(hekayə)Oğlan ayağın tormozdan götürüb soruşdu:
- İyirmi altısıydı, ya iyirmi doqquzu?
Qız gülümsədi:
- Sən hər il bunu soruşursan…
Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
- O duvarı da uçurdublar, yeri boş qalıb.
Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
- Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
Başını içəri gətirib:
- Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.
Hərdən bir maşın gəlir-gedir, bura bir xəlvət xiyavandır, iki tərəfi də söyüdlə kölgələnib, darıxmalı payız axşamı da olsa, özünə görə gəzməli yerdi, xəlvət, sakit.
İki nəfər o başdan gəlir, payızın bu xəlvət xiyavanının yarpaqların ayaqlaya-ayaqlaya. Qız bir nimkət1 göstərir, ona sarı gedirlər. Bir tikə duvar nimkətin dalısında var, o əl-bu əli boşdu. «Bu duvar burada nə üçündü?» – ikisinin fikrindən keçir. Bir yarpaq yerə düşür, onlar oturub səssiz yerə baxırlar, biri-birinin başmaqlarına…
Oğlan ayağın basır tormoza. Xəlvət xiyavan hələ də xəlvətdi (ancaq belə nəzərə gəlir). Bir yarpaq yerə düşür, ikisi də duvarla nimkətin boş yerinə baxırlar. Qız oğlanın əlindən yapışır:
- Səkkiz il oldu – deyir.
İki nəfər o başdan gəlir, bir oğlan, bir qız. Nəzərə gəlir halları xoşdu, payızın yarpaqlarını ayaqlaya-ayaqlaya burada dayanan iki nəfərə baxırlar. Oğlan qıza deyir (hansı oğlan hansı qıza, mən də bilmirəm):
- Duvarın yeri gör nə boşdu…
Qız fikrində deyir: «Mən burda doğulmuşam, göbəyimi burda kəsiblər, elə burda da basdırılmışam».
Oğlan ağlayıb deyir:
- Mənim anam da burda basdırılıb.
Bir ağ paltarlı kişi onlara yaxınlaşır, oğlana sarı gəlir, əlin oğlanın çiyninə qoyub deyir:
- Ağlama, hamı öləcək, sən indi Deep Depression mərhələsindəsən, darıxma…
Sonra cibindən rəngli-rəngli həblər çıxardıb verir oğlana:
- Bunları at, halın düzələr.
Sonra millət yığışır bunların başına. O iki nəfər də gəlir, onlara oxşadıqlarından təəccüb eləyib ağlayırlar. Millət ağlayır… (Bəlkə də gülür).
Xiyavan bala-bala şuluğlaşır, hər tərəfdən adamlar gəlir. «Görəsən, nə xəbərdi?» - qızla oğlanın fikrindən keçir.
Kamera gətirirlər, duvarın yerinə duvara oxşar bir panel qoyurlar, bir nimkət.
Hər yer adamdı, amma heç birindən səs çıxmır. (Səssiz ağlayıb-gülürlər, ağlaya-ağlaya gülürlər).
Oğlan fikirləşir: «Görəsən, maşının qapısın bağadım? Maşına bir zad olsa, atam öldürər».
Həmin kişi deyir:
- Mən sənin atanam, qorxma, öldürməyəcəm səni…
Söyüdlərdən projektor aslayırlar, hər yer işıq olur. Qız qorxudan oğlana yaxınlaşır, oğlan bağrına basır qızı.
Millətin içindən bir nəfər mikrofon əlində eşiyə çıxır, elə çıxır deyəsən, millət bir-birinə yapışılmış bir şeydi, su kimi.
İndi mikrofonlu kişi səsin alıb başına, amplifayerlər qulaqları yırtır.
Sözlərin heç birini düşünmək olmur. Qız yavaşcadan:
- Nə deyir? - soruşur.
Səs kəsilir. Millət su kimi axır qanovlara, pox qoxusu dünyanı götürür, itir-batır, duvarı gətirənlər duvarı aparırlar, duvarın yeri yenə boş qalır, nimkətin də, projektorlar da söndürülür, mikrofonlu kişinin yerə düşmüş mikrofonu da götürülür.
Qız qalır oğlanla və maşın və söyüdlər yarpaqların tökə-tökə.
Qız fikrində soruşur: «Nə xəbər idi? Sən də mən görənləri gördün?»
Oğlan bir siqar alışdırır. O biri oğlanın da siqarın alışdırır, yerə baxır.
- Görəsən, bu adda xiyavan var heç? – soruşur.
O biri oğlan soruşur:
- Görəsən, biz doğruyuq, yoxsa yalan?
Qız fikrində deyir: «Yox, bu adda xiyavan qalıb səkkiz il qabaq iyirmi altısında».
Qız fikrində deyir: «Biz yalanıq, yalan…»
Sonra soruşur:
- İyirmi altısı idi, ya iyirmi doqquzu?...
_______
Nimkət – skamya
Bu yaxınlarda işıq üzü görmüş "Sədi və Hafiz" adlı həcmcə çox da böyük olmayan kitabı gördükdə, alimlərimiz arasında müdrik Şərq ədəbiyyatına marağın davam etdiyini duydum və bu sahə ilə bağlı olan şəxs kimi fərəhləndim. Fərəhimin bir səbəbi də odur ki, kitabın müəllifi Şərq ədəbiyyatının istedadlı tədqiqatçısı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədidir. Başqa bir tərəfdən, dünya şöhrətli bu iki şəxsiyyətin həyatı və əsərlərinin öyrənilməsi ilə ölkəmizdə prof. Rüstəm Əliyev kimi istedadlı alim məşğul olmuş, Mirmehdi Seyidzadə və Əbülfəz Hüseyni onların qəzəllərini ustalıqla dilimizə tərcümə etmiş, şərqşünaslığımıza dəyərli töhfələr vermişlər. Onlardan sonra bu sahədə sanki bir boşluq görünməkdədir. Böyük liriklər Sədi və Hafizin sadə və sehrli sözlərində ifadə edilmiş didaktik və kamil məzmuna müraciət edən müəllif klassik bəşər ədəbiyyatının bugünkü dəyərini oxucularımıza açıqlamaqla faydalı iş görmüşdür. Kitabın redaktoru və ön sözün müəllifi Əlibala Hacızadə iki böyük sənətkar haqqında sözü özünə yaraşan obrazlı dildə belə başlayır: “Səkkiz əsrdən bəri dünyanın müxtəlif məmləkətlərində Şirazın iki bülbülünün sirli-sehrli nəğmələrinin əfsununa düşmüş insanlar – söz-sənət, elm mütəfəkkirləri о bülbüllər haqqında heyrət və təəccüblərini ifadə edən nəğmələr oxumuşlar, indi də oxuyurlar və gələcəkdə də oxuyacaqlar".
İki bölmədən ibarət olan kitabın birincl bölməsi "Sədi: həqiqət və gözəllik şairi" adlanır. Bu bölmədə müəllif Şeyx Sədi Şirazinin (1209-1291) həyatı haqqında nisbətən geniş məlumat verməyə çalışmış və onun əsərlərini fərqləndirən başlıca məqamları oxuculara çatdırmaq istəmişdir. Şairin həyatını onun dövrü və mühiti ilə bağlı şəkildə təqdim edən M.Məhəmmədi Sədinin təhsili, müəllimləri və ünsiyyətdə olduğu şəxslər haqqında məlumatları mötəbər qaynaqlardan götürmüşdür. O, özünə qədər şairin həyatına aid irəli sürülmüş mübahisəli fikirlərə də münasibətini bildirmişdir. Bunlara Sədinin doğum tarixi, "Bustan" və "Gülüstan"ın yazıldığı tarix, Şiraza qayıtmasına qədərki ədəbi fəaliyyətini misal gətirmək olar. Sədinin həyatı zəngin hadisələrlə doludur. Onun oxuyub öyrəndiyi mütəfəkkirlər Əbu Hamid Qəzzali (1058-1111), Şihabəddin Sührəvərdi (1145-1235), İbn əl-Cövzi və müasiri Cəlaləddin Rumidən (1207-1273) təsirlənməsi ilə bağlı irəli sürülmüş fikirlər bu kitabda inandırıcı dəlillərlə göstərilir.
Kitabın müəllifi Sədinin həyatının daha bir səciyyəsini – onun səyahətlərdə olmasını da nisbətən ətraflı şəkildə işıqlandırır. Mütəfəkkir dəfələrlə Həcc ziyarətində, Suriya, Livan, Misir, Yəmən, Bagdad, Təbriz və Kiçik Asiyada olmuş, bu diyarlardakı şair, filosof, görkəmli din alimləri, ariflərlə və hökmdarlarla görüşmüşdür. Sədinin irsi haqqında çoxsaylı araşdırmalarla yaxşı tanış olan M.Məhəmmədi şairin əsərlərindəki başlıca məqamlara diqqət verməklə, onun əsərlərinə dair tədqiqatçı sözünü söyləməyi lazım bilmişdir. Belə hallarda o, mütəfəkkirin müdrik poeziyasından uyğun nümunələr gətirir və fikirlərini poetik misallarla əsaslandırır. Bu baxımdan Sədinin ədəbi dilin inkişafına göstərdiyi xidmət, saray ədəbiyyatında dəbdə olmuş qəsidənin poetik quruluşu və məzmununa gətirdiyi yenilik, qəzəli struktur və formal parametrlər baxımından yetkin bir janra çevirməsi, qəzəl beytləri arasında məntiqi əlaqəni yaratması kimi məsələlərdən ayrıca bəhs edilir. Müəlllf Sədi şeirinin canını təşkil edən didaktikanın fərqləndirici cizgilərini açır, onların özünəməxsusluğunu izah edir. Burada bəşəri didaktikanın təsəvvüf şeirindən daha üstün səciyyələri göstərilməklə, müasir dünyada onun əhəmiyyəti vurğulanır. Bu bölməni şairin fıkri ilə yekunlaşdıran müəllif yazır ki, Sədiyə görə, mənəvi dəyərlərin itirildiyi, əxlaq normalarının gözlənilmədiyi, Allah xofunun unudulduğu cəmiyyətdə nə yüksək iqtisadi rifah, nə ictimai qanunlar, nə də elmi və texnoloji tərəqqi insanları həqiqi xoşbəxtliyə qovuşdura bilməz.
Kitabın ikinci bölməsi "Hafiz: sehrkar şair" başlığı ilə təqdim edilir. Bölmədə böyük lirik Şəmsəddin Məhəmməd Hafiz Şirazinin (1325-1390) həyatının başlıca məqamları və yaradıcılığının səciyyəsi verilir. Şairin həyat tarixçəsi Şirazda hökmranlıq etmiş Incu (1343-1353), Şah Şuca (1358-1383), Şah Zeynalabdin (1384-1387), Şah Mənsur (1387-1393) və Teymurlənglə bağlıdır. Onu Hindistana və Bağdada dəvət etsələr də, müdrik şair bu dəvətləri gerçəkləşdirə bilməmişdir.
M.Məhəmmədi sehrkar qəzəllərin müəllifi haqqında düşüncələrini konkretləşdirib göstərir ki, "heyrətamiz dərəcədə geniş xarakterə və təfəkkürə malik olan, bir növ universal səciyyə daşıyan bu şəxsiyyət ayrı-ayrılıqda hər bir kəsə munis olmağı bacarmış, Hindistanda və İranda, Orta Asiyada və Qafqazda yaşamasından, dinindən, dilindən, sosial statusundan asılı olmayaraq hərə öz axtardığını onda tapa bilmişdir". Müəllif dünya şöhrətli sənətkarın bu keyfiyyətinin formalaşmasına səbəb olan amilləri nəzərdən keçirməklə şairin yaradıcılığını təhlil etmişdir.
O, haqlı olaraq, klassik sənətkarların bədii irsinin qiymətləndirilməsində daha məqbul sayılan üsuldan istifadə etmişdir, yəni öyrənilən müəllifin əsərlərində həyatı və şeiri haqqında deyimlərə əsaslanmışdır. Bilindiyi kimi, Quranı əvvəldən axıra qədər əzbər bilən Hafiz "şeirinin ilahi bir vergi, qeybdən gələn bir səs, əzəli sözün təzahürü olduğunu" dəfələrlə vurğulamışdır. O, bu keyfiyyətə Quranın sayəsində nail olduğunu etiraf edir. Nəticədə Hafizin qəzəlləri adi poetik mətn çərçivəsindən çıxıb "sakral bir mahiyyət kəsb etmişdir" (M.Məhəmmədi). Ona görə də bu qəzəllərə şərhlər yazılmışdır. Kitabda bu məsələ ilə bağlı bir sıra nümunələr gətirilmiş və onların mənaları izah edilmişdir.
Hafiz qəzəllərinin dili haqqında müəllifin mülahizələri özündən əvvəlki alimlərin (J.Lazar, Ə.Zərrinkub, Z.Səfa, M.Reysner və b.) fikirlərinə münasibət bildirilməklə irəli sürülmüş yeni və maraqlı mühakimələrin məhsuludur. Onun fikrincə, Cəlaləddin Ruminin "Məsnəvi"si regionda intellektuallar arasında yayılmışdısa, Şiraz bülbülünün şeirləri milyonlarla geniş kütlələrə məxsus idi, çünki onlar bir neçə istiqamətdə sintez prosesini həyata keçirərək ədəbi inkişafa yeni bir yön vermişdi. Özünün hesab etdiyi kimi "Allah vergisi"ni alan Haflz səmavi kitabla yanaşı sələflərinin və müasirlərinin yaradıcılığını da mükəmməl şəkildə mənimsəmişdi. Onun yaradıcılığında "aşiqanə və arifanə qəzəl növləri" bir-birinə qarışdı və qəzəlin mövzu dairəsi xeyli genişləndi. Qəzəlin beytlərinin müstəqilliyinə yer verdiyinə görə hələ öz dövründə tənqid olunmuş Hafiz bu əlaqəni assosiativ səviyyədə təmin etmiş və bunu divan boyu yerinə yetirmişdir. M.Məhəmmədi bu baxımdan məntiqi nəticə çıxarmaqla böyük şairin qəzəl yaradıcılığına tamamilə düzgün qiymət vermişdir: divan boyu “təkrarlanan motiv və obrazların çeşidli variasiyaları müxtəliflik və rəngarənglikdə birlik və eyniyyət yaradır”.
Müəllif bu sintezi farsdilli poeziyada mövcud olmuş müxtəlif fikir cərəyanlarının və məktəblərinin sintezində görür: Xəyyamın rasionalizmi, Ruminin vəcd və coşqunluğu, Nizaminin psixologizmi, Sədi dilinin sadəliyi və axıcılığı Hafizin yaradıcılığında birləşmişdir.
Məlum olduğu kimi, Hafizin poeziyasında mistika kosmoqonik məsələlərdə, Allah və insan, dünya və axirət kimi problemlərin həllində özünü göstərmişdir. Kitabın müəllifi bu məsələ ilə bağlı mühakimələrini ayrı-ayrı qəzəl nümunələri əsasında ümumiləşdirərək belə düşünür ki, şairin lirik qəhrəmanı bütün bəşər övladının adından çıxış edir, beləliklə, onun poeziyası müxtəlif xarakterə, dünyagörüşünə və həyat tərzinə malik insanların mənəvi tələblərinə cavab verir.
Böyük sənətkar təsəvvüfün konseptual müddəalarını qəbul edərək onun bədii imkanlarını genişləndirməyə çalışmışdır. Müəllif Hafizin yaradıcılığı haqqında fikir söyləyəndə müqayisə metodundan istifadə edir. Onun təsəvvüf cizgilərini Füzuli şeirindəki təsəvvüflə və Şəms Təbrizi müdrikliyi ilə tutuşdurur. Bunun üçün başlıca dəlil Hafiz kimi Füzulinin də heç bir təriqətə mənsub olmamasıdır. M.Məhəmmədi Hafiz poeziyasındakı etiraz ruhunu duyaraq onun səciyyəsini verir və ədəbi təhlildə bir müddət mövcud olmuş standart yanaşmalardan uzaqlaşır. Onun fikrincə, şairin etirazı yalnız din xadimlərinə deyil, cəmiyyətdəki riyakar və saxtakar nüfuz və mənsəb sahiblərinə qarşı idi. Bu etirazda "gah kəskin rişxənd, gah yüngül istehza və kinayə" ehtiva edən bir gülüş vardır. Müqayisəyə əl atan müəllif bu gülüşü şairin müasiri Übeyd Zakaninin satirasından daha güclü təsir bağışlayan və "bəsirətdən doğan bir ironiya" adlandırır.
M.Məhəmmədi Hafiz lirikasının estetik təsirini ümumiləşdirərək, onun dramatik və ziddiyyətli mənzərəyə, qəribə bir coşqunluq və sevinc, ümid və nikbinlik ruhuna malik olduğunu göstərir və narahat dünyamızda sevgi ilə yaşayan şairin qədrinin bilinməsini gərəkli sayır.
Dünya poeziyasının əvəzsiz simalarından sayılan Sədi və Hafiz irsinin öyrənilməsinə bir töhfə olan M.Məhəmmədinin "Sədi və Hafiz" kitabı Azərbaycan şərqşünaslıq məktəbinin səmərəli işinin davam etdiyini göstərir və onun müəllifinin bizi yeni tədqiqatlar və kitablarla sevindirəcəyindən soraq verir.
“Ədəbiyyat qəzeti”, 19 mart 2004-cü il
YARPIZ
Bizimki dünyanın
köhnə roman kitabı deyil ki
toz quramasında heydən gedə.
Bizimki əllərimizdə
qıpqırmızı tüfəng
Gözü ac!
İçi ölüm xorası!
Bizimki
dağ döşündə burnu pöhrəli
yarpız.
•
Xatırladığın hər şey
böylə qorxulu,
böylə mehriban
Ah! Qurbanı olduğum,
güllə əsir aramızdan
və dağ başında tər yuxudan durub
yersiz əsnəyir yarpız.
EV
Ah! Vətən hardan başlayır?
Döğulduğum torpaq bəlli deyil,
İlk öncə hardan tapdığım
məmləkət deyilən itik də öylə.
Belindən doğulduğum Tanrı bəlli.
Anlamazcasına boynuma aldığım yük
və bir də yol boyu peşmanlığım, dupduru!
Vətən hardan başlayır, hardan?
Hansı kişinin yurdu kor qalmasın deyə,
yandırıldı bu boz-boyat ocaq?
Və dilimizə bağlandı sərhədlərin ucu.
Harda bayraq boyunduruğuna bağlandı boynumuz?
Bir də yol boyu üzümə tüpürdü hamı
Şeytan belə.
•
Vətən hardan başlayır, hardan?
Mındar qapıların yolçusu imişik biz
və cındır özgə məmləkətlə həmyerli.
Ovcumuzda yandı su
onda ki dilimizdən qaçdı torpaq
və unuduldu yer adamı olduğumuz.
Acı badam olduğumuz.
Və yol boyu yorğuncasına yıxıldım torpağa
vətən dadı görmədim.
Vətən hardan başlayır, hardan?
ŞEYX ƏBÜLQASİM NƏBATİ
Soyuq bir yatağın
yad adamlarıdır sevgimiz.
Aradakı töhmət,
aradakı nifrət gərdəyindən keçən
qarayaxmalar…
•
Keçib bunlar,
acıqlana-acıqlana keçib
içimdən
və ceyran-cüyürlü qəzəlləri
qanına bələşdirib.
•
Ax, Şeyx Nəbati, ax!
Səri-kuyi-yarda
qanına bələnməyir indi aşiqlər.
Və sən nə qədər yazıqsan ki,
hələ başında qalıb bunlar.
Başında qalıb ol büti-pərivəş.
Səni heç bir yataqda
kiminsə qulağına pıçıldaya bilmirəm.
Yarımçılıq soyuyuram
və o
yad adam kimi arxasını çevirir üzümə.
Ax, Şeyx Əbülqasim Nəbati, ax!..
Qaynaq (ərəb əlifbasında): http://www.mayak2.blogfa.com/
Yeddi il bundan qabaq məşhur bir jurnalın baş redaktorunun yanına getmişdim. İstəyirdim əlyazmamın bir nüsxəsini ona verim. İçəri girməyə icazə aldıqdan sonra əlyazmanı (bu, bir hekayə idi) ona təqdim etdim. Amma o, heç yazının üzünə də baxmadı. Onu stolunun üzərində qalaqlanmış kağızların üstünə qoyub katibəsinə tapşırdı ki, mənim üçün bir fincan qəhvə gətirsin, özü isə bir stəkan su içib dedi:
- Sizin əlyazmanı sonra oxuyacağam, ola bilsin bir-iki aya. Görürsünüz də, burada nə qədər yazı yığılıb. Amma lütfən, mənim bir sualıma cavab verin, çünki sizin həmkarlarınızdan heç biri (səhərdən onların yeddisi mənim yanımda olub) ona qənaətbəxş cavab verə bilməyib: nə üçün istedadlar bu qədər çox, (zarafat eləmirəm), mənim kimi idarəçilər isə bu qədər azdır? Mən nəşr etdiyim jurnalı sevirəm. Amma köhnə peşəmə qayıtmağa məcbur olsam, ölmərəm. Mən ülgüc istehsal edən bir fabrikdə reklam şöbəsinin müdiri idim, bununla yanaşı teatr tənqidi ilə məşğul olurdum, çünki ondan həzz alırdım. Bəs sizin bir peşəniz varmı? Nə işin sahibisiniz?
- Hazırda mən bir statistika idarəsinin işçisiyəm.
- Və siz bu işə nifrət edir, onunla məşğul olmağı özünüzə təhqir sayırsınız, eləmi?
Mən dedim:
- Yox, mən öz işimə nifrət etmirəm və qətiyyən onunla məşğul olmağı özümə təhqir bilmirəm. Mən arvad-uşağımı onun sayəsində dolandırıram, hərçənd istədiyim kimi yox.
- Amma buna baxmayaraq, siz bu zərurəti hiss edirsiniz ki, makinadan çıxmış əzik-üzük əlyazmalarla o yan-bu yana qaçasınız, yaxud onları poçtla göndərəsiniz. Və əgər onların hamısı geri qaytarılsa belə, siz yeni şeylər yazmaqda davam edəcəksiniz, deyilmi?
«Bəli» - dedim.
- Niyə bu işi görürsünüz? Cavabınızı yaxşı-yaxşı düşünün, çünki o, həm də mənim birinci sualıma cavab ola bilər.
Bu sual heç vaxt mənə verilməmişdi və mən baş redaktor hekayəmi oxuduğu müddətdə onun üzərində düşündüm. Axırı dedim ki, başqa çarəm yoxdur. Baş redaktor gözünü yazıdan ayırdı. Qaşlarını dartıb dedi:
- Bu, böyük bir sözdür. Mən bir dəfə onu eynən bir bank oğrusundan eşitmişəm. Məhkəmədə hakim ondan soruşdu ki, nə üçün bu oğurluğu planlaşdırıb və həyata keçirib. O da dedi ki, mənim başqa çarəm yox idi.
Mən dilləndim:
- Güman ki, o haqlı olub, amma mənim də haqlı olmadığıma bir dəlil yoxdur.
Baş redaktor susdu və mənim hekayəmi axıracan oxudu. Hekayə dörd makina səhifəsindən ibarət idi və onu oxumaq üçün baş redaktora lazım olan on dəqiqə ərzində mən bu barədə düşündüm ki, görəsən, həmin suala daha yaxşı cavab varmı?! Amma başqa bir cavab tapa bilmədim. Qəhvəmi içib siqaret çəkdim. Çox istəyirdim ki, o, hekayəmi öz yanımda oxumasın. Hər halda, mən ikinci siqareti yandıranda, o, hekayəni bitirib dedi:
- Sualıma verdiyiniz cavabdan xoşum gəldi, amma hekayənizi bəyənmədim. Başqa bir şeyiniz varmı?
«Bəli» - söyləyib çantamdakı beş əlyazmadan daha qısa olan birini seçərək, ona verdim və dedim:
- Siz bunu oxuyana qədər bayırda gözləmək istərdim.
Baş redaktor dedi:
- Yox, yaxşı olar ki, burada qalasınız.
İkinci hekayə daha yığcam idi, cəmi üç makina səhifəsindən ibarətdi. Onun oxunması üçün yalnız bir siqaret çəkməyim lazım oldu. Nəhayət, baş redaktor dilləndi:
- Bu hekayəniz yaxşıdır, hətta o qədər yaxşıdır ki, mən bunların ikisini də bir adamın yazdığına inana bilmirəm.
Mən dedim:
- Amma hər halda belədir, ikisini də mən yazmışam.
O dedi:
- Mən bunu dərk edə bilmirəm, çox da inandırıcı deyil. Birincisi, iddia ilə dolu və dini motivlərdən quraşdırılmış bayağı bir hekayədir, amma ikincisi (sizə yaltaqlanmağım üçün heç bir səbəb yoxdur), mənim fikrimcə, fövqəladə bir əsərdir. Lütfən, bunu izah edin.
Mən izah edə bilmədim və bu günə qədər də ona bir izah tapa bilməmişəm. Əslində yazıçı, mənim nəzərimdə, həmən bank oğrusu ilə müqayisə olunmalıdır ki, hədsiz bir həyəcanla oğurluğu planlaşdırıb gecənin bir aləmi seyfi açır və bu zaman nə qədər pul, nə qədər cəvahirat əldə edəcəyini bilmir: o, hansı qəniməti ələ keçirəcəyini bilmədən özünü iyirmi illik həbs təhlükəsinə atır. Mənim fikrimcə, şair və yazıçı başladığı hər yeni əsərlə indiyə qədər yazdıqlarının hamısını qumara qoyur; bu zaman belə bir təhlükə mövcuddur ki, seyf boş olsun, özü ələ keçsin və bütün əvvəlki oğurluqlarının nəticəsi də araşdırılsın.
Yəqin ki, hər bir yazıçının başlıca göstəricisi, onu başqalarından fərqləndirən əsas şey onun üslubu və imzası ilə birgə sənətkarlıq möhürüdür. Amma elə ki başqaları – oxucular və tənqidçilər – ona bu xüsusi əlaməti verdilər, son sınaq başlayır: belə ki, bundan sonra yazmaq həmişə «başqa çarəsi olmamaq» olmayıb açıq-aşkar təkrara çevrilə bilər, əlbəttə, ustalıqla edilən təkrara. Mahir oğrular və boksçular üçün hər yeni oğurluq və döyüş əvvəlkilərdən daha ağır və təhlükəli olduğu kimi (çünki artıq günahsızlıq bir dəfə itirilib və onun yerini ayıqlıq tutub), yazıçı üçün də belə olmalıdır və mən əminəm ki, yazıçılar birliyində üzvlüyünü möhürlə təsdiqləyən və yaradıcılıq fəaliyyətini əks etdirən sənəd kitabxanasında asılmış olsa da, çoxları üçün məhz belədir.
Hər bir sənətkar üçün müxtəlif imkanlar mövcuddur, təkcə bir imkandan başqa: özünə istirahət vermək və «işimi qurtardım» söyləmək - o, bu böyük, insani, dəyərli və qibtə doğuran sözü tanımır. Ola bilər ki, o, həmişəlik, yaxud müəyyən müddət üçün öz sənətinin sonuna çatsın və bu həqiqəti qəbul etmək qərarını çıxarsın; bununla o, öz sənətkarlığına xitam vermiş olardı. Əlbəttə, mən bu təsəvvürü axıra çatdıra bilmirəm. Bir dəfə bir kitaba (təəssüf ki, unutduğum üçün onun müəllifinin adını çəkə bilməyəcəyəm) yazılmış tənqiddə oxumuşdum ki, bir az hamilə olmaq mümkün deyil və belə görünür ki, fərdin hansı peşəyə yiyələnməyi istəməsinə baxmayaraq, bir az sənətkar olmaq da mümkün deyil.
«Başqa çarəsi olmamaq» böyük bir sözdür və mən indiyədək «nə üçün yazırsan?» sualına bundan yaxşı cavab tapmamışam: sənət yaşayış və onu qorumaq üçün azsaylı imkanlardan biridir – istər onu yaradanlar, istərsə də onu qəbul edənlər üçün. Doğum və ölüm, eləcə də onlar arasında baş verənlər nə qədər təkrarolunmazdırsa, sənət də bir o qədər təkrarsızdır. Əlbəttə, elə insanlar var ki, həyatlarını təkrarla yaşayırlar, amma onlar daha diri deyillər. Elə sənətkarlar və ustadlar var ki, təkrarçılara və mirzələrə çevrilmişlər, amma onlar (özləri və başqaları qarşısında cavabdehlik daşımadan) daha sənətkar olmaqdan əl çəkiblər. İnsan pis əsər yaradanda yox, hər cür təhlükədən qorxduğu anda sənətkar olmaqdan əl çəkir.
Çevirəni: Məsiağa Məhəmmədi
Davamı
BİR PARÇA ULDUZ
Səssizliyi poza bilən bir səs axtardım
Yalnızlığı poza bilən bir dost aradım
Dünya
Səssiz idi
Kəndi qınında uyumuş.
Və çöllərin ortasında
Qəbir qazırdılar
Bir-birinə insanlar.
Ax, Tanrım,
Mənim kölgəm dağlara düşər
Dənizləri örtər,
Misralarım od parçası
Şeirlərimi Günəşə yazar
Və hər bitmiş şeirim
Dəmirçi kürəsindən isti
Qaraçı çörəyindən dadlı olardı
Tapardımsa
Tapardımsa axtardığım əlləri.
Dünya
Yaman səssiz,
İtkilər
İtkin qalır qaranlığında həyatın.
Və əllər
Boşuna gəzir
Boşluğunda havanın.
Kimsə yox
Kimsə yox
Səssizlik içində
Boğulur dünya səssiz və səssiz
Mən kimsəsizəm,
Dünya
Məndən kimsəsiz.
SƏHƏR SAAT BEŞDƏ
Mənim
Qollarımdakı dəmir qandaldan
Sənin
Uzuuun boynuna
Qızıl boyunbağ yapsaydılar nə olurdu?
Hər boyunbağ
Sevgi bağlılığından bir nişanədir.
Sənin, dodaqlarındakı acı gülüşdən
Mənim xəlvətimə şirin mahnı qoşsaydılar nə olurdu?
Hər mahnı
Gülüş sorağında
Döyülən qapıdır.
Olmadı, qaraşın!
Qollarımdakı buxovdan
Möhür yapacaqlar
Namaz qıldıracaqlar sənə
Qaranlıqlar qəbiləsində,
Acı gülüşlərindən
Qızıl güllə tutub,
Ürəyimə sxacaqlar
Edam dirəyində.
Uzun boyunlara
Qızıl boyunbağ,
İncə dodaqlara
Gülüşdən ilmək salmaq yasaq.
Yapılacaq nə qalmış, qaraşın?
Burası Günəşin ölüm yatağı
Mavi gözlü ulduzların gözü önündə…
Və kişilərin, edam meydanı
Qaraşın sevgilərin gözü önündə…
Qulac-qulac saçlarından
Öpmək,
Və əsrük balıq kimi
Gözlərinin dənizində itmək
Başa çatmış, qaraşın!
* * *
Yox!
Və neçə min yol yox.
Olumsuzdur səni sevmək.
Gözləri qapalı
Ölüm dirəyinə sarıqlanırkən
Sən
Ayaq barmaqlarımdan
Ürəyimə sıçrayan
Şirin və şor pıtraq gül açan
Sıcaq bir heca.
Və qardaşlarım
Və yoldaşlarım
Və bütün sevdiklərimin yerinə məni gözləyən
Metir yarımlıq gor!
Yox!
Səni sevmək
Səni sevməmək çox zor.
(hekayə)
Evdən çıxanda səhər çağı gözlədin Sibel Can klipini qurtardı, sora çıxdun. Şalvarıvı otaqda geyib düymələrivi tələsə-tələsə gətirib Sibel Canın qabağında düymələdin. Darağıvı da cibündə gətirib çallanmış saçlarıvı onun qabağında daradın. O biri cibündən atkolon çıxardıb təzə qırxdığın üzüvə, boyun-boğazıva səpdin. Sora əlivi çəkdün boyun-boğazıva. Əlivi şalvarıvın zipinəcən endirdün. Köynəyivin düymələrini göbəyivəcən açıb təzədən düyəmlədün Sibel Canın qabağında. Əlivi şalvar cibivə salıb dəhliz qapısına sarı gedəndə dönüb mənə baxdun. Qapını bağlayıb çıxdun. Təzədən qapını açıb səsivə qayğılı hava verib dedün:
- Mamangilə-zada gedisən, aparım?
- Hövsələm yoxdu, - dedim.
Mamamgili tez-tez yadıma salısan bu günlər.
***
Nahardan sora çəkib keşnən1 dalda bağladım saçlarımı. Ələ gəlmirdi şoqərib. Əlündəki naylon qabçağdan bığlarıva rəy yaxa-yaxa: "Çoxdandı day arayişgaha2-zada getmisən, ay arvad", - dedün.
- Hövsələm yoxdu, - dedim.
İstikanıvı nəlbəkiyə qoyanda çini bir səs dağıldı otağa.
İkiminci çayı içə-içə: "Qızılgül içirik, çay içmirik ki!" – dedün. Yekə dərin qurtumlarnan çayıvı hortuldatdun. Sora nəlbəkinin çini səsinən aramıza gəyirdin. Gəyirmən qurtarcağın onun havasınan: "Zəəəhrimaaar!.." – dedim ürəyimdə. Sora saçımdan bir dəstəsini barmağımnan sığallıya-sığallıya yanağımın üstə qıvırdım.
Durub getdün tuvaletə. Gedib iki balış gətirib yan-yana atdım araya. Üzüqoylu uzandım. Bir qıçımı qarnıma yığdım, sən tuvaletdən çıxınca o birisini də uzatdım. Üzümü çevirdim sənün balışıva sarı. Ətəyimi çəkdim yuxarılıq, budlarımı tökdüm eşiyə. Gəldün. Uzandun. Başıvı balışa qoya-qoya: "Ay dədə vay eyyy…" – deyib ağız-burnuvu çəkib büzüşdürdün. Yani çox yorğunam, kefsizəm, dindirməli deyiləm və belə-belə sözlər. Arxası üstə uzanıb tavana baxdun. Dizimi bir az da yığdım qarnıma və mızıldanaraq, dilimin atına bir mahnı aldım: "Nina nay nay nay nina…" Hələ tavana baxırdun.
Barmaxlarımı salıb saçımı daradım. Sora qolumu qovzayıb havada əydim sənün üstüvə. Barmaxlarımın aralarına ilişən bir neçə telimi gözüvün qabağında oynadıb-oynadıb tellərimi uçurtdum üzüvə.
- İşıq çalır pəncərədən, gözümü qamaşdırır, – deyib dalıvı çevirib böyrü üstə döndün.
***
Keçən həftə şaqqanaq çəkib: "Deyir, oğlum mənə ata deyəndə, deyirəm ədə, köpolu, atan deyiləm ey, mən dayıvam, dayın!" – dedün. Sora tumanıvı qarnıvın boğazına kimin çəkib: "Evünən mühəndis Nuri, belə şirin adamdı eeey, belə", – deyib genə şaqqanaq çəkdün. Mən diş sapını barmaxlarıma tovlaya-tovlaya dedim:
- Vaaa… Onda arvadı da desin, bala, mən sənün bibivəm…
- Day bilisən…, zad olur da…, neynəsin. Deyir, əlim arvadımın buduna dəyəndə, elə bil öz buduma əlim dəyir.
Axmaq-axmaq dedim:
- Bə niyə? – və səsimi rezin kimi çəkib əlivin yan-yörəsinəcən uzatdım, - O ki adamın gözünə girir.
- Nə bilim vallah… Onun da arvadı sir-sifətdən düşüb.
- Oğlunun toyunda elə gözəl "Ləzgi" oynurdu ki.
AzTV kanalından Türkiyə kanalına çevirib qıçıvı qıçıvın üstə aşırdun.
- Ağacəfər ağanın iyirmi beş yaşındakı Rəştdəki təzə arvadı neynir? – soruşdum.
- Mühəndis Nuri deyirdi, day bu yanlara gəlmir. Gedib şirkətinə bi şöbə vurub, oralarda qalır elə.
- Bəs arvadı burda…
Kəsdün sözümü:
- Ah, baba, neynirik axı. Xaxnan nə işimiz…
***
Paltarıvı dəyişib otaqdan çıxman uzun çəkdi gecə evə gəldiyində. Mobaylunan3 oynaya-oynaya gəlib oturdun. Tilvizyonu açdun; dalıca mahvarəni4 də açıb miz üstündəki kitabı götürüb onu da qoydun qabağıva. "Şu Çılğın Türklər". Neçə aydı bu kitab əlündə. Tilvizyon "Tatlısəs" kanalı üstündəydi, səsi də qısıq.
- Nə xəbərlər? – dedim.
Gözüvü kitabdan almadan:
- Heş, - dedün.
Beş-on dəqiqə beləsinə keşdi. Bilürdün gözümün altına almışam səni. Ona görə kipriklərivi daha yatırdırdun kitaba. Hətta yuxlamış kimi də gəlirdün gözümə hərdən.
- Yuxlayıbsan? Vur əxbara!5
Diksintivi tez gizlədib tilvizyona baxa-baxa:
- Əhə…, - deyib dizün üstə buraxılmış kontrolu tilvizyona sarı tuşladun.
- Keşdi əxbar, – dedim.
- Yox baba, hələ.
- Bə Sitarə xanım Derəxşişə baxmısan?
Üzün tilvizyona sarı başıvı tovladun mənə və "tihi" kimi bir gülüşə bənzər səs dişlərivin arasından eşiyə töküldü: "Sitara xanım olmasın, Luna xanım Şad olsun". "Şadili Şad olsun…" – dedim mən də və sənin bayaxkı çıxartdığın "tihi" kimi səsdən çıxartdım. Bilirdün yavaş-yavaş başlamışam tələmi qurmağa. Pis yerdə karıxdırmışdım. Hara qaça bilərdün? Canıvı necə qurtara bilərdün? Bircə qurtaracağın hop tutmandaydı. Onu da ki tutmuşdun. Bilirdün mən də ehtiyatlı cənəvaram, yemimi yaxçı tanıram. Susub dinmədün və beləsinə deyitdəşməyə başlamağımızın cəryanın yerində boğdun.
- Uşaxlardan nə xəbər, danışıbsan buyün-dünən?
Öz aramızdı, uşaxlar lap yerində düşdü yadıva. Sağ ol, elə mənim də dadıma çatdun vaxtında. Heç mənim özümün də o sahat deyitdəşməyə hövsələm yoxeydi. Olseydi başlatmasını yaxşısa bacarırdım. Təki hərdən bir, arada sənə porsuq gəlib əylənmək istirdim. İçündəki diksintilərivi diksindirmək əsəblərimi dincəldirdi.
- Hə… Yaxçıdılar. Term6 imtihanları başdanıb. Başları qaldı. Tehranın da havası qızışır yavaş-yavaş.
Bu uzun cavabım yetərli ara aşdı bayaxkı atdan-atdan soyuq savaşımıza. Başıvı kitabdan qovzuyub mənə baxaraq:
- O qədər başıma iş tökülüb ki şirkətdə… Xarabada baş qaşımağa macalım olmur, – dedün.
Sora kontrolu alıb mahvarə kanalında "Bi-Bi-Si" radyosuna çevirdün.
________
1. Rezin bağ, qaytan
2. Gözəllik salonu
3. Mobil telefon
4. Peyk
5. Xəbərlər
6. Semestr
Qaynaq (ərəb əlifbasında): http://www.1001gece.blogfa.com/post-31.aspx
QƏBRİSTAN
Qəbristan…
Tamaşalı sərgi
Kitab-kitab, dərgi-dərgi…
Cilidlər…
Bayatılı, ağılı
Oldu-öldü nağılı.
Ay Allah!
Görəsən, bu yazıqlar
Göydən düşən alma paylarını yedilər?..
Birini oxuyuram ötərgi:
Yaşar…
On səkkiz bahar…,
Daha heç bir zad oxunmur.
Nə yaman əldən düşüb bu qəbir daşı…
Görəsən, yağış döyüb?...
Ya anasının göz yaşı?...
QAR-YAĞIŞ
Qar-yağış inləyir: yağım qurtarım,
Baharlar tələsir, qışlar tələsir.
Sərdiyim qanadı yığım qurtarım,
Deyib… yel tək əsən quşlar tələsir.
Dalına od çatıb illərim mənim,
Gec açıb tez solub güllərim mənim,
Ah… qışa tələsir tellərim mənim,
Kipriklər tələsir, qaşlar tələsir.
Çinar oğrun-oğrun boyumu süzür,
Kəndir məndən sarı lap özün üzür,
Dözür… heç bilmirsən nə təhər dözür,
Başımı yarmağa daşlar tələsir.
GÖRDÜ BALTALARIN…
Gördü baltaların hücum çəkməsin,
Gizlənə bilmədi… Qaça bilmədi.
Torpaq eşitmədi gileylik səsin,
Ürəyin heç kimə aça bilmədi.
Ürəyin açmadı o heç bir kəsə,
Doğrandı…
töküldü…
adidən adi…
Ayağı altdakı torpaqdan… nəsə,
Diriykən bir addım dalı qoymadı.
Baxırsan ürəyi cadar-cadardı,
Əgər dilə gəlsə, quzu tək mələr.
Bilmirəm… nə sirdi…
hələ ki vardı,
Kəsilə-kəsilə qalıb meşələr.
DÜNƏN-BU GÜN
Dünən…
Ürəyimiz yaxın… əlimiz uzaq,
Birimiz Günəşdə, birimiz Ayda.
Gəl bu sərhədləri aradan pozaq,
Həsrətli həyatdan axı nə fayda?…
Bu gün…
İndisə əllərin əllərimdədir,
Ancaq uzaqlaşıb ürəklərimiz.
Deyirəm, ay gülüm! Faydası nədir,
Bir tavan altında yaşasaq da biz?...
BULUDAM…
Buludam... amma ağlağan deyiləm,
Ürəyim dolmasa, yağan deyiləm.
Bir halal nütfəm olmasa sözdən,
Bir qəzəl körpəsin doğan deyiləm.
Şeir! Alagöz maral! Sən arxayın ol,
Döşlərin dolmasa, sağan deyiləm.
Bir bulaq nəğmə, bir bulaq şeirəm,
Yəni ki, boş cığan-vığan deyiləm.
Qəlbimi xəşlədim yada, tanışa,
Neyləyim… çox da mal yığan deyiləm.
Mən Nəsimi babam deyən mərdəm,
Bu səfil dünyaya sığan deyiləm.
El yavanlıq gəzir… aman, Nadir,
Mən barı bir acı soğan deyiləm.
(hekayə)
Təbrizli şair, yazıçı və jurnalist Əli Abbasi 1980-ci ildə anadan olub. Təhsilini bitirdikdən sonra bir sıra nəşrlərdə çalışıb. Hazırda "Avayi-Mişov" dərgisinin baş yazarıdır. Təqdim olunan hekayə müəllifin bu yaxınlarda çapdan çıxmış "Üç saat azadlıq" kitabındandır.
Ayıldıqda özümü otağın damına zəncirlə asılmış elektrik lampalarının yanında dama yapışmış gördüm. Nədən başqa cismlər kimi yer cazibəsinin təsirində yerin üstündə olmadığımı anlayacaq vəziyyətdə deyildim.
Hələ qarma-qarışıq düşünürdüm. Birdən üstdən otağa baxanda özümü yatağımda gördüm. Mən burda, otağın damında lap elektrik çırağının yanında idim. Bəs yatağımda yatan kim idi? Bir an yuxu gördüyümü düşündüm.
Ancaq bu vəziyyət əsla yuxuya oxşamayırdı. Otağın pəncərəsi yarıya qədər açılmışdı. Bir neçə xəzəl də elə pəncərədən otağın içinə tökülmüşdü. Divardakı təqvim cümə axşamını göstərirdi. Televizyon həmişəyə tay açıqdı. Ancaq ona qulaq asdıqda bu günün şənbə olduğunu anladım. Pəncərədən sərin bir yel əsib pərdələri oynadırdı.
Hava qızarmışdı. Eynalının dalısında gizlənən Günəş yavaş-yavaş şəhəri işıqlandırırdı. Günəşin çıxmasını buraxıb, dönüb bir daha da cəmdəyimə baxdım.
"Yoxsa mən ölmüşəm?" – deyə, cəmdəyimə yaxınlaşdım. Özümə diqqətlə baxdıqda, öldüyümü anladım. Gözlərim parıltıdan düşmüşdü. Ağzım bir az açıq qalmış və yerimdə, elə yuxladığım zaman ruhum gövdədən ayrılmışdı.
Televizyon və divardakı təqvimi tutuşdurub, üç gündən bəri öldüyümü anladım. Bu üç gündə hələ cəmdəyim qoxulanmamışdı.
Birdən düşünməyə başladım. Yaşadığım bütün günlər, saatlar və saniyələr gözümün önünə sərilmişdilər. Bəzi zamanlar çox düşünüb ancaq xatırlaya bilmədiyim xatirələr, sanki elə onları indi yaşayıram, gözümün qabağından keçirdilər.
Uşaq ikən anam: "Əzrail insanları iki vasitə ilə öldürür" – deyərdi. Əzrail yaxşı insanların ruhunu almaq üçün onların burnunun altına bir qızılgül tutarmış. Belə isə də onun ruhunu bədənindən ayırıb cənnəti-məvayə apararmış. Əzrail getdikdən sonra da qızılgül qoxusu günlərcə ölü və o öldüyü otaqdan çəkilməz imiş.
Ancaq günahkarların canını almaq üçün Əzrail altın xəncərlə onların boğazlarını kəsərmiş. Əzrail bir günahkarın başını kəsdikdə onun qanı axıb hər yanı bulayarmış. Bu qan gözəgörünməz bir qan imiş. Hətta biz bu başın kəsildiyini də bilməz imişik. Elə bunun üçün də ölüyə toxunan hər kim meyit qüslü almalı imiş!
Otağı qoxulamağa başladım. Qonşunun söyüd ağacının qoxusu gəlirdi. Hətta otaqdakı kirli paltarlarımın da qoxusunu anlayırdım. Ancaq bu cənnətdən gələn gızılgülün qoxusunu ala bilmədim.
Özümü aldatmamalıydım. Mən bu qısa ömrümdə çoxlu günahlar işləmişdim. Bəlkə də bunun üçün mənim canım qızılgül qoxusuyla yox, Əzrailin altın xəncəri ilə gövdəmdən ayrılmışdı.
Boğazıma baxdım. Ancaq orada bir xəncər izinə rastlamadım. Hətta yerdə ruhlar kimi görünməz qanları da görə bilmədim.
Mənim başıma nə gəlmişdi? Niyə canım gövdəmdən ayrılaraq, hələ də bu dünyada sərgərdan qalmışdı? Fikrimdən Tanrıya yalvarıb məni bir daha da həyata qaytarmağını istəmək keçdi.
Ancaq bu qədər günah işləmiş bir insanın isəklərinə Tanrı qulaq asarmı? Yox! Mən özümdə Tanrıya yalvarma cəsarətini tapa bilməyirdim.
Doğrudan, dəfələrlə işim bərkə düşəndə Tanrıya yalvarıb işimi düzəldərsə, ayağımı tərsə atmayacağımı demişdim. Hər dəfə də öz sözümün altına vurmuş və günah işləmişdim.İndi nə Tanrı mənə inanar, nə də mən özümə.
Dəhşət bütün canımı almışdı. Birdən həndəvərdəki bütün səslər kəsildi. Sanki dünyada səs adlı bir şey yoxmuş kimi, sükut hər nəyi öz içinə aldı. Eynalıya baxdım. Şəhərin göyünü qızardan Günəş yavaşca Eynalının dalısndan çıxırdı.
Mən bilmədən ruhum yavaşca bir dumanın ortadan yox olması kimi, ortalıqdan itirdi. Ruhum ortalıqdan itdikcə, üzümün rəngi dəyişirdi. Səssizlik aradan gedirdi. Mənim canım bir dönə də gövdəmə qayıtmışdı. Bu dönəni saysam, canımın bədənimdən ayrılması yeddi dönə daha təkrar olmuşdu.
Pəncərə açıqdı. Bir neçə yarpaq otağımın içinə tökülmüşdü. Yorğanımı üstümə çəkdim. Yerimdən qalxmağa cəsarətim yox idi.
Qaynaq (ərəb əlifbasında): http://zumrud.blogfa.com/post-20.aspx
"Səhər" təxəllüslü Həmidə Rəiszadə 1952-ci ildə Ərdəbildə doğulmuşdur. "Mavilər" və "Yaşıl mahnı" adlı şeir kitabları ilə tanınmışdır. Əsərləri əksərən ana dilindədir. Farsca da şeirlər yazmışdır. Aşağıdakı şeirlər onun "Mavilər" kitabından seçilərək latın əlifbasına çevrilmişdir. AĞLAYA BİLSƏYDİM
Dayanmağa divar,
Nəfəs çəkməyə az-çox hava,
Alışdırmağa siqar,
Sinəmin dərdin bitirməyə dava
Var.
Bunlar deyil dərdim;
Günəş yerinə ulduzlara kifayət eləyə bilərdim –
Başımı çiynivə qoyub
Ağlaya bilsəydim.
HƏSRƏT
Bir türkü dilimdə,
Bir sevinc baxışımda,
Bir gülüş dodağımda
Ölüşgədi.
Alqışa uzanmış qollarım
Həsrətlə qol-boyun oldu.
Kim qopardıb ulduzları?
YAŞIL EHSASLI
Yenə nisgil ləçəyin saldı xəzan,
Açmamış qönçələri çaldı xəzan,
Məni də caynağına aldı xəzan,
Yaşıl ehsaslı çəmən saxla mənə.
Yalana düzlük oxu etsə əsər,
Gül bitib, qönçə gülüb, açsa səhər,
Bir də görkəmli ürək görsən əgər,
O ürəklərdə vətən saxla mənə.
Sözlərin sinələrə köz qaladar,
Duyğunu tüşgülü közdən caladar,
Ondakı söz Günəşi çalxaladar,
Sözdə ulduz kimi dən saxla mənə.
Dayaq ünvanlı dağ avarəsiyəm,
Qara günlərdə ağ avarəsiyəm,
Bir gülüşlük dodaq avarəsiyəm,
Qəmlərə qarşı gülən saxla mənə.
Demirəm, xoşluğa yad et, yada sal,
Qəm önündə adımı fəryada sal,
Məni də qəm bölüşəndə ada sal,
Bir ürək paylı məhən saxla mənə.
Bir dayan, zirvəyə diz qoy, gəlirəm,
Sanma ki, xəstəyəm, iz qoy, gəlirəm,
Bir çanaq sözdə dəniz qoy gəlirəm,
Bir döyüş meydanı çən saxla mənə.
Ucalıqlarda izin var deyərək,
Çıxaram dağlara "yar-yar" deyərək,
Gələrəm qürbət evin dar deyərək,
Vətən ünvanlı kəfən saxla mənə.
SAHİRƏ
Hansı göz yaşıyla tarlanmış baxış
Günəş həsrətiylə göyə bağlandı
Gizləndi arzular ulduzu
Söndü?!
Hansı yolda qalmış göz yaşı
Axdı
Dənizə qoşulan qəm bulağına
Dənizdən alovlu
Dalğa daşlandı?!
Hansı ah sızladı yel qulağına
Inilti səsinə ayıldı tufan
Dağlar silkələndi
Göy doluxsandı?!
Hansı əl üzüldü eşq ətəyindən
Ürəklər odlandı
Zaman dayandı?!
Bir mahnı bardağı çöndü
Calandı
Bir varlıq çardağı uçdu
Talandı
Gecədən ayrılıb
Zülmətdən qırıb
Yüksəldi arzular ucalığından
Ulduzlar qoynunda
Nura quylandı.
XX əsr fəlsəfəsində və çox güman ki, bütövlükdə fəlsəfə tarixində Martin Haydeggerin son dövr yaradıcılığı qədər əks mövqelər doğuran bir yaradıcılığa rast gəlmək çətindir. Bəziləri burada Qərbi Avropa fəlsəfəsinin bütün əvvəlki ənənəsini aradan qaldıran yeni təfəkkür mərhələsinin başlanğıcını gördükləri halda, başqaları belə hesab edirlər ki, Haydeggerin son dövr yaradıcılığı mənasız ibarələrdən, hətta açıq-aşkar şarlatanlıqdan ibarətdir. Mövqelərin bu cür qütbləşməsinin müxtəlif səbəbləri vardır. Birincisi, şübhəsiz, Haydeggerin müasir fəlsəfəyə, xüsusən Almaniyada fəlsəfi fikrə göstərdiyi güclü təsiri qeyd etmək lazımdır: bu təsir göstərilən hər iki mənada obyektiv mühakiməni çox asanlıqla üstələyir. İkincisi, Haydeggerin əsərlərinin qərəzsiz təhlili onun nasional-sosializmə ziddiyyətli münasibəti nəticəsində çətinləşmişdir. Buraya onu da əlavə edək ki, bir tərəfdən, mənəvi sahədə görkəmli nailiyyətlər qazanmaq üçün – çox təəssüf! – hökmən yüksək əxlaqlı və ya heç olmasa kifayət dərəcədə siyasi həssaslığa malik insan olmaq vacib deyil, digər tərəfdən isə, həmin faktın vurğulanması hələ fəlsəfi baxımdan çox maraqlı bir suala cavab vermir: Haydeggerin fəlsəfəsi ilə onun müvəqqəti olaraq nasional-sosializmi seçməsi arasında obyektiv əlaqə yoxdur ki?!
Üçüncüsü, belə bir faktı da xatırlamaq lazımdır ki, Haydeggerin son əsərləri ağlın nəzarətini çətinləşdirən çox mürəkkəb bir dildə yazılıb: bu isə bir halda «Haydegger jarqonu»nun tam qəbul edilməsinə və başqa, daha ənənəvi dildə irəli sürülən etirazlara qarşı «immunitet» yaranmasına, digər bir halda isə, ümumiyyətlə, Haydegger neologizmlərində hər hansı bir məna axtarmaqdan imtina edilməsinə gətirib çıxara bilər. Lakin həlledici əhəmiyyət daşıyan dördüncü məsələ odur ki, Haydegger açıq-aşkar ənənəvi rasionallıq meyarlarını aradan qaldırmaq iddiasında bulunur. Əgər bu, bir yandan tənqidə qarşı immunitet yaranmasına gətirib çıxararsa, eyni zamanda Hayldegerin son dövr fəlsəfəsinin ikiqat doqmatizm1 olması ehtimalının başqa bir nəticəsi Haydegger problemini ciddi qəbul etməkdən ümumiyyətlə imtina edilməsi ola bilər.
Haydeggerin son dövr fəlsəfəsi ilə dərin polemikanı onun rasionallığın tənqidinə dair geniş proqramına həsr etmək zəruri görünsə də, mən burada həmin proqramla məşğul olmaq istəmirəm. Bunun əvəzində mən diqqəti Haydegger proqramının, mənim fikrimcə, rasional baxımdan gerçəkləşdirilməsi daha çox mümkün olan və Haydeggerin əsərlərinin əksər oxuculara göstərdiyi ovsunlayıcı təsirdə yəqin ki, rolu olan bir hissəsinə yönəltmək istəyirəm: söhbət onun texnika fəlsəfəsindən gedir.
Texnika probleminə Haydeggerin əsərlərində daim toxunulsa da, onun bu mövzuda ən mühüm əsəri, «Texnika məsələsi»dir2. Bu əsər texnikanın dəyərləndirilməsini yeni bir bünövrə üzərinə qoydu. Texnika fəlsəfəsinin hələ çox gənc bir elm sahəsi olduğu şəraitdə bu, bəlkə də o qədər çətin iş deyildi, lakin nəzərdən qaçırmaq olmaz ki, əsrin əvvəllərindən başlayaraq, texnika problemini fəlsəfi baxımdan araşdıran çoxsaylı əsərlər meydana çıxmışdı. Xüsusən 1920-ci illərdə bilavasitə «Texnika fəlsəfəsi» başlığı ilə xeyli kitab çap olunmuşdu. Bəs Haydeggerin əsərində nə kimi köklü yeniliklər var? Burada üç məsələ dərhal diqqəti cəlb edir.
Haydeggerə qədər texnika prinsip etibarilə müsbət qiymətləndirilirdi. XIX əsrin sonlarında tərəqqiyə olan nikbin inam üçün texnika Ağlın və Xeyrin zəfər yürüşünə şərait yaradan sonuncu və səmərəli vasitə mahiyyəti daşıyırdı. Misal üçün, Bellaminin «Geriyə baxış: 2000-1887» adlı utopiyasını xatırlamaq kifayətdir. Ara-sıra texnikanın özünə deyil, daha çox ondan istifadəyə qarşı mülahizələr səslənirdi. Məsələn, Şpenqler ehtiyatlanırdı ki, ağ irqə mənsub olmayanlar avropalılardan texnikanı alıb onları hakim mövqedən düşürə və son nəticədə həmin texnikanı məhv edə bilərlər.3 Haydegger isə, əksinə, texnikanın özündə insan üçün ən böyük bir təhlükə görür. İkincisi, Haydeggerə qədər texnika, əlbəttə, bütövlükdə mədəniyyətin və insanın tarixi inkişafı ilə əlaqələndirilirdi, lakin o, çoxsaylı amillərdən biri kimi şərh olunurdu. Haydeggerə görə isə əksinə, texnika müasir dövrün mahiyyətini, özü də labüd şəkildə əvvəlki tarixdən doğan mahiyyətini təşkil edir. Nəhayət, Haydeggerə qədər texnika, ilk növbədə mədəniyyət və tarix fəlsəfəsinin, daha sonra da antropologiyanın problemi kimi nəzərdən keçirilirdi. Haydegger isə onu metafizikanın probleminə çevirdi. Bu, əlbəttə, varlığın tarixinə dair Haydegger anlayışı əsasında mümkün idi, belə ki, həmin anlayış ona insan şüurunun müəyyən tarixi tərəqqisində varlığın təzahürlərini dərk etmək imkanı verirdi.
Haydeggerin əsərində hər şeydən əvvəl texnikanın mahiyyəti məsələsi qoyulur. Bu mahiyyətin özündə heç bir texniki şey yoxdur; lakin həmin mahiyyəti, sadəcə olaraq, texnikadan qaçan da o qədər dərk etmir. «Biz texnikanın o zaman ən pis şəkildə əsiri oluruq ki, ona nə isə neytral bir şey kimi baxırıq; halbuki indi xüsusilə geniş yayılmış bu təsəvvür bizi texnikanın mahiyyətinə münasibətdə tamamilə kor edir». Texnikanın neytral bir şey kimi qavranılması onun məqsədlərə nail olmaq vasitəsi kimi qiymətləndirilməsi ilə sıx surətdə bağlıdır. Bu instrumental anlam, düzünə qalsa, yanlış deyildir. Haydegger bunun «dəhşətli dərəcədə doğru olduğunu və eləcə də müasir texnikaya da uyğun gəldiyini» göstərir. Lakin doğruluq hələ həqiqilik deyil. Belə ki, predmet haqqında nə isə doğru bir şey demək, hələ onun mahiyyətini anlamaq demək deyildir – Haydegger öz əsərində elə bundan bəhs edir. İnstrumental anlayışdan o, səbəbiyyət anlayışına, buradan isə dörd səbəb haqqında klassik təlimə keçir.
Texnika yaradıcılıq (istehsal) olaraq, mahiyyətin aşkarlanması üsuludur – bu tezisi Haydegger yunan sözü olan "techne"nin təhlili ilə də əsaslandırmağa çalışır. Haydegger soruşur: bütün bunlar heç bir vəchlə müasir maşın texnikası üçün deyil, ən yaxşı halda sənətkarlıq texnikası üçün yararlı deyilmi? Lakin məhz maşın texnikası «bizi qayğılandırıb texnika məsələsini qaldırmağa təhrik edir». Müasir texnikanın sənətkarlıq texnikası ilə müqayisədə spesifikliyini anlamaq üçün Haydegger yalnız birincinin Yeni dövr elmindən öz dəqiqliyini əxz etdiyini, onun isə öz növbəsində öz aparatları sayəsində dəqiq elmlərin tərəqqisini sürətləndirdiyini göstərməyi kafi saymır. Belə bir qarşılıqlı münasibət, şübhəsiz, mövcuddur, lakin həlledici məsələ budur: müasir texnika dəqiq təbiət elmlərindən istifadə etməyə meyl göstərə bilirsə, bəs onun mahiyyəti nədən ibarətdir? Ənənəvi texnikanın yaradıcılığı təbiətin bir hissəsi olduğu halda, müasir texnikanın mahiyyəti təbiətə meydan oxumaqdadır. Əvvəllər kəndli öz tarlasına qulluq göstərir, onun qayğısına qalırdı, müasir maşınlı ərzaq sənayesi isə təbiəti əvəz edir. Ənənəvi və müasir texnikanın fərqini Haydegger köhnə taxta körpü ilə Reyn üzərindəki hidroelektrostansiyanın fərqi timsalında gözəl izah edir. Əgər əvvəllər körpü çayın axarına uyğunlaşdırılmışdısa, indi Reynin özü elektrostansiyaya «daxil edilib» - «o, elektrostansiyanın mahiyyətinə uyğun haldadır, yəni indi o, bir axın kimi, daha dəqiq desək, su təzyiqi tədarükçüsü kimi mövcuddur». Doğrudur, ola bilər ki, bundan sonra da Reyn su axınından daha artıq bir şey kimi qalsın. Lakin necə? «O məzuniyyət sənayesi «tədarük edən» səyahətlər bürosu tərəfindən tamaşaya qoyulmuş obyektdən başqa bir şey olmayacaqdır».
Haydegger müasir texnikanın həyata keçirdiyi şeyi «mövcud hal» adlandırır və bunu «predmet» anlayışından kəskin şəkildə fərqləndirir, çünki predmet müəyyən müstəqilliyə malik olduğu halda, «mövcud hal», əksinə, yalnız funksional baxımdan, fəaliyyəti vasitəsilə qəbul edilir.
Bəs müasir texnikanın arxasında kim dayanır? «İnsan!» - cavabını Haydegger səthi hesab edir. Doğrudur, ayrıca götürülmüş texniki aktın arxasında insan dayanır, lakin bütövlükdə müasir texnikanın arxasında insan qərarı durduğunu düşünmək səhv olardı. Platon varlığı ideyalar şəklində təqdim etməkdən ötrü çox az «iş görmüşdü» - o yalnız ona hökm edilən nəyə isə cavab verirdi. Beləcə müasir insan da, təbiətə meydan oxumağa təhrik edilmişdir. Bunun nəticəsində insanın özü də öz əməyi, habelə fikir və təsəvvürləri ilə «mövcud hal»a aid olur. Meşədə yıxılmış ağacları ölçməklə məşğul olan meşəbəyi, yəqin ki, bir vaxtlar babasının keçdiyi meşə cığırları ilə addımlayır, bu gün həmin meşəbəyi özü bilsə də, bilməsə də, ağac emalı sənayesi tərəfindən «tədarükçü»yə çevrilmişdir. Bu hala o sellüloz «tədarükü», «sifarişi» ilə qoyulmuşdur, sellüloz tədarükü isə, öz növbəsində qəzetlərdən və şəkilli jurnallardan ötrü tədarük edilən kağıza olan tələbat nəticəsində meydana çıxmışdır. Qəzet və jurnallar isə ictimai rəyi çap olunanları həzm etməyə məcbur edirlər ki, bu yolla həmin rəy hazırlanmış, «tədarük edilmiş» «məqsədlər»in, «göstərişlərin» təsiri altına düşsün. Haydeggerə görə, insan gizlinin aşkarlanmasında iştirak etdiyi üçün heç vaxt büsbütün «mövcud hal»a çevrilmir, bununla belə bu iştirak insan əməli deyildir; elə bu səbəbdən «müasir texnika da tədarük məqsədi daşıyan aşkarlama kimi yalnız insanın işi deyildir».
İnsanı müasir texnika vasitəsilə təbiətə qarşı durmağa təhrik edən iddianı Haydegger, bu sözün adi mənasından uzaqlaşaraq, «tədarük» (Ge-stell) adlandırır. Bu söz bir tərəfdən, ənənəvi texnikaya məxsus yaratma (düzəltmə) münasibətinə işarə etməli, digər tərəfdən isə texnikanın hər iki formasının (ənənəvi və müasir) aşkarlıq üsulları kimi yaxın olmasına baxmayaraq, «öz əsası baxımından fərqli olduqlarını» göstərməlidir. Bundan çıxış edərək, Haydegger texnikanın əvvəldə nəzərdən keçirilmiş sırf instrumental və eləcə də sırf antropoloji təriflərini əsassız adlandırır; onları hətta «sonralar» oraya əlavə edilmiş metafizik və ya dini izahlara təkmilləşdirmək mümkün deyil.
Müasir texnikanın təbiət elmləri ilə əlaqəsinə toxunarkən, Haydegger göstərir ki, Yeni dövrün fizikası aparatlardan (cihazlardan) istifadə etdiyi üçün eksperimental deyil, əksinə: aparatlar ona görə tətbiq olunur ki, fizika lap əvvəldən təbiətə onun sanki qabaqcadan hesablanmış qüvvələrin qarşılıqlı təsirindən ibarət olması təsəvvürü ilə yanaşır. Yeni dövr fizikasının müasir texnikadan əvvəl yaranması faktı burada heç nəyi dəyişmir. Bu etiraz yalnız tarixşünaslıq baxımından doğrudur, lakin tarixi həqiqətə şamil edilə bilməz. Belə ki, yeni dövrün fizikası «tədarükün müjdəçisidir». Təbiətə sonralar müasir texnikada hakim olan münasibət onda hazırlanmışdır. Müasir texnika zaman etibarı ilə sonra yaransa da, öz mahiyyəti baxımından, o daha öncə meydana çıxmış və lap əvvəldən Yeni dövr fizikasını gizli məqsəd kimi istiqamətləndirən bir şey olmuşdur.
Haydeggerin əsərinin sonunda tarix problemindən söhbət gedir. Onun mahiyyəti qismətlə, tale ilə, yəni aşkarlamanın müxtəlif üsullarının, başqa sözlə, insanın həqiqətə münasibətinin müxtəlif formalarının yaratdığı bir şeylə müəyyən olunur. Tale bütün bu üsulların, o cümlədən, tarixi hadisələri taledən ayırıb onu «tarix»in predmeti edənlərin, eləcə də «tədarükün» əsasında dayanır. İnsan üçün azadlıq şansı onun taleyə qulaq asdığı dərəcədə mövcuddur; «tədarük» zəmanəsində bu şans nə qədər insan düşünmədən texnikanı hərəkətə gətirirsə, yaxud əlacsız halda ona qarşı qiyam qaldırır, onun mahiyyətinə varmaq yolunu aramırsa, o qədərdir. Əgər bu baş vermirsə, aşkarlama insanın qarşısında qapanırsa, o zaman təhlükə mövcud olur. Tale onsuz da istənilən halda təhlükə doğurur, lakin «əgər tale «tədarük» üsuluna hakim kəsilirsə, bu ən böyük təhlükədir".
Haydegger texnikanın doğurduğu təhlükəni birinci növbədə ölüm saçan maşınların meydana gəlməsində görmür. Təhlükə daha çox insanın öz mahiyyəti ilə əlaqədar meydana çıxır. Belə ki, «tədarük» zəmanəsində hər şey səbəbiyyət kateqoriyasına bağlanır və bütün «doğru» olanlarda həqiqətin itməsi təhlükəsi yaranır. İnsan özünü «mövcud hal»ın tədarükçüsü səviyyəsinə endirdikdə, özü də yalnız «mövcud hal» kimi qəbul edilir və məhz bu halda, bu sısqa görkəmlə o, Yerin hökmdarı roluna iddia edir. İnsan zahirən hər yerdə öz fəaliyyətinin bəhrələrinə və bu yolla özünə rast gəlirsə də, əslində bu gün o, heç bir yerdə özü öz mahiyyəti ilə qarşılaşmır. «Tədarük» nəinki əsər, "poiesis" tipli keçmiş aşkarlama formalarını gizlədir, həm də həqiqətin özünü təhrif edir. Lakin Haydegger Hölderlinin «təhlükə böyüyən yerdə, xilas da böyüyür» misrasını misal gətirib, doğrudan da, çox gözlənilməz bir tərzdə məhz təhlükənin miqyasında ümid işığı görür. Texnikanın mahiyyəti üzərində düşünməyi və "techne", yəni yunanların sənətini xatırlamağı Haydegger təhlükədən qurtuluş yolu hesab edir.
Haydeggerin 1938-ci ildə oxuduğu «Dünyanın şəkli zəmanəsi» adlı məruzəsində onun son əsərlərində incəliklərinə qədər araşdırılmış texnika məsələsi onlardan daha aydın və ifadəli şəkildə Yeni dövrün metafizikası ilə əlaqələndirilir. Odur ki, Haydeggerin bu əsərdə irəli sürdüyü fikirləri qısa şəkildə nəql edək. Burada maşın texnikası Yeni dövr üçün əhəmiyyətli olan beş hadisədən yalnız biri kimi nəzərdən keçirilir: Haydegger buraya həmçinin elmi (o cümlədən, tarix elmini), sənət əsərinin estetikləşdirilməsini, insan fəaliyyətinin mədəniyyət kimi təsvirini və nəhayət, tanrısızlaşmanı daxil edir. Bütün bu fenomenlər, onun fikrincə, Yeni dövrün metafizikasına şamil olunur. «Mahın texnikası indiyə qədər Yeni dövr metafizikasının mahiyyəti ilə eyniyyət təşkil edən Yeni dövr texnikasının mahiyyətinin ən aşkar pöhrəsi olaraq qalır». Bəs bu necə olur? Öz tədqiqat, ixtisaslaşma və istehsal üsulları ilə tədqiqatçını labüd şəkildə texniklərin əsas təsəvvürləri dairəsinə daxil edən Yeni dövr elmi onunla fərqlənir ki, varlıqdan «təsəvvür»ün ona necə və nə dərəcədə yiyələnə bilməsi barədə hesabat istəyir. Tədqiqat varlığa o zaman yiyələnir ki, ya onun gələcək inkişafını qabaqcadan hesablaya, ya da sonradan keçmiş kimi saya bilir. Qabağa hesablamada – təbiət, tarixi sayda isə tarix eyni şəkildə nəzərdən keçirilir. Yalnız bu yolla predmetə çevrilən – mövcuddur, varlıq kimi qəbul olunur. Tədqiqat olaraq elmə, bu, ilk dəfə o zaman şamil olur ki, varlığın mövcudluğu belə predmetlikdə axtarılır».
Lakin varlığın məhz bu obyektivləşdirilməsi elə bir təsəvvüru nəzərdə tutur ki, onun vəzifəsi «varlığı öz qarşısında hesablayan insanın varlığa əmin olacağı tərzdə yerləşdirməkdən ibarət olur». Bu müəyyənlik tələbatının tarixi zəminini Haydegger xilasın müəyyənliyinə dair xristian fikrində görür və insan yalnız həqiqətə özü öz şəxsi biliyi sayəsində dərk olunmuş bir şey kimi zəmanət verdikdə, həmin fikirdən qurtula bilər. Bu isə yalnız Yeni dövr metafizikasının başlıca anlayışı – «subyekt» anlayışı əsasında baş verə bilər. Subyekt kimi çıxış edən insan «elə bir varlığa çevrilir ki, bütün varlıq öz mövcudiyyət üsulu və mahiyyəti ilə ona əsaslanır». Eyni zamanda dünya şəklə çevrilir: dünyanın şəkli, beləliklə, yalnız Yeni dövrdə meydana çıxır. Burada obyektivizm və subyektivizm əl-ələ addımlayır. «Dünyanın şəkli meydana çıxan yerdə bütövlükdə dünyaya münasibətdə qərar həyata keçirilir. Varlığın mövcudiyyəti varlıq barədə təsəvvürlərdə axtarılır və tapılır». Yeni dövrün inkişafında növbəti pillə «dünyagörüşü» anlayışı ilə fəth olunur. Yeni dövrün başlıca hadisəsi «dünyanın şəkil kimi fəthi»ndən ibarət olduğu üçün, insanların varlığa əndazə qoymağa imkan verən mövqe uğrunda mübarizəsində, nəticə etibarilə dünyagörüşlərin mübarizəsində, «Yeni dövr ilk dəfə olaraq öz tarixinin həlledici və yəqin ki, ən davamlı kəsiyinə daxil olur». Bu prosesin əlaməti kimi Haydegger giqantomaniyanı göstərir, belə ki, onun nəticəsində «kəmiyyət keyfiyyətə çevrilir» və buna görə həm də sayılması qeyri-mümkün olur. Bu, insanın – subyekt, dünyanın isə şəkil olduğu vaxtdan ətrafımızdakı bütün şeylərin üzərinə düşən görünməz bir kölgə olaraq qalır».
Buradakı dünyagörüşlərin mübarizəsinə işarə nasional-sosializmə ünvanlana bilərdi. Həqiqətən də, elə həmin 1938-ci ildə «Dünyanın şəkli zəmanəsinə» yazılmış və təbii ki, tribunadan oxunmamış əlavələrdə nasional-sosializmin əlamətdar tənqidinə rast gəlirik və sonralar Haydegger bunlarda daha çox yalnız Yeni dövr subyektivizmin zəfərini görürdü. Burada nasional-soailist fəlsəfə «səfeh bir iş» adlandırılır; Haydegger düşüncəsizliyi göstərmək üçün «amerikanizm» sözünün işlədilməsini tənqid edərək, yazır: «amerikanizm həm də Avropaya xas bir şeydir». Nasional-sosializmin xalq birliyinə əsaslanması heç bir vəchlə subyektivizmin aradan qaldırılması deyil, onun bitkin ifadəsidir: «Maarifçilik dövründə ağıllı varlıq olan insan özünü millət kimi hiss edən, xalq olmaq istəyən, özünü irq kimi öyən və nəhayət, özünə dünyanın hökmdarı səlahiyyətini verən insandan heç də az subyekt deyildir. Subyektivliyin bütün bu əsas mövqelərində – belə ki, insan həmişə «mən» və «sən», «biz» və «siz» müəyyənliyində qalır – mənəmlik və eqoizmin müxtəlif növlərinin mövcudluğu imkanı gizlənmişdir. Subyektiv eqoizm mənəmliyin «biz»ə daxil edilməsi ilə dayandırıla bilər. Bununla subyektivlik daha böyük qüdrət kəsb edir. İnsan subyektivizmi texniki baxımdan təşkil olunmuş insanın planetar imperializmində özünün ən yüksək nöqtəsinə çatır və oradan mütəşəkkil yeknəsəqlik müstəvisinə enib burada yerbəyer olur. Bu yeknəsəqlik Yer üzərində tam, yəni texniki hökmranlığın ən etibarlı alətidir».
Bu nöqteyi-nəzərdən texnika və nasional-sosializm lap əvvəldən Yeni dövr metafizikasının gizli çıxış motivini təşkil edən iradə və hakimiyyətin iki formasına çevrilir. Və Yeni dövr metafizikasının Nitşenin varlığı hakimiyyətə yönələn iradə kimi müəyyənləşdirən tərifi ilə bitməsi fikri həmin dövrdə Haydeggerin Nitşe haqqında oxuduğu mühazirələrin əsas tezisini təşkil edir və bu mühazirələr onun Nitsşeyə həsr olunmuş monoqrafiyasının birinci cildinin əsasında dayanır.
Haydeggerin əsərinin ən inandırıcı tezislərini qiymətləndirməyə çalışsaq, ilk növbədə, onun müasir texnikanı sənətkarlıq texnikasından kəskin şəkildə fərqləndirməsi diqqəti cəlb edir. Bu fərqləndirmə heç də orijinal bir şey deyildir. Qelen özünün texnika zəmanəsində qəlb haqqında məşhur kitabında yazır: «Biz hamımız hiss edirik ki, daş alətlər və kaman dövründən indiki zamana qədər texnika adlanan şeydə keyfiyyət dəyişikliyi baş vermişdir».4 Lakin Qelenlə müqayisə problemin araşdırılmasında Haydeggerin fəlsəfi nailiyyətini dərhal aşkara çıxarır. Belə ki, Qelen müasir texnikanın spesifikasını alətdən maşına keçidlə bağlayan izahı yanlış və səthi hesab etsə də (axı artıq primitiv burğu maşın sayıla bilərdi, hələ romalıların su çarxını demirik), öz növbəsində Yeni dövrün inkişafını instrumental «superstruktur» ilə, yəni texnika, elm və kapitalist istehsal üsulunun əlaqəsi ilə izah edirdi. Haydegger tamamilə haqlı olaraq, bu cür izahlara etiraz edərək, göstərir ki, onlar yerində və doğru olsalar da, məsələnin mahiyyətini aydınlaşdırmırlar və sözün emfatik mənasında «həqiqi» sayıla bilməzlər.5 Həqiqətən də, şeyin səbəbləri və ya nəticələri onun mahiyyətini təşkil etmir və Haydeggerlə razılaşmalıyıq ki, elə texniki rasionalizm nəticəsində bizim əsrdə mahiyyətin dərkini səbəblərin dərkinə müncər etməklə, getdikcə daha çox faciəvi bir səhvə yol verirlər.
Müasir texnikanın mahiyyəti nədən ibarətdir? Haydegger bunu «tədarükdə», yəni dünya ilə təmasın ümumdünya tarixi baxımdan yeni formasında görür. Haydeggerin ayrı-ayrı ibarələrindən asılı olmayaraq, həqiqətən, müasir texnikanın mahiyyətini dünyanın təfsirində və onunla rəftar üsulunda köklü dəyişiklik kimi şərh etmək son dərəcə inandırıcı görünür. Belə bir yozumda özlüyündə aydındır ki, ayrı-ayrı texniki yeniliklər zaman etibarilə elmi inqilabdan sonra meydana çıxa bilərlər; və bu, elmin tədarükün tələbi ilə meydana gəlməsi haqqında tezisi sual altına qoymur. Axı ayrı-ayrı ixtiralar «tədarük»ün konkret təzahürlərindən yalnız biridir. Halbuki onun tamamilə başqa təzahürləri (manifestasiyaları) ola bilər. Buna görə də yeni dövrün fizikasını lap əvvəldən dünyaya hökmranlıq etməyə çalışan iradənin təzahürü, manifestasiyası kimi izah etmək tamamilə əsaslıdır. Bu barədə Şpenqler «Avropanın qürubu»nda eləcə də yazır: «Barokko fəlsəfəsi daxilində Avropa təbiətşünaslığı özü-özülüyündə mövcuddur. Belə şey heç bir başqa mədəniyyətdə yoxdur. Şübhəsiz, təbiətşünaslıq lap əvvəldən teologiyanın qulluqçusu deyil, hakimiyyətə istiqamətlənən texniki iradənin nökəri idi və yalnız buna görə riyazi və eksperimental yönlü, öz əsasına görə praktik mexanika olmuşdur».6
Həqiqətən də belə bir sadəlövh təsəvvür yanlış və empirik cəhətdən təkzib olunandır ki, guya bir sıra xoşbəxt təsadüflər, məsələn, texnikanın təbiətşünaslıqla əlaqəsi, həmçinin ayrı-ayrı mühəndislərin dahiliyi nəticəsində mühüm kəşflər edilmiş və bunlar da sonradan bizim dünyaya münasibətimizi dəyişdirmişdir. Müasir texnika fenomeninin ciddiliyini azaldan bu izaha qarşı çoxlu dəlillər içərisindən aşağıdakı faktları qoymaq olar. Birinci fakt budur ki, çinlilər barıt, kompas, mütəhərrik literlərlə çap etmə, kağız kimi şeyləri çox erkən kəşf etmiş, lakin müasir mənada texniki sivilizasiyanı yaratmamışlar. Bu isə onu göstərir ki, bircə ixtiralar müasir texnikanın mahiyyətini təşkil etmir, görünür, onlar artıq dünyaya mənəvi bir təməl kimi «tədarük» ruhunda münasibəti nəzərdə tuturlar ki, bu istiqamətdə gerçəkləşmə imkanına malik olsunlar. Bunu ikinci fakt da təsdiq edir – o da müasir texnika tarixində tez-tez rast gəlinən çoxlu eyni vaxtda edilmiş kəşflər fenomenindən ibarətdir. Onun mənəvi təməli labüd şəkildə başqa ixtiraları deyil, məhz bu ixtiraları doğurur. Üçüncü fakt odur ki, qədim yunanlar istəsəydilər, yeni dövrün texniki nailiyyətlərinin ən azı bir qismini həyata keçirə bilərdilər. Onların riyaziyyat və astronomiya sahəsindəki biliklərinin səviyyəsini bilən və xüsusən Arximedin nadir şəxsiyyətinə bələd olan kəs, çətin ki, yunanlara təbii elmlərin texniki tətbiqində mane olan hansısa intellektual hədlərin mövcudluğuna inansın. Başqa inkişaf etmiş mədəniyyətlərdən fərqli olaraq, yunanlar haqqında «onlarda riyaziyyat olmamışdır» söyləyə və bu yolla onlarda sözün müasir mənasında texnikanın olmamasını izah edə bilmərik. Lakin orası düzdür ki, yunanlar eksperimentin nə olduğunu bilmirdilər: bunun özü də qədim yunan təfəkkürünün müasir təfəkkürdən dərin fərqini göstərir. Axı insanın da daxil olduğu antik "physis" anlayışında hər hansı bir təbii prosesi eksperiment üçün ayırıb müəyyən mənada onu bitirməyə cəhd etmək, sadəcə olaraq, qeyri-mümkündür. Yəhudi-xristian monoteizmi öz Tanrısının təbiətə nisbətdə mütləq transsendentallığı ilə insanla təbiətin kəskin əksliyini, öz yaradılış ideyası ilə "verum factum" nəzəri-idraki prinsipini doğurdu; bu müddəaların hər ikisi təbiətə müasir texniki yanaşmanın əsasında dayanır. Nəhayət, texniki-elmi inqilabın müjdəçilərinin, ilk növbədə, Bekon və Dekartın əsərlərini oxuyarkən, bizim müasirləri heyrətləndirməli olan belə bir faktdır ki, bu müəlliflər öz dövrlərində qətiyyən reallıq olmayan bir inkişafı qabaqcadan necə görür və istiqamətləndirirlər və onların elmi layihəsi metafizika ilə necə sıx əlaqələndirilmişdir.
Yeni dövr metafizikasının mahiyyətinin müasir elm və texnikanın mahiyyəti ilə eyniyyət təşkil etməsi barədə Haydeggerin ümumi və şişirdilmiş şəkildə irəli sürdüyü tezisin düzgünlüyünü qəbul etmək çətin olsa da, yeni dövrün bu üç fenomeninin belə qarşılıqlı əlaqəsinə dair onun mövqeyi tamamilə inandırıcı görünür. Mənə elə gəlir ki, vaxtilə Kuzans tərəfindən irəli sürülən, Hobbs, Viko və Kant yaradıcılığında yüksələn əhəmiyyət kəsb edən "verum factum" nəzəri-idraki prinsipi Yeni dövrün metafizikası ilə müasir texnika arasında başlıca körpü rolunu oynayır (hərçənd Haydegger bu prinsipə lazımi qədər diqqət yetirmir). Belə ki, insan Tanrının dünyanın yaradıcısı olmaq funksiyasını ələ alıb ondan xilas olmağa çalışanda və yalnız şeyləri özü istehsal etdiyi yerdə rahatlıq tapmaq barədə düşünəndə, təbiəti yeni yaradılmış süni dünya ilə əvəz etməyə yönələn texniki proqram Yeni dövr metafizikasının fundamental ideyalarının həyata keçirilməsindən başqa bir şey olmur. Yeni dövrün metafizikası subyektin metafizikası kimi təbiətə prinsipial etinasızlıqla səciyyələnir və bu reallığa etiraz etmək çətindir ki, müasir elmin patriarxlarının əksər müddəaları güc dilində irəli sürülmüşdür. Hətta yeni dövr materializmində olduğu kimi, insanın təbiətin bir hissəsi sayıldığı hallarda da, həmin təbiət müasir elm ruhunda, yəni qüvvələrin riyazi cəhətdən hesablanması mümkün olan əlaqəsi kimi başa düşülür və beləliklə, antik materialistlərin "physis" anlayışından köklü surətdə fərqlənir.
Haydeggerin texnika və elmi qarşılıqlı əlaqədə nəzərdən keçirməsi, bütün digər cəhətlərlə yanaşı, həm də ona görə mühümdür ki, bununla o, texnikanın instrumental tərifini aradan qaldırır. Həqiqətən, hələ də belə təsəvvür geniş yayılıb ki, guya texnika yalnız bizim ixtiyarımızda olan bir alətdir, ondan istifadə etmək də, heç istifadə etməmək də olar. Bu fikir texnika probleminin ciddiliyini dəhşətli dərəcədə azaltmaq deməkdir və belə sadəlövh şərhdən tamamilə əl çəkən Haydeggerin xidməti doğrudan da, misilsizdir. Müasir dünyaya bircə dəfə baxmaq kifayətdir ki, anlayasan: texnikadan istifadə edib-etməmək məsələsini sərbəst şəkildə həll etmək mümkün deyil. Tamamilə aydındır ki, texniki inkişaf özlüyündə məqsədə çevrilib və ona görə texnikanın yalnız subyektiv qərarın nəticəsi olmaması barədə Haydeggerin fikri ilə razılaşmaq lazımdır. Texnikanın öz dinamikası, daxili obyektiv məntiqi vardır və bunu texnikanı yalnız subyektiv fenomen kimi izah edən nəzəriyyə dərk etməyə qadir deyil. Haydegger bu məsələdə də haqlıdır ki, müasir texnikada subyektivliklə obyektivliyin qəribə dialektikası hökm sürür. Yeni dövrün subyekti öz qüdrətini özünə bununla sübut edə bilir ki, təbiəti və eləcə də dünyagörüşlərinin mübarizəsi yolu ilə başqa insanı onun hökmranlığına tabe olan obyektə çevirir. Lakin ətrafda hər şeyi predmetə çevirmiş şəxsə öz «məni» də predmetlərdən əks olunub xalis obyekt şəklində qayıdır. Və Haydegger tamamilə haqlı olaraq, müasir tarixdə də bu obyektivləşmə meylinin ifadəsini görür: keçmiş onun üçün artıq nəyi isə öyrənməyə (ibrət götürməyə) imkan verən mükalimə tərəfdaşı deyil, haqqında nəyi isə öyrənmək istəyi doğuran tədqiqat obyektidir. Tarixin bu cür predmetləşməsi zamanı özünü, ola bilər ki, tarixdə büruzə verən Mütləqə münasibət labüd şəkildə pərdələnir və itir.
Aydındır ki, Mütləq kateqoriyası (Haydegger onu «Varlıq» adlandırır) hərəkətlərin, fikirlərin və hisslərin üstün anlayışlara çevrildiyi bir şəraitdə öz mənasını itirməlidir.
Haydegger «tədarük» zəmanəsinin Tanrısızlaşma dövrü olduğunu təsdiq edərkən, mahiyyət etibarilə, tavtologiyaya yol verir. Belə ki, bütün varlığın hal kimi qavranıldığı bir zamanda, istənilən yaratmanın əsasında dayandığı üçün düzəldilməsi mümkün olmayan şərtsiz şey yoxa çıxmalıdır. İlahi «mövcud hala» aid deyil və əgər din sənayesi öz təcrübəsini istehsal etmək niyyətinə düşsəydi, bununla dəhşətli bir təhqirə yol vermiş olardı. Lakin səciyyəvidir ki, Haydegger mənəvi qanunu deyil, ilk növbədə incəsənət əsərini özünü gizlətməsi ilə mövcudluğu sual altına alınan Mütləqin bilavasitə ifadəsi hesab edir. İncəsənət əsərinin estetikləşdirilməsində, yəni subyektivləşdirilməsində Haydegger yeni dövrün daha mühüm bir əlamətini görür. O özü bədii əsəri ənənəvi terminlərlə, reseptiv-estetik deyil, funksional-estetik planda şərh etməklə, incəsənətin daha dərin ölçülərinə nüfuz etməyə çalışır. Haydegger haqlı olaraq, incəsənəti hələ "techne" kimi qiymətləndirilməyən yununlarla "techne"nin texnikaya doğru sonrakı inkişafı nəticəsində incəsənətin funksiyasında radikal dəyişiklik baş verən müasir dünya arasında böyük əksliyi qeyd edir. Reynin elektrostansiyaya «daxil edildiyi» bir vaxtda, təbiətə yunan incəsənətinin əsasında dayanan münasibət qeyri-mümkün olur, hərçənd onu «münasibət» adlandırmaq heç də düzgün deyil, belə ki, bu söz artıq subyekt və obyekt bölgüsünün müasir dövrə xas üsulunu nəzərdə tutur. Müasir incəsənətin mahiyyəti haqqında Haydeggerin ideyaları konkretlik baxımından Frankfurt məktəbi nümayəndələrinin sənayeləşmiş cəmiyyətdə incəsənətin yeri və roluna dair estetik təhlilindən geri qala bilər, lakin Haydeggerin ideyaları öz dərinliyi nöqteyi-nəzərdən bu təhlildən üstündür, belə ki, həmin ideyalar müasir incəsənətin mahiyyətinin kütləvi istehsal kimi texniki yeniliklər vasitəsi ilə deyil, gerçəkliyə münasibətin radikal dəyişikliyi vasitəsi ilə dərkinə yönəlmişdir.
Şübhəsiz, Haydeggerin texnika fəlsəfəsinin başlıca ideyasında, yəni texnikanı varlığa münasibətin yeni və ümumdünya tarixi baxımından radikal üsulu kimi nəzərdən keçirməsində belə bir nöqteyi-nəzər əsaslandırılır ki, texnikanın doğurduğu təhlükə, ilk növbədə, insanın mövcudluğunun məhvindən yox, insanın mahiyyətinin dəyişməsindən ibarətdir. «Xüsusi ölüm maşını kimi məhvedici olan şey bədnam atom bombası deyil. İnsanı ölümlə, özü də onun mahiyyətinin ölümü ilə hədələyən şey – özünü hər şeydə təsdiqə düşünülmüş cəhd mənasında xalis iradənin mütləq xarakteridir. İnsanın mahiyyətinə təhlükə törədən şey belə bir qəti inamdır ki, təbiət qüvvələrinin dinc mənimsənilməsi və toplanması, həmçinin onların idarə olunması yolu ilə insan bəşəriyyətin həyatını yaxşılaşdıra və ümumən xoşbəxt edə bilər».7 Müasir texnikanın vəziyyətindən çıxış edərək, yeri gəlmişkən, demək olar ki, bundan belə insan mahiyyətinin dəyişdirilməsi texnikanın inkişafının bizim təfəkkür tərzimizə təsirindən doğan nəticələr vasitəsilə deyil, bilavasitə texniki yolla – genetik təsir üsulları ilə də baş verə bilər. Bu gün insanın «antikvarlaşması» təhlükəsi Haydeggerin dövründən daha çox aydın hiss olunur; bundan əlavə, o hələ bütün ekoloji problemləri məcmu halda nəzərə ala bilməzdi.
Əlbəttə, Haydeggerin xəbərdarlığı çox ciddi qəbul olunmalıdır. Texnika problemini yalnız məqsədli rasional üsulla, yəni texniki yolla həll etməyin mümkünlüyünü düşünmək təhlükəli bir səhv olardı. Texnikaya yiyələnmək arzusunun özü texniki təfəkkür tərzinin ifadəsidir; buna görə o, texnikanın hüdudlarını aşmaq əvəzinə, texnikanın əsiri olaraq qalır. Texnikanın nəticələrinin qiymətləndirilməsi və aradan qaldırılması üzrə komissiyalar, şübhəsiz, çox vacib və hörmətə, özü də Haydeggerin qoya biləcəyindən daha artıq bir hörmətə layiqdirlər. Lakin kim təkcə komissiyalar vasitəsilə texnika təhlükəsini sovuşdurmağın mümkünlüyünə inanırsa, səhv edir və o, hörümçək torundan çıxmağa daha güclü səy göstərdikcə, həmin tora daha çox dolaşan bir milçəyi xatırladır.
QEYDLƏR:
1. Bu termin K.Popperin «Dialektika nədir?» məqaləsindən götürülmüşdür. Mən dialektikanın «ikiqat doqmatizm» olması barədə Popperlə razılaşmasam da, şübhəsiz, bu cür fəlsəfələr mövcuddur.
2. Heidegger M. Die Technik und die Kehre&Pfullingen, 1988. Sonrakı bütün sitatlar bu nəşrdən verilmişdir.
3. Spengler O. Der Mensch und die Technik. Munchen, 1931.
4. Gehlen A. Die Seele im technischen Zeitalter. Hamburg. 1957, s.11.
5. Mahiyyətin dərkində «doğru» və «həqiqi»nin fərqini hələ Hegel göstərmişdir. «Həqiqət» anlayışına dair Hegellə Haydegger arasında uyğunluq daha sonra özünü onda göstərir ki, hər iki mütəfəkkir, təkcə cümlələrin deyil, həm də predmetlərin həqiqətindən danışırlar və beləliklə, onlar cümlənin həqiqəti ilə yanaşı, obyektiv həqiqətin də mövcudluğunu qəbul edirlər.
6. Spengler O. Der Untergang des Abendlandes. Munchen, 1979, s.928.
7. Heidegger M. Woru Dichter?, s.294.
Çevirəni: Məsiağa Məhəmmədi