Məhəmmədəli Hüseyni. MƏCZUB TƏBRİZİ

Son orta əsrlər əksər Şərq ədəbiyyatlarının tarixində olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixində də az öyrənilmiş dövrlərdən biridir. Özü də bu vəziyyət obyektiv amillərlə (bədii materialın, məxəzlərin qıtlığı ilə) deyil, daha çox subyektiv faktorlarla və metodoloji yanılmalarla şərtlənmişdir. Bu boşluğun aradan qaldırılması ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir. Həmin vəzifənin yerinə yetirilməsi istiqamətində atılmış hər bir addım təqdirə layiqdir, amma belə bir iş Azərbaycan elmi mühitindən uzaqda olan bir şəxsin milli qeyrəti və fədakarlığı sayəsində həyata keçirilirsə, insanda əsl sevinc hissi doğurur – Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin elmi fəaliyyəti kimi. Əslən Güney Azərbaycandan olan Məhəmmədəli bəy orta əsrlər anadilli şerimizin qaranlıq səhifələrinə işıq salmaq istiqamətində dəyərli səylər göstərir və onun bu sahədəki uğurları Bakıda çapdan çıxmış «Azərbaycan ədəbiyyatından səhifələr» adlı kitabında öz əksini tapmışdır. Bu yaxınlarda isə o, XVII əsrdə yaşamış Azərbaycan şairi Məczub Təbrizinin Leydendə (Hollandiya) saxlanan türkcə divanını aşkara çıxarmışdır. Məczub Təbrizinin şəxsiyyəti və yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslarına demək olar ki, məlum deyildir. Bu azmış kimi, şairin farsca divanı İranda bir neçə dəfə başqa bir şairin adına çap olunmuşdur. Vaxtilə nüfuzlu İran alimlərindən Əmiri Firuzkuhi və Əhməd Gülçini-Məani buna etiraz edib divanın məhz Məczub Təbriziyə aid olduğunu bildirsələr də, Azərbaycan ədəbiyyatşünasları məsələyə biganə qalmışlar (həmin nəşrin bir nüsxəsi AMEA Əsaslı Kitabxanasında mövcuddur). Odur ki, Məhəmmədəli Hüseyninin axtarışları tarixi həqiqətin bərpası anlamında da əhəmiyyət daşıyır.
Bir müddət əvvəl Məhəmmədəli bəy Məczub Təbrizi haqqında məqaləsini və şairin ana dilindəki divanından bəzi nümunələri mənə göndərdi. Məqalənin və şeirlərin ədəbiyyat tariximiz üçün xüsusi önəm daşıdığını nəzərə alıb onları ərəb əlifbasından latın qrafikasına çevirərək, elmi-ədəbi ictimaiyyətə təqdim etməyi özümə borc bildim.


Məsiağa Məhəmmədi

Səfəvilər dövrünün XVII əsrdə yaşamış məşhur alim və şairlərindən olan Məczub Təbrizinin farsca ədəbi əsərləri öz zamanından etibarən bu günə qədər elm aləminə məlum olmuşsa da, onun Azərbaycan (türk) dilində bağladığı divan haqqında uzun illərdən bəri nəzərdən keçirdiyimiz qaynaqların heç birində məlumat verilməmişdir. Məhz buna görə də şairin ana dilində zəngin ədəbi irsə malik olduğunu təsəvvürümüzə belə gətirmədiyimiz bir halda, gözlənilmədən onun divanının aşkara çıxarılması olduqca maraqlı və sevindiricidir. Bu kimi tapıntılar tarixi bir sənəd, ədəbi-bədii dilimizin nümunəsi olaraq, bizim üçün böyük əhəmiyyətə malikdir.

Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizinin Azərbaycan dilində divanının əlyazma nüsxəsi haqqında məlumata 2002-ci ildə Leyden universiteti kitabxanasının nəşr etdirdiyi türkdilli əlyazmalar kataloqunda rast gəlirik ( Schmidt Jan. Catalogue of Turkish manuscripts. Vol. II, Leyden, 2000, pp. 401-403. Həmin kataloqda Məczub Təbrizi divanının başqa bir əlyazma nüsxəsinin Qahirə Milli kitabxanasında mövcud olduğu bildirilir. 69 vərəqdən ibarət olan bu nüsxənin müəllifi həmin kitabxananın 1989-cu ildə nəşr olunmuş kataloqunda «Məczub Əcəmi» kimi göstərilmişdir). Cod. or. 8798 şifrəsi altında saxlanan bu nüsxənin kataloqda elmi təsviri verilmişdir. Əlyazmanın sərlövhə vərəqi (1b) son dərəcə gözəl rəngli naxışlarla bəzədilmişdir. Sərlövhənin kətibəsində «Lücceyi-tövhidinin bir qətrədür» cümləsi, aşağı sətirdə isə «Bismillah ər-rəhman ər-rəhim» yazılmışdır. Həmin vərəqdən etibarən divan:

Qüdrət qələmindən elədi faşü hüveyda,
Bir məddi-rəsa iki cahan nüsxəsin inşa

- mətləli qəsidə ilə başlanır və 97b-98a vərəqlərində bir rübai ilə sona çatır. 98a vərəqinə düşən rübainin ikinci beyti pozulmuşdur:

Başımla ki, başdan mükərrəm oldi,
Dərgahi-kərim səcdəsi zəmm oldi. (97b)
Ol rəsmi-əzəl.................................
......................................................
Əl-fəqir əl-həqir Əskər ibn Hacı Əli. Səneyi- 1084 təmmə.
Həcmi 98 vərəqdən ibarət olan bu nəfis divan şairin ölümündən 9 il əvvəl hicri 1084-cü – miladi 1673-cü ildə, göründüyü kimi, Əskər ibn Hacı Əli tərəfindən əla nəstəliq xətti ilə köçürülmüşdür. Həmin mahir xəttat tərəfindən yazılmış Qövsi Təbrizi divanının iki nüsxəsi də bizə məlumdur. (Bu nüsxələrdən biri Məşhədin Asitani-qüdsi-Rəzəvi kitabxanasında (№ 4621), digəri isə Təbriz Milli kitabxanasında (№ 309) saxlanır. Təbriz nüsxəsində katibin adı «Əskər ibn Hacı Əli Təbrizi» kimi göstərilmişdir. Bu katib Qövsi, Saib və Məczub Təbrizilərin müasiri olmuşdur).
Məczub divanının sözü gedən nüsxəsi 15 dini qəsidəni (1b-17a), 95 qəzəl və qəsidəni (17b-83b), 1 tərcibəndi (83b-89a), 30 mətləni (89a- 91b) və 50 rübaini (92a-98a) ehtiva edir. Divan bütövlükdə 1869 beytdir.
Mirzə Məhəmmədəli Saib Təbrizi və Qövsi Təbrizi kimi böyük şairlərin müasiri olan Mirzə Məhəmməd Məczub Təbrizinin tərcümeyi-halına dair məlumat olduqca azdır. Vəliqulu Şamlu və Mirzə Məhəmməd Tahir Nəsrabadi öz təzkirələrində onun haqqında ancaq üç-dörd sətir yazmaqla kifayətlənmişlər. Şamlu yazır:
«Onun əsli Təbrizdəndir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə özünün Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik «Şahrahi-nicat» adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən yuxarıdır» (Vəliqulu bəy Şamlu. Qisəsül-xaqani. Təshih-o-pavərəqi: doktor Seyyid Həsən Sadat Nasiri. Cild 2, s.73-74).
Məczubun təvəllüd tarixi məlum deyil. Aşağıdakı rübaidən aydın olur ki, o, hicri 1093-cü (miladi 1682-ci) ildə vəfat etmişdir. Bu maddeyi-tarix Məczub divanının Britaniya Muzeyində saxlanılan bir əlyazma nüsxəsinə əlavə olunmuşdur.

Məczub əz an rəft be səd xoşhali
Dər baği-nəim bud cayəş xali
Tarixe-vəfat əz xerəd porsidəm
Qofta: «Asud dər beheşte-ali».

(Tərcüməsi: Məczub ona görə dünyadan xoşhal getdi ki, cənnət bağında yeri boş idi. Onun vəfatının tarixini ağıldan soruşdum. Dedi: «O, uca behiştdə rahatlıq tapdı»).
Buradakı «asud dər beheşte-ali» ifadəsi əbcəd hesabı ilə hicri 1093-cü ili göstərir.
Məczub bir dəfə hicri 1063-cü (miladi 1652-ci) ildə öz şerlərindən on min beytdən çox toplayıb divan bağlamışdır. O, məşhur əsəri olan «Şahrahi-nicat» («Nicat yolu») məsnəvisini 1066-cı (1655-ci) ildə qələmə almışdır. Bu əsər üç min beytdir. Məczub 1088-ci (1677-ci) ildə yazıb bitirdiyi «Təyidat» («Təsdiq olunan fikirlər») adlı risaləsini Şah Süleyman Səfəviyə (1666–1693) ithaf etmişdir (Məhəmmədəli Tərbiyət. Danişməndane-Azərbaycan. Be kuşeşe-Qulamrza Təbatəbayi. Tehran, 1377, s.469). Tövhidə dair və imaməti təsdiq edən hədislərə, həmçinin on iki imamın mədhinə həsr olunmuş bu əsər 314 bənddən ibarətdir və həcmi səkkiz min beytdir. Bunlardan əlavə şairin qəsidə, qəzəl, müxəmməs, tərcibənd, saqinamə və rübailərdən ibarət dörd min beytlik farsca divanı da vardır.
Hicri 1083 – 1090-cı illər arasında öz təzkirəsini yazıb başa çatdıran Nəsrabadi Məczubu «geniş xarakterə» və «təsəvvüf zövqünə» malik bir şair kimi təqdim edir:
«Təxəllüsü «Məczub» olan Təbrizli Mirzə Məhəmməd yaxşı elm talibidir. «Vüsəti-məşrəb»də (xarakter genişliyində) qabiliyyəti mükəmməl və təsəvvüfdə zövqü sonsuzdur. Təbriz tələbələri hər gün onun dərs məclisindən faydalanır. «Şahrahi-nicat» adlı məsnəvisi vardır...» (Təzkereye-Nəsrabadi. Moqəddeme və təshih: Mohsen Naci Nəsrabadi. Tehran, 1378, cild 1, s.275-276). Lakin yeri gəlmişkən deyək ki, Məczubun əsərləri ilə tanışlıq onun «vüsəti-məşrəb»ə malik olması barədə Nəsrabadinin dediklərini təsdiq etmir. («Vüsəti-məşrəb» termininin şərhi barədə bax: Məsiağa Məhəmmədi. Saib Təbrizi və farsdilli poeziyada «hind üslubu». Bakı, 1994, s.61-75).
«Danişməndani-Azərbaycan» kitabının müəllifi Məhəmmədəli Tərbiyət Məczub Təbrizi haqqında verdiyi müxtəsər bilgidə əsasən Nəsrabadi təzkirəsinə dayanmışdır. Tərbiyətin əlavə etdiyi məlumat yalnız şairin üç məsnəvisinin hansı bəhrdə yazıldığını göstərməsindən, həmçinin bu məsnəvilərin və şairin qəzəllərinin rəvan və aydın dilə malik olduğunu qeyd etməsindən ibarətdir.
Məczubun Təbrizə həsr etdiyi qəzəl və bir sıra beytlər onun öz doğma yurduna dərin sevgisini və ehtiramını göstərir. Həmin qəzəl:

Bedeh saqi, şərabe-nabe-Təbriz
Ke darəd feyze-digər abe-Təbriz
(Saqi, Təbrizin saf şərabını ver,
Çünki Təbriz suyunun özgə təsiri var)

- beyti ilə başlanır. Şairin «Sürxab» məhəlləsi barədə dediklərinə gəldikdə isə, qeyd etməliyik ki, bir çox yüksək mərtəbəli alimlərin və şairlərin məzarı bu məhəllədə yerləşdiyindən o, tarixi bir əhəmiyyət kəsb etmişdir. Müxtəlif şairlər bu məşhur məhəlləni tərənnüm etdiyi kimi, Məczub da ondan bəhs etməyi lazım bilmişdir. Misal üçün:

Qanlu başım yaş versə bir zaman seylabını,
Eylərəm rəşki-Bədəxşan Təbrizin Sürxabını.

Və yaxud:

Səndən öncə bax gör, kimlər gedibdür, kim bilür
Kimlərin qanı boyatmış Təbrizin Sürxabını.
(Leyden nüsxəsi, vər.81a, 81b)

Təsəvvüf terminlərindən olan «Məczub» sözü («Məczub – cəzb olunmuş. Sufi termini kimi o kəsə deyilir ki, Allah onu özü üçün seçmiş və müqəddəs su ilə pak etmişdir. Bu cür şəxs əzab və zəhmətsiz yüksək mərtəbə və məqamlara çatar» - Seyyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani. s.697) XIX əsr şairlərindən Kəbudərahəngli Hacı Məhəmməd Cəfər Qaragözlünün də təxəllüsü olmuşdur. (Onun haqqında məlumat üçün bax: Hacı Zeynalabdin Şirvani. Bustanüs-səyahə. Tehran, 1315, s.416-423; Məhəmmədəli Müdərris. Reyhanətül-ədəb. Cild 5. s.188-189). Daha çox Məczubəli şah adı ilə məşhur olan bu sufi şair 1822-ci ildə Təbrizdə vəfat etmişdir. Çox təəccüblüdür ki, Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbrizinin farsca qəzəllər divanı İranda bir neçə dəfə həmin Məczubəli şah Qaragözlünün adına çap olunmuşdur! 1981-ci ildə tanınmış İran alimi Əhməd Gülçini-Məani özünün «Peymanə» adlı təzkirəsində bu açıq-aşkar səhvi qeyd etsə də, iki il sonra Tehranın «İqbal» nəşriyyatı həmin məsələyə diqqət vermədən üçüncü dəfə bu səhvi təkrar etmişdir! Vaxtilə Azərbaycan Respublikasında ərəb əlifbası ilə nəşr olunan «Səhər» adlı tarixi-ədəbi dərgidə həmin səhv Məhəmmədəli Müsəddiqin «Məczubəli şah Qaragözlü» adlı məqaləsinə də yol tapmışdır. (Məhəmmədəli Müsəddiq. Məczubəli şah Qaragözlü. – «Səhər» (tarixi-ədəbi məcmuə). 1984, № 7, s.52-54).
Məczub Təbrizinin əlimizdə olan farsca və azərbaycanca divanları onun hər iki dildə mahir söz ustadı olduğunu təsdiq edir. Farsca qəzəlləri kimi onun ana dilində yaratdığı qəzəllər də olduqca rəvan, emosional və təsirlidir. Məczubun şerlərində didaktik və əxlaqi məqamlar çoxdur.
Məczubun hər iki divanını mütaliə etdikdə, bir çox beytlərin, bəzi şerlərin bir-birinin tərcüməsi olduğu, yaxud eyni mövzuda yazıldığı müşahidə olunur. Aşağıdakı beytlərə diqqət yetirək:

Farsca: Peyvəste gerde-arezət an zolfe-porşekənc
Piçide ba xəyale-pərişan be fekre-gənc.
(Divan, s.53)
Türkcə: Peyvəstədür arizinə zülfi-pürşikənc
Gənc üstə ki, ilan kimi almış kənarə gənc.
(Əlyazma, vər.36a)
Farsca: Kəs şişe-ra be şişeye-digər çera zənəd
Bica deli ze xiş mərəncan-o-xod mərənc.
(Divan, s.53)
Türkcə: Sındurma könül, iki şişəni vurma bir-birə
Yaxşı demiş Şikəstə: «Mərəncan-o-xod mərənc».
(Əlyazma, vər.36b)

Bu kimi misalların sayını bir neçə dəfə artırmaq olar. Onlar bir daha hər iki divanın eyni bir şairə, yəni Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbriziyə aid olduğunu sübuta yetirir.



0 Şərh

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər