Əliağa Vahid. BİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı, əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligmiz, nə də ki dövlətü mal
İtə atsan da yeməz, misl eləməz laşə bizi.

Şübhəsizdir, tüpürər surəti-idbarımıza,
Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi!



Davamı

Nadir Əzhəri. ŞEİRLƏR

DÖZÜM

Dözümdən acığım gəlir
Özümdən acığım gəlir!
Özümlə qalıram amma
Dözümlə qalıram amma
Və zaman
Naşı bir oğru tək qacır ...

GETMƏK

Nökərəm, kölgəm, nökərəm
Qayıt!
Kölgəsiz getmək istəyirəm
(Barıtlar bat-bat iysi verir
Və ətirlər yalan)
Nökərəm, Nadir, nökərəm
Qayıt!
Nadirsiz getmək istəyirəm
Səni səndən alanlara qarşı getmək istəyirəm
Qarşı getmək istəyirəm ...


HAVA DURUMU

Xəbərlərə qulaq asdım
xəbərsiz qaldım!
Hava durumunda deyin, hər nəyin bulud olmağını
Hava durumunda deyin...
Göy öskürək tutacaqdır göyümüz!
Göyərtisiz olacaqdır yağışlığımız!
Bəzən noğul, bəzən nağıl yağacaq,
Kim islanıb,
Kim odlanacaq.
Xoşca qalın!


SALAM BİZLƏRƏ!

Daş altındakı bitkilərə salam!
İstəyirdim hələ bitək
İstəyirdim
Maviləri
Yaşıl öpək
Qapı-qıfıllama* sevməyə gedək ...
Ah, nağıllardan qayıtmalıyam.
Salam bizlərə,
daş altındakı bitkilərə.
-------
*Hamılıqla


Davamı

Eyvaz Zeynalov. ƏN QİYMƏTLİ

(hekayə)

Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədin tövləsinin bir tərəfini, onun yanındakı toyuq hinini uçurtdu. Ətrafa səpələnən qəlpələr tut ağacının altında kölgələnən ulağı yaraladı, taxtapuşda şaqqıldadı, pəncərələrin şüşələrini ciliklədi...
İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bircə anda aləm bir-birinə dəydi. Arvad-uşağın çığırtısından, mal-qaranın böyürtüsündən, itlərin hürüşündən, toyuq-cücənin qaqqıltısından qulaq tutulurdu...
Əhməd tələm-tələsik əynini geyindi. Qızının qolundan yapışdı. Qorxudan özlərini itirərək karıxıb qalmış arvadını, oğlunu tələsdirdi:
- Qaçın minin maşına!..
Qəlpələrin dəlik-deşik etdiyi uzunqulaq tut ağacının altında əzabla qıvrılırdı. Dəhşətdən gözləri hədəqəsindən çıxmışdı.

Maşının mühərrikini işə salanda qonşusu Arif çəpərin o tərəfindən harayladı:
- Ayə, Əhməd, bizim uşaqları qoyub getmə!..
- Tez tərpənin, küçədə gözləyirəm!.. - Qonşusunu arxayın salan Əhməd nə baş verdiyini dəqiqləşdirməyə çalışdı. - Nədi, Arif, yenə nə vurhavurdu? Yoxsa ermənilər müdafiəmizi yarıblar?..
- Hə, - Arif təsdiqlədi. - Atan rus tanklarıdı...
Neçə gündü kəndin yuxarı başında, çöldə erməni-rus birləşmələri ilə bizimkilər arasında qanlı döyüşlər gedirdi. Səhər xəbər gətirmişdilər ki, düşmən tərəf yeni qüvvələr hesabına daha da güclənib, bizə dov gəlməkdədi. Kənd camaatı səksəkə içindəydi...
Əhmədin arvadı bəd xəbəri eşidən kimi öz aləmində çəkidə yüngül, qiymətdə ağır, dəyərli ev əşyalarının hamısını maşına yüklətmişdi. Bir çöpünü də yerdə qalmağa qoymazdı, lakin insafı yol vermirdi. Axı böyür-başdakı qonum-qonşunun arvad-uşağı da gözünü ərinin “Qaz-53”-nə dikmişdi...
Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdü ki, qonşu-qonum gəlib minsin. Arvadların hərəsinin qoltuğunda neçə bağlaması vardı. Heç kimi qınamaq olmazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb getmək asan məsələ deyildi...
Arvad-uşaq dişi-dırnağı ilə cırmaqlaya-cırmaqlaya maşının üstünə dırmaşırdı. Başqa vaxt yəqin ki, Əhməd onların nazı ilə oynamalı olardı...
Maşının banında zığıldaşan uşaqlarını sakitləşdirən arvadlar başqalarını nə¬zərə almadan Əhmədi tələsdirirdilər.
- Nooldu, qardaş, maşını sürsənə!..
Əhməd onları yaxşı başa düşürdü. Amma bu dar ayaqda ona ümidi, pənahı kimi baxan həmkəndlilərindən kimsəni düşmənin cəngində qoyub gedə bilməzdi.
Nəhayət, hamı yerbəyer oldu. Əhməd sükan arxasına keçməzdən əvvəl geri qanrıldı. Qapısını belə örtmədiyi ev-eşiyinə, həyət-bacasına uzun-uzadı nəzər saldı. Ancaq dolan gözlərini kabinada onunla yanaşı oturmuş arvad-uşağından gizlətdi...
Maşını təzəcə yerindən dəbərtmişdi ki, nəsə xatırlayan qızı birdəncə qolundan yapışıb bərk-bərk silkələdi:
- Saxla, ata, saxla!..
Əhməd tez əyləci basıb soruşdu:
- Nə olub, qızım?..
Qızcığaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpımında qaçıb evə girdi. Hamı özünü itirmişdi.
- A kişi, niyə gözünü döyürsən?.. - Arvadı Əhmədin böyrünü dürtmələdi. - Düş aşağı, gör uşaq hara getdi də!..
Əhməd maşından düşüb uşağın dalınca götürüldü...
Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı.
Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi.
Maşın təzədən yerindən tərpənəndə anası ağzının odunu qızının üstünə tökdü:
- Az, bu nə oyundu çıxardırsan, ay canı yanmış?..
Yerində rahatlanan qızcığaz handan-hana özünü doğrultmaq üçün evdən götürdüyü çantasını, kitab-dəftərini göstərib:
- Axı, mən sabah məktəbə kitab-dəftərsiz necə gedəcəkdim, ana?.. - dedi.
Qızının haqlı olduğunu görən anasının istər-istəməz dodağı qaçdı. Demə, ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...




Davamı

HÜSEYN MÜNZƏVİDƏN BİR QƏZƏL

“Müasir İran qəzəlinin atası” adlandırılan Hüseyn Münzəvi 1946-cı ildə Zəncanda döğulub. Tehran unuversitetinin ədəbiyyat və sosiologiya fakültələrində təhsil alıb. İlk şeir kitabı 1971-ci ildə işıq üzü görüb və böyük uğur qazanıb. Əsasən qəzəl yazsa da, sərbəst şeirdə də qələmini sınayıb. İran televiziyasında və bir sıra dərgilərdə çalışan Münzəvi ömrünün son illərini doğma şəhərində yaşayıb. 2004-cü ildə Tehran xəstəxanalarından birində dünyasını dəyişib və Zəncanda dəfn olunub. Çoxsaylı şeir kitabları çap etdirməklə yanaşı, Hüseyn Münzəvi dahi Şəhriyarın “Heydərbabaya salam” poemasını fars dilinə tərcümə edib. O həm də Şəhriyar yaradıcılığı barədə “İn torke-parsiquy” (“Farsca yazan bu türk”) adlı araşdırmanın müəllifidir. Əsərlərinin böyük əksəriyyəri farsca olsa da, Münzəvi ana dilində də şeirlər yazıb. Onun məşhur qəzəllərindən birinin tərcüməsini təqdim edirik.

Pıçıltıdan bezginik, səs-küydən də ki, qaçaq,
Nə taqət var susmağa, nə istərik danışaq.

Lap sərgərdan qalmışıq, axı üz tutaq hara?
Heyrətdən sarsılmışıq, bizi kimə tapşıraq?

Min “məgər”in təlaşı, min “amma”nın qorxusu,
Ya koruq, görməyirik, ya da ki, xəstəsayaq.

Bağın çiçəkli vaxtı yadımızdan çıxıbdır,
Bu gün barsız-bəhərsiz durmuşuq ki, quruyaq.

Heyif, hədər elədik o qiymətli gövhəri,
Kəsməyən bir qılıncıq, buluduq – yağmayacaq.

Biz özümüz bilmədik haçan durduq yuxudan,
Soruşdular: “Oyaqsız?” Dedik:”Oyağıq, oyaq”.

Sən kəsibsən yolumu, mən də sənin yolunu,
Hamımız divarıqsa, ümid yoxdur qurtulaq.


Farscadan tərcümə: Məsiağa Məhəmmədi





Davamı

Rəsul Rza. ANA QAZ

Qazın yeddi balası vardı.
Qonaq gəldi,
ev yiyəsi birini kəsdi.
Dedi: “Altısı qalır, bəsdi”.

Gecə bala qaz
boynunda qan-qırmızı lent,
girdi ana qazın yuxusuna.

Dəli bir külək əsdi,
bir bala düşdü su quyusuna.
Beşi qaldı.

Səhər ikisini
qonşu satın aldı.
Qonşunun arvadı dedi:
“İti bıçaq götür, a kişi!
Yazığı incitmə, çığırtma”.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.

Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: “İkisi qalır, bəsdi”.

İkidən birini tülkü apardı.
Qaldı biri.
Onu da it boğdu diri-diri...

Günlər keçdi,
hava dəyişdi.
Qaz yenə yumurtladı,
bir, iki, beş.
Ev sahibi gözlədi,
ana qaz kürt düşsün deyə.

Qaz bir gün sındırdı yumurtaları.
İçdi ağını da, sarısını da.
Yandırdı-yaxdı
ev sahibini də, qarısını da.

Dedilər: “Mərdimazar, yaramaz!
Nankor qaz, nanəcib qaz!”
Yaxşı ki, adam dili bilmirdi qaz,
yoxsa ki, soruşardı:
“Niyə nankor?
Yaramaz?”

Balaları yox olandan bəri
gecələr tez-tez
qaz yuxudan ayılırdı,
baxırdı o yan-bu yana.
Bəlkə balasından biri qalıb.
Bəlkə quyuya düşən diri qalıb?
Kim bilir, bəlkə “qa-qa” deyəndə,
qaz ağlayırdı gecələr.
Kim bilir, bəlkə
adam dili bilsəydi,
ömrü boyu
ağı deyərdi:
“Cücələr, ay cücələr,
Cücələr, ay cücələr!..”



Davamı

Güntay Gəncalp. İÇİNDƏYİK

Yollara yolçu olmuşuq, tam bir oluş içindəyik.
Sular kimi həp axaraq, biz duruluş içindəyik.

Köksümüzü doluşduran, sevginin atəşləridir,
Vurulmuşuq, vurulmuşuq, həp vuruluş içindəyik.

Divar-divar kəndimizi, xərab edib uçurmuşuq,
Zərrə-zərrə yepyenidən bir quruluş içindəyik.

Yandı könül, yandı könül, od tutub odlandı könül,
Atəş içində düz yola, biz qoyuluş içindəyik.

Uzayların boşluğuna, dirəndi fəryadlarımız,
İndi zaman gəlib çatıbdır duyuluş içindəyik.

31.12.09




Davamı

Sima Didar. ŞEİRLƏR

TANRIM

“Bütlərə tapınmayın”, – dedilər –,
Tanrımız vardır bizim!”
Vurub sındırdılar bütlərin hamısını,
Tanrını zəncirlədilər.

İndi isə mən
ac qalmış gözlərimin körpəsinə
axtarıram sevgilərin anasını.
Kimə yalvarmalıyam,
mənim Tanrım,
dörd divar arasında
dustaqlanıb?!


GÖZLƏRİNDƏ

Tanış oldum gözlərində,
bir pəncərə dəniz ilə.
Gözlərini bağlamasaydın,
boğulacaqdım!


İTİRDİYİM

Axtarıram
param-parçalanmış boşqablar arasında,
kirlənmiş fincanlar içində,
üzü qaralmış itirdiyimi.
Harda itirdim mən onu?
Neçə saniyə,
neçə ildir?
Bəlkə də tarix boyu itmişdi elə,
olmaya heç tapılmaya,
itirdiyim qadınlıq!


Qaynaq (ərəb əlifbasında): http://simay.blogfa.com/


Davamı

MİLORAD PAVİÇ İLƏ MÜSAHİBƏ

“ƏGƏR SİZ ÖZ KİTABINIZDAN MÜDRİKSİNİZSƏ,
ONDA YAZIÇI DEYİLSİNİZ”


On gün əvvəl bu ilin oktyabrında 80 yaşını qeyd etmiş ünlü serb yazıçısı, məşhur “Xəzər sözlüyü”nün müəllifi Milorad Paviç infarktdan dünyasını dəyişdi. Vəfatından bir neçə gün öncə “Novaya qazeta”da (Rusiya) böyük yazıçı ilə müsahibə dərc olunmuşdu. Həmin müsahibənin tərcüməsini sizə təqdim edirəm.

- Siz, deyəsən, müasir dünyada özünüzü çox rahat hiss edirsiniz.
- Hə. Müşahidə etdiyim dəyişikliklər məni qorxutmur, hərçənd onlara qiymət vermək üçün zamana ehtiyac var. Axı təkcə reallıq dəyişməyib, insanın özü də dəyişib.
- Dəyişib, yoxsa itib?
- Əgər virtual reallıqdan danışsaq, insanların bir-birinə və həqiqi əşyalara münasibəti, əlbəttə, dəyişib. Tez-tez görürsən ki, kafedə gənclər üzbəüz oturub noutbuka baxırlar. Ola bilsin, onlar hətta bir-birinə məktub yazırlar. Düşünürəm ki, son dövrdə digər zamanlarda olduğundan daha çox sevgi məktubu yazılıb. Ən azı SMS formasında. Mən bir dəfə demişəm: gələcək sabitdir. Bizim qorxularımız ondan doğur. Hər bir insanın aydın gələcəyi ölümdür. Bəs sonra? Deməliyəm ki, kitablarımın xoşbəxt taleyi mənim üçün bu qorxunu xeyli dərəcədə azaldır. Mən ölümdən qorxmuram. Əlbəttə, xəstəlik və acizlikdən, arvadıma yük olmaqdan qorxuram.

- Sizi bir roman daxilində süjetin inkişafının bir neçə versiyasını uydurmağa insanın bu qismətimi vadar etmişdir?
- Məni hamının getməli olduğu bu cığır bezdirib. Hesab edirəm ki, kitabı oxucu yaradır, onun sayəsində kitab mövcud olmağa başlayır, o mənim əsərimi canlandırır. Lap musiqi kimi: nə qədər ki, ifa olunmayıb, o yoxdur.
- Siz kitabın tərtib olunması üçün ideal bir model təklif edirsiniz. Məncə, əvvəllər heç kim oxucuya bu cür münasibət bəsləməyib...
- Ola bilər, amma mən düşünürəm ki, bu prinsip Bibliyada mövcuddur. Axı kilsədə hər gün təzə söz deyilir. O hər gün dəyişir, həm də bir orqanizmin tərkib hissəsi olaraq qalır.
- Siz tez-tez əsərin ucadan səslənməsinə xüsusi əhəmiyyət verən slavyan kilsə müəlliflərinin özünüzə təsirindən danışırsınız.
- Hə, hər dəfə cümləni bitirdikdə, mən onu ucadan oxuyuram. Yalnız bu zaman mən onun yaxşı olub-olmadığını anlaya bilirəm. Mən bunu uzun müddətə öyrənmişəm. Kilsə vaizləri dindarları diqqətdə saxlamağın vacibliyini heç vaxt yaddan çıxarmırdılar. Mən Serbiya, Fransa, Almaniya universitetlərində professor olmuşam və bilirəm ki, tələbələr də belədir: mühazirə darıxdırıcı oldumu, onlar mürgüləməyə başlayırlar.
- Sizin qəhrəmanlarınızda həyat və ölüm qarşısında qəribə bir itaətkarlıq var, onlar tale barədə mühakimə yürütmürlər.
- Mən həmişə oxucunu bezdirməkdən qorxmuşam. Birinci cümləni oxuyan adam o birini də oxumalıdır. Bir də əgər sizin deməyə sözünüz varsa, bunun baş verməsini gözləməlisiniz. Əgər siz öz kitabınızdan daha müdriksinizsə, onda yazıçı deyilsiniz.
- Sizin romanlarınızın birində yazıçıya dünyanın hər yerindən onun kitablarını göndərməyə başlayırlar. Bu da bezdirmək qorxusudur?
- Bu, yazıçı vahiməsidir. XXI əsrdə mənim kitablarım 100 dəfədən də çox müxtəlif dillərə tərcümə edilib. “Kağız teatr”da bütün yazıçılar uydurmadır, naşirlər isə mənim kitablarımın real naşirləridir.
- Siz öz kitablarınızın ruscaya tərcümələrini oxumusunuzmu?
- Hə. Və həmişə də düşünmüşəm: “Bu kitabı yazan rus klassiki kimdir?” Tərcüməçilər sarıdan mənim bəxtim gətirir. Çox vaxt bunlar qadınlardır və onlar adətən tərcümə edəcəkləri kitabı nəşriyyatla razılığa gəlməzdən qabaq seçirlər.
- “Kağız teatr”dakı rus yazıçısı da qadındır. Bizdə, doğrudan da, qadın ədəbiyyatı çiçəklənmə mərhələsini yaşayır.
- Serbiyada da belədir. Mənim arvadım da yazıçıdır. Ümumiyyətlə, yazıçılar arasında qadınlar çoxdur. Mən hələ ötən əsrdə demişdim ki, ən yaxşı ədəbiyyat qadın ədəbiyyatı olacaq. Kişinin yazdığı hekayə epik, qadının yazdığı isə lirik, özəl həyatdan bir hekayə olur. Şəxsi həyat, gündəlik işlər. Kişilərin qələmə aldığı əhvalatlar müharibədir, siyasi problemlərdir. Məncə, bütün bunlar bəşəriyyəti bezdirib. Bir rus tənqidçisi deyib ki, XXI yüzillik qadın əsridir. Bəşəriyyətin bütün tarixində belə şey olmayıb. Amma belə yüzillik də olmayıb. Axı XX əsrdə kitab öldü. Söhbət kağız kitabdan gedir. Bu isə yeni dövrün başlanması deməkdir. Keçmişdə də kitab ölərək, yeni formalara keçib: daşdan ağaca, ağacdan perqamentə. Amma indi, xoşumuza gəlsə də, gəlməsə də, kağız kitabın sonu gəlir. Daha kəsməyə ağac yoxdur.
- Əsl səbəb budur?
- Bu, başlıca səbəbdir. Bu barədə ciddi düşünənlərin hamısı bunu yaxşı bilir. Dünyanın ən yaxşı qəzetləri elektron şəkildə çıxır. Kitabın gələcəyi – elektron kitabdır.
- Bu, kitabın məzmununu da dəyişdirəcəkmi?
- Əlbəttə. Məzmun həmişə dəyişir. Həm də elektron şəkildə oxumaq xeyli asandır. Daha sənə yatağının yanında işıq yanması lazım deyil, eynəyə ehtiyacın yoxdur, şrifti istədiyin vaxt böyüdə bilərsən. Və ən nəhayət, sənə kitabxana gərək deyil.
- Hə, yazıçı da özünü təhlükəsiz hiss edə bilər: heç kəs ona qalaq-qalaq kitablarını göndərməyəcək.
- Elədir ki, var! Qeyri-xətti yazı üçün elektron kitab çox əlverişlidir. Mən “Xəzər sözlüyü”nü yazanda, kompüter mövcud deyildi. Mən 47 fəsli, yaxud “giriş”i olan bir roman yazmaq istəyirdim. İstəyirdim ki, oxucu hər bir fəsli ayrılıqda, növbəti və ya əvvəlki fəsildən asılı olmadan oxuya bilsin. İstənilən ardıcıllıqla. Yadımdadır, bir gün qızım mənim otağıma gəldi. O vaxt onun 12 yaşı vardı. Mən iri bir çarpayıda uzanıb fəsillərin adları yazılmış kağızları yan-yana düzmüşdüm. Onların istənilən ardıcıllıqda işləyib-işləmədiyini yoxlamaq istəyirdim. Qızım heyrət içində idi və mənim nə oyun fikirləşdiyimi anlaya bilmirdi. “Xəzər sözlüyü” elektron formata çevriləndə isə, məlum oldu ki, onu iki milyondan artıq variantda oxumaq mümkündür.
- Yəqin həm də başqa cür yazacaqlar, eləmi?
- Çox güman ki. Bu saat nəticə çıxarmaq hələ tezdir. Mən əvvəlki kimi kiçik bloknotlarda yazıram. Özü də gecələr, yataqda uzanmış halda. Cavanlıqda fərqi yox idi, gecədir, ya gündüz. İndi gecələr daha asan düşünmək olur. Mən çox tənbəl adamam. Hər gecə bir-iki cümlə yazmaq mənim üçün yaxşıdır. Yazı prosesi yazıçıya həzz bəxş etməlidir. Əgər bu olmayıbsa, oxucu bunu mütləq hiss edəcək. Yazıçı üçün kitab – ikinci bədəndir. Mənim haqqında roman yazdığım həmən “başqa bədən”. Yeniləşmiş və dəyişmiş. Bir növ İsa Məsihin dirilmədən sonra qazandığı kimi.
- “Ulduzlu mantiya” romanında sizin bütün kitablarınızın ən dəhşətli obrazlarından birinə rast gəlirik: əsərin baş qəhrəmanı Belqradın bombalanması zamanı özünü yeməyə başlayır. Siz bu dövrü necə yaşamısınız?
- Roman mənim vəziyyətimi təsvir edir. Balkanlar – arxeoloji vulkandır. Burada o qədər xalqlar, onların tarixi, ənənələri bir-birinə qarışıb ki! Bu vulkanın püskürmə ehtimalını hiss etmək yazıçı üçün faydalıdır. İnsan həyatı üçünsə, bu – faciədir. Mən axşamlar arvadımla Kalemeqdan (Belqradın mərkəzində XV əsrə aid türk qalası – M.Q.) ətrafında gəzişməyə adət etmişəm. Orada biz həmişə qalanın yanından keçən yolun o tərəfindəki çox uca bir binaya baxardıq. 5-ci mərtəbədə həmişə işıq yanardı və iki nəfər, kişi və qadın, rahat otaqda stol arxasında oturub yemək yeyər, söhbət edərdilər. Bizim üçün bu, asayişin rəhni idi. Əgər onlar ordadırlarsa, biz bütün bunlara davam gətirəcəyik. Və onlar hər gün orada idilər. Müharibədən sonra bu adamlar yoxa çıxdılar. Mən bilmirəm, onların başına nə gəldi.
- Uşaqlıq çağınızın Belqradını necə xatırlayırsınız?
- Mən almanların işğal etdiyi Serbiyada böyümüşəm. Və hər şeydən çox valideynlərimlə birgə Pançevoya səfərlərimi xatırlayır və sevirəm. Bu, Belqrad yaxınlığında, Dunayın o biri sahilində kiçik bir şəhərdir. Biz Sava üzərindəki körpünün yanında qayığa minir, sonra Dunay və kiçik Taniş çayı ilə üzüb Pançevoya çatırdıq. Orada liman və vağzal üzbəüz idi, onların arasındakı küçədə həmişə bizi qoşqulu arabada babam gözləyərdi. Biz arabaya minərək, bütün şəhərdən keçib dörd pəncərəsi küçəyə açılan evə gedərdik. Babamın çaxır anbarı vardı və o həmişə at saxlayardı. Hərdən mən ata minib Pançevodan Salaşa gedərdim.
- Siz bir dəfə insanın eyni vaxtda müxtəlif yaşlarda olduğu, eyni zamanda həm cavan, həm də ahıl bir şəxs kimi yaşadığı halı təsvir etmisiniz.
- Çoxlu zamanlar mövcuddur. Eyni vaxtda. Hərənin öz zamanı var. Mənim “Başqa bədən” romanında dediyim kimi, zaman üfüqi ölçüyə malikdir, əbədiyyət isə şaquli strukturludur. O, Müqəddəs Ruhdan qaynaqlanır. Əbədiyyət zamanı kəsəndə, bizim an yaranır. Bu anlar da çox ola bilər: əbədiyyət zamanı uzunluğu boyunca kəsməkdə, kəsməkdə və kəsməkdədir. Əbədiyyətə paralel olan zaman da var. Bu, “zamansız zaman”dır. Amma XXI əsrin başlanması ilə nəsə dəyişib. Biz hamımız bunu hiss edirik. Sürət dəyişib, zaman dəyişib. Çətin anda XIX əsrin şairi öz dəftərinə yazır: “Göylər bağlanıb, mənim dualarım səmaya çatmır”. Bu gün mən buna inanmıram, mən bilirəm ki, göylər açıqdır. Həqiqət atmosferi bürüyüb və o, insana kainatla birləşmək imkanı verir. Mən düşünürəm ki, bu yeni sürət – birləşmə prosesinin tərkib hissəsidir.
- Bəs o baş verəcəkmi?
- Məncə, biz bu yoldayıq.


Söhbətləşdi: Mariya Qadas

Çevirəni: Məsiağa Məhəmmədi






Davamı

Qasım Həddad. XURMA AĞACI

Çağdaş Bəhreyn şairi Qasım Həddad 1948-ci ildə doğulub. 15-dən çox şeir və bir neçə nəsr kitabının müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib. Bəhreyn Yazıçılar Birliyinin rəhbəridir.

Torpağı dırnağımla eşdim –
Qan çıxana qədər!
O yerdə ki,
Allahın xurma ağacı
Yadların qılıncı altda qan ağlayırdı…

Ey Allahın xurma ağacı!
Naməlum şəhidin köynəyini
Bir elçi kimi yerə,
Bir yelkən kimi suya
göndər –
bizim üçün!
Bəlkə yoxa çıxmışlar eşitdilər,
Bəlkə sədaqətli dəniz quldurları
Xurma üçün darıxdılar
və qarət edilmiş mirvarilərə sarı döndülər…

Ey yer!
Ey torpaq!
Ağlamaq üçün çatlama,
gözlərinin atəşini
işğalçılara tərəf aç,
qaçqınlara da bir yol!..

Ey yer!
Ey torpaq!
Hazır ol,
bu küskün ürəyi ovutmaq üçün
qərib dənizlərdə
məşəllər hazırla,
bir də dalğasız kəcavə!
Məhəbbət şamını
zeytun yağı və zəncəfillə
köksünün odunda bişir!
Çünki təqib olunan bu qaçqın,
bu gözəl şəhid
güzgülərdən seçilmişdir.

* * *
Ah, ey Allahın xürma ağacı!
Üfüqdə nə görürsən?..


Çevirəni: Məsiağa Məhəmmədi


Davamı

Əlibala Hacızadə. SAİB POEZİYASINA YENİ BAXIŞ

15 İL ƏVVƏLİN YAZISI...

Sənətkar taleləri müxtəlif olur. Elə sənətkarlar var ki, onların sağlığında başlayan şöhrət yolu həmişəlik davam edir. Elələri də var ki, müasirlərinin marağına səbəb olmur, yalnız zaman keçdikcə sənətinin dəyəri aşkarlanır, böyüklüyü etiraf olunur. Öz dövründə şan-şöhrət çələngi daşıyan bir çoxları isə həyatdan getməyi ilə unudulur, yaradıcılığı ancaq ədəbi-tarixi fakt kimi yad edilir. Və nəhayət, elə sənətkarlar da var ki, istər sağlığında istərsə də ölümündən sonra qızğın maraq və mübahisələr doğurur, onların sənəti heç vaxt biganəlik orbitinə düşmür, əksinə bədii-estetik fikrin inkişaf stimuluna, ədəbi prosesin generatoruna çevrilir. Klassik şərq poeziyasının korifeylərindən olan Saib Təbrizi məhz belə sənətkarlardandır. Üç əsrdən çoxdur ki, bu böyük şairin yaradıcılığı ətrafında diskussiyalar səngimək bilmir, onun bayraqdarı olduğu, geniş coğrafi məkanı və ədəbi-tarixi dövrü əhatə edən “hind üslubu” haqqında müxtəlif fikirlər irəli sürülür, lakin hələ də dünya şərqşünaslığı həmin üslubun estetik mahiyyətinin birmənalı izahına nail ola bilmir. Bu, bir tərəfdən “hind üslubu”nun özünün mürəkkəb tipoloji xarakterindən irəli gəlirsə, digər tərəfdən Saib Təbrizi və “hind üslubu” haqqında söylənən əksər mülahizələrin subyektiv zövqə, qabaqcadan müəyyənləşdirilmiş mövqeyə əsaslanmasından doğur. Belə bir vəziyyətdə gənc ədəbiyyatşünas, filologiya elmləri namizədi Məsiağa Məhəmmədinin “Saib Təbrizi və farsdilli poeziyada “hind üslubu” adlı monoqrafiyası (“Elm” nəşriyyatı, 1994) həmin problemin elmi və obyektiv həlli istiqamətində atılmış ciddi addım kimi maraq doğurur. Müəllifin A.Bauzani, Y.Bertels, Y.Rıpka, Ş.Nemani, Z.Səfa və s. kimi dünya şöhrətli şərqşünasların üstündə “baş sındırdıqları” bir mövzuya girişib öz sözünü deməyə cəhd etməsi monoqrafiyanı həm də elmi cəsarət nümunəsi kimi qiymətləndirməyə əsas verir.

Məlumdur ki, XVI-XVIII əsrlər uzun müddət dünya şərqşünaslığında farsdilli ədəbiyyatın tənəzzül dövrü hesab edilmiş, həmin əsrlərin bədii fikir tarixinə heç bir yenilik gətirmədiyi qeyd olunmuşdur. M. Məhəmmədi, haqlı olaraq, tənəzzül ideyasının özünü təkzib edir və bu dövr ədəbiyyatının dərindən, hərtərəfli araşdırılmasının zəruriliyinin tutarlı dəlilərlə əsaslandırır.
Onu da deyim ki, “hind üslubu”nun formalaşmasında və geniş yayılmasında Saib Təbrizinin xüsusi rolu bütün tədqiqatçılar tərəfindən etiraf olunur, lakin indiyə qədər onun yaradıcılığı bu aspektdə sistemli şəkildə təhlil obyektinə çevrilməmişdir. Məhz belə bir təhlili həyata keçirməyi qarşısına məqsəd qoyan M. Məhəmmədi “hind üslubu” problemini Saib yaradıcılığı prizmasından araşdırmış və orijinal nəticələrə gəlmişdir. Qeyd etməliyəm ki, Saib poeziyası Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə belə geniş ədəbi-tarixi kontekstdə tədqiqata cəlb olunmuşdur. Bu da böyük şairimizin bədii irsinin regional əhəmiyyətini başa düşməyə imkan yaradır.
M. Məhəmmədinin tədqiqat metodunu xarakterizə edən başlıca məziyyət budur ki, o, kənar estetik meyarlardan deyil, ilk növbədə, araşdırdığı bədii mətnlərin özündən çıxış edir. Bu da onun gəldiyi nəticələrin elmiliyini və obyektivliyini şərtləndirir. “Hind üslubu”nun ideoloji və estetik əsasına həsr olunmuş fəsillərdə həmin cəhət xüsusilə diqqəti cəlb edir. Müəllifin “vosət-e məşrəb” , “məni-ye biqane” kimi mühüm terminoloji ifadələrə verdiyi şərh maraq doğurur.
Monoqrafiyada Saib Təbrizinin dünyaduyumu və insan konsepsiyası ətraflı təhlil edilir. Bu məsələlərdə özünəməxsus mövqeyi olan müəllif nüfuzlu tədqiqatçılarla polemikaya girməkdən çəkinmir. Həmin cəhət Saib qəzəllərinin üslub xüsusiyyətlərinin araşdırılmasında da özünü göstərir. Burada Saib lirikasının üslubi dominantı kimi götürülən “təmsil” adlı poetik fiqurun təhlili şairin poetik təfəkkürünün özünəməxsusluğunu anlamağa şərait yaradır. Qətiyyətlə demək olar ki, Saib qəzəllərinin poetikası indiyə qədər belə dərinlik və əyaniliklə açılmamışdır.
Kitab yüksək elmi üslubda, eyni zamanda oxunaqlı bir dillə yazılmışdır. Saibin və digər şairlərin yaradıcılığından verilən poetik nümunələr və onların son dərəcə dəqiq tərcüməsi o dövr poeziyasının obrazlar aləmi barədə dolğun təsəvvür yaradır. Hər fəslin əvvəlində Saibin epiqraf kimi verilən və uğurla seçilmiş beytləri həmin fəsildə müəllifin çıxardığı nəticəni yığcam və poetik şəkildə ifadə etməklə yanaşı, nəticənin düzgünlüyünün sübut edən əlavə dəlil təsiri bağışlayır.
Monoqrafiya “hind üslubu”nun ədəbi-tarixi və estetik mahiyyətini aşkarlamaqla yanaşı, Saib irsinin regional əhəmiyyətini bütün dərinliyi ilə açıb göstərir və beləliklə, klassik ədəbi əlaqələr, Azərbaycan ədəbiyyatının Şərq ədəbiyyatları içərisində yeri kimi məsələlərin öyrənilməsi baxımından da elmi dəyər kəsb edir.
Mən monoqrafiya müəllifini bir ədəbiyyatşünas kimi səciyyələndirən məziyyətlər içərisində onun yüksək nəzəri hazırlığını xüsusi qeyd etmək istərdim. O, müasir elmi-nəzəri fikirdən klassik irsə körpü salmış və nəticədə keçmişi daha da dərindən dərk etməyə şərait yaradan, bu gün üçün də aktual səslənən bir tədqiqat meydana çıxmışdır. Belə olmasaydı, XX əsrin sonunda Saiblə “görüşün” bəlkə heç mənası da olmazdı...
Və nəhayət, onu da deyim ki, M. Məhəmmədinin monoqrafiyası həm də vaxtında meydana çıxmış əsərdir. Məsələ burasındadır ki, YUNESKO-nun qərarı ilə gələn il Saib Təbrizinin 400 illiyi qeyd ediləcək, bu münasibətlə Tehranda və Parisdə beynəlxalq konfranslar keçiriləcəkdir. Bu əlamətdar hadisə ərəfəsində gənc alimin kitabı təkcə onun deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığının yubileyə layiqli töhfəsi kimi qiymətləndirilə bilər.


1994-cü il


Davamı

    Haqqımda

    My Photo
    Məsiağa Məhəmmədi
    Tam profilimə bax
    ۞ Yazılardan istifadə
    zamanı müəllif və qaynaq
    mütləq göstərilməlidir.

    Sayğac



    Page Ranking Tool

    Ədəbiyyat saytları

    Azərbaycan ədəbiyyatı

    İzləyicilər