Məczub Təbrizi. QƏZƏLLƏR

Səbuhi vəqtidür, saqi, gətür ol badeyi-baği,
Buraxma fürsəti əldən ki, çoxdur eyş müştaği.

Şitabi-ömr əglənməz, ötən günlər dəxi gəlməz,
Ötürmə fürsəti, saqi, səbuhin çağidir, çaği.

Səbah oldi, nə yatmışsan, dur, ey mütrib, oyat bəxtin,
Oyaq bəxtin nişanidür şərabü şahidü saği.

Şərabü şahidü saqi səbahi versə əl, mütrib,
«Segah»ın vəqtidür vəqti, «Hisar»ın çağidür, çaği.

Əgər meyxanəyə düşdüm, əgər üz Kəbəyə qoydum,
Həman mehrab idi məddi-nəzərdə qaşların taği.

İraq gəz afitabi-aləmara tək nəzərlərdən,
İraq gəzsən, dutar hüsnün sənin də cümlə afaği.

Cədəldən mədrəsə, məscid riyadən, deyr çaxirdən
Boş olmazlar, buraxsan suya, molla, sən də ovraği.


Əgər bilsəydi yaşatmaz gülistani xəzan fəsli,
Ceybində gizləməzdi xürdəsini qönçə yəpraği.

Həmişə yaxşı yoz falın ki, açanda qanad himmət,
Təhmtən Keyqubad ilən aşar Əlbürz tək daği.

Düşərdi hər kişi öz qismətinə qanevü şakir,
Həkimü qadirü adil əgər bilsəydi Rəzzaği.

Mətai-zöhdini, zahid, xərabat əhlinə satma,
Ki sərxoş yaxşı tanır sən təki salusi-zərraği.

Gecə-gündüz sənə Məczub yalvarmazdı qapunda,
Sənin tək cəm edəydi bir gözəldə hüsni-əxlaği.

* * *

Baxışın, yarəb, həvəs seydinə səyyad olmasun,
Ta qəmindən bulhəvəslər xatiri şad olmasun.

Düşməsün, yarəb, vəfa tək yad hərgiz yadına,
Olmasun yad aşina, ta aşina yad olmasun.

Bulhəvəslər qaçdılar, bildim ki, fəttan baxışın
Avlamaz seydi ki, mən tək məhvi-səyyad olmasun.

Olmasun, yarəb, qəmin bir ləhzə könlümdən iraq,
Şad könlüm müddəi kamınca naşad olmasun.

Özgə qəmlər müddəi kamınca avlar könlümü,
Gər xəyalın bir nəfəs könlümdə səyyad olmasun.

Özgə qəm bərbad edər abad könlüm ölkəsin,
İltifatından əgər bir ləhzə imdad olmasun.

Doğru yolda qiblə səmtin tanımaz heç mübtədi,
Qaşların tağı əgər ön-öncə ustad olmasun.

Ad qoymuşlar müənbər zülfünə dami-bəla,
Yarəb, ol dami-bəladan könlüm azad olmasun.

Bəndəlik xətti veribdir sərv rəna qəddinə,
Adını azad qoymuş ta ki, azad olmasun.

Hüsn aləmgir olmaz, eşq rüsva olmasa,
Kim deyər Şirin sözün gər səyi-Fərhad olmasun.

Xatirin, Məczub, şad olsun ki, qəmdən şad olur,
Kim ki, istər xatirin şad olmasun, şad olmasun.

* * *

Söylədüm: «Qurtar məni, öldür rəqibi, ya məni!»
Üzümə baxdi, gülümsündi, dedi: «Əvvəl səni!»

Söylədüm: «Alma rəqibin könlünü, dözməz, qaçar!»
Söylədi: «Çoxdan məsəl olmuş ki, əvvəl qaçəni!»

Söylədüm: «Dünya yıxılmaz, olmasun bir bulhəvəs!»
Söylədi: «Olmaz qıram dünyanı, çoxdur küştəni!»

Söylədüm: «Köynəkdə tanı kim sivişür, kim qalur!»
Söylədi: «Bir imtihani-qəmzə tanır qaləni!»

Söylədüm: «Aşiq həvəslərdən necə asan keçər?»
Söylədi: «Məğrur olma, səhl sayma düşməni!»

Söylədüm: «Dərman nədür, hicran düşəndə arayə?»
Söylədi: «Səbr eylə, bülbül genə bəklər gülşəni!»

Söylədüm: «Aşiq nə yoldan tez yetər məqsudinə?»
Söylədi: «Sən danə səp, Tanrıdan istə xirməni!»

Söylədüm: «Zahid neçün üşşaq bəzmindən qaçar?»
Söylədi: «Şayəstə hərgiz cənnətə olmaz dəni!»

Söylədüm: «Naseh deyər gəl tövbə et, içmə şərab!»
Söylədi: «Yaxşı demişlər, qoy aparsun su səni!»

Söylədüm: «Mətləbcə, nola, ərzi-mətləb eyləyəm!»
Söylədi: «Mətləbcə gendür padşahlar daməni!»

Söylədüm: «Ləli-ləbindən könlümə bir müjdə ver!»
Söylədi: «Rədd eyləməz möhtacini hərgiz qəni!»

Xatirin, Məczub, mən tək cəm elə dildardən,
Ol qədər kim sən oni istərsən, ol istər səni!


0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər