər və meylləri yox!
Son reallıq olan Tanrı əslində «Mütləq Mən»16 və ya «Ali Mən»dir17. Daha Allahı «Əbədi Gözəllik» kimi təsəvvür etmək olmaz. Buna görə də Platon və bu təsəvvürə malik olan Hafiz kimi şairlər tamamilə səhv ediblər. Artıq Allah Əbədi İradə kimi düşünülür və dünya ilahi atributlardan biri olmaq dərəcəsinə qədər kiçildilir. Bu atribut həm estetik, həm də etik dəyərə malikdir. Bu mərhələdə Allahın gözəlliyi (camalı) deyil, vahidliyi vurğulanır. Vahidliyə inamın praktik dəyəri də var, çünki bu, fərdlərə, millətələrə və bütöblükdə bəşəriyyətə məqsəd vahidliyi (birliyi) verir, gücü artırır, müxtəlif stimullar və ümidlər doğurur, Allah qorxusundan başqa bütün qorxu və acizlikləri aradan qaldırır.
Allah özünü təkcə «maddi» aləmdə deyil, məhdud «mən»lərdə və ayrı-ayrı fərdlərdə də təzahür etdirir, buna görə də Allaha yetişmək yalnız «mən» vasitəsilə mümkün və müyəssər ola bilər. Odur ki, Allah axtarışı insani «mən» axtarışı ilə şərtlənir və ona bağlanır. Digər tərəfdən, Allahı yalnız yalvarış və şikayətlə axtarmaq olmaz, çünki bunlar zəiflik və ümidsizlik doğurur. Allaha yaxınlaşma insanın şərəf və ucalığı ilə həyata keçirilməlidir. Şəxsi iradəyə əsaslanmaqla Allahı axtarmaq mümkün deyil. Allaha qovuşma ovçunun öz şikarını ovlaması kimi olmalıdır, bircə fərq var ki, Allah özü «ovçu»sunun muştaqıdır. Salik (yolçu) öz Tanrısını nə dərəcədə axtarırsa, O da bəndəsini həmin həddə istəyir. Tanrı dərgahına qovuşan salikin Onda fani olması, özünü Tanrıda yox edib məhv qılması yolverilməzdir. Digər tərəfdən, insan Allahı öz daxilində aşkarlamalıdır, yəni imkanı daxilində özündə Onun atributlarını reallaşdırmalıdır və bu imkan üçün heç bir məhdudiyyət yoxdur. Qəlbdə Allahın təzahuru və təcəllası ilə birgə «mən» baş qaldırır və bu «mən» «fövqəlmənə» çevrildikdə, ilahi xəlifəlik18 məqamı əldə olunur.
Fəlsəfi dünyagörüşünün ikinci mərhələsində İqbalın Allah haqqında təsəvvürlərinin icmalı belədir.
İqbal fəlsəfəsinin inkişafında üçüncü mərhələ 1920-ci ildən ömrünün sonuna qədər olan dövrü əhatə edir. Əgər ikinci mərhələni İqbal fəlsəfəsinin təşəkkül və inkişaf dövrü kimi qiymətləndirsək, üçüncü mərhələni onun düşüncələrinin yetkinləşməsi və kamilləşməsi dövrü saymaq olar. Əgər indiyə qədər onun yaradıcı və orijinal təfəkkürü təsirlər və tapıntılar mərhələsini keçirirdisə, artıq bu ünsürləri hərtərəfli və yeni bir sistem şəklinə salmağın, yerbəyer etməyin vaxtı gəlib çatmışdı. 1923-1938-ci illərdə bir-birinin ardınca çap olunan səkkiz əsərində İqbal məhz bu işi həyata keçirdi. Onun bu mərhələdəki fəlsəfəsini «dəyişiklik fəlsəfəsi»19 adlandırmaq olar. Bu dövrdə onun düşüncəsində gerçəkliyin «mən» kimi təsəvvür edilməsi kifayət qədər qabarıqdır, lakin «dəyişiklik» anlayışı və gerçəkliyin bu dəyişiklik (çevrilmə) kimi qiymətləndirməsi daha ciddi və mühüm yükə malikdir.
Bu məqalə İqbalın Allah haqqında təsəvvürlərinə həsr edildiyindən, biz onun fəlsəfi sisteminin digər aspektləri və ideyalarını bir kənara qoyub yalnız mövzu ilə bağlı cəhətləri qeyd edəcəyik ki, bu yolla onun Allah barədə düşüncələrinin son variantının ümumi mənzərəsini canlandıra bilək.
Allah – gerçəkliyin ümumiliyi və ümumi gerçəklikdir. Gerçəkliyin ümumiliyi mahiyyətcə ruhani bir varlıqdır, o mənada ki, bir fərd və bir «mən»dir. Allahı bir «mən» kimi təsəvvür etmək lazımdır, çünki O da bəşəri «mən»lər kimi vəhdət yaradan bir prinsipdir; yəni canlı mövcudatın dağınıq qüvvə və halətlərini təmərküzləşdirən və bu yolla faydalı məqsədə nail olmağa çalışan bir varlıqdır. Allahın «mən» olmasına başqa bir arqument də vardır və o da bundan ibarətdir ki, Allah bizim çağırış və dualarımızı qəbul edir. Hər hansı «mən»in varlığının həqiqi meyarı isə budur ki, o başqa bir «mən»in çağırışına cavab verir, yoxsa yox. Daha dəqiq desək, Allah sadəcə «mən» deyil, «Mütləq Mən»dir. Onun mütləqliyi bu mənadadır ki, Onun vücudu tutumlu və əhatəlidir. Ondan kənarda heç nə yoxdur. «Mütləq Mən» durğun (donuq) bir şey deyil, halbuki Aristotel dünyanı sükunətdə olan, durğun bir varlıq hesab edirdi.
Allah – yaradıcı bir ruhdur, fəal bir iradə, canlı bir qüvvədir. Ondan kənarda onu məhdudlaşdıracaq və özündən asılı edə biləcək bir şey olmadığı üçün O, mütləq azadlığa (sərbəstliyə) malik yaradıcı ruhdur. O, həm də sonsuzdur, lakin bu sonsuzluq kəmiyyət yox, keyfiyət kateqoriyasıdır; başqa sözlə, sonsuzluq – çoxluq mənasında deyil, intensivlik anlamındadır. Əslində sonsuzluq atributu – yaradıcı fəaliyyət üçün sonsuz substansional imkanlar deməkdir.
Allah – mütləq qüdrətə malikdir (qadiri-mütləqdir); o mənada ki, özündə sərbəst və fəal qüvvə ilə yaradıcılıq imkanlarını birləşdirir.
Beləliklə, «Mütləq Mən» hər şeyə qadir bir qüvvə, azad bir ruh, yaradıcı bir hərəkətdir. Burada belə bir şübhə doğa bilər ki, bir şeyə aid olmayan hərəkətin varlığı mümkünsüz bir işdir. İqbal bunun cavabında bildirir ki, şeylər hərəkətin məhsulu və törəməsidir, hərəkət isə hərəkətsiz şeylərdən doğa (törəyə) bilməz. Hərəkət – əsas və ilkin bir işdir və sükunətdə olan şeylər hərəkətin bətnindən doğulur. Bu şeylər ona görə sükunətdə sayılır ki, ölgün və donuq anlayışlarla işləyən məhdud ağıl onları belə təsəvvür edir. İqbal öz mövqeyini sübut üçün müasir fizikaya müraciət edir: müasir fizikaya görə, bütün maddi və təbii predmetlər sırf qüvvə halında kiçilib azalırlar.
Əgər «Mütləq Mən»i ümumi və hərtərəfli bir hərəkət hesab etsək, görəsən, bu, Onun permanent dəyişməsi mənasını verməyəcək ki?! Bu suala müəyyən cəhətdən mənfi, başqa bir cəhətdən isə müsbət cavab vermək olar. Mənfi cavabın səbəbi budur ki, İqbala görə, Tanrının dəyişməsi bəşəri və maddi varlıqların proqnozlaşdırılması mümkün olan dəyişiklikləri kimi proqnozlaşdırıla bilməz. Belə ki, məxluqatın dəyişməsi xətti20 və zəncirvari bir dəyişiklikdir. Bu dəyişmə bir vəziyyətdən başqa bir vəziyyətə keçiddən ibarət olub bizim sabit şəraitə bağlı olan maddi təbiətimiz çərçivəsində səy və cəhdlərimiz vasitəsilə baş verir. Müsbət cavab isə buradan irəli gəlir ki, dəyişiklik – atributlardan biridir. Maddi varlıqların dəyişməsi ehtiyac, məhdudiyyət və qüsurdan doğur, amma gerçəkliyin ümumiliyi olan, özündən başqa bir şeydən asılı olmayan (və özündən başqa bir şeylə məhdudlaşmayan) «Mütləq Mən» qüsurlu vəziyyətdən daha mükəmməl vəziyyətə və ya əksinə keçid mənasında dəyişməni qəbul edə bilməz. Xətti zamanın Tanrıya şamil edilməsi yolverilməzdir. O, daimi bir yaratmadır (xəlqetmədir)21, buna görə də Onun dəyişməyi yalnız bu mənadadır ki, permanent bir qüvvə axını müxtəlif təzahürlər tapır. Onu da yadda saxlamaq lazımdır ki, daimi yaratma mənasında dəyşiklik heç də qüsurdan (naqislikdən) doğmur. Biz Aristotel və İbn Həzmin səhvini təkrar edib kamilliyi tam bitmə (tükənmə)22 halı kimi qiymətləndirə bilmərik. Bu hal əslində müəyyən bir varlığın zəiflik və cılızlıq halıdır. «Mütləq Mən»in bu mənada kamil sayılmsı Onun tam fəaliyyətsiz, hissiz, halsız, neytral23 bir varlığa və bir sözlə, «mütləq yoxluğ»a24 çevrilməsinə gətirib çıxara bilər. İqbal və Berqsona görə, kamil fərdiyyət üzvi (orqanik) bir bütövdən ibarətdir ki, onun heç bir hissəsi ayrılıqda yaşaya bilməz. «Mütləq Mən»in kamilliyi bu mənadadır. Amma bu, məsələnin heç də hamısı deyil. «Mütləq Mən»in kamilliyi həmçinin «Onun yaradıcı idrak və biliyi üçün qeyri-məhdud (hüdudsuz) meydan» tələb edir. Buna görə də Allahın bitmə (tükənmə) halından uzaq olması Onun üçün hüdudsuz yaradıcılıq imkanlarının mövcudluğu deməkdir. Allah öz əhatəli ümumiliyini büsbütün qoruyub saxlayan dayanıqlı və əbədi bir varlıqdır, Onun bilik və idrak qüvvəsi sonsuz yaradıcı imkanlara malikdir.
«Mütləq Mən»in fərdiyyətinin kamil olmasından məntiqi şəkildə belə bir nəticə çıxır ki, Onun mahiyyətində heç bir həyati dəyişiklik, doğma və törəmə (nəsil artırma) baş vermir. Belə ki, doğma və törəmə mövcud üzvlərin köməyi ilə yeni bir orqanizmin bünövrəsini qoymaq deməkdir. Kamil bir «mən» və mütləq şəkildə vahid bir varlıq olan Allahı özünə bərabər oxşarlar yaradan bir kəs kimi təsəvvür etmək olmaz. Buna görə də Allahın heç bir oxşarı və övladı25 yoxdur.
Allah (və ya «Mütləq Mən», yaxud «Ümumi gerçəklik») sərbəst, sonsuz, kamil bir yaradıcılıq qabiliyyətinə və hərəkət qüdrətinə malik olduğu halda, görəsən, onu Brauninq kimi «Mütləq xeyir», yaxud Şopenhauer kimi «Mütləq şər» adlandırmaq olarmı?! İqbal belə bir fikirdədir ki, müasir kosmologiya bu məsələ bardə qəti bir söz demək iqtidarında deyil. Əxlaqi və ya təbii şər – reallıqdır və təbiətin həyatında qalacaqdır. Lakin bilmək lazımdır ki, şər bir-birinə zidd olan fərdiyyətlərin əksliyindən doğur və buna görə də məhdud varlıqlara münasibətdə nisbi bir şeydir. Beləliklə, xeyir və şər zahirən əks şeylər olsalar da, ümumi və vahid bir şeyin altında yerləşirlər. Bəziləri belə düşünür ki, xalis ağlın sərhədlərinidən keçmək və xeyrin tam və qəti qələbəsini yalnız iman vasitəsilə anlamaq lazımdır.
«Mütləq Mən» həm də hər şeyi biləndir26, amma Onun elm və biliyi məhdud varlıqların elm və idrakı kimi dəlil və mübahisəyə əsaslanmır; belə ki, dəlilə söykənən idrak daim «başqalarına» yönəlir. Allahdan savayı bir şey olmadığı və «başqası»na malik olmadığı üçün, Onun elmi və idrakı da bəşəri idrak xüsusiyyətləri daşıya bilməz.
Həmçinin Cəlaləddin Dəvvani, Fəxrəddin İraqi və Ceyms Roys kimi belə düşünmək olmaz ki, «Mütləq Mən»in elm və bilik metodu ümumi və bütöv bir idrakdan ibarətdir və O, bütün prosesləri, tarixin gedişatını qabaqcadan müəyyənləşdirilmiş hadisələrin növbələşməsi kimi dərk edir. Həmin baxış Allahın hər şeyi bilməsinə passiv bir səciyyə bəxş edir ki, bu da əvvəlcədən sona çatmış bir strukturdan xəbərdar olmağa bərabərdir. Allahın idrak və elmi Onun əhatəli və ümumi varlığının güzgüdəki əksə bənzəyən inikası deyil. Əgər Allahın biliyi qabaqcadan müəyyənləşdirilmiş nizamın güzgüdəki əksə bənzəyən inikası olsaydı, onda orijinal, yeni və sərbəst yaradıcılığa (xəlqetməyə) yer qalmazdı. Buna görə də Allahın elmini yaradıcı, canlı və tamamilə şüurlu bir fəaliyyət (fəallıq) kimi təsəvvür etmək lazımdır. Bu fəaliyyətdə elm və yaratma (xəlqetmə) bir-birinə bərabər və eyni şey kimi düşünülür. Və bizim dilimizdə elə bir söz yoxdur ki, bu cür biliyi, yəni bilik olmaqla yanaşı həm də öz predmetini yaradan bir biliyi az-çox adekvat şəkildə ifadə etməyə qüdrəti çatsın. Allahın fəaliyyəti bilik qazanmaq və onunla eyni zamanda bilik obyektini yaratmaqdan ibarətdir.
Berqson gerçəkliyi yalnız iradənin sərbəst və yaradıcı həyat qüvvəsi hesab etməkdə, eləcə də gerçəkliyin ağıl vasitəsilə şeylərin çoxluğuna bölündüyünü irəli sürməkdə və nəhayət, ağıl və iradə dualizminə yol verməkdə tamamilə yanılmışdı. Əlbəttə, Berqsonun ağlı məhdud «mən»lərə məxsus bir fəaliyyət hesab etməsi düzgün idi. Lakin Berqsonun bütün sözü bundan ibarət deyildi. Ağıl, bundan əlavə, həm də «Mütləq Mən»in həyatının xüsusiyyətidir. «Mütləq Mən» xalis iradə deyil. O, üzvi (orqanik) və şüurlu bir gəlişmədir27, yaradıcı bir hərəkətdir ki, onda ağıl varlıqla həqiqətən birdir. Ağıl və varlıq Onda birlikdədir və gələcək özü-özlüyündə yaratma və xəlqetmə üçün açılmış imkanlardan başqa bir şey deyildir.
Burada biz zaman ilə «Mütləq Mən»in əlaqəsi məsələsinə gəlib çıxırıq. «Mütləq Mən» əbədi bir varlıqdır, amma dediyimiz kimi, Onun əbədiliyi heç də bütün zamanlarda mövcudluğu və davamı mənasında deyil. Bu təsəvvür zamanın yanlış bir qavrayışına əsaslanır. Həmin qavrayışda zaman «Mütləq Mən»dən kənar bir şey kimi fərz edilmişdir.
«Mütləq Mən» daimi bir tərpəniş, hərəkət və dəyişmədir. Digər tərəfdən, dəyişmə zaman məfhumu olmadan başa düşülə bilməz. Lakin «Mütləq Mən»in zamanı keçmiş, indi və gələcək kəsiklərindən ibarət xətti zaman deyil. «Mütləq Mən»in zamanı ardıcıllığı və növbəliyi olmayan bir dəyişmədir. Əgər Allaha xas olan zamanı bir xətt kimi təsəvvür etsək, onda bu xətt qabaqcadan çəkilə və Allah da onun üzəri ilə irəliləyə bilməz. Bu zamanı çəkilməkdə olan bir xətt saymaq lazımdır və onun heç bir hissəsinə keçilməmiş gələcək kimi baxmaq olmaz. Bütün bunlarla bərabər, «Mütləq Mən»in zamanını adi sözlərin vasitəsilə ifadə və təsvir etmək mümkünsüzdür. «Mütləq Mən»in zamanı xalis davamlılıq və daimilikdir.28 «Mütləq Mən»in zamanı onun yaradıcı dəyişkənliyidir; yəni Onun mahiyyətində olan sonsuz və hüdudsuz imkanlar hər bir yeni yaradılışda özünü göstərir. «Mütləq Mən» xalis bir davamlılıqdır və onda fikir, əməl və nəticə bir-birinə qarşılıqlı təsir göstərirlər ki, arzu olunan vəhdəti yarada bilsinlər. Bu vəhdətdə keçmiş indiyə yönəlmişdir, gələcək isə «Mütləq Mən» üçün açılmış imkanlara bərabərdir.
İqbalın fikrincə, Berqson keçmişi gələcəyə yönəlmiş bir şey kimi qiymətləndirməkdə haqlıdır, lakin o, gerçəkliyin teleoloji xarakterini inkar edərkən, səhvə yol verir. Berqsonun bu son fikri belə bir mövqeyə əsaslanır ki, «gələcəyin qapıları gerçəkliyin üzünə açıq olmalıdır», əgər gerçəkliyi və onun təkamülünü teleoloji və məqsədli bir şey saysaq, gələcəyin qapılarını bağlamış olarıq. Berqsonun bu etiraz və şübhəsi o vaxt yerli olardı ki, biz teleologiya dedikdə, qabaqcadan müəyyənləşdirilmiş bir məqsədi nəzərdə tutaydıq, halbuki gerçəkliyin teleoloji xarakteri bu mənada deyil. «Mütləq Mən»in öncədən görülə bilən heç bir məqsədi yoxdur. Onun teleologiyası bizmi şüurumuzun teleologiyası mənasındadır. Bizim şüurumuz bütövlükdə yalnız keçmişi ehtiva etmir, qarşıya yönəlmiş bir hərəkətə də malikdir. Bizim şüurumuz daim son məqsədə və niyyətə qayıdır, məqsəd və niyyət isə «gələcək» anlayışına üz tutmadan təsəvvür oluna bilməz. Əslində son məqsəd və niyyət şüurun gələcəyə yönəlmiş hərəkətindən başqa bir şey deyildir. Bizim şüurumuzun indiki vəziyyəti həm keçmişin xatirələrini, həm də gələcəyin proqnozunu ehtiva edir. «Mütləq Mən» də bizim şüurumuz kimi məqsədlidir: bu mənada ki, o, keçmişi qoruyub təkmilləşdirməklə özünü reallaşdırır və gələcəyə yönəlmiş hərəkətdə (dəyişmədə) olur. Beləliklə, «Mütləq Mən» mövcud gerçəklik kimi təkcə bütün keçmişi bütövlüklə özündə hifz etmir, həm də hələ reallaşmamış yaratma imkanlarını özündə saxlayır.
Bütün yuxarıda dediklərimiz İqbalın fəlsəfi dünyagörüşünün inkişafının üçüncü mərhələsində onun Allah haqqında təsəvvürlərinin müxtəsər şərhi idi. İqbalın Hindistanda Qərb fəlsəfəsi üzrə magistraturada oxuması, eləcə də İngiltərə və Almaniyada fəlsəfə sahəsində apardığı araşdırmalar onun bütövlukdə fəlsəfi sistemnin, o cümlədən, Allahla bağlı təsəvvürlərinin belə bir şəkil almasına zəmin hazırladı. Bu amillər onun dini bilikləri ilə birgə elə bir toxum səpdi ki, sonralar həmin toxumdan təravətli bir fidan baş qaldırdı. Həmin toxumun özündəki güc, torpağın münbitliyi, əlverişli iqlim şəraiti əl-ələ verib bu fidanın heyrətamiz inkişafını və yetkinliyini təmin etdilər. Bu fidan öz köklərini Cəlaləddin Rumi, Mak-Taqqart, Ceyms Uord, Berqson və Nitşe kimi filosofların baxışlarından götürür. Əlbəttə, İqbalın Allah barədə təsəvvürləri əsasən Ceyms Uordun fikirlərinin təsiri altında formalaşmışdır, adı çəkilən digər mütəfəkkirlər isə onun dünyagörüşünun başqa sahələrində dərin izlər buraxmışlar.

QEYDLƏR:

1. Eternal beauty
2. Saleema
3. Beatrice
4. Pantheistic Mystics
5. Mc Taggart
6. James Ward
7. Theistic pluralism
8. The self
9. Movement
10. Vitalistic
11. Macdougall
12. Elan vital
13. Sentiment of Self regard
14. Philosophy of the self
15. Will
16. Absoluteself
17. Supreme Ego
18. Viceregency
19. Philosophy of change
20. Serial change
21. Continous Creation
22. Completion
23. Neutrality
24. Absolute Nothing
25. Progency
26. Omniscient
27. Growth
28. Duration

Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

Raqif Raufoğlu. BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!

Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küskün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
Inamımız keçici olaraq
Vicdan dairəsi xaricində…

Biz, keçid dövrünün gəncləriyik!
Qaytarmalıyıq torpağı.
Başlarımız aşağı,
Əllərimiz telefonda,
Baxışlarımız onda, bunda,
Nə var maraqlı, təzəsi?
Tanış olaq?
Ötür gəlsin...

Biz, keçid dövrünün gəncləriyik!
Bəxtimiz lotoreyalarda,
Məsləkimiz diplomlarımızda,
Diplomlarımız bazarda,
Bazarlarımız keçidlərin içində…

Biz, keçid dövrünün gəncləriyik!
Keçirilən hər müsabiqədə varıq.
Keçi kimi də inadkarıq.
Hər şeyimizdən keçərik,
Ulduz olmaq üçün.
Keçmişimizdən də.
Bacarıqlı olanları əzib keçərik,
Keçin deməkdənsə…

Biz, keçid dövrünün gəncləriyik!
Ey, yolumuzu bağlayan qüvvə!
Özünü bizdən gözlə!
Ümidlərimizin,
Yarımçıq arzularımızın,
Problemlərimizin,
Çılğın hisslərimizin,
Ən gözəl duyğularımızın
Əlindən tutub,
Özümüzlə
Aparırıq qocalığa,
Biz, keçid dövrünün gəncləriyik!


23.03.2008


Davamı

Fətullah Zövqi. ŞEİRLƏR

DAR!

Sıra sənə çatdı
Gəl
Ağ kəndirlərin bacasından bax!
Arxayınam ki,
Anılarına
Başqa bir kef çökəcək!
Bu dirsəkli dirəklərdə əsən
Ərsin boğazların sıralanmış uçuşudur
...Sevgilərini burax
Gəl
Ağ kəndirlərin bacasından bax!


SƏN!

Sən
Yalnız
Bir ulduz ola bilərsən;
Nə yandıra bilərsən
Nə söndürə bilərsən
Ancaq yana bilərsən!
İşıqlana bilərsən!

NİSGİLİM

Səni
Anılarını
Unuduram.
Sənsiz
Sevgisiz
Soluram.
Bu son nisgilim
Sən, sevgilim,
Çıxma canımdan,
Çəkilmə məndən,
Boğuluram!

Qaynaq (ərəb əlifbası ilə): http://zovqi.blogfa.com/


Davamı

ÇE GEVARA ƏFSANƏSİ BARƏDƏ HƏQİQƏTLƏR

Kubanın paytaxtı Havanada əfsanəvi inqilabçı Çe Gevaranın arvadı Aleyda Marçın xatirələr kitabı təqdim olunub. "Mən heç vaxt yazıçılıq fikrində olmamışam, amma ərim haqqında əziz xatirələrimi danışmaya bilməzdim" – deyə Aleyda Març "Evocacion" ("Xatirələr") adlı kitabının təqdimat mərasimində bildirib. Xanım Març əlavə edib ki, o heç vaxt jurnalistlərə müsahibə verməyib və indi də bunu etmək fikrində deyil: "Mənim demək istədiklərimin hamısını bu kitabda oxuya bilərsiniz".

Kitabda xanım Març 1960-cı illərin əvvəllərində Tanzaniyada əri ilə gizli görüşləri barədə məlumat verir. Həmin dövrdə Çe Gevara Afrikada inqilabi azadlıq hərəkatı başlatmaq istəyirdi. Bundan əlavə, kitabda Çe Gevaranın indiyədək heç kəsə məlum olmayan məktubları da yer alıb.
İndiyə qədər bu kitab İspaniya, Yunanıstan və Serbiyada oxuculara təqdim olunub.
Aleyda Març Gevara ilə Kubada diktator Fulxensio Batistaya qarşı partizan müharibəsi illərində tanış olub. Həmin vaxt Çe Kuba inqilabçılarının dördüncü, sonra isə səkkizinci dəstəsinə başçılıq edirdi və Març da onun şəxsi katibi idi. 1959-cu ildə Kubada inqilab qələbə çaldıqdan sonra Çe Gevara birinci arvadı perulu İlda Qadeanı boşayır və Aleyda Març ilə evlənir. Onlar səkkiz il birgə yaşayırlar və bu dövrdə onların dörd uşağı dünyaya gəlir.
Hal-hazırda Aleyda Març Havanadakı Çe Gevara Mərkəzinə rəhbərlik edir.
Qeyd edək ki, bu il əfsanəvi Çenin 80 illiyi tamam olur.


Davamı

BAHA TAHİR "ƏRƏB BUKERİ"Nİ ALDI

Tanınmış Misir yazıçısı Baha Tahir "Buker"in ərəb analogu sayılan və 50.000 dollarlıq pul mükafatını nəzərdə tutan ödülə sahib olub. Mükafatın təqdim olunması mərasimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Zəbi şəhərində keçirilib.

73 yaşlı Baha Tahir bu ödülə "Qürub vadisi" (Sunset Oasis) adlı romanına görə layiq bilinib. Münsiflər heyəti bu romanı "itirilmiş insanın ekzistensial böhranını əks etdirən " əsər kimi dəyərləndirib.
Baha Tahirin rəqibləri sırasında Livan, İordaniya, Suriya və Misirdən olan ünlü ərəb yazarları vardı.


Davamı

Ay Kinq. KÖÇ

Çinin ən məşhur şairlərindən olan Ay Kinq ("Ay Kuinq", "Ay Khinq" kimi də oxuna bilər, bizdə rus transkripsiyasının təsiri ilə "Ay Tsin" kimi tanınır) 1910-cu ildə doğulub. Uşaqlıqdan rəssamlığa böyük həvəsi varmış. Odur ki, 18 yaşında rəssamlıq təhsili almaq üçün İncəsənət İnstitutuna daxil olub. Bir neçə həftə sonra institutun rektoru ona deyib: «Sən burda bir şey öyrənə bilməyəcəksən». Buna görə Ay Kinq Parisə gedib və üç il (1929-32) orada rəssamlıq təhsili alıb. Renuar və Van Qoqun əsərləri, Mayakovski və Verharnın poeziyası, Kant və Hegelin fəlsəfəsi dünyagörüşünə güclü təsir göstərib.
Çinə qayıtdıqdan və bir müddət rəssam kimi fəaliyyət göstərdikdən sonra Kuomintanq (yaxud Qomindan – Çin Millətçi Partiyası) əleyhinə çıxdığı üçün həbs edilib və üç il zindanda saxlanıb. Kinq ilk şeirini məhz bu dövrdə – həbsxanada yazıb və həmin vaxtdan etibarən şairliyi əsas peşəsinə çevirib. Yaponiya ilə müharibə illərində o, ölkəni qarış-qarış gəzərək, vətənpərvərlik ruhlu şeirləri ilə insanları işğalçılarla mübarizəyə səsləyib.
Çin Xalq Respulikası yaranandan bir neçə il sonra Kinq "sağçılıq"da ittiham olunaraq, Mancuriyaya sürgün edilib. 20 il ərzində (1958-78) ölkədə Kinqin şeirlərinin çapına icazə verilməyib.

1980-ci ildə o, ikinci dəfə Parisə gedib. 1985-ci ildə isə Fransa prezidenti Fransua Mitteran ona "Sənət və Ədəbiyyat cərgəsinin Komandanı" ("Commander of the Order of Arts and Letters") titulu verib. Kinq 1996-cı ildə vəfat edib.
Kinq «Paris», «Okeanla üz-üzə», «Yağış damcıları», «Seçilmiş şeirlər»... kimi kitabların müəllifidir. Onun şeirləri sadə bir dillə yazılıb. Burada həyati reallıqlar geniş yer tutur və son nəticədə bütün predmet və hadisələr qəribə emosional əlaqə, balğılıq kəsb edir. Şairin əsərlərinin digər mühüm xüsusiyyəti onlara rəssamlığın son dərəcə güclü təsiridir – isti və soyuq rənglər Kinq poeziyasının mayasını təşkil edir.



Ehtiras və şövqlə dolu bir gənc
təzə ağac ətri verən,
kimsəsiz balaca adanı arxada qoyan
qayıq kimi
öz kəndindən köçüb gedir:
«Bu kəndi sevmirəm,
adi bir kənddi-
adi ağac kimi;
çöl camışı kimi
qapqaradı.

Mən uşaqlığımı onda itirdim.
Ürəyimin sözünü
məni ələ salan
qanmaz adamlara
açıb deyə bilmədim.

Uzaqlara getmək istəyirəm:
elə bir yerə ki,
yuxuda onu çox görmüşəm.
Ora burdan yaxşıdı,
adamları əbədidi.
Və orada dərd
həvəngdəstə,
yaxud toxmaq kimi
ürəyi döymur.
Orada meymun sifətini andıran
kinli çöhrələrə
və cadugərlərə
yer yoxdu…

Atam
gümüş sikkələri
beş-beş sayır
qırmızı kağıza büküb
mənə verir
və nə isə tapşırır.
Amma başım
başqa fikirlərlə doludu.
Qarşımda
limanın işıqlarını görürəm…

Ey boşboğaz sərçələr!
Bu hay-küy
nə üçündü?!
Məgər bilmirsiz ki, köçürəm?!
Ey mənim vəfalı,
muzdu əzab olan valideynlərim!
Bu qəmgin baxışlar
nədəndi?!
Səhər günəşi
çınqıllı yolu
işıqlandırır,
və mən kəndimin halına
acıyıram.
O, neçə kişi görmüş qarı kimi
qozbel dağın ətəyində dayanıb.

Əlvida,
ey qarabaxt kəndim!
Sən də
ey qoca itim,
qayıt!
Bəlkə bu qozbel dağ
sizə bir xeyir verdi.
Mən də qayıdacağam –
ancaq qocalanda!»

Təqdimat və tərcümə: Məsiağa Məhəmmədi


Davamı

"BELÇİKANIN DƏRDİ"Nİ YAZAN KÖNÜLLÜ ÖLÜMÜ SEÇDİ

Məşhur "Emmanuel" filminin qəhrəmanı onun arvadı olmuşdu

78 yaşlı Belçika yazıçısı, flamand ədəbiyyatının ən parlaq nümayəndəsi Hüqo Klaus dünən könüllü surətdə həyatdan gedib. Alsheymer xəstəliyinə tutulmuş dünya şöhrətli yazıçı həkimlərə evtanaziya barədə müraciət edib və evinin yaxınlığındakı xəstəxanada ölüb.

Klaus çoxsaylı romanlar, poemalar, şeirlər, hekayələr və pyeslər yazmışdır. Onun əsərlərinin sayı 200-dən çoxdur. Yazıçı daim öz qələmi ilə ictimai ədalətsizliyə, dini dözümsüzlüyə və digər sosial bəlalara qarşı mübarizə aparmışdır. 1983-cü ildə çıxmış "Belçikanın dərdi" (The Sorrow of Belgium) kitabını o, öz xalqına həsr etmişdi. Yazıçıya dünya şöhrəti gətirən də məhz bu əsəri olmuşdu.
Yazıçı, şair və dramaturq olan Klaus kino sahəsində də fəaliyyət göstərmiş, öz ssenarisi əsasında bir neçə film çəkmişdi. Məşhur "Emmanuel" filminin qəhrəmanı Silviya Kristel onun arvadlarından biri olmuşdu.
Həmvətənləri Klausa öz sevgilərini xüsusi ritualla – hər il Nobel mükafatına onun namizədliyini irəli sürməklə ifadə edirdilər. Bu il isə onun "Belçikanın dərdi" əsərinin 25 illiyi təntənə ilə qeyd ediləcək. Təəssüf ki, yazıçının iştirakı olmadan…


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər