"Ziyalılar cəmiyyətdə üçüncü göz rolunu oynamalıdır"

Şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin ANN.Az-a müsahibəsi.

- Bu yaxınlarda 48 yaşınız tamam oldu. Bu yaşda özünüzü necə hiss edirsiz?
- Belə bir söz var: qırx yaşa qədər ömür bir mətn, qırxdan sonra isə ona yazılmış şərhlərdir. İndi özün nəticə çıxart. Hər halda uşaqlıq və gənclikdəki ad günü sevinci adam yaşa dolduqca öz yerini tamam başqa hisslərə verir.
- Bu yaxınlarda Azərbaycan Prezidentinin Elmlər Akademiyasında elm xadimləri ilə görüşü keçirildi. Bu görüş barədə təəssüratlarınızı bilmək maraqlı olardı?
- Bu görüşün nəticəsi olaraq, Akademiya əməkdaşlarının məvacibi müəyyən qədər artırıldı, maddi-texniki bazanın möhkəmlənməsi barədə qərarlar verildi. Amma məncə, daha mühüm olan məsələnin mənəvi tərəfidir: Elmlər Akademiyasının qorunması və inkişafında hökumətin maraqlı olduğu bir daha təsdiq edildi. Dövlət başçısı Akademiyada Azərbaycanın intellektual elitasının cəmləşdiyini vurğuladı. Universitetlər, xüsusən özlərinin indiki durumunda, bu missiyanı yerinə yetirə bilməz. Axı elmi fəaliyyət sadəcə iş deyil, həyat tərzidir.
- Sizcə, elm və sənət adamlarının dövlətlə münasibətləri necə qurulmalıdır?
- Yəqin hakimiyyət demək istəyirsən, çünki dövlət həm də elm və sənət adamlarınındır, onu qorumaq, möhkəmləndirmək onların da vəzifəsidir. Bilirsən, ziyalılar cəmiyyətdə üçüncü göz rolunu oynayır, yaxud oynamalıdır. Bizdə deyirlər, elin gözü tərəzidir. Amma məncə, ziyalının gözü tərəzidir: həmin tərəzinin bir gözündə xalq, bir gözündə hakimiyyətdir. Və bu tərəzinin əyilməsi barədə xəbərdarlıq edən də ziyalı olmalıdır. Bu zaman ziyalının tənqidi hansısa müxalif siyasi qüvvənin tənqidindən prinsipial şəkildə fərqlənir, çünki onun hakimiyyətə gəlmək iddiası yoxdur. İndi bizim elm və sənət adamları bu tələbə cavab verirmi-vermirmi, vermirsə, niyə vermir, bu ayrı söhbətin mövzusudur. Əsas odur ki, ziyalıları təsir altında saxlamaq və yönəltmək fikrinə düşən hər hansı hakimiyyət əslində özünə ziyan vurur, çünki özünü müstəqil fikir eşitmək imkanından məhrum edir. Nizaminin “Sirlər xəzinəsi”ndəki güzgü müqayisəsini yadına sal: əgər güzgü xoşagəlməz bir şey göstərirsə, onu sındırmaq lazım deyil, qüsuru islah eləmək lazımdır.
- Şimalda və Cənubda türkdilli qələm adamlarının oxşarlıqları, fərqlilikləri nələrdi?
- Azərbaycanın torpağını parçalayanların bölə bilmədiyi bir şey varsa, o da bizim sözümüz, ədəbiyyatımızdır. Bizim ədəbiyyatımız bir olub və birdir. Yadındadır, Bəxtiyar Vahabzadə nə deyirdi?

O taydan bu taya Mustafa Payan,
Oxuyur Vahidin qəzəllərini...


Özü də hələ sovet vaxtı. İndi, şükür Allaha, “dəmir pərdə” yoxdur və sən deyən fərqliliklər də tədricən aradan qalxır. Bu fərqlər təhsil, ictimai-siyasi quruluş, ədəbi təsir kimi amillərlə bağlıdır, özü də üzdədir, dərin qatlarda bizim bədii düşüncəmiz eynidir. Bir şeyi də deyim: Cənubda dilimizin tədrisinə qadağa qoyanların bütün səyləri əslində uğursuluğa düçar olub. Dilin qəribə özünüqoruma mexanizmi var. Şəhriyar demişkən, sıxılır, sıxılır və birdən partlayaraq “Heydərbaba” kimi bir əsər ortaya qoyur. Gör, son iyirmi ildə Cənubda necə böyük ədəbiyyat dalğası meydana gəlib. Və nəzərə al ki, bunu yaradanların heç biri ana dilində təhsil almayıb.
- Bizim dərgi və saytlarda dərc olunan Cənublu yazarların əsərləri barədə nə düşünürsüz?
- Cənublu yazarların əsərlərini tanıtmaq, təbliğ etmək, bizim oxuculara çatdırmaq vacib bir işdir və davamlı olmalıdır. Bu yöndə “Alatoran” jurnalının, “Kultaz” saytının ardıcıl işi təqdirə layiqdir, başqa dərgi və qəzetlərin də adını çəkmək olar. Baş redaktoru olduğum “Bakı-Təbriz” dərgisində də 2006-cı ildən bəri Cənubun tarixinə, ictimai-siyasi problemlərinə, dil məsələlərinə dair yazılarla yanaşı, ədəbiyyatşünasların məqalələri, şeir və hekayələr çap olunub. Son vaxtlar Sayman Aruzun bu işdəki fəallığı da qeyd edilməlidir. Başlıca qüsur, zənnimcə, seçim məsələsindədir. Yəni bu işə “nə gəldi” prinsipi ilə yanaşmaq olmaz. Cənub ədəbiyyatına qayğı, diqqət başqa şeydir, ona aşağı standartla, güzəştlə baxmaq başqa. Cənubdakı ədəbiyyat, xüsusən poeziya, Kərbəlayı demişkən, biz düşündüyümüz qədər aciz deyil. Əksinə, orda ədəbiyyatımızın potensialı daha böyükdür və düşünürəm ki, indinin özündə də Şimaldakı yazarların Cənubdan öyrənə biləcəyi bir şeylər var..
- Uzun illərdi Cənubi Azərbaycanda Azərbaycan türkləri fars şovinizminə qarşı savaş verirlər. Bu qutsal mübarizənin nəticələrini görmək bizə nəsib olacaqmı?
- Həm Şimalda, həm də Cənubda bəlli kəsim arasında populyar olan bir siyasi xadim vaxtilə deyirdi ki, 1997-ci ildə Güneydə milli-azadlıq hərəkatı, 1998-ci ildə Quzeydə demokratik hərəkat başlayacaq, 1999-da Azərbaycan birləşəcək. Mən belə proqnoz verə bilmərəm. Amma mübarizə var və bütün çətinliklərə baxmayaraq, nəticəsi mütləq olacaq. Hadisələr göstərir ki, Cənubdakı mübarizlər Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarının dərslərini unutmayıblar, bundan düzgün nəticə çıxarıblar. Odur ki, nikbinliyə əsas var.
- Tez-tez ustadınız, dünya şöhrətli alim Rüstəm Əliyevi xatırlayırsınız. Bəs Məsiağa Məhəmmədinin özünün necə, tələbələri varmı?
- Ustad sarıdan bəxtim gətirib. Azərbaycanın XX əsrdə yetişdirdiyi böyük şərqşünaslar – Mübariz Əlizadə, Qəzənfər Əliyev və Rüstəm Əliyev mənim bilavasitə müəllimlərim olub. Yadımdadır, Moskvadakı Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelinlə tanışlığımızda mənə dediyi ilk sözlərdən biri bu oldu: “Sən yaxşı məktəb keçmisən”. Məktəb keçmək elmdə çox vacib məsələdir. Həm də varisliyin qorunması baxımından. Konkret Rüstəm Əliyevə gəldikdə, bir şeyi deyim: indi Harvard bizim mətbuatın gündəmində olan mövzulardan biridir. Amma çoxları bilmir ki, hələ 1965-ci ildə Rüstəm Əliyev beş ay Amerikada mühazirələr oxumuş və Harvard Universitetinin fəxri professoru seçilmişdi. Buradan onun elmi şəxsiyyətinin miqyası barədə nəticə çıxarmaq olar. Qaldı mənə, yetirmələrim var, özü də təkcə elm sahəsində yox. Bilavasitə rəhbərlik etdiyim insanlardan başqa, mənim təklif etdiyim mövzular, verdiyim ideyalar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılıb və yazılır. İmam Sadiqin bir kəlamı var: “Elmin zəkatı onu başqalarına öyrətməkdir”. Mən də biliyim qədərində bunu etmişəm.

Mövlud Mövlud

ANN.Az


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər