İbrahim Savalan. BİR DAHA TUTULSAM…

Qızım, mən sənə
nə mahnı öyrədəcəyəm
nə yad dildə sürud
nə də Quran
get hər nəyə inanırsan inan

mənim sənə payım
kiçicik bağça
və neçə güldan

toxum ək
su səp
hər gün Günəş durmadan oyan
sərçə səsinə
sarmaşıq həvəsinə
mən sənə nə salam öyrədəcəyəm
nə sağollaşma
yalnız çiçək becərmək öyrədəcəyəm
çiçək becərmək

***
Qızılgül qönçələyib
yaz çıxmadan buraxılsam
Beş alı ağacı əkəcəyəm
Kiçik bacıma
“hər gün bunları suvar”
söyləyəcəyəm.
Tarlamızın göy tablosuna
ulduz, Ay çəkəcəyəm.
Axı bizim yoncalar
Ay işığında ucalar.

Bir daha tutulsam
tutulacaq tablodakı Ay.
Məktub yazacağam kiçik bacıma
salam göndərəcəyəm alı ağacıma
Sonra yazacağam
tapda mis qazanları
cin qaçsın
Ay açsın.


Davamı

MÖVLANADAN BİR HEKAYƏT

“MƏCALİSİ-SƏBƏ” (“YEDDİ MƏCLİS)1 ƏSƏRİNDƏN

Deyirlər, günlərin birində Bəni-İsraildən bir yolçu pozğunluq yuvası olan evindən çıxıb çöllüyə üz tutdu. Axırı bir yerə çatıb bir tayfa gördü ki, [taxıl] əkmiş və ona qulluq etmişdilər. Əkin başa çatıb [sünbüllər] boy atanda, dənələrlə dolub biçilməyə və xırmana yığılmağa hazır olanda isə onlar od gətirib bütün o zəmini yandırdılar. [Yolçu] öz-özünə dedi: “Qəribədir, bu cür məhsulu yandırmağa heyifləri gəlmir”.
Oradan keçib təəccüb və heyrət içində yol gedirdi ki, bir yerdə bir kişi gördü. [Kişi] bir daşla əlləşirdi, onu yerdən qaldırmağa çalışırdı, amma götürə bilmirdi, [hətta] tərpətməyə də gücü çatmırdı. [Belə olduqda] başqa bir daş gətirib onun üstünə qoydu və hər ikisini götürməyə cəhd elədi. [Bu dəfə daşı] qaldıra bilməsə də, yerindən tərpətdi. [Yolçu öz-özünə] dedi: “Qəribədir, birini götürə bilmirdi, iki daş daha ağırdır, bəs [onları] necə tərpədə bildi?!” [Kişi] gedib üçüncü daşı gətirdi və o biri ikisinin böyrünə qoydu. Daş üç olan kimi hər üçünü yerdən qaldırdı.
Yolçu bu qəribə hadisəni də seyr edib yenidən çöllüyə üz tutdu. [Yolda] beş nəfərin tutub saxladığı bir qoyun gördü. [Onlardan] biri qoyunun belinə minmişdi, digəri qoyunu belinə almışdı, üçüncüsü qoyunun əmcəklərindən tutub sağırdı, başqa biri qoyunun başından tutmuşdu, sonuncusu isə ikiəlli qoyunun quyruğundan yapışmışdı.
Yolçu nəsə soruşa bilməyib yoluna davam elədi. [Az sonra] bir dişi it gördü ki, balaları onun qarnında hürürdülər. Yolçu [öz-özünə] dedi: “Əcəb qəribə hadisələr gördüm!” Şəhərin darvazasına yaxınlaşanda bir qoca kişiyə rast gəldi. [Ona] dedi: “Ey şeyx, gəldiyim bu yolda qəribə hadisələrlə qarşılaşdım”. [Qoca] soruşdu: “Nə olub, nə gördün?” [Yolçu] dedi: “Gördüm ki, bir tayfa [taxıl] əkdi, yetişəndə isə ona od vurdu”. [Qoca] söylədi: “Bu, Allah-təalanın sənə göstərmək istədiyi bir misaldır. O tayfanın adamları [əvvəl Allaha] itaət etmiş, sonda isə pozğunluq və günahla məşğul olmuşlar. [Ona görə də] Allah-təala: “Biz onların etdikləri [yaxşı] əməlləri qəsdən [havada uçan] dağınıq zərrələrə (toz dənələrinə) döndərərik”2 – [ayəsində deyildiyi kimi] onların əməllərini puça çıxardı. [Sonra qoca] soruşdu: “Başqa nə gördün?” [Yolçu] dedi: “Gördüm ki, bir kişi bir daşı qaldırmaq istəyir, amma gücü çatmır”. Həmin əhvalatı axıradək danışdıqdan sonra qoca dilləndi: “Bu, bir günah etmiş adamın məsəlidir; həmin [günah] ona ağır və böyük görünürdü, o qorxur və bunu daşıya bilmirdi. Qorxudan daha bir günah işlədib azca yüngülləşdi. Necə ki, daş iki olanda, tərpədə bildi, amma əvvəl daş bir dənə olduğundan tərpədə bilmirdi. Sonra üçüncü dəfə bir günah və fəsad törətdi və bütün günahlar onun üçün asan və yüngül oldu”. [Yolçu] dedi: “Ey şeyx, yolda belə bir qoyun gördüm”. [Qoca] söylədi: “O qoyun dünyanın timsalıdır, onun belinə minən padşahlardır, onu belinə alanlar isə insanlardan bir şey diləyən yoxsullardır. [Qoyunun] quyruğundan tutan şəxs işi bitmiş və əcəli çatmış, [ölümünə] az qalmış adamları göstərir. Şeir:

Nə qədər köynək dərdi çəkəcəksən?!
Bəlkə o köynək sənin kəfənin olacaq.

Qoyunun başından tutan o kəsdir ki, dünyada məşəqqət və əzab içində yaşayır. [Qoyunun] döşlərindən tutub sağan isə tacirlər və sərmayə sahibləridir”.
[Yolçu] dedi: “Bir dişi it də gördüm ki, küçükləri qarnında hürürdü”. [Qoca] söylədi: “Bu, vaxtsız söz danışanların məsəlidir. Onlar hələ analarının qarnında ikən hürən küçüklərə bənzəyirlər”. Şeir:

Başında ağlın və gözün varsa,
Dilini saxla və başını qılıncdan qoru.
Balıq danışan dil istəyində olmadı,
Buna görə də onun başını bədənindən ayırmırlar.

[Yolçu] dedi: “Ey şeyx, dediklərini anladım. İndi [de görüm], özünü gümüş pula satan filan qadının evi hardadır, hansı məhəllədədir? Deyirlər, çox gözəldir və mən [onunla olmaq] istəyi ilə [bu şəhərə] gəlmişəm”. Şeyx üç dəfə yolçunun üzünə tüpürüb dedi: ”Ey bədbəxt, sənə nəsihətlər verdilər, qulaq asmadın, misallar göstərdilər, diqqət yetirmədin. Mən şeyx deyiləm, ölüm mələyiyəm (Əzrailəm), bu surətdə sənin gözünə göründüm. Bu saat Allahın əmri ilə sənin canını alacağam, heç su içməyə də möhlət verməyəcəyəm”. Yolçunun dərhal rəngi saraldı, [qorxudan] titrəməyə başladı. [Əzrail] aləmlərin Rəbbinin hökmü ilə onun canını aldı...

__________
1. “Məcalisi-səbə” (“Yeddi məclis”) – Mövlana Cəlaləddin Ruminin (1207-1273) minbərdən söylədiyi vəzlərin toplusu. Fars dilində nəsrlə yazılmış və müxtəlif dini, əxlaqi, irfani və ictimai mövzulara həsr olunmuş “Məcalisi-səbə”nin mətnində çeşidli ayə və hədislər, hekayət və şeirlər yer almışdır.
2. “Furqan” surəsi, 23-cü ayə.



Farscadan tərcümə: Məsiağa Məhəmmədi





Davamı

Əliağa Vahid. BİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı, əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligmiz, nə də ki dövlətü mal
İtə atsan da yeməz, misl eləməz laşə bizi.

Şübhəsizdir, tüpürər surəti-idbarımıza,
Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi!



Davamı

Nadir Əzhəri. ŞEİRLƏR

DÖZÜM

Dözümdən acığım gəlir
Özümdən acığım gəlir!
Özümlə qalıram amma
Dözümlə qalıram amma
Və zaman
Naşı bir oğru tək qacır ...

GETMƏK

Nökərəm, kölgəm, nökərəm
Qayıt!
Kölgəsiz getmək istəyirəm
(Barıtlar bat-bat iysi verir
Və ətirlər yalan)
Nökərəm, Nadir, nökərəm
Qayıt!
Nadirsiz getmək istəyirəm
Səni səndən alanlara qarşı getmək istəyirəm
Qarşı getmək istəyirəm ...


HAVA DURUMU

Xəbərlərə qulaq asdım
xəbərsiz qaldım!
Hava durumunda deyin, hər nəyin bulud olmağını
Hava durumunda deyin...
Göy öskürək tutacaqdır göyümüz!
Göyərtisiz olacaqdır yağışlığımız!
Bəzən noğul, bəzən nağıl yağacaq,
Kim islanıb,
Kim odlanacaq.
Xoşca qalın!


SALAM BİZLƏRƏ!

Daş altındakı bitkilərə salam!
İstəyirdim hələ bitək
İstəyirdim
Maviləri
Yaşıl öpək
Qapı-qıfıllama* sevməyə gedək ...
Ah, nağıllardan qayıtmalıyam.
Salam bizlərə,
daş altındakı bitkilərə.
-------
*Hamılıqla


Davamı

Eyvaz Zeynalov. ƏN QİYMƏTLİ

(hekayə)

Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədin tövləsinin bir tərəfini, onun yanındakı toyuq hinini uçurtdu. Ətrafa səpələnən qəlpələr tut ağacının altında kölgələnən ulağı yaraladı, taxtapuşda şaqqıldadı, pəncərələrin şüşələrini ciliklədi...
İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bircə anda aləm bir-birinə dəydi. Arvad-uşağın çığırtısından, mal-qaranın böyürtüsündən, itlərin hürüşündən, toyuq-cücənin qaqqıltısından qulaq tutulurdu...
Əhməd tələm-tələsik əynini geyindi. Qızının qolundan yapışdı. Qorxudan özlərini itirərək karıxıb qalmış arvadını, oğlunu tələsdirdi:
- Qaçın minin maşına!..
Qəlpələrin dəlik-deşik etdiyi uzunqulaq tut ağacının altında əzabla qıvrılırdı. Dəhşətdən gözləri hədəqəsindən çıxmışdı.

Maşının mühərrikini işə salanda qonşusu Arif çəpərin o tərəfindən harayladı:
- Ayə, Əhməd, bizim uşaqları qoyub getmə!..
- Tez tərpənin, küçədə gözləyirəm!.. - Qonşusunu arxayın salan Əhməd nə baş verdiyini dəqiqləşdirməyə çalışdı. - Nədi, Arif, yenə nə vurhavurdu? Yoxsa ermənilər müdafiəmizi yarıblar?..
- Hə, - Arif təsdiqlədi. - Atan rus tanklarıdı...
Neçə gündü kəndin yuxarı başında, çöldə erməni-rus birləşmələri ilə bizimkilər arasında qanlı döyüşlər gedirdi. Səhər xəbər gətirmişdilər ki, düşmən tərəf yeni qüvvələr hesabına daha da güclənib, bizə dov gəlməkdədi. Kənd camaatı səksəkə içindəydi...
Əhmədin arvadı bəd xəbəri eşidən kimi öz aləmində çəkidə yüngül, qiymətdə ağır, dəyərli ev əşyalarının hamısını maşına yüklətmişdi. Bir çöpünü də yerdə qalmağa qoymazdı, lakin insafı yol vermirdi. Axı böyür-başdakı qonum-qonşunun arvad-uşağı da gözünü ərinin “Qaz-53”-nə dikmişdi...
Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdü ki, qonşu-qonum gəlib minsin. Arvadların hərəsinin qoltuğunda neçə bağlaması vardı. Heç kimi qınamaq olmazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb getmək asan məsələ deyildi...
Arvad-uşaq dişi-dırnağı ilə cırmaqlaya-cırmaqlaya maşının üstünə dırmaşırdı. Başqa vaxt yəqin ki, Əhməd onların nazı ilə oynamalı olardı...
Maşının banında zığıldaşan uşaqlarını sakitləşdirən arvadlar başqalarını nə¬zərə almadan Əhmədi tələsdirirdilər.
- Nooldu, qardaş, maşını sürsənə!..
Əhməd onları yaxşı başa düşürdü. Amma bu dar ayaqda ona ümidi, pənahı kimi baxan həmkəndlilərindən kimsəni düşmənin cəngində qoyub gedə bilməzdi.
Nəhayət, hamı yerbəyer oldu. Əhməd sükan arxasına keçməzdən əvvəl geri qanrıldı. Qapısını belə örtmədiyi ev-eşiyinə, həyət-bacasına uzun-uzadı nəzər saldı. Ancaq dolan gözlərini kabinada onunla yanaşı oturmuş arvad-uşağından gizlətdi...
Maşını təzəcə yerindən dəbərtmişdi ki, nəsə xatırlayan qızı birdəncə qolundan yapışıb bərk-bərk silkələdi:
- Saxla, ata, saxla!..
Əhməd tez əyləci basıb soruşdu:
- Nə olub, qızım?..
Qızcığaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpımında qaçıb evə girdi. Hamı özünü itirmişdi.
- A kişi, niyə gözünü döyürsən?.. - Arvadı Əhmədin böyrünü dürtmələdi. - Düş aşağı, gör uşaq hara getdi də!..
Əhməd maşından düşüb uşağın dalınca götürüldü...
Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı.
Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi.
Maşın təzədən yerindən tərpənəndə anası ağzının odunu qızının üstünə tökdü:
- Az, bu nə oyundu çıxardırsan, ay canı yanmış?..
Yerində rahatlanan qızcığaz handan-hana özünü doğrultmaq üçün evdən götürdüyü çantasını, kitab-dəftərini göstərib:
- Axı, mən sabah məktəbə kitab-dəftərsiz necə gedəcəkdim, ana?.. - dedi.
Qızının haqlı olduğunu görən anasının istər-istəməz dodağı qaçdı. Demə, ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...




Davamı

HÜSEYN MÜNZƏVİDƏN BİR QƏZƏL

“Müasir İran qəzəlinin atası” adlandırılan Hüseyn Münzəvi 1946-cı ildə Zəncanda döğulub. Tehran unuversitetinin ədəbiyyat və sosiologiya fakültələrində təhsil alıb. İlk şeir kitabı 1971-ci ildə işıq üzü görüb və böyük uğur qazanıb. Əsasən qəzəl yazsa da, sərbəst şeirdə də qələmini sınayıb. İran televiziyasında və bir sıra dərgilərdə çalışan Münzəvi ömrünün son illərini doğma şəhərində yaşayıb. 2004-cü ildə Tehran xəstəxanalarından birində dünyasını dəyişib və Zəncanda dəfn olunub. Çoxsaylı şeir kitabları çap etdirməklə yanaşı, Hüseyn Münzəvi dahi Şəhriyarın “Heydərbabaya salam” poemasını fars dilinə tərcümə edib. O həm də Şəhriyar yaradıcılığı barədə “İn torke-parsiquy” (“Farsca yazan bu türk”) adlı araşdırmanın müəllifidir. Əsərlərinin böyük əksəriyyəri farsca olsa da, Münzəvi ana dilində də şeirlər yazıb. Onun məşhur qəzəllərindən birinin tərcüməsini təqdim edirik.

Pıçıltıdan bezginik, səs-küydən də ki, qaçaq,
Nə taqət var susmağa, nə istərik danışaq.

Lap sərgərdan qalmışıq, axı üz tutaq hara?
Heyrətdən sarsılmışıq, bizi kimə tapşıraq?

Min “məgər”in təlaşı, min “amma”nın qorxusu,
Ya koruq, görməyirik, ya da ki, xəstəsayaq.

Bağın çiçəkli vaxtı yadımızdan çıxıbdır,
Bu gün barsız-bəhərsiz durmuşuq ki, quruyaq.

Heyif, hədər elədik o qiymətli gövhəri,
Kəsməyən bir qılıncıq, buluduq – yağmayacaq.

Biz özümüz bilmədik haçan durduq yuxudan,
Soruşdular: “Oyaqsız?” Dedik:”Oyağıq, oyaq”.

Sən kəsibsən yolumu, mən də sənin yolunu,
Hamımız divarıqsa, ümid yoxdur qurtulaq.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi





Davamı

Rəsul Rza. ANA QAZ

Qazın yeddi balası vardı.
Qonaq gəldi,
ev yiyəsi birini kəsdi.
Dedi: “Altısı qalır, bəsdi”.

Gecə bala qaz
boynunda qan-qırmızı lent,
girdi ana qazın yuxusuna.

Dəli bir külək əsdi,
bir bala düşdü su quyusuna.
Beşi qaldı.

Səhər ikisini
qonşu satın aldı.
Qonşunun arvadı dedi:
“İti bıçaq götür, a kişi!
Yazığı incitmə, çığırtma”.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.

Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: “İkisi qalır, bəsdi”.

İkidən birini tülkü apardı.
Qaldı biri.
Onu da it boğdu diri-diri...

Günlər keçdi,
hava dəyişdi.
Qaz yenə yumurtladı,
bir, iki, beş.
Ev sahibi gözlədi,
ana qaz kürt düşsün deyə.

Qaz bir gün sındırdı yumurtaları.
İçdi ağını da, sarısını da.
Yandırdı-yaxdı
ev sahibini də, qarısını da.

Dedilər: “Mərdimazar, yaramaz!
Nankor qaz, nanəcib qaz!”
Yaxşı ki, adam dili bilmirdi qaz,
yoxsa ki, soruşardı:
“Niyə nankor?
Yaramaz?”

Balaları yox olandan bəri
gecələr tez-tez
qaz yuxudan ayılırdı,
baxırdı o yan-bu yana.
Bəlkə balasından biri qalıb.
Bəlkə quyuya düşən diri qalıb?
Kim bilir, bəlkə “qa-qa” deyəndə,
qaz ağlayırdı gecələr.
Kim bilir, bəlkə
adam dili bilsəydi,
ömrü boyu
ağı deyərdi:
“Cücələr, ay cücələr,
Cücələr, ay cücələr!..”



Davamı

Güntay Gəncalp. İÇİNDƏYİK

Yollara yolçu olmuşuq, tam bir oluş içindəyik.
Sular kimi həp axaraq, biz duruluş içindəyik.

Köksümüzü doluşduran, sevginin atəşləridir,
Vurulmuşuq, vurulmuşuq, həp vuruluş içindəyik.

Divar-divar kəndimizi, xərab edib uçurmuşuq,
Zərrə-zərrə yepyenidən bir quruluş içindəyik.

Yandı könül, yandı könül, od tutub odlandı könül,
Atəş içində düz yola, biz qoyuluş içindəyik.

Uzayların boşluğuna, dirəndi fəryadlarımız,
İndi zaman gəlib çatıbdır duyuluş içindəyik.

31.12.09




Davamı

Sima Didar. ŞEİRLƏR

TANRIM

“Bütlərə tapınmayın”, – dedilər –,
Tanrımız vardır bizim!”
Vurub sındırdılar bütlərin hamısını,
Tanrını zəncirlədilər.

İndi isə mən
ac qalmış gözlərimin körpəsinə
axtarıram sevgilərin anasını.
Kimə yalvarmalıyam,
mənim Tanrım,
dörd divar arasında
dustaqlanıb?!


GÖZLƏRİNDƏ

Tanış oldum gözlərində,
bir pəncərə dəniz ilə.
Gözlərini bağlamasaydın,
boğulacaqdım!


İTİRDİYİM

Axtarıram
param-parçalanmış boşqablar arasında,
kirlənmiş fincanlar içində,
üzü qaralmış itirdiyimi.
Harda itirdim mən onu?
Neçə saniyə,
neçə ildir?
Bəlkə də tarix boyu itmişdi elə,
olmaya heç tapılmaya,
itirdiyim qadınlıq!


Qaynaq (ərəb əlifbasında): http://simay.blogfa.com/


Davamı

MİLORAD PAVİÇ İLƏ MÜSAHİBƏ

“ƏGƏR SİZ ÖZ KİTABINIZDAN MÜDRİKSİNİZSƏ,
ONDA YAZIÇI DEYİLSİNİZ”


On gün əvvəl bu ilin oktyabrında 80 yaşını qeyd etmiş ünlü serb yazıçısı, məşhur “Xəzər sözlüyü”nün müəllifi Milorad Paviç infarktdan dünyasını dəyişdi. Vəfatından bir neçə gün öncə “Novaya qazeta”da (Rusiya) böyük yazıçı ilə müsahibə dərc olunmuşdu. Həmin müsahibənin tərcüməsini sizə təqdim edirəm.

- Siz, deyəsən, müasir dünyada özünüzü çox rahat hiss edirsiniz.
- Hə. Müşahidə etdiyim dəyişikliklər məni qorxutmur, hərçənd onlara qiymət vermək üçün zamana ehtiyac var. Axı təkcə reallıq dəyişməyib, insanın özü də dəyişib.
- Dəyişib, yoxsa itib?
- Əgər virtual reallıqdan danışsaq, insanların bir-birinə və həqiqi əşyalara münasibəti, əlbəttə, dəyişib. Tez-tez görürsən ki, kafedə gənclər üzbəüz oturub noutbuka baxırlar. Ola bilsin, onlar hətta bir-birinə məktub yazırlar. Düşünürəm ki, son dövrdə digər zamanlarda olduğundan daha çox sevgi məktubu yazılıb. Ən azı SMS formasında. Mən bir dəfə demişəm: gələcək sabitdir. Bizim qorxularımız ondan doğur. Hər bir insanın aydın gələcəyi ölümdür. Bəs sonra? Deməliyəm ki, kitablarımın xoşbəxt taleyi mənim üçün bu qorxunu xeyli dərəcədə azaldır. Mən ölümdən qorxmuram. Əlbəttə, xəstəlik və acizlikdən, arvadıma yük olmaqdan qorxuram.

- Sizi bir roman daxilində süjetin inkişafının bir neçə versiyasını uydurmağa insanın bu qismətimi vadar etmişdir?
- Məni hamının getməli olduğu bu cığır bezdirib. Hesab edirəm ki, kitabı oxucu yaradır, onun sayəsində kitab mövcud olmağa başlayır, o mənim əsərimi canlandırır. Lap musiqi kimi: nə qədər ki, ifa olunmayıb, o yoxdur.
- Siz kitabın tərtib olunması üçün ideal bir model təklif edirsiniz. Məncə, əvvəllər heç kim oxucuya bu cür münasibət bəsləməyib...
- Ola bilər, amma mən düşünürəm ki, bu prinsip Bibliyada mövcuddur. Axı kilsədə hər gün təzə söz deyilir. O hər gün dəyişir, həm də bir orqanizmin tərkib hissəsi olaraq qalır.
- Siz tez-tez əsərin ucadan səslənməsinə xüsusi əhəmiyyət verən slavyan kilsə müəlliflərinin özünüzə təsirindən danışırsınız.
- Hə, hər dəfə cümləni bitirdikdə, mən onu ucadan oxuyuram. Yalnız bu zaman mən onun yaxşı olub-olmadığını anlaya bilirəm. Mən bunu uzun müddətə öyrənmişəm. Kilsə vaizləri dindarları diqqətdə saxlamağın vacibliyini heç vaxt yaddan çıxarmırdılar. Mən Serbiya, Fransa, Almaniya universitetlərində professor olmuşam və bilirəm ki, tələbələr də belədir: mühazirə darıxdırıcı oldumu, onlar mürgüləməyə başlayırlar.
- Sizin qəhrəmanlarınızda həyat və ölüm qarşısında qəribə bir itaətkarlıq var, onlar tale barədə mühakimə yürütmürlər.
- Mən həmişə oxucunu bezdirməkdən qorxmuşam. Birinci cümləni oxuyan adam o birini də oxumalıdır. Bir də əgər sizin deməyə sözünüz varsa, bunun baş verməsini gözləməlisiniz. Əgər siz öz kitabınızdan daha müdriksinizsə, onda yazıçı deyilsiniz.
- Sizin romanlarınızın birində yazıçıya dünyanın hər yerindən onun kitablarını göndərməyə başlayırlar. Bu da bezdirmək qorxusudur?
- Bu, yazıçı vahiməsidir. XXI əsrdə mənim kitablarım 100 dəfədən də çox müxtəlif dillərə tərcümə edilib. “Kağız teatr”da bütün yazıçılar uydurmadır, naşirlər isə mənim kitablarımın real naşirləridir.
- Siz öz kitablarınızın ruscaya tərcümələrini oxumusunuzmu?
- Hə. Və həmişə də düşünmüşəm: “Bu kitabı yazan rus klassiki kimdir?” Tərcüməçilər sarıdan mənim bəxtim gətirir. Çox vaxt bunlar qadınlardır və onlar adətən tərcümə edəcəkləri kitabı nəşriyyatla razılığa gəlməzdən qabaq seçirlər.
- “Kağız teatr”dakı rus yazıçısı da qadındır. Bizdə, doğrudan da, qadın ədəbiyyatı çiçəklənmə mərhələsini yaşayır.
- Serbiyada da belədir. Mənim arvadım da yazıçıdır. Ümumiyyətlə, yazıçılar arasında qadınlar çoxdur. Mən hələ ötən əsrdə demişdim ki, ən yaxşı ədəbiyyat qadın ədəbiyyatı olacaq. Kişinin yazdığı hekayə epik, qadının yazdığı isə lirik, özəl həyatdan bir hekayə olur. Şəxsi həyat, gündəlik işlər. Kişilərin qələmə aldığı əhvalatlar müharibədir, siyasi problemlərdir. Məncə, bütün bunlar bəşəriyyəti bezdirib. Bir rus tənqidçisi deyib ki, XXI yüzillik qadın əsridir. Bəşəriyyətin bütün tarixində belə şey olmayıb. Amma belə yüzillik də olmayıb. Axı XX əsrdə kitab öldü. Söhbət kağız kitabdan gedir. Bu isə yeni dövrün başlanması deməkdir. Keçmişdə də kitab ölərək, yeni formalara keçib: daşdan ağaca, ağacdan perqamentə. Amma indi, xoşumuza gəlsə də, gəlməsə də, kağız kitabın sonu gəlir. Daha kəsməyə ağac yoxdur.
- Əsl səbəb budur?
- Bu, başlıca səbəbdir. Bu barədə ciddi düşünənlərin hamısı bunu yaxşı bilir. Dünyanın ən yaxşı qəzetləri elektron şəkildə çıxır. Kitabın gələcəyi – elektron kitabdır.
- Bu, kitabın məzmununu da dəyişdirəcəkmi?
- Əlbəttə. Məzmun həmişə dəyişir. Həm də elektron şəkildə oxumaq xeyli asandır. Daha sənə yatağının yanında işıq yanması lazım deyil, eynəyə ehtiyacın yoxdur, şrifti istədiyin vaxt böyüdə bilərsən. Və ən nəhayət, sənə kitabxana gərək deyil.
- Hə, yazıçı da özünü təhlükəsiz hiss edə bilər: heç kəs ona qalaq-qalaq kitablarını göndərməyəcək.
- Elədir ki, var! Qeyri-xətti yazı üçün elektron kitab çox əlverişlidir. Mən “Xəzər sözlüyü”nü yazanda, kompüter mövcud deyildi. Mən 47 fəsli, yaxud “giriş”i olan bir roman yazmaq istəyirdim. İstəyirdim ki, oxucu hər bir fəsli ayrılıqda, növbəti və ya əvvəlki fəsildən asılı olmadan oxuya bilsin. İstənilən ardıcıllıqla. Yadımdadır, bir gün qızım mənim otağıma gəldi. O vaxt onun 12 yaşı vardı. Mən iri bir çarpayıda uzanıb fəsillərin adları yazılmış kağızları yan-yana düzmüşdüm. Onların istənilən ardıcıllıqda işləyib-işləmədiyini yoxlamaq istəyirdim. Qızım heyrət içində idi və mənim nə oyun fikirləşdiyimi anlaya bilmirdi. “Xəzər sözlüyü” elektron formata çevriləndə isə, məlum oldu ki, onu iki milyondan artıq variantda oxumaq mümkündür.
- Yəqin həm də başqa cür yazacaqlar, eləmi?
- Çox güman ki. Bu saat nəticə çıxarmaq hələ tezdir. Mən əvvəlki kimi kiçik bloknotlarda yazıram. Özü də gecələr, yataqda uzanmış halda. Cavanlıqda fərqi yox idi, gecədir, ya gündüz. İndi gecələr daha asan düşünmək olur. Mən çox tənbəl adamam. Hər gecə bir-iki cümlə yazmaq mənim üçün yaxşıdır. Yazı prosesi yazıçıya həzz bəxş etməlidir. Əgər bu olmayıbsa, oxucu bunu mütləq hiss edəcək. Yazıçı üçün kitab – ikinci bədəndir. Mənim haqqında roman yazdığım həmən “başqa bədən”. Yeniləşmiş və dəyişmiş. Bir növ İsa Məsihin dirilmədən sonra qazandığı kimi.
- “Ulduzlu mantiya” romanında sizin bütün kitablarınızın ən dəhşətli obrazlarından birinə rast gəlirik: əsərin baş qəhrəmanı Belqradın bombalanması zamanı özünü yeməyə başlayır. Siz bu dövrü necə yaşamısınız?
- Roman mənim vəziyyətimi təsvir edir. Balkanlar – arxeoloji vulkandır. Burada o qədər xalqlar, onların tarixi, ənənələri bir-birinə qarışıb ki! Bu vulkanın püskürmə ehtimalını hiss etmək yazıçı üçün faydalıdır. İnsan həyatı üçünsə, bu – faciədir. Mən axşamlar arvadımla Kalemeqdan (Belqradın mərkəzində XV əsrə aid türk qalası – M.Q.) ətrafında gəzişməyə adət etmişəm. Orada biz həmişə qalanın yanından keçən yolun o tərəfindəki çox uca bir binaya baxardıq. 5-ci mərtəbədə həmişə işıq yanardı və iki nəfər, kişi və qadın, rahat otaqda stol arxasında oturub yemək yeyər, söhbət edərdilər. Bizim üçün bu, asayişin rəhni idi. Əgər onlar ordadırlarsa, biz bütün bunlara davam gətirəcəyik. Və onlar hər gün orada idilər. Müharibədən sonra bu adamlar yoxa çıxdılar. Mən bilmirəm, onların başına nə gəldi.
- Uşaqlıq çağınızın Belqradını necə xatırlayırsınız?
- Mən almanların işğal etdiyi Serbiyada böyümüşəm. Və hər şeydən çox valideynlərimlə birgə Pançevoya səfərlərimi xatırlayır və sevirəm. Bu, Belqrad yaxınlığında, Dunayın o biri sahilində kiçik bir şəhərdir. Biz Sava üzərindəki körpünün yanında qayığa minir, sonra Dunay və kiçik Taniş çayı ilə üzüb Pançevoya çatırdıq. Orada liman və vağzal üzbəüz idi, onların arasındakı küçədə həmişə bizi qoşqulu arabada babam gözləyərdi. Biz arabaya minərək, bütün şəhərdən keçib dörd pəncərəsi küçəyə açılan evə gedərdik. Babamın çaxır anbarı vardı və o həmişə at saxlayardı. Hərdən mən ata minib Pançevodan Salaşa gedərdim.
- Siz bir dəfə insanın eyni vaxtda müxtəlif yaşlarda olduğu, eyni zamanda həm cavan, həm də ahıl bir şəxs kimi yaşadığı halı təsvir etmisiniz.
- Çoxlu zamanlar mövcuddur. Eyni vaxtda. Hərənin öz zamanı var. Mənim “Başqa bədən” romanında dediyim kimi, zaman üfüqi ölçüyə malikdir, əbədiyyət isə şaquli strukturludur. O, Müqəddəs Ruhdan qaynaqlanır. Əbədiyyət zamanı kəsəndə, bizim an yaranır. Bu anlar da çox ola bilər: əbədiyyət zamanı uzunluğu boyunca kəsməkdə, kəsməkdə və kəsməkdədir. Əbədiyyətə paralel olan zaman da var. Bu, “zamansız zaman”dır. Amma XXI əsrin başlanması ilə nəsə dəyişib. Biz hamımız bunu hiss edirik. Sürət dəyişib, zaman dəyişib. Çətin anda XIX əsrin şairi öz dəftərinə yazır: “Göylər bağlanıb, mənim dualarım səmaya çatmır”. Bu gün mən buna inanmıram, mən bilirəm ki, göylər açıqdır. Həqiqət atmosferi bürüyüb və o, insana kainatla birləşmək imkanı verir. Mən düşünürəm ki, bu yeni sürət – birləşmə prosesinin tərkib hissəsidir.
- Bəs o baş verəcəkmi?
- Məncə, biz bu yoldayıq.


Söhbətləşdi: Mariya Qadas

Çevirəni: Məsiağa Məhəmmədi






Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər