HÜSEYN MÜNZƏVİDƏN BİR QƏZƏL

“Müasir İran qəzəlinin atası” adlandırılan Hüseyn Münzəvi 1946-cı ildə Zəncanda döğulub. Tehran unuversitetinin ədəbiyyat və sosiologiya fakültələrində təhsil alıb. İlk şeir kitabı 1971-ci ildə işıq üzü görüb və böyük uğur qazanıb. Əsasən qəzəl yazsa da, sərbəst şeirdə də qələmini sınayıb. İran televiziyasında və bir sıra dərgilərdə çalışan Münzəvi ömrünün son illərini doğma şəhərində yaşayıb. 2004-cü ildə Tehran xəstəxanalarından birində dünyasını dəyişib və Zəncanda dəfn olunub. Çoxsaylı şeir kitabları çap etdirməklə yanaşı, Hüseyn Münzəvi dahi Şəhriyarın “Heydərbabaya salam” poemasını fars dilinə tərcümə edib. O həm də Şəhriyar yaradıcılığı barədə “İn torke-parsiquy” (“Farsca yazan bu türk”) adlı araşdırmanın müəllifidir. Əsərlərinin böyük əksəriyyəri farsca olsa da, Münzəvi ana dilində də şeirlər yazıb. Onun məşhur qəzəllərindən birinin tərcüməsini təqdim edirik.

Pıçıltıdan bezginik, səs-küydən də ki, qaçaq,
Nə taqət var susmağa, nə istərik danışaq.

Lap sərgərdan qalmışıq, axı üz tutaq hara?
Heyrətdən sarsılmışıq, bizi kimə tapşıraq?

Min “məgər”in təlaşı, min “amma”nın qorxusu,
Ya koruq, görməyirik, ya da ki, xəstəsayaq.

Bağın çiçəkli vaxtı yadımızdan çıxıbdır,
Bu gün barsız-bəhərsiz durmuşuq ki, quruyaq.

Heyif, hədər elədik o qiymətli gövhəri,
Kəsməyən bir qılıncıq, buluduq – yağmayacaq.

Biz özümüz bilmədik haçan durduq yuxudan,
Soruşdular: “Oyaqsız?” Dedik:”Oyağıq, oyaq”.

Sən kəsibsən yolumu, mən də sənin yolunu,
Hamımız divarıqsa, ümid yoxdur qurtulaq.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi





7 Şərh
  1. Məsih bəy, çox yaxşı tərcümə etmişsiniz. Əruz şeirini bu qədər dərindən duymanız çox gözəldir. Həm də əruz şeirini tərcümə də çətindir. Türkçədə əruzda yazmanın və çevirmənin ayrıca bir zövqü var. Təəssüf ki, son zamanlar buna, özəlliklə gənclər arasında təmayül yoxdur. Ancaq renesansdan başlayaraq əski yunana meyl ortaya çıxdığı kimi, məncə bir sürə sonra təmiz türkçədə əruz yazma meylləri ortaya çıxacaqdır. Çünkü əruz öz keçmişi, təcrübəsi etibarı ilə daha fəlsəfi və sənət tərəfi dərin olan bir janrdır. Əruz öz-özünə sənətə dərinlik qazandırır. Muğam sənəti kimi. Necə muğam öz yapısında daşıdığı tarixi bardan, mənəvi yükdən dolayı zəngin görünür və hətta bəzən zəif şeirə də genişlik qazandırırsa, əruz da demək olar ki, o şəkildədir. İçə dönük bir psixologiyanı əruz öz bünyəsində daşıyır. İçə dönüklük burada varlıqdan qopmuşluq anlamında deyildir təbii ki. Varlığı özümsəmə, mənimsəmə anlamındadır. uzun əsrlər boyu varlığı öyləsinə özümsəmiş ki, əruz, öz-özünə bir dəyər ifadə edən sistem halına gəlmişdir. Sizin bu tərcüməniz də göstərir ki, "xəlqi əruz" da mümkündür. Yəni xalqın rahatca anlaya biləcəyi əruz da mümkündür. Xalqın dilində əruz yazmaq olar. Məsələn Füzulinin bu şeirindəki kimi:
    "Məlhəm qoyub onarma, sinəmdə qanlı daağı.
    Söndürmə öz əlinlə, yandırdığın çıraağı."
    Əruz, köklü bir zövq anlayışını gərəkdirir. Əruz zövq analyışının toplumumuzda dərinləşməsi musiqimizin gəlişməsinə, dərinləşməsinə, ədəbiyatçılarımızın əski ulularla zövq və duyum anlamında ruhi ilişkiyə keçməsinə yardımçı olabilər. Çox təəssüf ki, Azərbaycanda bəzi muğam oxuyanlar əruz sistemi ilə və əruzun içindəki musiqi ilə içdən təmas qura bilmədikləri üçün bir çox hallarda qəzəli yanlış oxuyurlar. Oysa, muğamatın təməl ehtiyaclarından biri əruzun iç ahəngini mənimsəməkdir. Daha doğrusu əruz bilgi məsələsi deyil. Yəni bilgi olursa, yaxşı olar. Ancaq bilgidən daha çox özümsəmə və içdən uyum və duyum məsələsidir. Məsəla yaxından irtibatda olduğum Ərdəbilin ən məşhur mərsiyə yazarı Hacı Ənvər əruz vəznini bilməzdi. Ancaq yazdığı mərsiyə şeirlərində bir tək vəzn pozuqluğu olmazdı. İndi bu yazma qonusundadır. Oxuma mövzusunda da o şəkildədir. Səlim Məzzinzadə çox güclü və gözəl səsə sahib olan növhəxandır. İndi Şiə dünyasında eşitdiyimiz əzan da onun o gözəl və enerjili səsi ilədir. Müəzzinzadə də əruzu bilməzdi. Ancaq gəl gör ki, əruzu elə gözəl oxuyub anladardı ki, məscidə toplaşmış bütün əhali onu anlardı. Həm anlardı, həm də Müzzinzadənin əruzun içində yaxaladığı musiqini camaat hiss edərdi. Nədənsə modern şeir mənim yadımda qalmır. Şeir ki, əzbər olaraq yadda qalmadı onun bir o qədər də etkiləyici təsiri olmur. Qədim ədbiyat və ozan, heca yaradıcılığı mənim daha çox yadımda qalır. Çünkü şeir yadda qalmalı və həyatın bir yerində insanın ruhunda və hətta özəl həyatının bir yerlərində qurtarıcılıq rolu oynamalıdır. Yəni təkbaşına insan öz-özünə şeir oxumursa, şeirin anlamı qalmaz. .....


  2. Anonymous :

    Heç eşitməmişdim, Hüseyn Münzəvi haqqında. Maraqlı oldu. Bəs ana dilimizdə yazdığı qəzəlləri necə, bura yerləşdirmək mümkündürmü Məsiağa müəllim? Bir də çağdaş İranda Əruzun vəziyyəti, 20-ci əsrin ikinci yarısında Əruzda baş verən dəyişikliklər (əgər olubsa, varsa) haqda bir məqalə ya material yerləşdirsəniz çox əla olardı.
    Görən orda sərbəst şeir Əruzu sıxışdırırmı? Əruzda niyə, kimlər, hansı mövzularda yazırlar?
    Nəsə, uğurlar sizə Məsiağa müəllim!


    The İmage


  3. salamlar hurmatli masiaga muallim rahmtlik yaziçi va şaer huseyn munzavinin bu qazalini uz gozal sitanizda nemayiş etdirdiyiniz eçin sizdan çox çox mamnun oldum bela xeyrxah eiş sizin vatanimiza va adabiyatimiza sunsuz gayginizi nemayiş etdirir şukurlar olsun na yaxşiki sizlar varsiniz alah sizi qorusun....
    ...................................
    .na yaxşe dunyada yaxşi vareymiş..
    .yuxsa qarq ulardiq yaman alinda..


  4. Xoş gördük, dəyərli Güntay bəy.
    Təşəkkür edirəm bəyəndiyiniz və geniş şərhiniz üçün. Fikirlərinizə qatılıram. Xüsusən buna:"...muğamatın təməl ehtiyaclarından biri əruzun iç ahəngini mənimsəməkdir. Daha doğrusu əruz bilgi məsələsi deyil. Yəni bilgi olursa, yaxşı olar. Ancaq bilgidən daha çox özümsəmə və içdən uyum və duyum məsələsidir". Bu fikriniz klassik şairlərdən birinin bu beytini yadıma saldı:

    Mən nədanəm failatün failat,
    Şeir quyəm behtər əz abe-həyat...

    Modern (sərbəst) şeir doğrudan da yadda qalmır. Görünür, bu, onun ruhdan, qəlbdən daha çox beyinə, düşüncəyə hesablanmasından irəli gəlir. Həm də o, əruz və hecada yazılmış şeirlərdəki ritmdən məhrumdur. Ritm isə çox vacib ünsürdür. Yadınızdamı, Mövlana deyirdi: "Müftəilün, müftəilün koşt məra..." Amma "Divani-Şəms"dəki qəzəllərin ritminə baxın - misilsizdir!
    "Şeir qurtarıcılıq rolu oynamalıdır". Düz deyirisiniz. Mən ən kefsiz, kədərli vaxtlarımda, ruhumun sıxıldığı anlarda Füzulini, yaxud Saibi oxuyuram və şeirin siz deyən möcüzəsinin şahidi oluram...

    ____
    Salamlar, əziz dost The Image.
    Sağ olun gəldiyiniz və maraqlı suallarınız üçün. Çalışaram istəklərinizi yerinə yetirim.
    İran şeirində əruzun mövqeyi kifayət qədər güclüdür. Üstəlik "sərbəst əruz" deyə bir ölçü də yaranmış. Yəni orada əruzla sərbəst dunc yanaşı yaşaya bilib. Görünür, bunda hecanın olmaması da öz rolunu oynayıb. Bizdə isə heca ilə sərbəst birləşib əruzun axırına çıxdılar. Rəhmətlik Nazim Hikmət də demişdi ki, əruz öldü. Bəlkə də türk şeiri üçün bu belədir. Amma hər halda XX əsrdə bizdə Səməd Vurğun və Rəsul Rza ilə yanaşı Əliağa Vahid də olub. Bu başqa məsələ ki, onun birincilər kimi davamçıları olmayıb və yoxdur. Amma Güntay bəyin işarə etdiyi kimi, nə qədər bizdə muğam varsa, əruz şeirinə ehtiyac qalacaq...

    ___
    Əziz Bəxtiyar müəllim, sizi ürəkdən salamlayıb dərin minnətdarlığımı bildirirəm.
    Dünya yaxşıların üstündə qərar tutub. Siz də onlardan biri... Yaşayın!


  5. Salam,Bu Notu oxuyun
    İT YİYƏSİNİ VƏ ADAM ÖZ ŞERİNİ TANIMIR!

    www.tenqid.blogfa.com


  6. یادداشت شما را به توصیه دوستان خواندم و غزلی را که از او ترجمه کرده اید باید خاطر نشان بکنم نا گفته های زیادی در باره او هست که باید اشاره می کردید حالا هم اشاره نکرده اید توفیر چندانی نمی کند شاد و سر بلند باشید.


  7. Salam, hörmətli Hamid bəy. Çox sağ olun gəldiyiniz və fikrinizi bildirdiyiniz üçün. Yazını oxumağı sizə tövsiyə edən dostlara da təşəkkürlər...
    Əlbəttə, Hüseyn Münzəvi barədə çox mətləblərə toxunmaq olardı. Lakin mənim məqsədim bu böyük şairi Quzey Azərbaycan oxucusuna tanıtmaq (çünki bizdə onu demək olar, tanımırlar) və tərcümə etdiyim qəzəli təqdim etmək olduğundan qısa bioqrafik məlumatla kifayətləndim. Bəlkə başqa bir fürsətdə Münzəvi haqqında daha geniş bir yazı verdim...
    Bir daha sağ olun. Uğurlar sizə!


    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər