NƏİMİYƏ HƏSR OLUNMUŞ BİR ŞEİR HAQQINDA

Müasir İran poeziyasının görkəmli nümayəndəsi Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də nüfuzlu ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi tanınır, Tehran Universitetinin professorudur. Məşhur İran alimi Əbdülhüseyn Zərrinkubun sözləri ilə desək, Kədkəni eyni zamanda həm elmdə, həm də şeirdə yüksək məqama yetmiş istisnalardandır.
Şəfii Kədkəni şeir yazmağa yeniyetmə çağlarından başlamış, klassik poeziya ənənələri çərçivəsində qəzəllər yazmışdır. Daha sonra sərbəst şeirə üz tutmuş və “İran yeni şeirinin atası” Nima Yuşicin, xüsusən də həmyerlisi Mehdi Əxəvane-Salesin güclü təsiri altında olmuşdur. Lakin zaman keçdikcə klassik şeirin, özəlliklə sufi poeziyasının ənənələrini modern İran və dünya ədəbiyyatının nailiyyətləri ilə uğurlu bir şəkildə sintez etməklə, fars şeirində özünəməxsus bir yol tutmuşdur. Bu yol şairin 1977-ci ildə nəşr olunmuş “Muliyan çayının qoxusu” (“Buye-cuye-Muliyan”) adlı şeir toplusunda parlaq surətdə özünü göstərmişdir.
Qeyd edək ki, həmin kitabın adı Rudəkinin məşhur qəsidəsinin ilk misrasından alınmışdır. Topluda Şərq-islam bədii-fəlsəfi fikrinin Sührəvərdi, Əttar, Sədi və s. kimi nümayəndələrinin yaradıcılığı ilə bağlantılar, irfani motiv və obrazlar aydın şəkildə görünməkdədir. Burada yer almış kifayət qədər iri həcmli bir şeir isə hazırda 650 illiyi qeyd olunan böyük şairimiz İmadəddin Nəsiminin ustadı, hürufilik təliminin banisi Fəzlullah Nəimiyə həsr olunmuşdur.
“Fəzlullah Hürufinin məhkəməsindən” (“Əz mohakemeye-Fəzlullahe-Horufi”) adlanan bu şeirdə Şəfii Kədkəni Nəiminin şəxsiyyəti və missiyasının özünəməxsus ictimai-fəlsəfi yozumunu və poetik şərhini təqdim etmişdir. Şeir Nəimini küfrdə ittiham edənlərlə böyük mütəfəkkir arasında dialoq formasında qələmə alınmışdır. Maraqlıdır ki, Amerika postmodern şeirinin ünlü nümayəndəsi Çarlz Olsonun (1910-1970) misrası şeirə epiqraf kimi verilmişdir.

Şeirin yazılmasında Şəfii Kədkəni, heç şübhəsiz, Nəiminin yaradıcılığından, xüsusən onun “Vururam” (“Zənəm”) rədifli məşhur qəzəlindən bəhrələnmişdir. Həmin qəzəldə Nəimi:

Qazı mənim qarşımda nədir, müfti mənim dinimi nə bilir?
Mən onların hökmünə və məhkəməsinə yoxluq təpiyi vururam!
(Qazi çe başəd pişe-mən, mofti çe danəd kişe-mən,
Çun poşte-paye-nisti bər hokm-o bər yərğu zənəm!)

– beyti ilə din xadimlərinin onun barəsində hökm və fikirlərinə etinasızlığını ifadə etmişdir (Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı. Prof. Rüstəm Əliyevin nəşri. Tehran, 1974, s. 18). Kədkəninin şeirindəki bəzi ifadələr də (qeysərin qəsri, xaqanın tacı) bilavasitə həmin qəzəldən alınmışdır.
Fikrimcə, görkəmli İran şairinin bu əsəri Nəiminin bədii obrazını yaratmaq və düşüncələrini anlatmaq baxımından unikal bir nümunədir. Odur ki, “Nəsimi İli”ndə həmin şeiri farscadan Azərbaycan dilinə çevirməyi və zəruri izahlarla oxuculara təqdim etməyi lazım bildim.



Məhəmmədrza Şəfii Kədkəni

FƏZLULLAH HÜRUFİNİN MƏHKƏMƏSİNDƏN

What does not change / is the will to change
Charles Olson
(1)

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“ – Hərflər hərəkətin başlanğıcıdır,
hərəkət isə su və ağac,
ot və təbəssüm,
məktəbli uşaq və almadır,
Allahın qırmızı alması!
Mən bu əlvan üfunəti
Söz-söhbət suyu ilə yuyacağam,
çünki mənim sözlərim
dənizdən gəlir
və dənizə tələsir
yenidən”.


“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Xəbər çatıb ki, yağış
yenidən yağacaq.
Tanrı çılpaq olacaq
və külə dönmüş bağ
çiçək açacaq.

Bir müsafir yoldadır,
ərğəvan və buludla
doludur yelkəni
və zülmətin cismini,
bu yaralı qırxayağı
qovacaq itburnu çiçəklərinin yuxusundan.

Müsafirlər yoldadır,
şəfəqi çiyinlərinə atıb onlar,
şimşəyin libasını əyinlərinə geyib onlar.
Qardaşlarım
sözləri ilə
yarırlar gecəni.

Xəbər çatıb ki, gur yağış
yağacaq,
Tanrı çılpaq olacaq.
Görmürsənmi məgər
könlüm yamyaşıldır,
od və suyun malik olduğu
bir haldayam.
Axtarıram
hərflərin yeni nizamını
və elə bir vəzni ki,
gün ilə Ruzbehanı (2) birlikdə
mədh eləyim
və eşq Tasinini (3) bəstələyim.
Mənim küfrüm
elə bir küfrdür ki,
heç bir Simurq
qanad çala bilməz
onun zirvəsinə.

Bir bax,
partladı ildırımın qəzəbi,
şövqdən
islandı buğda sünbüllərinin kirpiyi
və ərğəvanlar namaz qılır orda”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

“– Sən tarix atlasının harasını
hərflərin suyu ilə yumaq istəyirsən?
Hansı qeysərin qəsrini,
Hansı xaqanın tacını?”
Şallaq aşağı endi.

“– Zülmətin yolunu, dirilik suyunu
Xızıra bağışlayacaq.
Baxma ki, səf çəkib
Min Xacə Nizamülmülk (4),
min axta xacə
və hər birinin dodağında
min axta söz.
Bax ki, bunlar,
bunlar
necə yağışın altında
altı min illik
murdar leşlərin üzünü
hələ də qızardırlar
güllərin qanı ilə.
Bu Çingiz (5) heyvanxanasını seyr etmək üçün asan,
gərək bir zürafənin boynundan sallanasan”.

Şallaq aşağı endi,
şikayət etmədi yenə.

Yaşıl meşənin ortasında
Bir torağay qanad çaldı
və səhər nəsimindən
asılı qaldı.


İzahlar:

1) Dəyişməyən şey – dəyişdirmək iradəsidir (Çarlz Olson).
2) Orijinalda “ruz və Ruzbehan”. Məşhur sufi şeyxi Ruzbehan Bəqli Şirazi (1128-1209) nəzərdə tutulur.
3) Tasin - əslində Ta, Sin. Ərəb əlifbasının 12 və 16-cı hərfləri. Bu hərflər Quranın bəzi surələrinin, o cümlədən, 27-ci “Nəml” surəsinin əvvəlində işlənmişdir.
4) Xacə Nizamülmülk Tusi (1018-1092) – Səlcuq sultanlarının vəziri, məşhur “Siyasətnamə” əsərinin müəllifi.
5) Monqol imperiyasının qurucusu Çingiz xan (1162-1227) nəzərdə tutulur.




Fars dilindən tərcümə və izahlar: Məsiağa Məhəmmədi


Davamı

YUSİF QARABAĞİ VƏ ONUN «YEDDİ BAĞ» ƏSƏRİ

Son orta əsrlərdə farsdilli poeziyanın inkişaf xüsusiyyətləri, o cümlədən, böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) yaradıcılığı ilə bağlı elmi axtarışlarım zamanı mənbələr və tədqiqatlarla tanış olarkən, ara-sıra Yusif Qarabaği adına rast gəlirdim. İlkin təəssüratıma görə öz dövrünün fəlsəfi fikrinə mühüm təsiri olan, lakin bu gün hətta elmi dairələrdə belə kifayət dərəcədə tanınmayan filosofun şəxsiyyətinə marağım getdikcə artırdı. Bu, bir yandan öyrəndiyim dövrün poeziyasının özünəməxsus fəlsəfi əsasa malik olması və həmin məsələnin həllinin zəruriliyi kimi sırf elmi vəzifə ilə şərtlənirdisə, digər tərəfdən filosofun «Qarabaği» nisbəsi ilə əlaqədar idi - həmin günlərdə Qarabağda erməni separatçılarının fəaliyyəti güclənmiş, müharibə tonqalı alovlanmağa başlanmışdı. Mənbə və tədqiqatlarda mövcud olan məlumat və mülahizələr məni qane etmirdi və Yusif Qarabağinin əsərləri ilə bilavasitə tanışlığa güclü ehtiyac duyurdum.
Elə həmin vaxt M.E.Saltıkov-Şedrin adına Leninqrad (indi Sankt-Peterburq) dövlət kütləvi kitabxanasının fars və tacik əlyazmalarının tam kataloqu nəşr olundu [1]. Kataloqa əsasən həmin kitabxanada Yusif Qarabağinin farsca bir risaləsinin saxlandığını öyrəndim və çox keçmədən həmin risalənin mikrofilmini əldə edə bildim.
Əlyazma ilə tanışlıq gözlədiklərimi doğrultdu: həcmcə kiçik bir əsərdə alimin insan haqqında mükəmməl və sistemli konsepsiyası öz əksini tapmışdır. Bu konsepsiya Şərq-İslam mədəniyyətinin minillik ənənəsinə əsaslanır və bir növ onun yekunu təsiri bağışlayır. Elə bu faktdan çıxış edib əsəri zəruri şərhlərlə dilimizə çevirməyi lazım bildim.
Şübhəsiz, əsərlə tanışlıqdan əvvəl oxucuları onun müəllifi maraqlandıracaq və onlar «Yusif Qarabaği kimdir?» sualına cavab axtaracaqlar. Və təbii ki, hamının əli çatan «Azərbaycan Sovet Ensiklopediyasının» III cildindəki xəsis məlumat [2] onları qane etməyəcək. Odur ki, həmin suala mümkün qədər dolğun cavab verməyə çalışaq.
XVI-XVII əsrlərdə yaşamış, mürəkkəb və keşməkeşli bir həyat yolu keçmiş, məhsuldar elmi yaradıcılıqla və geniş pedaqoji fəaliyyətlə məşğul olmuş peşəkar Azərbaycan filosofu Yusif Qarabağinin kimliyi barədə və dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin «Tarixi-Raqimi» adlı əsərində verdiyi məlumatlar yaxşı təsəvvür yaradır: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misirində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir» [3]. Daha sonra: «O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi» [4].
Raqim Yusif Qarabağini həm də istedadlı bir şair kimi təqdim edərək yazır: «Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir» [5]. Bu fikir Yusif Qarabağinin «Yeddi bağ»dakı şeirləri ilə də təsdiq olunur. Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov da Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir [6].
Dövründəki böyük şöhrətinə və ölümündən sonra əsərlərinin geniş yayılmasına baxmayaraq, XX əsrin əvvəllərindəki inqilabi hadisələr Yusif Qarabaği adından da yan keçməmişdir. Təsadüfi deyil ki, Yusif Qarabaği haqqında ilk geniş tədqiqatın müəllifi, tanınmış şərqşünas A. A. Semyonov ondan «XVII əsrin unudulmuş filosofu» kimi bəhs açmışdır [7]. Alim əldə etdiyi mənbələr əsasında Yusif Qarabağinin elmi bioqrafiyasını bərpa etməyə çalışmış və onun «Risalət əl-xəlvətiyyə» əsərini geniş təhlil etmişdir.
Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, «Danişməndani-Azərbaycan» adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır:
«Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyə və əlavələr yazmışdır ki, «Haşiyəyi-Xanəgahi» adı ilə məşhurdur. Yusif Qarabaği bu əsəri Səmərqəndin Hüseyniyyə xanəgahında yazmış və Əbu Hamid Xəlilullaha təqdim etmişdir (hicri-qəməri 999-cu il səfər ayının 2-də / 1590, 30 noyabr). Ağa Hüseyn Xalxali bu əlavələri tənqid etmişdir. Mövlana Yusif hicri-qəməri 1033-cü (1623-cü) ildə Buxara şəhərində ona cavab yazmışdır ki, bu da «Tətimmətul həvaşi fi izalətil ğəvaşi» («Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə») adı ilə məşhurdur»[8]. Daha sonra M. Tərbiyət onun bir beyt şeirini misal kimi vermişdir.
Çoxcildlik Özbəkistan və Azərbaycan tarixlərində Yusif Qarabaği bir sıra fəlsəfi əsərlərin müəllifi kimi yad olunmuş və həmin əsərlərin Oktyabr inqilabına qədər Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi öyrənildiyi göstərilmişdir [9]. H.Araslı da Yusif Qarabağini «Orta Asiya xalqlarının mədəniyyəti üzərində müəyyən təsiri olmuş» Azərbaycan filosofu kimi xatırlamışdır [10]. Maraqlıdır ki, müasir tədqiqatçı, akademik A.M.Boqoutdinov da Raqim kimi Yusif Qarabağinin öz dövründə müstəsna şəxsiyyət olduğunu vurğulamışdır: «Bu dövrün sufi ədəbiyyatında biz heç bir «səmərəli toxuma» rast gəlmirik. Ola bilər ki, kübraviyyə sufi təriqətinə mənsub olan Yusif Qarabaği Məhəmmədşahinin əsərləri istisnalıq təşkil edir» [11]. Lakin müəllif təəssüflə qeyd edir ki, bu əsərlər demək olar öyrənilməmişdir.
Yusif Qarabağinin həyat və yaradıcılığının öyrənilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, Azərbaycan tədqiqatçısı Ə.Ə.Əminzadəyə məxsusdur. O, əvvəlcə «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər» adlı kollektiv əsər üçün Yusif Qarabaği haqqında məqalə yazmış [12] daha sonra özünün «Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən» adlı monoqrafiyasında ona xüsusi fəsil həsr edərək, filosofun həyatı və fəlsəfi irsi, ontoloji, qnoseoloji və etik görüşləri barədə geniş bəhs açmışdır [13].
Ə. Ə. Əminzadənin tədqiqatına əsasən, Yusif Qarabaği çox güman ki, XVI əsrin II yarısında Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində doğulmuş, ilk təhsilini burada almış, daha sonra İrana gedib o dövrün tanınmış alimi Həbibullah Mirzəcan Şirazinin (vəf. 1585) şagirdi olmuşdur. Bir müddət sonra o, müəllimi ilə birgə Orta Asiyaya mühacirət etmişdir. Ə. Əminzadə bunu haqlı olaraq, İranda şiəliyin hakim ideologiya səviyyəsinə qaldırılıb sünnilərin təqib edilməsi ilə əlaqələndirir [14].
Yəni bu, heç də «Azərbaycan tarixi»ndə deyildiyi kimi, «ölkənin (Azərbaycanın – M.M.) türklər tərəfindən işğalı» [15] ilə bağlı deyildi. Bu dövrdə Səfəvi İranından alim və şairlərin kütləvi surətdə Hindistana və Mavəraənnəhrə mühacirətinin başlıca səbəbi məhz ölkədəki ideoloji şərait, dini dözümsüzlük atmosferi olmuşdur. Şiəliyi hakimiyyətin dayağına çevirmiş Səfəvi hökmdarlarının himayəsi ilə sünnilər və eləcə də sufizm nümayəndələri ciddi təqiblərə məruz qalırdılar [16]. Yusif Qarabağinin əsərlərinin təhlili göstərir ki, onun elə bu səbəbdən Orta Asiyaya getməsi daha inandırıcıdır.
Yusif Qarabaği bir müddət Səmərqənddə yaşamış, tədrislə məşğul olmuş, «Böyük Axund» («Axundi-kəlan») adı ilə şöhrət qazanmışdır. Elə həmin dövrdə o, məşhur sufi şeyxi Nəcməddin Kübranın (1145-1221) adı ilə bağlı olan «kübraviyyə» təriqətinə qoşulmuşdur [17]. Daha sonra Buxaraya köçən Yusif Qarabaği burada məhsuldar elmi yaradıcılıqla məşğul olmuşdur. O, Buxara əmiri İmamqulu Bahadurxan (1611-1642) ilə yaxın olmuş, onun məclislərində iştirak etmişdir.
Yusif Qarabağinin oğlu Xacə Yaqub atasının ölmünə maddeyi-tarix yazmışdır. Həmin maddeyi-tarixə («Yaqubun gözündən Yusif getdi») əsasən, Yusif Qarabaği hicri-qəməri 1054-cü ildə (1644/45) vəfat etmişdir və Buxara ətrafında dəfn olunmuşdur.
Yusif Qarabağinin fəlsəfi irsi kifayət qədər zəngindir. Ə.Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunun əlyazmalarına əsasən alimin 20-yə qədər əsərinin adını çəkir [18]. Bu əsərlərin əksəriyyəti ərəbcədir.
Əsərlərin adları ilə tanışlıq Yusif Qarabaği yaradıcılığının məşhur İran alimi və şairi Cəlaləddin Dəvvani (1426-1502) irsi ilə sıx bağlı olduğunu söyləməyə əsas verir. Mənbələrə əsasən, Yusif Qarabağinin elmi-fəlsəfi əsərləri ilə yanaşı, poetik divanı da olmuşdur, lakin bu divan hələlik əldə edilməmişdir.
Son dövrdə Yusif Qarabağinin şəxsiyyəti və fəlsəfi irsi ilə bağlı olan daha iki tədqiqat meydana çıxmışdır. Bunlardan biri özbək alimi M.N.Nurutdinovun monoqrafiyasıdır [19]. İkincisi, Türkiyə araşdırıcısı Əbdürrəhim Gözəlin başqa bir Azərbaycan filosofu Mühyəddin Məhəmməd Qarabaği (vəf. 1635) həsr olunmuş kitabıdır [20]. Əsərin maraqlı cəhəti odur ki, müəllif xüsusi fəsildə bəhs etdiyi filosofdan başqa «Qarabaği» nisbəli daha on filosofun adını çəkib qısa məlumat verir və burada təbii ki, Yusif Qarabağinin də adı var. Yusif Qarabağinin vəfat tarixini 1035-ci (1625/1626-cı) il kimi göstərən Ə.Gözəl onun Süleymaniyyə kitabxanasında əlyazması saxlanılan yeddi əsərinin adını çəkmişdir [21].
«Həft cinan» risaləsi Yusif Qarabağinin farsca yazdığı ən mühüm əsəridir. Təsadüfi deyil ki, Ə.Əminzadə alimin fəlsəfi görüşlərini, demək olar bütünlüklə, bu risalə əsasında şərh etmişdir [22]. Lakin o, nə üçünsə, həm «Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər»də, həm də monoqrafiyasında əsərin adını «Həft behişt» («Yeddi behişt») kimi göstərmişdir.
Özlüyündə aydındır ki, Yusif Qarabaği «behişt» sözünü işlətsəydi, əsərə bu cür ad qoymazdı, çünki məlum olduğu üzrə, cənnət səkkiz bağdan ibarətdir (Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin poeması, habelə Həkiməddin İdris Bidlisinin Osmanlı tarixinə dair əsəri (XVII əsr) də məhz «Həşt behişt» - «Səkkiz behişt» adlanır).
Onu da deyək ki, tərcüməsini etdiyimiz əlyazma nüsxəsinin saxlandığı (bu nüsxə Məhəmməd Şərif adlı kitab tərəfindən avtoqrafdan köçürülmüşdür) Saltıkov-Şedrin adına kitabxananın kataloqunda risalənin adı «Həşt behişt» kimi göstərilmişdir[23]. Lakin əlyazmanın başlığında risalənin adı «Kitabi-həft cinan» («Yeddi cənnət bağı kitabı») kimi verilmişdir. Bu da tamamilə qanunauyğundur, çünki risalə hər biri «cinan» adlanan və öz növbəsində bir neçə «çəmən»ə bölünən (buna görə risalə həm də «Çəməniyyə» adı ilə məşhurdur) yeddi fəsildən ibarətdir. Bəs bu «behişt» sözü haradan meydana çıxmışdır? Əsərin əvvəlində Yusif Qarabaği onun yazılma səbəbindən bəhs edərkən yazır: «…Könlüm rəsmi maneələrə və gündəlik məşğuliyyətə baxmayaraq, bir risalə qələmə aldı ki, yeddi cənnət bağından (cinan) ibarətdir və xütbəni (girişi) də əlavə etsən, səkkiz olar və beləliklə, ona səkkiz behişt demək mümkün olar…».
Kataloqun tərtibçisi, görünür, müəllifin bu sözlərindən çıxış etmişdir. Lakin «Həft cinan» adı əsərin strukturunu əks etdirdiyi və əlyazmanın üstündə qeyd olunduğu üçün biz həmin adın üzərində dayandıq. Bir də «cinan» sözünü, sadəcə, «bağ» kimi də mənalandırmaq mümkündür.
Müəllif yeddi rəqəmini təsadüfən əsərin strukturunda əsas götürməmişdir. Bəlkə o, risalədə iki dəfə xatırlayıb sitat gətirdiyi dahi həmyerlisi Nizami Gəncəvinin «Həft peykər»ini – «Yeddi gözəl»ini nəzərdə tutmuşdur? Bəlkə də… Hər halda istənilən variantda «Həft behişt» adı istisna olunmalıdır. Risalənin «Həft cinan» - «Yeddi bağ» adı ilə təqdim olunması, yuxarıdakı dəlillər nəzərə alınmaqla, tamamilə məntiqidir, hərçənd müəllifin dediyi kimi, ona «Həşt behişt» söyləmək də mümkündür. Yusif Qarabaği bu «mümkünlüyü» sanki oxucularının ixtiyarına buraxmışdır. Biz də müəllifin bu iradəsi ilə hesablaşmalı oluruq.

Ədəbiyyat:
 
1. Персидские и таджикские рукописи Государственной Публичной библиотеки имени М. Е. Салтыкова-Щедрина, часть 1-2. составитель Г. И. Костыгова. Ленинград, 1988-1989.
2. ASE, III cild. Bakı, 1979, s. 48.
3. Xacə Seyid Şərif Raqim. Tarix-e raqemi. – AMEA Şərqşünaslıq İnstitutunun arxivi, inv. № 52, s. 218 b.
4. Yenə orada, s. 232 a.
5. Yenə orada, s.232b-233a.
6. А. А. Бакиханов. Сочинения. Записки. Письма. Вступ. статья, составление и прим. Э.М.Ахмедова. Баку, 1983, с. 268.
7. А. А. Семенов. Забытый среднеазиатский философ XVII в. и его «Трактат о сокрытом». – Известия общества для изучения Таджикистана и иранских народностей за его пределами. Т. 1, Ташкент, 1928, с. 137.
8. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 180.
9. История Узбекской ССР, т. I, Ташкент, 1955, с. 446; Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
10. H. Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956, s.78.
11. А. М. Богоутдинов. Очерки по истории таджикской философии. Душанбе, 1961, с. 218-219.
12. Очерки по истории Азербайджанской философии, т. 1, Баку, 1966, с. 284-299.
13. Ə. Ə. Əminzadə. Azərbaycanda fəlsəfi və ictima-siyasi fikir tarixindən. Bakı, 1972, s. 32-79.
14. Yenə orada, s. 35.
15. Azərbaycan tarixi. I cild, Bakı, 1961, s. 306.
16. Ətraflı məlumat üçün bax: Məsiağa Məhəmmədi, Saib Təbrizi və farsdilli poeziyada «Hind üslubu», Bakı, 1994, s. 35-61.
17. «Kübraviyyə» təriqəti barədə bax: Дж. С. Тримингем. Суфийские ордены в исламе. M., 1989, с. 55-57.
18. Ə. Ə. Əminzadə. Göstərilən əsəri, s. 38-43.
19. М. Н. Нурутдинов. Юсуф Карабаги и общественно-философская мысль Средней Азии XVI-XVII вв. Ташкент, 1990.
20. Abdürrahim Güzel. Karabaği və Tehafütü. Ankara, 1991.
21. Yenə orada, s. 45-46.
22. Ə. Əminzadə. Göstərilən əsəri, s. 42-79.
23. Персидские и таджикские рукописи Государственной Публичной библиотеки имени М. Е. Салтыкова-Щедрина, часть II. Ленинград, 1989, с. 252-253.

1997-ci il


Davamı

Hafiz Musəvi. Bura Orta Şərqdir (şeir)

Bura Orta Şərqdir
Tarixin dili ilə danışırıq biz,
Tarixi yuxular görürük,
Sonra da
Tarixi dəhrələrlə
Başını kəsirik bir-birimizin.

Şamdan Hicaza,
Hicazdan Bağdada,
Bağdaddan İstanbula,
İstanbuldan İsfahana,
İsfahandan Bəlxədək
Ölülər hökmranlıq edir
Bizim torpaqlarda.

Bura Orta Şərqdir
Və bizim qanımız arasından keçən
Bu sınıq-salxaq maşın
Tarixdir.

Bura Orta Şərqdir
Aramsız müharibələr arasındakı
Müvəqqəti sülhlər diyarı.
Xəlifələr, imperatorlar, şahzadələr, hərəmxanalar diyarı.
Və bir diktatorun edam edilməsinə
Gülməli ya ağlamalı olduğunu bilməyən
Adamlar diyarı.



Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Roca Çəmənkar. ŞEİRLƏR

Roca Çəmənkar 1981-ci ildə anadan olub. Tehranda kino və dramaturgiya sahəsində təhsil alıb, Strasburqda doktoranturada oxuyub. 
İndiyədək altı şeir kitabı nəşr olunub: “Ana dilində ölmək”,“Özümlə danışıram”, “Getmişdin mənə bir az cənub gətirməyə” və s. 
2011-ci ildə gənc şairlər arasında İran Mədəniyyət Nazirliyinin keçirdiyi “İlin kitabı” müsabiqəsinin qalibi olub. İranda və Avropada çoxsaylı poeziya festivallarının iştirakçısıdır. Şeirləri ingilis, fransız, rus dillərinə tərcümə olunub. 
2016-cı ildə Fransada Nikos Qatsos adına mükafata layiq görülüb.


İstəyirdim quş olasan

İstəyirdim quş olasan,
uçub gedəsən
və geri dönməyəsən bir də.

İndi
illərdir məndə yuva qurmusan,
budaqlarımı qırmısan.
Hər gecə
qarmaqarışıq edirsən yuxularımı.
Hər gün
dimdikləyirsən həyatımı...
 

Əllərimdə xətt yoxdur

Əllərimdə
heç bir xətt yoxdur:
nə ömrümün uzunluğunu göstərən xətt,
nə gələcəyimdən xəbər verən xətt,
nə də məni kiməsə qovuşduracaq xətt.

Mən
dünyanın bütün xətlərini
gözlərimdə gizlətmişəm ki,
falçıların heyrət dolu baxışlarından
soyusun ürəyim.


Tap məni

Tap məni fincanlardakı barmaq izindən
kafelərdə,
vitrinlərin arxasında dayanmaqdan,
gəlinciklərə qısılmaqdan.
Adıma olan gilas ağacında,
sarı skamyada, ağ qızılgüldə, qarlı gündə.

Tap məni qorxu altında, göz yaşları içində titrəməkdən,
Bəndəri rəqsinin ortasında, armudu stəkanda, qaranlıq gecədə.
Yaddaşım hardadır?
Evim harda?
Gülüşüm harda?

Tap məni pəncərənin altında yavaşca yeriməkdən,
cümə axşamı, metro, sonuncu dayanacaqdan.
Axı nə idi adım?
Adım nə idi?
Dərim nə rəng idi?

Tap məni sözlərin ayaq izindən,
kinoteatrın qarşısında, parkın içində, uzun küçənin sonunda.
Uzun küçə,
Uzun dünən,
Uzun gün.
Sirrim nə idi?
Kölgəm hardadır?
Tehran, Vəli-əsr meydanı, Milli Bankın yanı,
itmiş əşyalar bölməsi.
Tap məni
itmiş əşyaların nişansız kölgələri arasından...


Farscadan tərcümə: Məsiağa Məhəmmədi






Davamı

“Bəzi naşirlər kitabı gözdən salmaqla məşğuldur”

 "Kitabçı" jurnalına müsahibəm

- Məsiağa müəllim, bilirəm ki, müsahibə vermək məsələsinə adətən həvəssiz yanaşırsız. Söhbət eləməyi sevsəm də, şəxsən məndə bu duyğu var ki, müsahibə verən adam sanki olduğundan daha vacib bir görkəm almalıdır, Sizdə bu nə ilə bağlıdır: müsahibə janrına münasibətlə, ya özünüzə münasibətlə?
- Elədir və burada həm siz dediyiniz, həm də digər amillər var. Doğrudan da, “vacib görkəm almaq” bizim müsahibələrdə bir növ şərtə çevrilib. Hətta deyərdim ki, olduğundan ağıllı görünmək. Mən də hansısa rola girməyi, ümumiyyətlə, xoşlamıram. Səmimiyyət mənim üçün istənilən söhbətdə başlıca şərtdir. Yəni həqiqətən düşündüyünü demək. Bu olmadıqda, “xala xətrin qalmasın” danışıqda məna görmürəm. Bir məsələ barəsində danışırsansa, problemin kökünü göstərməlisən, ikinci, üçüncü dərəcəli məsələlərdən “ağıllı-ağıllı” danışmağa nə var ki?!
Digər bir amil odur ki, adam yaşa dolduqca, mütaliəsi, dünyagörüşü genişləndikcə, görür ki, hər şey deyilib. Təkrara nə hacət? Əsas məsələ deyilənlərə əməl olunmasıdır. Mirzə Cəlil də deyirdi ki, “əməl, əməl, əməl!”. Mən əməlin, nümunənin gücünə sözün gücündən daha çox inanıram.
Üçüncüsü, siz deyən kimi, müsahibə janrı ilə bağlıdır. Əvvəllər maraqlı, ən çox oxunan janrlardan olan bu janr indi çox ucuzlaşıb. Mən mətbuatın, xüsusən, elektron KİV-in sürətli inkişafı şəraitində bu janra çox müraciət edilməsini anlayıram. Amma kimdən gəldi müsahibə də götürmək olmaz axı. Müsahibə cəmiyyətə müəyyən fikirləri çatdırmaq vasitəsindən bir növ reklam, təbliğ vasitəsinə çevrilib. Üstəlik, KİV-in “müsahibə ulduzu”na çevrilmiş adamları şəxsən tanıdıqca, onların dedikləri ilə etdiklərinin arasındakı təzaddan dəhşətə gəlirsən. Və onların sırasında növbəti müsahib olmağa həvəsin qalmır. Təsəvvür edin, elmi işini başqasına yazdıran, yəni professor adı saxta olan birisi müsahibə verib Azərbaycanda kimlərin ciddi alim olmasından söz açır, başqalarının araşdırmalarına qiymət vermək, gənclərə yol göstərmək iddiasında bulunur. Bu, artıq şəxsiyyətin ikiləşməsinin, bir növ şizofreniyanın təzahürüdür və ciddi ictimai problemdir.
- Azsaylı müsahibələrinizin birində deyirsiz ki, xaricdə işləyib qayıdanda, çoxları kimi “Qaz-24” maşını deyil, xeyli kitab gətirmişdiniz və bu, təəccüb doğurmuşdu. Elə həmin müsahibənizdə hansısa əsəri bitirəcəyinizə, hansısa kitabı Azərbaycan dilində çap etdirəcəyinizə inamınızın itmədiyindən danışırsız. Məncə, bu təkcə görəcəyiniz işlə bağlı yox, ümumiyyətlə, kitabla bağlı, kitabın nəyisə dəyişdirəcəyi ilə bağlı inamın təzahürüdür. Sizcə, kitab nədir? Həyatınızda kitabın yeri haqqında bir az danışın…
- Hə, olub elə şey. Hələ ondan qabaq, tələbəlik illərində, necə deyərlər, son qəpiyimi verib hansısa kitabı aldığım vaxtlar olub. Həmin an düşünməmişəm ki, sabah nə yeyəcəm. O kitabdan aldığım mənəvi qida ilə doymuşam. Xaricdə də çoxdan arzusunda olduğum kitabları görəndə, tərəddüd etmədən almışam, həm də sovet vaxtı o kitabları burda əldə etmək qeyri-mümkün idi. İndi kifayət qədər zəngin şəxsi kitabxanamı özümün başlıca sərvətim sayıram. Sonra da öz kitablarım çıxıb, tərtibçi, redaktor kimi bir çox kitabların işıq üzü görməsində iştirakım olub. Bu mənada kitab elə mənim həyatımdır.
Şərqdə kitaba müqəddəs bir şey, tükənməz hikmət qaynağı, bilik mənbəyi kimi baxılıb. Nəzərə alsaq ki, bilik Şərq insanı üçün özlüyündə bir dəyərdir, bu münasibəti anlamaq olar. Yəni Qərbdən fərqli olaraq, bilik praktik faydaya yönəlməyib. Kitabın bu statusu ilk növbədə onunla şərtlənir ki, Tanrı öz bəndələrinə məhz kitab göndərib. Məhəmməd peyğəmbərin ən böyük möcüzəsi də məhz Kitab sayılır. Amma kitabın kütləvi çapı texnologiyasının kəşfi onun statusunda dəyişiklik yaratdı. Yəni kitab həm də əmtəəyə çevrildi. Xüsusən kapitalizm mərhələsində. Sonra da onun televiziya kimi rəqibi meydana çıxdı. Totalitar rejimlərin süqutundan, müəyyən tənzimləmə mexanizmlərinin yoxa çıxmasından sonra isə kitabın başına daha böyük “müsibətlər” gəldi. İş o yerə gəlib çatdı ki, indi camaat arasında deyildiyi kimi, hər yerindən duran kitab yazır (daha doğrusu, çıxarır), ən yaxşı halda ortabablıq baş alıb gedir. Üstəlik, bic uşaqlar kimi bic kitablar da doğulur.
Bununla belə, kitabın həqiqi dəyərini bilənlər üçün onu heç nə əvəz edə bilməz. Vaxtilə ustadım, görkəmli Azərbaycan şərqşünası, professor Rüstəm Əliyev danışırdı ki, Moskvadan Bakıya qayıtdıqdan sonra bir müddət tək yaşadım (özü də rəhmətlik mənim kimi gecələr işləməyi, səhər yaxın yatmağı xoşlayırdı). Dostlarım deyirdilər ki, Rüstəm, tək darıxmırsan? Mən də deyirdim ki, mən səhərə qədər kitablarımla baş-başayam, Xəyyam, Nizami, Sədi, Füzuli ilə söhbət edirəm, nə darıxmaq?!
Həqiqətən də, mənəvi aləmi, öz daxili dünyası olan üçün kitabdan yaxşı həmdəm, munis yoxdur. Böyük Azərbaycan şairi Saib Təbrizinin bir beyti var. Deyir: “Saeb, mətələb ruye-del əz kəs dər in əhd / Ruyi ke nəgərdəd ze kəsi ruye-ketab əst”. Yəni: “Saib, bu dünyada heç kəsdən etibar gözləmə! İnsandan üz döndərməyən bir kəs varsa, o da kitabdır”. Başqa bir farsdilli şair də deyir: “Behtər ze ketab dər cəhan yari nist / Dər qəmkədeye-zəmane qəmxari nist”. Mənası budur ki: “Dünyada kitabdan yaxşı dost yoxdur / Zəmanə qəmxanəsində ondan yaxşı həmdərd yoxdur”.
Kitab həm də insanı dəyişdirən bir vasitədir. Dünyanı dəyişməyin yolu da inqilablardan yox, insanı dəyişməkdən keçir. Bu baxımdan kitabın bəşər tarixində rolu əvəzsizdir və yalnız informasiya-kommunikasiya texnologiyaları ilə müqayisə oluna bilər.
- İlk oxuduğunuz kitabı xatırlayırsız?
- Xatırlamıram. Amma dəqiq deyə bilərəm ki, bu, uşaq ədəbiyyatı nümunəsi olmayıb. O yadımdadır ki, 3-cü sinfə qədər “Koroğlu” dastanını bütünlüklə öyrənmişdim və müəlliməmiz adətən nəğmə, əmək dərsləri olan sonuncu saatlarda mənə vaxt ayırırdı ki, dastanı sinif yoldaşlarıma danışım. Mən də hər dəfə bir qolu nəql eləyərdim.
Məktəb vaxtı oxuduğum iri həcmli əsərlərdən Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanını yaxşı xatırlayıram. Mənə çox təsir eləmişdi. Hətta onu fasilələrlə bir neçə dəfə oxumuşdum. Hesab edirəm ki, bu əsər Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biridir və gənc nasirlərin öyrənməsi üçün orada çox şeylər var.
- Elmin cazibədar olması, inkişafı üçün alimin şəraitinin və statusunun yaxşılaşdırılması, qaldırılması fikrini bölüşdüyünüzü bilirəm. Kitabdan danışmışkən, məsələn, qonşu Gürcüstanda, daha az maddi rifah içində olmalarına rəğmən, daha çox kitab oxumalarının şahidi oldum; şərqşünassız, yəqin ki, bizdən daha yaxşı bilirsiz, onların beynəlxalq səviyyəyə çıxan xeyli gənc şərqşünasları var. Sizcə bu nə ilə bağlıdır? Biz niyə az oxuyuruq?
- Elmdə maddi təminat mühüm şərtdir, lakin yeganə şərt deyil. Müsahibələrimdən birində əsas problemin elmin təşkilində olduğunu demişəm. Sovet vaxtı elmi fəaliyyətin təşkili və idarəçiliyi o zamankı şərtlərə uyğun kifayət qədər səmərəli qurulmuşdu. İndi şərait dəyişib, amma biz hələ həmən paradiqmadan qurtula bilməmişik. Bu da ciddi bir əngələ çevrilib. Kəsəsi, bizim elmə müasir tələblərə uyğun menecment lazımdır. Yoxsa bizim nə yetkin, nə də gənc alimlərimizin səviyyəsi, potensialı ən azı bələd olduğum sahədə digər ölkələrin alimlərindən aşağı deyil. Bilirəm ki, ədəbiyyatımızda da “dünyaya çıxmaq” məsələsi geniş diskussiya mövzusudur. Hər iki halda, necə deyərlər, zərgər funksiyasını yerinə yetirə biləcək, sözün geniş mənasında bazarı bilən obyektiv, qərəzsiz menecerlərə ehtiyac var. Əks halda, başqalarına valehlik, özümüzə aşağı baxmaq sindromundan xilas ola bilməyəcəyik.
Qaldı az oxumağımıza, bu, geniş bir sosioloji araşdırmanın mövzusu ola bilər. Hər halda, bu məsələdə tarixi-mədəni və sosial amillərin təsirini görməliyik. Biz tarixən şifahiliyə, şifahi yaradıcılığa meylli olmuşuq. Dədə-babalarımızın yazıb-oxumaqla çox da arası olmayıb. Buna görə də bu gün tariximizin bir çox məsələlərini qeyrilərinin qeyri dillərdə yazdığı qaynaqlar əsasında öyrənməyə məcburuq. Bizdə informasiyanın şifahi ötürülməsi ənənəsinin qalıqları bu gün də güclüdür. Məsələn, böyük alim sayılan adamlarımız var ki, maraqlansan, elə bir yaradıcılığı olmadığını görərsən; yəni onlar bu statusu müxtəlif məclislərdəki söhbətləri ilə, suallara verdiyi cavablarla qazanıblar.
Sosial amillərə gəldikdə isə, burada təhsildən tutmuş KİV-in roluna qədər çoxsaylı məsələlər kompleksindən söz açmaq olar. Amma mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bu da kitab bazarındakı vəziyyətin özü ilə bağlıdır. Bayaq dediyim kimi, kitab insanı dəyişdirən bir vasitədir. Gəlin görək, satışa çıxarılan kitabların neçə faizi bu tələbə cavab verir?! Kitab oxucunu arxasınca aparmaq əvəzinə, özü oxucunun ardına düşüb onun heyvani istəklərinə, ötəri hisslərinə apelyasiya etməklə məşğuldur. Bunu edənlər də kitaba yalnız əmtəə, gəlir mənbəyi kimi baxan, aşağı zövqə və intellektual səviyyəyə malik bir neçə naşirdir. Onlar guya kitabı təbliğ etdiklərini bəyan etsələr də, əslində onu gözdən salmaqla məşğuldurlar. Bazardakı kitabların böyük bir qismi elementar yaradıcı və texniki tələblərə cavab vermirsə, oxucunun ona biganə qalması təbiidir. Əgər oxucu həmin kitabda onu düşündürən suallara, narahat edən məsələlərə cavab tapmayacağına əmindirsə, niyə onu almalıdır?! Bu şəraitdə kitab nəşri və yayımı sahəsinə yaradıcı insanların, kitaba bir dəyər kimi yanaşanların gəlişi vəziyyəti dəyişə bilər. Belə olarsa, Azərbaycan oxucusunun kitaba dönüşü baş verər. Və mən əminəm ki, bu dönüş olacaq.
- Prust gözəl təbiətdə, sevdiyi adamlarla, kitabların, musiqinin əhatəsində və fransız teatrının yaxınlıqda yaşamağı təxminən xoşbəxtlik hesab edirdi? Sizcə, xoşbəxtlik nədir?
- Dar mənada xoşbəxtlik daxili rahatlıqdır. Yəni insan bir şeyə can atıb ona çatırsa, həmin daxili rahatlığı tapır. Bu baxımdan universal xoşbəxtlik məfhumu yoxdur, məncə. Mövlananın bir şeiri var, deyir ki, sən əgər mədəndəki gövhəri axtarırsansa, mədənsən; əgər çörək həvəsindəsənsə, çörəksən; bir sözlə, nəyi axtarırsansa, osan.
Geniş mənada götürdükdə isə, dünyada davamlı xoşbəxtlik yoxdur, xoşbəxtlik ani, müəyyən zaman kəsiyində yaşanan hissdir. Qəzzali, Nizami kimi mütəfəkkirlər bunu insanın ikili təbiəti (maddi və mənəvi başlanğıclara malik olması) ilə izah edirdilər. İnsan heç bir halda bu iki başlanğıcın ziddiyyətini həll edə bilmir, cism ilə ruhun aramsız döyüşündən rahatlıq tapmır və yalnız Tanrı dərgahında hüzura qovuşur.
- Bəs bədbəxtlik…?
- Özünü tanımamaq.
- Bilirəm ki, klassik ədəbiyyat bilicisisiz, eyni zamanda muğamı sevirsiz. Populyar musiqiylə aranız necədir? Kimləri sevirsiz, kimlərə qulaq asırsız?
- Bu baxımdan hər hansı məhdudiyyətim yoxdur. Görürsən ki, biri muğamı sevir, aşıq musiqisini bəyənmir, ya hecanı sevir, sərbəst şeirə dodaq büzür, yaxud müasir poeziyanı bəyənir, qəzələ yaxşı baxmır. Bu, mənə çatmır. Mən ovqatıma uyğun olaraq, bunların hər birindən həzz ala bilirəm. Yəni sənətin əbədi prinsiplərinə söykənən istənilən bədii mətn, yaxud musiqi ilə ünsiyyətim alınır. O cümlədən də populyar musiqi ilə: istər yerli olsun, istər xarici.
- Mən bu qənaətdəyəm ki, son iyirmi-iyirmi beş ildə yazılmış yeni şeirimiz bir çox məziyyətlərinə görə XX yüzillikdə yazılmış poeziya nümunələri arasında daha maraqlı görünür. Bilirəm ki, çağdaş ədəbiyyatımızı daim izləyirsiz, odur ki, mənim bu cəsarətli fikrimə münasibətinizi bilmək istərdim…
- Müstəqillik dövrü poeziyamızda çox maraqlı nümunələr, yaradıcı insanlar meydana çıxıb. Amma bütövlükdə proses dediyiniz təəssüratı möhkəmləndirmir. Yenilik sayılan cəhdlər, fərqli söyləmlər çox zaman başlaması ilə də bitir, yəni sona varmır, məntiqi yekununa doğru irəliləmir. Hay-küy, ehtiras, çağırış və bəyanat çoxdur, həqiqi bədiilik meyarlarına cavab verən əsərlərsə az. Sovet dövrü poeziyası çox ideolojiləşmişdisə, indiki şeirimizdə də xırdaçılıq, təfərrüat, hətta deyərdim, cılızlıq çoxdur. Bir yandan da təqlidçilik. Bununla belə, çağdaş şeirimizdə hadisə sayıla bilən, yeni mərhələni təmsil edən, fərdi üslubu ilə seçilən ən azı iki şair var. Və onların yaradıcılığı tipologiyasına görə XX əsr şeirimizdən fərqlidir. Bəlkə haçansa bununla bağlı müşahidələrimi ayrıca bir yazıda qələmə aldım. Sağlıq olsun.
- Məsiağa müəllim, 50 yaşı mürəkkəb yaş hesab edirsiz. Nədədir bu mürəkkəblik?
- Köhnə vaxtlar 50 yaş ömrün yarısı sayılırdı. İndiki statistika ilə götürsək, ömrün üçdə ikisidir. Yəni daha geriyə yol yoxdur, nəyisə təzədən, sıfırdan başlamaq imkanı aradan qalxıb. Deməli, yola davam etməlisən. Bu da çoxlu suallar doğurur, çox şeyi saf-çürük etməli, tez-tez geriyə boylanmalı olursan. Gənclikdə bir sualın bir neçə cavabı olur, yaşa dolduqca cavabsız suallar çoxalır...
- Necə bilirsiz, Məsiağa müəllim, Xəyyam şərab içib? Ya onun da şərabı rəmzdir?
- İçib. Amma onun rübailərindəki “şərab” həm də (və daha çox) rəmzdir: azadlığın, dünya nemətləri və gözəlliklərindən həzz almağın, cəmiyyətdəki şərtilik və riyakarlıqlara etirazın rəmzi. Yadınızdadır?

Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?

 

- Bizim vərdişlərimiz, meyllərimiz zaman-zaman dəyişir, həyat sanki bizi redaktə edir. Hobbiniz varmı? Bəlkə olub, indi daha yoxdur. Məsələn, şahmat, bilyard…bəlkə başqa nəsə…
- Xüsusi seçilən bir hobbim olmayıb. Amma son illər kompüter texnologiyaları çox marağımı çəkir. Bununla bağlı yazıları oxuyuram, yenilikləri izləməyə çalışıram. Boş vaxtlarımda müxtəlif kompüter proqramlarını test eləməyi xoşlayıram. Bəzən bunun ucbatından kompüterin sistemi çökür. Amma bunu özüm həll edə bilirəm. Kompüteri nisbətən gec öyrənsəm də, daha proqramçılara müraciət etmirəm. Bir ara bloqçuluqla çox maraqlanırdım, “Blogger”də bir neçə bloq yaratmışdım, hələ bəzi html kodları da öyrənmişdim...
- Bir dəfə çox nüfuzlu adamlardan biri zarafatla “bizim ailədə patriarxal demokratiyadır” dedi. Sizdə necədir?
- Bizdə klassik demokratiyadır (gülür). “Patriarxal” anlayışına gəldikdə isə, deyim ki, bu, çox ciddi məsələdir. Nə qədər paradoksal olsa da, biz hələ də patriarxal şüuru dəf edə bilməmişik və bunun fəsadları cəmiyyətin müxtəlif sahələrində özünü göstərir.

Söhbətləşdi: Səlim Babullaoğlu


“Kitabçı” jurnalı, № 1, mart 2014




Davamı

Şəms Ləngərudi. ŞEİRLƏR

Şəms Ləngərudi müasir İran şeirinin ən görkəmli nümyəndələrindən və tədqiqatçılarından biridir. 1950-ci ildə Gilan vilayətində doğulmuş şairin ilk şeirlər kitabı 1976-cı ildə nəşr olunub, lakin onun populyarlığı 1980-ci illərin ortalarına təsadüf etmişdir. İndiyədək 20-dən çox şeir kitabı işıq üzü görüb.
Şəms Ləngərudiyə geniş şöhrət qazandıran işlərindən biri də onun 4 cildlik “Yeni şeirin təhlili tarixi” adlı araşdırmasıdır.


Doğulanda hədiyyəm

Doğulanda hədiyyəm
Ağlamaq idi.
Gülməyi sən öyrətdin mənə.

Daş idim,
Dağa çevirdin məni.
Qar idim,
Suya çevirdin.
Əriyirdim,
Dənizin evini göstərdin mənə.

Bilirdim ağlamaq nədir,
Gülməyi sən hədiyyə verdin mənə.

Ovcumuzda bir açar var

Ovcumuzda bir açar var
Qıfılını itirmişik.

Havada bir su var,
İçməyə qabımız yox.

Sözlər var
Qələmimiz yox.

Bir səs var
Ağzımız yox.

Bir saat var,
Əqrəbsiz.

Bir əl var,
Bədənimiz yox.

Görəsən, zaman
Cavanlıqda ölmüş bir yolayıranla
Kimisə gözləməyə davam edəcəkmi?!

Balinalar yuxu görürlər

Balinalar yuxu görürlər.
Görürlər ki, arıya çevriliblər
Və təmiz bal qoxusu verirlər.

Arılar yuxu görürlər.
Görürlər ki, narınc çiçəkləriylə dolu bir okeanda
Liman nəğmələri oxuyurlar.

Liman nəğmələri yuxu görürlər.
Görürlər ki, estakadalar böyürlərini yara ediblər
Və qovaqların kölgəsində özlərini müalicə edirlər.

Estakadalar yuxu görürlər.
Görürlər ki, sərxoş olub
Küçələrə tökülüşüblər
Və küçə qadınlarından başqa hamını suya qərq edirlər.

Küçə qadınları yuxu görürlər.
Görürlər ki, birinci sinifdə oturub
Müəllimin sözlərinə qulaq asırlar.

Nə qiyamət!
Nə qiyamət!

Məktəblər mənim xəlvətimə hücum çəkirlər,
Küçəyə pənah aparıram:
Özünü yuxuya vurub
Məni gözləyən
Ac balinanın ağzına.

Yenidən dünyaya gəlmək istərəm

Yenidən dünyaya gəlmək istərəm,
Qapının ağzında sən gözləyəsən.
Və heç kəsin xəbəri olmadan
Oyaqlıqla yuxunu
İstədiyimiz yerə qoyaq.
Həyat dedikləri oyaqlıq
nə idi axı?!

Asandır mənim üçün

Asandır mənim üçün
Küçələri qatlayıb
Bir çamadana qoymaq
Ki, yağışın səsini səndən başqa kimsə eşitməsin.

Asandır
Nar ağacına demək
Ki, narını özü evə gətirsin.

Asandır
Günəşi üç gün-üç gecə ac-susuz saxlamaq
və görmək
Ki, zəifləmiş halda çəliyini döyəcləyə-döyəcləyə
Xəzərin səmasından yuxarı qalxır.

Asandır
Sərçələrin cikkiltisindən parça toxumaq
Və sənə gecə köynəyi tikmək.

Asandır mənim üçün
Ümidsiz axan ulduza əmr etmək
Ki, başlanğıc nöqtəsinə qayıtsın.

Asandır mənim üçün
Suların yumşaqlığı ilə danışmaq
və qayanın bağrını dəlmək.

Asandır o qədər mümkün olmayanı mümkün eləmək
Ki, yer qulağıma desin: “Bəsdir, dostum!”

Amma
Asan deyil ölümün mənasını anlamaq
Sən həyata “hə” dediyin zaman.

Əlifba danışmaq üçün deyil

Əlifba danışmaq üçün deyil,
Sənin adını yazmaq üçündür.

Rəqəmlər
Sən doğulmazdan qabaq sıraya düzüldülər,
Sənin doğum gününün sirrini bilmək üçün.

Əllərim
Səni axtarmaq üçün yarandılar.

Ağzım
Sənin ağzının kəşfidir.

Ey odu kəşf edən!
Ürəyimin səmasında bir topa qar var,
Sənin gülüşlərinə könül bağlayıb.

Dünya

Bu dünyaya
Heç kimi axtarmağa gəlməmişdim
Və dünyadan
Heç kimi axtarmağa getmədim.
İstədim
Tapmadığım şeyi.
Tapdım
İstəmədiyim şeyi.
Şirin və acı
Sözlərini daddım dünyanın.
Və təşəkkür elədim
Kor ev sahibəsinə.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

Huşəng Gülşiri. ÇİNAR

(hekayə)

Huşəng Gülşiri modern İran nəsrinin ən görkəmli nümayəndələrindən biridir. Yazıçılıqla yanaşı, tənqidçi və naşir kimi də tanınır. Ədəbiyyatşünasların fikrincə, o, Sadiq Hidayətdən sonra XX əsr İran nəsrinə ən güclü təsir göstərmiş yazıçıdır.
1937-ci ildə İsfahanda doğulmuş, uşaqlığı ölkənin cənubundakı Abadan şəhərində keçmişdir. İsfahan Universitetinin ədəbiyyat fakültəsinin bitirmişdir. Yaradıcılığa şeirlə başlasa da, sonradan nəsrə keçmiş, ilk hekayələrini 1950-ci illərin sonlarında çap etdirmişdir. 1968-ci ildə “Həmişəki kimi” adlı ilk hekayələr toplusu işıq üzü görmüşdür. Bir il sonra nəşr olunan “Şahzadə Ehtecab” romanı Gülşiriyə böyük şöhrət qazandırmışdır. “Şüur axını” üsulu ilə yazılmış bu roman ingilis və fransız dillərinə tərcümə olunmuş, onun əsasında film çəkilmişdir.
Gülşiri İran Yazıçılar Birliyinin təsisçilərindən biri olmuş, eyni zamanda doğma şəhərində “Cüngi-İsfahan” adlı ədəbi dərnək yaratmış, hekayə yaradıcılığı üzrə seminarlar təşkil etmişdir. Həmçinin “Karnamə” adlı aylıq ədəbi jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə Lilian Hellman adına mükafata, 1999-cu ildə Erix Mariya Remark adına sülh mükafatına layiq görülmüşdür. 2000-ci ildə Tehranda xəstəlikdən vəfat etmişdir.

Qüruba az qalmışdı ki, bir kişi küçədəki çinarlardan birinə dırmaşırdı. İki əlini ağır-ağır ağacın düyünlərinə bənd edir, ayaqlarını çinarın dövrəsinə çənbərləyir, onun quru və çürümüş gövdəsi ilə yuxarı qalxırdı. Şalvarının arxasında rəngləri uyuşmayan iki yamaq görünürdü, ayaqqabısının bir tayının altı da deşik idi.
Mağazalara baxan adamlar dönüb onun dırmaşmağına tamaşa etməyə başladılar. Ağappaq biləkləri açıq olan gənc bir qadın balaca və toppuş oğlunun əlindən tutub çinarın başına doğru irəliləyən kişiyə zilləndi. Uca boylu bir cavan iki barmağı ilə qalstukunun düyününü düzəldib kişiyə baxdı, sonra dönüb baxışlarını gənc qadının biləyi və sinəsində gəzdirdi.
Səmanın yırtıqları bir neçə kirli ağ buludla pinələnmişdi və günəşin sarımtıl şüası çinarın gövdəsinin yarısını işıqlandırırdı.

Başına panama qoymuş bir kişi təəccüblə soruşdu:
- Nə üçün ağaca dırmaşır?
Onun böyründə dayanmış balacaboy və yekəqarın kişi dodaqaltı mızıldadı:
- Bilmirəm, yəqin dəlidir.
Cavan dilləndi:
- Yox, dəli deyil, deyəsən, intihar etmək istəyir.
Başının qabağındakı saçları tökülmüş uca boylu kök kişi etiraz etdi:
- Necə yəni? İntihar etmək istəyən adam dəli deyil? Deyirsiniz, ağıllıdır?
Bir polis patrulu camaatın arasında peyda oldu və boğuq səslə soruşdu:
- Nə olub?
Camaatdan səs çıxmadı, hamı yalnız yuxarı baxırdı. Kişi təzəcə kölgədən çıxmışdı və onun boz kostyumunun üzərinə gün düşürdü. Patrul gündüz vaxtı kişinin ağaca dırmaşmasına əsəbiləşdi, dəyənəyini bərk-bərk ovcunda sıxıb qışqırdı:
- Ay yabı, düş aşağı! Orada nə işin var?
Özünə təzəcə camaatın arasında yer eləmiş bir kişi hırıldadı. Patrul geri dönüb tərs-tərs ona baxdı və əlini dəyənəyinin üstündə sürüşdürdü, sonra xırda gözlərini camaatın üzərində gəzdirib donquldadı:
- Nə olub? Teatr göstərirlər?
Bunu deyib bir neçə nəfəri geri itələdi, sonra dönüb artıq çinarın başına çatmış kişiyə baxdı. Sağ əlinin iki barmağı ilə üst dodağına ağırlıq edən lopa bığının ucunu burdu və səssizcə dayandı.
Kürəyində bənizi saralmış uşaq olan cır-cındır geyimli bir qadın camaatın arasına soxuldu və əlini bir nəfərin qarşısında uzadıb dedi:
- Ağa, on şahı!
Amma hamının yuxarı baxdığını görüb o da mənasız gözlərini ağaca dikdi. Uşağının fırtığı iki ağ qurd kimi alt dodağına qədər sallanmışdı.
Ardınca biri balaca, biri də dəstək olmaqla, iki uşaq qaçan çadralı bir qadın yolun o tərəfindən bu tərəfinə şığıdı və çinarın başındakı kişini görcək, dedi:
- Ay Allah, mənə ölüm ver! Onun o hündürlükdə nə işi var? Qoçağım indicə yıxılacaq!
Heç kəs dillənmədi. Yalnız dilənçi qadın çinarın başındakı adamı gözdən qoymayan eynəkli bir kişinin qarşısında əlini uzadıb dedi:
- Ağa, on şahı!
Uşağı xırda qara gözləri ilə camaatı süzür və dilinin ucu ilə fırtığını yalayırdı. Sümüyü çıxmış sarı və çirkli əllərini tərpədirdi. Bir neçə cod saçı kirli ağ ləçəyinin altından çıxıb üzünə tökülmüşdü. Dilənçi qadın başındakı çadranı səliqəyə saldı. Saçlarını gizlədən çirkli toxunma yaylığı sancaqla boğazının altında bərkidilmişdi.
Eynəkli kişi aramla dilləndi:
- Yaxşı olar ki, bir nəfər yuxarı qalxıb onu tutsun, qoymasın özünü aşağı atmağa.
Cavan dedi:
- Alınmaz... Kimsə ora çıxana qədər o özünü yerə atacaq.
Sonra da qarşısında mil durmuş dilənçi qadına: “Xırda pulum yoxdur!” – söylədi.
Maşınlar bir-bir küçədə sıraya düzülürdülər. Qabaqdakı avtomobildən bir gənc qız başını çıxardıb çinara dırmaşmış kişini süzürdü. Ağ köynəyinin üstündə enli qalstuku sallanan yekəqarın bir kişi maşından düşüb camaata yaxınlaşdı. Yoldan bir neçə patrul gəlib adamların arasına girdi. Patrullar camaatı dağıtmağa başladılar, lakin adamlar dala-qabağa gedib yenidən toplaşdılar. Qalstuklu kök kişi bığlı patruldan soruşdu:
- Nə olub? O adam çinarın başında nə edir?
Patrul qorxu içində dabanlarını cütləyib salam verdi, sonra dodaqaltı dedi:
- Cənab polkovnik, istəyir... intihar... eləsin...
Camaat əvvəl bığlı patrula, sonra yaxşı geyinmiş kök kişiyə baxdı, sonra da yenidən ağacın başında əyilmiş adama tamaşa etməyə başladı. İzdihamın arxasından qəzetsatanın səsi havaya yayıldı:
- Bu günün fövqəladə hadisəsi! İki fahişə qadının bir cavan tərəfindən qətli! Fövqəladə! Cəmi bir qran!
Az bir müddətdən sonra qəzetsatanın səsi kəsildi. Beynimdə bir fikir oyandı, başımı qaldırıb qışqırdım:
- Ay qardaş, burda biz sənin üçün pul toplayacağıq. Gəl, bu daşı ətəyindən tök!
Səsim adamların başı üstündən ətrafa yayıldı. Sonra əlimi cibimə saldım, iki dənə gümüş bir tümənlik əlimə keçdi, onları çıxardıb ayağımın qarşısına atdım. Pullardan biri diyirlənib adamların ayaqları arasında itdi. Camaat pul tapılana qədər bir-birini itələdi. Sonra hər kəs əlini cibinə salıb mənim atdığım pulların üstünə bir sikkə tulladı. Cavan pul tapmadı, sonra yavaşca, ancaq mənim eşidəcəyim bir səslə dedi:
- Qismət! Xırda pulum yoxdur.
Çadralı bir qadın kirlənmiş pul kisəsini corabından çıxardı, oradan iki qaralmış on şahılıq götürüb pulların üstünə atdı. Birdən ağacın başından kişinin sədası quyu dibindən gələn səs kimi camaatın qulağına yetişdi:
- Mən pul istəmirəm! Pullarınızı aparın atanızın gorunda xərcləyin!
Səsi cingiltili idi, amma deyəsən, titrəyirdi.
Daha heç kəs pul atmadı. Dilənçi qadın bir müddət gözünü pullara zillədi, sonra camaatın arasından qeyb oldu. Yaxşı geyinmiş kişi bığlı patrula nəsə dedi. Patrul dönüb üzünü yuxarı tutdu:
- Ay kişi, düş aşağı, cənab polkovnik sənə kömək etməyə hazırdır!
Dodağının üstündə nazik bığı göyərmiş bəstəboy zabit arxadan camaatı irəli-geri itələyirdi. Gəlib qabağa çatanda patrulların üstünə qışqırdı:
- Tez olun, bunları dağıdın burdan!
Yeni gəlmiş zabit yuxarı baxdı, sonra farağat dayanmış patrullardan soruşdu:
- Onun yuxarıda nə işi var?
Patrullardan biri dodaqaltı dedi:
- İntihar etmək istəyir.
Zabit dedi:
- Yaxşı, intihara görə yığışmaq lazım deyil. Ya Allah, bunları dağıdın!
Sonra üzünü camaata tutub qışqırdı:
- Camaat, nə xəbərdir? Dağılışın!
Bu zaman gözü polkovnikə sataşdı. Özünü yığışdırıb farağat dayandı və salam verdi.
Patrullar camaatın arasına soxuldular. Maşınları zorla hərəkətə vadar edən yol patrullarının fit səsi adamın qulağında cingildəyirdi. Pullar adamların ayağı altına səpələnmişdi və bəziləri əyilib onları yığırdı. Gənc qadın basabası görüb uşağını qucağına aldı və camaatdan uzaqlaşdı. Cavan oğlan da qadının ardınca yoxa çıxdı.
Arxada bir kişi mızıldanırdı:
- Onu necə tutmaq olar? Məgər futbol topudur?!
Sonra dəsmalını burnuna tutub bir neçə dəfə bərkdən fınxırdı. Camaat üzünü turşutdu, amma o, etinasız şəkildə dəsmalını yumurlayıb cibinə soxdu və yenidən ağacın başına zilləndi.
İzdihamın o biri tərəfində siqaret tüstülədən enlikürək gənc dedi:
- Əgər özünü atsa, iki-üç nəfəri də şil-küt edəcək! Amma elə bil eyninə deyil, durub camaata baxır!
Sonra arxadan onu sıxan kişiyə söyləndi:
- Əmi, niyə itələyirsən? Düz-əməlli dayana bilmirsən?
Boynunda uşaq tutmuş bir kişi qonur saçlı uşağın diqqətini yuxarı yönəltməyə çalışırdı:
- Atam, yuxarı bax! Ona bax, çinarın başında oturub!
Bu tərəfdə arıq bir kişi üz qabığında sinəsi açıq, gülən bir xanımın şəkli verilmiş jurnalla özünü yelpikləyirdi. Çinarın arxasında adamlar bir-birinin çiyni üstündən boylanırdılar. Maşınlar dalbadal ötüb keçirdi və avtobus pəncərələrindən sərnişinlər çinarın başına baxırdılar. Yol patrulu aramsız fit çalırdı, bir neçə patrul da adamların arasında dolaşırdı.
İzdihamın arxa tərəfindən bir gəncin şux səsi eşidildi:
- Deyəsən, elə bilir imamzadə çinarıdır, qalxıb muradını istəməyə.
Sonra ucadan dedi:
- Ay kişi, çalış yıxılmayasan... Xurd-xəşil olarsan!
Bir neçə nəfər üzünü turşutdu, gəncin səsi kəsildi. Bəziləri donquldana-donquldana izdihamı tərk edirdilər. Təzə gələnlər soruşurdular: “Ağa, nə olub?” Sonra da çinarın başına baxırdılar.
İşıq dirəklərindən solğun nur saçılmağa başlamışdı. Bir neçə velosipedçi küçənin o tərəfində düşüb bu tərəfə keçirdi. Yol patrulu onların keçməsinə kömək edirdi. Arabir boşalan velosiped təkərinin səsi boğucu havada fısıldayıb kəsilirdi. Sonra da velosipedçinin donqultusu adamların qulağını dəng edirdi.
Kişi çinarın başında tərpənib əyildi. Sonra əllərini ağacın gövdəsində bərkidib yenidən yerində oturdu. Camaatdan səs çıxmırdı. Hamı yuxarı baxırdı. Birdən tosqun bir kişi qulağımın dibində qırıq-qırıq dedi:
- O indi özünü atmayacaq, gözləyəcək ki, ara xəlvət olsun.
Camaatın başı üstündən boylandım, gördüm ki, maşınlar gedib və küçə, demək olar, boşalıb, amma səki piyada və velosipedçilərlə dolu idi, onların pıçıltısı bu tərəfə gəlirdi.
Yorulmuşdum, bir neçə dəfə ayağımı dəyişdim, axırı çətinliklə də olsa, izdihamın içərisindən kənara çıxdım. Camaatın arxasında bir neçə qız dayanmışdı, onlardan biri çox qəşəng idi, dodağının üstündə qara xalı vardı. Dönüb yuxarı baxdım, gördüm ki, kişi arxasını küçəyə çevirib mağazaların o tərəfinə baxır. Yorğun və əzgin halda bütün küçəni dolaşdım, geri dönəndə gördüm ki, camaat azalıb, amma kişi hələ də ağacın başında oturub.
Yaxınlıqda kinoya bir bilet aldım və insanların içində itdim. Amma küçənin qara səthinə sərələnmiş, burnunun iki deşiyindən qan axan kişinin surəti gözümə görünür və yox olurdu. Sonra yenidən başı partlayıb beyni küçəyə dağılmış cındır geyimli vücud qarşımda canlanırdı.
Filmdən heç nə anlamadım. Bayıra çıxanda küçədə sakitlik idi, amma dükanlar hələ açıq idi. Camaat küçəyə səpələnmişdi və sürücünün şagirdi gər səslə qışqırırdı: “Cümə məscidi, Pəhləvi... Ağa, gəlirsən? Qaç, qaç!”
Çinara çatanda yan-yörəsində heç kəsi görmədim, kişi də onun başında yox idi. Çinarın qarşısında iki kişi dayanıb söhbət edirdi. Onların birindən, başının ortasında saçı olmayan, tüklü qollarını dirsəyə qədər açmış kişidən soruşdum:
- Ağa, bağışlayın, o kişi özünü ağacdan yerə atdı?
Keçəl kişi yorğun baxışlarını üzümə dikib dedi:
- Ağa, hövsələn varsa, deyim. O kişi küçə boşalandan sonra aşağı düşdü, sonra istədi çıxıb getsin, amma...
Yanındakı kişi elə bil dünyaya altıaylıq gəlmişdi, dərhal soruşdu:
- Doğrudan, o niyə çinarın başına çıxmışdı?
Yoldaşı cavab verdi:
- Bilmirəm. Yəqin intihar etmək istəyirmiş, sonra peşman olub...
Dükançının şagirdi olan yeniyetmə oğlan mağazadan başını çıxardıb dedi:
- Şübhəsiz, hansısa filmə baxıb!
Hövsələsiz kişi dilləndi:
- Lənət şeytana! İndi vaxtını həbsxana küncündə öldürəcək və daha pulsuz filmə baxmağa həvəsi qalmayacaq...
***
Ertəsi gün səhər bələdiyyənin bir neçə fəhləsi Çaharbağ küçəsindəki qoca çinarı kəsirdi.


Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Siyavuş Kəsrayi. BAHAR OLAR


XX əsr İran poeziyasının görkəmli simalarından biri olan Siyavuş Kəsrayi 1927-ci ildə İsfahanda doğulub. Tehran Universitetinin hüquq fakültəsini bitirib. Gənc yaşlarından “Tudə” partiyasına (İran Kommunist Partiyası) qoşulan Kəsrayi uzun illər həmin partiyanın tanınmış fəallarından və rəhbərlərindən biri olub.
Bədii yaradıcılığa 1950-ci illərdə başlayan (ilk kitabı 1957-ci ildə işıq üzü görüb) Kəsrayi İranda “yeni şeir”in atası sayılan Nima Yuşicin ən istedadlı davamçılarından biri kimi şöhrət tapıb. Bütövlükdə 20-yə yaxın kitabı çap olunub.
İranda islam inqilabından bir müddət sonra “Tudə” fəalları təqiblərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. 1983-87-ci illərdə Kabulda, 1987-95-ci illərdə Moskvada, daha sonra isə Vyanada yaşayıb. 1996-cı ildə Vyanada vəfat edib və orada da dəfn olunub.


Bir-iki gün də keçsin,
Səhər gözünü açanda
Zamanı dəyişmiş
Məkanı bəzənmiş görərsən.

Yer üzü çat verər,
Çöldə ot cücərər.
Torpağın altında qalan,
Qarın altında yatan hər şey
Tər və təravətli üzə çıxar.

Dağın başında
Qarın bülluru suya dönər
Günəşin isti baxışından.
Dərələrin ağzı dolar
Bulaqların nəğməsi ilə.

Hər yanı dolaşan xəfif yel
Dağdakı lalələrin üzərindən,
Kəklik yuvalarının yanından,
Rəngbərəng kolların üstündən keçib
Təngnəfəs və yorğun gəlib çıxar,
Zəminin dalğalarında qərq olar.

Göy üzündə çoxlu bulud sürüləri
Hər tərəfdən gələr,
Hər yana səpələnər,
Meşələrin üstündə toza dönər.

Bu baharda... ah!..
Nə qədər xatirələr,
Nə qədər deyilməmiş sözlər.
Arzuyla dolu ürək
Çiçək açmış budaq tək.

Ey nigarım,
Ey ümid novbaharım,
Dodağın gülüşlə açılsın -
Gör necə, bir güllə

Bahar olar bizim bağın xəzanı!


Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

Davamı

Nima Yuşic. ŞEİRLƏR

Fars poeziyasında yeni şeirin (“şe’re-nou”) atası sayılan Nima Yuşic (əsl adı: Əli İsfəndiyari)1895-ci ildə Mazandaran əyalətindəki Yuş kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb. 12 yaşında ailəsi ilə birgə Tehrana köçən Nima burada Sen-Lui kollecində oxuyub və fransız dilini mükəmməl öyrənib. Özünün dediyinə görə, fransız dilini öyrənmək onun qarşısında yeni dünya açıb. 1920-ci illərdə yazdığı bir neçə əsərlə (“Əfsanə”, “Məhbəs”, “Əsgər ailəsi”, “Ey gecə!” və s.) o, fars poeziyasında sərbəst şeirin (“şe’re-azad”) əsasını qoyub. Klassik ənənələrlə modernizmin təcrübəsini uğurla birləşdirən Nima fars şeirinə yeni baxış (“dide-taze”) və yeni ifadə sistemi (“bafte-taze”) gətirib. Nima həm də yeni şeirin nəzəriyyəsi kimi çıxış edib. Onun müxtəlif məqalələrinin toplandığı “Hisslərin dəyəri” adlı kitabı fars modernist poeziyasının manifesti sayılır. XX əsr fars modernist şairlərinin hamısı bu və ya digər dərəcədə Nimadan təsirlənmişlər. Təsadüfi deyil ki, İranda sərbəst şeirə həm də “Nimasayağı şeir” (“şe’re-Nimayi”) deyilir. Nima Yuşic 1960-cı ildə pnevmoniyadan dünyasını dəyişib.


Gecədən keçmiş

Gecədən xeyli keçib.
Qonaqlar çoxdan gedib.
Neçə vaxtdır ev sahibi tənha oturub.
Tərk edilmiş sahilin qoynunda yanır ocağı.
Yorulub. Əldən düşüb.
Dodaqlarında həbs olunub
Çoxlu sözlər, amma
Gecənin bu zülmətində
Heç bir məhbusdan xəbər tutulmadığı üçün
Ev sahibi tənha oturub.

Ay adamlar!

Ay sahildə oturub, deyib-gülən adamlar,
Bir nəfər suda can verir.
Bir nəfər daim çapalayır
Sizin tanıdığınız qəzəbli və tutqun dənizin üzərində.
O zaman ki, düşmənin əlinizə keçməsi xəyalından məst olursunuz,
O zaman ki, əbəs yerə bir acizin əlindən tutduğunuzu düşünürsünüz
Daha güclü görünmək üçün,
O zaman ki, kəmərinizi bərk-bərk
Belinizə bağlayırsınız...
Hansı zamanı deyim? –
Bir nəfər suda canını qurban verir bihudə!
Ay sahildə şən məclis qurmuş adamlar!
Çörəyiniz süfrədə, paltarınız əyninizdə;
Bir nəfər suda sizi səsləyir.
Ağır dalğaları yorğun əlləri ilə döyəcləyir,
Ağzını açıb qorxudan bərəlmiş gözləri ilə
Uzaqdan sizin kölgələrinizə baxır.
O mavi dərinlikdə suyu udur və hər an halsızlığı artır,
Gah başını, gah ayağını
Sudan çıxarır.
Ay adamlar!
O, uzaq yoldan gəlib bu köhnə dünyanı dolaşır,
Fəryad çəkib köməyə ümid bəsləyir.
Ay sahildə sakitcə tamaşa edən adamlar!
Dalğalar səssiz sahilə çırpılır
Və bir sərxoş kimi yerə sərələnir.
Sonra nərildəyib geri çəkilir və yenidən bu səs gəlir:
“Ay adamlar...”
Küləyin vıyıltısı hər an güclənir,
Küləkdən onun səsi zəifləyir.
Uzaq, yaxın sulardan
Yenə bu səslər gəlir:
“Ay adamlar...”

Evim buludludur

Evim buludludur.
Onunla birgə bütün yer üzü buludludur.
Aşırımın üzərindən dəli və sərxoş bir külək əsir,
Dünyanı alt-üst edir.
Mənim hisslərimi də!
Ey neyin səsinin uzaqlara apardığı neyçi, hardasan?

Evim buludludur, amma
Bulud yağışla dolub.
Əlimdən çıxmış işıqlı günləri düşünərək,
Üzü günəşə durmuşam.
Dənizə tamaşa edirəm.
Bütün dünya küləkdən alt-üst olub.
Və daim ney çalan neyçi bu buludlu dünyada
Öz yolunu tutub gedir.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi


Davamı

“XOSROV VƏ ŞİRİN” ƏSLİNDƏ BİR ROMANDIR”

Tanınmış şərqşünas alim, tərcüməçi Məsiağa Məhəmmədi “Kulis.az”ın “Ən sevdiyim əsər” layihəsində Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından danışır.
 
- Məsiağa müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Xosrov və Şirin” poeması sizin ən sevdiyiniz əsərdir?
- Bu əsərə sevgim gənclik illərində başlayıb və “Xosrov və Şirin”lə bağlı ilk araşdırmamı mən hələ tələbə ikən aparmışam. Yadımdadır ki, o zaman bizə ədəbiyyat nəzəriyyəsindən dərs deyən mərhum xalq yazıçısı Gülhüseyn Hüseynoğlu həmin araşdırmanı yüksək qiymətləndirdi və öz münasibətini Sədidən bir beyti xatırlatmaqla ifadə etdi.
Məsələ burasındadır ki, “Xosrov və Şirin” istər Nizaminin öz yaradıcılığında, istərsə də Azərbaycan və bütövlükdə Şərq ədəbiyyatı tarixində tamamilə yeni bir hadisə idi. Bu əsərdə Nizami ilk dəfə şəxsi və ictimai harmoniya barədə təlimini irəli sürüb və həmin təlim onun sonrakı əsərlərində inkişaf etdirilib. Əsərin məzmunu, çoxplanlı süjeti, mükəmməl kompozisiyası, surətlərin təqdiminin xarakteri və ümumən pafosu onu Azərbaycan ədəbiyyatı tarixində roman janrının ilk nümunəsi hesab etməyə tam əsas verir. Bu barədə Mikayıl Rəfilidən tutmuş Y.Meletinskiyə qədər bir çox alimlər fikirlər söyləyib. Yəni əsərin ənənəvi olaraq poema adlandırılması şərti səciyyə daşıyır. “Xosrov və Şirin” əslində bir romandır. Daha dəqiq demək istəsək, mənzum roman. Roman, bilindiyi kimi, qəhrəmanlıq eposunun fəlsəfi mənada inkarı kimi meydana çıxıb. Nizami ilə Firdovsinin yaradıcılıq münasibətləri də bu aspektdə dəyərləndirilməlidir. Yəni Firdovsidən fərqli olaraq, Nizami Xosrovu bir hökmdar kimi deyil, bir insan kimi təsvir edir. Əsərin mərkəzində insan şəxsiyyəti, onun daxili aləmi, mənəvi təbəddülatı dayanır və məhəbbət macərası fonunda Nizami fərd və cəmiyyət problemini, şəxsi istəklərlə ictimai vəzifələrin kolliziyasını misilsiz bir məharətlə təqdim edir. Bu əsərdə Nizami özünə qədərki epik ədəbiyyata xas olan fantastikadan imtina etmiş, yaradıcı təxəyyülünə meydan vermiş, insan xarakterlərinin dinamikasına başlıca diqqət yetirmişdir. Nizami tarixi və mifoloji həqiqətlərə o qədər əhəmiyyət verməyib əsas fikri insan münasibətlərinin məntiqi üzərində cəmləşdirmişdir. Əsərdə əsas maraq obyekti zahiri macəralar deyil, daxili yaşantılardır, bu da incə psixoloji təhlilə, “daxili insan”ın açılmasına şərait yaradır.
“Xosrov və Şirin”in kompozisiyası da roman səciyyəlidir və burada iki hissə aydın seçilir. Birinci hissə giriş mahiyyəti daşıyır, qiyabi aşiq olma, tanıyıb-tanımama, qəhrəmanların birləşməsinə mane olan təsadüfi hadisələr və s. kimi elementləri ehtiva edir. Əsas roman ikinci hissədən başlayır, yəni qəhrəmanların qovuşması üçün xarici maneələr aradan qalxır, lakin daxili kolliziyalar yaranır, ləyaqətli şahla ləyaqətli aşiqin bir yerə sığması məsələsi, başqa sözlə, məhəbbətlə ictimai vəzifənin konflikti meydana çıxır. Belə ki, Xosrov özü də deyir:

Hər ikisi olsa, həm şahlıq, həm yar,
Ürək də şahlıqdan bir ləzzət alar.

Bu kontekstdə qəhrəmanların təkamülü və münasibətlərin harmoniyasına nail olunması kimi uzun bir proses baş verir və önəmlisi odur ki, həmin prosesdə hər bir hadisə üzvi surətdə özündən əvvəlki situasiyadan doğur, roman üçün vacib hesab olunan səbəb əlaqəsi, hadisələrin qanunauyğun inkişafı və konfliktin zəruri həlli kimi xüsusiyyətlər özünü göstərir.
Yadındadırsa, əsərin əvvəlində atası tərəfindən cəzalandırılaraq dörd şeydən məhrum olan Xosrova babası Ənuşirəvan yuxuda “dörd gövhər” əldə edəcəyini bildirir. Xosrovun həyat məqsədini təşkil edən “dörd gövhər”dən ikisi – Şirin və hakimiyyət – əsasdır və əslində şəxsiyyətin fərdi və ictimai istəklərini simvolizə edir. Odur ki, onların mahiyyətindəki ziddiyyət Xosrovun simasında fərd – sosium konflikti kimi təcəssümünü tapır, onun daxili təzad və mübarizələrini şərtləndirir.
Onu da deyim ki, Nizami özü də əsərin yaradıcılığında yeni bir hadisə olmasına açıq işarə etmişdir. Belə ki, “Xosrov və Şirin”in əvvəlində yazır:

Mənim xəzinəm var “Məxzənül-əsrar”,
Boş zəhmət çəkməyin nə mənası var?
Lakin bir adam yox dünyada bu gün
Zövqdən, əyləncədən uzaq görünsün.

Sonuncu misra orijinalda “həvəsnaməyə həvəsi olmasın” şəklindədir. Yəni şair əsəri “həvəsnamə”, yəni hisslər haqqında kitab adlandırır. Başqa sözlə, Nizami “Məxzənül-əsrar”da – “Sirlər xəzinəsi”ndə olan mücərrəd hikmətlər və didaktikadan real insan hisslərinin təsvirinə keçir. Bu sözlərdən sonra əsərdə şairin eşq haqqında məşhur fikirləri gəlir. Qeyd edim ki, Nizaminin eşq konsepsiyası o dövrdə filosofların və sufilərin irəli sürdüyü eşq təlimindən daha geniş və əhatəlidir. Şair həmin konsepsiyanı hətta bu şəkildə dilə gətirir:

Köpək kimi yemək, içmək nədir, nə?
Bir pişik olsa da, can ver eşqinə!
Pişiyin eşqiylə yaşamaq, inan,
Yaxşıdır, şir olub yalnız qalmaqdan.

Rəhmətlik Mikayıl Rəfili doğru olaraq yazırdı ki, Nizami “Xosrov və Şirin”də eşqin alçaq ehtirasdan tutmuş yüksək etik ideala qədər bütün təzahürlərini əks etdirmişdir.
Nəhayət, onu da deyim ki, əsəri mənə sevdirən cəhətlərdən biri də onun Azərbaycan mühiti ilə bağlılığıdır. Bu məsələ dahi Məhəmməd Əmin Rəsulzadənin Nizami haqqında kitabında gözəl şərh olunub.
- Nizami əsərin girişində Allaha dua edir:

Şahın gözlərində onu et şirin,
Şirin haqqındadır özü əsərin.

Sizcə, niyə əsərin məhz Şirin haqında olduğunu vurğulayır?

- Nizami burada hər şeydən əvvəl söz oyunundan istifadə edib. Amma orası da var ki, əsərin iki əsas surətinin – Xosrov və Fərhadın – istək obyekti məhz Şirindir və bu mənada əsərin Şirin haqqında olduğunu söyləməkdə qeyri-adi heç nə yoxdur.
- Yetmiş iki iz var yolumda müşkül,
Yetmiş biri tikan, ancaq biri gül.

Nizami bu beytdə dünyada yetmiş iki əqidə olması haqda məşhur rəvayətə işarə edir. Lakin bu yetmiş iki əqidədən ancaq birinin (islamın) gül olduğunu irəli sürür. Bu beyt Məhəmməd peyğəmbərin tərifi zamanı deyilir. N.Gəncəvi kimi böyük şəxsiyyətin bu cür birmənalı düşünməsi qəribə görünür, deyilmi?

- Yox, burada qəribə bir şey görmürəm. Və həmin beytdə Nizaminin tolerant düşüncəsinə zidd olan heç nə yoxdur. Nizami bunu Allaha müraciətlə deyir, Ondan doğru yola hidayət olunmasını diləyir. Əlbəttə, burada 72 millət (və ya 73 firqə) barədə məşhur hədisə işarə var. Özü də söhbət islam daxilində olan firqələrdən gedir və bunun indinin özündə də birmənalı şərhi yoxdur, yəni “firqeyi-naciyə” (nicat tapacaq firqə) barədə fikirlər müxtəlifdir. Ümumiyyətlə, Fərid, bu, bir az qəliz mövzudur və mən məzhəb mübahisələrinə varmaq istəmirəm. Ən yaxşısını Hafiz Şirazi deyib: “Yetmiş iki millətin davasını üzrlü say, çünki həqiqəti görmədiklərinə görə, əfsanə yolunu tutdular”.
- Bu dünya fanidir, qalma eyşindən,
Bu mənim fiкrimdir, özün bilərsən.

Sizcə, bu misrada eyş birbaşa mənadamı işlədilib?

- Əlbəttə, Nizami heç də oxucusunu eyş-işrətə qurşanmağa, əyyaşlığa çağırmır. O, tərki-dünyalığı rədd edən düşüncəsinə uyğun olaraq, insanı dünya nemətləri və gözəlliklərindən həzz almağa səsləyir və bu həzz qətiyyən maddi və bioloji çərçivə ilə məhdudlaşmır.

- Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar.
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı.

Nizami xüsusi olaraq dastanın real hadisələrdən qaynaqlandığını vurğulayır, amma sonra da “Leyli və Məcnun” kimi əfsanə yazıb. Nizami bu dastanda real hadisələrdən yazmağı tərəfdarı kimi görünür:

Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu söyləyən möhtəşəm olar.

Sizcə, Nizami bu dastanı nə dərəcədə real yarada bilib?

- Umumiyyətlə, Nizami hər bir əsərini, o cümlədən, "Xosrov və Şirin"i yazarkən, mövzu ilə bağlı mövcud yazılı və şifahi qaynaqları dərindən araşdırıb, sonra bu materialı öz yaradıcılıq məqsədinə uyğun şəkildə təxəyyülünün ixtiyarına verib. Bu baxımdan dediyin parçadan əvvəlki beytlər daha böyük maraq doğurur:

Məlum heкayədir "Xosrov və Şirin",
Dastan yoxdur əsla bu qədər şirin.
Ruhu oxşasa da bu gözəl dastan,
Pərdədə qalmışdı bu gəlin çoxdan.
Tanıyan yoxdur bu gözəl alması,
Bərdədə var idi bir əlyazması.
O ölкənin qədim tarixlərindən
Bu dastanı tamam öyrənmişəm mən.
O yerdə yaşayan qoca adamlar
Təşviq etdi, işə mən verdim qərar.
Ağıl bu dastanı bəyənsin gərəк,
Sözləri şirindir, məzmunu gerçəк.

Göründüyü kimi, Nizami əsərin yazılmasında həm də yerli mənbələrdən, dəqiq desək, Bərdədə qorunan unikal əlyazmasından istifadə etmişdir və bu əlyazma onun sələflərinə və xələflərinə bəlli olmamışdır. Digər tərəfdən, şair yaşlı insanların söhbətlərindən də nələrisə əxz etmiş və əsəri yazmağa başlamışdır. Özü onun məzmununun gerçək, yəni sən demişkən, real olduğunu vurğulayır. Amma şübhəsiz, Nizami təsvir etdiyi hadisələrin tarixi baxımdan yüzdə yüz gerçəkliyini deyil, təsvirin özünün, xüsusən insan xarakterlərinin reallığını nəzərdə tutur və bu, həqiqətən belədir. Bu mənada "Xosrov və Şirin" bütövlükdə Şərq ədəbiyyatı tarixində nadir bədii nümunədir.
- Nizami “Xosrov və Şirin” mövzusuna ilk dəfə müraciət edən Firdovsinin “Şahnamə”də bu mövzunu yarada bilmədiyini vurğulayır. Bildirir ki, Firdovsi qoca idi deyə bu dastanı lazımınca əks etdirə bilməyib:

Altmışda, sevginin, eşqin həyəcanı
Titrədə bilməzdi yorğun qocanı.

- Həqiqətən də, belədir və bu təkcə Firdovsinin "qocalığı" ilə deyil, "Şahnamə"nin qayəsi ilə əlaqədardır. Firdovsi şahlığın və şahların tarixini yazırdı, sevgi macəraları onun əsas yaradıcılıq məqsədi deyildi. Bu mənada təkcə Xosrov və Şirin əhvalatı deyil, Zal və Rüdabə, Bijən və Mənijə kimi məhəbbət süjetləri də "Şahnamə"də epizodik yük və mahiyyət daşıyır. Nizami isə özünün dediyi kimi, eşqi qələmə almaq istəmiş və bu üzdən süjetə "Şahnamə"də ümumiyyətlə olmayan Fərhad obrazını da daxil etmişdir. Azacıq dəyişikliklə akademik N.İ.Konradın ifadəsi ilə desək, Firdovsidə qəhrəmanlığın özü, Nizamidə isə qəhrəmanlığı edən insan tərənnüm olunur; Firdovsi xəyanətin özünü, Nizami isə xəyanəti edən insanı təsvir edir. Bu mənada Nizami "Xəmsə"si Firdovsi "Şahnamə"sinə nə qədər bağlı olsa da, onunla antiteza təşkil edir. Həmin qarşılaşmada tarixi-ədəbi perspektiv baxımından Nizami qalib gəlmişdir.
- Şirinin sevgisiylə Xosrov mənəvi yüksəliş yaşayır, Dantenin “İlahi komediya”sında Beatriçanın da sevgisiylə sevgilisi yüksəlir. Yaxud Şirini sevən Xosrov onunla yaxınlıq etmək istəyəndə Şirin kəbinsiz yaxınlığa razı olmur, eyni situasiya Romeo və Cülyetta arasında da yaşanır. İstərdim ki, bu bənzərliklərdən danışasınız.
- Ümumiyyətlə, məhəbbət mövzusunda yazılmış əsərlər arasında bu cür ümumiliklərin olması təbiidir və onlar həm tipoloji, həm də genetik səciyyə daşıya bilər. Konkret olaraq, indiki halda, mənim qənətimə görə, bu bənzərliklər zahiridir və adını çəkdiyin əsərlər "Xosrov və Şirin"lə müqayisəyə gələ bilməz. Nizami sadəcə məhəbbət (qoy lap ülvi məhəbbət olsun!) dastanı deyil, bütöv sosial-fəlsəfi konsepsiyanı ehtiva edən möhtəşəm bir roman yaratmışdır.
- Şirin ideal hesab oluna bilər. Deyilənə görə, Şirin obrazının prototipi Nizaminin dünyadan vaxtsız köçən xanımı Afaqdır. Sizcə, bu fikir nə dərəcədə əsaslıdır?
- Şübhəsiz, Afaq tam mənada Şirinin prototipi deyildir, amma bu da həqiqətdir ki, Nizami bu obrazı yaradarkən, çox sevdiyi Afaqdan təsirlənmiş, onun müəyyən keyfiyyətlərini Şirinin simasında canlandırmışdır. Necə ki, Şirinin ölümünü təsvir edərkən özü də deyir:

Oxu bu dastanı qəlbində кədər,
O gözəl Şirinçün ağla bir qədər.
Çünкi tez tərк etdi o bu aləmi,
Cavanlıqda soldu qızılgül кimi.
Qıpçaq bütüm təкi ox кimi süzdü,
Afaq sevgilimin sanкi özüydü.
- Poemanın içində Xosrov-Şirin-Fərhad üçbucağının müstəqil əsər kimi – “Fərhad və Şirin dastanı” adlandırılmasının səbəbi nədir? Bu müasir ədəbi cərəyanlarda rast gəldiyimiz roman içində roman texnikası deyilmi?
- Yuxarıda dediyim kimi, “Xosrov və Şirin” janr etibarilə romandır. Özü də bu, müasir meyarlar baxımından belədir. Odur ki, əsərdə müasir roman texnikası elementlərinə rast gəlməyimizdə təəccüblü bir şey yoxdur.
- Nizami bu əsərdə göstərir ki, ağıl (Fərhad) heç də gücdən və var-dövlətdən (Xosrov) geri qalmır. Nəzərə alsaq ki, “Xosrov və Şirin” şah sifarişi ilə yazılıb, onda bu cəsarətli ideya sayıla bilər. Ancaq Nizami ardıcılları (Nəvai, Arif Ərdəbili və s.) bu ideyadan uzaqlaşdılar, Fərhadı da şahzadə kimi təqdim etdilər. Məsiağa müəllim, istərdim bu dastanın Nizamidən sonra ideya dəyişiminə sarı yön alsın söhbətimiz.
- Çox maraqlı sualdır. Şərq ədəbiyyatında Nizami məktəbinin təşəkkülü və inkişafı ilə bağlı araşdırmaların sayı az olmasa da, bu sahədə öyrənilməmiş problemlər də çoxdur. Xüsusən də məlum mövzu və süjetlər çərçivəsində Nizaminin ideya-estetik prinsiplərinin transformasiyası, yəni sən demişkən, "ideya dəyişimi" proseslərinin tədqiqi sahəsində. Görkəmli şərqşünas Qəzənfər Əliyevin "Nizaminin mövzu və süjetləri Şərq ədəbiyyatlarında" adlı kitabında bu qəbildən müxtəlif dillərdə 600-ə yaxın əsər haqqında məlumat verilir. Təkcə "Xosrov və Şirin" mövzusunda Əmir Xosrov Dəhləvidən tutmuş Nazim Hikmətə və Səməd Vurğuna qədər çoxsaylı əsərlər yazılmışdır. Belə uzun tarixi dövr ərzində həmin dəyişimin olması tamamilə təbiidir.
Konkret olaraq, orta əsrlərdən danışaq. Məlum olduğu kimi, Nizamidən sonra ilk "Xəmsə" müəllifi böyük hind şairi Əmir Xosrov Dəhləvi olmuş, o cümlədən, "Şirin və Xosrov" adlı əsər yazmışdır. Dediyin dəyişimi artıq Əmir Xosrovda görürük. Belə ki, onun əsərində Nizamidə olan psixoloji təhlil, sosial-mənəvi problematika arxa plana keçir, öz yerini əyləncəvi başlanğıca, süjetin cəlbediciliyinə verir, romantik məhəbbət macərası əsas qayəyə çevrilir. Sonrakı əsrlərdə də bu proses davam edir. Romantik hisslərə aludəlik Fərhadı əsas qəhrəman mövqeyinə çıxarır. Buradan süjetin mistik planda, təsəvvüf ruhunda şərhinə bir addım qalır və XV-XVI əsrlərdə bu, reallaşır. Yəni süjet, tematika, formal əlamətlər (vəzn və s.) saxlanılsa da, Nizaminin "Xosrov və Şirin"də qoyduğu ciddi sosial-fəlsəfi və psixoloji problemlər unudulur, baxmayaraq ki, bu mövzuda əsər yazan hər bir şair Nizamini öz ustadı olaraq yad edir. Burada bir maraqlı məqamı da qeyd etmək lazımdır: bu da Nizaminin davamçılarına Əmir Xosrovun ədəbi metodunun təsiri məsələsidir, yəni XIV əsrdən başlayaraq, Nizaminin ardıcılları ikili təsirə məruz qalırlar və bir çox hallarda Dəhləvi irsi dominant mövqedə olur. Bütövlükdə Nizaminin davamçılarının heç biri bu mövzunun ideya-bədii həllində onun səviyyəsinə yüksələ bilmir.
- Əsərdəki lirik ricətlər də olduqca maraqlıdır. Həmin lirik ricətlərin əsərin mahiyyətinə gətirdiyi gücdən, enerjidən də danışmağa dəyər.
- Bəli, Nizami lirik ricətlərin böyük ustasıdır. Güc, enerji öz yerində, bu ricətlər əsərin kompozisiyasında önəmli rol oynayır, müəllif-oxucu ünsiyyətinin baş tutmasında ciddi əhəmiyyət kəsb edir. Lirik ricətlər süjetin arxasınca gedən oxucunun bir növ nəfəsini dərməsinə, müəlliflə birgə baş verənlərin sosial-fəlsəfi mahiyyətinə varmasına şərait yaradır. Məsələn, Xosrovun öldürülməsi səhnəsinin ardınca şair yazır:

Günəş tək açılmış bir gül, görürsən,
Edir təravətlə dünyanı rövşən.
Əlində od qılınc bir bulud gələr,
Onun vəhməsindən solar bitkilər.
Elə dolu yağar qara buluddan
Ki, gül budağından qalmaz bir nişan.
Yatmış bağban birdən oyanıb qalxar,
Görər nə gül qalıb bağda, nə gülzar...

- Tərcümədə də ciddi səhvlər olduğu vurğulanır, məsələn, biri elə mənim gözümdən də yayınmadı.

Xəznəsi vardı ki, düz qırx otaqlı
Tək biri açıqdı, onusa bağlı.

Bundan başqa da, qafiyə xətrinə həcmin artırılıb, azalmasını müəyyən tədqiqatçılar da vurğulayır. Fars dilini bilən mütəxəssis kimi istərdim bu barədə danışasınız.

- Qətiyyən “ciddi səhvlərdən” söhbət gedə bilməz. Elə gətirdiyin nümunə də orijinala uyğundur, sadəcə, ifadədə müəyyən qüsur var. Yəni ikinci misra “Biri açıq idi, onusa bağlı” şəklində verilsəydi, daha dəqiq olardı. Həmin beytin işləndiyi kontekstə baxsan, şairin nə üçün belə dediyini asanca başa düşərsən.
Ümumiyyətlə, böyük şairimiz Rəsul Rzanın tərcüməsi “Xəmsə”yə daxil olan əsərlərin dilimizə tərcümələri arasında həm orijinala uyğunluq, həm də bədiilik baxımından xüsusi yer tutur. Sözə son dərəcə məsuliyyətlə yanaşan, Nizami düşüncəsinə və poetikasına dərindən bələd olan Rəsul Rzanın tərcüməsi başqa cür ola da bilməzdi. Mən bu barədə bir dəfə danışmışam, yenə deyirəm, tərcümədə elə yerlər var ki, orijinalla tutuşdurub mütərcimin məharətinə heyran qalmaya bilmirsən. Misal üçün, Şirinin ölümü zamanı deyilən:

Alqış bu ölümə, əhsən Şirinə!
Öldürən Şirinə, ölən Şirinə!
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq!

- misraları həm orijinal mətni maksimal dəqiqliklə əks etdirir, həm də bədii baxımdan təsirlidir.
Onu da nəzərə almaq lazımdır ki, həm Rəsul Rza, həm də “Xəmsə”nin digər tərcüməçiləri bu işi fars dilindən sətri tərcümələr əsasında həyata keçirmişlər. Əgər 1980-ci illərdə görkəmli mütəxəssislərin etdiyi filoloji tərcümələrdə müəyyən nöqsanlar tapılır və bunun ətrafında mübahisələr olurdusa, poetik tərcümələrdə də hansısa çatışmazlıqların olması təbiidir, amma bu, həmin böyük işin üzərinə kölgə salmağa əsas verməməlidir. Bir də bu tərcümələrə dodaq büzənlər qoy əvvəlcə özlərinin tərcümə anlayışlarını dəqiqləşdirsinlər, sonra başqalarının işinə qiymət vermək iddiasında bulunsunlar.
- Xosrovun ölümü Şiruyənin xəyanətindən daha çox, Xosrovun Mustafanı (Məhəmməd peyğəmbəri) yuxuda görməsi, peyğəmbərin ona dinini dəyişməsini məsləhət görməsi, ancaq onun razılaşmaması ilə əlaqələndirilir. Baxmayaraq ki, əsər sevgi dastanıdır, ancaq insanların aqibəti dini kontekstdə həll edilir. Sizcə, bunun səbəbi nədir?
- Yaxşı sualdır. Yada salaq ki, qeyd etdiyin məsələ əsərin süjeti bitdikdən sonra vurğulanır. Yəni əsas personajlar öldükdən sonra Nizami əsərə “Xosrovun səltənətinin dağılmasının səbəbləri” adlı bir fəsil daxil edir və dediyin yuxu epizodundan da orada söz açır, daha sonra peyğəmbərin Xosrova məktub yazmasından bəhs edir. Tarixi baxımdan bu, doğrudur, belə ki, söhbət ümumiyyətlə, islamla qarşılaşmada Sasani səltənətinin süqutundan gedir. Nizami bir müsəlman kimi bunda ilahi iradənin gerçəkləşməsini görür. Həmin hissədə şair yazır:

Mustafa dininin möcüzəsindən,
Məhv oldu Pərvizin şahlığı birdən.
Taxtını altından götürdü fələk,
Oğlu qılınc çəkdi ona düşmən tək.

Yəni Şiruyə ilahi iradənin gerçəkləşməsində bir alət, bir vasitə kimi qiymətləndirilir. Məsələnin bu cür şərhi ilə əsərin sevgi dastanı olması arasında uyğunsuzluq yoxdur.

- Qulamhüseyn Beqdelinin “Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu” adlı maraqlı bir kitabını oxudum. Kitabdakı bəzi məqamlar Nizaminin “Xosrov və Şirin” əsərini yazarkən Fəxrəddin Əsəd Gürganinin “Veys və Ramin” əsərindən bəhrələndiyi deyilir. Bəhrələnmənin həm forma, həm də məzmun kontekstində olduğu iddia edilir. Onu da deyim ki, bu əsər İran və başqa islam ölkələrində məzmuna görə qadağan edilib. XIV əsrin satirik şairi və dövlət xadimi Übeyd Zakani bu əsər haqda dediyi bu sözlər əsərin uzun illər oxuculara gedən yollarını bağlamışdı: “Veys və Ramin” hekayəsini oxuyan bir qadından... əxlaq və ismət... gözləməyin”. İndi isə əsərlər arasındakı oxşarlıqları deyim:
a) Hər iki əsərdə xalqa belə bir ismarıc ötürülür: “Görün sizin başınızda kimlər dayanıb. Bütün gününü eyşdə keçirən, sərxoşlar. Onlarda saf eşq yoxdur”.
b) “Veys və Ramin”də Raminin Güraba gedib Gülə aşiq olması, onunla evələnməsi, sonra da Gülü atıb Veysin sorağında Mərvə qayıtması. “Xosrov və Şirin”də Xosrovun İsfahana gedib şəkərlə evlənməsi, sonra da onu atıb Qəsri-Şirinə getməsi
c) Gürabdan Mərvə qayıdan Ramin gəlib saraya çatanda at üstündə dayanıb eyvanda dayanan Veys ilə danışıq aparır. Eyni situasiya Qəsri-Şirində Xosrov və Şirin arasında baş verir.
d) Hər iki əsər məsnəvi janrında həcəz bəhrində yazılıb.

- Dediyin kitabla çoxdan tanışam, doğrudan da, qiymətli araşdırmadır. Bununla yanaşı, ondan xeyli əvvəl yazılmış bir kitabı da qeyd edə bilərəm: bu da mərhum şərqşünasımız Qəzənfər Əliyevin “Şərq xalqları ədəbiyyatında Xosrov və Şirin əfsanəsi” adlı fundamental tədqiqatıdır. Yeri gəlmişkən, həmin tədqiqatda Nizaminin istifadə etdiyi mənbələr, əsərdəki surətlərin prototipləri barədə bir çox suallara cavab tapa bilərsən.
Gələk, “Veys və Ramin” məsələsinə. Həqiqətən də, Nizaminin bu əsərdən bəhrələnməsi ilə bağlı fikirlər irəli sürülüb. Amma Q.Beqdelinin adını çəkdiyin kitabında fərqli baxışlar da əksini tapıb. Məsələn, görkəmli İran alimi Səid Nəfisi yazırdı ki, “Veys və Ramin”lə “Xosrov və Şirin” məhəbbət macərasına həsr olunub eyni bəhrdə yazılsalar da, həm söykəndiyi eşq anlayışı, həm məzmun və qayəsi, həm də bədii keyfiyyətləri baxımından bir-birinə zidd mahiyyət daşıyır, müxtəlif düşüncə və təfəkkürü əks etdirir. Mən də bu fikirlə şərikəm. Nizami olsa-olsa, Fəxrəddin Gürganinin bəzi süjet gedişlərindən istifadə edib, hərçənd həmin gedişlərin məhz Gürgani tərəfindən kəşf edildiyini də söyləmək mümkün deyil. Nizaminin dinamik personajları müqabilində Gürganinin qəhrəmanları son dərəcə statik görünür və ən başlıcası, bunlardan biri ehtiras, digəri isə eşq haqqında hekayətdir.
- Bu əsərdə indiki ədəbi terminlərlə desək, intertekstuallığa və “postmodern istinad”a bir neçə yerdə rast gəlirik. Məsələn, Nizami yazır:

Bilici deyəni etmədim təkrar.
Məlumu deməyin nə mənası var?

Bununla özündən əvvəl bu mövzuda yazanlara işarə edir. Nizami Xosrovun Ruma gedib Qeysərlə görüşərək Məryəmlə evlənməsini təsvir etmir. Çünki Firdovsi “Şahnamə”də həmin epizodu geniş nəql eləmişdi.

Bunları demişdir bir başqa yazan
İndi mən oyağam, yatmış o insan.
Sındırsam özgənin nırxını əgər,
Mənim də nırxımı özgə yox edər.

İstərdim bu cür istinadların, özündən əvvəlkilərin xatırlanmasının Nizami yaradıcılığındakı rolundan danışaq.

- Bu cür faktlara Nizaminin başqa əsərlərində də rast gəlmək mümkündür. İndi adını nə qoyursan, qoy. Bu, bir növ ənənə ilə dialoq cəhdinin də təzahürüdür. Həm də əsərin uydurma deyil, “sənədli” olması təsəvvürünün yaradılmasına xidmət edən vasitədir. İstər “Xosrov və Şirin”, istərsə də şairin digər əsərləri əvvəllər işlənmiş, tarixi qaynaqlarda və ədəbi mətnlərdə əksini tapmış mövzularda yazılmışdır. Nizami belə xatırlatmalarla həm də oxucunun yaddaşına istinad edir, öz yaradıcılığının fərqini anlatmağa çalışır. Bütün bunlar həmin dövrdə orijinallıq barədə təsəvvürlərin xarakterindən də irəli gəlirdi. Belə ki, bu təsəvvürlər naməlum olana deyil, məlum olanın yenidən işlənməsi və mənalandırılmasına söykənirdi. Təkrara, təqlidə və “plagiata” yol verməmək şərtilə. İndi həmin yanaşmada müasir ədəbi-estetik cərəyanlara uyğun cəhətlər varsa, bu, “hər bir yenilik yaxşıca unudulmuş köhnəlikdir” deyiminin daha bir təsdiqidir. Həm də o deməkdir ki, gənc yazarlarımız onun-bunun ağzına baxmaqdansa, klassiklərimizi dərindən öyrənməli, onlardan bəhrələnməyi bacarmalıdırlar. Necə ki, bunu edənlər də var.

Fərid HÜSEYN

"525-ci qəzet", 17 may 2014-cü il

Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər