Güntay Gəncalp. ALA İNƏK

Ala inək gözümü dünyaya açdığım gündən qapımızda idi. Nə zamandan bizim yaşayışımızın bir parçası olduğunu xatırlamırdım. Ancaq qısır olmadan hər il doğar və qapımızı doldurardı danalarla. Hələ onun süd-qatığının bizim yemək qaynağımız olduğunu demirəm. Bu şəkildə ala inək hamımızın sevimlisi olmuşdu. Axşamçağı və gün doğarkən, anam gözəl şərqiləri ilə ala inəyimizi sağar, mən də onun yavru buzovunun başına ip salıb tutardım gözünün önündə. Ala inək balasını yalayıb, özəlliklə buzovun boynunun tüklərini sanki dili ilə darardı. Yavru buzov məst olardı anasının onun boynunu yalamasından. Mən də alışmışdım bu gözəlliyə. Anamın əlində bayda şərqi söyləyib inək sağması, ala inəyin yavrusunu yalaması, günbatan çağı və gündoğan çağının oluşdurduğu əsrarəngizlik. Sağım bitdikdən sonra buraxardım buzovu, təpilərdi anasının qıçının arasına və başlardı əmməyə. İndi isə əl çatmaz bir xəyal kimi gəlir mənə o xoşbəxt həyatım.

Bir yaz günü idi. Hər tərəf yam-yaşıl, zəmilər, sarıbaş şüvərənlər yavaşça əsən küləyin təsirindən dalğalanırdı. Yenə də anam ala inəyi sağdı. Buzov anasını əmib, həm də həsrət gedərdi. Buzovu anasından ayırıb öz yerinə apardım. Ala inək də digər mallarla bir yerdə örüşə aparıldı. Bir neçə yavru buzovları özümüzlə çalışdığımız tarlaya apardıq. Orada yumşacıq tər otlardan dərib atırdıq buzovların qabağına, yeyirdilər. Buzovlarımın bəzən də boynuna sarılıb üzlərindən öpürdüm. Anam da mənə “oğlum, sən ki buzovları belə çox sevirsən, indi gör mən səni necə, nə qədər sevirəm. İnşalla, bir gün öz uşağın olduğunda mənim dediklərimi anlarsan” – deyirdi. Qonşuların tarlasına girməsinlər deyə, buzovlarımızı ayaqlarından iplə bağlamış, ipin də bir ucunu yerə basdırılmış dəmir mıxa düyünləmişdik.
Günorta çağı idi. Adətən günorta çağında evdən gətirdiyimiz yeməyimizi yeyib, sərin su və ayran içdikdən sonra kaldarlardan düzəltdiyimiz kölgəciyin altında uzanıb 10-15 dəqiqə gözümüzü yumub yorğunluğumuzu çıxardıqdan sonra yenidən tarlada çalışmağa başlardıq. O yuxuların dadı, ləzzəti başqa idi. İndi artıq o zamankı kimi yatmaqdan ləzzət ala bilmirəm.
Anamla bərabər kölgəciyin altında uzanmışdıq ki, buzovların bağırtısına diksinib yuxudan oyandıq. Qurd!. Qurd buzovlarımıza saldırmışdı. Qurd bizi görər-görməz qaçdı. Ancaq ala inəyin balasını boğazından yaralamışdı. Qaçaraq buzova yaxınlaşdıq. Boğazından qan fışqırırdı. Anam: “Orağı gətir, başını kəsək, artıq bu diri qalmaz” – dedi. Anam əlləri əsə-əsə buzovun başını kəsdi. Ağlayaraq, durumu seyr edirdim. Buzov dostum çabalayaraq, can verdi. İçim yanırdı sanki.
Başqa buzovları önümüzə alıb, ala inəyin yavrusunun cənazəsini də eşşəyin üstünə yükləyib, axşam evə getdik. Anam gəlinimizə: “Buzovu qurd parçaladı. Ətindən yemək bişir” – dedi. Gün batmışdı artıq. Bütün inəklər örüşdən gəlmişdi, həyətimizdə sağılırdılar. Ala inək çox narahat görünürdü. Quyruğunu tez-tez tərpədib, qulaqlarını gözləri baxan tərəflərə yönəldib, yavrusunu görmək istəyirdi. Anam başqa inəkləri sağdı. Bu dəfə ala inəyi özəlliklə ən sona saxlamışdı. Ala inək ilk dəfə balası gözünün önündə olmadan sağılacaqdı. Ancaq imkan vermədi. Ayaqlarını yerə çırpıb mələyirdi. Axşam inəyi sağa bilmədi anam. Ala inək sabaha qədər mələdi qapıda. Gecə anam buzovun dərisinə saman doldurdu. Sonra da dərinin boş yerlərini tikdi. Sabah yenidən ala inəyi sağmaq istərkən, içi samanla dolmuş balasının dərisini qoyduq ala inəyin önünə. Dəri hələ qurumadığı üçün balasının qoxusunu ala bilirdi. Ala inək başladı balasının içi samanla dolmuş dərisini yalamağa. Anamın gözlərindən yaş axırdı. Anam gözəl səsi ilə yas bayatıları söyləyərək, inəyi sağmağa başladı:

Əzizim üzgün ağlar,
Qaş-gözü süzgün ağlar.
Balası ölmüş ana,
Bir gülsə, yüz gün ağlar.

Ala inəyin gözlərindən yaş sel kimi axırdı. Bir tərəfdən buzovun ölməsi, bir tərəfdən ala inəyin göz yaşları və bir tərəfdən də anamın həzin şərqisi ruhumu elə sarmışdı ki, hönkür-hönkür ağlamağa başladım. Anam mənim ağlamağımı duyduğunda səsini kəsdi. Ancaq anamın göz yaşlarının sağdığı südün içinə damladığını görürdüm.
Anam ala inəyi sağdıqdan sonra gəlib mənim boynuma sarıldı: “Ağlama bala, nə edə bilərik? Yavaş-yavaş unudulacaq. Çox üzülmə!” – dedi. Buzovun ətindən yemək hazırlamışdılar evdə bacılarım və gəlinlərimiz. Ancaq kimsə yemədi. Ala inəyin kədəri bağrımızı sarmışdı. Onun balasının ətini necə yeyə bilərdik?! Kədər evimizi bürümüşdü. Bizim qapımızı bərəkətlə dolduran ala inəyin dərdini necə bu tezliyə unutmaq olardı? Anam üzünü gəlinlərimizə tutub: “Buzovun ətini yeyə bilməyəcəyik. Qalıb xarab olar. Günahdı. Sabah aparın verin qonum-qonşulara. Savabdır” – dedi.
Təkrar gecə olmuşdu. Qəm içində yatmışdıq. Ancaq nə yuxu?! Yuxum gəlmirdi. Anam əlini uzadıb saçlarımı oxşayaraq: “Mənuş (Güntay), gəl yanımda yat bu gecə, sarıl boynuma, yavrum. Ağlama, keçər gedər” – dedi. Sanki anam içimdən keçənləri bilmişdi. O gecə gerçəkdən də anamın boynuna sarılıb yatmaq istəyirdim. Anama: “Ana, kürəyimi qaşı! Əllərinlə kürəyimi qaşı, rahatlanıram onda” – dedim. Anamın əlləri kürəyimdə gəzişdikcə ruhum bilinməz uzaqlıqlarda uçurdu. Ağır acı içində yuxu alıb aparmışdı bizi.
Yuxumda gördüm ki, ala inək dil açıb. Ala inək dil açmış, mənimlə danışırdı. Kəndimizin üst tərəfindəki örüşdə ala inək sağ böyrü üstündə uzanmış, ölürdü. Ancaq danışa-danışa ölürdü. Gözlərini qırpmırdı. İri gözlərindən yaş axaraq mənə: “Mənim balamı hara apardın? Onu məndən niyə ayırdın? Mən artıq onsuz yaşaya bilmərəm. O, mənim son yavrum idi. Son doğuşum. Yavrum....yavrum...” – deyirdi.
Yuxudan oyandım. Əllərim titrəyirdi. Yanımda anam hələ yuxuda idi. Bir az kənarda atam xoruldayırdı. Dışarı çıxdım. Hava gözəl, göydə sonsuz ulduzlar parıldaşırdılar. Ala inəyimizin yanına getdim. Başqa inəklərdə olan rahatlıq ala inəkdə yox idi. Ala inəyi bir az tumarladım. Boynunu çevirib mənə baxırdı. Belə kədərli və bədbəxt baxışların qarşısında dözmək nə qədər də çətinmiş! Təkrar geri dönüb anamın yanında uzandım.
Gün doğmuşdu. Təkrar ala inəyin dərisinin içinə saman doldurulmuş yavrusunu gözlərinin önünə qoyaraq, sağmağa başladı anam. İnəkləri sağıldıqdan sonra hamısını örüşə aparacaqdım. Ala inək yeriyə bilmirdi. Arxada qalmışdı. Digər inəklər kəndin heyvanlarına qatılıb uzaqlara otlamağa getdilər. Ala inək geri qalmışdı.
Tam oraya çatmışdıq. Mənim yuxumda gördüyüm yerə çatmışdıq. Ala inək tam oraya çatdığımızda sağ böyrünün üstündə uzandı. Yaş axan iri gözlərini mənə zilləyib can verməyə başladı. Ölürdü. Fikirləşdim ki, indi yuxumda gördüyüm kimi dil açıb danışacaq. Ancaq danışmadı. Gözləri mənə zillənmiş şəkildə can verdi.

28.09.2009


5 Şərh
  1. Salam Mesiağa müəllim.
    Blogunuzu deyishdiyimnizi bilmirdim. Teessuf. o biri Cahana oyreshmishdik...
    Esas odur ki, siz ozunuzu burada rahat hiss edesiniz, biz de tez adaptasiya olacagiq.
    Uğurlar...


  2. Xoş gördük, Rəbiqə xanım.
    Fikir verdinizsə,"Cahan" burda əvvəlki məzmun və ardıcıllıqla qurulur. Yəqin bir neçə günə bu iş başa çatar. Buranı daha etibarlı və sabit sayıram...
    Dostların məni burada da arayacağına inanıram. O cümlədən də sizin.
    Çox sağ olun, sizə də uğurlar diləyirəm. Yolunuz açıq olsun!


  3. Anonymous :

    salam Məsiağa müəllim. Düzəlişləri etdim. Sizə də bizə də uğurlar.

    The İmage


  4. Təşəkkürlər, dostum!
    Uğur Allahdandır...


  5. salamlarGUNTAY bay na gadar bela yazilarinla bizi agladajagsan einanin urayimizda duzum galmayib
    ---------------------------------
    ay savalan kitabimdandir.
    -------------
    guyunlarin anam sudun sagardi.
    sud buledi yagiş kimi yagardi.
    bajim sudo bir bujaga ygardi.
    guzolari guyonlara gatardim.
    dinjalardim başi atib yatardim.


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər