Əli Abbasi. ÖLÜM YUXUSU

(hekayə)

Təbrizli şair, yazıçı və jurnalist Əli Abbasi 1980-ci ildə anadan olub. Təhsilini bitirdikdən sonra bir sıra nəşrlərdə çalışıb. Hazırda "Avayi-Mişov" dərgisinin baş yazarıdır. Təqdim olunan hekayə müəllifin bu yaxınlarda çapdan çıxmış "Üç saat azadlıq" kitabındandır.


Ayıldıqda özümü otağın damına zəncirlə asılmış elektrik lampalarının yanında dama yapışmış gördüm. Nədən başqa cismlər kimi yer cazibəsinin təsirində yerin üstündə olmadığımı anlayacaq vəziyyətdə deyildim.
Hələ qarma-qarışıq düşünürdüm. Birdən üstdən otağa baxanda özümü yatağımda gördüm. Mən burda, otağın damında lap elektrik çırağının yanında idim. Bəs yatağımda yatan kim idi? Bir an yuxu gördüyümü düşündüm.

Ancaq bu vəziyyət əsla yuxuya oxşamayırdı. Otağın pəncərəsi yarıya qədər açılmışdı. Bir neçə xəzəl də elə pəncərədən otağın içinə tökülmüşdü. Divardakı təqvim cümə axşamını göstərirdi. Televizyon həmişəyə tay açıqdı. Ancaq ona qulaq asdıqda bu günün şənbə olduğunu anladım. Pəncərədən sərin bir yel əsib pərdələri oynadırdı.
Hava qızarmışdı. Eynalının dalısında gizlənən Günəş yavaş-yavaş şəhəri işıqlandırırdı. Günəşin çıxmasını buraxıb, dönüb bir daha da cəmdəyimə baxdım.
"Yoxsa mən ölmüşəm?" – deyə, cəmdəyimə yaxınlaşdım. Özümə diqqətlə baxdıqda, öldüyümü anladım. Gözlərim parıltıdan düşmüşdü. Ağzım bir az açıq qalmış və yerimdə, elə yuxladığım zaman ruhum gövdədən ayrılmışdı.
Televizyon və divardakı təqvimi tutuşdurub, üç gündən bəri öldüyümü anladım. Bu üç gündə hələ cəmdəyim qoxulanmamışdı.
Birdən düşünməyə başladım. Yaşadığım bütün günlər, saatlar və saniyələr gözümün önünə sərilmişdilər. Bəzi zamanlar çox düşünüb ancaq xatırlaya bilmədiyim xatirələr, sanki elə onları indi yaşayıram, gözümün qabağından keçirdilər.
Uşaq ikən anam: "Əzrail insanları iki vasitə ilə öldürür" – deyərdi. Əzrail yaxşı insanların ruhunu almaq üçün onların burnunun altına bir qızılgül tutarmış. Belə isə də onun ruhunu bədənindən ayırıb cənnəti-məvayə apararmış. Əzrail getdikdən sonra da qızılgül qoxusu günlərcə ölü və o öldüyü otaqdan çəkilməz imiş.
Ancaq günahkarların canını almaq üçün Əzrail altın xəncərlə onların boğazlarını kəsərmiş. Əzrail bir günahkarın başını kəsdikdə onun qanı axıb hər yanı bulayarmış. Bu qan gözəgörünməz bir qan imiş. Hətta biz bu başın kəsildiyini də bilməz imişik. Elə bunun üçün də ölüyə toxunan hər kim meyit qüslü almalı imiş!
Otağı qoxulamağa başladım. Qonşunun söyüd ağacının qoxusu gəlirdi. Hətta otaqdakı kirli paltarlarımın da qoxusunu anlayırdım. Ancaq bu cənnətdən gələn gızılgülün qoxusunu ala bilmədim.
Özümü aldatmamalıydım. Mən bu qısa ömrümdə çoxlu günahlar işləmişdim. Bəlkə də bunun üçün mənim canım qızılgül qoxusuyla yox, Əzrailin altın xəncəri ilə gövdəmdən ayrılmışdı.
Boğazıma baxdım. Ancaq orada bir xəncər izinə rastlamadım. Hətta yerdə ruhlar kimi görünməz qanları da görə bilmədim.
Mənim başıma nə gəlmişdi? Niyə canım gövdəmdən ayrılaraq, hələ də bu dünyada sərgərdan qalmışdı? Fikrimdən Tanrıya yalvarıb məni bir daha da həyata qaytarmağını istəmək keçdi.
Ancaq bu qədər günah işləmiş bir insanın isəklərinə Tanrı qulaq asarmı? Yox! Mən özümdə Tanrıya yalvarma cəsarətini tapa bilməyirdim.
Doğrudan, dəfələrlə işim bərkə düşəndə Tanrıya yalvarıb işimi düzəldərsə, ayağımı tərsə atmayacağımı demişdim. Hər dəfə də öz sözümün altına vurmuş və günah işləmişdim.İndi nə Tanrı mənə inanar, nə də mən özümə.
Dəhşət bütün canımı almışdı. Birdən həndəvərdəki bütün səslər kəsildi. Sanki dünyada səs adlı bir şey yoxmuş kimi, sükut hər nəyi öz içinə aldı. Eynalıya baxdım. Şəhərin göyünü qızardan Günəş yavaşca Eynalının dalısndan çıxırdı.
Mən bilmədən ruhum yavaşca bir dumanın ortadan yox olması kimi, ortalıqdan itirdi. Ruhum ortalıqdan itdikcə, üzümün rəngi dəyişirdi. Səssizlik aradan gedirdi. Mənim canım bir dönə də gövdəmə qayıtmışdı. Bu dönəni saysam, canımın bədənimdən ayrılması yeddi dönə daha təkrar olmuşdu.
Pəncərə açıqdı. Bir neçə yarpaq otağımın içinə tökülmüşdü. Yorğanımı üstümə çəkdim. Yerimdən qalxmağa cəsarətim yox idi.

Qaynaq (ərəb əlifbasında): http://zumrud.blogfa.com/post-20.aspx


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər